Super User

Super User

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Güclü xarakterli, sarsılmaz iradəli, məsuliyyətli, zabitəli, özgüvəni yüksək adamdır. Bu xüsusiyyətləri onun xarici görünüşündə də öz əksini tapıb. Digər insanlarla bir az məsafəli davransa da, əslində içi sevgi ilə doludur. Liderlik qabiliyyəti var, məqsədi hər zaman qalib gəlməkdir. Özünə xas sistem yaradıb. Tətbiq etdiyi qaydalardan xaricə çıxmır...

 

1965-ci il yanvarın 29-da Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. Orta təhsilini həmin kənddə başa vurub. Əsgəri xidmətdən sonra bir müddət Culfada sovxozda işləyib. Daha sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub və oranı fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildə Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun müstəntiqi, 1993-cü ildə Azərbaycan Respublikası Dövlət katibinin köməkçisi vəzifələrində çalışıb. 1996-cı ildən Bakı Asiya Universitetinin baş müəllimi, 2000–2003-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi vəzifələrində işləyib. Siyasi partiyalardan birinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır...

Dürüst, humanist, vicdanlı və mərddir. Cəsarətlidir- sözünə sahib çıxmağı bacarır. Yüksək mədəniyyətə malik, əxlaqlı insandır. Kifayət qədər təmkinlidir. Uzaqgörəndir və analitik təfəkkürə sahibdir...

Milli maraqları daim hər şeydən üstün tutan, dövlətçiliyin hər şeyin fövqündə olduğunu öz fəaliyyəti ilə təsdiq edən siyasətçilərdəndir. Milli Məclisdə maraqlı, orijinal çıxışları ilə seçilən millət vəkillərindən biri də odur. Zarafat deyil, böyük bir məktəb keçib- Milli Azadlıq Hərəkatının od-alovunda bişib. Siyasi səriştəsi, dünyagörüşü ilə yanaşı, həm də şəxsi keyfiyyətləri ilə də dünənin, bu günün və eləcə də sabahın siyasət adamları üçün nümunə ola biləcək bir ictimai-siyasi xadimdir...

Bəzən millətin vəkili olmaq mərtəbəsinə qalxmaq üçün, deputat olmağa və üçrəngli döş nişanını yaxada gəzdirməyə ehtiyac qalmır. Necə ki, bir çoxları haqq etmədikləri mandatı və döş nişanlarını gəzdirirlər, amma o, hətta deputat olmasa belə təkcə seçicilərinin deyil, bütövlükdə millətin vəkili adını daşımağa layiq insanlardandır. Onu xalqın rifahı həmişə narahat edir...

Deyir ki: “ünvanlı sosial yardımların dayandırılması ilə bağlı fikirlər səsləndirməklə insanları mənfi psixoloji durumda qoyuruq. İş yeirlərini itirən insanların işsizliyə görə müvainətləri məsələsinə ciddi yanaşmalıyıq. Bəziləri deyir ki, hökuməti əvəllər tənqid edənlər indi onu tərifləyirlər? Bəli, hökumətin hansısa addımlarını müsbət hesab edəndə tərifləmişəm və hansısa addımlarını mənfi hesab edəndə isə tənqid də etmişəm. Burda nə var ki? Belə məntiqlə məsələyə yanaşmaq düzgün deyil. Unutmaq lazım deyil ki, hamının gözü parlamentdədir, danışanda diqqətli olmaq lazımdır...”.

Əlbəttə, onun müxalifət partiyasının lideri kimi hakimiyyətə münasibətdə kəskin mövqedə dayanmaması siyasi dünyagörüşü bəsit olan kəsimlərdə anlaşılmaya bilər. Amma o, ucuz pafosçuluqdan, yersiz müştəbehlikdən uzaq adam olduğu üçün mövcud siyasi reallıqlar çərçivəsində məmləkətə, onun siyasi palitrasına harmoniya gətirmək istəyinə köklənmiş bir siyasi mübarizə yolu seçib. Bu baxımdan, müxalif düşərgədəki yalançı radikallardan fərqli olaraq, o dosta da, rəqibə də, tərəfdaşa da səmimi yanşaması ilə seçilir...

Üzərinə düşən məsuliyyətin fərqindədir və nə qədər ağır olsa da məsuliyyətdən qaçmır. Adət ənənələrə olduqca bağlı insandır. Fərqli və ilk olan məsələlərə adətən soyuq yanaşır. Məntiqsiz olan hər şeydə son dərəcə həssasdır. Bu xüsusiyyəti hadisələri və qarşısındakı insanları daha aydın anlamasına imkan verir. Necə deyərlər, zamanı idarə etməyi olduqca yaxşı bacarır. Əzmli olmaq onun üçün olduqca önəmlidir... 

Bəli, mən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev haqqında danışıram. Ötən bu illər ərzində o, daim mediaya, jurnalistlərə açıq siyasətçilərdən olub, mediaya və media mənsublarına tolerant münasibət sərgiləyib, heç zaman qələm əhli ilə qarşıdurmaya, məhkəmə çəkişmələrinə getməyib. O, peşəkar siyasətçi kimi fəaliyyətində hər zaman özünəməxsusluğu ilə seçilib, fərqlənib, heç kimi təqlid etməyib. Həmişə öz yolu, öz yanaşması olub. Hər zaman da fəaliyyətində, eləcə də çıxışlarında seçicisinin, bütövlükdə Azərbaycan dövlətinin maraq və mənafelərindən çıxış edib...

Bu gün - yanvarın 29-u 60 yaşı tamam olur. Yubileyi münasibətilə onu təbrik edir, möhkəm can sağlığı arzulayıram…

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2025)

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə "Ədəbiyyat və incəsənət" portalının birgə təqdim etdikləri Görkəmli türklər layihəsində Çingiz xan, Sultan II Mehmetdən sonra bu gün sizlər Şah İsmayıl Xətai barədə bilgilərlə tanış olacaqsınız.

 

Təqdim edir: Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Azərbaycan tarixində ən qüdrətli hökmdarlardan biri, şübhəsiz ki, Şah İsmayıl Xətaidir. O, yalnız Azərbaycanın deyil, ümumən Yaxın Şərqin siyasi xəritəsini dəyişdirən liderlərdən biri olmuşdur.

 

Şah İsmayıl 1501-ci ildə Səfəvi dövlətini quraraq onu güclü bir imperiyaya çevirdi. Cəmi 14 yaşında taxta çıxaraq öz siyasi və hərbi zəkası ilə nəhəng bir ərazini birləşdirə bildi. Dövlətin paytaxtını Təbriz elan edən Şah İsmayıl Azərbaycanın dilini (Azərbaycan türkcəsini) dövlət dili olaraq təsdiqlədi və türklərin tarixi və mədəniyyətində böyük iz buraxdı.

