
Super User
Xalq şairi Zəlimxan Yaqubun məzarı ziyarət olunub
Xalq şairi Zəlimxan Yaqubun 75 illiyi münasibətilə Fəxri xiyabanda məzarı ziyarət olunub.
AzərTAC xəbər verir ki, tədbirdə tanınmış dövlət və ictimai-siyasi xadimlər, elm və sənət adamları, şairin çoxsaylı oxucuları, doğmaları və yaxınları iştirak ediblər.
Anım mərasimində çıxış edən Zəlimxan Yaqub irsinin araşdırıcısı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu böyük söz ustadının həyat və yaradıcılığı haqqında geniş məlumat verib, son illərdə nəşr olunan kitablarından danışıb. O qeyd edib ki, cari ilin ilk günlərində daha iki kitab çap edilib. “Məqalələr. Müsahibələr” adlı kitabda şairin ömrünün son illərində yazdığı məqalələri və kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr, “Zəlimxan özü var xatirələrdə” adlı kitabda isə onun haqqında son illərdə yazılmış məqalələr və ona ithaf olunmuş şeirlər yer alıb.
AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, görkəmli dövlət xadimi Həsən Həsənov, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, professor Vidadi Orucov, Əməkdar jurnalist İsmayıl Ömərov, şairlər Qılman İman, Sabir Sadaxlı, Təbriz İman, Binəli Bayram, Sənan Hüseynov və digərləri şairlə bağlı xatirələrini bölüşüblər.
Aşıqlar Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı və Ramin Qarayev müxtəlif saz havaları üstündə şairin şeirlərini səsləndiriblər.
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)
“Allah mənə kömək etsin” - 47-ci ABŞ prezidenti Donald Trampın andının yekun sözləri bunlar oldu
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Donald Tramp impiçmenti, cinayət ittihamlarını və iki sui-qəsd cəhdini dəf edərək dünən - bazar ertəsi and içərək ABŞ-ın 47-ci prezidenti vəzifəsinə başladı.
İnauqurasiya mərasimi 40 ildən sonra ilk dəfə olaraq Rotonda - Konqresin mərkəzi zalında keçirildi. Bura təxminən min nəfər oturacaq yerinə malikdir və yerlər əlbəttə ki, tam olaraq dolmuşdu. Mərasimi Euronews telekanalından izləyir, hər epizoda diqqət etməyə çalışırdım.
Respublikaçı Tрамп, ABŞ konstitusiyasına və ölkəyə sədaqət andı içdi.
Ağ Evdən Kapitoli sarayına seçilən yeni və istefaya gedən əvvəlki ABŞ prezidentləri ənənəyə uyğun olaraq mərasimə eyni avtomobildə gəlmişdilər, təbii ki, yol boyu bir-birilərinə nəzakət nümayiş etdirmişdilər. Onlarla birlikdə 47-ci prezidentin andiçmə mərasiminə Minnesota ştatından olan senator, Konqresin iki partiyalı komitəsinin sədri C. Emmi Klobuşar da qatılmışdı.
"Mən, Donald Con Tramp təntənəli şəkildə and içirəm ki, ABŞ prezidentinin vəzifəsini dürüst şəkildə yerinə yetirəcəyəm və bütün gücümü sərf edərək ABŞ Konstitusiyasını qoruyacaq, müdafiə edəcək və dəstəkləyəcəyəm. Allah mənə kömək etsin," - deyərək o, ənənəvi andiçmə formulunu oxuyaraq, sol əli ilə Melaniya xanımın tutduğu İncilə toxundu.
"Prezident, təbrik edirəm," - dedi qarşısında duraraq andı qəbul edən ABŞ Ali Məhkəməsinin sədri Con Robert.
Tramp 2017-ci ildəki ilk inauqurasiyasında olduğu kimi, iki İncil üzərində and içdi. Birinci İncil üzərində 16-cı prezident Abraham Linkolnun 1861-ci ildə and içdiyi İncil idi ki, posta qədəm qoyan bütün ABŞ prezidentləri ona əl basırlar.
İkinci İncil isə Ttrampın uşaqlıqda anası tərəfindən ona hədiyyə olunan və onun bu illər ərzində göz bəbəyi kimi qoruduğu İncil idi. Tramp reqlamenti ailə dəyərlərinə görə pozdusa da bu, rəğbətoyadıcı bir jest idi.
Tramp ABŞ tarixində iki dəfə prezident olan ikinci şəxs oldu. Əvvəlcə bunu yalnız Grover Cleveland bacarmışdı (22-ci və 24-cü prezident olaraq 1885-1889 və 1893-1897-ci illərdə).
