
Super User
Doktor Yaşar Sözen Uşaq Kitabxanasında yazıçılarımızla görüşüb
Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün
Pamukkale Universiteti Çağdaş Türk ləhcələri və ədəbiyyatı bölümünün müəllimi, ədəbiyyat dili uzmanı, uşaq ədəbiyyatı araşdırmaçısı doktor Yaşar Sözen F.Köçərli adına Respublika Uşaq Kitabxanasında yazıçılarımızla görüşüb.
Tədbirdə Azərbaycan uşaq yazarlarından Rafiq Yusifoğlu, Eyvaz Zeynalov, Sevinc Nuruqızı, Reyhan Yisifqızı, Solmaz Amanova, Aygün Bünyadzadə, Gülzar İbrahimova, Gülarə Munis, Zahirə Dadaşova, Nurlana İşıq, Mina Rəşid, Əfsanə Laçın və başqaları iştirak edib.
Görüş zamanı Yaşar Sözenin müəllifi olduğu “Müstəqillik dövründə (1991-2024) Azərbaycan uşaq ədəbiyyatında hekayə” adlı tezisinin müzakirəsi aparılıb. Gənc alim tezis haqqında geniş danışıb, vurğulayıb ki, tezisin yazılmasında məqsəd Müstəqillik dövründə Azərbaycan uşaq ədəbiyyatının inkişaf tarixini öyrənmək və onu Türkiyədə tanıtmaqdır. Yaşar Sözen təqdimat zamanı məlumat verib ki, tezisdə Azərbaycan uşaq ədəbiyyatını üç dönəmə - Maarifçilik, Sovet və Müstəqillik dönəmlərinə ayıraraq araşdırıb. Araşdırma zamanı 18 Azərbaycan uşaq yazarının 552 hekayəsinin xəritə-sxemi (təsviri) hazırlanıb, 10 yazarın isə hekayələri məzmununa görə təhlil edilib. Eyvaz Zeynalovun, Rafiq Yusifoğlunun, Sevinc Nuruqızının hekayələrinin geniş tədqiqatı aparılıb.
Sonda araşdırmaçı alim Yaşar Sözen uşaq kitabxanasının direktoru Şəhla Qənbərovaya səmimi münasibətə görə təşəkkürünü bildirib. Alim qeyd edib ki, Azərbaycandakı bu uşaq kitabxanası bir akademiyadır. Türk dövlətləri arasında Azərbaycan uşaq ədəbiyyatının çəkisi daha ağır və sanballıdır.
Yaşar Sözen onu da bildirib ki, Azərbaycan uşaq ədəbiyyatı ilə bağlı 4 ildə apardığı araşdırma ilə bağlı kitabın təqdimatı bu il ölkəmizdə Türk səfirliyində təşkil ediləcək. Həmçinin, uşaq ədəbiyyatımızla bağlı Türkiyədə simpozium keçiriləcək. Bundan başqa, hər il Türkiyədə Azərbaycan uşaq ədəbiyyatı ilə bağlı antologiya çap ediləcək. Həm türk, həm də Azərbaycan dilində olan nəşrlər ayrı-ayrılıqda şeir, hekayə, nağıl, pyes və başqa janrları əhatə edəcək.
Türk alim sonda uşaq yazarlarının suallarını cavablandırıb və onlarla xatirə şəkilləri çəkdirib.
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)
TMİF şura toplantısına hazırlıq məqsədi daşıyan 2-ci Ekspert Səviyyəli İCLAS KEÇİRİLƏCƏK
Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) Bakı şəhərində yerləşən baş qərargahında 23-24 yanvar 2025-ci il tarixlərində TMİF Şura toplantısına hazırlıq məqsədi daşıyan 2-ci Ekspert Səviyyəli İclas keçiriləcəkdir.
“Ədəbiyyat və incəsənət” portalına TMİF-dən verilən məlumata görə, iclasın məqsədi Fondun Şurasının növbəti iclasının gündəliyini tərtib etmək, Fondun 2025-2026-cı illər üzrə Fəaliyyət planlarını müzakirə etmək və təşkilatın Nizamnamə sənədlərinə dəyişikliklərin edilməsi istiqamətində fikir mübadiləsi aparmaqdan ibarətdir.
İclasda müvafiq mütəxəssislərin müraciətləri, rəy və təklifləri dinləniləcəkdir.
Tədbirdə Fondun Üzv Dövlətləri olan Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Türkiyənin Xarici İşlər və Mədəniyyət Nazirliklərinin nümayəndələri iştirak edəcəklər.
