Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Mehdi Qəmsizdir

 

Mehdi Qəmsiz

Təbriz

 

 

DARIXMALARDA

 

Gözəl bir duyğu var darıxmalarda,

İnsanı özündən aparıb gedər.

Vaxtsız ölüm kimi yaxadan tutub,

Ruhunu bədəndən qoparıb gedər.

 

Gözəl bir duyğu var darıxmalarda,

Zaman tərsəsinə fırlanır sanki.

Yaşamın anlamın bilməyəndə sən,

Həyatda ürəyin bulanır sanki.

 

Gözəl bir duyğu var darıxmalarda,

Yalnızca qalmağı tərcih edirsən.

Bəzən sığınırsan xatirələrə,

Güvənib siqara, yolu gedirsən.

 

Gözəl bir duyğu var darıxmalarda,

Sanki darıxmalar doğurlar səni.

Bir az sayğılı ol sən bu şəhərdən,

Şəhər yol kəsəndir, oğurlar səni.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2025)

 

İlqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət” üçün

 

 

İlqar İsmayılzadə fəlsəfə üzrə fəlsəfə doktorudur, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, "Zəfər" Media Mükafatı laureatı, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. “Məzarda yatan sevgi” janr etibarı ilə povest adlandırıla bilər, biz bir neçə gün dalbadal hissə-hissə povesti sizlərə təqdim edəcəyik ki, sizlər Fidan və Fatehin nakam sevgi hekayəsindən xəbərdar olasınız.

 

3-cü paylaşım

 

 

(Həyatda nakam sevgiyə mübtəla olanlara ithaf olunur!)

 

                                                      

Fateh dözməyib, dedi:

- Fidan! Heç tanıya bilmədinmi məni? Mən sənə tanış gəlmədimmi?

- Xeyr!

- Fidan! Bu mənəm, Fateh! Biz bir sinifdə oxumuşuq! Yadındadırmı? Sən mənim həyatım, ürəyim, sevgilim deyildinmi? Nə tez məni unutdun?!

Fatehin bu sözündən sonra Fidan diksinən halda təəccüblə Fatehə baxıb göz yaşları ilə gülümsəməyə başladı və bir az da özünü itirdi. Çünki uzun illərdən sonra Fatehlə öz iş yerində qarşılaşacağını heç təsəvvür belə etmirdi.

Fidan qarşısında dayanan şəxsin onu qəlbən sevən Fateh olduğuna tam əmin olunca çox təsirlənib göz yaşlarına boğulmuşdu. Gözləri sevinc və təəccüb yaşları ilə dolduğundan parlayırdı.

- Fateh bəs sən bu vaxta qədər harada idin?

Bunu deyib Fatehə tərəf qaçdı və göz yaşları içində bir-birinə sarıldılar. Bu, onların arasında uzun illərin ayrılığının, qəmli-kədərli günlərinin sonu idi.

Fateh başına gələnləri və həyatında baş verənləri qısaca da olsa onun üçün danışdı. Ona ötən illərdə uğursuz həyatından və dünyaya gəlmiş 2 övladından söz açdı. Əslində Fidan da bura qədər bir uğursuz ailə həyatı yaşamış, natamam və uğursuz ailə həyatından 1 qız övladı dünyaya gəlmişdi.

Fateh Fidana onu heç bir zaman unutmadığını və daim onu fikirləşdiyini bildirdi. Danışarkən bir neçə dəfə öz hisslərini boğa bilmədiyindən yenidən gözləri yaşardı. Fidan isə xüsusi nəzakət və qayğıkeşliklə Fatehi dinləyir, Fatehlə birgə sevinib-gülür, birgə göz yaşlarına boğulurdu...

O elə həmin görüşdə Fidana bağlı olduğu, onu uzun illər boyu qəlbində yaşatdığı və razı olacağı təqdirdə onunla ailə həyatı qurmaq fikirində olduğunu söylədi...

 

Fateh şəhərdə olduğu müddət ərzində xalası gildə qalır, Fidanla tez-tez görüşürdü. Demək olar ki, hər gün onunla telefonda danışır, sosial şəbəkə üzərindən mesajlaşırdılar.

Növbəti görüşdə ondan həyatında başqa birinin olub-olmaması barədə suallar soruşaraq onun müxtəlif sahələrdə olan durumu və fikirlərini öyrənməyə çalışdı. Həmin sualları Fidan da Fatehdən soruşur və Fatehin vəziyyəti ilə daha yaxından tanış olmağa cəhd edirdi.

Söhbətin sonunda Fateh Fidana üz tutub, onu bütün bu illər boyu unutmadığı, onu qəlbən sevdiyini və onunla evlənmək fikirində olduğunu bildirdi. Fidan bu təklifdən özünü təəccüblənən kimi göstərməyə çalışsa da, fikirləşmək və ailə üzvləri ilə məsləhət-məşvərət etmək üçün bir həftə vaxt istədi.