İndi Tramp ABŞ-ın 45-ci və 47-ci prezidentidir.
İnauqurasiyada daha bir ilk - ABŞ-da bu cür mərasimlərin keçirildiyi tarixdə ilk dəfə olaraq xarici liderlər iştirak edirdi: Argentina prezidenti Xavier Milei, İtaliya baş naziri Corca Meloni, Ekvador prezidenti Daniel Noboa. Çin tərəfdən mərasimə Çin Xalq Respublikasının baş nazir müavini Han Cen qatılmışdı. Hindistanı respublikanın xarici işlər naziri Subramanyam Jayşankar, Yaponiyanı isə Xarici İşlər naziri Takeşi İvai təmsil edirdi.
Andiçmədən dərhal sonra Kapitoliya təpəsindən 21 dəfə artilleriya atəşi səsləndi. Bir neçə dəqiqə əvvəl - ənənəyə uyğun olaraq - 40 yaşlı ABŞ vitse-prezidenti Ceyms Devid Vens də and içdi. Beləliklə, saat 12:00-da (21:00 Bakı vaxtı ilə) Tramp administrasiyasının 4 illik müddətinin hesabı başlandı. Onu da nəzərinizə çatdırım ki, paytaxt Vaşinqtonda xüsusilə Trampın həyatına qarşı 2024-cü ilin iyul və sentyabr aylarında edilən sui-qəsd cəhdləri ilə əlaqədar olaraq, misilsiz təhlükəsizlik tədbirləri görülüb. Bundan başqa, Milad bayramı günlərində Las-Veqasda (Nevada ştatı) və Nyu-Orleanda (Luizianna ştatı) terror aktları törədilmişdi.
Odur ki, təhlükəsizlik tədbirlərinin görülməsi vacib idi.
O ki qaldı Trampın daha çox erməniləri sevindirəcəyi məsələsinə, bunu hələ yaşayarıq, görərik.
Foto: Kevin Lamarque/2025 Getty Images
“Ədəbiyyat və incəsənət”
(21.01.2025)
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
“YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir.
Fondan “Ədəbiyyat və incəsənət” portalına verilən məlumata görə, şəhid Cavidan Ağayevin anası Gülnarə Ağayevaya diz artoskopiyası əməliyyatı keçirilib.
Müvafiq əməliyyat üzrə xərclər "YAŞAT" Fondunun və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(21.01.2025)
Lənkəranda 1 ildə 300 000-ci müraciət qeydə alınıb
Lənkəran rayonunda 1 ildə ASANlaşan 300 000-müraciət barədə “ASAN xidmət” məlumat yayıb.
“Ədəbiyyat və incəsənət” portalına Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, agentliyin tabeliyində olan Lənkəran regional “ASAN xidmət” mərkəzinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 16 yanvar 2024-cü il tarixində baş tutub.
Mərkəz Lənkəran rayonu, Qurumba kəndi, Ələt-Astara avtomobil yolu, 172-ci km ünvanında yerləşir.
Lənkəran regional “ASAN xidmət” mərkəzi Lənkəran rayonu ilə bərabər Astara, Lerik və Yardımlı rayonlarında qeydiyyatda olan 500 000-ə yaxın vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan xidmət göstərir.
Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb.
Fəaliyyət göstərdiyi müddət ərzində Lənkəran “ASAN xidmət” mərkəzində 300 minə yaxın vətəndaş müraciəti qeydə alınıb.
Mərkəzdə ümumilikdə 214 əməkdaş və ay ərzində 20-25 nəfər könüllü çalışır. Mərkəzin fəaliyyətə başladığı müddətdən bu günə qədər ümumilikdə 200-ə yaxın könüllü məzun olub.
Hazırda “ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 400-dən çox xidmət göstərilir və mərkəzlərdə gündəlik 40 min nəfərə yaxın vətəndaş qəbul edilir.
“Ədəbiyyat və incəsənət”
(21.01.2025)
POEZİYAMIZIN QIZIL FONDUNDAN - Bəxtiyar Vahabzadə, “Şəhidlər”
Könül, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət” portalının məşhur “Poeziyamızın Qızıl Fondundan” rubrikasında əlbəttə ki, bu hüznlü günlərdə şəhidlərdən bəhs edən ən yaxşı şeiri paylaşmaq lazımdır və vacibdir. Xalq şairimiz, böyük Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeirini təqdim edirəm.
Qatil gülləsinə qurban gedərkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər.
Zalım öyünməsin zülmləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə
Ölümü kamına çəkdi şəhidlər.
O şənbə gecəsi, o qətl günü, –
Mümkünə döndərdik çox namümkünü.
