
Super User
Sultan II Mehmet - Bir dövrün sonu, yeni dövrün başlanğıcı
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk dünyasının böyük şəxsiyyətləri sırasında növbəti təqdim etdiyimiz Sultan II Mehmetdir.
Fatih Sultan Mehmet Osmanlı tarixində ən möhtəşəm hökmdarlardan biri olaraq tanınır. O, 21 yaşında İstanbulun fəthi ilə dünya tarixini dəyişdirərək Orta çağı bitirib Yeni çağı başlatmışdır. Zəkası, uzaqgörənliyi və hərbi dahiliyi ilə təkcə Osmanlı imperiyasının deyil, dünya tarixinin ən parlaq simalarından biridir.
Uşaq yaşından liderlik yolunda
II Mehmet 1432-ci ildə Ədirnədə anadan olub. Uşaqlığı həm elmi, həm də hərbi təlimlərlə keçib. Atası II Murad onu gənc yaşında taxta çıxarmış, lakin ölkənin daxili vəziyyətinə görə yenidən özü idarəçiliyə qayıtmalı olmuşdur. Bu vəziyyət Mehmetin həm liderlik bacarıqlarını erkən inkişaf etdirməsinə, həm də iradəsinin güclənməsinə şərait yaratmışdı.
İstanbulun fəthi: “Qapıların açarı”
1453-cü il, 29 may tarixi dünya tarixində dönüş nöqtəsidir. Gənc Sultan Mehmet böyük bir ordu və qabaqcıl texnologiya ilə Bizansın paytaxtı Konstantinopolu mühasirəyə aldı. Toplarla gücləndirilmiş Osmanlı ordusu şəhəri uzun və çətin bir mühasirədən sonra fəth etdi. Bu hadisə İstanbulun Osmanlı imperiyasının paytaxtı olmasını təmin etdi və imperiyanı qlobal güc halına gətirdi.
Sultan Mehmet fəthdən sonra böyük dözümlülük və ədalət nümayiş etdirərək şəhərdəki bütün dini və etnik qruplara azadlıq verdi. Ayasofya məscidə çevrildi, lakin şəhərin tarixi mirası qorundu və İstanbul bir mədəniyyət və ticarət mərkəzinə çevrildi.
Dahiliyi və elmi marağı
Fatih Sultan Mehmet təkcə sərkərdə deyil, həm də elm və sənət sahəsində böyük maraq göstərən bir hökmdar idi. O, 7 dil bilirdi və müxtəlif elmlərə dərindən bələd idi. Məşhur İtalyan rəssam və alimlərdən olan Bellini onun sarayına dəvət olunmuş və portretini çəkmişdir.
Onun sarayında alimlər, şairlər və filosoflar toplaşar, fərqli dinlər və ideologiyalar arasında dialoq aparılardı. O, mədəniyyətlərarası tolerantlığın və elmi inkişafın təməlini qoyan liderlərdən biri olmuşdur.
Mirası
Fatih Sultan Mehmetin hakimiyyəti Osmanlı imperiyasının “böyük güc” olmasının başlanğıcı idi. O, hüquq sahəsində islahatlar etdi, ticarəti inkişaf etdirdi və imperiyanın ərazisini xeyli genişləndirdi. Ən önəmlisi isə, o, sivilizasiyaların qovuşduğu bir mədəniyyət imperiyası yaratdı.
Fatih Sultan Mehmetin irsi bu gün də yaşayır. Onun zəfərləri, zəkası və liderlik xüsusiyyətləri əsrlər boyunca liderlərə nümunə olmuşdur. “Fəth edən sultan” olaraq dünya tarixində iz qoyan bu böyük şəxsiyyət, eyni zamanda, zəngin mənəviyyatı və sevgisi ilə də insanların qəlbində iz buraxmışdır.
Fatih Sultan Mehmet və Gənc Rəssamın Rəvayəti
İstanbul fəthindən sonra Sultan Mehmet şəhərin hər küncünü yenidən qurmaq, onu böyük bir mədəniyyət və elm mərkəzinə çevirmək üçün çalışırdı. O, sənətə və elmə olan sevgisi ilə tanınırdı. Bu dövrdə sarayında məşhur alim və sənətkarlarla yanaşı, adı az bilinən gənc bir rəssam da var idi. Bu rəssamın adı Yusuf idi, lakin heç kim onun necə bir taleyin sahibi olduğunu bilmirdi.
Yusuf kiçik bir kənddə anadan olmuşdu və fırça ilə möcüzələr yaratma bacarığı vardı. Gəncliyində çəkdiyi rəsmlər bir gün Sultan Mehmetin qulağına çatır. Sultanın diqqətini çəkən onun insanın gözlərini heyrətə gətirən təfərrüatlı və canlı təsvirləri olur. Sultan Mehmet, Yusufun rəsmlərini görmək istəyir və onu saraya dəvət edir. Yusuf böyük bir qorxu və həyacanla saraya gəlir. O, hökmdarın qarşısında durub, fırçasının gücünü isbat edəcəyinə söz verir.
Bir gün Fatih Sultan Mehmet Yusufu yanına çağırır və ona belə deyir:
“Ey Yusuf, sən məni fəth edən bir sultan kimi tanıyırsan. Amma indi istəyirəm ki, mənim şəxsiyyətimi, daxili aləmimi fırçanla təsvir edəsən. Elə bir əsər yarat ki, ona baxan mənim kim olduğumu hiss etsin.”
Bu, Yusuf üçün böyük bir sınaq idi. Sultan Mehmetin əzəmətini, zəfərlərini, eyni zamanda onun insani tərəfini bir tablodakı boya ilə göstərmək asan məsələ deyildi. Yusuf aylarla çalışdı, hər xırda təfərrüatı düşünərək əsərini tamamladı. Lakin əsəri sultana təqdim etmək vaxtı gələndə həyəcanı o qədər böyük oldu ki, əsəri təqdim etməyə cəsarət etmədi.
Sultan Mehmet Yusufu çağıraraq əsəri görmək istədiyini söylədi. Yusuf isə özünü məhv olmuş kimi hiss edir və deyir:
“Əfəndim, sizin böyüklüyünüzü və daxili gözəlliyinizi təsvir etmək mənim kimi bir rəssam üçün mümkünsüzdür. Mən fırçamla sizin yalnız bir kölgənizi çəkə bildim.”
Bu sözlər Sultanı əvvəlcə qəzəbləndirdi. O, sərt baxışlarla Yusufa baxaraq dedi:
“Ey gənc, mənə öz bacarığının həddi olmadığını göstər! Əgər çəkdiyin əsər mənim əslimə yaxın olmazsa, sən bu saraydan qovulacaqsan!”
Yusuf qorxa-qorxa örtüyü çəkib tablonu ortaya çıxardı. Lakin Sultan Mehmet gördüyü mənzərədən donub qaldı. Tabloda yalnız onun fiziki təsviri yox, həm də bir əsgər kimi cəsarəti, bir alim kimi zəngin biliyi və bir insan kimi şəfqəti əks olunmuşdu.
Sultan Mehmet tablonun qarşısında bir neçə dəqiqə susub dayandı. Daha sonra dərin bir nəfəs aldı və dedi:
“Ey Yusuf, sən fırçanla yalnız mənim şəklimi deyil, ruhumu da çəkə bilmisən. Sən artıq bu sarayın rəssamı yox, mənim dostumsan.”
O gündən sonra Sultan Mehmet Yusufa böyük hörmət göstərdi və onu qoruyub dəstəklədi. Rəssamın çəkdiyi bu tablo isə sarayda əsrlər boyu qorunub saxlandı. Deyilənə görə, hər dəfə Fatih Sultan Mehmet özünü zəif hiss edəndə həmin tabloya baxar, öz gücünü və məqsədini xatırlayardı.
Bu rəvayət Fatih Sultan Mehmetin yalnız böyük bir hökmdar deyil, həm də incəsənəti və insan ruhunu anlayan bir şəxsiyyət olduğunu göstərir.
“Ədəbiyyat və incəsənət”
(28.01.2025)
“Ömür kitabımda qızıl sətirsən...”
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Ömür kitabımda qızıl sətirsən,
Günümə, ayıma çökən ətirsən.
Mənə kədər deyil, sevinc gətir sən,
Adi bəxşişin də şan-şöhrətimdir.
Azərbaycan Yazıçılar İttifaqının üzvü Adil Babayevin dünən 100 illik yubileyi idi. Xatırladıq, kitablarını vərəqlədik, şeirlərini oxuduq.
Adil Babayev 27 yanvar 1925ci ildə dünyaya göz açmışdır. Onun bədii yaradıcılığı çoxcəhətlidir: "Dağlar qızı", "Yarımçıq portret", "Mənim məhəbbətim", "Qız görüşə tələsir" pyesləri teatr səhnələrində tamaşaya qoyulmuş, əsərləri xarici dillərə və SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur.
Onun tərcümə etdiyi — V. Vinnikov və Y. Osnosun "Ağ şanaküllə" (1959), Sao-Yuyyanın "Tufan" (1959), Ş. Miloravanın "Tbilisi Haqqında mahnı" (1961), N. Dumbadzenin "Darıxma, ana" (1972), M. Petrieskunun "Ölümü görmüş insan" (1973) pyesləri tamaşaya qoyulmuşdur.
1941–1945-ci illərdə "Əmək igidliyinə görə" medalına layiq görülmüşdür. 1977-ci il avqustun 19-da Bakıda vəfat etmişdir.