Söhbət əsnasında Fidan həyatında heç bir kəsin olmadığı, eyni halda heç bir kəslə münasibətdə olmadığını təkidlə bildirsə də mobil telefonuna gələn qəfil zəng sanki onu çaşqın və çıxılmaz vəziyyətə saldı. Telefonunu açdıqda rəngi dəyişdi. Zəng vuran şəxsə ötəri cavablar verib telefonu söndürdü.

Fateh diqqətli olduğundan bu hərəkət onun nəzərindən yayınmadı. Odur ki, zəng edən şəxsin kimliyini Fidandan soruşdu. Fidan isə sədaqətlə onun internetdə rastlaşdığı bir tanış oğlan olduğunu bildirdi.

Fateh bir tərəfdən Fidanın sədaqətinə görə sevindi, digər tərəfdən isə öncə onun az öncə həyatında heç kimin olmadığına dair söylədiyi sözün həqiqət olmadığına görə bərk narahat oldu. Çünki Fidan öncə ona həyatında heç bir kəsin olmadığını və heç bir kəslə istər realda, istərsə də, virtual aləmdə əlaqə saxlamadığını təkidlə demişdi.

Fateh sevdiyi qızın realda olduğu kimi virtual aləmdə də yad oğlanlarla münasibətdə olmasını, onun digər yad oğlanlar və hətta, keçmiş sinif və ya tələbə yoldaşları ilə internet üzərindən və ya telefonla əlaqə saxlamasını bəyənmir, bunu həqiqi sevgi və məhəbbətə zidd olan bir hərəkət sayırdı. Odur ki, dönə-dönə Fidana onunla evlənməyə qərarlı olduğu təqdirdə belə halların yolverilməz olduğunu təkidlə bildirdi. Fidan elə o görüşdə bunu səmimiyyətlə qəbul edib, bir daha belə bir halın baş verməyəcəyi barədə Fatehə söz verdi.

Aralarında gedən iki saata yaxın söhbətdən sonra növbəti dəfə görüş vaxtını təyin edib ayrıldılar.

 

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2025)

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.                           

 

Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.

Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı 15 parametrləri xüsusi olaraq qabardardım

 

14) Bir neçə planla hərəkət edə bilmək.

Uğur qazanmaq yolunda çoxplanlılıq da ən vacib faktorlardandır. Həyatda uğur qazanmış əksər liderlərin tərcümeyi-halına baxanda mütləq onların fəaliyyət yollarında A, B və hətta C planlarının olması aydın sezilir. Bir planla irəliləmək ilk məğlubiyyətdəcə mübarizəni dayandırmaq deməkdir. Amma yardımçı planlar mübarizəni davam etdirmək, son nəticədə nəyin bahasına olursa olsun qalibiyyətə qovuşmaq üçün əlavə şanslar deməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2025)

 

 

Четверг, 23 Январь 2025 11:27

Dünyanın yükünü daşıyanlar – ESSE

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

 

Mənə görə, dünyanın "ən bədbəxt" insanı kimdir deyə soruşsanız, tərəddüd etmədən "yazarlar" deyərdim. Çünki onlar bu dünyanın bütün yükünü öz çiyinlərində daşımaq üçün var olmuşlar. Öz dərdləri yetməzmiş kimi, başqalarının dərdlərini də öz dərdləri bilməyə adət etmişlər.

 

Yazarın qələmində nə yoxdur ki? Ümid, sevgi, kədər, hicran, xoşbəxtlik, ayrılıq, hətta ən dərin ümidsizlik. Onlar həyata hər pəncərədən baxmağı bacaran insanlardı. Ona görə də bir yerdə məskunlaşa, bir nöqtədə birləşə, bir əqidəyə sahib olmağı bacara bilmirlər. Cismən "dünyalı" olsalar belə, ruhən məkansızdılar. Dildə deyil, sətirlərdə, cümlələrdə, sözlərdə gizlidir anlatmaq istədikləri.

 

Hekayələrdə baş verənlər real hadisələrə və ya təxəyyülə əsaslansa belə, onları birləşdirən ortaq cəhət var: yaşatdıqları hisslərin gerçək olması. Çünki bu duyğular yazarın düşüncələrindən çıxıb, qələmində parlayan ruhunun işığıdır.

 

Ən gözəl yol dostudur; həm varlığı, həm də düşüncələri ilə. Kitab onlardan geriyə qalan bir izdir. Bu dünyada olmasalar belə, öz düşüncələri və ruhları ilə insanlara yol göstərirlər. Bəlkə də biz yazarlara dünyanı qavramaq üçün deyil, elə bu anlamsızlıq içində yaşamaq üçün verilmişdi bu qələm. Yazmaq yazar üçün bəzən ümid, bəzən də ümidsizlik yaradan bir vasitədir.