Qeyd edilməlidir ki, Türk Mədəniyyəti və İrsi Fondu bundan sonra da fəaliyyətini daha da zənginləşdirmək məqsədilə hər il davamlı olaraq bu kimi əlaqələndirmə görüşləri təşkil edəcəkdir.
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)
Şəkidə Şəfiqə Axundova yad edilib
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki- Zaqatala təmsilçisi
Ötən gün - yanvarın 21-də Şəki şəhər 4 nömrəli Uşaq Musiqi məktəbi tərəfindən unudulmaz bəstəkar, Xalq artisti Şəfiqə Axundovanın 101 illik yubileyinə həsr olunmuş "Şərqin nəğməkar qadını" adlı konsert keçirilib.
Konsertdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və əməkdaşları, mədəniyyət işçiləri, şəhər içtimaiyyəti iştirak edib.
Yubiley konsertində bəstəkarın ömür yoluna nəzər salınıb və dahi bəstəkarın yaradıcığından bəhs edən vidoçarx nümayiş olunub.
Çıxışlarda qeyd olunub ki, 1924-cü ildə Şəkidə ziyalı ailəsində anadan olan Şəfiqə Axundova elə uşaqlıqdan musiqiyə maraq göstərib. Anasının böyük dəstəyi ilə musiqi təhsili alan Şəfiqə Axundova Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb. Operaları, musiqiləri yalnız Azərbaycanda deyil, bütün dünyada ona şöhrət gətirib.
Azərbaycanın Xalq artisti, “Şöhrət” ordenli Şəfiqə Axundova 2013-cü ildə Bakıda vəfat edib.
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)
Jurnalistikamızın dəyərli nümayəndələrindən biri - ASİF MƏRZİLİ
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Ömrünün böyük bir hissəsi mətbuatla bağlıdır. O vaxtki Nеft Kimya Sənayеsi Nazirliyinin “Böyük kimya uğrunda” çoxtirajlı qəzetinə baş redaktor təyin olunanda cəmi iyirmi doqquz yaşı var idi. Özünəməxsus yazı tərzi, üslubu ilə fərqləndiyinə və istedadlı qələm adamı olduğuna görə, onun 1982-1988-ci illərdə Azərbaycan Dövlət Tеlеviziya və Radiо Vеrilişləri Kоmitəsində ştatdankənar əməkdaş kimi fəaliyyətinə şərait yaradılıb.
1990-cı ildən Azərbaycan Nazirlər Sovetinin orqanı olan “Respublika” qəzetində müxbir kimi çalışsa da, bir il sonra Milli Məclisin indiki “Azərbaycan” qəzeti redaksiyasında parlament müxbiri vəzifəsinə təyin olunub. 1992-ci ildə “Ədalət” qəzetinin baş redaktorunun birinci müavini işləyib, 1993-cü ildən “Təzadlar” qəzetinin baş redaktorudur…
“Biz əyilmədik”, “Yеrin görünəcək”, “Mərzili və Mərzililər” (Ənvər Çingizoğlu və Asif Mərzili),”Qalxın, jurnalist gəlir!”, “Təzadlar” kitablarının müəllifi, 10-a yaxın kitabın isə rеdaktоrudur. Baş redaktoru olduğu qəzеt 2008-ci ilin yеkunlarına görə mərkəzi qərargahı Cеnеvrədə yеrləşən “Cеntury Intеrnatiоnal Quality Еra Award” Bеynəlxalq Təşkilatının “QC-100 İdarəеtmənin Ümumi Kеyfiyyət Mоdеlinin Əsrin Bеynəlxalq İnkişafı üzrə Qızıl ЕRA” mükafatına layiq görülüb…
Deyir ki:- “Səhv etmirəmsə, 2010-cu ildə Milli Mətbuat gününə iki gün qalmış gördük ki, işi-gücü nəşriyyatın koridorlarında söhbət etmək olanlara MŞ və KİVDF-dən dəvətnamələr verilib, bizə zəng edən yoxdur. Süleyman Osmanoğlu, mən və Rövşən Kəbirli danışdıq, zəng etdik MŞ-a, Rəhim Hüseynzadə ilə danışdıq. Dedi ki, bizlik deyil, aparatdan siyahını veriblər və s. Zəng etdik KİVDF-yə, yenə də eyni cavab. Süleyman bəy dedi ki, həmin gün birbaşa gedək “Gülüstan” Sarayına, qoy bizi tədbirə buraxmasınlar. Mən etiraz etdim, dedim, qoy bayram eləsinlər, Allah bu haqsızlığı və vicdansızlığı bağışlamaz… Amma Süleyman bəy təkid etdi, bizlərə olan bu münasibətdən çox pərt idi. 22 iyulda getdik “Gülüstan” sarayına. Gəlib-keçən “jurnalist”lərin kimliklərini seyr etdik, 70 faizini tanımadıq, çünki peşəkar, az-çox yazı-pozusu olanları sifətindən tanıyırdıq. Hətta nazirliklərdən, qohum-əqrabalardan da rastımıza çıxanlar oldu, irəli duran Süleyman bəyi buraxmadılar. Halbuki həmkarımız sayılanlar içəri maneəsiz keçirdilər, amma biri demədi ki, axı bu insanlar mətbuatımızda yetərinncə adı və imzası olanlardır. Nə isə… Dedim, Süleyman bəy, gedək nəşriyyata. O, kənara çəkilib “Gülüstan” Sarayının qarşısındakı daş pilləkanın üstündə oturdu, üzünü tutub bir ağlamaq elədi ki… Bu səhnəni sözlə ifadə etmək çox çətindir… Səhəri gün Süleyman bəyin sorağı xəstəxanadan gəldi. Ona edilən haqsızlığın xəstəliyini tapmışdı, bir neçə ay sonra dünyasını dəyişdi.