Kitabları
1. İkinci simfoniya (poema)
2. Ürək nəğməsi
3. İlk addımlar
4. Xəzər sahillərində
5. Gənclik illəri
6. Şeirlər
7. Döyüş yollarında (poema)
8. Ana ürəyi
9. Unudulmuş yasəmən
10. Anamın üzüyü.
11. Lütfəli Abdullayev
12. Qılınclar arasında
Allah rəhmət eləsin!
Amin!
“Ədəbiyyat və incəsənət”
(28.01.2025)
“Şairin ümidi odur ki, öləndən sonra da şeirləri oxunsun...” – MƏRHUM RƏNA TEYMURQIZININ ŞEİRLƏRİ BARƏDƏ
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Gəncə təmsilçisi
Gəncədə bir Rəna Teymurqızı vardı... Gözəl şair idi. Gözəl xanım idi. 1953-cü ildə Gəncədə anadan olmuşdu. Ali təhsilini də Gəncədəki AKTİ-də (indiki ADAU) almışdı. Ədəb-ərkanı, bacarığı nəzərə alınaraq institutda saxlanmışdı. Laborantlıqdan addım-addım baş müəllimliyə yüksəlmişdi.
Yaradıcılığı özünəxas idi... AYB üzvü, 5 kitab müəllifi idi. Şeirlərində, rübailərində həm öz sirrini açırdı, həm də, dünyanın-kainatın sirrinə vaqif olmağa can atırdı. Və bir gün köçdü dünyadan... 21 iyul 2014-cü ildə... Bizə gözəl xatirələr, bir də dəfələrlə oxuyub sehrinə düşdüyümüz mətnlər qoydu, getdi...
Bu gün-bu yanvar günəşinin uzaq və soyuq gülümsəməsində Rəna xanımı xatırladım-onunla keçirdiyimiz günləri, etdiyimiz söhbətləri, Mahrasa bağının binaları arasındakı dolanbac cığırları, onun daim kitab qoxan əllərini... Və qayıdıb ondan bir-iki şeir oxudum - onu oxudum...
***
İnsan yaradılışdan daxilindəki inam hissini anlamağa çalışıb. Və özünün təbiətin bir parçası olduğunu dərk edəndən sonra bu inam hissinin bir yönünü də təbiətə tərəf çevirib. Beləcə, təbiətə olan bağlılığını, heyranlığını, onun qarşısında acizliyini müxtəlif cür ifadə etməyə cəhd göstərib.
Rəna xanım da bir qələm sahibi kimi bəşəriyyətin ilkin dünyagörüşlərini şeiriyyətə gətirmişdir. “Şən gəldim” şeirində üzünü dağlara tutub deyir:
A dağlar, könlümə yaman düşdünüz,
Oxşadı ruhumu duman, çən, gəldim.
Çoxdandır qonağın ola bilmirdim,
Qismət oldu yenə, şükür, mən gəldim.
Azərbaycan ədəbiyyatında dağlara aid çox şeir yazılıb, dağların tərənnümünə qoşmalar, gəraylılar, hətta poemalar belə, həsr edilib. Türk dünyasının görkəmli folklorşünası, şair-alimi Sədnik Paşa Pirsultanlı qeyd edirdi ki, “Miskin Abdalın “Dağlar” şeiri Azərbaycan ədəbiyyatında istər şifahi, istərsə də yazılı ədəbiyyatda özündən sonra yaranan bütün dağlar şeirləri üçün nümunə olmuşdur”[1].
Doğrudan da, dağ mövzusu şifahi və yazılı ədəbiyyatımızda yetərincə aktualdır. Nəinki şeirlərdə, nağıl, rəvayət və əfsanələrdə, hətta dastanlarda da dağ mifologiyası açıq-aydın görülməkdədir. Bir növ, insan bədii yaradıcılığında dağı obrazlaşdırmış, öz hisslərini ona bədii yolla köçürməyi bacarmışdır.
Rəna xanımın qələmilə çizdiyi dağ obrazı ilə söhbəti də maraqlıdır:
Gözləmirdin bir də gələm, eləmi?
Əvvəlkitək deyib-güləm, eləmi?
İşə salaq burda kağız qələmi,
Gəl deyişək, bəlkə sənlə tən gəldim.
Şairin yaratdığı dağ obrazı “təəccüblənir”, onun gəlişinə sevinir. Eyni zamanda, ikinci bənddə Rəna xanım dağı ilham sahibi kimi dəyərləndirir, qarşı-qarşıya deyişmək istəyir. Bu da müəllifin dağ haqqındakı qeyri-adi düşüncələrinin məhsuludur. Axı hər qələm tutanla, hər söz deyənlə deyişmək olmaz. Elə dağın özü ilə də deyişmək dağ vüqarı, dağ hünəri istəyir.
Aşıq ədəbiyyatı tarixindən məlumdur ki, deyişmələr ya hərbə-zorba şəklində qurulur, yaxud da qoşma-qıfılbənd kimi deyilir. Şifahi ədəbiyyatda isə daha çox bayatı şəkilli oğlan-qız deyişmələrinə rast gəlinir. Adətən, aşıqlar öz yurd-yuvalarından yol başlayıb uzun məsafələr qət edib o aşığın yanına deyişməyə gedirdilər ki, onun da adı-sanı olsun, saz çalmağı, söz qoşmağı dillərdə söylənsin. Heç bir aşıq öz şəninə sığışdırmazdı ki, deyişdiyi adam savadsız, adi bir adam olsun.
Rəna xanımın dağları deyişməyə çağırması onun xalqın mənəvi sərvəti olan saz sənətinə necə dərindən bələd olduğunun göstəricisidir. Üçüncü bənddə şair dağlarla dərdini bölür, illəri birgə yola saldıqlarını vurğulayır. Dağların geniş ürəkliliyinə bələd olduğuna görə, onların dərdinə şərik çıxacağından əminliyini gizlətmir.
Gen sinə açırsan gələn hər kəsə,
Qıymaram üstündən qara yel əsə.
Zirvənə qalxardım bircə nəfəsə,
İndi nəfəsi təng, saçda dən gəldim.
Düzdür, şair yaşa dolduğunu etiraf edir, dərdini dilinə gətirir. Lakin həmişəki kimi, adətinə sadiq qalaraq dərdin qarşısındakı mərdanəliyini qoruyub saxlayır. Elə buna görə də şeirin möhürbəndində dağlara belə deyir:
Xəbərsizsən dərdlərimdən hələ sən,
Nələr çəkdim bu müddətdə, biləsən.
Rəna qoymaz göz yaşını görəsən,
Unudub kədəri, bura şən gəldim.
Rəna xanımın dözümü də dağa bənzəyir. Bu dağ dözümü ilə o, dərdini dağlardan gizləməyə çalışır, dərdin önündəki mərdanəliyinə sadiq qalaraq dağlarla nikbin görüşür.
***
Rəna Teymurqızının daha bir şeiri isə klassik ədəbiyyat nümunələrindən birinə, təbiətnaməyə bənzəyir. “Təzədən vuruldum” adlı şeirdə şairin yaratdığı lirik obraz təbiətin dilini bilir, onun çağırışını eşidir:
Təbiət “gəl” dedi, görüşə getdim,
Hər çəmən, hər çiçək həmdəmim oldu.
Oxşadı könlümü güllərin ətri,
Dağların havası sinəmə doldu.
Çiçəkləri özünə həmdəm sanan Rəna xanım əsl gözəlliyi duymağı, ona qiymət verməyi bacarır. Düzdür, “dünyanı gözəllik xilas edəcək”-deyirlər, fikrimcə, ən əvvəl bütün dünya gözəlliyin xilasına çalışmalıdır. Biz özümüz yaşadığımız mühitin hər bir nəsnəsində gözəllik axtarmalı, tapmalı, qorumalıyıq ki, dünya da gözəl olsun. Bir sözlə, var olan gözəlliyə vurulmağı bacarmalıyıq... Rəna xanım kimi...
Təzədən vuruldum bu gözəlliyə,
Ahıl olmağım da çıxdı yadımdan.
Qayğılar bir anlıq geridə qaldı,
Şükr etdim Tanrıya yenə adımdan.
Şair təbiətə heyranlığın elə bir zirvəsinə çatır ki, dərdini-qəmini unudur. Yalnız işıqlı gün, nurlu sabah haqda düşünür. Gündəlik qayğılar belə, geridə qalır. Müəllif təbiətin əsrarəngiz fövqündə sanki bu dünyadan qopub bambaşqa bir aləmə düşür. Ordakı sirr, sehr, rəngarənglik Rəna xanımın hisslərinə, öz dünyasının fəsillərinə də sirayət edir:
Mənim də dünyamın təbiəti var,
Orda da neçə qış, neçə yaz olub.
Ardınca da Rəna xanım hisslərinin rəngdən-rəngə düşdüyünü deməklə insan xislətinin dəyişməyindən, həmçinin, ruh halının zaman və məkana uyğun fərqliliyindən danışır:
Dəyişib rəngini bəzən hisslərim,
Gah qara boyanıb, gah bəyaz olub.