 

"Bəlkə də bu bir yoldur - ya biz onu seçmişik, ya da o bizi." Hər kəsin gedə bilmədiyi, çox az insanın sona qədər getməyi bacardığı bir yol. İnsanlar hisslərini, anlatmaq istədiklərini başqaları ilə paylaşaraq azad olur, biz isə kağızlara pıçıldayaraq. Hər söz, hər cümlə yeni bir məna, yeni yük daşıyır. Yazmaq sadəcə bir ifadə forması deyil, ruhun yaşama səbəbidir. Sanki yazdığın zaman öz içində yenidən doğulursan, var olursan.

 

Ətrafda baş verən hər bir hadisə: quşların qanad çırpması, maşınların səsi, küçədə qarşılaşdığın insanlar, bir baxış, günəşin doğuşu, hətta sükut - bizim üçün yeni bir hekayənin başlanğıcı deməkdir.

Onlar sadəcə yaşayır, biz isə yaşadırıq.

 

Və mən düşünürəm: "Əgər yazmasaydım, kim olardım? Yəqin ki, heç kim...”

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2025)

 

 

Четверг, 23 Январь 2025 13:33

Kitab bələdçisində “Mumu”

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Bu il mütaliəyə gözəl bir xanımın mənə yeni il hədiyyəsi olan "Mumu" povesti ilə başladım.

Mumu həcmcə kiçik, lakin mahiyyət etibari ilə olduqca düşündürücü bir əsərdir.

İvan Turgenev Mumu povestini Peterburqda həbsdə olduğu bir ay müddətində qələmə alıb. Müəllif əsərdə təhkimçilik hüququnun insan üçün nə qədər ağır olduğuna diqqət çəkir və həmçinin əsər təhkimçilik hüququna etiraz motivləri ehtiva edir. 

 

Turgenev əsəri real hadisələr əsasında qələmə alıb. Sözü gedən hadisələr elə məhz onun anasının malikanəsində baş verib. Lakin, əsərin sonluğu real həyatdakı sonluqdan bir qədər fərqlənir.

Belə ki, real həyatdakı dalandar, yəni Andrey iti çayda qərq etdikdən sonra sahibəsinə sədaqət nümayiş etdirərək onun evinə geri qayıdır və öz vəzifəsini icra etməyə davam edir. Lakin, əsərdə Turgenev sonluğu dəyişir. Gerasim Mumunu çayda batırandan sonra ağa evini tərk edərək öz kəndinə qayıdır. Bununla da obraz oxucuya təhkimçilik hüququna etiraz və onunla barışmazlıq mesajı ötürür. 

Amma əsərin mahiyyətini hər nə qədər dərk etsəm belə yenə də Gerasimin Mumunu öldürməsi mənə çox pis təsir bağışladı. 

Gerasimin Mumunu öz əlləri ilə öldürməsi mənə bir anlıq "Atmilçəyi" əsərində Montarellinin Arturun ölüm qərarını təsdiqləməsini andırdı.

O, Mumunu niyə öldürdü?  Verdiyi sözün qürurundanmı, ağaya sədaqətindənmi, yoxsa məcburiyyətdənmi? Əsərdə buna əsas məcburiyyətdir. Lakin, madam ki, onsuz da ağa evinə qayıtmayacaqdı bu halda niyə? 

Bu suallar kontekstindən baxdıqda əsər insanı çox düşündürür.

Başqa bir aspektdən yanaşdıqda həmçinin əsərdə zahirlə batin, iqtidarla ucalıq arasındakı fərqli cəhətlər olduqca gözəl təsvir olunub. 

Gerasim zahirən zəhmli, qorxunc bir adamdır.  

Eyni zamanda eşitmə və danışma məhdudiyyətli olması onu insanların gözündə bir az da qorxuducu göstərsə də daxilən zahirinin əksinə heyvanın da bir can olduğunu və onun da yaşmaq haqqının olduğunu duya biləcək mərhəmətli bir ruha sahib olduğu üçün Mumunu xilas edir.  hərçəndki, axırda onu yenə öz əlləri ilə öldürür) Lakin zahirdə heç bir məhdudiyyəti olmayan, lakin hakimiyyəti olan sahibə daxilən bunları duya bilməyəcək bir ruha sahib olan insanların təcəssümüdür.

Kitab "Parlaq imzalar" nəşriyyatına məxsusdur, və üz qabığı olduqca möhtəşəmdir. Bu üz qabığı əvvəl sizə heçnə ifadə etməsə də əsəri oxuduqdan sonra onu çox sevəcəksiniz.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2025)

 

Четверг, 23 Январь 2025 12:14

Şəhidlər barədə şeirlər – Əbülhəsən Eyvazov

“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Əbülhəsən Eyvazova  həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

ƏBÜLHƏSƏN BALAŞ OĞLU EYVAZOV

(01.11.1996.-30.10.2020.)

Əslən  Kürdəmir rayonunun Mollakənd kəndindən olan Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

 

    İGİD ƏBÜLHƏSƏN

 

Bu müqəddəs yolu könüllü seçdi,

Üçrəngli bayrağı öpüb, and içdi,

Doğma vətən üçün canından keçdi,

İgid Əbülhəsən, mərd Əbülhəsən!