Ey milli mətbuatımıza iddialılar, özünü peşəkar sayanlar, yuxarı başda görənlər, biz bunları yaşaya-yaşaya gəlmişik, adını yaza bilməyənlər “Əməkdar jurnalist” oldu, “Tərəqqi” medalı aldı, “Şöhrət”ləndi, mənzil aldı”…
Qınamağa dəyməz, bu kəlmələr xidmətinə dəyər verilməyən bir insanın harayını, giley-güzarını özündə ehtiva edir. Axı müqayisə edəndə, indiyədək müxtəlif mükafatlara layiq görülən bir çox jurnalistdən istedadına və xidmətlərinə görə geri qalmır…
Haqqında məlumat toplamaqdan ötrü internetin imkanlarından istifadə etməli oldum. Xeyli faktlar qarşıma çıxdı. Məlum oldu ki, yazıların bəzilərində onu reket jurnalist kimi qələmə verənlər də az olmayıb. Adətən araşdırma, tənqidi yazılar yazan jurnalistlərin əksəriyyətini zəmanəmizdə belə adlandırırlar. Amma otuz illik jurnalistika təcrübəsi olan, ölkənin rəsmi mətbu orqanlarında çalışan bir jurnalisti reket adlandırmaq, heç də insafdan deyil. Peşə fəaliyyətinə görə başına nələr gəlməyib ki? Elşad Abdullayevin universitetində baş verən neqativ halları ictimailəşdirdiyinə görə 2009-cu ildə onu həbs ediblər. Evini, avtomobilini yandırıblar. Heç zaman geri çəkilməyib. Bəlkə də Azərbaycan jurnalistika tarixində ən çox müqavimət görən jurnalistlərdən biri də o, olub…
“Mətbuat cəmiyyətin güzgüsü olmalıdır. Güzgü cəmiyyəti ən azl olduğu kimi göstərmirsə, o heç kimə gərək deyil. Azərbaycan mətbuatının bu günkü durumu nəinki pisdir, çox pisdir. Təsəvvür edin, Prezident məmurları tənqid edə bilir, mətbuatımız isə susur. Susmaq razılıq əlamətidir. Tənqid yazan KİV-lər isə susdurulur, əsasən də MŞ tərəfindən. Bu çox pis haldır. Jurnalistikada araşdırma yazılar yoxdur, çünki araşdlrma yazı bəzilərinin gözündə tənqid etməkdir, pisləmək və əleyhinə yazmaqdır”- söyləyir.
Ciddi görkəmi, mehriban davranışı, qüruru, cəsarəti onu çoxlarına sevdirə bilib. Əzmkar, işgüzar, azad düşüncəli insandır. Hər zaman cəmiyyətə faydalı olmağa, xeyirxahlıq etməyə tələsir…
1960-cı ildə Ağdamda, Azərbaycanın böyük oğullarından biri, Xudu Məmmədovla eyni kənddə- Mərzilidə dünyaya gəlib. Yurd həsrəti onu heç zaman rahat buraxmayıb. Doğma yurdu haqqında qələmə aldığı yazıları oxuyanda onun nə böyda ürəyə sahib olduğu aydın görünür...
Bəli, hələ əsgəri xidmətdə olarkən, 1979-1981-ci illərdə Pribaltika Hərbi Dairəsinin “Za Rodinu” qəzetinin ştatdankənar müxbiri kimi jurnalist fəaliyyətinə başlayan Asif Mərzili Azərbaycan jurnalistikasının dəyərli nümayəndələrindən biridir. Yanvarın 9-u Asif bəyin 65 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı arzulayıram...
