Super User

Super User

Четверг, 30 Январь 2025 10:14

Şəhidlər barədə şeirlər – Fərrux Hüseynov

“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Fərrux Hüseynova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

FƏRRUX BAXIŞ OĞLU HÜSEYNOV

(29.04.1995.-09.11.2020.)

 

Kürdəmir rayonunun Şilyan kəndindən olan, Azərbaycan Ordusunun Quru Qoşunlarının tankçı baş leytenantı. Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi.

 

FƏRRUX

Uşaqlıqdan arzusu orduda olmaq idi.

Kafirləri yurdumdan biryolluq qovmaq idi.

Hərb elminin sirlərin öyrənib zabit oldu.

Eli-obanı sevən cəsur bir igid oldu.

 

Üz-gözündən yağırdı qalibiyyət, cəsarət.

Qarabağ uğrunda o, göstərdi çox şücaət.

Tankçı komandiridi, sevirdi sənətini,

Qazanmışdı orduda hamının hörmətini.

 

Əsgərlərinə arxa, böyük bir qardaş idi,

Onların hər birinə dost idi, sirdaş idi.

Döyüşərkən düşmənlə yaralansa da ağır.

Dedi, dayanmaq olmaz, Vətən məni çağırır.

 

Yenə cəbhəyə getdi, döyüşlərə atıldı.

Müqəddəs savaşlara qətiyyətlə qatıldı.

Şəhidliyə qovuşdu, ölməz qəhrəman oldu.

Düşməni məhv eylədi, intiqam yaman oldu.

 

Fərrux, biz hünərindən duyuruq bir fəxarət.

Göstərdin döyüşlərdə gör, nə qədər rəşadət.

Matəmə bürünübdür,  bil, qan ağlayır yağı,

Fərrux kimi oğullar Vətən etdi torpağı!

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2025)

 

Rubrikanı təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Yaxın müddətdə rubrikamızda yalnız bir ad çəkiləcək – Davud Nəsib adı.

Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Davud Nəsib (Davud Məcid oğlu Nəsibov (25 avqust 1942, Qazax -26 mart 2003, Bakı)) SSRİ dönəmində gəncliyin ən sevilən şairlərindən biri olub. Eləcə də gənclik çağında ümumittifaq miqyasında ən böyük uğurlara imza atmış şairimiz olub.

Davud Nəsib 1978-ci ildə Azərbaycan gənclərinin ən böyük təşkilatı olan Azərbaycan komsomolunun ən ali mükafatının – Azərbaycan komsomolu mükafatının laureatı olub. Cəmi 2 ildən sonra bu dəfə artıq SSRİ-nin ən ali gənclik mükafatına – Ümumittifaq Komsomolu mükafatına layiq görülüb. O, həm də hər iki qurumun Fəxri Fərmanları ilə təltif edilib, Ümumittifaq komsomolunun qurultayında Azərbaycanı təmsil edib.

Vətənə, valideyinlərə ülvi məhəbbət, saf sevgi hissləri, nəcibliyin, xeyirxah əməllərin tərənnümü Davud Nəsib poeziyasının leytmotivini təşkil edib. Müstəqillik dönəmində isə şair qələmini süngüyə çevirərək erməni millətçiliyi ilə mübarizəyə qalxıb, bir-birindən sanballı əsərlər ortaya qoymaqla gənc nəslin vətənpərvərlik, qəhrəmalıqn ruhunda yetişməsinə öz töhfələrini verib.

Bu gün sizlərə “Azərbaycanın” şeirini təqdim edəcəyik.

 

AZƏRBAYCANIN

 

Səhərəm, səhərin sorağındayam,
Zəfərəm, zəfərin sorağındayam,
Mən Babək, Koroğlu oylağındayam,
Torpağı əzizdir Azərbaycanın.

 

Bir ucu Xəzərdir, bir ucu Xram,
Təbrizsiz kim gülər, sevinər haram.

Cərrah istəyirəm, kəsilsin yaram,
Kədəri dənizdir Azərbaycanın.

 

Soruş hər obadan, soruş hər eldən,

Mən ki qorxmamışam tufandan, seldən.

Yadlar tüfəngindən, yadlar əlindən
Dağları göz-gözdür Azərbaycanın.

 

Düşmən qarşısında enən deyildir,
Hər şeyə danışan, dinən deyildir.

Oduyla oynansa sönən deyildir,
Ürəyi qor, közdür Azərbaycanın.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2025)

 

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Qardaş Türkiyə ilə bağlı projemdə bu ilin növbəti qonağı dəyərli yazar Nigar Kaya xanımdır.

