
Super User
Gilas mürəbbəsi - HEKAYƏ
Jalə İslam, “Ədəbiyyat və incəsənət”
Xatırlayıram ki, mən uşaq olanda bütün ad günlərimdə həyəcandan gecəni yata bilmirdim. Qorxumdan səsimi də çıxarmırdım ki, anam yatmadığımı anlayıb əsəbləşməsin. Doğum günüm əslində ayın iyirmisi olmasına baxmayaraq həmin il on doqquzu axşamı bütün ailə toplaşmağı qərarlaşdırmışdıq. Çünki atamın sabah işi ilə bağlı səfəri var idi. Yenə anamın dadlı yeməklərinin qoxusu evi öz ağuşuna almışdı. Birdən anamın narahatlıqla səksəndiyini duydum. Mətbəxə doğru qaçdım və onun əlinin qırmızı rəngə boyandığını gördüm. Ondan nə baş verdiyini soruşanda isə gilas mürəbbəsini səhvən əlinə tökdüyünü bildirdi. İndi anlayıram ki, həqiqətən də, uşaq ağlının inana biləcəyi ən böyük doğru doğmalarının yalanıdır.
Atamın evə gəlməsinə artıq iki saat qalmışdı. Mən isə pəncərədən onun gələcəyi yola göz dikirdim. Xəyal edirdim ki, bir müddət sonra bu yol atamın addımları ilə lərzəyə gələcək.Xəyal edirdim ki, iki saat sonra tortumun şamlarını ailəmin alqış sədaları altında söndürəcəyəm və diləklərimi sönən şamdan deyil, atamdan istəyəcəyəm. Ondan gələn dəfə səfərə gedərkən məni də özü ilə bərabər aparmasını söyləyəcəyəm.
Vaxt və zaman yetişdikcə daha da həyəcanlanır, özümə yer tapa bilmirdim. Fəqət kövrək qəlbim hər şeyin bu dəfə bir az fərqli olacağını mənə sanki söyləməyə çalışırdı. Atam bizim zənglərimizin heç birinə cavab vermirdi. Mənim həyəcanım isə yerini təşviş və kədərə təslim edirdi. Küçələrin üsyanı, insanların fəryadları, anamın gözlərimin içinə baxaraq hələ də mənə, "Hər şey yaxşı olacaq"-yalanını danışması və s. Hiss edirdim, bir şeylər ömür xəzinəmdən oğurlanır, unudulur, yeri viran qalırdı. Heç nəyi anlamasam da, zamanın ən qəddar düşmən olduğunu və artıq saatın 00:00 olduğunu anlayırdım. İndi mənim üçün ən inandırıcı yalanları bir-biri ardınca söyləyən anamın belə doğruların arxasına gizlənməkdən başqa çarəsi yox idi. Küçənin fəryadı, ahı-naləsi şiddətləndikcə anamın da qorxusu qollarına güc qatırdı və o güclə məni bağrında yoxa çıxarırdı.Hiss edirdim ki, bu gecənin qaranlığı məni öldürməsə belə, anamın bağrı mənə məzar olacaq. Onun əli yenə qıpqırmızı idi. Gözümü gözünə dikərək,-"Deyəsən, mürəbbəni yaxşı təmizləməmisən"-dedim. Sonra ikimiz də susduq.
Bu qara gecənin səhəri üçün buludlar səmada dövrə vurur, nalədən bezən şəhər küçələri vaxtsız-vədəsiz öz yasını elan etmişdi. Səhər saat 11:00 radələrində atamın mərkəzi xəstəxanada olduğu xəbərini aldıq və qonşumuzun köməyi ilə oraya getməyi bacardıq.
Bəzi anlara yetişə bilmədiyimiz təqdirdə nəticədə qazanılan hər ağrı-acı ölüm gücündədir. Həmin gün bunu anlamışdım. Anam məni qapının ardında qoyaraq otağa daxil oldu. Mən isə pərdənin örtməyi bacarmadığı pəncərə kənarından atamın cansız bədənini seyr edirdim. Hər zaman onu pəncərə kənarından əzəmətli yerişinin heyranı olaraq seyr etsəm də, bu gün həmin o əzəmətin varlığına özümü inandırmaq üçün seyr edirdim. Sonra öz-özümə səslənirdim ki, artıq sadəcə atanla deyil, incə qəlbinlə də vidalaşmağın vaxtı gəlib çatıb.
Anam otaqdan çıxdığı zaman gözlərimlə onun yorğun simasını süzərək soruşmuşdum:
-Ana, atamın üzərinə gilas mürəbbəsi tökülüb?
Bu vaxt həkim otaqdan çıxaraq tibb bacısına səsləndi:
-Qeyd et, ölüm saatı 12.00.
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)
Nebulalar: Kainatın möcüzələri və mənəvi dərinliklər
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Nebulalar, kainatın ən valehedici və sirli təzahürlərindən biridir. Onlar təkcə elmin diqqət mərkəzində deyil, həm də fəlsəfi və dini düşüncələrdə öz yerini tapır. Bu qaz və toz buludları həm kosmosun yaradılış hekayəsini, həm də insanın kainatdakı rolunu araşdırmaq üçün bir açar rolunu oynayır.
Nebulaların təsnifatı və gözəlliyi
Nebulalar müxtəlif növlərə bölünür və hər biri fərqli proseslərin və dövriyyələrin nəticəsidir:
1. Ulduzəmələgəlmə nebulaları: Orion Nebulası kimi bu tip nebulalar, yeni ulduzların doğulduğu kosmik beşiklərdir.
2. Planetar nebulalar: Günəş kimi ulduzların son mərhələsində meydana gələn qaz halqalarıdır, məsələn, Helix Nebulası.
3. Supernova qalıqları: Partlayış nəticəsində meydana gələn nəhəng parlaq strukturlar, Krab Nebulası kimi.
4. Qaranlıq nebulalar: İşığı udaraq öz mistik görünüşü ilə diqqət çəkən Atbaşı Nebulası buna nümunədir.
Nebulaların rəngləri onların tərkibini əks etdirir: hidrogen qırmızı, oksigen mavi-yaşıl, azot isə sarı-narıncı tonlarda görünür. Bu rənglər təbiətin unikal bir sənət əsəri kimi hər nebulanı təkrarolunmaz edir.
Elmi və mənəvi əhəmiyyəti
Nebulalar kainatın yaranması və inkişafı haqqında elmi məlumatları öyrənmək üçün bir laboratoriya rolunu oynayır. Onların tərkibi və strukturları kainatın kimyəvi tərkibini, ulduzların həyat dövrlərini və kainatın yaşını anlamağa kömək edir.
Dini və fəlsəfi baxımdan isə nebulalar Yaradanın qüdrətinin və kainatdakı nizamın göstəricisi kimi qəbul edilir. İslamda Allahın göyləri və yeri bəzədiyi vurğulanır:
"Doğrudan da Biz ən yaxın göyü ulduzlarla bəzədik..." (Saffat, 6).
Nebulalar bu "bəzəklərdən" biri kimi, ilahi qüdrətin və sonsuzluğun təzahürüdür.
Fəlsəfi perspektiv
Nebulalar həm də fəlsəfi suallar doğurur:
İnsan bu nəhəng kainatda nə qədər kiçikdir?
Ulduzların yaranma və sönmə dövriyyəsi həyat və ölümün dərin fəlsəfəsinə işarə edirmi?
Kainatın sonsuzluğu və gözəlliyi insanın Yaradanla və özü ilə əlaqəsini necə dərinləşdirir?
Bu suallar nebulaların sadəcə kosmik strukturlar deyil, həm də mənəvi və intellektual düşüncəyə ilham verən varlıqlar olduğunu göstərir.
Nəticə
Nebulalar, elmi, fəlsəfi və dini düşüncələrin kəsişdiyi nöqtədə durur. Onlar kainatın yaradılışı haqqında məlumat verir, insanın yerini və mənasını sorğulayır və Yaradanın sənətkarlığını nümayiş etdirir. Nebulalara baxmaq, sadəcə göyün gözəlliyini izləmək deyil, həm də kainatın dərinliklərinə ruhani bir səyahət etməkdir.
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)
MƏŞHURLARLA ÜZBƏÜZ – Bu qədər təmkinli, səbirli olmaq Fərqanə Qasımova üçün çətin deyil ki?
“Ədəbiyyat və incəsənət” portalının Məşhurlarla üzbəüz rubrikasında növbəti suallar Respublikamızın əməkdar artisti, xanəndə, Prezident Mükafatçısı Fərqanə Qasımovaya ünvanlanmaqdadır. Rubrikanı Aysel Kərim aparır.
Çox təmkinli, səbrli insan təsəvvürü yaradırsınız. Belə xarakterlə bu dövrdə sizə çətin deyilmi?
Bəli düz qeyd etdiniz görünüşümlə xatakterim üst-üstə düşür. Doğurdan da o cür insan tipindəyəm. Və bunu çox düz təhlil etmisiniz elə gördüyünüz kimiyəm. Həqiqətən də təmkinli və səbrli insanam. Əlbətdəki hamının bu formadan çıxmaq obrazı da olur. Necə deyim qarşısındakı insana qarşımı, hansısa bir təpkiyə qarşımı ola bilir. Amma çox nadir hallarda mənim əsəbi, səbrsiz vaxtlarım olur. Deyə bilmərəm ki, mən ömür boyu səbrliyəm. Bu heç düzgün olmaz. O bir söz var üzür istəyirəm deyirlər gərək həyası olmayan biri olasan ki, işlərin qabağa getsin. Amma elə deyil. Yenə də deyirəm ki, Allah bizə nəyi yazırsa onu da yaşayırıq.
