Super User

Super User

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Ölkə mediasının manşet xəbəri “Azersun Holding” MMC-nin Müşahidə Şurasının sədri Abdolbari Gozalın ötən gün vəfat etməsi xəbəridir. Bu barədə “Azersun Holding”in yaydığı məlumatda deyilir.

 

Məlumat belədir:

“Dərin hüznlə bildirmək istəyirik ki, Azərbaycan iqtisadiyyatının inkişafına verdiyi mühüm töhfələrə görə ölkə başçısı tərəfindən "Şöhrət" ordeni, "Tərəqqi" medalı, onlarla yerli və qlobal mükafatla təltif edilən xeyriyyəçi iş adamı, "Azersun Holding"in qurucusu Abdolbari Gozal vəfat edib”.

Abdolbari Gozal dünyasını Birləşmiş Ərəb Əmirliklərində - Dubayda dəyişib. Onun orada məzilinin olduğu, ailəsinin həm Bakıda, həm orada orada yaşadığı deyilir.

76 yaşında dünyasını dəyişən tanınmış iş adamının ölüm səbəbinin xəstəlik olması bildirilir, onun dəfn mərasimi də elə Dunbayda təşkil olunub. Məlumata görə, mərhumun dəfn mərasimi bu gün sübh namazından sonra baş tutub.

Abdulbari Gozalın Bakıda da yas mərasimlərinin keçirilməsi nəzərdə tutulur.

Abdolbari Gozal 23 avqust 1949-cu ildə İranın Maku şəhərində, Cəlali qəbiləsindən Rza ağanın ailəsində dünyaya gəlib. Daha sonradan isə buradan Türkiyənin Muş əyalətində yaşayan nənəsinin yanına köçüb. O 1956–1961-ci illərdə ibtidai təhsilini Türkiyədə başa vurduqdan sonra, 1962–1965-ci illərdə orta təhsilini İranda tamamlayıb.

1992-ci ilə qədər BƏƏ, Türkiyə, İran, İraq, Suriya, İordaniya kimi ölkələrdə müxtəlif şirkətlər yaradaraq iş fəaliyyəti qurub. Bu şirkətləri birləşdirmək və onlar arasındakı əlaqəni təmin etmək üçün Abdulbari Gözəl 1994-cü ildə Dubayda “İntersun Holding” adlı şirkətlər qrupunu yaradıb. 1992-ci ildən etibarən Azərbaycan və Gürcüstanda şirkətinin şöbələrini qurub. 1997-ci ildə "Azersun Holding"i yaradıb və onun biznesinin çiçəklənməsində bu faktor əlbəttə ki, əhəmiyyətli rol oynayıb.

Azərsun Holding" sənaye imperiyasının tərkibinə daxil olan şirkətlər bunlardır:

1. "Azərbaycan Duz istehsalat Birliyi" QSC, 
2. "Azərsun Ticarət və Dağıtım" MMC, 
3. "Bakı Qida və Yağ Fabriki" MMC, 
4. "İnnova Konstrakşn ənd Kontraktinq" MMC, 
5. "Kürdəmir Süd Emalı Zavodu" MMC, 
6. "Qafqaz Ticarət" MMC, 
7. "Sun Food Service" MMC, 
8. "Azərsun Kənd Təsərrüfatı Məhsulları" MMC, 
9. "Qafqaz Konserv Zavodu" MMC, 
10. "Sun Tea Çay Fabriki" MMC 
11. "Green Tech" MMC
12. "Lənkəran Konserv Zavodu" ASC, 
13. "Qazax Konserv Zavodu" MMC, 
14. "İntepe Ofşor LLC", 
15. "Muğan Enerci LLC", 
16. "Azərsun Humanitar Fondu", 
17. "Svit Star" MMC, 
18. "Sumqayıt Plastik Emal Zavodu" MMC, 
19. "Gözəl Təbiət" MMC, 
20. "Qusar-İstixana" MMC, 
21. "Qusar-Agro" MMC

Abdolbari Gozal həm də “Qarabağ” futbol klubunun fəxri prezidenti olub, belə ki, klubun prezidenti onun oğlu Tahir Gözəldir. Klubun dirçəldilməsi məhz Gozalın maliyyələşdirməsi hesabına reallaşıb.

Abdolbari Gozalın yanlış olaraq milliyyətinin türk olması yazılsa da o, milliyətcə kürddür.

Mərhumun 2019-cu ilin iyun ayında Bakıda keçirilən "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda məşhur çıxışını da xatırlatmaq yerinə düşərdi. Çağırışı "Biz dövlətə ticarətlə məşğul olmamasını və sahibkarların yolunu açmasını istəyirik" olan həmin çıxışda Gozalın sözlərinə görə, dövlət heç vaxt iqtisadiyyatda uğurlu ola bilməz: "Bu gün bizim üçün ən vacibi ölkəyə xarici sərmayənin gəlməsidir. Bunun üçün də qanunların düzgün işləməsi lazımdır. Şükür Allaha, Prezident bu məsələni nəzarətə götürüb. Biz ona inanırıq. Əgər ölkə başçısı bir şeyi diqqətdə saxladısa, ən yaxşısını görəcək. Əgər qanunlar düzgün işləyərsə, sahibkarlar üçün yaxşı olar".