 

-Salam Nigar Kaya xanım! Necəsiniz? Zəhmət olmasa öncə özünüz haqqında məlumat verərdiniz?

 

-Merhaba Habil Hocam, çok teşekkür ederim, iyiyim. 1977 Çankırı doğumluyum. İlk-Orta-Lise eğitimimi Çankırı’da gördüm. Sağlık Meslek Lisesi’ni bitirdikten sonar evlendim. Meslek hayatıma 2007 yılında başladım. Laborant Veterinerlik ile Acil Afet Yönetimi okudum. Halen Yeni Medya ve Gazaetecilik bölümünde öğrenciyim. Eğitime ara vermeyi düşünmüyorum. Şu anda hemşire olarak görev yapıyor aynı zamanda kitaplarla haşır neşir oluyorum. Bir oğlum var Hukuk Fakültesi mezunu.

 

-Əsərləriniz haqqında məlumat verə bilərsinizmi?

 

-2021 yılında, gerçek bir hayat ve ilk eserim olan Gölge Etmem”adlı kitabım yayımlandı. Ardından “Aldatırsan Aldatırım” sonra çocukluğumdan beri yazıp sakladığım şiirlerimi topladığım “Kış Demi” adlı şiir kitabım yayımlandı. 2023 yılında eşimin hayatını anlattığım Vuslat-ı Şehadet adlı kitabım yayımlandı. Son olarak yeğenim Tutku BATMAZ ile kaleme aldığımız “GÜVAR”I tamamladık. 

 

-Mütaliə sizin üçün nə deməkdir?

 

-Kesinlikle çok memnun oluyorum. Kitap okumak, incelemek, yeni şeyler öğrenmek benim hayatımın vazgeçilmezi diyebilirim.

 

-Ənənəvi və ya elektron kitablara üstünlük verirsiniz?

 

-Bir eser için bile kullanmadım. Aslında ben kitapların fiziki olarak alınıp okunması taraftarıyım. Teknolojik cihazların zararlı olduğunu düşünüyor elimden geldiği kadar uzak durmaya çalışıyorum. 

 

-Ən çox sevdiyiniz yazar və əsər hansıdır?

 

-Zülfü LİVANELİ Serenad, Viktor HUGO Sefiller ve bazı klasikler…

 

-Ədəbiyyatda iz qoymuş hansı yazarla görüşmək istərdiniz və ona hansı sualı verərdiniz?

 

-Sinan AKYÜZ, TOLSTOY, Viktor HUGO ile görüşmek ve nelerden ilham aldıklarını, kendilerini nasıl geliştirdiklerini sormak isterdim …

 

-Gələcək planlarınızdan bəhs edə bilərsinizmi?

 

-Bir gün kitaplarımı herkesin bilmesini, kitaplarımın insanların hayatına dokunması ve hayatını değiştirecek olumlu katkılar sağlamasını görmek istrdim. Okuyucularımla sık sık buluşmak ve daha çok kitap yazmak gibi hayallerimin gerçekleşmesi en çok istediğim şey.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2025)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Allahşükür Ağanın  şeirləri  təqdim edilir. 

 

Arzu 

 

Bir quş qanadı qədər sevinmək istəyirəm.

Hanı qanadlar, qırıldı ki...

Quşları güllələr yamsıladı,

Güllələr quşlara vuruldu ki...

 

Fikir kimi şütüyən bir arı qədər 

sevinmək istəyirəm,

Hanı, arılar şəkərlə aldadıldı ki...

 

Balıqlar dənizin xəyallarıdı,

Bir balıq qədər atılıb düşmək istəyirəm,

Hanı, bütün balıqlar tordadı ki...

 

Yarpaqlar çiçək olanda 

Qırmızı bir alma kimi gülmək istəyirəm,

Hanı, bu il meyvələr olmadı ki...

 

Təzad

 

Gözümdə ildırım çaxır,

Ürəyimdə günəş doğur.

Təzad deyilmi?

olum və ölüm kimi.

 

Və yaxud

Əlil arabasında əyləşən qızın

ayaqqabı hirsi,

harasa çıxıb gedən ayaqlarının

yaddaşını yandırır indi.

 

Bəzi adamlar bilmir,

əlil arabası ilə qolboyun olan 

həyatın şirinliyini.

Ayaqları olanla yerimir həyat,

Amma şikəst ayaqları ilə

Dördnala çapır həyat.