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü şəhidlər.
Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə biz də.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi şəhidlər.
Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi şəhidlər.
Bilirik, bu bəla nə ilkdi, nə son,
Ölürkən uğrunda bu ana yurdun.
Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi şəhidlər.
Dözdü hər zillətə, dözdü hər şeyə,
"Dünyada mənim də haqqım var”, – deyə
Kütləni xalq edən müqaviləyə
Qanıyla qolunu çəkdi şəhidlər.
İnsan insan olur öz hünəriylə,
Millət, millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.
“Ədəbiyyat və incəsənət”
(21.01.2025)
“Sevda dəliləri iman tanımır” - Hikmət Məlikzadənin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Hikmət Məlikzadənin şeirləri təqdim edilir.
*
Sevgi də şəkiltək qaradı, ağdı...
Sevda dəliləri iman tanımır.
Sənin də, biletsiz mindiyin gəmi
Sular quruyandan liman tanımır.
Axsaq adamlardan gözüm su içmir,
Əynimdə boz köynək, əsirəm burda.
Külək hardan bilsin urvatım yoxdu,
Sapları çürümüş həsirəm burda...
Qəmin sevdaları zədədi, adam,
Əcəl söz tapmayan vəkilə oxşar...
Daşında iki ad cızdığın ömür
Ağ-qara düşdüyün şəkilə oxşar.
Yelkəni cırılan qayıqdı gözlər,
Əzab yanğı verən qadadı, gəlmə.
Sən heç vaxt bilmədin köç hardan ötür,
Hikmət səndən uzaq adadı, gəlmə.
*
Birdən iki çıxmaq nə qədər çətin,
Gözünü saatdan ayır, gecədir.
Mənə "əmi" dedi sevdiyim qadın,
Qəfil elə bildim bayır gecədir.
İçimin səs-küyü başıma vurub,
Yenə qoşqudakı atlar qocadı.
Sığal da ovutmur canımı daha,
Boş ver, sinəmdəki çatlar "qocadı".
Edam kötüyünə kəpənək qonub,
Cəllad eşq bağında pəri axtarır...
Yuxumu dağıdan qadını da, eh,
Üç gündür hər yerdə əri axtarır.
Göyün rəngi solub xəstə adamtək,
Ay iki buluddan sallanır hələ.
Gündə iki qucaq yalan deyirsən,
Hikmət də uşaqtək allanır hələ.
*
Biz nə vaxt sevdik ki, ayrılaq da, qız?
Şəhvət acıları ürəyə yükdü...
Gəl, qəmə bu qədər bel bağlamayaq,
Qəm qoca adamtək kürəyə yükdü.
Demə yaşın çoxdu, ağlım ki, kəsir,
Sevda dənizində gəmim hazırdı.
Yenə lərzə gəlib günah buludum,
Çətirə gərək yox, zəmim hazırdı.
Allaha baxmağa üzün yoxdusa,
Əllər boş badədi, ha qaldır, düşürt.
Nə üzlə gəlirsən qapıma indi?
Sevgi bir tabutdu, ya qaldır, düşürt.
Nəfs də pul kimi artır-azalır,
Sən daha o səhvi etmə, ölürəm.
Niyə ayrılığın çəpəri yoxdur,
Bəlkə kimsə deyər, getmə, ölürəm...
*
Mismarı çürümüş nərdivanam ki?
Həyat ya boş verər, ya damlar məni.
Özüm qırx kiloyam, günahım qırx ton,
Necə basdıracaq adamlar məni?
Beş gündü köçmüşəm tindəki evə,
Küçədə bir it var, ulayır elə...
Rəssama dedim ki, şəklimi çəksin,
Gördüm ki, kağızı bulayır elə.
Tez-tez uzaq qaçdım çöldəki qızdan,
Eh, necə biçdilər boyuma bunu?
Şeytan içən kimi tufan qopardı,
Mən nahaq çağırdım toyuma bunu.
Qoca ovçuların tüfəngi boşdu,
Ova hədəf olmaq quş olmaqdı ki?
Eşqin də ocağı, külü var, bəlli,
Sevmək dəliliyə tuş olmaqdı ki?
*
Mən qeybə çıxıram, son kərə dön bax,
Köçü yola sarı çevirdim, pəri.
Mənə kim dedi ki, günaha qul ol,
Özüm öz taxtımı devirdim, pəri.
Sanıram, hələ də ürəyim daşdı,
Başacan əyriyəm, düzüm yoxdu ki.
Eh, çox da dedim ki, son kərə dön bax,
Üzünə baxmağa üzüm yoxdu ki.