 

1. Hərbi güc: Şah İsmayıl gənc yaşlarından hərbi istedadını nümayiş etdirmiş və Şərur döyüşündə Ağqoyunlu hökmdarını məğlub etmişdir. Daha sonra o, İraq, İran, Şərqi Anadolu və Cənubi Qafqaz ərazilərini öz hakimiyyəti altına alaraq imperiyasını genişləndirmişdir.

 

2. İdeoloji güc: Şah İsmayıl şiəlik məzhəbini Səfəvi dövlətinin rəsmi ideologiyası elan etdi. Bu, Səfəvi imperiyasını Osmanlı ilə ideoloji mübarizədə fərqləndirən əsas amillərdən biri idi.

 

3. Mədəniyyət və dil: Şah İsmayıl, “Xətai” təxəllüsü ilə yazdığı şeirlərdə xalq dilini - Azərbaycan türkcəsini əsas götürdü. Bu, Azərbaycan ədəbiyyatının və dilinin inkişafına böyük təsir göstərdi. Onun şeirləri xalq arasında böyük sevgi ilə qarşılanmış və dini-fəlsəfi motivlərlə zənginləşmişdir.

 

4. Beynəlxalq nüfuz: Şah İsmayılın hakimiyyəti dövründə Səfəvi dövləti Osmanlı, Mərkəzi Asiya və Avropa ölkələri tərəfindən tanınır və onlarla diplomatik əlaqələr qurulurdu.

Osmanlı Sultanı I Səlim ilə qarşılaşdığı Çaldıran döyüşü Şah İsmayılın siyasi karyerasında mühüm dönüş nöqtəsi oldu. Bu döyüşdə Səfəvilər məğlubiyyətə uğrasa da, Səfəvi dövləti dağıdılmadı və bölgədəki təsirini qorudu. Çaldıran döyüşü Şah İsmayılın hərbi gücünü zəiflədə bilsə də, onun siyasi və mədəni nüfuzuna xələl gətirə bilmədi.

 Şah İsmayılın qurduğu Səfəvi dövləti bölgənin siyasi, mədəni və dini strukturunda əsaslı dəyişikliklər etdi. Onun fəaliyyəti Azərbaycanın dövlətçilik tarixində qüdrətli bir dövrün başlanğıcı oldu. Şah İsmayıl Xətai həm dövlət qurucusu, həm də Azərbaycan xalqının mənəvi lideri olaraq tarixdə öz əbədi yerini tutmuşdur.

 

 

Şah İsmayıl və İlahi toxunuş

 

Rəvayətə görə, Şah İsmayıl Xətai hələ uşaq ikən qəribə bir yuxu görür. O, özü bir uşaq olsa da, yuxusunda böyük bir orduya başçılıq edir və bütün Şərqi birləşdirir. Bu yuxunu o, oyanan kimi atası Şeyx Heydərin ən yaxın müridinə danışır. Mürid deyir ki, bu yuxu səmavi bir müjdədir – o, Allah tərəfindən seçilmiş bir hökmdar olacaq, yalnız qılıncı ilə deyil, həm də ədaləti və qələmiylə dünyada iz qoyacaq.

 Bir gün İsmayıl 14 yaşına yenicə çatmışdı. O, ətrafına azsaylı müridlərini toplayıb dedi:

– Bizim yolumuz çətin, düşmənlərimiz isə çoxdur. Əgər birləşməsək, bizdən heç nə qalmaz. Mən öz haqqım uğrunda son nəfəsimə qədər döyüşəcəyəm. Amma mənimlə gələnlər qorxusuz olmalıdır!

Bu sözlərdən sonra bir mürid soruşur:

– Ey İsmayıl! Biz sənin haqq yolunda getməyə hazırıq. Amma sən həqiqətən seçilmiş olduğuna inanırsan?

Gənc İsmayıl susur, sanki düşündüklərinə cavab axtarır. O, müridlərini bir qayaya aparır. Orada dayanıb əllərini səmaya qaldırır və deyir:

– Əgər mən Allahın seçdiyi hökmdaramsa, qoy bu daş indi iki yerə bölünsün!

Müridlər təəccüblə gözləyirlər. İsmayıl əlindəki qılıncı qayaya vurur. Möcüzə baş verir – qaya iki yerə bölünür. Müridlər bu hadisədən sonra onun liderliyinə and içirlər və İsmayılın ətrafında daha çox insan toplanmağa başlayır.

 Başqa bir rəvayətə görə, İsmayılın ordusu Şərur döyüşündən sonra Təbrizə doğru irəliləyərkən qəfildən qarşılarına bir qoca çıxır. Bu qoca onlara təmkinlə baxır və deyir:

– Bu torpaqlara gələn çoxları özlərini hökmdar sandı, lakin yalnız haqq yolunda olan qalib gəldi. Ey İsmayıl, əgər ədalət yolundan ayrılmasan, Təbriz sənindir. Amma unutma, hökmranlıq yalnız qılınc gücünə yox, qəlbin təmizliyinə bağlıdır.

 İsmayıl bu sözlərdən təsirlənərək Təbrizi ələ keçirəndə ilk fərmanını ədalət və din yolunda verdiyini elan edir. O, xalqını birləşdirir, şiə məzhəbini dövlət ideologiyası edir və Azərbaycan dilini yüksəldir.

 Bir müddət sonra Şah İsmayıl xalq arasında “möcüzəli hökmdar” kimi tanınır. Onun haqqında deyirlər ki, harada ədalətsizlik olsa, orada İsmayılın kölgəsi görünür. İnsanlar ona dua edərək deyirlər:

– Allah Şahımızın kölgəsini əskik etməsin!

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2025)

Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət”

 

Yanvarın 27–də Qərbi Azərbaycan İcmasında “Qərbi Azərbaycanın Gənc Səfirləri”nin növbəti görüşü həyata keçirilib.

 

Gənc səfirlər bu dəfə Azərbaycan Respublikasının ilk Baş naziri, Fövqəladə və səlahiyyətli səfiri, Tarix elmləri doktoru, professor Həsən Həsənovla bir araya gəliblər.

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli tədbir iştirakçılarına Həsən Həsənovun diplomatik və elmi fəaliyyəti haqda geniş məlumat verib.

Daha sonra Həsən Həsənov “Atropatena dövlətinin yaranması və tarixi sərhədləri" mövzusunda mühazirə ilə çıxış edib. O, mühazirəsində Atropatena dövlətinin qədim tarixi barədə geniş danışaraq, bu dövlətin Azərbaycanın qədim mədəniyyətindəki rolunu vurğulayıb, Qərbi Azərbaycanla bağlılığından bəhs edib. H.Həsənov həmçinin Atropatenanın siyasi təsir sahələrini təhlil edərək, bu irsin günümüzdəki əhəmiyyətini diqqətə çatdırıb. 

Və bunu da bildirib ki, 2038-ci ildə Atropatenanın yaranmasının 2650-ci ildönümür. Bu tək Atropatenanın deyil, dövlətimizin və torpağımızın necə qədim tarixi olduğunun sübutudur.