Nə qəribə təzad.

 

Xatirəm

 

"Xatirə" parkında xatirəm qalıb,

Ağaclar içində ağlar bir uşaq.

Orada bir oğlan, bir qız qocalıb,

Gəl gedək, onların əlindən tutaq.

 

"Xatirə" parkında xatirəm qalıb,

Təklikdən darıxıb ağac olubdu.

Xatirəm daşların gözünə dolub,

Binaya hörülüb, uca olubdu.

 

"Xatirə" parkında xatirəm qalıb,

Yeriyir, yüyürür, yıxılır hələ.

Körpə dodağında lalələr solub,

Təzə sevgisindən sıxılır hələ.

 

"Xatirə" parkında xatirəm qalıb,

Özünə ev tutub, yurd salıb təzə.

Burda ürəyimiz yanaşı durub,

Bu parkı salıblar xatirəmizə.

 

 

Əgər... 

 

Pulları çiçəklərə çevirə 

bilsəydik,

Deyərdim, xanım qız, 

Mənə 10 dəstə çiçəyə

bir qadın paltosu verin.

Bu qış mənim sevgi fəslimdir.

O vaxt deyərdilər ki,

Müəllimlərin maaşı yüz dəstə çiçəkdir.

Çörək bir çiçək,

İşıq pulu bir ləçək.

Pulları çiçəklərə çevirə bilsəydik,

Sevgi azalmazdı, əsla.

 

 

Quşlar və mən

 

Quşlar darıxdığından

Uçdular,

Mən də darıxdım,

Şeir yazdım...

 

Quşlar qanadlarıyla

Göyü təmizlədi,

Mən də sevdim,

Qəlbimin

Aynasını sildim.

 

Quşlar lələklərini saldılar,

Mən də kitab çap elədim,

Sən oxuyasan deyə.

 

Quşlar yuva qurdular,

Mən də yuvalarının altında

Dərin bir nəfəs aldım,

Sən dincələsən deyə.

 

Səhərisi quşlar görünmədi,

Və mən də öldüm,

Məni axtarasan deyə.

 

 

Çəpəri yıxırsan 

yaraşığınla

 

Gözü yuxudan bulaşıqlı,

Ayağı kol-kosdan sarmaşıqlı,

Haylı-küylü, qarmaqarışıqlı,

Ayağı səkilli it,

Üz-gözü şəkilli it,

Sən ölsən,

Kəndimiz öləcək, ölmə.

 

Kəndimizi sən oyadırsan səsinlə,

Çəpəri yıxırsan

Yaraşığınla.

Sən lap gözəl olursan

Zəncirin dolaşığıyla,

Ulamağınla Ayı

Yuxarı qaldırırsan,

Sən ölsən,

Ay yerə düşəcək, ölmə.

 

Qarın üstündəki ayaq izlərin,

Özündən qabaqda olur həmişə.

Yad kimi qoxlayırsan

Ayaq izini,

Bir az qayıdırsan,

Sanki keçmişə.

Ayaq izlərini gün əritmədi,

Vaxt əritdi,

Zəncir səni öldürmədi,

Zəncir səni diriltdi,

Zəncirini yaxşı qoru,

Heç vaxt onu itirmə,

İtim!

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2025)

Среда, 29 Январь 2025 17:42

Baletimizin sönməz ulduzunu şərəflə anırıq

Könül, “Ədəbiyyat və incəsənət”

 

 Bu gün günlərdən görkəmli balerina Leyla Vəkilovanın doğum günüdür, anadan olmasının 98-ci ildönümüdür. Kimdir Leyla Vəkilova? Əlbəttə ki, yaşlı nəsil onu gözəl tanıyır, yaradıcılığı Sovet dönəminə düşən bu istedadlı xanım incəsənətimizin, baletin inkişafında misilsiz xidmətlər göstərib.SSRİ Xalq artisti, Dövlət mükafatı laureatıdır.

 

Leyla Vəkilova 1927-ci il yanvarın 29-da Bakıda dünyaya göz açıb. Əslən Qazax mahalındandır, məşhur Vəkilovlar şəcərəsinin bir nümayəndəsidir.

Xoreoqrafiya məktəbində böyük sənətkar Qəmər Almaszadədən sənətin incəliklərini öyrənib, 1943-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasına solist qəbul edilib. İxtisasını təkmilləşdirmək məqsədilə 1945-1946-cı illərdə Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçib, Bakıya qayıtdıqdan sonra Opera və Balet Teatrının aparıcı balet aktrisası kimi çalışıb.