Bu beytdə təbiətin daha bir möcüzəsinin izahını oxuyuruq. Diqqət edək, yazda bir gül toxumu əkirik torpağa. İlk cücərtisi göy rəngdə olur. Az keçmir ki, bu göyərmiş zoğ böyüyüb yaşıllaşır. Yayın isti aylarında yaşıl tumurcuqlarından rəngbərəng çiçəklər boylanır. Payıza doğru yaşıl rəng sarıya çevrilməyə başlayır. Sonda payızın sehirli qızılı rənginə boyanıb torpağa baş əyir. Nəhayət, torpağın özü rəngdə olub, onun dənələrinə qarışır. Rəna xanım gülləri-çiçəkləri, ümumiyyətlə, bitkiləri təbiətin hissləri kimi ifadə edir. Necə ki, “təbiətin hissləri” zamana, havaya uyğun belə dəyişir, onun bir parçası olan insanın yaşantıları da şəraitə uyğun formalaşa bilir. Bax, bu mənanı görürük Rəna xanımın yaradıcılıq nümunələrində... Təbiətin öz övladı insanı necə yaşatmasının, onu əzizləməyinin, qorumağının belə, şahidi oluruq:
Qəlbim fərəhlənir baxdıqca göyə,
Çətin ki, yer üzü qəddimi əyə.
Ürəyim istidən bişməsin deyə,
Buludlar yoluma yağış çiləyir.
Təbiət hissimlə yaranıbdır tən,
Kaş ki, mən olaydım çəməndə itən.
Dağların döşündə rəngarəng bitən,
Çiçəklər könlümə sevinc ələyir.
İstər şifahi, istərsə də yazılı ədəbiyyatda əsl aşiqlər həmişə bülbülə bənzədilib. Onun gülə olan sevgisi zirvədə olub, insanların dillərə düşən sevgisi məhz bu quşun sevgisi ilə müqayisə olunub. Saysız-hesabsız bayatı, nağıl, əfsanə, şeir nümunə gətirə bilərik ki, insan bülbülün sevgisinə həsəd aparıb.
Rəna xanım təbiətin ən gözəl sevgi mücəssəməsi bülbülün duyğularını da 2013-cü ildə nəşr olunan “Rübailər” kitabında özünəməxsus tərzdə qeyd edir:
Bülbül gülün budağında gizlənər,
Sevgi könül otağında gizlənər.
Gündüzlərin günəş dolu işığı,
Gecələrin qucağında gizlənər.
Rübainin ilk beytində bülbülün öz sevgisi naminə gülün budağına sığınmasından danışılır. Eyni zamanda, sevginin ülvi olduğu qədər də mübhəmliyi göz önünə gətirilir.
İkinci beytdə isə Rəna xanım göylər qızı Günəşin qaranlıq gecədə gizlənməyini deməklə türk xalqlarının ortaq folklor nümunələrinin başlanğıc nöqtəsi sayılan “Ay və Gün” əfsanəsinə işarə edir. Əfsanəyə görə, Ayla Gün bir-birinə aşiqdirlər. Onlar görüşməyə, vüsala yetişməyə can atırlar. Lakin onlar bir-birinə çataçatda qaranlıq gecə araya düşüb onları bir-birinə qovuşmağa qoymur. Rəna xanımın rübaisində dilinə gətirdiyi bu hikməti açmaq üçün gərək ədəbiyyatın özünə sığınasan...
Güllər, çiçəklər təbiətin ən gözəl, incə övladlarıdır. Qızların ən gözəli də gülə-çiçəyə bənzədilir. Hətta ədəbiyyat nümunələrində lirik qəhrəmanlar, aşiqlər heyran olduğu qızın xarakterində gülə, çiçəyə bənzərlik axtarırlar. Məsələn: gözəlin utancaqlığı bənövşəyə, yanağı qızılgülə, buxağı ağ nəsrinə, xalı lalənin qara xalına, əllərinin xınası xına gülünə bənzədilir. Azərbaycan folklorunda güllərin nə vaxtsa gözəl bir qız olmasına dair nümunələr də çoxdur.
Rəna xanımın kitablarını vərəqlədikcə onun bir misrası yaddaşımızda bütün bildiklərimizi təkrarlamağa açar rolu oynayır. Güllərdən, çiçəklərdən, onların xalq düşüncəsində, ədəbiyyatda obrazlaşdırılmasından danışmağıma da Rəna xanımın bir rübaisi vəsilə oldu:
Güllərin özünəxas ləçəyi var,
Onların çirkini, həm göyçəyi var.
Çəməndə çox sayda çiçəklər bitər,
Amma hər könülün öz çiçəyi var.
Daha bir nümunədə şair təbiətin təzadından danışır. “Təbiətin təzadı” deyəndə, düzdür, ilk öncə göz önünə Bəxtiyar Vahabzadənin şeiri gəlir:
Ey ana təbiət, de neçin, niyə,
Gülün budağında tikan bitirdin?
Bulağın gözünü qotur keçiyə,
Bulanıq suyunu ceyrana verdin.
Burda şairin ana təbiətə üsyanı var, daxili hayqırışı var. Bəxtiyar Vahabzadə qızılgülün tikanıyla razılaşmır. Maralların daim üzləşdiyi təhlükəni qəbul etmir. Ancaq o unudur ki, bu təzadı, qismən də olsa, yaradan insandır. Bulaqları abadlaşdıran, keçini ev heyvanı kimi əhlilləşdirən, maralları ovlayaraq onları yaşayış məskənlərindən uzaqlaşdıran da insandır. Buna görə də, Bəxtiyar Vahabzadənin təbiətə müraciətində yalnız qızılgülün tikanı hadisəsi ilə razılaşmaq olar. Əslində, bu da ana təbiətin “günahı” deyil. Təbiətdə olan hər şey yaradılışdan özünümüdafiə imkanına, az da olsa, malikdir. Bu, bir növ qanunauyğunluqdur. Hər birimiz bununla razılaşmağa məcburuq. Çünki təbiətə üsyan bəşər üçün heç də daim uğurla nəticələnmir.
Rəna xanım burda da öz məntiqini qoruyub saxlamışdır. O, təbiətə üsyan etmir, lakin onun təzadlarını hikmət mənbəyi sayır:
Hər günün öz axşamı var,
Qara şamı, ağ şamı var.
Çəməndə tək çiçək bitmir,
Qanqalı var, yovşanı var.
Burada fəlsəfi fikir yenə insan xislətinə şamil edilib. Həyatda hər cür xasiyyətdə, müxtəlif xarakterdə insana rast gəlmək mümkündür. Bu da bir hikmətdir, əslində. Hər insan öz fərdiliyi ilə həyatda yeni rəng, fərqli çalar yaradır. Eləcə də, bitkilərin müxtəlifliyi təbiətin qəribəliyi, möcüzələri, bəlkə də, haradasa harmoniyasıdır.
Rəna xanım meşələrdən də ürək dolusu danışır:
Meşələrin könlü tox,
Acgözlüyə meyli yox.
Hər an bir əsər yazır,
Qələmi, vərəqi çox.
Bu rübaidə öncəki fikrin əksi olaraq insan xasiyyəti yazar təxəyyülü ilə meşəyə köçürülüb. Onun gözü-könlü tox olması deyimi elə meşənin sərvətlərlə zənginliyidir. Hər an yazılan nəğmələr quşların cəh-cəhi, yarpaqlardakı şehlərin titrəməsi, həşəratların hər birinin özünəməxsus səsi, xəzəllərin xışıltısı, çayların, bulaqların şırıltılı zümzüməsidir.
***
...Bir gün yenə Rəna xanımla söhbət edirdik. Mənə dedi:
-Şairin ümidi odur ki, öləndən sonra da şeirləri oxunsun...
-Şair şeirləri qədər vardır.
İkimiz də gülümsəmişdik və pəncərədən görünən uzaqlara baxmışdıq... Hə, Rəna Teymurqızı hələ var, hələ yaşayır, hələ bizimlədir-şeirləri ürəyimizin üstündədir axı!
"Ədəbiyyat və incəsənət"
(28.01.2025)
“Ayrılıq olmasaydı…” - Adil Babayevin 100 illiyinə
Könül, “Ədəbiyyat və incəsənət”
Təqvimi vərəqləyirik və bir səhifədə dayanmalı oluruq. Adil Qafar oğlu Babayev (27 yanvar 1925, Naxçıvan – 19 avqust 1977, Bakı) — şair, tərcüməçi, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1946). Bu gün anadan olmasının 100 illiyidir.
Dərhal haqqında daha geniş bilgi almaq, şeirlərini oxumaq istəyirik. Xüsusən, sonetlərini. Axı ədəbiyyatımızda bu janrın ən parlaq nümayəndəsi olub Adil müəllim.
Adil müəllim bizə həm də ona görə əzizdir ki, özündən sonra Etibar Babayev kimi bir övlad – məşhur telejurnalist qoyub gedib. Onun övladı bir vaxtlar bütün Azərbaycanı teleekran qarşısına toplayaraq Türkiyədən musiqi ərməğanları çatdırardı, “Sözlü-nəğməli İstanbul”u kim unudar ki?
Adil Babayev poeziyası, dərin fəlsəfi düşüncələrlə zəngin olub və xüsusilə insanın daxili aləmi və həyatın mənası haqqında düşündürən mövzulara toxunur. Şairin ən tanınmış əsərlərindən biri "Həyat nədir?" adlı şeiridir. Bu şeir həyatın və insanın varlığının mürəkkəbliyini poetik şəkildə ifadə edir.
Dramaturq olaraq isə Adil Babayev, Azərbaycan teatrına müasir əsərlər gətirərək, onun inkişafında mühüm rol oynamışdır. Əsərləri tez-tez sosial məsələlərə, insan münasibətlərinə və dövrün təzadlarına fokuslanır.