 

Üzündən, gözündən tökülürdü nur,

İşlədi, zəhmətlə qazandı uğur,

Belə övladyla el duyur qürur,

İgid Əbülhəsən, mərd Əbülhəsən!

 

Dostlar arasında hörmətli idi,

Necə qorxmaz idi, cürətli idi,

Sözü bütöv idi, qeyrətli idi,

İgid Əbülhəsən, mərd Əbülhəsən!

 

Aprel döyüşündə döyüşmüşdü o,

Bir anda böyüyüb, dəyişmişdi o,

Düşmənlə mərdliklə vuruşmuşdu o,

İgid Əbülhəsən, mərd Əbülhəsən!

 

Fəxr edilən oğul, qayğıkeş qardaş,

Füzulidə qoydu yağını çaşbaş,

Düşmənin qolları qırılaydı kaş…

İgid Əbülhəsən, mərd Əbülhəsən!

 

Vətən müqəddəsdir,  şəhidlər ölməz,

Düşmənlər bir daha sevinməz, gülməz,

Adı qəlbimizdən heç vaxt silinməz,

İgid Əbülhəsən, mərd Əbülhəsən!

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2025)

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

 

Yəqin ki, xoşumuz gəlməyən bir varlıq daim qarşımıza çıxanda işlətdiyimiz “İlanın zəhləsi yarpızdan gedər, o da yuvasının ağzında bitər” atalar sözünü hamı eşidib. Zənnimizcə,  bu atalar sözünün yaradılış hekayəsi də hamı üçün maraqlı olar.

 

Dünyada 30-a qədər növü olan yarpız kəskin iyli, ətirli bitkidir. Adətən su mənbələrinin yaxınlığında – bulaqların, arxların kənarında, çayların və göllərin sahilində çox bitir. Hələ XI əsrdə yaşamış M.Kaşğarinin məşhur “Divani-lüğat-it-türk” əsərində yarpız haqqında deyilir ki, “gözəl rayihəli bir ot, qır nanəsi”dir. Onun gözəlliyinə və valehedici ətrinə çoxlu mahnılar qoşulmuş, şeirlər, hekayələr və romanlar yazılmışdır. Yazılmaqda da davam edir.

İnsanlar yarpızı çox sevirlər. Vaxtı ilə quşəppəyi, yemlik, quzuqulağı, cincilim, əvəlik, nanə, dağkeşnişi kimi yarpız da milli mətbəxtimizdən əksik olmazdı. Hətta yay fəslində toplayıb qurudur, ilboyu yararlanırdılar. İndi də  istifadə edilir. Sağlamlıq üçün çox faydalıdır, xalq təbabətində geniş tətbiq olunur.

Bəlkə də, ilanın əsasən quraq səhralarda yaşadığını, yarpızın isə adətən sulu yerlərdə yetişdiyini, onun quraq yerlərdəki ilan yuvalarının qarşısında bitmə ehtimalının düşük olduğunu nəzərə alaraq ilan – yarpız əlaqəsinin məntiqsiz olduğunu,  “İlanın zəhləsi yarpızdan gedər, o da yuvasının ağzında bitər” atalar sözünü“Divani-lüğat-it-türk”də rastlaşdığınız “Yılan yarpuzdan kaçar, kança barsa, yarpuz utru kəlür” ifadəsinin təhrif olunmuş şəkli kimi düşünürsünüz.   

Amma belə düşünməyə tələsməyin. Əvvələn, ona görə ki, ilan heç də həmişə quraq yerlərdə, səhralarda olmur. Zooloqlar qeyd edirlər ki, onlar hər yerdə - meşələrdə, çöllərdə, dənizlərdə və dağlarda, hətta  Himalay dağlarının 4900 metr yüksəkliyində də yaşayırlar. Digər canlılar kimi onların da suya (o cümlədən yarpızın yetişdiyi məkanlardakı su mənbələrinə) həyati ehtiyacları var.

Sonrası da “Yılan yarpuzdan kaçar, kança barsa, yarpuz utru kəlür” atalar sözündəki “yarpuz” R.Əskərin də yazdığı kimi, “…əslində bitki deyil, firon siçanı imiş…İlanın zəhləsi yuvasının ağzında «bitən», yəni dikəlib duran və onu gözləyən firon siçanından, manqustdan (quş, ilan və xırda gəmiricilərlə qidalanan yırtıcıdan – İ.V.) gedirmiş...” Bizim bəhs etdiyimiz atalar sözündə isə bitkilərin bir növü olan yarpızdan (“mentha pulegium“dan) söhbət gedir.

Mütəxəssislər göstərirlər ki, mükəmməl iybilmə qabiliyyətinə malik olan ilanyarpızın qoxusuna da yaxşı bələddir.Bəs niyə ilanın belə bir gözəl və ətirli, min bir dərdin dərmanı olan bitkidən zəhləsi gedir? Bunun səbəbi nədir?