Leyla Vəkilova müxtəlif illərdə A.Adamın “Jizel”, R.Qlierin “Qırmızı lalə”, P.Çaykovskinin “Sonalar gölü”, “Yatmış gözəl”, “Şelkunçik”, L.Minkusun “Don Kixot”, A.Kreynin “Laurensiya”, B.Zeydmanın “Qızıl açar”, B.Asafyevin “Bağçasaray fəvvarəsi”, Ə.Bədəlbəylinin “Qız qalası”, Q.Qarayevin “Yeddi gözəl”, “İldırımlı yollarla”, S.Hacıbəyovun “Gülşən” və digər baletlərdə yaddaqalan obrazlar yaradıb.

O, klassik balet elementləri və milli rəqs hərəkətlərimizi ustalıqla birləşdirərək uğurlu ifa təqdim edib. Yüksək səhnə mədəniyyəti, ifa texnikası və artistizm onun yaradıcılığının başlıca xüsusiyyətlərindən olub.

Leyla Vəkilovanın ifası zəriflik və emosionallığı ilə seçilirdi. Ə.Bədəlbəylinin “Qız qalası”nda böyük məharətlə oynadığı Gülyanaq,A.Məlikovun “Məhəbbət əfsanəsi” baletində canlandırdığı Şirin obrazları əsla unudulmaz. Ə.Abbasov “Qaraca qız” baletini məhz Leyla Vəkilova üçün yazıb. Bu əsərin xoreoqrafiyası balerinanın yaradıcılıq diapazonu üçün nəzə tutulmuşdu. Q.Qarayevin “Yeddi gözəl”indəki Ayişə surəti isə sənətkarın milli balet səhnəsində uzun müddət liderliyini təmin edib.

Görkəmli balerina keçmiş SSRİ-nin respublikalarında, eləcə də dünyanın bir çox ölkələrində ifaçı və baletmeyster kimi qastrol səfərlərində olub. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə balerina “Qız qalası”, “Yeddi gözəl” və “Gülşən” əsərlərində baş rollarda çıxış edib. L.Vəkilovanın Moskva çıxışları azərbaycanlı balerinanın “ulduz saatı” adlandırılıb.

Balet ustası 1953-cü ildən ömrünün sonunadək Bakı Xoreoqrafiya Məktəbində klassik rəqslər fənnini tədris edib və 1992-ci ildən bu təhsil ocağının bədii rəhbəri olub. O, həmçinin 1976-1982-ci illərdə Azərbaycan Dövlət Rəqs Ansamblına rəhbərlik edib.

Leyla Vəkilovanın yaradıcılığı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilib. Balerinanın 70 illik yubiley tədbirində Ulu Öndər şəxsən iştirak edib.

Görkəmli balet ustası Leyla Vəkilova 1999-cu il fevralın 20-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2025)

 

 

 

 

Heydər Əliyev Sarayında Xalq şairi Nəbi Xəzrinin 100 illiyi münasibətilə reallaşan tədbirlər çərçivəsində “Dəniz, göy, məhəbbət” adlı bədii-musiqili gecə keçirilib.

 

AzərTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, yazıçı-dramaturq İlqar Fəhmi Xalq şairinin yaradıcılığından söhbət açıb. O bildirib ki, Nəbi Xəzri Azərbaycan poeziyasına bənzərsiz bədii dil, poetik ahəng gətirən şairlərdəndir.

 

“Onun şeirləri yalnız oxuculara deyil, həm də musiqi dünyasına ilham mənbəyi olub. Məhz bu şeirlərin ritmik, duyğulu ahəngindən təsirlənən bəstəkarlarımız bir çox gözəl mahnılar yaradıblar. Hər gələn nəsil onun poeziyasını və musiqilərini yaşadaraq bu irsi zənginləşdirir. Bu, Nəbi Xəzrinin yaradıcılıqda böyüklüyünün və əbədi təsirinin ən gözəl nümunəsidir. Bu cür tədbirlər xalqımızın böyük şairlərə olan ehtiramının təzahürüdür və Nəbi Xəzrinin əsərlərinin bədii dəyərini bir daha ortaya qoyur”, - deyə katib əlavə edib.

 

İ.Fəhmi deyib ki, Nəbi Xəzri yaradıcılığına hələ uşaqikən vurulub.