Adil Babayev, həmçinin ədəbi tənqidi və sənət dünyasında özünəməxsus yanaşmaları ilə də tanınır. Onun həyat və ədəbiyyat haqqında yazdığı tənqidi yazıları Azərbaycan ədəbiyyatının zənginləşməsinə və inkişafına böyük təsir göstərmişdir.
Dünyaya yadigar
Qara gözlərinin seyrinə dalmaq,
Mənim ən səfalı səyahətimdir.
Eşqinlə döyünən yanar bir ürək,
Sənə gəncliyimdən əmanətimdir.
Ömür kitabımda qızıl sətirsən,
Günümə, ayıma çökən ətirsən.
Mənə kədər deyil, sevinc gətir sən,
Adi bəxşişin də şan-şöhrətimdir.
Könlüm mələr düşər az görüşəndə,
Nərmin əllərimdən iraq düşəndə.
Sənsiz göy çəməndə, dağlar döşündə,
Gözlərin yaşlıdır, qəlbim yetimdir.
Bilmirəm dövranda bu gərdiş nədir?
Adilə gah sevinc, gah qəm bəxş edir,
Günlərim, aylarım köç edib gedir,
Dünyaya yadigar məhəbbətimdir.
Sözlərin kökü
Bəzən iş otağıma çəkilib bütün günü,
Axtarıram sözlərin, kəlmələrin kökünü.
Öyrənmək istəyirəm diqqət ilə, səy ilə,
Sözlər necə yaranıb, hardan gəlibdir dilə.
Lüğətlər kömək etmir, qamuslar gəlmir kara,
Deyirəm öz-özümə: ürəkləri sən ara.
Talelər kitabında mənası var hər sözün,
Hər həsrətin, vüsalın, hər gecənin-gündüzün.
Düşünürəm: zindanda azadlıq boğulanda,
Körpələrlə gözəllik bir yerdə doğulanda,
Azadlıq həsrətiylə yanan zaman Vətənim,
Yəqin, “azadlıq” sözü dilimə gəlmiş mənim.
İnsanlar sürüləndə yurdundan diyar-diyar,
Yəqin, “Vətən” sözünü qürbətdə yaratdılar.
Vətən oldu onların arzusu, düşüncəsi,
Meyvələrin nübarı, çiçəklərin qönçəsi.
Ocaqların tüstüsü,
Təndirlərin istisi,
Çinarların vüqarı xəyala gələn zaman
Yarandı “Vətən” sözü qəriblərin ahından.
Bilirəm torpağımın sevinci var, yası var,
Onun gözünün dağı hicranlı Arazı var.
“Həsrət” sözü Arazın yaranıb sularından,
Axı, bu torpaqdakı daşın da, çinarın da
Kökü Arazdan keçib, o taya adlayıbdır.
Araz əvvəl çay idi
İndi həsrət olubdur, qəlbləri odlayıbdır.
Nə qədər yol getmişik Günəşin sorağında?
Bir vaxt oda sığınan yurdumun torpağında
İşığa həsrət qalıb illər boyu nəsillər,
Səmum nəfəsli aylar, ölüm nəfəsli illər.
Söndürüb evlərdəki neçə odu, ocağı,
İnsan olub cansıxan qaranlığın dustağı.
Kim bilir, bəlkə, onda
Ürəklər bir çırağın həsrətiylə yananda
“İşıq” sözünü ilkin dilə gətirmişik biz,
Arzunun işığıyla “işıq” gəzib nəslimiz?
Bəlkə, “ümid” sözü də uzaq bir çıraq kimi,
Elə o vaxtlar yanıb,
Ya zülmətdə doğulub, ya zindanda yaranıb?
Ayaqlar buxovlanıb, əllər zəncirlənəndə,
Fəlakət üstümüzdə bayquştək hərlənəndə,
Ölüm dayanan zaman qaşla-göz arasında,
Bəlkə, bir cəngavərin ümidsiz yarasında,
Bəlkə, ölüm anında ümid gözləyən gözdə
Ümid də yaranıbdır “ümid” ünvanlı sözdə?
Bəzən iş otağıma çəkilib bütün günü
Axtarıram sözlərin, kəlmələrin kökünü.
Məncə, hər söz yaranıb bir arzudan, diləkdən,
Sözlər də məcrasını alır yanan ürəkdən!
***
Bizi ölüm ilə qorxudur zaman,
Şeirim tab edərmi bu ağır dərdə?
Nə üçün ömrünü qorumayırsan,
Daha etibarlı, möhkəm bir yerdə?
Görürsən, nə qədər bakirə gül var,
Gəncliyin bahardır, qoru ruhunu.
Qəlbini, hüsnünü sevgi yaşadar,
Nə fırça, nə qələm bacarmaz bunu.
Hər şeyi yenidən yaradır həyat,
Gəl öz gəncliyini ver məhəbbətə.
Sevgiylə, sevdayla aç ki qol-qanad,
Səni qovuşdursun əbədiyyətə.
Versən öz ömrünü övladına sən,
Onun varlığında ömür sürərsən.
Ayrılıq olmasaydı
Heç zaman solmazdı o tər çiçəklər,
Ümmana dönərdi sevən ürəklər,
Bir insan bilməzdi, nədir qəm-kədər,
Şəfəqli nəğməyə dönərdi aləm,
Ayrılıq olmasaydı, ayrılıq olmasaydı…
Vaxtsız dən düşməzdi şəvə saçlara,
Analar ömründə geyməzdi qara,
Bir dildə olmazdı “həsrət” kəlməsi,
Bir evdən çıxmazdı hıçqırıq səsi,
Ayrılıq olmasaydı, ayrılıq olmasaydı…
Görünməzdi bu yol yorucu, uzun,
Gülərdi çöhrəsi gəlinin-qızın,
Yaz fəsli açılan çiçəklər kimi
Əbədi saxlardım səadətimi,
Ayrılıq olmasaydı, ayrılıq olmasaydı…
Mən dünyada olmayanda
Qarlar, buzlar əriyəcək,
Çöllər yaşıl don geyəcək,
Bir şair də mənim kimi
Öz yurdunda söz deyəcək,
Mən dünyada olmayada.
Qəlbində bir xoş intizar,
Xəyalında – işıq, bahar,
Gələcəyin vüsalıyla
Çalışacaq bu insanlar,
Mən dünyada olmayanda.
Ömrüm Aya, Günə sirdaş,
Ağarır saç, çoxalır yaş,
Bircə kəlməm, bircə sözüm
Ürəklərdə qalaydı, kaş,
Mən dünyada olmayanda…
“Ədəbiyyat və incəsənət”
(27.01.2025)
Qəbələdə “Qış nağılı” Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Fevralın 7-10-da Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və Bakı Musiqi Akademiyasının dəstəyi ilə Qəbələdə ilk dəfə “Qış nağılı” Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, “Qış nağılı” 2009-cu ildən ənənəvi təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalının davamı olaraq sənətsevərləri bir araya gətirəcək.
“Qış nağılı” Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Almaniya, Böyük Britaniya, İtaliya, Polşa və Rusiyadan dünyaşöhrətli musiqiçilər - ifaçı və dirijorlar, musiqi kollektivləri çıxış edəcəklər.
Çıxış edənlər:
Azərbaycandan Fərhad Bədəlbəyli, Emil Əfrasiyab, Murad Adıgözəlzadə, Nəzrin Aslanlı, Nigar Cəfərova, Yeganə Axundova, Yusif Eyvazov. Musiqi kollektivlərindən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, Bakı Kamera Orkestri, Bakı Xoreoqrafiya Akademiyasının şagird və tələbələri, “Qaytağı” instrumental ansamblı. Almaniya və Rusiyanı təmsil edən Aydar Qaynullinin “Eyforiya” ansamblı, Böyük Britaniyadan Dmitri Sitkovetski, İtaliyadan Anastasiya Bartoli, Sergio Vitale, Polşadan “Glassduo” ansamblı.
Proqram:
Qəbələnin müxtəlif mədəniyyət ocaqlarında maraqlı proqram təqdim ediləcək, vokal, kamera instrumental musiqi axşamları, balet tamaşaları təşkil olunacaq: Qara Qarayevin “Yeddi gözəl” baletindən, Niyazinin “Arzu” əsərindən, Üzeyir Hacıbəylinin “Koroğlu” operasından, Antonio Vivaldinin “İlin fəsilləri” silsiləsindən, Cakomo Puççininin “Turandot”, Cüzeppe Verdinin “Traviata” operalarından, Pyotr Çaykovskinin “Şelkunçik” baletindən parçalar, eləcə də Edvard Qriq, Frederik Şopen, İohann Sebastyan Bax, Volfqanq Amadey Motsart və digər bəstəkarların müxtəlif musiqi kompozisiyaları.
Tamaşaçıların iştirakı:
Tamaşaçılar iTicket.az saytından ödənişsiz qeydiyyatdan keçməklə tədbirə qoşula bilərlər.
“Ədəbiyyat və incəsənət”
(27.01.2025)
Solmayan qızılgüllər - ESSE
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Həyat bəzən bizi gözlənilmədən yarımçıq qoyur. Bir insanın yoxluğunu hiss etmək, sanki dünyanın səssizləşməsi kimidir. Onun səsi, varlığı, baxışları hər gün səninlə olub, birdən yoxa çıxanda dərin bir boşluq yaranır.