 

Həsən Həsənovla görüş gənclərin böyük marağına səbəb olub və auditoriyanın çoxsaylı sualları cavablandırılıb.

Görüşün sonunda xatirə şəkili çəkdirilib.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlıları Gənclər Təşkilatının təşkilatçılığı, Qərbi Azərbaycan İcması və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə keçirilir.

Və fürsətdən istifadə edib, Azərbaycanın ən görkəmli dövlət xadimlərimdən olan Həsən Həsənovla yadigar şəkil çəkdirdim. 

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2025)

Erkinbek Serikbay, “Ədəbiyyat və incəsənət” portalının Qazaxıstan təmsilçisi

 

Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin İdarə Heyətinin sədri, professor, doktor Muxittin Şimşekə Qazaxıstan Yazıçılar İttifaqının ən yüksək mükafatı – Beynəlxalq “Alash” ədəbiyyat mükafatı təntənəli şəkildə təqdim edildi.

 

Mükafatı Qazaxıstan Yazıçılar İttifaqının sədri, tanınmış yazıçı Mereke Qulkenov xüsusi mərasimdə təqdim etdi. Bu hadisə qazax və türk ədəbiyyatı ilə mədəniyyəti arasında mövcud olan sıx əlaqələrin və mənəvi bağlılığın inkişafının bariz nümunəsidir. Beynəlxalq “Alash” ədəbiyyat mükafatı ədəbiyyat dünyasında nüfuzlu və xüsusi statusa malik mükafatdır. Bu mükafat qazax ədəbiyyatı və mədəniyyətinə töhfə verən şəxslərə təqdim olunur. Mükafat təkcə ədəbi yaradıcılığı deyil, həm də mənəvi irsi qorumaq və onu nəsildən-nəslə ötürmək istiqamətində göstərilən fəaliyyətləri də qiymətləndirir.

Professor, doktor, Muxittin Şimşekə bu mükafat onun qazax-türk mədəni əlaqələrinin möhkəmləndirilməsi sahəsindəki əməyi və Xoca Əhməd Yəsəvi Universitetində təhsil və elmin inkişafına verdiyi böyük töhfələrə görə təqdim edilmişdir. O, universitetin mənəvi-mədəniyyət mərkəzi kimi rolunun artırılmasında mühüm işlər görmüşdür.

Professor, doktor, Muxittin Şimşek təhsil və mədəniyyət sahəsində tanınmış şəxsiyyətlərdəndir. O, beynəlxalq səviyyədə qazax-türk təhsilinin inkişafına töhfə verməklə yanaşı, iki xalq arasında ədəbi və mənəvi əlaqələrin dərinləşdirilməsi istiqamətində də əhəmiyyətli işlər görmüşdür. Onun rəhbərliyi altında Xoca Əhməd Yəsəvi adına Universitet bir çox beynəlxalq təşəbbüslərə rəhbərlik etmiş, elmi-tədqiqat layihələrini həyata keçirmişdir. Bununla yanaşı, professor Şimşek qazax xalqının mədəni irsinin təbliği, qazax ədəbiyyatının beynəlxalq səviyyədə tanıdılması və türk dünyasında ədəbiyyatşünaslıq elminə verdiyi töhfələrlə seçilir. Onun rəhbərliyi ilə qazax və türk xalqlarının ədəbiyyatını birləşdirən unikal layihələr həyata keçirilmişdir.

Mükafatın təqdimetmə mərasimi ədəbiyyatsevərlər üçün xüsusi hadisə olmuşdur. Mereke Qulkenov mükafatı təqdim edərək, professor Şimşekin qazax mədəniyyəti və ədəbiyyatının inkişafındakı əməklərini yüksək qiymətləndirmişdir. O, çıxışında qazax-türk əlaqələrinin möhkəmləndirilməsində Şimşekin rolunu vurğulamış və bu mükafatın yalnız bir şəxsə deyil, bütöv bir millətin mənəvi birliyini ifadə edən bir simvol olaraq millətə aidliyini qeyd etmişdir.

Beynəlxalq “Alash” ədəbiyyat mükafatının təqdim edilməsi mədəniyyət və ədəbiyyat sahəsində ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş mühüm bir addımdır. Bu mükafat qazax ədəbiyyatı ilə türk mədəniyyəti arasındakı qarşılıqlı təsiri yeni səviyyəyə qaldırır və ümumi mənəvi irsə olan hörməti nümayiş etdirir. Professor, doktor, Muxittin Şimşekə təqdim olunan bu mükafat onun hər iki xalq arasında əməkdaşlığın gücləndirilməsinə verdiyi böyük töhfənin bir göstəricisidir.

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2025)

 

 

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Elza Seyidcahan Azərbaycanın ən fərqli və yaradıcı sənətkarlarından biridir. Onun yaradıcılığı - ənənəvi musiqini müasir üslubda təqdim etməsi və sənətə olan qeyri-adi yanaşması ilə seçilir. O, yalnız bir müğənni deyil, həm də bəstəkardır. (Düzdür, hələ şairliyi də var.)

 

 Elza Seyidcahanın yaradıcılığında duyulan emosional dərinlik və səmimiyyət onun sənətkar kimi unikallığını vurğulayır.

Xüsusilə "Yalvarıram" adlı mahnısı onun musiqi aləmindəki istedadını gözlər önünə sərir. Bu mahnıda Elza Seyidcahan, həm güclü vokal qabiliyyətini, həm də emosional təsir yaratmaq bacarığını nümayiş etdirir. Mahnının melodiyası, onun səsinin gücü ilə birləşərək dinləyiciyə dərin mənəvi təsir göstərir. Sözlərdəki yalvarış və insanın daxilindəki çarəsizliyi ifadə edən hisslər, hər bir dinləyicini mahnının mənasına daha çox bağlayır.

“Yalvarıram” bir tərəfdən sevgi, itki və ümidin melodik ifadəsidirsə, digər tərəfdən dinləyicini öz həyatına dair düşünməyə vadar edən fəlsəfi bir əsərdir. Bu mahnı müəllifinin daxili dünyasını və musiqi duyumunun nə qədər zəngin olduğunu göstərir. Elza Seyidcahan bəzən fərqli çıxışları və yaradıcılığı ilə insanlar arasında müzakirə obyektinə çevrilir. Bəziləri onun davranışlarını, yazılarını və fikirlərini qeyri-adi hesab edərək lağa qoysa da, əslində, onun fərqliliyi sənətinə verilən dəyərdən xəbər verir. Onun yazdığı şeirlər və musiqilər bəzən çox dərin mənaları ehtiva etdiyi üçün hər kəs tərəfindən anlaşılan olmur. Lakin bu, onun sənətinin özünəməxsusluğunu göstərir. Fərqli olmaq və bu fərqliliyi qorumaq hər sənətkarın bacaracağı bir iş deyil. Elza Seyidcahan isə öz unikallığını qorumağı bacaran, eyni zamanda yaradıcılığı ilə daim təəccübləndirən bir sənətkardır.