 

“Onun poetik dünyası, bədii nəfəsi məni həmişə heyran edib. Hətta mən də bir vaxtlar “Gilavar” təxəllüsünü götürməyi düşünürdüm. Nəbi Xəzri öz təxəllüsünü Bakı küləyi ilə əlaqələndirərək təsirli bir poetik obraz yaratmışdı. Onun şeirlərindəki dərin duyğu aləmi hər bir oxucunu təsirləndirir, hər bir kəsə ruhən toxunmağı bacarır. Nəbi Xəzrinin həyat yolu göstərir ki, sənət fədakarlıq tələb edir. O, bu fədakarlığın ən gözəl nümunələrindən biri idi. Həm yaradıcılığı, həm də şəxsiyyəti ilə Azərbaycan poeziyasına və ədəbiyyatına silinməz izlər qoyub. Bugünkü konsert proqramı vasitəsilə biz böyük şairimizin daxili dünyasına bir səfər edəcək, onun bədii düşüncəsinin və poetik ruhunun zənginliyini bir daha hiss edəcəyik”.

 

Nəbi Xəzrinin övladı Arzu Babayev onun yaradıcılığından dərin hörmət və sevgi ilə danışıb. Xalq şairinin cəmi 20 yaşında yazdığı “Söz” şeiri ilə bağlı fikirlərini bölüşən A.Babayev deyib ki, bu poeziyada o, öz sözünü deyərək, klassik irsimizin layiqli davamçısı olub. Məhz bu səbəbdən onu Məhəmməd Füzulidən sonra “Sözü zirvələrə qaldıran şair” adlandırıblar.

 

“Qarabağda baş verən hadisələr və sevimli həyat yoldaşının vəfatından sonra Nəbi Xəzrinin poeziyasında qəmgin not hiss olunurdu. Xüsusilə Qarabağa həsr etdiyi silsilə şeirləri onun yurd sevgisini, vətənə olan bağlılığını əks etdirir. “Şuşa gəlir”, “Kəlbəcər harayı” kimi şeirlərində Nəbi Xəzri sanki gələcək qələbəmizin həsrətini çəkir və eyni zamanda onu görürdü. Onun bu duyğuları xalqımızın mübarizə ruhuna, gələcəyə inamına poetik bir töhfə idi. Nəbi Xəzrinin yaradıcılığı onun həyatında qarşılaşdığı sınaqlardan güc alırdı. Bu sınaqlar onun şair ruhunu daha da dərinləşdirir, qələmindən süzülən misralara təsir edirdi. Onun bənzərsiz istedadı Ulu Öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilib. Dövlətimiz onun yaradıcılığına daim xüsusi diqqət göstərərək, böyük şairin poeziyasını layiq olduğu zirvəyə qaldırıb. Hazırda Prezident İlham Əliyevin diqqəti ilə şairin xatirəsi yüksək səviyyədə anılır və Nəbi Xəzri irsi yeni nəsillərə çatdırılır”, - deyə o əlavə edib.

 

Bədii-musiqili gecədə Nəbi Xəzrinin incə və duyğulu şeirləri mədəniyyət və incəsənət nümayəndələri tərəfindən səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2025)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Mehdi Səhəndidir.

 

 

Mehdi Səhəndi

Urmiya

 

 

TİKANLI GÜL

 

Bu boyda dağ içində,

Təki mənəm bitən gül.

Bəlkə elə o mənəm, 

Çiçəklikdən itən gül. 

 

Dağ allahın gücüdür,

Mən allahın əsiri. 

Heç bilmirəm olmuşam, 

Nə günahın əsiri? 

 

Üzdü bu həsrət məni, 

Biri məni dərmədi. 

Kiçik məktub içində, 

Birinə göndərmədi. 

 

Bəlkə acı çiçəyəm, 

Bunu bu dağ demədi. 

Məni nədən burada, 

Bir ac quzu yemədi? 

 

Yadam bu dağ içində, 

Bura necə ev deyim? 

Çevrəmdə bir bülbül yox, 

Ona, məni sev deyim.

 

Qayğı necə çəkməyim? 

Mənəm vaxtsız yetən gül. 

Bu boyda dağ içində, 

Təki mənəm bitən gül.

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2025)

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.