Hər şey səssiz qışqırıqlara çevrilir – ağlaya bilmədiyin, ancaq içində boğulan qışqırıqlara.
Aylar keçmişdi. İçimdə dolub qalan o hisslər heç vaxt səngimirdi. Bir gecə yuxuda gördüm onu. Səhər vaxtı idi, mən tanış bir küçədə idim, amma hər tərəf təmtək idi. Sanki dünya dayanmışdı. Birdən o, qarşımda peyda oldu. Ağappaq geyinmişdi, saçları və saqqalı işıq kimi parıldayırdı. Havaya yayılan qoxu isə inanılmaz dərəcədə sakitləşdirici idi, sanki bütün qorxularımı silirdi. O, mənimlə idi, amma mən danışa bilmirdim. Sözlər boğazımda düyünlənmişdi.
Nəhayət, güc tapıb dedim: "Gəl gedək evə, hamı səni gözləyir." O isə sakitcə gülümsədi: "Yox," dedi, "gedirəm bağa. Gülləri sulamalıyam. Qızılgüllər solmamalıdır."
Bu sözləri üç dəfə təkrarladı. Hər dəfə deyəndə ürəyimdə sanki nəsə çatlayırdı.
Onun ardınca getmək istəyirdim, yalvarırdım: "Məni də apar. Mən sənsiz qalmayım." Amma o, üzümə baxıb başını buladı: "Sənin üçün hələ tezdir," dedi. "Sən hələ körpəsən." Mən onun getməsinə mane olmağa çalışdıqca, üzündə qəribə bir ifadə yarandı – sakit, amma qətiyyətli. "Çıx get evə," dedi və səsi birdən sərtləşdi.
Sonra yox oldu. Mən isə oyandım, nəfəsim daralmış, göz yaşları içində. Bu yuxu günlərlə məni tərk etmədi. Onun "qızılgüllər solmamalıdır" sözləri beynimdə təkrar-təkrar səslənirdi. Bu sözlərin mənasını anlamırdım, amma hiss edirdim ki, bu, sadəcə adi bir yuxu deyildi.
İndi anlayıram: o qızılgüllər, onun qoyub getdiyi sevgi, dəyərlər və xatirələrdir. Onlar heç vaxt solmamalıdır. Mənə düşən, bu xatirələri yaşatmaq və onun mirasını qorumaqdır. O, fiziki olaraq yanımda olmasa da, ruhu həmişə mənimlədir.
Hər səhər bu yuxunu xatırlayıram və onun dediyi kimi yaşamağa çalışıram.
Qızılgüllər solmayacaq. Mən buna izin vermərəm.
“Ədəbiyyat və incəsənət”
(27.01.2025)
Sazı hər kəsə sevdirən ustad - AŞIQ ƏDALƏTİN DOĞUM GÜNÜNƏ
Könül, “Ədəbiyyat və incəsənət”
Bu gün tək Azərbaycanın deyil, bütün Türk dünyasının böyük sənətkarı, Əməkdar incəsənət xadimi aşıq Ədalət Nəsibovun anadan olmasının 86-cı ildönümü tamam olur.
Mübaliğəsiz deyə bilərik ki, “Baş sarıtel”, “Ruhani”, “Yanıq Kərəm”, “Kərəm Gözəlləməsi” kimi saz havaları ustad Ədalətin ifasında necə səslənibsə, yüz minlər saza vurulublar.
Ədalət Nəsibov 1939-cu il yanvarın 27-də Qazaxda pinəçi ailəsində anadan olub. Saz çalmağı atasından öyrənib. Gənc yaşlarından fitri istedadı üzə çıxıb, məclislərə dəvət alıb. 1950-ci ildə - 11 yaşındaykən Moskvaya aparılıb, Kremlin Qurultaylar Sarayında saz çalıb.
Aşıq Ədalət sazı 50-dən çox ölkədə tanıdıb, saza yeniliklər gətirib.
UNESCO-da dünyanın nadir musiqi ifaçıları sırasında diski buraxılıb. Saza 5 pərdə, o cümlədən 7 yarım pərdə, 6 sinə pərdəsi əlavə edib.
Aşıq Ədalət Nəsibovun sənəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib.
Sənətkar 2017-ci il sentyabrın 14-də Bakı şəhərində vəfat edib və Qazax rayonunun Ağköynək qəbiristanlığında dəfn olunub.
Ustad aşığın xatirəsinə hörmət əlaməti olaraq “Qazax” Xeyriyyə-İctimai Birliyinin təşəbbüsü ilə onun qəbri üzərində möhtəşəm qəbirüstü abidə yaradılıb.
Həmçinin Xaçmaz şəhərindəki Şəxsiyyətlər parkında da Dədə Ədalətin möhtəşəm büstü ucaldılıb.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(27.01.2025)
Mənim Çəkmələrim - Mahirə Nağıqızının hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Mahirə Nağıqızının hekayəsi təqdim edilir.
Mənim adım Süsənbərdir - Süsənbər Mahiyyəddinqızı.
Elə yazı adamı təsəvvür edərsinizmi, cəmi-cümlətanı bircə hekayəyə görə özünə təxəllüs götürmüş olsun? Əlbəttə, "təxəllüs" sözü özümlə bağlı məqamda həddindən artıq təmtəraqlı, bir az da qeyri-təvazökar səslənə bilər. Bu, sadəcə olaraq əlacsızlıqdan baş verdi, çünki başıma gələn o qorxunc, ancaq nağıllarda oxuya və yaxud eşidə biləcəyiniz hadisəni dördüncü onillikdir yaşamağın nə demək olduğunu çəkənlər bilər. O elə anlar idi ki, indi də yadıma düşəndə vahimələnirəm. Əsl yazıçılar kimi cəlbedici, ədəbi dilin bütün mümkün imkanlarından bəhrələnərək yazmaq istədiyim o hadisəni üstündən 2-3 ay keçəndən sonra unutmaq istədim. Hiss edirdim ki, bu yüklə çox uzağa getmək, sadəcə, mümkün deyil və onda başa düşdüm ki, yox, yazmağım mütləq lazımdır. Azından ona görə bu qənaətə gəldim ki, hekayəmi, bəlkə də böyüklər oxuyar və öz balalarının naminə oxşar hadisələrin baş verməsinin qarşısını alarlar. Beləcə, 7-8 yaşım olanda yaddaşıma yazılan, qəlbimdə və sümüklərimdə giziltisi ilə qalan o anların tarixçəsinə indi, az qala, 50 yaşımı haqlayanda qayıdıram. Fikirləşirəm ki, yazdıqlarım nə qədər istədiyim kimi alınmasa da, qəlbimdə gəzdirməyimdən faydalı olar.
Söhbətimə başlamazdan əvvəl 40 ilə yaxındır ki, üzünü görmədiyim, ancaq yuxularımda gəzdiyim, yadımda qalan kəndimizi təqdim etmək istərdim: Kətanköynək cəvizi ilə nəinki mahalımızda, həmçinin ondan çox-çox uzaqlarda məşhur olan, rayon mərkəzindən bir az aralı, Arpaçayına birləşən Axtaçayın sahilindəki Axta kəndini görənlər onu cənnətməkan adlandırırdılar. Sözün açığı, o zamanlar bu sözün özündə ifadə etdiyi mənanı elə də qavramırdım və indi, aradan 40 ilə yaxın müddət keçdiyi vaxt mənə yazıçı olmağı öyrətməsə də, kəndimizin həqiqətən, cənnətməkan olduğunu təsdiq edə bilib.
Böyüyüb universiteti qurtarandan sonra öyrənəcəyəm ki, kəndimizin adı burada binə salan ilk sakinlərindən, padar türk tayfasından olan axta etnonimindən yaranıb. Cəviz ağacları, cəvizi ilə yanaşı, min bir dərdin dərmanı kimi tanınan Axta balının vətəni kəndimizdə ovaxtacan eşitməyə macal tapmadığım, sonradan öyrəndiyim tarixçə deyir ki, bu cənnətməkanda insanlarımız uzaq-uzaq ellərdən gələn insanlar yerləşənəcən rahat yaşayıblar. O adamların gəlib məskunlaşmasından illər sonra ilk olaraq kəndlərin adlarını dəyişiblər. 1918-ci ilin yayında isə buradan əsrlərdən bəri yaşayan insanları çıxarmaq fikrinə düşüblər. Qafqazda erməni dövləti yaratmaq istəyən bu adamlar nəyə görəsə hesab ediblər ki, bəhrəli torpaqlardan çıxmaq fikrini ağıllarına gətirməyən bu insanları ucdantutma öldürməklə məsələni birdəfəlik həll etmək mümkündür. Bunun üçün də gələcək Ermənistan dövlətinin yaradıcıları təpədən-dırnağadək silahlandırılan və nə edəcəkləri ilə bağlı təlimatlandırılan adamlardan ibarət bölüklər yaradıblarmış. Həmin bölüklərdən birinin kəndə hücumu zamanı ələ keçirilən kənd sakinləri öldürülüb, yayına bilənlər isə yüz məşəqqətlə Naxçıvana, hətta İrana keçərək Güney Azərbaycanın Arazqırağı mahallarına sığına biliblər.
Bunlar barədə sonralar eşidəcəyəm.
İndi isə 1988-ci ilin noyabr ayıdır.