"Yalvarıram" kimi mahnılar, əslində, onun sənətinin ciddiliyini və duyğularının gücünü əks etdirir. Belə əsərlər, Elza Seyidcahanın musiqisinin sadəcə melodik bir təcrübə olmadığını, həm də insan ruhuna toxunan bir sənət nümunəsi olduğunu sübut edir. Onun fərqli olması, sənətindəki rəngarəngliyi və sərbəstliyi ilə bağlıdır. O, heç vaxt standartların arxasında gizlənmir, əksinə, hər zaman öz yaradıcılığını orijinal şəkildə ifadə etməyi seçir.Elza Seyidcahanın yaradıcılığı, onun sənətkarlığını yanlış qiymətləndirənlər üçün belə, əslində düşündürücü bir nümunədir. "Yalvarıram" mahnısında olduğu kimi, o, hər dəfə dinləyicilərini öz iç dünyasına doğru bir səyahətə çıxarır. Belə mahnılar, onun sənətindəki səmimiyyəti və emosiya dolu dünyasını daha aydın şəkildə göstərir. O, Azərbaycan mədəniyyətində müasirlik və ənənəni öz üslubunda birləşdirərək bu sənətə fərqli bir nəfəs gətirir.

  

Sizə təqdim etdiyim linkdən keçid edərək Elza xanımın bu möhtəşəm ifasını dinləyə bilərsiniz. Xoş dinləmələr arzu edirəm.

 

https://youtu.be/q0TVOcgqt8o?si=xhGFLamRputO7fFh

 

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2025)

 

Среда, 29 Январь 2025 12:34

BİRİ İKİSİNDƏ – Gülsadənin şeirləri

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə Gülsadənin şeirləri təqdim ediləcək.

 

Rəsmini gördüm,

Gülürdün... mənsizlik yaraşmışdı sənə.

Necə də tez unutmusan hər şeyi,

Necə də tez şəkil dəyişib şəkillərin.

Yalanların boylanırdı boyundan,

Özündən böyük yalanların,

Özündən yaraşıqlı yalanların.

Gülürdün...

Səni mən qədər tanımırdı yanındakı,

O mən qədər bilmirdi səni,

Bir insanı ən yaxşı pislik etdiyi tanıyar çünki.

Vəfalı ər,

Fədakar ata...

Nə qəşəng yaraşmışdın şəklə.

Səndən sonra çox şey dəyişdi oysa,

Mənim Allahım öldü,

Ürəyimə basdırdım özümü.

Sən gülürdün,

Mən matəmini tutarkən sənsizliyimin,

Belimi yerə vuranda yoxluğun,

Xəyanətin,

Sən boyundan böyük bir səadətlə gülürdün.

Tutmuşdun yerini... tuta bilmədiyin əllərim son dəfə üzülərkən səndən,

Sən özünü tamamlayırdın saxta gələcəyinlə.

Mənsizlik yaraşmışdı sənə...

Yalanların qədər,

Alçaqlığın qədər.

Sən gülürdün, ancaq qızının gözlərindən baxırdı mənim nakam taleyim...

 

 

***

 

Bir tək sənə yazmaq istəyirəm

Darıxanda əllərim,

Tıncıxanda ürəyim bir tək sənə yazmaq istəyirəm.

Uzun-uzun demək istəyirəm necəyəm,

Necəydim.

Axı sən həm də ən yaxın dostumdun

Çəkilirəm küncümə,

Kim deyir ki, güclüyəm, qalibəm?

Mən bir savaşda vətənini itirib sağ qalmış döyüşçü kimiyəm.

Sən tanımışdın məni,

İlk dəfə ruhumun şifrələrinə toxunarkən bilirdin bir qızcığaz tapacaqsan

Dizləri çapılmış, üşümüş və yanılmış.

Səndən sonra dəyişmədi heç nə,

Gizli bir nifrət böyüyür içimdə, haçansa daşacaq.

Sahibsiz bir susqunluğun ətdən heykəli kimi qarışıram insanlara.

Axı sən də xaindin,

Öz ölkəsini satmışlar qədər,

Öz körpəsini atmışlar qədər,

Kimliyini danmışlar qədər xain.

Bəs niyə mən...bir tək sənə yazmaq istəyirəm ağlarkən?

Gülərkən,

Darıxarkən.

Hardansa gələcəksənmiş kimi gözləyirəm səni,

Duysan könül səsimi, getdiyin yerlər yuvan olmazdı.

Belə qalmazdı bu sevginin biçarə taleyi...

Nə bilim,

Bilirəm, yoxsan,

Yadsan,

Olmayacaqsan.

Və bilirəm ki, mən bir də sənə heç vaxt yazmayacam.

Ancaq...

 

 

***

 

Yuxun qarışsın bu gecə,

Adım gəlsin ağlına.

Sinəndə nəfəsin daralsın,

Biləsən ki, dardayam.

Bir şimşək çaxsın pəncərəndən

Xəyalım sürünsün divarlarından.

"Məni istə","məni sev"," məni gözlə" dediyin qadının gülüşləri şaqqıldasın ağlında.

Sevdiyim,

Gözlədiyim,

Yar dediyim,

Yarımadım bu həyatın kamından.

Göy gurlayır,

Yağış yağır,

Şəhər məsum…

Min yol gəlib döyürəm xəyalımda qapını.

Bir qadının səsi gəlir,

Şirin-şirin təkrarlayır adını.

 

 

***

 

Canımın ağrıyan yeri,

Həsrətimin üç hərfli nidası,

Atam mənim!

Kimsə bilməz içimdəki bu yası.

Bir zəng gələ, mən açam ki, səsindir,

İnan mənə, inan, atam, bəsimdir.

Sənsizliyim ağrılıdır, ağırdır,

Mən xırdayam, mən acizəm əlində.

Sarılıram məzarına, isinmirəm, ay Ata,

Çağırıram hər nəfəsdə adını.

 Ayrılığın yaman oldu, sərt oldu,

Deyəmmədim salamat qal, hələlik.

Ay ata, dərdin mənə dərd üstündə dərd oldu!

Öpəmmədim əllərini doyunca,

Mən qayğına qalammadım, bağışla!

İndi mənə boylanırsan məzardan,

Bir həsrətli,

Bir nisgilli baxışla.

Vəfasızmış bu dünyanın o üzü,

Gedən dönmür, qalan ölmür...

gün keçir.

Həyat bizə hər addımda kəfən adlı don biçir.

Mən küsmərəm,

İncimərəm, bilirsən,

Bilirsən ki, bu şeirim

Susdurduğum dərdimdir.

Bir zəng gələ, mən açam ki, səsindir,

İnan mənə,inan, Atam, bəsimdir.

 

 

ÖZÜMƏ NOT

 

Bitirməlisən beynində, ruhunda qanqren olmuş

Yarım hekayələri.

Ayağına dolaşmalı deyil düşüncəni sərsəmlədən,

Donuq baxışlardan qalan son vidalar.