 

 

İkinci xatirə

«Bir neçə il əvvəl mənə məlumat verildi ki, Azərbaycan Prezidenti Heydər Əliyev tibbi müayinə üçün bura – Klivləndə gələcək. Və o gəldi. İngiliscə çox danışmırdı, amma mavi gözlərindən hiss edə bilirdim ki, nə deyir. Özünü yaxşı hiss etmədiyi günlər əlimi sıxmağından və sıcaq təbəssümündən özümü xoşbəxt hiss edirdim. Soyadımı tam tələffüz etmirdi və sadəcə «Salam, Houli» - deyirdi. Onun danışığı, təbəssümü, əlimi sıxması heç zaman yaddaşımdan silinməyəcək. Bu xatirələri uzun illər ürəyimdə təsəlli kimi saxlayacağam, nəvələrimə danışacağam.

Mən fəxrlə deyə bilərəm ki, Heydər Əliyevi – tarixin gedişində dönüş yaratmış o böyuk şəxsiyyəti tanıyırdım».

Herri Houlihən (ABŞ-ın Klivlənd Klinikası Təhlükəsizlik Xidmətinin rəisi)

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2025)

   

İlqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət” üçün

 

İlqar İsmayılzadə fəlsəfə üzrə fəlsəfə doktorudur, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, "Zəfər" Media Mükafatı laureatı, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. “Məzarda yatan sevgi” janr etibarı ilə povest adlandırıla bilər, biz bir neçə gün dalbadal hissə-hissə povesti sizlərə təqdim edəcəyik ki, sizlər Fidan və Fatehin nakam sevgi hekayəsindən xəbərdar olasınız.

 

8-ci paylaşım

 

 

(Həyatda nakam sevgiyə mübtəla olanlara ithaf olunur!)

 

                                               

Gecə saatlarında kimsə duymasın deyə sakitcə pillələrdən 9 mərtəbəli binadan yuxarı qalxıb binanın çardağına çıxdı. Gecə saatları idi. Amma ayın işığı binanın üstü və ətrafını işıqlandırmışdı. Soyuq-mülayim külək əsirdi. O, binanın tin hissəsinə yaxınlaşıb yavaşca dəmirdən qurulmuş su çəninin üzərinə qalxdı. Qaranlıq, amma göz vuran ulduzlarla dolu olan səmaya baxaraq ötən illərini, nakam sevgisini və həyatda üzləşdiyi dözülməz acılıqları düşünüb həyata əlvida söylədi. Özünü hündürmərtəbəli binadan yerə atmaq istəyən zaman qəfildən sağ tərəfdən mülayim və ürəkoxşayan bir səs eşitdi.

- Oğlum səbirli ol! Bu, son deyil!

Fateh diksinib dərhal səs gələn səmtə tərəf döndükdə arxada sağ tərəfdə balaca xalça üzərində səmimiyyət və təvazökarlıqla əyləşmiş bir qoca kişini gördü. Ay işığı onun üzünə düşdükcə çöhrəsi ay parçası kimi işıldayırdı. Fateh çox fikirli və kədərli olduğundan ətrafa yaxşı baxmamış və onu qaranlıqda sezə bilməmişdi...

- Adın nədir?

- Fateh.

- Fateh! Çox gözəl adın var. Sən fəth edən, qalib olan bir oğulsan. Amma bu hərəkətin fatehliyə heç yaraşmır! Sanki zəif və məğlub kimi görünürsən oğlum...

- Əmi! Axı siz mənim nə çəkdiyimi heç bilmirsiz...

- Mən də insanam bala. Mən də bu həyatda nakamlıq, vəfasızlıq, çətinlik və acılıqlar görmüşəm. Amma heç bir zaman zəiflik etmədim və təslim olmadım.

Fateh bir az dayanıb sanki sarsılmış kimi fikirə getdi. Qoca kişidən eşitdiyi sözlər onu bir anlıq intihar fikirindən çəkindirmişdi. Çənin üzərindən aşağı enib qoca kişiyə yaxınlaşdı, onun yanında əyləşdi.

- Əmi siz kimsiz, burada nə işlə məşğulsuz?

- Adım Qorquddur. Mənə Qorqud Elturan deyirlər. Gözətçiyəm. Bu həyatın acılıqlarından ürəyim sıxıldığı üçün bura gələrək açıq səma altında Tanrı ilə danışıb dua edirdim ki, birdən sən gəldin. Bilsəydin, açıq səma altında Tanrı ilə danışmağın insan üçün nə qədər mənəvi həzzi var. Bilirsənmi, oğlum insan açıq səma altında dayanıb göylər və kainatın əzəmətini seyr etdikdə, özünün və eləcə də üzləşdiyi problemlərin nə qədər kiçik və cılız olduğunu anlayır.