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)
“Şairlər oyaq qalır” - Nəriman Həsənzadənin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Nəriman Həsənzadənin şeirləri təqdim edilir.
Dəmir Yumruq
Sərkərdəmiz
Hörmətli Hafiz Paşayevə
Bir səadət mehi əsir
əsrin yeni havasından.
Dəmir Yumruq Sərkərdəmiz
doğulubdu artıq, şükür!
O dərs alıb Atasından, Babasından,
bir də Ulu Babasından.
Qucaqda yox, arzularda,
istəklərdə o böyüyür,
zaman adlı müəllimi,
açıq-aydın, düşüncəli,
əsən yelə, daşan selə
o, siyasi bir ad verir.
Onun uzaqgörən gözü,
duyan qəlbi, yazan əli
ölkələrin tarixinə
tarixi məlumat verir.
Cilvələnir, rəngə girir
dünya bəzən röya kimi.
Dəmir Yumruq Sərkərdəmiz
Dan yerinə - bir şeh gəlib.
Qarşısında Yer üzünün
xəritəsi - dünya kimi.
Bəşərin də taleyinə
yeni bir cavabdeh gəlib.
Türkiyədən həkim gəlib
Uzman həkim Musa Kılıça
(Nəğmə mətni)
Türkiyədən həkim gəlib,
gör kim gəlib -
Musa Kılıç.
Bir eşq gəlib, həvəs gəlib.
Ərdoğanın nəfəsindən
isti, doğma nəfəs gəlib.
Musa Kılıç İlham dedi
ilk dəfə bu dostluğa
mən də bir carçıyam dedi.
Bəndlərə tale yazmağa
haqdan araçıyam dedi.
Yer işıqlı, hava gözəl,
Həkim məlhəmi tər-təmiz.
Qoşulun, qoşulun bizə,
Musa Kılıç nəğməmizə.
Nəğmə bizə,
Məlhəm sizə!
Arif Mehmandosta
Nəğmə oxuyurdu Arif yolboyu,
məni ovsunlayan o səsdə nəydi?!
Oğlu Atillanın mübarək toyu
Araz sahilində
bir təntənəydi.
Onda Günay xanım bir ana kimi
oynadı, yorulub doyana kimi.
Fatimə xanım da -
qalxdı nənəsi
qoşulub oynadı ona nəvəsi.
Hamı sevinirdi - dost, qohum olan,
öpürdü Arifin ağ saçlarından.
Mənim saçlarıma bənzər o saçlar
mənim də
ruhumu oxşayırdılar.
Muğanlı əfsanəsi
Qasım Abdullayevə minnətdarlıq
Qasım müəllimə hörmət, ehtiram,
o, qardaşəvəzi, dostəvəziymiş.
Bir mühəndis kimi mən tanıyıram,
sən demə,
Muğanlı əfsanəsiymiş.
Şəxsi büdcəsindən kəsib bir qədər
qəbristan yoluna yetirib nəzər.
Bir hasar çəkdirib yollar uzunu,
yerdən təmizlədi yerin tozunu.
Yağışdan, palçıqdan aman yoxuydu,
kənd də atasına rəhmət oxutdu.
Bəs sonra?
Muğanlı xəstəxanası! -
deməyib xərcini hələ bir kəsə.
- Heç kəs naxoşlayıb, xəstə olmasın, -
deyirlər,
deyibmi kənddə kiməsə?
Sadə bir insandı Qasım müəllim,
dərsdə - tələbələr ürək açırlar.
Kafedra müdritək - müdrik, mülayim,
professor, - deyib, suallaşırlar.
Qasım müəllimə hörmət, ehtiram,
o, qardaşəvəzi, dostəvəziymiş.
Bir mühəndis kimi mən tanıyıram,
sən demə,
Muğanlı əfsanəsiymiş.
Xatirə qızıma
Qızım mənə zəng vurur:
- Ata, necəsən? - deyir.
Dünyanın ən müqəddəs
səsini bəxş eləyir.
Mən də öz aləmimdə
qoruyuram o səsi.
Ata ziyarətidi, -
yaşa, övlad Töhfəsi!
Bakı şəhəri,
12.12.2024
Günəşi gətirən qız
Günəşi aparan qız!
Günəşi gətirən qız!
Dibçəklərdə gül əkib,
günəşi bitirən qız!
Yorulmasın o əllər,
günəş ilə bərabər,
şüşələri silən qız!