Xumarlı bir sevginin 18 yaşlı qadını deyilsən,

Sən o sən deyilsən...

Əllərin taleyini yazır,

Ağ bayraq qaldır keçmişinlə arandakı neytral zonada.

Bir qızcığaz nimdaş ayıcığını basıb bağrına,

Döyüşdən sağ çıxmış və gülümsər sənə.

Qanadların yaralı,

Sancılı xatirələrin qundaq gecələrini bəslərdi göz yaşların.

Sevgilər başdöndürücü, gözəlliyin sərsəm mərmi,

Bir qucaq boyda təkliyin məsum oyuncağı qadın.

Günəş boylanır ruhunda,

Ətəyi süd bəyazı buludlara köklə duyğularını,

Öpsün dodaqlarından uzaqdan qonaq düşən dəli külək.

Çəkil məbədinə,

Bütün ötəri sevgilərin günahını çıxar,

Sonunu gətir vidasız ayrılıqların,

Matəmsiz ölənlərin,

Sənsiz gedənlərin.

Bağrına bas atılmış sevgini, yasını tut.

Tut əllərindən içindəki məsumun!

Şaçlarında bəyaz,

Gözlərin dibini gizləyən dəniz.

Əllərin vəfasız bir əlin məzar yeri.

Dik dur, qadın,

Dik dur!

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2025)

“Diaspor Akademiyası-2” layihəsinin növbəti 8-ci təlimi baş tutub. Təlim “Diasporun informasiya strategiyası, media kanallara çıxış taktikaları” adlı mövzuya həsr edilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tanınmış təlimçi, Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov iştirakçılara “İnformasiya strategiyası nədir?”, “Məqsəd və vəzifələri”, “Diasporun istifadə edə biləcəkləri media kanalları” və s. məsələlər barədə məlumat verib.

İnteraktiv şəkildə keçən təlim zamanı iştirakçılar bu sahədəki təcrübələrini bölüşüb, qarşılıqlı fikir mübadiləsi aparılıb. Onları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2025)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”

        

Dostoyevski... Oxuyan da peşman, oxumayan da... Oxuyan da özünü şanslı sayır, oxumayan da... Oxuduqlarımı unutmağa tələsirəm, oxumadıqlarımı tez oxumağa. 

 

Dostoyevski... İradə Aytel yazıçının ev-muzeyinə getmişdi bir neçə il qabaq, şəkillər paylaşmışdı, xeyli baxmışdım.  “Başqasının arvadı və ya yataq altında bir ər”i oxuyub gülmüş, “Bəyaz gecələr”i oxuyub depressiyaya düşmüşdüm. “Dürüst oğru” isə Herman Melvillin  “Katib Bartlebi”sindən 5 yaş böyükdür, amma ikisi də məni “döydü”.  “Döyüldüyüm” yerlərdən ağrımadım, ağladım...

Xanım Aydın Anna Qriqoryevnanın yazıçı haqqında xatirələrini tərcümə edib. Sağ olsun, bir gün oxuyacağıma söz verirəm. Və Dostoyevki haqqında söhbət edə biləcəyim yeganə insana - Kəmalə xanım Umudovaya  söhbətimizi hissə-hissə  portalımızda yayımlamağa icazə verdiyi üçün mütəşəkkirəm.

 

         ***

        

-Kəmalə xanım, özünüzü “Ədəbiyyat və İncəsənət” portalının oxucularına necə təqdim edərdiniz?

 

-Umudova Kəmalə Aydın qızı, Bakı Slavyan Universitetinin dosenti. Müəllim və filoloq. Höte deyirdi: “Əgər insan hər hansı bir peşəyə (lap dərzi olsun!) əsl ustalıq  səviyyəsində yiyələnibsə, o zaman o, Kainatı dərk etmişdir. Yəni məşğul olduğun işin dərinliyinə getməyi təklif edirdi. Ətrafdakılar üçün kim olduğumu soruşursunuz - müəllimlik məsləyimdir, ana tərəfdən və çox keçmişlərdən gələn ənənəni daşıyıram, filoloq kimi bu sahədə müəyyən dərinliyə nüfuz etməyə can atıram. Və hansı dərinliyə nüfuz edə bilirimsə, özümlə birgə oxucunu da mətnin dərinliyinə çəkməyə cəhd edirəm. Filoloq kimi düşüncəm və niyyətim budur. Bir kitabımla bunu etməyə çalışdım: “Adı soyadını eşidən şair - Qulu Ağsəs” adlı monoqrafiyamla.

Ədəbiyyatın Dostoyevski ümmanına qərq olacağıq sizinlə, oxucularla birgə. Güman edirəm, maraqlı olacaq. Onun adı ilə bağlı yubiley medalım da qəlbimi isindirir.

 

-Bəzi insanların Dostoyevskini oxuyanda depressiyaya düşməsinin səbəbi nədir?

 

-Bu sual oxucularda tez-tez yaranır. Dostoyevskinin bu cür təsir etməsi anlaşılandır. Buna pis cəhət kimi deyil, əksinə, müsbət hal kimi yanaşmaq lazımdır (şəfqətlə gülümsəyir). Deməli, yazıçı əsas məqsədinə nail ola bilib: onu bu cür qəbul edən oxucunu öz tənhalığından çıxararaq, ona başqa bir “mən”də yaşamalı olduğu barədə müjdə verir, refleks oyadır. Oyanmaq istəyirikmi? Bizə var olduğumuz çərçivə, büründüyümüz qılaf bəs edir bəlkə... Lakin Dostoyevski həyatın sınaq meydanı olduğunu daim düşünən, İblisin Tanrı ilə savaşdığını və bu savaşın məqsədini bilən, yaradıcılığını bu fəlsəfə üzərindən şəkilləndirən sənətkardır. O, əslində, qaranlıqdan deyil, qaranlığın bağrını dəlib insanı sabaha çıxaran işıqdan yazır. 2000-ci illərin əvvəllərində “İşıqlı, həyatsevər Dostoyevski” adlı kitabça da dərc olunub. Oskar Şults adlı alman əsilli alim 1931-1932-ci illərdə Helsinki Universitetində oxuduğu mühazirələrdən belə nəticəyə gəlmişdir ki, “Dostoyevskidən işıqlı və həyatsevər yazıçı yoxdur”. Dostoyevski işığa, ahəngə və həyatsevərliyə bağlılığı ilə Puşkinin yeganə birbaşa varisidir.

 

-Bu həyat eşqi haradadır?