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)
Vəzifəpərəstin dilindən – SATİRİK HEKAYƏ
“Ədəbiyyat və incəsənət” portalı yazıçı, dramaturq Ağalar İdrisoğlunun “Vəzifəpərəstin dilindən” adlı satirik hekayəsini təqdim edir.
Atam-qardaşım, nə yapışmısız mənim yaxamdan? Bəli, vəzifəpərəstəm. Niyə də olmayım? Bu gün, bu zəmanədə yaxşı pulun, vəzifən yoxdusa, sən heç kimə lazım deyilsən. Sən heç kimsən, atam-qardaşım. Bəlkə elə deyil? Vəzifən yoxdusa, sənin nə dostun var, nə tanışın, nə məşuqən. Heç evdə arvad da, uşaqlar da üzünə dürüst baxmırlar. Səni saya salmırlar.
Sizinkini bilmirəm, mən vəzifədən çıxanda, pulum olmayanda bizim arvad üzünü elə turşudurdu ki, elə bil rəhmətlik dədəsini mən öldürmüşdüm. Axşam da o söz... Dalını çevirirdi mənə, xorhaxorla yatırdı. Uşaqlar da mənimlə dilucu, xalaxətrin qalmasın deyə danışırdılar.
Hə. Vəzifəsiz olmağın ləzzətini bir dəfə mən də görmüşəm, atam-qardaşım. O vaxtlar vəzifəsiz qaldığım altı-yeddi ayda mən çəkdiyimi heç düşmənimə də arzu eləmirəm... İllərlə mənimlə adicə görüşmək üçün növbə gözləyənlər, sağlığıma badələr qaldırmaqçün bir-birinə aman verməyənlər, mən vəzifədən çıxandan sonra daha gözə dəymədilər... Hətta “Toplan” adlı itim öləndə yüzlərlə adam yanıma gəlib, itə görə utanmadan baçsağlığı da verdilər. İti tərifləyib göylərə də qaldırdilar. Amma indi özüm “ölmüçdüm” bu köpək uçaqlarından biri də gözə dəymirdi... Heç soyuşan yoxdur ki, “ Abdul eşşəyin hardadır”. Ay Allah... Biz necə unutqan, yaramaz camaatıq... Görəsən Yer üzündə bizim kimi nüsxə varmı? İnanmıram ki, ola...
Nə başınızı ağrıdım, köhnə hökumət gedib, təzəsi gələndə on beş naziri işdən hopdum çıxardı. Mən də getdim “çujoy poxmel”. Yəni o biri hökumətin adamı olsam da, bunun hakimiyyətə gəlməsi üçün dəridən-qabıqdan çıxırdım. Çünki o köhnə hökumət işinin öhəsindən gələ bilmirdi. Anarxiya, xaos baş alıb gedirdi... Hakimiyyətə gəlmək istəyən bu biri isə həm səriştəli, həm də mənim eloğlum idi. Fikirləşirdim ki, ətimi yesə də, sümüyümü çölə atmaz. Amma atdı... Özü də propka kimi.
Vəzifədən çıxarıldığım birinci günü adətimcə tezdən durub yuyundum. Üzümü qırxıb, geyindim. Dedim heç olmasa, bu sürücü zalım oğlu Zahir bir insaflı olar. O da mənimlə bir blokda yaşayır. Bir mərtəbə yuxarıda ev alıb vermişdim ona. Gözlədim ki, indi gəlib qapının zəngini basıb, heç olmasa, soruşacaq ki, ay müəllim, bəlkə harasa getmək istəyirsiz? Ya da sizə nə isə alıb gətirmək lazımdı... Ayaq səslərindən hiss elədim ki, düşdü aşağı. Çıxdım eyvana. Gördüm ki, mindi maşına, heç başını da yuxarı qaldırıb, mənə salam vermədi. Maşını xoddayıb getdi təzə nazirin dalınca... Hirsimdən başım gicəlləndi. Az qaldım ki, yıxılım, tez tutdum məhəccərdən və öz-özümə dedim:
- Ay dadi-bidad... Bu əbləhi mən gətirib adam elədim. Yetimin biri idi. Bu cür ceyran kimi “Volqa” maşınını, sonra da QAZ-31-i verdim ki, sür. Toyunu elədim. Ev alıb verdim.
Yadıma düşdü, bu əbləh oğlu hərdən mənə deyərdi:
- Ağamir müəllim, atam anamı fahişəlik üstündə atıb gedib. Uşaqlıqdan atasız qalmışam. Sağ olun ki, siz mənə ata olduz. Məni kişi elədiz. Ölənəcən sizi yaddan çıxarmaram. Quran haqqı düz sözümdü...
Fikirləşdim ki, ay dadi-bidad... Gör mən necə yanılmışam. Atalar düz deyib: “Fahişədən ancaq belə dəyyus törəyə bilər...”
Bu vaxt şöbə rəislərindən biri Doydaq Saməddin blokdan çıxıb getdi öz maşınına sarı. Əynində mənim plaşım. Cəmi bir dəfə geymişdim. Xoşuma gəlmədi, bağışladım ona. Mənə “dayı” deyirdi. Şənimə yüzlərcə tostlar, şeirlər qoşurdu. Özü də tez-tez deyirdi:
- Ağamir müəllim, mən altıncı sinifdə oxuyanda atam və əmim haqqında imzasız şikayət məktubu yazmışdım Leninin movzoleyinə. Onları işdən çıxartdırmışdım... Məndən hamıya qarşı hər cür nakişilik gözləmək olar... Ancaq sizə heç vaxt pislik eləmərəm. Siz mənə atamdan da, qohumlarımdan da çox yaxşılıq eləmisiz. Sizin sayənizdə belə vəzifəm var. Sizin sayənizdə özümə toy eləmişəm. Ev, bağ, maşın almışam. Özümün biznes işlərimi qurmuşam. Mən bu mərtəbəyə ancaq sizin sayənizdə qalxmışam. Əgər sizə pislik eləsəm, bihörmət iş tutsam, qoy Allah məni əbədilik kor eləsin. Anamın südü haramım olsun.
Öz-özümə dedim:
- Ay dadi-bidad... Bu küçük elə bir az sərxoş olan kimi özü deyirdi ki, məndən hər cür nakişilik gözləmək olar. Bəs mən niyə başa düşmürdüm?
Fikirləşirdim ki, sərxoşdu belə deyir. Nazirliyin çoxlu sirlərini danışırdım ona, bacıoğlu kimi... Demə o da mənim danışdıqlarımı ötürürmüş yaxarılara...
Bu vaxt Qara Məhərrəm çıxdı blokdan. Hansı ki, mənim sayəmdə adi işçidən nazir müavinliyinə qədər yüksəlmişdi. Həmişə də mənə deyərdi:
- Sizin kimi xeyirxah, müdrik adam olmasaydı, yəqin indi mən heç kim idim. İndi hardasa it döyürdüm. Sizin yaxşılığınızı unutsam, onda mən kişiliyimi itirmiş olaram. Onda mənə hansı sözləri desəniz, qəbulumdu, Ağamir müəllim.
Hiss elədi ki, mən eyvanda durub ona baxıram, başını qaldırıb Allahın salamını da vermədi mənə. Xidməti maşınına mindi. Sürücü maşını yelli sürüb getdi.
Fikirləşdim ki, bu Qara Məhərrəmi necə adlandırım. Axı, özü demişdi: “Sizə namərdlik eləsəm, hansı söyüşlə istəsəniz, məni söyün”. Yadıma düşdü ki, bunun arvadının ayağı “sürüşkəndi”. Hətta arvadının anasının da, bacılarının da “xəmiri sıyıqdı”... Qara Məhərrəmin arvadı da həmişə dəridən-qabıqdan çıxıb, min cürə oyunlar qurub ki, mənə yaxın olsun. Ancaq mən belə işi öz şənimə, şəxsiyyətimə sığışdırmamışam. Öz işçimin arvadına pis gözlə baxmamışam. Hətta bir dəfə məcbur olub, Qara Məhərrəmin arvadına bu fıkrimi açıq-saçıq da demişəm. O da bu sözlərimə görə məndən acıq eləyib. Sonra da açıq-saçıq deyib: “Ağamir müəllim, mənim kimi belə gözəl xanımdan, belə gözəl candan istifadə eləmədiyinə, mənimlə kef çəkmədiyinə görə vaxt gələcək peşiman olacaqsan. Onda da gec olacaq”... Başıma bir qapaz vurdum.
- Bu da sənə azdı, Ağamir. Bax, o vaxt əgər sən Qara Məhərrəmin arvadını özünə məşuqə eləsəydin, indi belə də yanmazdın...