Mən özüm aldatdım özümü, boş ver,
Demirəm, gözümə kül atdı kimsə.
Başımın altına daş qoydum, yatım,
Üstünə beş-altı gül atdı kimsə.
Eh, bir sözdü dedim, qapını ört ta,
Göynədir vurduğum zədə, bağışla.
Onsuz da bir azdan itib gedəcəm,
Sən nə insafa gəl, nə də bağışla.
*
Kimin boz üzü var, ehtiyat elə,
Eh, hələ bilmirsən canında nə var.
Hamıda eşq hissi eynisə, qaç get,
Elə get, heç bilmə yanında nə var...
Göy məndən inciyib, buludlar səsdən,
Buğda səpəcəyim zəmi daş kimi.
Dərd təsbeh deyil ki, çevirim tez-tez,
Üstümə az tulla qəmi daş kimi.
Günah ağacında nə çox zülüm var,
Saatı axşamdan bur, səsi gəlir.
Kimə güvənək ki, son saatlardı,
Bir də görəcəyik sur səsi gəlir.
*
Cana çəpər çəkir kef azğınları,
Gör, nəyə qadirdi mey dolu camlar.
Qəm də duman kimi tutdu, buraxmır,
Məni də məst edin, ey dolu camlar...
Bilet tapmadığım qatarlar dönməz,
Dünya gözlərimdə tük olar qəfil.
Daşla çox oynadım, ancaq bilmədim,
Nə vaxtsa üstümdə yük olar qəfil.
Dünən gül qoyduğum qəbirdə hal yox,
Neyçün əzab çəkir bəndən, İlahi?
Qələmi arada suladım, bitsin...
Mən çox şey umuram Səndən, İlahi?
*
Həyat tənlik qədər yorucudur ki,
Mən düz əlli ildi vurub-çıxıram.
Üç dənə tuz vermir kart şoğərib də,
Pulumu udurlar, durub çıxıram.
Edam kötüyünün üstünə çıxıb
Cəlladı güdürəm ayıq göz ilə.
Küləkdi, limandı, bir də ki, mənəm,
Nə kiçik görünür qayıq, göz ilə.
Hələ tük tökməyib çöldəki atlar,
Əzrayıl birini çapardı qəfil...
Mən də bir Məsihdim, tanımadın, eh,
Allah da götürüb apardı qəfil.
*
Yollar boz çöl qədər divanə deyil,
Gedən geri dönmür, gələn yorulur.
Guya gözlərimi tora salmısan,
Elə çırpınıram, tələn "yorulur"...
Çatıb ömrümüzün son saatları,
Nə çox gözləyirik növbədə, Allah?
Həyat tərəzimdə günah var ancaq
Daha kar eləmir tövbə də, Allah.
Gör, necə acıdır eşqin qəmləri,
Ta özünə çəkmir ev məni, qadın.
Bilirəm, küsmüsən, qayıt, son kərə,
Həminki nifrətlə sev məni, qadın...
*
Yerin ortasında seyrək zəmim var,
Haramla şumlayıb oranı kimsə.
İtib üzümdəki ağlıq da, şükür,
Bəlkə sözə tutub boranı kimsə?
Həyat bir quyudu, adamlar orda
Beş-on yerə bölür haramı hələ.
Mənim kəndirimdə asılan adam
Bəs niyə göynədir yaramı hələ?
Qəmi çeynəyirəm necə iştahla,
Bir qız gözlərimdən asılı qalıb.
Gör, neçə vaxtdı ki, titrək barmaqlar
Qapımın zənginə basılı qalıb.
...Namaz qıla-qıla günaha batmaq
Şeytanın verdiyi qayıbdı, bala.
Hikmət neçə vaxtdı Allahdan küsüb,
Bir deyən yoxdu ki, ayıbdı, bala...
*
Şəkil çəkdirmişik yağışlı gündə,
Aralı düşmüşük göylə yer kimi.
Hər qapı açanın bir tamahı var,
Kimi tapdayacaq, söylə, yer, kimi?
Mən sənə demişdim, köç gələn vaxtı
Tabut basdırdığım çəpərə baxma...
Hər tora bir qadın, bir günah düşür,
Daha dizimdəki təpərə baxma.
Bu seyrək buludlar körpədi hələ,
Yüz ildi yatırlar, səsləri çıxmır.
Taxta qapıların naxışı itib,
Hardansa bir əziz kəsləri çıxmır.
Sanıram, çarmıxa çəkilən canı
Allah son nəfəsdə duyacaq yəqin.
Baxma, gözlərimin hirsi soyusun,
Kimsə günahımı yuyacaq yəqin.