 

-Bu həyat eşqi Dostoyevskinin qəlbinin dərinliyindədir. Bu eşqi, bəlkə də, ən yaxşı Mitya Karamazov ifadə edib: “Yüzlərlə əzabın içində, bütün bədbəxtliklərdə mən varam”. Yəni nə olursa-olsun, mən hər zaman varam; varlığın hiss olunmasının özü həyat sevincidir, fərəhdir. Varlığın məhv olduğu yerdə dəhşət yaranır. Bu zaman Dostoyevskidə, doğrudan da, qaranlıq və qorxu başlayır; kim olsa, bu situasiyada onu üzərində hiss edəcək, əlbəttə. Lakin Dostoyevskidə “mən varam” sahəsi başqa yazıçılardan daha genişdir. Dostoyevski bütün qara qüvvələri, əcinnələri, cinləri insana yaxınlaşdrmaqdan qorxmur, çünki onları dəf edəcək gücün özü də elə insandadır. Qəlb, könül başqa aləmlərlə bağlı deyilsə, o zaman ölüm başlayır, həyat mənasını itirir. “Qara rəng” yəqin, həm də, qavrayış formasıdır, qavrayanın baxışıdır. Mən Dostoyevskini işıqlı və həyatı təsdiq edən, işığı axtaran yazıçı kimi görmüşəm. Bir də, İsa Məsihin hekayəsi də olduqca ağır, kədərlidir axı. Xristianlar üçün bu, dünyada baş verə biləcək ən işıqlı hadisədir. Dostoyevskinin dörd ili ancaq İncil oxumaqla keçib, çünki katorqada digər kitablar əlçatmaz idi. Katorqadan sonra o, İncil üslubuna uyğun olaraq yazmağa başlayıb. Məhz həyatın qaranlığında, cahillikdə, qaranlığın və cahilliyin dərinliyində o, parlayan şəfəqi görə bilirdi. Yəni Dostoyevskinin həyatsevərliyi məsələsi bir çox halda bizim baxış bucağımıza, gözümüzə bağlı məsələdir. Dostoyevskinin ardınca gedə bilərikmi? Bu zülmətdə işıq görə bilərikmi, işığın zülmətə qalib gəldiyini, cahillikdən üstün olduğunu görə bilərikmi? Yoxsa bizim buna gücümüz, yetmir, biz buna qadir deyilik? Qadir deyiliksə, hər şey bizə qaranlıq görünəcək. Dostoyevski bütün əsərlərində,-ilk romanından sonuncusuna qədər,-bütün gücünü sərf edir ki, biz onun ardınca gedək.

 

-Dostoyevskini doğru anlamaq üçün onu necə oxumalıyıq?

 

-Dostoyevskidə hadisələr və obrazlar düz xətt boyunca oxunmamalıdır. Onun əsərlərinə çəkilən filmlərin, tamaşaların uğursuzluğu da bununla bağlıdır. Fabulanı gözləmək, məzmuna sadiq qalmaqla doğru nəticə almaq mümkün deyil. Çünki Dostoyevskinin həqiqəti, insanla bağlı çözmüş olduğu ən böyük sirr görünənlərdə deyil, arxa planda, üst mənada, başqa aləmlərdədir. “Cinayət və cəza” romanında Sonya kimdir? Zahirən qədim peşə sahibi. Bəs əslində? İblisə qəlbini satmamış, Tanrıdan başqa təzahürə inanmayan, hər an qarşısında başqa, işıqlı yolun açılacağına inanan, müəllifə ən doğma obraz. Romanın ilk dəfə dərc olunduğu “Russki vestnik” jurnalının redaktoru Mixail Katkovun bütün etirazları, romanı çap etmək istəməməsinin səbəbi də Sonya obrazı ilə bağlı idi. Əlində İncil, dilində Raskolnikova qarşı ittiham, onu düşdüyü yanlış yoldan çəkindirmək istəyən, onun məhv olmuş qəlbini diriltməyi, ruhunu Tanrı ilə birləşdirməyi özünə borc bilən Sonyanın eyni zamanda öz bədənini satan qadın olması yazıçı üçün problem kəsb edən məsələ deyildi. Unutmaq olmaz ki, çox çətin ömür yollarından keçmiş, epilepsiya xəstəliyindən əziyyət çəkən, ölüm hökmü və əvf qərarı arasında yaşadığı beş dəqiqədə əbədiyyəti qazanmış yazıçının əzabları həyatı şərtsiz sevməklə, sevginin qaçılmazlığının etirafı ilə bağlıdır. 29 yaşlı yazıçının bu dünyanın başqa aləmlərlə qarşılıqlı bağlılığını hansı əzablarla qazandığını bilsək, onun zülmətin arxasında gizlənən işığa həsrətini də anlamış olarıq. Bilirsiniz, Dostoyevskinin “Karamazov qardaşları” romanının konsepsiyası niyə Alyoşa obrazı ilə bağlıdır? Çünki bu obrazda o, 3 yaşında vəfat etmiş oğlu Alekseyin gələcəyini, həyat amalını, tutduğu, gedəcəyi yolu göstərmək istəmişdi. Bu, İsa peyğəmbər nümunəsi ilə işıqlanmış yol idi. Övlad itkisinin acısını ancaq belə ovuda bilmişdi. Optina Pustın abidi Amvrosi Atanın verdiyi məsləhət-roman yazmaq və oğlunu baş qəhrəman obrazında canlandırmaq-yazıçını həyata belə qaytarmışdı. Baxın, budur Dostoyevskinin əsl üzü. Ruhun uca aləmlərlə bağlılığını, Tanrının simasının insanların  simasında necə təcəllə tapdığını bədii əsərdə təsvir etmək, adi sözlə anlaşılması çətin mətləblərin bədii ifadəsi məsələsinin həllini tapmaq Dostoyevskinin tale yazısı idi. 17 ya 18 yaşı vardı, onu narahat edən düşüncəni qardaşına məktubda dilə gətirəndə: “İnsan sirri-xudadır. Onu açmaq lazımdır. Və  əgər bütün ömrün boyu bu sirri açmağa çalışsan, zamanın hədər getməyib, deyə bilərsən; mən bu sirlə əlləşirəm, çünki insan olmaq istəyirəm”. Yaradıcılığının iki böyük, şərti olaraq, mərhələsində Dostoyevski insan ruhunun axtarışlarını fərqli bədii şəkildə həyata keçirir. Bu haqda başqa söhbətimiz başqa vaxta qalsın.

 

Söhbətin ardı olacaq

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2025)

 

 

“İran Azərbaycanın Ermənistan üzərində qələbəsini şəxsi itki kimi qəbul edib və buna görə də Azərbaycana qarşı mövqeyini sərtləşdirib.” - Bu barədə tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avraham ABŞ-nin “Jewish Press” nəşrində dərc olunmuş “Bakı ilə Tehran arasında yeni diplomatik münaqişə yaranırmı?” adlı məqaləsində yazıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, məqalədə bildirilir ki, İranın Ərdəbil şəhərində Çaldıran döyüşü ilə bağlı keçirilən anım mərasimində moizəçi Qulamrza Quluzadə Türkiyə və Azərbaycana, həmçinin hər iki ölkənin prezidentlərinə qarşı təhqiramiz ifadələr səsləndirib. Tədbir İranın rəsmi xəbər şəbəkəsində canlı yayımlanıb. Bu da Quluzadənin sözlərinə görə İran hakimiyyətinin məsuliyyət daşımasına şübhələr yaradıb. Quluzadə İranın Qafqazda itirdiyi keçmiş ərazilərini geri alaraq orada şiə bayrağını qaldıracağı kimi fikirlər də söyləyib.