Bu vaxt blokdan Ceyran xanım çıxdı. O, bu gün əvvəlkindən də bərli-bəzəkli geyinmişdi. Yəqin özünü təzə nazirə sevdirmək üçün... Hiss elədi ki, mən eyvanda dayanmışam. Heç başını qaldırıb yuxarı da baxmadı. Hə... Atam-qardaşım, Ceyran bu hərəkətilə ürəyimin başına elə köz basdı ki, lap infarkt elədi məni. Gözlərim qaraldı... Qulağımda onun gecələr intim vaxtlarımızda həzin, lirik səslə dediyi sözlər cingildədi:
- Mənim bəyim, sahibim, ömrüm-günüm... Can yoldaşım... Aşqım. Arxam, dayağım. Sənsiz bu dünyada yaşaya bilmərəm. Danışıb gülmərəm. Hicrandan ölərəm, ölərəm...
Hicrandan da ölmədi Ceyran xanım. Bu gündən təzə nazir üçün doğuldu. Bu gündən yəqin ki, bu sözləri, bu mahnını təzə nazir üçün oxuyacaqdı Ceyran xanım...
Bu vaxt bir xarici, bahalı maşın gəldi. Ceyran xanım nazlana-nazlana mənə yandı-yandı verə-verə həmin maşına minib getdi... Ay dadi-bidad... Ceyran da mənə nankor, naxələf çıxarmış... Dağılasan belə dünya, necə ki, dağılırsan... Mən ki, vəzifədən cəmi bir gündü çıxmışam. Ağ atın belindən bir gündü düşmüşəm. İlahi, adamlar niyə belə nankor, nanəcib, namərd, naxələf, bişərəf olurlar? Bu nə dünyadı? Bu nə zəmanədi?..
... Beləcə mənim çörəyimlə kişi olub, kişi cərgəsinə, arvad olub arvad cərgəsinə qarışanlar bir-bir binadan çıxıb, getdilər işə. Mən də papirosu-papirosa calayıb heykəl kimi durdum eyvanda. Yada saldım olub-keçənləri... Təmənnasız xidmətlərimi. Əvəzini gözləmədən verdiyim tonlarla çörəkləri... Pulsuz-parasız vəzifəyə yüksəltdiyim adamları...
... Beləcə üç ay ötdü, atam-qardaşım. Çıxdım hamının yadından. Düşdüm hamının dilindən, nəzərindən. Unuduldum bir sinif kimi. Arvad, uşaq tənəsi də bir yandan. Arvad zalım qızı da yağsız araba təkəri kimi əcaib-qəraib səslə elə hey deyinir, məni yamanlayırdı:
- Budu sənin çörək verdiyin adamlar? Budu sənin yaxşılıq etdiklərin? Budu sənin çörəyinin duzu? Get, ağlın tökülsün... Milyonları xərclədin onlara.. Axırı nə oldu?.. Kim qədrini bildi? Kim qiymət verdi sənin xeyirxah işlərinə?.. Elə bilirdin sənə qızıldan heykəl qoyacaqlar? Həy...
İllərlə mənimlə çörək kəsən, mənə həmişə qardaş deyən keçmiş dostlar da harasa buxarlanmışdılar… Bir köpək oğlu zəng vurub soruşmurdu ki, ölmüşəm ya qalmışam. Bir yandan da keçmiş işçilərim, mənə belə “qan uddururdular”…
Gördüm yox. Bu binada qalsam, ürəyim partlayacaq. Dərd məni öldürəcək. Hər dəfə məni belə tez unudan namərd, köhnə işçilərimi görəndə, gedib o dünyalıq olub gəlirdim... Ona görə də o binadakı bərli-bəzəkli evlərimi dəyər-dəyməzinə satıb, köçdüm başqa yerə. Ancaq vəzifəsiz də dözə bilmirdim qardaş... Bərli-bəzəkli kabinetim, rəngbərəng telefonlar, o yaltaq sifətlər, eyş-işrət məclisləri tez-tez yuxuma girirdi, atam-qardaşım. Hövlnak yuxudan ayılırdım, görürdüm ki, evdəyəm, yanımda da keçmiş məşuqələrim yox, arvad uzanıb. Az qalırdı başıma hava gəlsin. Gördüm yox, belə yaşamaq mümkün deyil. Ürəyim partlayacaq. Xosunvay olacam... Onu da yaxşı bilirdim ki, indiki hökmdar da pulu, rüşvəti, yaltaqları, ona məddahlıq eləyənləri çox sevir. Bir ay get-gəldən sonra özümü birtəhər dürtdüm ey onun qəbuluna. Yalvar-yaxar girdim yanına...
Hə, atam-qardaşım, mən də qoşuldum axına, unutdum kişiliyi, təmiz adı, vicdanı, qeyrəti. Fikirləşdim ki, bunlar elə mənə qalıb?.. Açdım sandığı, tökdüm pambığı...
Köhnə iqtidar haqda nə gizli, xalq bilməyən sirlər, nə əməllər vardısa, açdım hamısını qoydum ortalığa. Sənə zarafat gəlməsin, mən köhnə iqtidarda əsas aparıcı nazirlərdən biri idim. Bütün dövlət sirlərini, gizli planlarını yaxşı bilirdim. Bir az da üstünə əlavələr eləyib dedim. Hətta onu da danışdım ki, kimi nəyə görə tutmaq olar, kimin nə günahları var, kimin hansı xarici banklarda nə qədər pulları var. Kim hansı ölkənin şpionudu. Kimin harda malı, mülkü var. Kimlər-kimlərlə oturub-durur... Əlqərəz xoruz səsi eşitməyən xəbərlər… Sonra da diz üstə çökdüm qarşısında təzə iqtidarın, təzə hökmdarın və başladım ağlamağa, yalvarmağa... Bir yarım saat ağlayıb, yalvarandan, sıtğayandan sonra gördüm kişinin sifəti dəyişdi. Başladı gülümsünməyə. Dedim, Allah, sənə min şükür. Deyəsən yönü bəridi. Mənə diqqətlə baxıb, bığaltı gülümsündü və dedi:
- Sən ki, hər şeyi belə açıq-açığına dedin, xoşum gəldi səndən. Yaxşı, bağışladım səni. Keçdim günahlarından. Bir babat iş də verəcəm sənə. Yaxşı vəzifən olacaq. Ancaq bu gündən sonra gərək mənə işləyəsən.
- Nə desəniz, hazıram əlahəzrət, - deyə sevincdən ağladım.
- Bizim bu söhbətimizi heç kim bilməməlidi. Soruşan olsa de ki, elə-belə getmişdim yanına. Heç bir söhbətimiz olmayıb. Heç səni guya mən, qəbul da eləməmişəm. Sonra da bir müxalifət partiyası, bir müxalifət yönlü qəzet yarat. Maliyyə sarıdan korluq çəkməyəcəksən. Ara-sıra məni də yüngülvari tənqid elə. Qoy başa düşməsinlər ki, mənə işləyirsən. Bu da bir siyasət oyunudu. Sizin əvvəlki bədbaxt hökumət bunu bilmədiyinə görə çox yaşamadı...
- Baş üstə. Öl desəniz, ölərəm, qal desəniz, qalaram. Həmişə sizə sadiq olmağıma and içirəm, əlahəzrət. Ey Yer üzünün Allahı. Parlaq günəşi.
- Özün bil. Sadiq olmasan, özündən küs. Bayaqdan danışdıqlarının hamısı çəkilib və lentə yazılıb...
- And içirəm sizə, ey böyük şəxsiyyət. Həmişə sizə sadiq olacam. Axı mən o biri iqtidarın komandasında olsam da, sizin gəlişiniz üçün çox çalışmışam. Bunu sizinkilər də yaxşı bilir...
- Hamısmı deyiblər mənə. Elə ona görə də səni qəbul elədim... Özüm də bu altı-yeddi ayda səni nəzarətdə saxlatdırmışdım ki, görüm neynirsən. Kiminlə çaşqa-loşkasan. Kiminlə görüşürsən...
- Sizin hər sözünüz bundan sonra mənim üçün qanundu, ey böyük hökmdar. Lap Quran ayəsi, ən müqəddəs, sımavi kitablar kimi. Nə əmr versəniz, canla-başla eləyəcəm. Öl desəniz öləcəm, qal desəniz qalacam. Nə vaxt desəniz, bir qul kimi qəbulunuzda hazıram.
- Daha bura gəlib-getməyin lazım deyil. Müxalifət yatmayıb. Tükü-tükdən seçir... Bir tərəfdən də xarici səfirliklər,.. Xarici kəşfiyyat... Olar quşu gözündən vururlar.
- Başa düşdüm...
- Ancaq nə lazımsa, mənim adamlarım gətirib sənə çatdıracaqlar. Kimi söymək, kimi tənqid eləmək, kimi xalqın gözündən salmaq... Nə isə, hər şeyi... Gedə bilərsən!
Kişiyə bir daha etibarını göstərmək üçün cani-dillə təzim edib otaqdan çıxdım. Özü də daldalı...