Günəşin rəfiqəsi,
günəşə çevrilən qız!
Şairlər oyaq qalır
- Bir işin varmı, şair,
necə keçir günlərin?!
Elə ki, iş yerimi
öyrəndilər, bildilər, -
-Yenə başın qarışar,
iş yaxşıdı, - deyirlər.
Təbrik də eləyirlər.
Xəbərsizdi, təəssüf, -
bir para oxucular, -
oxuduğu misranın
neçə variantı var.
Şairlər oyaq qalır, -
nə bir vərəq ağ qalır, -
bir sözün arxasınca
düşürsən tapanacan.
Tapa bildinmi, haçan?!
Pozursan yaza-yaza,
yazırsan poza-poza.
Soruşma nədən, niyə?
Qayıt görüm geriyə,
hardaydı, o qafiyə...
Bir dekan varıydı
Baş laborant Güldanə xanımın
xatirəsinə
Bir Dekan varıydı, belə, birtəhər,
gözü seçməyəni ayaqlayardı.
Müəllim, tələbə görəndə şişər,
rektoru görəndə arıqlayardı.
Hərdən stoluna yumruq vurardı,
deyərdi, Dekanam, o da təzəydi.
Oxlov udan kimi dimdik durardı,
daimi bir nida işarəsiydi.
Bir prorektorun keçər yanından,
biz birik, desə də, ayrı gəzərdi.
Göstəriş verərdi onun adından,
gedib əl tutanda, dizi əsərdi.
Bizə gah toxunar, gah ilişərdi,
bir az əsəbiydi, bir az da qıvraq.
Fənnini bilmirəm, necə bilirdi,
şərikli dərslik də yazmışdı bir vaxt.
Hamıdan ağıllı, hamıdan təmiz,
hamıdan fərqlənən inadkarıydı.
O da tələbədən almağa həris,
köhnə iş yerindən adətkarıydı.
Tez-tez yoxlayırdı Baş laborantı,
yerində yoxdursa, təcili iclas.
Yuxarı-aşağı xəbər çatardı,
telefon əlində müsbət bir obraz!
Rektorun əmrilə getdi o dekan,
gördük hər üzünü zalım həyatın.
Bizə salam verdi, salam almayan,
Dekan insan oldu, gözünüz aydın!
Yanvar, 2002-ci il
Şəlalə gülüşlər
Mən yeniyetmə bir cavan,
sən bir az uşaq olaydın.
Mən ayıq, təmkinli, filan,
sən yenə şıltaq olaydın.
O şəlalə gülüşünə
qataydın bu "Can!" səsini.
Açaydın sən o gözləri,
o Tanrı pəncərəsini!
Hərdən mənə baxaydın,
yandıraydın-yaxaydın.
Yuxum gəlir, deyəydin,
məni sehrləyərdin.
Laylayını çalaydım,
uçaydın, ucalaydın.
Budaqları əyəydim,
gündən kölgələyəydim.
Gözdən, nəzərdən uzaq,
sən yuxulu, mən oyaq.
Deyəydim, ay durnalar,
oxumayın, oyanar...
Nəvəm Nəriman Həsənzadəyə
Oğlum, cəmiyyətdə bir az ayıq ol,
bilirəm, həyatda onsuz da paksan.
Məni tərifləmə,
mənə layiq ol,
sən onda mənsiz də tanınacaqsan.
Onda deyəcəklər, filankəsdi bu,
şair Nərimanın oğul nəvəsi.
Nə deyim,
başqa bir yolun da yoxdu,
axı, babanın da sənsən əvəzi.
Məni danan olsa yanında sənin,
sus, səbr deyiblər aparar, oğlum.
Üzü qara olsun bu zəmanənin, -
mən kiməm,
Tanrını danan var, oğlum.
Kiminsə gözündən qaçıb yuxusu,
kimsə, narazıdı öz taleyindən.
Qoy sənin sabahın uğurlu olsun,
gələcək günlərə,
salam indidən!
Ay gülərüz
Saat 5-ə işləyir,
bir az qalır səhərə,
günəşin şəfəqləri
yayılacaq şəhərə.
Dünya öz yuxusundan
oyanacaq bir azdan,
sonra sən gələcəksən,
qapını açacaqsan.
Üzündə bir təbəssüm,
girəcəksən içəri,
süfrəni açacaqsan,
sonra da dərmənləri...
Bax, beləcə başlayır
hər günümüz, ay SEVİNC!
Mən sənə minnətdaram,
ay gülərüz, ay SEVİNC!