Tədbirə İranın ali dini lideri Əli Xameneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Ameli də qatılıb. Ameli Azərbaycana qarşı populist və qızışdırıcı bəyanatlar verməsi ilə tanınır. O, çıxışlarının birində Azərbaycana “şirin (İran nəzərdə tutulur) quyruğu ilə oynamamağı” tövsiyə edib. Amelinin rəsmi şəxs olduğuna diqqət çəkən müəllif bu açıqlamaların İranın həqiqi mövqeyini əks etdirdiyi qənaətinə gəlib.

Məqalədə Azərbaycanın cavabının yubanmadığı qeyd olunub. İranın Azərbaycandakı müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryanın Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldığı və İran tərəfinə sərt etiraz bildirildiyi, bu cür təxribatlara son qoyulmasının tələb edildiyi göstərilib. Azərbaycan Prezidentinin Ərdəbil imamının Azərbaycan və onunla bağlı səsləndirdiyi ifadələri "təhqir" adlandırdığı, İranı bu məsələyə görə açıq şəkildə üzr istəməyə çağırdığı vurğulanıb.

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2025)

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

V sinfin Azərbaycan dili (I hissə, Bakı-2024) dərsliyindəki bəzi mətnlərdə yanlışlıqlara yol verilmişdir. Belə mətnlərdən biri də “Oxuyub-anlama” məzmun xətti  üzrə IV bölmənin dördüncü fəslində ikinci dərsin mövzusu kimi təqdim olunan “İlanın yarpızdan zəhləsi gedir?” (səh:73) adlı mətndir. 

 

Dərsin məqsədi şagirdlərin müəyyən fikirlərlə bağlı öz mövqelərini bildirmək və onu əsaslandırmaq, nitqin ekspressivliyində məcaz və leksik fiqurların rolunu izah etmək bacarıqlarının formalaşdırılmasıdır.

         Şagirdlər mətni səssiz oxumalı, oradaki çətin sözlərin mənasını araşdırmalı, movzunu müxtəlif situasiyalarda danışmalı, iş dəftərlərindəki tapşırıqları icra etməlidirlər.

         Fəqət təlim məqsədlərini reallaşdırmaq üçün təqdim olunan mətndə bir sıra yanlışlıqlar olduğunu zənn edirik. İcazənizlə,  həmin yanlışlıqlara diqqəti cəlb etmək istərdik.

 Məsələn, mətndə “…ilan quru, susuz (?) yerlərdə yaşayır” və yaxud “…qədimdə “yarbuz” sözü heyvan adı bildirirdi…” kimi əsli olmayan məlumatların verilməsi nə dərəcədə doğrudur?!

Birincisi, ilan heç də həmişə “quru, susuz yerlərdə” yaşamır. Zooloqlar qeyd edirlər ki, ilanlar hər yerdə - meşələrdə, çöllərdə, dənizlərdə və dağlarda, hətta  Himalay dağlarının 4900 metr yüksəkliyində də yaşayırlar. Digər canlılar kimi onların da suya (o cümlədən yarpızın yetişdiyi məkanlardakı su mənbələrinə) həyati ehtiyacları var. Əlbəttə, biz başa düşürük ki, belə yazılmaqla “suyun az olduğu yerlər” nəzərdə tutulub. Bəs azyaşlı V sinif şagirdləri də burdakı mənanı başa düşmək bacarığına, düşüncə potensialına malikdirlərmi?! Müşahidə etdiyimiz dərsdə şagirdlərdən birinin müəllimə “Bəs ilanlar su içmirlər?” sualını verməsi də onların bir qrupunun “quru, susuz yerlərdə” ifadəsini düz anlamadıqlarını göstərir.

İkincisi, mətndə “Yarbuz” sözünün qədimdə heyvan adı bildirməsi barədə məlumat nəyə əsaslanır?  Konkret tarixi mənbələrdə, demək olar ki, belə məlumatlar yoxdur. Bu barədə söylənilənlərin hamısı mülahizələrdir. O cümlədən dilci alim M.Adilovun söylədikləri də.

             Heç XI əsrdə yaşamış M.Kaşğarinin məşhur Divani-lüğat-it-türk” əsərinin özündə də belə söz yoxdur. Amma mətndə yazılıb ki, “M.Kaşğarinin “Divani-lüğat-it-türk” əsərində (XI əsr) belə ifadə işlənmişdir: “İlan yarbuzdan qaçar, hara getsə, yarbuz qarşısına çıxar”. Xeyr, elə yazılmayıb. İfadənin əsli belədir: “Yılan yarpuzdan kaçar, kança barsa, yarpuz utru kəlür”. (Bax: M.Kaşğari: “Divani-lüğat-it-türk”, III cild. Bakı-“Ozan”-2006, səh: 41) Gördüyünüz kimi, “Divani-lüğat-it-türk”də “yarbuz” sözü yoxdur,  “yarpuz” sözü var.  Bu baxımdan mətndəki “Kaşğari də öz lüğətində “yarbuz” sözünü məhz “manqust” kimi işlətmişdir” ifadəsi də səhvdir. Çünki M.Kaşğari “yarbuz” yox, “yarpuz” sözünü həmin mənada işlətmişdir.

              Maraq üçün onu da qeyd edək ki, lüğətdə eyni nitq hissəsinə aid olan omonim “yarpuz” sözünün birinci mənası “gözəl rayihəli bir ot, qır nanəsi”; ikinci mənası isə “bir heyvan, fıron siçanı, manqust” kimi şərh olunur. (Onu da qeyd edək ki, bizim indi “yarpız” kimi istifadə etdiyimiz söz bu gün də bir çox türk xalqlarının dillərində, o cümlədən bizim bir sıra dialektlərdə elə lüğətdəki kimi “yarpuz” şəklində işlənməkdədir.)

            Dərslikdəki mətndə belə bir cümlə də vardır: “Qədim “yarbuz” (heyvan adı) sözünün “yarpız” (bitki adı) sözü ilə oxşarlığı məsələnin təhrif olunmasına gətirib çıxarmışdır”. Biz isə əksini düşünürük. Deyirik ki, “yarbuz” sözü “yarpuz” (yarpız) sözünün təhrif  olunmuş formasıdır. Bəzi türk xalqlarında hazırda “yarbuz” sözünün “yarpuz”   mənasında soyad kimi işlədilməsi də fikrimizi təsdiq edir. Kim və hansı ağıllı manqust (quş, ilan və xırda gəmiricilərlə qidalanan yırtıcı) mənasını verən sözü soyad kimi götürər ki?!