 

AMEA-nın Zoologiya İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru T.İsgəndərov İlanın zəhləsi yarpızdan gedər, o da yuvasının ağzında bitər” atalar sözünün əsaslı olduğunu qeyd edərək bildirir ki, iylə də oriyentasiya edən ilanlar onlara pis təsir edən istənilən kəskin qoxudan çəkinirlər. O cümlədən, yarpız, sarımsaq, nanə iyindən. Bu, onların kəskin iy və qoxulara qarşı həssas olmasından irəli gəlir. (Hazırda sənaye üsulu ilə kimyəvi ilanqovucuların istehsalı da buna əsaslanır.) Yarpızdan ayrılan uçucu efir yağları da çox kəskin olduğundan ilana toksiki təsir göstərir. Alim müsahibələrinin birində deyir ki, “Əgər yaşadığınız yerdə ilanın gizlənməsi, yumurta qoyması, sərinlənməsi üçün yer, qurğu varsa, …ora kəskin iyli yarpız, sarımsaq kimi bitkiləri qoymaqla ilandan qoruna bilərsiniz”. Onların qoxusu ilanlar üçün son dərəcə rahatsızedicidir. 

Digər mütəxəssislər də təsdiq edirlər ki, ilanlar daha çox mexaniki titrəmə təsirlərinə və kəskin iyə qarşı həssasdır. Ona görə də ilan süründüyü marşrutda kəskin iyə rast gəldikdə kənara gedir. Türkəçarə kimi ilandan qorunmaq üçün  onun ola biləcəyi yerlərə yarpız, nanə, sarımsaq və s., sonralar isə daha kəskin iyli digər maddələrin (kükürd, naftalin, kerosin, mazut, keçi tükü, kül və s.) qoyulması da bunu sübut edir. İlan onların spesifik iyindən çəkinir. Təsadüfi deyildir ki, xalq arasında əsrlərin sınağından çıxmış belə  inançlar mövcuddur: “Yarpız olan həyətdə ilan olmaz”, “Yarpız bitən bostana ilan dolanmaz” və s. Hətta xalq arasında yumorla deyilmiş belə bir ifadə də var: “Dərisi avtomatik olur vız-vız, İlan hər dəfə görəndə yarpız”.  Qaşqayların el şairi M.İbrahimin  “Atasın öldürən oğlunu qoyan, Olur yarpuz inən mar aşnalığı” misraları da ilan-yarpız münasibətindən xəbər verir. 

Tarixi faktlar göstərir ki, vaxtı ilə Virciniyada zərərvericiləri məhv etmək  qsədilə yarpızın qurudulmuş yarpaqlarından istifadə olunmuşdur. Pulqar yarpızı (Azərbaycanda Böyük Qafqazın şərqində, Qubada və cənub zonasında - Lənkəran ovalığında rast gəlinir.) isə o qədər məşhur bitki idi ki, hətta Kral Cəmiyyəti 1665-ci ildəonun çıngırlı ilanlara  qarşı  istifadəsi  haqqında  lsəfi  Əməliyyatlar  kitabının  birinci cildində məqalə dərc etdirmişdir.

Deməli, ilanın yarpızdan zəhləsinin getməsinin əsas səbəbi yarpızın ona  pis təsir edən kəskin qoxusu, toksik təsiridur. Sarımsaq qoxusu kimi, nanə iyi kimi. 

Beləliklə, aydın olur ki, İlanın zəhləsi yarpızdan gedər, o da yuvasının ağzında bitər” atalar sözü tam məntiqi əsasda formalaşıb. Heç də hansısa atalar sözünün təhrif olunmuş forması deyil. Onun fərqli zamanda və fərqli şəraitdə yaranmış və fərqli həyat təcrübəsini ifadə edən yeni variantıdır. Buradakı variantlaşma dildaxili və ya omonimləşmə amilləri ilə əlaqəlidir.

“Yuvasının ağzında bitər” ifadəsi isə məcazi mənadadır. Axı “atalar sözləri hər şeydən əvvəl bədii düşüncə məhsuludur və məcazi obrazlar, rəmzi deyimlər hesabına formalaşır, bu vahidlərə həmişə formal məntiq prinsipləri ilə yanaşmaq düzgün deyil”. Sadəcə olaraq, mənanı daha dərindən başa düşmək bacarığına sahib olmaq” əsas şərtdir.

Obrazlı desək, atalar səhv etməz, “Quran” yanında gedən” hər bir atalar sözünün isə öz yaradılış hekayəsi olur. Biz də belə bir hekayədən bəhs etdik. Ömrünüz həmişə yarpız kimi gözəl və xoş ətirli olsun, ilandan-çayandan uzaq olasınız!