16 iyul, 2024
Gecə saat 05:40
Dərdiş
(Nəğmə mətni)
Səndən nigaran qalmışam,
insafın hardadı, dərdiş?!
Sən hardasan, mən ordayam,
canım da ordadı, dərdiş.
Sən əzizim, mehribanım,
necə susum, necə danım?!
Sənsiz günüm-güzəranım
gözə bir pərdədi, dərdiş.
Sözümü saxla yadında,
ovsun var sənin adında.
Kölgəm ayağın altında,
yanında - yerdədi, dərdiş.
Sənin
Yanında deyiləm, gələm görüşəm,
könlünü könlümcə oxşayam sənin.
Əlindən yapışam, qolundan tutam,
nazını çəkməyə başlayam sənin.
Təbiət dəyişə nola, birtəhər,
tökülən qayıda, dola birtəhər.
Payızı vermişəm yola birtəhər,
bu qışı qoynunda qışlayam sənin.
Kəkliklər oxuyur daşda, qayada,
səni də kəkliyin səsi oyada.
Bir qəm görməyəsən qəmli dünyada,
mən də sağlığına yaşayam sənin.
Üç qardaş nağılı
Uşaqlar üçün
Onlar üç qardaşıydı,
böyük qardaş - başıydı.
Ortancıl - ortadaydı,
kiçiyinə - ataydı,
sağ və salamatıydı.
Kiçiyi - sadə, həssas,
yoldaşı - darda qoymaz...
Hansı alicənabdı?
Hansı sadədi, safdı?
Varmı bir xeyirxahı?
Bu dünyadan agahı?
Seçin, deyin özünüz,
nə desəniz, yüzə-yüz!
Şərikəm mən də sizə,
Gələn söhbətimizə
gələn dəfə başlayaq,
Qalibi alqışlayaq.
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)
“Anamın kitabı” Şuşa Teatrıda nümayiş olunacaq
Yanvarın 24-də Şuşa Dövlət Musiqili Dram Teatrında Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa yenidən nümayiş olunacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Lalə Şirinovadır.
“Anamın kitabı” yüksək ideya və dərin məzmununa görə böyük tərbiyəvi əhəmiyyət daşıyır.
Tamaşanın əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. Azərbaycan xalqının taleyüklü məsələləri bir ailənin timsalında ümumiləşdirilib, müxtəlif dövlətlərə meyilli olan ziyalıların səhv yol tutması tənqid olunur. Müəllifə görə, xalqın nicat yolu Vətən ideyası ətrafında birləşməkdir.
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)
GAP Antologiyasında Mehdi Qəmsizin “Yetimxana” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Mehdi Qəmsizdir
Mehdi Qəmsiz
Təbriz
YETİMXANA
Səhər saat yeddi, səslər ucalır,
Görəsən buraya gələn anadır?
Neçə ildir yolun gördüm burada,
Burası susduğum yetimxanadır.
Pəncərələr güdür yolunu hər gün,
Şüşələr ağlayır, dərdlilər kimi.
Ay ana hardasan? Bura gəlsənə,
Görəsən yetimdən yetim sevgimi.
Yuxuna dalıram hər yatdığımda,
Düzdür görməmişəm heç zaman səni.
Mənim röyadakı surətinlə gəl, -
Gör necə canladır hər zaman məni...
Qısırlar gəlirlər uşaq almağa,
Gedirəm qabağa alsınlar məni.
Burda tək başıma qalmaqdansa, ah!
Öz ürəklərinə salsınlar məni...
Pillələr əzbərdi dərdlərimizi,
Ağlayıb qaçardım, gülüb qaçardım.
Gahdan pozğunlaşıb, gahdan oturub,
Yaranış köksünə biçaq saçardım.
Mən yazıq deyiləm, belə baxmayın,
Sözümə hər yanıt candır, canadır.
Sevgimə, zövqümə baxsanız, bura –
Hələlik susduğum yetimxanadır.
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)
POETİK QİRAƏTdə Əlizadə Nuri “Dünya özü boyda şirin almadı...” şeiri ilə
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir.
Deyəsən, o qızın SU idi adı-
Hara axıb getdi, niyə qalmadı?-
deyir şair.
Xoş mütaliələr!
Dünya özü boyda şirin almadı...
Sən demə, ölüm də əkinçi imiş-
Torpaq ömürləri xışlayıb keçir.
Dünyada nə qədər köçəri qəm var,
Mənim ürəyimdə qışlayıb keçir.
Şeytana daş atan özü də cinmiş,
Sonuncu ümid də dünən keçinmiş.