...İlahi, sənə min şükür. Onda deyirlər ki, su gələn arxa bir də gələr. Yadıma saldım köhnə işçilərimi. Ağız-burnumu çeynəyə-çeynəyə dedim:
- Ax, köpək uşaqları... İndi görün mən sizin ananızı... Hə, atam-qardaşım, indi təzə partiya yaratmışam. Bütünqohum-əqrəbamın, iy dəyənlərimin hamısmı eləmişəm həmin partiyanın üzvü. Hərəsinə də bir dükandan, şadlıq evindən, benzin doldurma məntəqəsindən... canım sənə desin, hardan ki, yaxşı pul çıxır, açıb vermişəm, işlədirlər. Mənim haqq-hesabımı da vaxtlı-vaxtında gətirib çatdırırlar. Yaxşı bir ad da qoymuşam partiyaya: “Vətən ağrıları”. Eyni adlı bir qəzet də təsis eləmişəm. Yaxşı bir vəzifəm də var. Bu seçkidə də Millət Vəkili olacam... Kişi söz verib. Adımı da müxalifətçi kimi siyahıya saldırıb. Hə, atam qardaşım, indi tutmuşam həyatın nəbzini. Bolluca rüşvət alıram. Vəzifələrə adam da qoydururam. Vəzifələrdən adamlar da çıxartdırıram. Doydaq Saməddindən də, Qara Məhərrəmdən də, Ceyrandan da hayıfımı almışam. Hamısını işdən çıxartdırmışam. Deyirlər indi Ceyran barlarda “it döyür”. Hətta Qara Məhərrəmin arvadına, arvadının bacılarına da kişiliyimi sübut eləmişəm... İndi Qara Məhərrəmin arvadı dərdimdən dəli-divanədi. Özünü də, bacılarını da partiyanın üzvü eləmişəm. Hətta Qara Məhərrəmdən də ayırmışam və ayrıca villa alıb vermişəm yaşayır orda. Qara Məhərrəm isə indi küçədə veyil-veyil gəzir.
Müxalifətdən, iqtidardan da kimi söymək, kimi millətin gözündən salmaq, baykot eləmək lazımdısa, kişi xəbər göndərir, mən də qara-qışqırıq, haray-həşir salıram. Əvvəl öz qəzetim, sonra da başqa qəzetlər, saytlar, radiolar, televiziyalar başlayır mənim sözlərimi yazmağa, deməyə. Sonra bir qrup adamlar ki, əlimin altında saxlayıb, pul verirəm, onlar da başlayır mənimlə həmrəy olmağa. Sonra da kütlə qarışır bizə... Başlayırıq mitinqlərə, küçə yürüşlərinə, səfırliklərin qarşısında çıxışlara. Hamı başlayır mənim sözlərimi deməyə... Ona görə də indi məmləkətdə olmuşam millət üçün yanan-dönən beş kişidən biri. Tutmuşam həyatın nəbzini, qarışmışam axına. Yoxsa nə kişilik, nə qeyrət, nə Vətən dərdi, nə millət dərdi. Bunlar hamısı boş kitab, qəzet sözləridi atam qardaşım. Vəzifə hər şeyi əvəz edir. Hətta, canım sənə desin, kişiliyi də, qeyrəti də. Vəzifəyə görə lap yeri gəlsə, Vətəni də, torpağı da, milləti də sataram. Mən vəzifəsiz olanda, gördüyümü görmüşəm...
Məgər mənə qalıb bu millətin dərdi-səri?.. Hamısı boş şeydi. Təki vəzifən, pulun, xarici ölkələrdə şirkətlərin, villlalrın, hotellərin, böyük biznesin olsun. Bir də arxanda dayanan bir dağ. Hansı ki, ona söykənib istədiyini eləyə biləsən. Qalanları hamısı öz-özünə düzələcək.
İndiki zəmanədən baş çıxarmağın yeganə üsulu budu, atam-qardaşım.
10 avqust, 1999-cu il
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)
PA - Uğur üçün 15 keyfiyyət - Planlaşdırılmış həyat yaşamaq
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.
Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı 15 parametrləri xüsusi olaraq qabardardım
13) Planlaşdırılmış həyat yaşamaq.
Uğur qazanmanın daha bir parametrinin planlaşdırılmış, qayda-qanuna tabe bir həyatın olduğunu zənn edirəm. Məncə, kortəbii, biz azərbaycanlıların təbirincə desək, «harda qırıldı, qırıldı» devizi ilə yaşanan, zərurətlərə deyil, daha çox təsadüflərə hesablanmış həyatda uğur qazanmaq qeyri-mümkündür.
Həyatınızı lokal (gündəlik rejim) və qlobal (nail olmaq istədiyiniz mərtəbə) şəklində planlaşdırıb dəqiq xətt üzrə hərəkət edin. Yuxudan durma, qidalanma, iş və istirahət vaxtları – hamısının dəqiq vaxtı bəlli olunsa yaxşıdır. Təhsil alırsınızsa hansı sahədə çalışıb hansı mərtəbəyə yüksələcəyinizi, işləyirsinizsə dünyada hansı izləri qoymaq istədiyinizi, kimlərlə eyni mərtəbədə dayanmaq istəyinizi özlüyünüzdə planlaşdırmağınız yalnız sizə fayda verə bilər. Planlaşdırılmış həyatda təsadüfi nəsnələr, süni əngəllər, bağlı şlaqbaumlar az olur, xaotik, kortəbii həyatda isə addımbaşı gözlənilməzliklərlə, anlaşılmaz situasiyalarla üzbəüz qalmalı olursan.
Uğurunuza doğru planlı şəkildə irəliləyin, dostlar.
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)
Mən hər zaman kölgən olacam sənin – HEKAYƏT
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Həyat bəzən işıqla kölgənin rəqsi kimi olur. İşıq sənə həyatı, sevgini göstərir, kölgə isə səni qoruyur, gizləyir və ən qaranlıq anlarında belə yanında dayanır. Mən sənin kölgən olacam — səninlə bərabər hər addımda, hər nəfəsdə, hər susqunluqda.
Bir zamanlar uzaq bir kənddə, səhərləri günəşlə bəzənən və axşamları ay işığında boğulan bir qəsəbədə Nazlı və Sənan adlı iki ruh bir-birinə bağlanmışdı. Onların sevgisi adi bir bağlılıq deyil, həyatın özünə bir çağırış idi. Nazlı gülüşü ilə insanları ovsunlayır, Sənan isə sakitliyi ilə ona sığınacaq olurdu.
Bir gün Nazlı Sənandan soruşdu: – Niyə həmişə sakit dayanıb məni izləyirsən?
Sənan bir an düşündü və dedi: – Çünki mən sənin kölgənəm. Sən irəlilədikcə mən də irəliləyirəm. Sən dayandıqda mən də dayanırım. Amma sən heç vaxt məni görə bilməzsən — mən səni izləyərkən yalnız səni işıqda saxlamağa çalışıram.
Nazlı gülümsədi, amma bu sözlərin dərinliyini o zaman tam anlamadı. Həyat axıb gedirdi, Sənan hər zaman onun yanında idi. Nazlı uğur qazanır, arzu etdiyi zirvələrə qalxırdı. Lakin hər yüksəliş öz kölgəsini də gətirirdi. Bir gün həyatın sərt küləkləri onu yıxdı. İnsanların gözündə parlayan ulduz artıq sönməyə başlamışdı.
Nazlı bu dəfə Sənandan uzaqlaşmaq istədi. – Mən artıq işığımı itirmişəm, – dedi. – Kölgəm belə mənimlə qalmaq istəməz.
Sənan isə ona yaxınlaşıb sakitcə cavab verdi: – İşıq yoxdursa, kölgə qaranlığa qarışar. Amma bil ki, mən yenə də buradayam. Sənin ən qaranlıq anlarında belə mən sənin yanındayam. Kölgə olmaq təkcə işığa aid deyil, o həm də səni sığınacaqda saxlamaq üçündür.
Nazlı bu sözlərdən təsirləndi. O, başa düşdü ki, həyat təkcə parıltı və uğurdan ibarət deyil. Sevgi, sədaqət və birlik — bunlar ən dəyərli şeylərdir.
İllər sonra Nazlı öz gücünü bərpa etdi, həyatda yenidən öz yerini tapdı. Amma bu dəfə hər şeyi təkbaşına etmədiyini bilirdi. Sənan həmişə onun yanındaydı, bir kölgə kimi — sükutla, amma daim möhkəm bir dayaqla.
Bir gün Nazlı Sənana dedi: – Sən mənə öyrətdin ki, kölgələr qorxulu deyil. Onlar bizim qoruyucularımızdır. Mən bilirəm, sən həmişə yanımda olacaqsan.
Sənan gülümsədi və bir addım geri çəkilərək dedi: – Hər işığın bir kölgəsi var, Nazlı. Mən hər zaman kölgən olacam sənin, çünki səninlə olmaq — mənim həyatımın işığıdır.
Həyatın rəngləri dəyişsə də, işıq və kölgə bir-birindən ayrılmazdır. Nazlı və Sənanın hekayəsi də bunu xatırladır: Sevgi təkcə aydınlıqda deyil, qaranlıqda da bir olmaqdır.
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)
“Həyat gülməyənə ağlamağı öyrədir...” - Tural Cəfərlinin şeirləri
“Ədəbiyyat və incəsənət” portalı istedadlı gənc şair Tural Cəfərlinin yeni şeirlərini təqdim edir. Bu gün sizlərə 3 şeir təqdim edəcəyik. O şeirləri öncə sükutu dinləyib sonra oxuyacaq, işığı anlamaq üçün qaranlığı sevəcək və heç bir ağrının zamana qalib gəlmədiyini anlayacaqsınız...
Öncə sükutu dinlə, sonra oxu.