Kəndimizin sakinləri, o cümlədən, bizim ailə də artıq bir ilə yaxındır ki, səksəkə içindədir. İl təzə başlayandan, həmişə olduğu kimi, qonum-qonşuların uzun qış gecələrində bizim evimizə yığışdıqları vaxtdan bəri etdikləri söhbətlərdən hansısa narahatlığın yaşandığını, hətta mən də hiss edirdim. Düzdür, keçirdiyim o narahatlıqla bağlı nə atamdan, nə də anamdan heç nə soruşmaq istəmirdim, amma eşitdiklərimdən anlayırdım ki, İrəvanda yaşayan ermənilər Sovet Azərbaycanının ərazilərini Sovet Ermənistanına qatmaq istəyirlər. Üstəlik, onlar Ermənistanda yaşayan azərbaycanlıları buralardan çıxartmaq üçün çalışırlar. Kəndimizin adamları isə yaşadıqları yerləri buraxıb harasa köçmək fikrində deyil. Belə olanda, onlar saqqal buraxan şəxslərdən ibarət silahlı dəstələr yaradıb, adına da "fədai bölükləri" deyirlər. Həmin bölüklər vəzifələrinin icrasına hardasa, tək-tük azərbaycanlı gördükdə onları döyməklə başlayıblar. Belə hadisələrdən biri bizim kəndli Əliş dayının başına gəlib. Günlərin bir günü hansı işləsə bağlı rayon mərkəzinə gedən kəndlimizin saqqallı ermənilər tərəfindən ölümcül hala salındığı xəbərini atamdan eşitdik. Anama məsələnin necə baş verdiyini danışan atam əmin idi ki, "bu kəndlimizin anası namaz üstündə imiş" və əgər həmin vaxt kəndimiz istiqamətində gedən avtobus gözləyən qonşumuzu qonşu kənddən olan, oradan keçən yük maşınının banındakı azərbaycanlılar görməsəymiş, Əliş dayının "kitabı bağlanasıymış". Maşının banındakı adamlar 7-8 nəfərin bir yerə toplaşdığını uzaqdan görür, adamların yanından keçəndə onlardan biri "Ə... bu ki axtalı Əlişdir, ermənilər onu döyürlər", - deyir. Kabinəni döyəcləyirlər. Handan-hana sürücü maşını saxlayır və yerə düşən adamlar topaya yaxınlaşanda Əlişi torpağın üstündə qan içində görürlər. Ya adamların çoxluğundan, ya da maşının banında kərənti və yabalar düzüldüyündən saqqallılar oranı tərk edir. Beləcə, adamlar az qala o dünyalıq olacaq Əliş dayını yarımcan vəziyyətdə kəndə çatdıra bilirlər.
İndi isə noyabr ayının 8-dir. Atamqarışıq kəndin bütün kişiləri hücum oluna biləcək yerlərdə "saqqallılar"ın qarşısını kəsmək, heç olmasa, xəstə və qocaların, qadın və uşaqların təhlükəsiz yerə çatmasına qədər qalacaqlar.
İçində anam, qardaşım və mən olmaqla, axtalılar payi-piyada meşəyə sarı üz tutub gedirik. Yol uzandıqca uzanır, qurtarmaq bilmir ki... Uzaqdan səs-küy, güllə səslərini aydın eşidirik. Anamın əlimdən tutan əlinin titrəməsindən hiss edirəm ki, qorxulu nələrsə ola bilər. Təkcə səslər yox, elə böyür-başımızdan keçən güllələr az qala qulağımızın dibində vıyıldayır. Ömrümdə ilk dəfə ölüm haqqında fikirləşirəm. Addımlarımı anamın ayaq səslərinin ritminə uyğunlaşdırmağa nə qədər can atsam da, bunu bacarmayacağımın xofu indidən məni basır.
Dərələyəzin qışı yenicə başlayırdı.
Əslində bizim yerlərin payızı soyuq olur. Payız deyəndə ki, artıq o, qışın bütün əlamətləri ilə keçən ayın sonlarından buralarda yerbəyer olub. Düzdür, nənəmin dediyinə görə, qışın çatmasna hələ 50 günə yaxın vaxt var, amma yola çıxan adamların dizə qədər qalxan qarın içində olması, qabaqda gedən, ovçu intuisiyası ilə cığırı tutub yeriyən Allahverdi babanın atdığı addımlarının yaratdığı xırçıltı səsləri başqa şey deyir. Anamdan qabaqda zarıncı səslə bizi bu günə salan ermənilərə qarğış edən Gülsüm nənənin səsi indi də qulaqlarımdadır. O, bu şaxtalı havada kəndə girib bizi sakit, isti ocaqların başından, doğma evlərdən perik salanları, qana susayanları "Allaha tapşırırdı". Gülsüm nənənin bu "tapşırığı" sanki mənə bir az yüngüllük gətirdi. Mən bilirəm ki, Allah babam o cür insanları sevmir. Son bir neçə gün idi ki, kənd camaatı rahatlıq bilmir, paltarlı-filanlı yerlərinə uzanır, gözləri qapıda, pəncərədə qalır və beləcə də yuxuya gedirdi. Bu gün də elə olmalı idi. Həyət-bacada axşamın qarı elə bil qaranlığı bir az da vahiməli etmişdi. Baxmayaraq, hava mülayim idi, amma o vahiməni duyurdum.
"Allahın insanlara yazığı gəlsin" - sözlərini sanki qəfildən eşitdim və anamın bu sözlərindən sonra kömür sobasının yanında, onun üçün düzəldilmiş taxtda yatan qardaşıma tərəf baxdım. Birdən-birə anamın niyə belə dediyi mənə çatmadı, dönüb ona baxanda əl-ayaq başımın üstündə, əlində bir az əvvəl bişirdiyi xəşil dolusu qab dayandığını gördüm. İndi başa düşdüm ki, məni yedizdirmək istəyir. Dolu qaşığı dodaqlarıma tərəf tutaraq halsızcasına mənə x səslənirdi:
- Ye, ay bala, hamısını ye! Bax, Süsənbər, qabında xəşil qalmasın ha!
Bunları dedikcə tələsik qabları yuyub səliqə ilə yerinə yığmağa çalışan anam, nədənsə, tez-tez qapıya baxırdı və mən bu baxışlardakı narahatlığı sezirdim. Birdən-birə atamı yanımızda görmək istədim. O, neçə gün idi ki, kənd kişiləri ilə yolun üstündə düzəldilmiş daldalanacaqda, kəndlilərimizdən təşkil olunan könüllülərin arasında idi və neçə gün idi onu görmürdük. Şər qarışan vaxtı kimsə atamın ismarıcını bizə çatdırmaq üçün evimizə gəldi. Onun astaca, bir az da ehtiyatla anama dediklərini indi də sözbəsöz xatırlayıram: Kəndin camaatı ilə getsinlər, mən sonra gəlib onları taparam.
Qonşu dedi və getdi. Anam tələsik yol hazırlığına başladı, sanki çoxdan bu məqamı gözləyirdi. O, təlaşla isti paltarlarımızı evin ortasına atır və həyəcanla "Tez ol, geyin. Getməliyik. Çıxaq, Süsənbər, çıxaq!" -deyirdi.
Mən hər gün dərsdən gələndə silib pərdənin dalında gözlətdiyim çəkmələrimi götürmək üçün ayağa durdum. Bunu o qədər cəld etdim ki, anamın məni süzdüyünü görüb bir az pörtdüm, amma yaxşı ki, bir söz demədi. Atam çəkmələrimi təzə almışdı və təzəlikdən əlavə, elə gözəl idi ki, geyinəndə istəyirdim hamı görsün, hələ ürəyimdən onların sual verməsini də gözləyirdim:
- Ay Süsənbər, nə gözəl çəkmələrdir, kim alıb? Haradan alıb? Anama deyim, mənə də alsınlar.
Mən bu sualları eşitmirdim, amma nə fərqi var ki, eşitmək istədiyim sualı verdilər, ya yox? Onsuz da onların oğrun-oğrun baxışlarını duyub da görməyin bir ayrı zövqünü yaşayırdım. Elə bilirdim ki, dünya mənimdir və ürəyimdə atama sonsuz minnətdarlığımı bildirirdim. Əslində çəkmələrin alındığı yeri istəmirdim ki, kimsə bilsin. Bilmirəm, bu bir anın içində bunları haradan yadıma saldım? Halbuki həmin dəqiqələrdə sanki qorxulu yuxu görürdüm. Birdən, sanki qəfil anamın əlimdən tutub məni özünə çəkməsi ilə həmin yuxudan ayıltdı, ona tərəf baxanda məndən balaca qardaşımı kürəyinə şəllənmiş gördüm. Anamın sanki vəziyyətin ciddiliyini mənə çatdırmaq üçün səsini ucaldaraq "Süsənbər, tez ol, bala!"- deməsi ilə yola düzəldik. İndi xatırlayıram ki, diqqətcil və səliqəli, bir az da vasvası sayıla biləcək anam evdən çıxarkən dəmir divarları qıpqırmızı qızarmış kömür sobasını belə söndürmədi. Onsuz da örtülü pəncərələrin bağlanıb-bağlanmadığını adəti üzrə, həmişə etdiyi kimi, əlləri ilə yoxladı, onların qarşısındakı dibçəklərə su verdi və əlimdən tutaraq evdən çıxdı.