*
Dünəndən göy coşub, buludlar susmur,
Eh, görüş yerləri sudumu indi?
Bir gül gətirmisən, bir qara tabut,
Mənə verəcəyin budumu indi?
Nə vaxtdı görmürük bir-birimizi,
Daha aramızda qatı duman var.
Artıb qarşı düzdə qurd-quş səsləri,
Bağlama ağaca atı, duman var.
Soyuyub uşağa həsrət qucaqlar,
Kimdi, gəlib deyir: - Adını unut?
Bu qız kökdən düşüb piano kimi,
Sən o uzaqdakı qadını unut...
Bir taxta kətil var qarşında, otur:
Ruhu ölü adam çalışmaz, bəlli.
Sönüb səndən sonra bu ocaq, bu köz,
Yüz əl qarışdıra, alışmaz, bəlli...
*
Həya duvağımı qara çarşablar?
Qəmi çörək bilib çeynəyək indi?
Birgə tikdiyimiz o ev də damır...
Hava çox soyuqdur, neynəyək indi?
Şeytan adam kimi təsbeh çevirir,
Gəl, indi adamtək zarı fikirli...
Ürəyim çatlayıb gülöyşə nartək,
Mən yarı oyağam, yarı fikirli.
Eşitdim gəlirsən, çətin qarşında
Gəlib bu zəhrimar araqla durum.
Tabuta sığmıram, qəbrimi gen qaz,
Sonra ürəyimi varaqla, durum...
Həyat bir tamaşa, ömürsə səhnə,
Toxta, yaxındakı uzağı göstər.
Çox da küçənizdə bataqlıq yoxdur,
Mənə içindəki tuzağı göstər.
*
Əcəl ikibaşlı yol kimi sərtdi,
Gör neçə pəri var şamın üstündə.
Bilmirik şeytandı, yoxsa, əzrayıl, -
İki quş oturub damın üstündə.
Bir qucaq gül alaq, beş-altı çörək,
Gedək kölgəmizi qoxlayaq, dönək.
Burda ikiüzlü adamlar çoxdu,
Arada birini oxlayaq, dönək.
Bir-iki dağ qalıb tapdayıb keçək,
Mənə yanğı verən simdədi gözün.
Sən nə divanəsən, nə də ki, dəli,
Onsuz, hamı bilir kimdədi gözün.
Nə çox zəng vurursan, işim var axı,
Gözlə, adam kimi yanım, sabah gəl.
...Mənə məktub gəlib qonşu qadından,
İçində üç söz var: "Canım, sabah gəl".
*
Matəm libası var neçə əyində,
Sözün tabutu yox, təbin kağızı...
Nə vaxt imza atdıq bu eşqə, nə vaxt,
Nədən yad əldədi kəbin kağızı?
Zillət bar verəndə xəzan da dəymir,
Ardınca atmağa daşım yox, şükür.
Şama gör, nə qədər pərvanə düşüb,
Daha kəsiləsi başım yox, şükür...
Aşiq dəli olar, yalançı olmaz,
Qarşımda qurd kimi ula, əyilmə.
Ağa əmr eləsə qul kimdi dura, -
Allah olan yerdə pula əyilmə.
*
O can ki, arağa öyrəşdi, tulla...
Günahdan hələ də ağızlar nəmdi.
İçində qəmi də, eşqi də düz tut,
İmza atdığımız kağızlar nəmdi.
Nə çox baş töküblər boz çöllərə, bax,
Çöllər nənəm kimi məsəllidi, eh...
Daha yoxa çıxıb eşq məktubları,
İndi eşq quruca təsəllidi, eh.
Yenə yol üstəsən, bir anlıq dayan,
Bu qəmi şələlə kürəyimə, köç.
Mən bir eşq dadmadım özgə tamahda,
Hələ evin yoxdu, ürəyimə köç...
*
Zay adam başının çıxarın bilməz,
Tamah güc gələndə qudurar adam.
Get, gecə bulaqdan su gətir içim,
Eşq durmayan yerdə su durar, adam.
Yaltaq nə bilir ki, təmənna nədir,
İçində nəyi var, qırağa tökər...
Qəmə nöyüt vursan can buna dözməz,
Yetən öz günahın çırağa tökər.
Ölüm baş qoyduğum xatirə daşı...
Allaha belə bir ərzim yoxdu ha.
Ovçusan, hədəfin haradı, bilim,
Mənim hər xırmanda dərzim yoxdu ha.
Sən bir pəri ol ki, elçi düşsünlər,
Ya da eşq gölündə qayıq ol, adam.
Gecələr döyülən qapılar kimi
Çox hürkək olmusan, ayıq ol, adam.