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2025)

 

 

Четверг, 23 Январь 2025 10:31

Nuh Peyğəmbərin qəbrini tapan ilk rəssam

Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Dünən onun doğum günüydü. Qısa ömründə parlaq istedadları ilə seçilən rəssam 1892-ci il yanvar ayının 22-də Naxçıvanda ziyalı ailəsində dünyaya göz açıb. Gənc yaşlarından rəsm çəkməyə həvəs göstərən sənətkar atasının dəstəyi ilə 1910-1925-ci illərdə Tiflisdə Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Boyakarlıq və Heykəltaraşlıq Məktəbini oxuyaraq bitirir.

O, ilk dəfə milli təsviri sənətimizdə realist boyakarlığın əsasını qoyur. Onun kömür, karandaş və yağlı boya ilə yaratdığı əsərlər bu gün dəyərli eksponat kimi muzeylərin incisinə çevrilib.

 Qısa ömründə 7 il peşəkar yaradıcılıqla məşğul olan rəssam yüzlərlə rəsm, portret, mənzərə, natürmort çəkərək ölümsüzləşdirib. İdeya və məzmununa görə bu günlə tam səsləşən “Qaçqınlar” silsiləsinə daxil olan portretləri canlılığı, reallığı və ifadəliliyi ilə fərqlənir. Rəssam bu silsilə əsərlərdə qaçqın uşaqların simasında yurd həsrətini və gözlərindəki  qüssə və kədəri çox böyük ustalıqla əks etdirib. Rəssam ölkəsinə edilən bütün haqsızlıqları da böyük ürək yanğısı ilə əsərlərində ifadə edib. Onun “Minarəsi dağılmış məscid” əsərində  dövrün erməni vəhşiliyi bütün çılpaqlığı ilə göstərilib.

Rəssamın yaradıcılığı təbiət gözəllikləri, mədəniyyət abidələri, ilin fəsillərini əks etdirən qiymətli əsərləri özündə ehtiva edir. 1921-ci ildə Naxçıvanda İnqilab Komitəsinin təşəbbüsü ilə rəssamın 500 əsərindən ibarət sərgi təşkil olunur. Daim ehtiyac içində olan rəssam, sərgidən əldə etdiyi pulların üçdə birini uşaq evinə bağışlayır.

 

Mən gördüyüm bu qəribə aləmi rənglərlə təsvir edirəm

Həyat və yaradıcılığını realist mövqedən dərk edib canlandıran rəssam özünün estetik amalını aşkarlayaraq deyirdi: “Mən gördüyüm bu qəribə aləmi rənglərlə təsvir edirəm. Ancaq yenə də o çəkdiyim şeyin eyni ola bilmir. Mən çalışıram elə rəsm çəkim ki, o həmin şeyin eyni ola bilsin”.

O həm də Azərbaycan realist rəssamlığının banisidir. XX əsrin əvvəllərində yağlı boya ilə Naxçıvan şəhərindəki Nuh Peyğəmbərin qəbrini naturadan 6 dəfə şəklini çəkib. Əsərdə Nuh Peyğəmbərin türbəsi ilə yanaşı, türbənin yerləşdiyi ərazi də təsvir edilib. Əsər tarixi-abidələr janrına aiddir.

Qeyd edim ki, Naxçıvan şəhərində ucaldılan Nuh Peyğəmbərin məzarüstü abidəsi həmin rəsm əsərlərinə istinadən təyin olunan yerdə qazıntılar zamanı tapılmış məzarüstü abidənin qalıqları üzərində ucaldılıb.

Bu gün görkəmli rəssamın əsərləri bir çox dövlət muzeyində və şəxsi kolleksiyalarda saxlanılır.

Bədəncə zəif və mülayim təbiətli, yumşaq xasiyyətli, çalışqan və işgüzar ziyalı qısa həyatı boyu maddi və mənəvi çətinliklərə məruz qalmış rəssam 1922-ci il fevral ayının 7-də 30 yaşında ciyər xəstəliyindən dünyasını dəyişib.

Rəssama ən yüksək dəyəri isə Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident cənab İlham Əliyev verib.

Dünən onun 133-cü doğum günüydü. O, qısa həyatında, sadəcə, bu adla yaşadı, yaratdı və tanındı… Bəhruz Kəngərli

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2025)

 

 

Kübra Quliyeva və Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

 

"Bəzi xatirələr silinməz, əzizim. Onlar zamanın amansız axışına rəğmən qəlbinin bir guşəsində kölgə kimi qalır. Bəzi yaralar isə zamanla köz bağlayır, amma gecənin ən səssiz, ən kimsəsiz qaranlığında o yaranın sızısını hiss edirsən. Elə bir an gəlir ki, o yara səni öz dərinliyinə çəkir, nəfəsini kəsir, səni içində boğur.