            “Yarbuz” sözünə tarixi mənbələrdə və başqa ifadələrin tərkibində təsadüf olunmaması, onun köhnəlmiş sözlər cərgəsində, dialektoloji lüğətlərdə də gözə dəyməməsi  bu ehtimalı gücləndirir. Əsli-nəsli, kökü naməlum olan və faktiki dildə olmamış və olmayan bir söz barədə mətndə “Zaman keçdikcə bu söz köhnələrək leksikamızdan çıxmışdır” ifadəsinin işlədilməsi isə tamamilə yersizdir. Dildə olmayan söz necə dildən çıxa bilər?

              “Yarpuz” (yarpız) sözünün tarixi isə çox qədimlərə gedib çıxır. Bu söz qədimdən bəri bitki və heyvan adı kimi (əsasən bitki adı kimi) müxtəlif çoxsaylı türk xalqlarının (uyğur, karluq, qıpçaq, oğuz, osmanlı, özbək, qazax, qırğız, türkmən, Azərbaycan türkcəsində və s.) dilində  işlənmişdir. XVII əsrdə türkcə yazılmış “Lügat-i Müskilat-i Ecza” tibb terminləri kitabında da adı çəkilən şəfalı 417 bitkidən biri kimi onun adı “yarpuz” şəklindədir. İndi də dillərin çoxunun aktiv lüğət fonduna daxildir.

O, düzdür ki, “Divani-lüğat-it-türk”də nümunə göstərilən atalar sözündəki “yarpuz” manqust mənasında işlədilmişdir. Lüğətin 2006-cı il nəşrinin tərcüməçisi və nəşrə hazırlayanı R.Əskərin də yazdığı kimi, burada “yarpuz” “…əslində bitki deyil, firon siçanı imiş…İlanın zəhləsi yuvasının ağzında «bitən», yəni dikəlib duran və onu gözləyən firon siçanından, manqustdan (quş, ilan və xırda gəmiricilərlə qidalanan yırtıcıdan – İ.V.) gedirmiş...”(Bax: yuxarıda göstərilən mənbə).  Bu fikir digər çoxsaylı mənbələrdə də təsdiq olunur.  

Zənnimizcə,  “İlanla yarpızın nə əlaqəsi var?” və ya ”İlan hara, yarpız hara?” sualları ilə  müəlliflər ilan - yarpız əlaqəsinin olmadığına işarə ediblər. Ancaq unudurlar ki, belə bir əlaqə mövcuddur. Mütəxəssislər göstərirlər ki, mükəmməl iybilmə qabiliyyətinə malik olan ilan yarpızın qoxusuna da yaxşı bələddir. Onlar qeyd edirlər ki, ilanlar daha çox mexaniki titrəmə təsirlərinə və kəskin iyə qarşı həssasdır. Ona görə də ilan süründüyü marşrutda kəskin iyə rast gəldikdə kənara gedir. Türkəçarə kimi ilandan qorunmaq üçün  onun ola biləcəyi yerlərə yarpız, nanə, sarımsaq və s., sonralar isə daha kəskin iyli digər maddələrin (kükürd, naftalin, kerosin, mazut, keçi tükü, kül və s.) qoyulması da bunu sübut edir. İlan onların spesifik iyindən çəkinir. Üstəlik yarpızdan ayrılan uçucu efir yağları da çox kəskin olduğundan ilana toksiki təsir göstərir. Deməli, insandan fərqli olaraq gözəl və ətirli, min bir dərdin dərmanı olan yarpızın iyi ilanlar üçün son dərəcə rahatsızedicidir. Təsadüfi deyildir ki, xalq arasında əsrlərin sınağından çıxmış belə  inançlar da mövcuddur: “Yarpız olan həyətdə ilan olmaz”, “Yarpız bitən bostana ilan dolanmaz” və s. Hələ yumorla deyilmiş belə bir ifadə də var: “Dərisi avtomatik olur vız-vız, İlan hər dəfə görəndə yarpız”.  “Keçəlin nağılı”nda isə keçəl şah qızının boynuna dolanmış ilanı yarpızın gücü ilə uzaqlaşdırır. (Bax:”Azərbaycan nağılları” I cild, Bakı-Turan-2002, səh:148) Qeyd etdiyimiz səbəblərə istinadən deyə bilərik ki, “İlanın zəhləsi yarpızdan gedər, o da yuvasının ağzında bitər” atalar sözü tam məntiqi əsasda formalaşıb. Heç bir atalar sözünün təhrif olunmuş forması deyil.

Özünüz düşünün, bu cür məlumatlardan xəbərsiz olan V sinif şagirdləri mətndəki “Sizcə, doğrudanmı ilanın yarpızdan xoşu gəlmir?” və başlıqdakı (“İlanın yarpızdan zəhləsi gedir?” suallarına (oradaki “nə üçün”lərə) cavab vermək iqtidarında ola bilərlərmi? Gördüyünüz kimi, hər iki cümlə sual cümləsidir. Sual cümlələri isə bir şeyi öyrənmək, dəqiqləşdirmək və ya yeni məlumat əldə etmək üçüm cavab almaq və tapmaq məqsədi ilə işlədilən cümlələrə deyilir. Suallara mətnə əsasən cavab tapmaq müşkül məsələdir. Digər tərəfdən cavab ciddi tədqiqat və araşdırma tələb edir ki, bu da V sinif şagirdinin işi, həm də 45 dəqiqəlik iş deyil.

Dərslik müəllifləri materialın dilci alim M.Adilovun “Niyə belə deyirik” kitabından götürüldüyünü söyləyərək yaxalarını kənara çəkməyə cəhd edə bilərlər. Amma istifadə ediləsi materialların doğruluğununun yeni tədqiqatlar işığında yoxlanması onların borcu deyildimi?!  

O da faktdır ki, artıq “Divani-lüğat-it-türk”dəki atalar sözünün dairəsi çox daralmışdır, demək olar ki, istifadə edilmir. Onun əvəzinə yarpız (bitki) – ilan münasibətlərini əks etdirən variant - “İlanın zəhləsi yarpızdan gedər, o da yuvasının ağzında bitər” atalar sözü daha işlək hala gəlmişdir. Bizcə, dərslikdə sonrakı variantın nəzərə (müqiyisəli də etmək olar) alınması doğru və maraqlı olardı.

 Təklif edərdik ki, gələcəkdə dərslikdə elmi mübahisə doğuran, qeyri-dəqiq və fikir dolaşıqlarına səbəb ola biləcək məsələlərə yer verilməsin, şagirdlərin tədqiqat imkanları və dərketmə səviyyələri, onların yaş xüsusiyyətləri, istifadə olunan mənbələrdəki materialların dəqiqliyi və doğruluğu ciddi şəkildə nəzərə alınsın, müasir dil materiallarına daha çox istinad olunsun. Bu yolda dərslik müəlliflərinə uğurlar arzulayırıq.

Qeydlərimizin dərsliyin təkrar nəşrində nəzərə alınması diləyi ilə.

 

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2025)        

 

 

  

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.