“Ədəbiyyat və incəsənət”
(21.01.2025)
“Mən tale yorğunu, qoca dərvişəm” - ZİRRƏDDİN QAFARLININ 70-inə.
Gülnarə Cəmaləddin, AYB Sumqayıt bölməsinin sədri, “Ədəbiyyat və incəsənət” üçün
O, sözün bütün mənalarında, bütün məqamlarında və bütün çalarlarında ŞAİRDİR. Yeri birinci cərgə olsa da, həmişə ən axırıncı sırada oturar, ən gözəl sözü söyləmək iqtidarında olsa da, söz demək onun üçün dünyanın ən zülüm, ən müşkül işinə çevrilər.
Ən gözəl şeirlərin müəllifi olsa da, heç vaxt “mən şeir yazıram,- mən şairəm” deməz. Haqqı haqqı olmayanlar tərəfindən yeyilsə belə, bu dünyaya, onun işlərinə şairanə qımışıb keçər.
Çünki dünyanın faniliyini, götür- qoyunu bilir, vəfasına, etibarına bələddi.
İş yadigar qalar,dur qarış,qalar,
Qarış ki, gör kimdi bu qarışqalar.
Ömürdən ölümə bir qarış qalar,
Kimdi bu ölümü daşıyan belə?!
Müdrik insanlar daha çox susmağa üstünlük verir. Bunu görə- görə gəlib, bu məsəli deyənlər. Nazim Hikmət demişkən:
Təki çanağında balın olsun,
Arısı gələr Bağdaddan.
O, çanağında balı olan söz sahibidi. Heç vaxt balını ucuz dəllallara satmaz.
Bilir, balın dəyərini bilənlər yaxşı bilir. Zirəddin Qafarlı xalqının oğludu. Xalqının dilini bilir, ruhunu tanıyır və elə o dildə və o ruhda şeirlər yazır. Heç kəsin ağlına gəlməyən, huşu kəsməyən mövzular seçir, çoxlarının dərindən duya bilmədiyi, qatına girməyə cəsarət etmədiyi, çiynini vermək istəmədiyi böyük dərdlərdən yazır. Sevgisi də, kədəri də elə özü qədər, sözü qədərdi. Bilən bilir onun böyüklüyünü. Bilməyənsə özü bilər. İstedadlı gənclərin qarşısındakı otu, çayırı təmizləyib ədəbiyyata gəlməsinə kömək edir. O, ilahi sözün, ilahi şeirin məqamına yüksəlib. Sözü urvatdı eləyən urvatdı şairdi. 60- cılar deyilən ədəbi nəslin nümayəndəsidir. Çox ciddi ədəbi yol keçib.
Sən nədən bildin ki, dərdə vərdişəm?
Etdim ürəyimi neçə dərdə şəm.
Mən tale yorğunu, qoca dərvişəm,
Gəl sənə bir şeir oxuyum gedim.
Sözü bilmədən özünə ürəklə şair deyənlərə hərdən əlahəzrət sözlə üz- üzə durmağı tövsiyə edərək, Şair olanların ola bilməyənlərdən ucalığının fərqini təbirimcə çözməyə çalışmaq istədim. Çünki bu yazıda söhbət ŞAİR ZİRƏDDİN QAFARLInın bu kiçik dünyaya sığışmayan böyük söz dünyasından, ağrılarından, böyüklüyündən və şairliyindən gedir.
Vallah, bu ürəklə bu gen dünyaya,
Sığışa bilmirəm,- sığışmaq olmur.
Dünya onun içindən heca- heca, sətir- sətir, misra- misra keçir. Çünki o, ağrını bilir, kədəri tanıyır, sözü duyur. Yol ver səndən keçim demir, "Əyil, səndən keçim, dünya!" -, deyir Ağamalı Sadiq Əfəndi kimi.
Şairlik nə Allahlıqdı, nə bəndəlik. Tale işidi, alın yazısıdı...Şair ya doğulur, ya da doğulmamış ölür. Sonradan şair olmaq olmur. Söhbət ŞAİRdən və ŞAİRlikdən gedir.
Sevgi ölüsüyəm, eşq dəlisiyəm,
Hər söylənən mənəm, hər deyilən mən.
Sevincin heç məndən xəbəri yoxdur
Kədər deyilən mən, dərd deyilən - mən.
Şairlik özünü unudub, başqaları olmağı bacarmaqdı, dünyanın dərdini könüllü qəlbinə yükləməkdi, ürəyində daşımaqdı. Şair olmaq əzabdı, zülümdü, iztirabdı, işgəncədi, hər dəfə ölmək, hər dəfə yenidən dirilməkdi...və bütün bunlara dözməkdi, dözə bilməkdi.