Fateh olanları, həyatında üzləşdiyi nakamlığı qocaya danışdıqda qoca üzünü ona tutub dedi:

- Bala, bax indi sən özünü yerə atsan, bu həyatdan zəif və məğlub olaraq gedəcəksən. Ardınca hər kəs bir söz danışacaq. Bu həyata bircə dəfə gəlirik. Onu doğru yaşamalıyıq. Nəsə uğursuzluq varsa səbəbi daha çox biz özümüzük. Əgər müqəssir özünsə, səhvini axtarıb tap və onu ağıllı-məntiqli şəkildə aradan qaldır. Bax əsil fatehlik budur!

Yox əgər üzləşdiyin çətinlikdə səbəbkar sən özün deyilsənsə, o zaman səbirli və təmkinli olmağa çalış. Zaman özü belə hallarda ən gözəl məlhəmin olacaq.

Kimsə sənə və həqiqi sevginə sayğısızlıq edidsə, unut getsin! Demək ki, o şəxs sənin sevginə layiq deyilmiş. Zorla sevgi olmaz axı.

Qoca kişi sözlərinə belə davam etdi:

"Dediklərindən belə anladım ki, sən uzun illər görmədiyin bir qızı görən kimi ona sevgini və evlənməyi təklif etmisən. Halbuki bir az səbirli olmalı, onu ətraflı araşdırıb-tanımalı idin. Yalnız tam əmin olduqdan sonra addım atmalı və təklifini ona deməli idin. Hər halda şükür et ki, evlənməzdən öncə məsələ beləcə bitib. Sən bütün bunları bilmədən o xanımla evlənəndən sonra sənə qarşı xəyanətləri üzə çıxsaydı, nələr çəkərdin və nə edərdin? Heç bunu düşünmüsənmi? Bunu düşün və bil ki, Tanrı səninlədir.

Həm də ki, o daşıdığın canı sən yaratmamısan ki, indi də ona qıyasan. Bu can da, bu cisim də, bu həyat da Ulu Tanrının sənə bəxş etdiyi bir əmanətdir.

Sən bir xanımın vəfasızlığından təngə gəlib Ulu Yaradanın sənə əmanət etdiyi bu can əmanətinə qarşı vəfasızlıq etməklə (intiharla) problemi həll etməyə çalışırsanmı? Bala! Vəfasızlıq qarşısında böyük vəfasızlıqla, xəyanət qarşısında böyük xəyanətkarlıqla problem həll olarmı?"

Fateh müdrik qocanın bu sözlərindən təsirlənib ürəkdən ağlamağa başladı. Başını qaldırıb göyə və göydə parlayan aya və ulduzlara baxıb ürəkdən ah çəkdi. Qoca kişi əlini onun çiyininə qoyub təsəlli verdi və ağlamağın bəzən insan qəlbinə səfa və hüzur gətirdiyini söylədi...

Fateh bundan sonra özünə gəlib yanlış qərar verdiyini anladı, müdrik qocanın əlini öpüb evə döndü... Amma bundan sonra o qocanı nə qədər axtarsa da, heç vaxt onu tapa bilmədi. Hətta, bir neçə dəfə gecə çağı yaşadığı binanın çardağına qalxıb onu axtarsa belə heç vaxt o müdrik qocanı görə bilmədi...

 

Aylar, illər ötdü. Fateh iş yerində çalışan bir xanımla ailə həyatı qurdu və bu evlilikdən onların bir qız övladı da, dünyaya gəldi. Bu evlilik Fatehin ikinci ailə həyatı olsa da, ümumi baxımdan uğurlu ailə həyatı sayılırdı. Əslində Fateh ilk məhəbbətə inanır və insanın yalnız ilk məhəbbəti ilə xoşbəxt ola biləcəyini düşünürdü. Amma bəzən insanın özündən asılı olmayan amil və ya amillər nəticəsində ilk məhəbbəti nakam qalır və beləliklə də, ayrısı ilə evlənmək məcburiyyətində qalır. Fateh hal-hazırda həmin durumda idi.

Hər şeyə rəğmən öz həyatını yaşayır, ixtisasına uyğun olaraq heykəltaraşlıqla məşğul idi. Bu müddət ərzində ölkə daxili və xaricində bir neçə möhtəşəm sərgisi təşkil olunmuşdu. Hətta, yaşadığı mənzilinin bir guşəsində özünə kiçik heykəltaraşlıq emalatxanası da qurmuş, ara-sıra orada çalışırdı.