1
Əlini səmadan çəkdi,
Dualarından küsən biri-
Yox oldu gözlərindəki
Dan ümidləri...
Qaranlıqda işığı
Axtarmaqdan yorulmadı
Gecənin yorğun kədəri...
İçində bitən bir sevgini
Sabaha dən səpdi
Bir yaz yağışında
Yenidən cücərər deyə...
Tanış olduğumuza şadam-
Ey ayrılıq elçisi...
Bilirsən, sənə də etibar yoxdu,
Bir gün mütləq görüşür bütün ayrılanlar...
Yasdamı, toydamı, ya da küçənin ortasında
Görüşür, ayrılıqlara imza atanlar...
Qəribədir, hamını unutsaq da, bircə “O”nu unuda bilmirik,
“O” asılır paltarlarımızın düymə yerindən,
“O” görünür eynəyimizin şüşəsindən,
“O” yazılır dərman reseptlərimizin sonuna...
Şərab da badəni sərxoş edirsə,
Gəlməyən hamıdan çıxıb gedirsə,
Sənin də şərabla aran düzəlir,
Sənin də hamıdan getməyin gəlir...
Qaranlığı sevməyən, işığı anlamaz...
2
Qələt edib oyunu pozdum,
Həyat gülməyənə ağlamağı öyrədir,
Ancaq ağlayana gülməyi öyrətmir...
Bir də küçələr var ki,
Adı şair, yazıçı oxunsa da,
Xatirələr küçəsidir,
Görüşlər küçəsidir,
Kimsəsizlər küçəsidir...
Məsələn, Rəşid Behbudov küçəsi-
Titrək baxışlar küçəsi kimi,
Təbriz küçəsi-
İlk sevginin utancaqlığı kimi
Yaddaşımı işğal edib,
əsir qalıb ömrümün ən gözəl illəri
həmin küçələrdə...
Səhərin gözü açılmamış,
Küçəni süpürən qadının
Saçlarını oxşayan meh
Siqnal səsindən ürküb
Yerini qarğış və söyüşə verir...
Sənin də qarğışın tutdu məni-
Xoşbəxt oldum, ancaq bu xoşbəxtliyimi
Başıma vuran qayğılar zəhləmi töküb...
Kim uydurub bu yalanı-
İlk sevgi unudulmur?
Bilirsən, hər şey unudulur,
Elə ilk sevgi də,
Təkcə ağrılar vəfalı olur,
Ürəyi tərk etmir əclafcasına...
Sən də ağac deyilsən,
Mən də yarpaq deyiləm.
Nədir bu küləyə etiraz,
Nədir bu yağışa hikkən?
Get, bulud ol, başımın üstündə-
Ancaq dolub eləmə, mənim yağışa
Hörmətim var...
Heç bir ağrı zamana qalib gəlmir...
3
Qaşlarını düyünləyib həyata tələ qurmaq olmur,
Bir gülüşə təslim olan kinləri deyim sənə...?
Sözünü tutmayanın yanında durmaq olmur,
Bu bayquş ulayan tinləri deyim sənə...?
Bizim görüşümüz Hira dağıdır,
Özündə böyük bir sirri saxlayır.
Keçmiş əhvalımız indi ağıdır,
Ölsə də, ruhunu diri saxlayır.
Əsən barmaqların üzümdə göynər,
Göynər, uzandıqca şəlalə saçın.
Nə mən əvvəlkiyəm, nə sən sonrakı,
Özgəyə aiddir, şöhrətin, şanın.
Boş qalmış qollarım çərpələng olub,
Zaman öz kefində uçurur bəxti.
İnanmaq işini çoxdan buraxdım,
Heç kimə güvənim qalmayıb, qəti.
Daha yer göstərir mənə adamlar,
Metroda, qatarda “əyləş” deyirlər.
Bu da qocalığın əlamətidir,
Kövrəlmə, belədir, “öyrəş” deyirlər.
Yenə gic damarım tutubdu mənim,
Yolda səkilərə “salam” verirəm.
Adamlar ötüşür bir-bir yanımdan,
Onları səkidən cansız bilirəm...
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)
Karin Boye niyə intihar etdi?
“Ədəbiyyat və incəsənət” portalı tənqidçi, ədəbiyyatşünas Nərgiz Cabbarlının “İntihar etmiş yazıçılar” silsiləsindən Karin Boyeyə həsr edilmiş yazısını təqdim edir.
Dövrünün ən avtoritar tənqidçilərindən biri – Xaqar Olsson yazırdı: ”Karin Boyenin poeziyasını qaranquş adlandırmaq olar. Çünki onun şeiri qartal gücünə malik deyil. Axı qaranquşun qanadları qartal gücünə sahib ola bilməz. Amma bununla belə, Boye poeziyası deyingən qarğalar sıyahisına da aid deyil. Çünki yüksəkdə və gözəl uçur. Onun qanadlarında oynayan küləyin səsi bizim müasir İsveçrə poeziyasında eşitməyə öyrəşdiyimiz səslərdən fərqlidir. Bu, nədirsə, cəlb edir, həyəcanlandırır və yandırır. Bu, həqiqi poeziyadır. Siz burada kiçik hisslərə və əyləncələrə, sadə xoşbəxtliyə can atan riyakar estetiki görə bilməyəcəksiniz. Siz həqiqətə illüziyasız baxmağı bacaran təmiz bir qəlbi görə biləcəksiniz. O qəlbi ki, ağrı-acının qaçılmazlığı və xoşbəxtliyin faniliyindən keçir. Amma bundan qaçmaq üçün bir sığınacaq yeri də axtarmır, əksinə, özünü daima yüksəklikdə ola biləcək uçuş üçün hazırlayır”.
Bu dəfə Karin Boye haqqında danışacağıq. Amma əvvəlcədən diqqətimi çəkən bir xüsusiyyəti sizin də nəzərinizə çatdırmaq istəyirəm. Kənardan elə görünə bilər ki, bu yazıçıları yalnız bir fakt – könüllü intihar faktı birləşdirir. Amma həyatlarına nəzər saldıqda, yaradıcılıqlarındakı ovqata kökləndikdə görürsən ki, onlar arasında dəhşətli dərəcədə oxşar ömür yaşayanlar və eyni həyat hadisələrindən eyni tərzdə keçənlər var. Haqqında danışacağım Karin Boye isə həyat faktları və şeirinin ruhu ilə mənə Marina Svetayevanı xatırlatdı. Demək olar ki, eyni dövrün şairləri olan bu insanları xarici görkəmlərində olan oxşarlıqdan əlavə bir xüsusiyyətləri – öz cinslərindən olanlara - qadınlara sevgi münasibətləri də birləşdirir. Onların hər ikisi təbiətin qanunlarına uyğun sevməyi bacarmadılar... Yəni hər ikisi qadın sevgisi ilə yaşadı...
Əvvəlcə onu deyim ki, İsveçrə şairəsi və nasiri Karin Boye 1900-cü ildə anadan olub. Gimnaziyada oxuduğu illərdə yazmağa başlayıb. 1922-ci ildə ilk şeirlər kitabı “Buludlar” dərc olunub. Lakin ona şöhrəti ikinci və üçüncü kitabları gətirib. Daha dəqiq desək, “Gizlədilən torpaq” (1924) və “Ocaqlar” (1927). Nəsr əsəri, antiutopik roman “Kallokain”in (1940) gətirdiyi uğuru isə bir qədər sonra şairin başqa bir “uğuru” – intiharı kölgədə qoydu. Bu kitabının dərcindən cəmi bir il sonra – 23 fevral 1941-ci ildə Karin Boye intihar etdi.
***
Karin Boye öz dövründə kifayət qədər populyarlıq qazanmışdı. Hətta dövrünün ən tanınmış tənqidçilərindən biri olan Xaqar Olsson – yuxarıda qeyd etdiyim kimi – onun haqqında yüksək fikirlər yazırdı: “Siz onun timsalında kiçik hiss və həyəcanlar, sadə, balaca xoşbəxtliklər haqqında da danışmağa çalışan riyakar estetiki görə bilməzsiniz. Əksinə, siz öz “mən”inin faciəli ölümünü yaşamış, bu dəhşətdən keçə bilmiş fədakar bir ruhun şahidi olacaqsınız. Həm də görəcəksiniz ki, bu vəziyyətdə belə onun sahibi özünə acımır, böyük və dəhşətli reallıqlardan güc əldə etməyə çalışır”.
İstənilən yaradıcı insanın həyatında olan axtarışlar özünü tapmağa çalışan Karin Boyedə də olub. Məsələn, gimnaziya illərində Şərq fəlsəfəsinə maraq göstərən şair bir müddət buddizmə aludəçilik edib. Lakin dini axtarışları onu sonra xristianlığa gətirib çıxarıb. Amma Boyenin bu marağı da uzunmüddətli olmayıb. Hər halda, şairin buddizm və xristianlıqla bərabər, eyni maraqla yanaşdığı sosializm, freydizm haqqında da danışmaq olar.
Ən çox sevdiyi müəlliflərin sırasında Kiplinq, Nitsşe və Ueltmenin adını çəkən Karin Boye Skandinaviya poeziyasından da yararlandığını gizlətmirdi. Bütün istedadlı qadın şairlərin şeirlərində olduğu kimi, Karen Boyenin poeziyasında da kövrəklik, həzinlik, incəlik vardı:
Səslər çoxdur, lap çox,
Səninki yağışa bənzəyir.