Bunun neçə vaxtdan bəri hamımızın - dədəmin, babamın, atamın və mənim doğulduğum kənddən - Axtadan əbədilik ayrılmaq məqamı olduğu onda ağlıma gəlmirdi. Gördüyüm isə o idi ki, evimizi tərk edir, evimizdən baş götürüb harasa, məchulluğa tərəf üz tuturduq. Bununla belə, mən tez-tez əyilib çəkmələrimə baxmağa da vaxt tapırdım. Oğrun-oğrun baxdığım məqamlarda sanki bir daha əmin olmaq istəyirdim ki, bəzəkli çəkmələrim ayağımdadır. Bunlar üzü dağlara doğru uzanan Hava meşəsinə tərəf getdiyimiz vaxtlarda baş verirdi. Getdikcə hərəkətin çətinləşdiyini onunla hiss edirdim ki, qar artıq çəkmələrimin boğazından içəri dolur, ayaqlarımı üşüdürdü. Anam tələsdiyindən sanki üşüyən əllərimdən tutub məni sürüyürdü, qardaşımsa anamın kürəyində isti yer tapmışdı, yatırdı. Azca aralandığımız kəndimizdən isə artıq atışma səsləri gəlirdi. Güllə səsinə diksinən anam ayaqlarını yeyinlətdi. Əyilib çəkmələrimə baxır və hətta sevinirdim ki, çəkmələrim olmasaydı ayaqlarım donardı. Bunun yaratdığı yüngüllükdən az da olsa təskinlik tapdım.
Yolboyu o suala da cavab axtarırdım ki, biz niyə birdən-birə isti və rahat ev-eşiyimizi qoyub meşəliyə tərəf yol gedirik? Tutaq ki, bu soyuq havada meşəyə çatdıq və orada necə olacaqdıq? Bəs niyə meşəyə? Anam özü həmişə mənə demirdimi ki, meşədə çoxlu çöl heyvanları olur və onların heç də hamısı, nənəm demiş, "quzu balası deyil"? Bəs onlardan bəziləri, şəklini kitablardan gördyüm, hətta şəkillərdəki gözlərindən üşəndiyim canavarlar qabağımıza çıxsa, nə ola bilər? Sonra onu fikirləşirəm ki, görünür, onlardan daha təhlükəli olanlarla rastlaşmaq riskindən uzaqlaşmaq üçün gedirik. Qəfildən yorulduğumu hiss edirəm və bütün gücümü toplayıram ki, əlimdən tutmuş anam yorğunluğumu hiss etməsin. Bilirəm, o bunu hiss etsə, məni qucağına götürəcək, bunu isə istəmirəm. Onu da hiss etməyə başladım ki, bir az əvvəl çəkmələrimin boğazından içəri düşən qar əriyir və anidən, bilmirəm, bu hardan ağlıma gəldi ki, o bir tərəfə, təkcə, çəkmələrimə bir şey olmasın. Əyilib bir də çəkmələrimə baxdım, elə bu zaman nəyinsə vıyıltı ilə yanımdan ötdüyünü hiss etdim. Sanki donmuşdum və donum açıldı, özüm də bilmədən ayaqlarımı sürətlə atmağa başladım. Bunu anam da hiss etmişdi, ya nə idi, o da böyük təlaşla addımlarını yeyinlətdi və özümü anamın belə yerişinə heç cür uyğunlaşdıra bilmirdim. Bir az sonra o məni də sanki sürüyürdü. Qışqırtı, bağırtı ətrafı bürümüşdü. Hamı qaçır və artıq demək olar ki, çatdığımız meşədə daldalanacaq axtarırdı. Birdən ayağımın biri yerə dəydi, sanki ayağım yapışıb qalacaqdı. Əyilib gecənin qaranlığında çəkmələrimə tərəf baxdım və dəhşət məni bürüdü: çəkməmin sağ tayı yox idi. Anam əlimdən nə qədər möhkəm yapışıb məni irəli çəkməsinə baxmayaraq, geriyə qanrıldım və bizdən bir az aralıda, qarın içindəki çəkməmin tayını gördüm. Qayıdıb çəkməmi götürmək üçün anama yalvardım. Anam mənə acıqlandı: "Tez ol, arxamızca ata-ata gəlirlər, Süsənbər, döz. Bir azca döz", - deyərək qədəmlərini bir az da sürətlə atdı. Qar yağmağa başlamışdı. Yenə döndüm, çəkməmin bir tayı qarın içində görünməz olurdu və gözlərimin qaraldığını hiss edirdim. Üzü üstə qarın içinə necə yıxıldığımı bilmədim və daha heç nədən xəbərim olmadı.
Ayılanda anamın qucağında idim. Qardaşım da ayılıb ağlamağa başlamışdı. Nədənsə mənə elə gəldi ki, o da mənim çəkməmin bir tayı üçün ağlayır və qəfil olaraq onun bundan necə xəbər tutduğuna heyrətləndim. Sonra nəyin necə olacağı artıq mənimçün maraqlı deyildi, çəkməmin bir tayını qarın içində itirmişdim. Daha olacaqlar məni narahat etmirdimi, ya nə idi, artıq bu barədə düşünə bilmirdim.
Mən ayılanda alatoran idi, qarşıdakı adamı güclə sezirdim və alatoranlığın yaratdığı hər şey vahiməyə çevrilmişdi. Biz atıla-düşə, Qasım dayının maşınına bənzəyən, hamı kimi mənim də "Kamaz" dediyim maşının banına yerləşmişdik. Buz kimi dəmirin ayaqlarımı keyləşdirdiyini hiss edirdim. Baş verənlərin fonunda ah-nalənin göyə ucalmasısa, özümə gələndən hiss etdiyim vahiməni daha da artırırdı. Uşaqlar ağlayıb analarına qısılır, anaları isə onları sakitləşdirməyə çalışırdı və bunlar o qədər qorxuyaradan mənzərə idi ki, gözlərimi qapatmaqla baş verənlərin yuxu olduğuna özümü inandırmağa çalışırdım. Bu da alınmırdı və gözlərimdən gilələnən yaşın yanağıma süzüldüyünü, orada buz bağladığını duyur, lakin əlimi yanağıma tərəf uzatmağasa ürəyim gəlmirdi. Nəhayət, bizi aparan maşının sürətini artırdığını, anamın üzü kəndimizə tərəf səssizcə ağladığını, dodaqlarının tərpəndiyini hiss edirdim. Buna baxmayaraq, elə bil, bir az əvvəlki vahimə ayazımışdı. Bunu, banda özünə yer etmiş adamların - qocalar və yaşlı nənələrin bu maşını bizi xilas üçün göndərənlərə, xüsusən, Ələsgər əmi adlı bir nəfərə dua etdiklərindən başa düşmək olurdu. Onda bilmirdim kimdən söhbət gedir, sonralar öyrənəcəyəm ki, maşının bizi apardığı Naxçıvanda "avtobaza" adlanan bir təşkilat var və onun müdiri Ələsgər Nağıyevdən söhbət gedirmiş. Onu da eşidəcəyəm ki, ancaq bizim kəndin deyil, Dərələyəz mahalının əksər sakinlərinin xilası üçün o, əlindən gələni edib, camaatı qurtarmaq üçün yük maşınlarını belə ora göndərib.
Nə qədər yol getdiyimizi xatırlamıram. Yadıma düşən odur ki, məni Bəyaz nənə qucağına almışdı, anamsa qardaşımı bağrına basıb ağlayırdı. Yol uzanır və mənə elə gəlirdi ki, o, bitməyəcək. Beləcə neçə saat keçdiyini, nə qədər yol gəldiyimizi unutmuşam. Xatırladığım odur ki, biz səhərə yaxın Naxçıvanın Kolanı kəndinə gəlib çatdıq. Burada da hər yer dizə qədər qar və buz idi, ancaq ehtiyatkarlığım sanki yox olmuşdu. Mən azca da olsa, ümidləndim və sivrilib Bəyaz nənənin qucağından düşdüm, anama sığınmaq istədim. Anamın diqqətinin mən tərəfdə olmadığını hiss etdim. O, qucağındakı qardaşımı bağrına sıxıb, məlul-məlul ona baxırdı. Birdən anamın dodaqlarının titrədiyini, əllərini qardaşımın yanaqlarında gəzdirdiyini gördüm. Anamın narahat olduğu açıq-aşkar görünürdü. Qəfildən diksinən kimi oldu və həyəcanla, sanki öz-özünə danışırmış kimi, "Bunun hərarəti var, od tutub yanır ki...!"- deməyini eşitdim. Bəyaz nənə ona toxtaqlıq verdi:
- Haray-həşir salma, soyuq olub, keçəcək.
Bunları deyən Bəyaz nənə qardaşımı onun əllərindən aldı, sifətini yanaqlarına tutdu, az sonra anama qaytardı:
- Hə, istiliyi var, amma artıq çatmışıq, görək, hara yerləşirik, həkim çağırarıq, bala, - dedi.
Anam sanki deyiləni eşitmir, dayandığı yerdəcə qardaşımı sinəsinə sıxaraq hərəkətsiz durmuşdu. Sonra biləcəyəm ki, o, harasa yerləşənə qədər gözləmək fikrindən uzaqdır. Kimsə dilləndi:
- Burada inanmıram ki, uşaq həkimi tapmaq asan ola, Naxçıvana aparmaq lazımdır.
Anam Bəyaz nənəni səslədi, məndən muğayat olmağı tapşırdı, uşaq qucağında yola tərəf üz tutdu. Onu da sonralar öyrənəcəyəm ki, onunla olan bir neçə kənd sakini ilə məsləhətləşən anam onlarla birlikdə kəndimizə geri qayıtmaq qərarına gəlir.