 

Qaçmaq istəyirsən. Keçmişdən, xatirələrdən, səni yaralayan hər bir şeydən gizlənmək istəyirsən. Gözlərini yumursan, zülmətə sığınırsan, amma zülmət səni aldada bilmir. Orada ürəyinin döyüntüsü qulaqlarında bir inilti kimi səslənir, nəfəsin daralır, ruhun çırpınır. Elə o an bir həqiqəti dərk edirsən:

Səndə yara açan adam sənə yar olmadan səni yarımcan edib.

 

Sonra həyat davam edir, amma sən eyni qalırsan. Eyni təbəssüm, eyni hissiz baxışlar, eyni qanayan qəlb. Hər şey dəyişir, amma içindəki o boşluq dəyişmir. Hər dəfə həmin xatirələr o yaraya toxunanda bir az da dərinə batır, səni özünlə döyüşməyə vadar edir."

 

Bu nitqdən– təsəllidən sonra Kübra cavab gözləmədən telefonu söndürdü. Bəlkə də eyni problemi fərqli şəkildə yaşayan iki şəxsiyyət idik. Bəlkə tamamilə zidd olduğumuz üçün ruhlarımız öznü biri-birinə yaxın hesab edir. Bəlkə də düşündüklərimiz ciddi ruhi sarsıntıdır. Bəlkə mən dəliyəm. Amma dəlilik birşeylərin fərqində olmaqdır. Buna görə mən təcrid olunmuş, o isə məndən fərqli olaraq daha içdən yaşayır. Mən bunlara qətiyyən cavab tapa bilmirəm. 

Qeyri ixtiyari olaraq Kübranın telefon qeydlərindən göndərdiklərini oxuyuram. Bu sözlər isə sanki daha dərinlərə, qəlbimin heçkəsin, girməyi boş ver, toxunmağa belə cəsarət eləmədiyi yerlərə gedib çıxır.

 

"Mən səni silə bilmirəm, əzizim. Sanki hər kəsdən və hər şeydən fərqlisən. Bəlkə də, sənçün artıq yoxmuşam, bəlkə düşmənsən mənə, ya da nifrət edirsən. Həqiqət nədir, bilmirəm. Bəlkə də, peşman olub özünə haqq qazandırırsan, ya da çoxdan unutmuş, bir yalanla özünü təsəlli etmisən.

 

Mən səndəki yerimi bilmirəm, heç bilmək də istəmirəm. Amma məndəki yerin...

O yer gecənin ən müqəddəs vaxtında, səmaya yönəlmiş əllərimin arasında qaldı.

Səni bir dua kimi saxladım, əzizim. Dualar səmadan silinərmi?"

 

O, bu mətni kimə ithaf edir, bilmirəm. Amma məndə– mənim qəlbimdə çox şeyləri tətikləyir. Qəlbimdə olan eşq alovunu söndürə bilmirəm. Tanrının verdiyi empatiya lənəti kimi, məhəbbət lənətiylə də ovsunlanmışdım deyəsən. Bunun fərqindəyəm, amma lənət olsun ki, bu lənətə asılı olmuşam..

 

Əvvəl bir qədəh vodka, üzərindən isə likörlə ruhumu bircəmin yanına apardığdan sonra səsyazmanı açıram:

  –Bəzi xatirələr silinməz, Bircəm. Onlar zamanın amansız axışına rəğmən qəlbin bir guşəsində kölgə kimi yaşayır. İnsan bəzən həmin xatirələri silmək istəyir, amma anlayır ki, unudulmaz olan yalnız xatirənin özü deyil; onun yaratdığı ağrı və boşluqdur. Bu ağrı, bəzən, səni öz içinə çəkən bir qaranlıq kimidir. Gecələr isə o qaranlığın hökm sürdüyü vaxtdır. Gecələr hər şey susar, amma xatirələr danışar.

Bilirsən, Bircəm, gecələr mənim üçün həm səssizlik, həm də hayqırışlarla doludur. Hər sükutda sənə dediyim "hər şeyimsən" sözlərinin əks-sədasını eşidirəm. Amma sən gülərək "not dəftərin də?" deyirdin. Bu qədər sadə bir cümlə necə bu qədər dərin bir yara buraxa bilir axı? O sadə sualın içində necə dərin bir boşluq gizlənə bilərmiş! Sən mənim rənglərim idin, amma rənglərim sənin üçün sadəcə bir təsadüf idi.

İnsan gecələrdən qaçmağa çalışır, amma gecələr insanı buraxmır. Gecələr suallar doğurur: Mənim sənə bağlanmağımın səbəbi nə idi? Səni sevərkən özümün hansı hissəsini itirdim? Mən səni sevirdim, yoxsa səni sevməklə öz içimdəki boşluğu doldurmağa çalışırdım? Bu suallar gecələrin ən sakit anlarında ürəyimi sıxır. Niyə sən mənə yar olmadan, məni yarımcan edib getdin?