Damcı kimi süzüldüyünü,
Gecənin səssizliyinə səs verdiyini eşidirəm.
Əvvəl gur, sonra asta gəlir səsin...
Eşidirəm...
Sonra da azalır,
titrəyərək,
ürkəkcəsinə
gecənin sükutunda əriyir...
Eşidirəm ....
Başqa səslərdən seçilir səsin
– Mən tək onu eşidirəm...
Asta-asta, damcı-damcı
üstümə tökülür – yağış kimi...
Məni susmağa vadar edir.
Səsimi içimə salıram.
Səsin – yağan yağışım...
Pıçıldayan səsinlə doludur yaddaşım...
Səni narahat etməməkçün,
Səsini eşitməkçün,
otdan da səssiz olacam...
Səssiz olacam və
elə yerdə duracam,
gözləyəcəm ki,
səsini eşidim...
Səslər çoxdur,
Onların arasında səsini eşidirəm,
Ancaq səsini...
Səsin
mənimçün səslənir,
Gecələr yağan yağış kimi...
(Bu məqalədəki şeirlərin tərcüməsi Nərgiz Cabbarlınındır - red.)
Amma bu yaradıcılıq təkcə kövrək hisslərin, gözəl duyğuların incə ifadəsindən ibarət deyil. Məsələn, bir çox qələm sahibləri kimi fəlsəfə və psixoanalitika ilə maraqlanmağın, başqa sözlə desək, Freydizmin Boyenin yaradıcılığına böyük təsiri olub. Yazmağa ilk başladığı dövrlərdə Freydin yaradıcılığı ilə tanış olan yazıçı üçün bu, yeni yaradıcılıq imkanları verirdi. Bir tərəfdən psixoanaliz, bir çox sənətkarlarda olduğu kimi, Karen Boyeyə də yeni mövzular tapmağa, yeni və özünəməxsus obrazlar yaratmağa, məsələlərə tamamilə fərqli rakurslardan baxmağa, həmçinin də şəxsi psixoloji problemlərini həll etməyə kömək edirdi. Lakin digər tərəfdən (bu da bir çox yazıçılarda olduğu kimidir) psixoanaliz həm də ruhi gərginliyi artırmağa, daha da qəlizləşdirməyə, insanın mənəvi əzablarını çoxaltmağa qadirdir. Və bu, danılmaz həqiqətdir.
Freydizm və psixoanaliz onun yaradıcılığında olduğu kimi, həyatında da təzadlı rol oynayıb.
Tumurcuqlar yazda – çatlamaq istəyəndə ağrıyırlar,
Yaman ağrıyırlar,
azadlığa can atdıqlarından...
Bahar ürkəkdir – həm də bundan...
Ruhumuz ağrıyanda biz də rəngimizi itiririk,
itiririk ağrıdan...
Qışın qapıda dayanıb
qoruduğu şeylər
yazda partlamaq istəyir,
çıxmaq istəyir azadlığa.
Azadlıqsa hamını ağrıdır...
Ona can atan tumurcuğu
çatlamağı da Ağrıdır.
Özünü də, həyatı da,
Yaşadığı qaranlıq zindanı da ağrıdır...
Kiçik tumurcuqdan danışan şairin tumurcuğun üzərinə köçürdüyü proseslər, əslində, insan psixologiyasının, təfəkkürünün özündə tətbiq etdiyi və yaşadığı şeylərdir. Məgər ruhu əzab çəkən insan (istər şair olsun, istərsə də digəri) təkcə özünə, mənəviyyatınamı əzab verir? Onun azadlıq istəyi – ruhunda gedən sıxıntılardan, təzadlardan qurtulmaq arzusu yalnız özünəmi aiddir? Bundan ətraf əziyyət çəkmirmi? Əbəttə ki, çəkir... İçindən – mənindəki ağrılardan qurtulmaq istəyi insanın yaşadığı “qaranlıq zindan”ı – cəmiyyəti də, ətrafını da incidir. Eynilə tumurcuqda olduğu kimi...
Bədii yaradıcılıqda müəllifin şəxsiyyətini axtarmaq dünya ədəbi tənqidi və ədəbiyyatşünaslığında artıq keçilmiş etap və mənasız mərhələ adlandırılır (Nortap Fray). Lakin hələ də çoxlarının yanaşmasına görə, yaradıcılıq şəxsiyyəti başa düşmək üçün açar rolunu oynayır. Şəxsən mən buna əminəm. Məsələn, Karin Boyenin – intihar etmiş yazıçının yaradıcılığında uçuruma atılan damcı haqqında maraqlı bir nümunə var:
Damcı üçün
olduğu yerdən qopmaq da ağır,
Ağız açan uçurumun üzərindən sallanmaq da...
Budaqdan yapışıb aşağıya doğru sürünmək də pis,
Dibsizliyə yuvarlanmaq anının titrəyişini yaşamaq da...
Ən çətini, ən ağırı isə qərara gəlməkdir.
Qərara gəlmək:
Atılmaqmı, yoxsa sürünmək?!
Uçuruma yıxılmaq – qorxulu,
Yerində donub qalmaqsa çətin...
Ağırdır
iki hissin arasında çabalamaq,
Çırpınmaq – arasında iki niyyətin:
Aşağı can atmaqmı, yoxsa qalmaq?!
...Amma bir gün,
daha dözməyə gücü çatmayanda
qəfəsdən çıxmağa can atırmış kimi,
sonuncu qorxu hissi də canından çıxacaq...
o zaman budaqdan qopan damcı
heçlik, bilinməzlik qarşısında
yaşadığı qorxunu da,
aşağı uçuşan dəhşətini də unudacaq.
Və... atılacaq...
Atılacaq!..
Bax o zaman,
Məhz o zaman içim
İnam və əfsunlu rahatlıqla dolacaq...
Məgər bu şeir yazıldığı anın və zamanın ovqatını özündə yaşatmırmı, əks etdirmirmi? Əlbəttə ki, etdirir... Bu, təkcə bir damcının aşağı – heçliyə və dibsizliyə uçuşunun təsviri deyil. Bu, bir insan ruhunun o Uçuş anında yaşaya biləcəklərinin canlandırılmasıdır. Ümumiyyətlə, Karen Boyenin poeziyasında istifadə etdiyi simvolik obrazlar şairin (həm də insanın) daxilini, düşüncələrini açmaq üçün hər zaman vasitə rolunu oynayıb.
Karen Boye ilə bağlı məni düşündürən suallardan biri də “Məhəbbət üçbucağı onun intiharına səbəb olubmu?!” sualıdır... Hansı məhəbbət üçbucağından söz gedir?! İzah edim...
Karen Boyenin həyatında ən vacib amil siyasət, ədəbiyyat yox, məhəbbət hesab edilir. Onunla bağlı fikirlər sırasında “Boyenin intiharı öz həyat dramının sonu və yekunudur” fikrinə isə daha tez-tez rast gəlinir. Şairin həyatı həm də bütünlükdə daimi və faciəli sevgi axtarışından ibarət olub. Ehtiraslı və ondan qurban tələb edən bir sevgi axtarışı...
Yaradıcı insanları başa düşmək həmişə çətin olur. Xüsusilə də yuxarıda qeyd etdiyim kimi, onlar sevgilərində normadan, təbiət qanunlarından kənara çıxarlarsa...
Boye haqqında yazan Xarri Martinson şairin bu hərəkətini “həyatın qanunlarına, mövcudluğa və yaşamın gözəl olmamasına etiraz” adlandırırdı.
Detallara varaq: Karin uzun müddət sevdiyi iki qadının arasında çırpınıb. Onlardan biri alman emiqrantı Marqo Xanel idi. Onunla Boye bir ailənin üzvü kimi yaşayıb. Bu qadın Boyeni həm qısqanclığı, həm də vampirizmi ilə incidib. Marqo Boyedən on iki yaş cavan idi. Onun xəstəliyi və köməksizliyi isə Karində analıq hisslərini oyadırdı. Amma yazıçının ürəyində başqa birinə – Anita Nathorsta qarşı da sevgi vardı, daha doğrusu, bu qadına əsl məhəbbət duyan Boye nə edəcəyini bilmirdi. Bu çaşğınlığa səbəb həm də Anitaya olan məhəbbətinin platonikliyi və ümidsizliyi ilə bağlıydı. Anita Karinə yalnız dost münasibəti göstərir və heç nə vəd etmirdi. Bir sözlə, Marqonun qarşısında günahkarlıq hiss edən və Anitanın gözləri önündə əridiyini, söndüyünü görən Boye aprel günlərinin birində evdən çıxır və geri qayıtmır. Onu bir neçə gün sonra meşədə tapırlar. Bir şüşə yuxu dərmanı qəbul edən və nəm torpağın üstündə can verən şairin ölümü başqa bir ölümə də səbəb olur. Belə ki təsəlli tapa bilməyən Marqo özünü qazla boğub öldürür. Anita isə üç ay sonra xərçəngdən dünyasını dəyişir.