Göy üzü üstümdən gəlib keçibmiş,
Heyf ki, yanımda düşməyib keçib...
Deyəsən, o qızın SU idi adı-
Hara axıb getdi, niyə qalmadı?
Bu dünya elə bil şirin almadı
Hərə bir yanından dişləyib keçir...
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)
Mehriban ölkənin saf insanları - ƏMƏKDAŞIMIZ ÖZBƏKİSTANDAN YAZIR
Cahangir Namazov, “Ədəbiyyat və İncəsənət” portalının Özbəkistan təmsilçisi.
Mən hələ Azərbaycana ayaq basmamışam, amma hər gün xəyalımda o müqəddəs diyara səfər edirəm. Təsəvvürümdə, ürəyimdə sevgi və məhəbbətlə dolu olan o əziz yurda gedib qayıdıram.
Azərbaycanın gözəl və qədim şəhərləri, ucalığı göylərə çatan vüqarlı dağları, canlılıq və ilham tənəffüsü yayan dənizi ürəyimi əsir edib. Oranın heyranedici mənzərələri mənim üçün təkcə təbiətin bəxş etdiyi bir nemət deyil, həm də böyük tarix və mədəniyyətin canlı ifadəsi kimi görünür.
Bu yurdun sevgi dolu ürək sahibi olan insanları isə ayrıca bir mövzudur. Mehribanlığı, səmimiyyəti və sadəliyi ilə onları həmişə yanımda olan kimi hiss edirəm. Onlarla məsafələr belə, aramızda maneə ola bilmir. Mənə hər zaman elə gəlir ki, bu əziz və müqəddəs torpağın hər küləyi bir sevgi hekayəsi söyləyir, hər ağacı məhəbbət mahnısı oxuyur.
Azərbaycan mənim qəlbimdə sanki canlı bir aləmə çevrilib, arzularımın ayrılmaz bir hissəsinə çevrilib. Bu yurd mənim ilham mənbəyimdir, dayanmadan meyvə verən bağlar kimi, ürəyimin ən dərin qatlarını üzə çıxarır. Onun zərifliyi və insani dəyərləri həmişə məni məhəbbət və ehtiramla özünə çəkir. Oranın mehriban, səmimi, sadə və qonaqpərvər insanları məni həmişə qonaq çağırır. Onların qəlbində yalnız xeyirxahlıq yaşayır, onları sevməmək, hörmət etməmək mümkün deyil.
Facebook vasitəsilə 7-8 il ərzində bir çox Azərbaycan şairləri, yazıçıları və yaradıcıları ilə tanış olmuşam və onlarla dostlaşmışam. Onların səmimiyyəti və incəliyi sözlə ifadə olunmaz. Azərbaycan sənəti və ədəbiyyatına əvvəldən böyük marağım var idi. Bu gün isə onların qəlbimdə tutduğu yer daha da yüksəlib. Hər yeni tanışlıq məni o yurda daha da yaxınlaşdırdı, sevgi və hörmətimi ikiqat artırdı. Azərbaycanlı dostlarımla aramızda məsafələr uzaq olsa da, ürəklərimizin yaxınlığını hiss edirəm. Belə böyük tarix və mədəniyyətə malik xalqın insanları ilə dostluğumla fəxr edirəm.
Bu gün Azərbaycan və Özbəkistan arasındakı dostluq əlaqələri möhkəmlənib və yeni üfüqlər açılır. Əlli-dən çox şeir və digər yaradıcılıq nümunələrim Azərbaycanın nüfuzlu qəzet və jurnallarında dərc olunub. Kiçik uğurlarımı belə diqqətdən kənarda qoymayan azərbaycanlı ustadlarım yaradıcılığım haqqında məqalələr yazaraq, mənə diqqət və ehtiram göstərdilər, bu isə mənim özümə olan inamımı artıraraq, Azərbaycan xalqına olan sevgimi daha da gücləndirdi.
Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, Özbəkistan Respublikasının "Dostluq" ordeni sahibi Almaz Ulvi xanımdan şeirlərimə ön söz yazmağı xahiş etmişdim. O, böyük məhəbbət və etibarla yazdığı ön sözlə təkcə məni sevindirmədi, həm də yaradıcılığımı yeni mərhələyə qaldırdı. Həmin ön söz Azərbaycanın "Bütöv Azərbaycan" qəzetində bir sıra şeirlərimlə birlikdə dərc edildikdə, sevinclə dolub-daşdım. Təranə Turan Rəhimli, Abdulla Saymaz, Tural Turan və İntiqam Yaşar kimi tanınmış yaradıcıların mənim şeirlərim haqqında yazdıqları məqalələr qəlbimi sevinc və ilhamla doldurdu. Xüsusilə, yaradıcılığımı Azərbaycan dilinə tərcümə edərək onu geniş ictimaiyyətə çatdıran Şahməhəmməd Dağlaroğlunun əməyini ayrıca qeyd etmək lazımdır. Hər bir yardım, hər bir dəstək – mənim üçün xüsusi bir ilham mənbəyidir.