Mən səni bir dua kimi saxladım. Halbuki dua edən biri deyiləm. Dualar, insanın öz acizliyini etiraf edib sığınmağa çalışdığı bir təsəllidir. Dua etmək, özünlə başa çıxa bilmədiyin üçün göylərə ümid bağlamaq deyil? Mən isə acizliyimi qəbul edə bilmirdim. Amma səni bir dua kimi saxladım, çünki sən mənim həyatımın ən müqəddəs yanlışı idin. Dualar göylərə yazılır, amma bəzən insan öz dualarını öz içində kilidləyir. Mənim dualarım sən oldun. Çünki, sən mən ruhuma toxunan yeganə həqiqət idim. Və indi sən məndə qalmısan – keçmişin kölgəsi kimi.

 

Darıxmaq... İnsan darıxanda əslində nə üçün darıxır, bilirsən? Darıxmaq insanın özündən qaçmaq istəyinin ifadəsidir. Mən sənin üçün darıxmıram, Bircəm. Mən sənə aid olan xatirələrimdə özümü itirdiyim üçün darıxıram. O xatirələrdə yaşadığım sevinc, kədər və hətta boşluq... Onların hər biri indi mənim kimliyimin bir parçasıdır.

Sənə yenidən baxsaydım, sənə isti bir baxış, amma soyuq bir təbəssüm hədiyyə edərdim. Çünki indi bilirəm ki, sevgi yalnız sevən tərəfin yüküdür. Mən səni sevdim, amma sən heç vaxt mənim sevgimi hiss edə bilmədin. Mənim rənglərim sənin üçün yalnız kölgələrdən ibarət idi.

Bəzən düşünürəm: Sən məni heç anlamadın, yoxsa mən səni yanlış anladım? Bəlkə də, sevgi yalnız yanlış anlamaların harmoniyasıdır. Mən sənin mənim üçün nə qədər vacib olduğunu sənə deyə bilmədim. Sən isə mənim həyatımda necə dərin bir iz buraxdığını anlamadın. Bu izlər zamanla sağalacaqmı, yoxsa onlar mənim həmişəlik həqiqətim olaraq qalacaq?

Sən mənim həqiqətim idin, Bircəm. Amma həqiqət həmişə insanın üzərinə ağır bir yük gətirir. Mən bu yükü daşıyıram, çünki xatirələrdən qaçmaq mümkün deyil. Onlar insanın kimliyinin bir parçasıdır.

Dualar səmadan silinərmi, Bircəm? Yoxsa dualar yalnız insanın içində, zamanın qaranlığında köz kimi yanmağa davam edər? Mən səni unutmaq istəmirəm, çünki sən mənim ən unudulmaz xatirəmsən. Amma xatirələr bəzən insanın həqiqi özünü boğan ən dərin zəncirlərə çevrilir. Mən bu zəncirləri qırmağa çalışıram, amma hər dəfə sənin adınla yenidən bağlanıram.

Sən mənim gecələrim idin, Bircəm. Gecələrim və suallarım. Və indi mən yalnız bir həqiqəti bilirəm: İnsan, hər şeydən qaça bilər, amma xatirələrdən yox. Xatirələr isə xəyal dünyamızda qaldı.

Deyəsən elə kinoda da düz deyirdi:

-Qaça biləcəyimiz yeganə yer, xəyal dünyamızdır.

 

Bu sözləri öz özümə deyirəm. Çünki bunları ona deməyə cəsarətim yoxdur..

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2025)

Ötən gün İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun 115 illik yubileyi tamam oldu. Gənc nəsil üçün vətənpərvərlik və qəhrəmanlıq nümunəsi olan Həzi Aslanovun xatirəsinin yaşadılması məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Əfsanəvi sərkərdə, unudulmaz qəhrəman” adlı vəsait və virtual kitab sərgisi hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, hazırlanan materiallarda vaxtilə Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının tam mətni, general Həzi Aslanovun həyat və hərbi fəaliyyətindən, İkinci Dünya Müharibəsi zamanı nümayiş etdirdiyi misilsiz qəhrəmanlıqdan bəhs edən “İkinci Dünya Müharibəsinin “dəmir pələngi”” başlıqlı mətn, layiq görüldüyü orden, medal və fəxri adlar, xatirəsinin əbədiləşdirilməsi haqda məlumatlar təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan vəsaitdə general Həzi Aslanova həsr olunmuş əsərlərin, həyatının motivləri əsasında çəkilmiş filmlərin siyahısı, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər də yer alır. “Əfsanəvi sərkərdə, unudulmaz qəhrəman” adlı vəsaitdə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov haqda dərc edilən məqalələrin, virtual kitab sərgisində isə “Həyatı ilə əbədi şöhrət qazanan böyük sərkərdə”, “Azərbaycan SSR 1941-1945-ci illər müharibəsində”, “Sərkərdənin taleyi”, “Vətənin şöhrətini ucaldanlar”, “Qəhrəman Həzi” kimi kitabların biblioqrafik təsviri və qısa annotasiyası sərgilənir.

Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun 115 illik yubileyi ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.