Amma qəribədir ki, təbiətin qanunlarına uyğun sevməyi bacarmayan bu qadının – Karin Boyenin yazdığı sözlər məhəbbət haqqında deyilmiş ən dəyərli fikirlərdən biri kimi hər yerdə sitat gətirilir: “Mən inanıram ki, sevən insan sevgisinə görə qurban verdiyi qədər də qazanmış olur. Əlbəttə, sevdiyi adamdan yox, sevginin özündən”.
Boye XX əsr İsveçrə poeziyasında parlaq iz buraxıb. Onun bir çox müəlliflərə – Qulnar Ekelyofa, Harri Martinsona, Artur Lundkvistə təsir etdiyi qeyd edilir.
Karinin yaradıcılığında həm yaşadığı “məhəbbət üçbucağı”, həm də ümumiyyətlə, eynicinsli məhəbbət mövzusu əhəmiyyətli yer tutub. Lakin o, qeyri-adi duyğularından da səmimiyyətlə söz açırdı. İstənilən məsələdən olduğu kimi...
Allah bizə daşdan ağır ruh verib
Bu daşla dəniz kənarındayıq.
Dalğaların rəqs etdiyi, köpüklərin oynadığı
Qağayıların günəş işığında yandığı yerdə...
Biz dənizə daş atmağa başlayırıq,
əylənirik...
Daşlarla daha nə etmək olar ki?
Onun sağlığında dərc olunan kitabı “Ağacların xatirinə” (1935) adlanır. Əvvəlki şeirlərinə nisbətən burada faciəli mövzular daha çoxdur. Boye bu kitabda reallıqla çulğalaşma, qarşı-qarşıya gəlmə, gözəllik və qorxu, bir də özünü bütün bunlara qurban vermək bacarığının təsvirinə can atıb...
Bu gecə yuxuda qılınc gördüm, döyüş gördüm...
Bir də gördüm ki, çiyin-çiyinə verib
döyüşürük səninlə...
Bu gecə...
Qan da girmişdi yuxuma,
Ölüm də qonaq gəlmişdi...
Sonra da gördüm ki,
Ölümcül yaralanıb
Yanındaca yerə yıxılıram.
Sənsə öldüyümü belə görmürsən,
Görə bilmirsən...
Döyüşə-döyüşə uzaqlaşır,
yanımdan yox olur,
itirsən...
...Od da girmişdi yuxuma,
Bir də qızılgüllər...
Hə... bir də gözəl ölümüm.
Görürsənmi, nələr, nələr
Girmişdi yuxuma,
Nə böyük gözəlliklər...
Karin Boyenin həyatında və yaradıcılığında siyasətin də müəyyən izi olub. Belə ki, bu şair həm də antifaşist idi. Və yaradıcılığı yalnız gözəl hisslərin və ölümün gözəl təsvirindən ibarət deyildi. Onun çox məşhur olan əsəri – “Kallokain” antifaşist ruhda yazılmışdır. Həm də fantastik əsər idi...
Karin Boye nasistlərin uydurduğu və qurmağa çalışdığı cəmiyyətin inkişaf sxemini sona qədər təsvir edənlərdən biri olub. Onu gələcək daha çox narahat edirdi. Buna görə də Boyenin ən məhşur fantastik əsəri “Kallokain”də zaman hadisələrin baş verdiyi dövrdən min il sonraya aparılır. Hadisələr “İmperiya” adlanan dövlətdə cərəyan edir. Həmin dövlətdə faşizm qələbə çalıb. Karin Boyenin təsvir etdiyinə görə, “İmperiya”nın rəhbərləri cəmiyyətdə bir sıra dəyişikliklər ediblər. Məsələn, hadisələr onların təyinatı ilə yaradılmış “polis qulaqları”, “polis gözləri”nin nəzarətindədir. Amma bununla belə, bu rəhbərlər insan şəxsiyyətini tamamilə məhv etməyə müəssər olmayıblar. Halbuki imperiya yaradılandan onların can atdığı əsas məsələ budur. Əsas məqsəd isə insanı şəxsiyyət kimi məhv etmək, onun “mən”inə sahib olmaqdır. Bunun üçün hakimiyyətin köməyinə kimyaçı alimin ixtira etdiyi və öz familiyası ilə adlandırdığı “Kallokain” peraparatı gəlir. Məhz bu dərmanın köməkliyi ilə insanlar qorxduqlarına, utandıqlarına görə hamıdan gizlədikləri sirri danışmağa başlayırlar. Daha doğrusu, buna istəmədən vadar olurlar. Amma dərman, hələ ki, insan şəxsiyyətini tamamilə parçalamaq gücündə deyil. Romanda hadisələr onunla yekunlaşır ki, həmin kimyaçı alim iki imperiya arasında gedən müharibədə əsir düşür və öz araşdırmasını yeni sahiblərinin xeyrinə davam etdirməyə başlayır. Yəni nəticə etibarilə insanlığın başı üstündə yeni bir “Kallokain” qorxusu var.
Əgər romanda Boyenin yaratdığı şəxsiyyət strukturuna nəzər salsaq (həmin şəxsiyyət imperiya insanının ümumiləşdirilmiş obrazıdır), o zaman bədiilik və məntiqin birləşdiyini görə bilərik. Romanda məntiqi çıxarış var: faşizm məhv edilmir, susdurulsa belə, istənilən vaxt onun yenidən dirilmə və dünyanı yenidən çulğalama qorxusu var.
Əsər, qeyd etdiyimiz kimi, fantastik əsərdir. Amma onu müxtəlif cür adlandıranlar var. Məsələn, Ernst Henri onu sürrealist ədəbiyyat nümunəsi hesab edir. Halbuki burada fantastikanın xüsusiyyətləri daha çoxdur. Kallokain insanları ölüm qorxusu qarşısında, öləcəklərini bildikləri halda belə danışmağa vadar edir. Bir çoxlarının sərsəmləmə hesab etdiyi Hitlerin “minillik reyx” ideyası burada konkret cizgilər əldə etməyə başlayır. Karin Boyenin dövründə “həqiqət eleksiri” adlandırılan pentatol cəmiyyətə məlum deyildi. Ona görə də kallakain kimi bir dərmanın mümkünlüyü və böyük insan kütləsini öz təsiri altında saxlaya bilməsi fantastik elementdir. Amma o dövr üçün fantastik görünən eleksir sonralar reallaşdı. Fantastikanın əsas xüsusiyyəti də bundan ibarətdir.
Karin Boye, əslində, cəmiyyətin faşizmə münasibətini göstərmək üçün bu priyomdan istifadə etmişdi. Yəni insanlar əzaba düçar olsalar da, ölümə getdiklərini bilsələr də, düşündüklərini söyləyirlər və məlum olur ki, faşizm haqqında hamı eyni fikirdədir. İstintaqda sorğu-suala tutan Rissenin fikirlərinə nəzər salın: “Qəribə deyil ki, həyatda hər şey, hətta həqiqət belə, məcburiyyətə düçar edildikdə öz qiymətini itirir. Yox, siz bunu başa düşməzsiniz. Çünki bunu dərk etməyiniz dilənçi, hər şeydən məhrum biri olmağınızı təsdiq edər. Buna kim dözə bilər ki”.
Hitlerin Avropada müharibəyə başladığı ərəfədə Boyenin bu əsərinin meydana çıxması təsadüfi deyildi. Həmin dövrdə Skandinaviya ölkələrində də dünyəvi faşizmin “beşinci kaloniyası” başını qaldırmışdı. Və dövrün ən tanınmış qəzetlərindən biri “Nyu daqlet Allexanda” yazırdı: “Yazıçı bu əsərdə 1940-cı ilin mənəvi atmosferini dəqiqliklə təsvir edib”.
Gördüyünüz kimi, intihara səbəb axtarmadım. Amma göstərilən səbəblər, vasitələr indiyə qədər haqqında yazdığım yazıçıların səbəb və vasitələrinə nə qədər də oxşardır. Sveyq, Paveze və Vulfun həyatında olan müharibə amili, Svetayevanın qeyri-adi məhəbbəti, Yeseninin, Sveyqin öz ardınca apardığı (təbii ki, o dünyaya) sevgililəri... Və ən nəhayət, çoxlarının istifadə etdiyi yuxu dərmanı...
Amma bir xüsusiyyəti qeyd etməsəm, olmaz. Həqiqətin dərkindən və kamilliyə çatmaq məqamından danışıram. Bax o məqamda insanda qorxu hissi qalmır. Amma həmin məqam dəhşətlər önündə qorxu hissini yox etsə də, özü daha çox qorxuludur. Çünki dünyaya gəlişin və gedişin mənasız olduğunu bilmək və bunu ruhunda yaşa(t)maq yalnız bir addıma – intihara vadar edə bilər...
Kamilliyə çatmış böyük insanı
Dünyada heç bir şey sındıra bilməz.
Çünki nə xoşbəxtlik var bu dünyada,
Nə də ki bədbəxtlik eynimə gəlməz.
Yalnız həyat vardır, bir də ki, ölüm.
Bax sən bunu başa düşdüyün zaman
Küləyin ardınca qaçmayacaqsan.
Bax sən bunu başa düşdüyün zaman
Daha qasırğadan qorxmayacaqsan...
Elə o zaman gəl mənim yanıma,
Gəl, kömək elə ki, mən də dərk edim.
Söylə: nə xoşbəxtlik var bu həyatda.
Nə də ki bədbəxtlik, söylə, qoy bilim.
Yalnız həyat vardır, bir də ki, ölüm...