İtirdim o qədər dostu, doğmanı,-
Qanımdır su təki axıb gedənlər.
Elə bil ömürlük olmayıblar heç
Ömrümdən- günümdən çıxıb gedənlər.
Əriyən şam olur ürəyim gecə
Axı necə dözüm, ürəyim, necə?!
Ağrıtək qalacaq ürəyimdəcə
Kövrək ürəyimi sıxıb gedənlər.
Həyatım nə zaman sevindi mənim?!
Zirəddin, oğulsan sev indi məni!
Deyirdin bu dünya evimdi mənim,-
Bildimi bu evi yıxıb gedənlər?!
Şairlik hamının ağrısını daşımaqdı. Gedənləri unuda bilməməkdi, dünyanı bilməkdi, ölümü sevməkdi. Qorxusuz yaşamaqdı, dünyəvi nəsnələrdən azad olmaqdı. Gedənlərin həsrətini bu dünyada qaldığın sürədə doğma kimi bağrının başına sıxıb son günə kimi saxlamaqdı...
Ömürdü məndən köçən,
Yaxşını pisdən seçən
Qardan, yağışdan keçən
Yolum qırış- qırışdı.
Qaldım tək çinar kimi
Beli sınmış tar kimi
Bir köhnə paltar kimi
İçim cırıq- cırıqdı.
Yormuşam yoxuşları
Qayaları, daşları...
Kişinin göz yaşları
Allaha qışqırıqdı.
Şairlik dünyanın alına - qalına bulaşmamaqdı, xırda- para dərdləriylə uğraşmamaqdı. Şairlik bir az bəndə, bir az Allah olmaqdı...Bütün şairlərin Anası,Allahı sözdü. Şairlik Allahı tanımaqdı, bir köynək ona simsar olmaqdı. Verdiyini, aldığını bilməkdi. Səssiz- küysüz, için- için ağlamaqdı, korun- korun tüstüləməkdi, yana- yana kül olmaqdı. Bu dünyaya etirazdı, üsyandı, hər şeyə asi olmaqdı... Şairlik heç kəsin anlamadığını anlamaqdı...
Dünya bazardı- qorxuram
Mayamı batıram, oğlan!
Bilmirəm özüm- özümdən
Nə alıb- satıram, oğlan!
Sərmayəsi söz olanın bazarı kasad olmaz, Ustad! Dünya durduqca duran şairlərdən olanlar nə xöşbəxtdi, elə söznən yaşıd olanlar da. Bu gün sözün bayramıdı, bu gün sizi bilənlərin bayramıdı...
Gününüz mübarək,günümüz mübarək, USTAD!
P.S.Bu yolda mənim ilk bələdçim siz oldunuz. Bu yol çox çətin, əzablı yoldu,- dediniz. Səbr, təmkin dilədiniz. Və hər zaman qürur duydum sizinlə.
“Ədəbiyyat və incəsənət”
(21.01.2025)
Sevinc və kədərin “hekayəsi”
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Duyğuların ən gözəli, ən təmizi, qəlbin dərinliklərində ən saf olanı bir zamanlar sevgi idi. Hər kəs xoşbəxt idi. İnsanlar bir-birinə sevgi ilə yanaşar, qəm, kədər, acı hiss etməzdilər. Sevgi sadəcə bir duyğu deyil, həyatları mənalandıran bir qüvvə idi. O zamana qədər ki, kədər sevgini qısqanmağa başladı...
Sevginin hər kəsin sevimli hissi olması, kədərin bu sevgini insanlardan almağa çalışmasına səbəb oldu. Ən sevilən duyğu kədər olsun istədi. Və o gündən sevgi ilə kədərin mübarizəsi başladı. Dünyanı sevgi, xoşbəxtlik, birlik xilas edəcəyini düşünən sevgi var gücü ilə mübarizə aparırdı. Bu mübarizədə çox zaman qalib gəlsə də, bəzən məğlub olurdu. Zamanla bəzi insanlar kədərə meyil etməyə başladı. Kədər, insanların onu sevməyə başladığını gördükcə daha çox həvəslənməyə, dünyada yeganə duyğu olmağa çalışırdı.
O, artıq sadə bir hiss deyil, bir qüvvəyə çevrilmişdi. Və artıq hər gün o saf, həqiqi sevgi yox olmağa başlayırdı. Sevgi məğlub olurdu. Dünyasını belə görmək istəmirdi. İnsanlar bir-birindən uzaqlaşmış, yadlaşmış və artıq yalnızlığa çəkilmişdilər. Sanki dünyada tək bir insan yaşayırdı. Arzusuz, istəksiz, sevgisiz, tək bir insan. Sevgi bununla barışa bilmirdi. Axı hər zaman bir ümid vardı. Soyuqlaşmış qəlblərdə gizlənən o ümid, sevginin son şansı idi.