Gəldiyimiz yollarda keçirdiyim həyəcan-qorxudan və anamın tələsik yola çıxmağından sonra sanki nə baş verdiyini anlamırdım. Bu arada 6-7 nəfər gəldi, bizim müvəqqəti olaraq xəstəxanaya yerləşəcəyimizi bildirərək bələdçiliyimizi etdilər. Xəstəxananın uzun və soyuq dəhlizi, insanların vurnuxmağı yeni həyatın astanasına düşdüyümüzü deyirdi. Üzümü əllərimlə örtüb ağlayır, heç kəsi görmək istəmir, anamı çağırırdım: "Anaaa! Ay ana! Gəl, ana, evimizi istəyirəm, səni, atamı istəyirəm!"
Hər gün ağlayır, atamı və anamı görmək istəyirdim. Beləcə bir neçə gün keçdi. Kolanı kəndindən Məsmə adlı bir qadın qaldığımız yerə - Sovet Azərbaycanının ilk qaçqınlarına qab-qacaq, pal-paltar gətirmişdi. Onu yaxşı xatırlayıram ki, həmin qabların içində bir qrafin vardı və görən kimi cazibəsinə düşdüyümü hiss etdim. Üstündəki naxışları yağan qar dənələri kimi, elə bil, qabın üzərində donub qalmışdı və saatlarla ona tamaşa etsəm də, baxmaqdan doymurdum. Bu qəribə naxışlar mənə nəyisə xatırladırdı, amma nəyi, onu anlaya bilmirdim. O gün möhkəm xəstələndim. Zarıya-zarıya anamı çağırırdım və bütün bədənim sızıldayırdı. Bu sızıltının içində belə, ürəyimdə anamı qınayıram. Məni kimlərəsə tapşırıb getməsi ilə barışa bilmirəm. Həyətdə səs-küy qopdu və mən qeyri-ixtiyari pəncərənin qabağına gəldim. Qar yağırdı, qadınlar topa-topa durub nəyisə müzakirə edirdilər. Bayıra çıxmaq istədim və bunun üçün sevimli qrafinimi də götürdüm. Ürəyim sanki yanırdı. Gələndə həmin qrafinlə bir buz kimi su gətirmək ağlımdan keçdi, "bəlkə, ürəyimin yanğısını söndürər", - deyə fikirləşdim. Həyətə çıxanda yerin başdan-başa buz bağladığını gördüm, evlərin damından sırsıralar sallanırdı. Könülsüz-könülsüz bulağa tərəf gedirdim. Bulağa tərəf addım atdıqca gözlərim ürəyimdə qınadığım anamı axtarırdı. Bu vaxt, təsəvvür edirsinizmi, kürəyi mənə tərəf dayanmış qadını gördüm. Yox, yanılmıram o, anam idi. "Anaaaaa!"- deyib üstünə qaçdım. O qədər həyəcanlı idim ki, qrafinin əlimdən yerə düşməsini hiss etməmişəm. Gözümə anamdan başqa heç kim və heç nə görünmürdü. Özümü anamın qucağına necə atdığımı isə nə onda, nə də illər sonra xatırlaya bilmirəm, lakin anamın sifətindəki həzin təbəssümü açıq-aydın görürəm. Ağlamaqdan şişmiş gözlərini gözümə dikən anamın bənizinin solduğunun da fərqində oluram, amma bunlar mənim anama sarılmağıma mane olmur.
Məsmə xalanın səsinə diksinirəm. O, az qala uşaqlar kimi ağlayırdı: "Bu mənə nənəmdən qalmışdı", - deyir. Pis oluram, utandığımdan bu xeyirxah qadının üzünə də baxa bilmirəm. Başımı aşağı əymişəm, bədənimin necə titrədiyini hiss edir, bir kəlmə danışa bilməsəm də, Məsmə xalanın səsi hələ qulaqlarımdan getmir: "Neynədin, ay bala!?"
Qrafin əlimdən yerə düşən tərəfə baxıram, o çilik-çilik olub. Bilmirəm, nə deyim, amma nəsə demək lazım olduğu açıq-aydın görünür. Birtəhər özümü ələ alır, onun üzünə baxa bilməsəm də, aram səslə üzrxahlıq edirəm:
- Məsmə xala, məni bağışla, vallah, bilmədim.
- Axı o yadigar idi. Süsənbər, mən səni çox istəyirəm, amma, ay bala, ehtiyatlı ol da.
Söz tapa bilmirəm, hıçqıra-hıçqıra ağlayıram. Məsmə xala hikkəsindənmi, yainki özü də bilmədən səsini ucaltdığındanmı, mənə yaxınlaşmır. Anam isə danışmır, bir az da suçlular kimi peşman-peşman ona və mənə baxır.
Qardaşımın artıq həyatda olmadığını o gün bildim.
Ürək bəzən öz tutumunu itirir, sanki böyüyür, böyüdükcə onun yüklənməyini duyursan. İndi düşünürəm ki, mənim ürəyim, görəsən, nə boydadır?
Universiteti bitirəndən sonra işə düzəldim, mənə elə gəlirdi ki, olub-keçənlər vaxt adladıqca duman kimi çəkilib gedəcək. Vaxt keçdikcə bunun elə olmadığını, əksinə, daha dərindən oturuşduğunu hiss edirdim. Evimizi gecəykən tərk etməyimizi, sobanın pul kimi qızaran dəmir divarlarını, çəkmələrimi silib, qurulayıb saxladığım yerdən götürməyimi, geyinib evdən çıxdığımızı, çəkməmin itən tayını, qrafini əlimdən yerə saldığımı, anamsız yaşadığım günlərin sıxıntısını və çox şeyləri unuda bilmədiyimi, heç zaman unutmayacağımı o vaxtdan dərk etdim. Bunu dərk etmək qəmli ovqat yaradır və bütün ömrün boyu bu ovqatla yaşayırsan.
Günlərin birində həmin qrafinin, demək olar ki, oxşarını axtardım, tapdım və aldım, anamla birlikdə Kolanıya getdim. Yollar, təpə və düzənlər min rəngə çalırdı. Üzümü anama çevirdim, soruşacaqdım ki, ana, bax, bu çiçəklər Axtada - həyətimizdəki çiçəklərə bənzəmirmi? Amma anam dolmuşdu, kipriklərinin ucundan göz yaşları sallanır, qopub sinəsinə düşməyə məqam axtarırdı.
Onda başa düşdüm ki, təkcə mən deyiləm ürəyin böyüməyini hiss edən, itirdikləri üçün qəmlənən və darıxan. Anama baxdım və susdum, gedəcəyimiz yerə qədər nə o dindi, nə də mən.
Məsmə xalanı görmək, onun könlünü almaq, hədiyyəsini vermək ürəyimə az da olsa, rahatlıq gətirəcəkdi. Bu da olmadı. Üstəlik, o, nəinki qrafini götürmədi, hələ məndən ürəkdən incidi. Elə incik-incik də dilləndi:
- Ay bala, mən bu qrafini yadigar olduğu üçün əzizləyirdim. Səndən bunu götürə bilmərəm.
(08.06.2024. Novxanı)
“Ədəbiyyat və incəsənət”
(27.01.2025)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Kor dolma
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Kor dolmanın hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Üzüm yarpağı – 41 qr (və ya duzlu üzüm yarpağı – 100 qr)
§ Düyü – 55 qr
§ Yarma – 55 qr
§ Mərcimək – 55 qr
§ Keşniş – 20 qr
§ Yağ – 25 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
HAZIRLANMASI:
Yarma, düyü, mərcimək, yuyulub doğranmış keşniş qarışdırılır və iç hazırlanır. Hazırlanmış içlik üzüm yarpağına bükülür. Mövsümündən asılı olaraq, əvəlik yarpağı və kələmə də bükülə bilər.
“Ədəbiyyat və incəsənət”
(27.01.2025)
GAP Antologiyasında Mehdi Qəmsizin “Ata” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Mehdi Qəmsizdir
Mehdi Qəmsiz
Təbriz
ATA
Əlimdən üzüldü bütün varlığım,
Əllərim gözümdə ağlaya bildim.
Əlini əlimdə tuta bilmədim,
Durmadan könlümü dağlaya bildim.
Zəng açıb titrədin, oyaldanmadın,
Ürəyinlə yatan sonuncu sözü.
Alışdım, gözümdən yaşam ələndi,
Bu kəz ayrılığın sonuncu üzü.
Nə var uzaqlarda, yerin xoşdumu?!
Arxanca işığın paylayır gözüm.
Yaşımı azdan az demişdin mənə,
Bu yaşda yaşama necə mən dözüm?!
Ovcumda su oldun, axdın əlimdən,
Əlimi bərkidib tuta bilmədim.
İşıq sürətində dalınca qaçdım,
Yenə də mən sənə çata bilmədim.
Kimsə inanmayır getmisən deyə,
Yaxşı insanlar da gedərlər bəyə?
Oğlunun bəyliyin geydirməmişdən,
Özündən əyninə kəfənmi geyə?!
Öz yetim, söz yetim, hər nə var yetim,
Dünyamı alıbsan, dünyasın satan.
Sərildim qəbrinə dostlarım dedi:
“Qalx, başın sağ olsun, inciyər atan.”
“Ədəbiyyat və incəsənət”
(27.01.2025)