Bu gün Azərbaycanın "Bütöv Azərbaycan" qəzeti və "Yazarlar" jurnalında da Özbəkistan üzrə müxbir olaraq fəaliyyət göstərməyim bu etibarın bir ifadəsidir. İnşallah, məhəbbət diyarının saf insanlarına olan sevgim bir gün məni Azərbaycana aparacaq. O əziz yurdun müqəddəs torpağını gözlərimə sürtüb, mehriban insanlarını bağrıma basacam.
Azərbaycan, sən məni gözlə! Bir gün qəlbimdəki sevgini və sədaqəti özünə gətirəcəm. Məni görəndə öz övladın kimi qəbul et. Mən sənə təkcə şeirlərimi və qəlbimin sözlərini deyil, özümlə birlikdə sevgi və sədaqətimi də təqdim edəcəm. Hər zaman bağrın sakit, xoşbəxtliyin uca, həyatın bahar kimi bərəkətli olsun! Sənin torpağında yalnız sülh, dostluq və firavanlıq hökm sürsün! Bütün sevgim və sədaqətimlə sənə gəlirəm, Azərbaycan. Sənə həsr etdiyim hər bir misra, hər bir nəfəs sənin böyük mədəniyyətinə və qızıl tarixinə qatılsın. Mənim qəlbimdəki ən yaxın aləm, sevimli vətənim, sən həmişə məni bağrına basırsan.
Azərbaycan
Azərbaycan – qardaş xalqım,
Can bir xalqım, qandaş xalqım.
Kamalından qəlbim coşar,
Ruhdaş xalqım, qandaş xalqım.
Göylərində sönməz günəş,
Sənə gülüb, baxar hər an.
Sığınmaqda sənə könlüm,
Mən Bakıya verərəm can.
Vətənimtək müqəddəssən,
Mənə əziz hər bir çağın.
Dalğalansın yüksəklikdə,
Uca olsun qoy bayrağın.
Şəhid oldu oğulların,
Mənimkidir ürək dağı.
Qalmasın heç bir üzüntün,
Abad görək Qarabağı!
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)
“Canım-gözüm mənim Azərbaycanım” - Sumqayıtda Nəbi Xəzrinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”
Əgər ki, yıxılsam çinar göstərin,
Mən ona söykənib Arana baxım.
Gözlərim görməsə Göygölü verin,
Mən onun gözüylə cahana baxım,
Hər yerdə, həmişə sənsən gümanım,
Canım-gözüm mənim Azərbaycanım.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il sentyabrın
9-da imzaladığı Sərəncama əsasən bu il Xalq şairi, Dövlət mükafatları laureatı, Azərbaycan sevdalısı Nəbi Xəzrinin 100 illik yubileyi ilə bağlı ölkəmizin hər yerində tədbirlər gerçəkləşdirilir.
Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi, Ə.Kərim adına Poeziya klubu və Milli qəhrəman Polad Həşimovun adını daşıyan 28 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə Poeziya Evində Xalq şairi Nəbi Xəzrinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Şəhərin tanınmış qələm adamları, ziyalılar və məktəblilərin iştirak etdiyi tədbirdə
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Ofelya Babayeva,Əşrəf Veysəlli, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, filologiya elmləri doktoru, professor Avtandil Ağbaba, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, AYB Poeziya Seksiyasının rəhbəri, Poeziya Evinin direktoru İbrahim İlyaslı, Əməkdar artist Nazir Rüstəm və qəzəlxan Lilpar Cəmşidqızı çıxış ediblər.
Şagirdlərin ifasında N.Xəzrinin şeirləri və eyni zamanda, şeirlərinə yazılmış mahnılar əsasında hazırlanan kompazisiya iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Şairin oğlu Arzu Babayev tədbirin təşkilində əməyi olanlara təşəkkürünü bildirib, atasının xatirəsini əziz tutan hər kəsə ailəsi adından minnətdarlığını ifadə edib.
Sonda məktəblilərin ifasında şairin sözlərinə SSRİ Xalq artisti Müslüm Maqomayevin bəstələdiyi "Azərbaycan" mahnısı səslənib.
“Ədəbiyyat və incəsənət”
(22.01.2025)