Bir neçə ildən sonra Fateh öyrəndi ki, Fidan çalışdığı şirkətdə işçi yoldaşı ilə ailə həyatı qurub. Amma avtomobil qəzasında iki ayağını itirmiş ikinci ərini və həmin ərindən dünyaya gəlmiş övladını tərk etməyə qərar verib. Bir müddət tək yaşadığına, stres və narahatçılarlara qapıldığına görə ağır xəstəliyə düşüb.

 

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2025)

 

Среда, 29 Январь 2025 15:07

Salamməlikdən Zəngəzura - SİYASİ ŞTRİXLƏR

Fariz Əhmədov, Naxçıvan televiziyasının baş redaktoru, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Nə zaman Zəngəzur adı, Zəngəzur dəhlizi ifadəsi işlənirsə, biz naxçıvanlılar olaraq ürəyimiz dağa dönür. Qəlbimiz yerində durmur, uçunur. Axı ora bizim əzəli və əbədi yurd yerimizdir. Axı Günəş həmişə Zəngəzurdan boylanaraq Naxçıvanı salamlayıb. 

Biz ki qızıl torpaqların sahibi, isti ürəkli, əliaçıq, qonaqpərvər insanlarıq. Bununla da bitmir bizim xoşbəxtliyimiz. Biz Zəngəzurdan gələcək ilk qatarı salamlayan, xan Arazın sahilində övlad böyüdən, təsərrüfat salan, Vətən sərhədlərinə keşik çəkənləriyik. 

Axı necə Zəngəzur üçün darıxmayaq. Culfa Lokomotiv Deposunun maşinistləri Elxan Məmmədov və Tahir Abuzərovun qışqıra-qışqıra “Tələsin, tez olun, gecikirik” çağırışları, son qatar və son sərnişinlər də çox darıxıb sənin üçün, Zəngəzur. Ağbənd həsrət qalıb Salamməlik çağırışına. Həsrət qalıb 54 kilometrlik məsafədə torpaq torpağa.

Ölkə başçısının ötən gün nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Zəngəzur haqqında səsləndirdiyi fikirlər ümidlərimizi daha da artırdı, daha da əlimizi, qolumuzu açdı ki, bu haqda yazaq, paylaşaq. Cənab Prezident çıxışında qeyd etdi ki, Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülüb və bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salınıb. 

Dalana dirənmiş Ermənistan yaxşı bilir ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısının təmin olunması 10 noyabr kapitulyasiyasında açıq-aydın göstərilib. Təəssüf ki, “dəmir yumruğ”u dadmadan durmayan Ermənistan dırnaqarası “sülh kəsişməsi” layihəsini ortaya atır ki, ölkə başçısı İlham Əliyevin təbirincə desək: “Azərbaycansız bu layihənin iki qəpiklik də qiyməti yoxdur”. 

Doğrudan da, bu layihə Azərbaycansız kağız parçasından ibarətdir. Ermənistanın etdiyi bu manipulyasiya nəticəsində Azərbaycanla Naxçıvanın rahat bağlantısının təmin edilməsi gecikir. Və bunun nəticəsində biz iqtisadi cəhətdən əlverişsiz və uzun yoldan istifadə etməli oluruq. 

Artıq vaxt itirmək zamanı deyil. Buna görə də İran İslam Respublikası ilə əldə edilmiş razılaşmaya görə Ermənistanın kənarda qaldığı avtomobil körpüsünün tikintisi bu il yekunlaşaraq istifadəyə veriləcək. 

Ölkə başçısı çıxışında qeyd etdi ki, hazırda birinci körpü Zəngilanda inşa edilir, ikinci körpü isə Naxçıvan Muxtar Respublikasında inşa ediləcək. Beləliklə də, onların tranzit ölkəyə çevrilmə arzuları gözlərində qalacaq. Ölkə başçısı onu da vurğuladı ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Yəni heç bir gömrük proseduru olmadan. 

Bu tələbdir. Bu, 2020-ci ildə Ermənistana “dəmir yumruğ”u göstərən liderin tələbidir. Bu, tarixi hadisələrin gedişinə müdaxilə edən ədalət çarçısının tələbidir. Bu, zor gücünə bizdən qoparılmış əzəli Zəngəzur torpağının qaytarılması tələbidir. 

Əgər ölkə başçısı bu tələbi əmrə çevirsə, onda yenidən kapituliyasiyaya getməyə nə vaxtınız, nə də gövdənizdə başınız qalacaq, ey başadüşməzlər yığını! 

 

“Ədəbiyyat və incəsənət”

(29.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.