Sevgi, dünyanı birlik və xoşbəxtliklə xilas edəcəyini ümid edərək səbirlə gözləməkdəydi...
“Ədəbiyyat və incəsənət”
(21.01.2025)
GAP Antologiyasında Mehdi Qəmsizin “Dəlixana” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Mehdi Qəmsizdir
Mehdi Qəmsiz
Təbriz
DƏLİXANA
Salonun dibindən tanış səs gəlir,
Yenə də vaxtıdır qapılar: “Taq-taq”!..
Oyanıb röyadan baxıram sənə,
Bura dəlixana, sonuncu otaq.
Bu il gəlişinə çox inanmışam,
Yalnız mən deyiləm, hər kəs inanıb.
Gündüzlər bu yollar yolunu güdüb,
Gecələr lampalar dalınca yanıb.
Dərdimi əzbərdi pəncərələr də,
Bu tozlu camlarda nağıllar batıb.
İçəri üzündə, ayaq başında,
Bəbəklər tökülüb dənizlər yatıb.
Ağ donlu mələklər gəlib gedərlər,
Beynimi gəzməkdən yorulmayırsan.
Uzaqdan hamısı sənə bənzəyir,
Yaxına gələndə sən olmayırsan.
Canımda saf yerim elə qalmayıb,
Qolumda iyirmi sant yerin qalıbdır.
Dışarı üzümü iynə yerləri,
İçəri üzümü dərdin alıbdır.
“Yaz olub” – deyirlər dışarılarda,
Bulaqlar qaynayar, günəş nur saçar.
Gəlsənə fərş olum ayaqlarında,
O zaman bu xalça çiçəklər açar.
Gələcəksən deyə qiyamət qopub,
Bəzənib divarlar, geyinib yataq.
Hər əldə bir şəkil ərköyünləşir,
Bura dəlixana, sonuncu otaq.
“Ədəbiyyat və incəsənət”
(21.01.2025)
ƏKS-SƏDA: Qazaxıstanlı diplomat portalımıza yazıb
Könül, “Ədəbiyyat və incəsənət”
Ötən günlərdə portalımızda “Sizə qucaq açdı qazax torpağı...” başlıqlı yazı getmişdi. Müəllifi tanınmış publisit Aida Eyvazlı Göytürk olan yazı
Qroznı səmasında vurularaq, Aktauda qəzalı eniş edən təyyarədən sağ çıxan stüardessa Aydan Rəhimliyə qazax diplomat Muxtar Kəribayın şeir həsr etməsi, Aida xanımın şeiri azərbaycancaya uyğunlaşdırması barədə məlumatdan, habelə hər iki dildə şeirin təqdimatından ibarət idi.
Göylər qızı, asimanda süzənim,
Doğma bacım, ciyərparam süsənim.
Yaralanıb göy səmadan endiyin,
O kənd mənim kəndim, mənim vətənim…
İçdən yazılan, qəzaya uğramış insanlara bir dünya sevgi, onları bu fəlakətə sürükləyənlərə qarşı isə bir dünya məhəbbətdən yoğrulan çox gözəl şeir və gözəl tərcümə idi.
Budur, müəllifdən cavab məktubu gəlib. Onu diqqətinizə çatdırırıq:
Əziz dostlar, salam!
Mən, Mükhtar Karibay, son zamanlar baş vermiş hava qəzasında xilas olmuş uçuş heyətinin üzvünə həsr etdiyim şeiri yazmış Kazaxıstanlı bir diplomatom. Şeirimim azərbaycan dilinə tərcümə edildiyini və sizin jurnalınızda, portalınızda dərc edildiyini təsadüfən öyrəndim. Tərcümə müəllifinə və sizə göstərdiyiniz yüksək diqqətə görə böyük təşəkkürümü bildirirəm.
Qoy, qardaş ölkələrimiz inkişaf etsin və belə kədərli hadisələr bir daha təkrarlanmasın!
Azərbaycan xalqına sülh və rifah arzulayıram!
Hörmətlə, Mükhtar Karibay!
Əlbəttə ki, portalımız türk dünyası mədəniyyətinin təbliğini, türk insanlarının türk ailəsinə inteqrasiyasını əsas məqsəd sayır, bu məqsədimiz bundan sonra da dəyişməz olaraq qalacaqdır.
“Ədəbiyyat və incəsənət”
(21.01.2025)