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)
Şəhidlər barədə şeirlər – Əbubəkir İsmayılov
“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Əbubəkir İsmayılova həsr edilmiş şeirlə tanış olacaqsınız.
ƏBUBƏKİR VÜQAR OĞLU İSMAYILOV
(10.02.1990.-02.04.2016.)
Kürdəmirdə anadan olmuş, Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələrinin baş leytenantı, pilot, Qarabağ uğrunda Aprel döyüşlərinin şəhidi
ŞƏHİDLƏR OLMASAYDI…
Bu Vətənin nə qədər cəsur insanları var,
Qorxmaz, mərd, şir ürəkli igid aslanları var,
İsmətli qız-gəlini, qoçaq oğlanları var,
Onlarlardan biz nə qədər söz-söhbət açsaq azdı,
Şəhidlər olmasaydı torpaq Vətən olmazdı!
Aprel şəhidlərindən biridir Əbubəkir,
Bu yurdun övladıdır – ana yurdu Kürdəmir,
Elə ömür yaşadı, hamıya örnək ömür,
İgid şahin səmada ölməz bir əsər yazdı,
Şəhidlər olmasaydı torpaq Vətən olmazdı!
Ali Hərbi Məktəbdə oxumaq məqsədiydi,
Təyyarəçi olmaqsa, arzusu, mətləbiydi,
Yolu özü seçmişdi, ürəyinin səsiydi,
Bu səs, bəlkə, tanrıdan gələn nida-avazdı,
Şəhidlər olmasaydı torpaq Vətən olmazdı!
Təhsili başa vurub, oldu yetkin bir zabit,
Həm geniş qəlbli idi, həm də qorxmaz bir igid,
Başqa cür olammazdı, almışdı halal öyüd,
Çətinlikdən qorxmazdı, heç nədən sarsılmazdı,
Şəhidlər olmasaydı torpaq Vətən olmazdı!
Qorxu nədir, bilməzdi, onu çoxdan qovmuşdu,
Aprel döyüşlərində qəhrəmantək vuruşdu,
Təbrizlə, Urfan ilə ölməzliyə qovuşdu,
Üç qardaş-üç dost idi, bu dostlar ayrılmazdı,
Şəhidlər olmasaydı torpaq Vətən olmazdı!
Şəhid olan zamanı küləklər saçın yoldu,
General olmasa da ucadan uca oldu,
Yaşamaqçın əbədi, neçə ürəyə doldu,
Elin Əbübəkirə məhəbbəti ölməzdi,
Şəhidlər olmasaydı torpaq Vətən olmazdı!
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)
MƏDƏNİ İRSƏ QAYĞI və tarixi zərurət
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət”
Bu silsilədən 3-cü və sonuncu məqalə
Məhəmməd Füzuli irsi Azərbaycan ədəbiyyatının və mədəniyyətinin möhtəşəm simvollarından biridir. Onun yubileylərinin dövlət səviyyəsində keçirilməsi yalnız bir sənətkara sayğı göstərmək deyil, həm də milli kimliyin və mədəni irsin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından tarixi və ideoloji önəm daşıyır.
Füzuli kimi dahi şəxsiyyətlərin irsinin dövlət himayəsi ilə yaşadılması, əslində milli mədəniyyətin və mənəviyyatın strateji xəttinin təcəssümüdür. Belə yubileylər: • Gənc nəsillərdə ədəbi-bədii irsə sevgi və maraq oyadır;
• Azərbaycan mədəniyyətinin dünya miqyasında tanıdılması üçün geniş imkanlar yaradır;
• Dövlətin milli-mənəvi dəyərlərə olan qayğısını nümayiş etdirir;
• Elmi-mədəni diqqəti yubileyi keçirilən sənətkarın yaradıcılığına odaqlamış olur və bununla da, yeni araşdırma əsərləri meydana çıxır.
Azərbaycan xalqının mədəni xəzinəsində ən böyük sərvətlərdən olan Füzuli irsi, təkcə ədəbiyyat deyil, eyni zamanda fəlsəfə və mənəviyyat hadisəsidir. Onun yubileyləri yalnız ölkə içində deyil, xalqlararası miqyasda da qeyd olunur; bu isə Füzulinin bəşəri dəyərini və Azərbaycan mədəniyyətinin dünyaya verdiyi töhfələri bir daha təsdiq edir.
44 günlük müharibədə Azərbaycan xalqının qazandığı tarixi Zəfər, Qarabağın və onun bir parçası olan Füzuli şəhərinin işğaldan azad edilməsini təmin etdi. Füzuli şəhərinin yenidən qurulması və burada böyük tikinti-abadlıq işlərinin aparılması, “Böyük Qayıdış” proqramı əsasında məskunlaşmanın həyata keçirilməsi şairin yubileyinə böyük töhfə kimi xarakterizə oluna bilər. Füzulidə çalınan məktəb zənginin, Füzulidə eşidilən şən uşaq səslərinin, gənc gülüşlərin, Füzulidə şen olan ocaqların... – ustadlar ustadının ruhunu şad etdiyinin inancı içindəyik.
“Pənbeyi-daği-cünun içrə nihan” olan Füzuli şəhəri, işğalçı və havadarları tərəfindən ona biçilmiş kəfəni yırtdı, sökdü, əynindən çıxardı və dirilik libasını geyindi!
Füzuli şəhəri, yalnız bir coğrafi məkan deyil, həm də mədəniyyət və mənəvi irsin simvoludur. Böyük şairin yubiley ilində, onun adını daşıyan şəhərdəki təhsil, mədəniyyət ocaqlarında yubiley tədbirlərinin keçirilməsi, adının dərin sayğılarla anılması (necə deyərlər) sıradan tədbirlər kimi qəbul edilməməlidir. Bunlar mədəni irsə olan bağlılığı və ona göstərilən sayğını dosta da, dosta ola bilməyənlərə də nümayiş etdirir.
Füzulinin Füzulidə, ümumən Qarabağda, Gündoğar Zəngəzurda da anılması tarixi ədalətin bərpası ilə mənəvi dirçəlişi bir araya gətirir. Füzuli şəhərinin işğaldan qurtuluşu, ora insanın və insanlığın, mədəniyyətin qayıtması ilə Məhəmməd Füzulinin adının bir daha ucaldılması, Azərbaycan xalqının mədəni dəyərlərinə sahib çıxma əzmini göstərir.
Yubiley tədbirləri Zəfərin yalnız hərbi məzmun daşımadığını, onun həm də mədəniyyətin Zəfəri olduğunu vurğulayır; vurğulayır ki, Azərbaycan xalqının mənəvi irsinin gücü və bütövlüyü bütün dünyaya çatdırılmağı haqq edir. Azad Füzuli şəhərində həyat qaynamağa başlayır; bölgənin yenidən qurulması və mədəni mərkəzə çevrilməsi sürəcinə xidmət edən işlər görülür. Gələcəkdə Füzulidə yeni mədəniyyət ocaqlarının yaradılması; o cümlədən Füzuli irsinin öyrənilməsi üçün elmi və bədii platformaların qurulması kimi təşəbbüslər də təşviq edilə bilər. Füzuli şəhərinin, ümumən Qarabağın, Gündoğar Zəngəzurun dirçəldilməsi, orada mədəniyyət tədbirlərinin, sənət layihələrinin keçirilməsi, dostlara da, dost ola bilməyənlərə də yeni ismarıclar göndərir.
Mədəniyyət və bəşəri dəyərlərə əsaslanan həmin ismarıclar:
Qarabağın yalnız fiziki deyil, mənəvi işğaldan da qurtulduğunu sübut edir; Azərbaycanın mədəniyyət diplomatiyasını gücləndirir və xalqlararası təşkilatların diqqətini cəlb edir.
Böyüklüyündən, yığcamlığından asılı olmayaraq, Füzulinin 530 illiyi ilə bağlı tədbirlər, Qarabağa qayıdış sürəcində mənəvi dirçəlişin təzahürü kimi çıxış edir. Azərbaycan xalqı üçün bu hadisə: Zəfərin gətirdiyi ruh yüksəkliyini mədəniyyətin yüksəlişinə çevirmək; eləcə də, Füzulinin Eşq fəlsəfəsi ilə Vətən sevgisini bir daha vəsf etmək, tərənnüm etmək deməkdir.
“Edəməm tərk, Füzuli, səri-kuyin yarın, Vətənimdir, vətənimdir, vətənimdir, vətənim”! Füzulinin yubileyinin dövlət səviyyəsində keçirilməsi və 530 illiyin onun adını daşıyan azad Füzuli şəhərində də qeyd olunması, Azərbaycan xalqının mədəni özünüdərki, tarixi ədalət və milli mənəviyyatının dirçəlişi baxımından önəmlidir. Bu, yalnız Füzuli irsinə sayğıduyarlıq deyil, həm də Azərbaycan mədəniyyətinin qüdrətini, ruhi gücünü bir daha sübut edən ismarıclardır.
“Canı canan diləmiş, verməmək olmaz, ey dil!” - Eşq poeziyası dahisinin yubiley tədbirləri, onu çağdaş dönəmdə daha aydın və universal şəkildə tanıtmağa xidmət edir.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Şəkillərdə: Füzuli şəhəri işğaldan azad edilərkən və indi.
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)