Holdinq rəhbərinin müsahibələrin birində toxunduğu bir əhvalatı da qeyd edək: “Azərbaycanda məhkəmə sisteminin inkişaf etdirilməsi çox vacibdir. Öz təcrübəmdən misal gətirim. Bir dəfə Almaniyada dostumla danışırdım. Ona dedim ki, biri gəlib məni aldadıb. Vəkilə vəkalət verdim. Mən qayıdıb gəldim. Pulumu alıb yolladı, həmin adamı da 6 il həbsə saldı. Mənim ona inamım, simpatiyam artdı. Bu baxımdan, qanunlarımızın daha da ədalətli olmasını arzulayıram".

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2025)

 

Воскресенье, 19 Январь 2025 14:58

DGTYB yazıçı Anarı təltif edib

Könül, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan ədəbiyyatının türk dünyasında təbliğində, eləcə də türk dünyası yazarlarının ölkəmizdə tanıdılmasında müstəsna işlər görən Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) get-gedə öz fəaliiyət coğrafiyasını genişləndirməkdə, yeni layihələr reallaşdırmaqdadır. Qədəm qoyduğumuz 2025-ci ildə təşkilatın iş planı yenə də geniş və rəngarəngdir.

 

Ötən il təşkilat özünün 25 illiyini qeyd etdi. Təşkilatın qurucusu, tanınmış şair, publisist və ictimai xadim Əkbər Qoşalıdan estafeti qəbul edən gənc şair İntiqam Yaşar türk dünyası yazarlarının həqiqətən də bir ortamını yaratmağa müvəffəq olub.

Yanvarın 17-də DGTB başqanı İntiqam Yaşar Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüşüb. Görüşdə iştirak edən Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid DGTYB-nin yerli və beynəxalq fəaliyyəti ilə bağlı danışıb.

Daha sonra İntiqam Yaşar yeni layihələr haqqında ətraflı məlumat verib. Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubiley tədbirləri ilə bağlı söz açan İntiqam Yaşar bu münasibətlə yubiley meadlı təsis etdiklərini və görkəmli qələm adamlarını təltif etdiklərini bildirib. Sonra DGTYB-nin yubiley medalı Xalq yazıçısı Anara təqdim edilib.

Azərbaycan Yazıçılar Birliyinin sədri Dünya Gənc Türk Yazarlar Birliyinə təşəkkür edib və fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2025)

 

 

 

Mədəniyyət naziri Adil Kərimli yanvarın 17-də 2023 və 2024-cü illərdə nazirliyin sistemində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə işə qəbul olunmuş bir qrup müəllimlə görüşüb. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazirlik tərəfindən təsis olunmuş Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzində keçirilən görüşdə paytaxtla yanaşı, bölgələrdəki təhsil ocaqlarına işə qəbul olunmuş əsasən gənc müəllimlər iştirak ediblər.

Adil Kərimli görüş iştirakçılarını salamlayaraq qəbul imtahanlarının hər iki mərhələsində müvəffəqiyyət qazanaraq pedaqoji fəaliyyətə başlayan müəllimləri təbrik edib, uğurlar arzulayıb.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyət sahəsinin inkişafını, o cümlədən incəsənət təhsilini diqqətdə saxladıqlarını vurğulayan nazir deyib ki, yeni musiqiçi nəsillərin müasir dövrün çağırışlarına uyğun yetişdirilməsi qarşıda duran prioritet məsələlərdəndir. Bu prosesin uğurla reallaşması üçün müəllimlərin peşəkarlığı, yaradıcı yanaşmalarının müstəsna əhəmiyyəti var. Müəllimlər mövcud tədris proqramlarının şagirdlər tərəfindən tam mənimsənilməsi üçün səylərini əsirgəməməlidirlər.

Bildirilib ki, müəllimlər tədrislə bağlı müasir tendensiyalara açıq olmalı, fəaliyyətlərində innovativ vasitələrdən istifadə etməlidirlər. Bu gün xarici dil biliklərinə malik olmadan müasir bədii təhsil və təcrübə ilə bağlı beynəlxalq proqramlara qoşulmaq, istənilən nəticəni almaq mümkün deyil. Müasir mütərəqqi meyillərlə yanaşı, milli-mənəvi dəyərlərin də qorunması və təbliği diqqətdə saxlanılmalıdır.

Daha sonra görüş diskussiya şəklində davam edib. Müəllimlər tədris zamanı qarşıya çıxan məsələlər barədə danışıb, təkliflərini dilə gətiriblər. İfaçılıq-konsert və pedaqoji fəaliyyətin əlaqələndirilməsi, yeni tədris proqramları və dərsliklərin hazırlanması, yerli bəstəkarların vətənpərvərlik ruhlu əsərlərinin tədrisi, şagirdlərin ixtisas seçimi zamanı nəzərə alınmalı olan məqamlar və s. məsələlər barədə fikir mübadiləsi aparılıb. 

Diqqətə çatdırılıb ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə ötən il musiqi məktəbləri üçün 6 dərslik nəşr olunub və bu istiqamətdə işlər davam etdiriləcək.

Sonda nazir Adil Kərimli bir daha müəllimlərə işlərində uğurlar arzulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2025)

 

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

İlon Mask Avropanın ultra-sağçı partiyalarını dəstəkləməyə davam edir, Avropa Birliyi X sosial şəbəkə platformasının alqoritmləri ilə bağlı araşdırma aparır. Bu barədə bu saatlarda Euronews xəbər yaymışdır.

 

Dünyanın tanınmış biznesmeni, ictimai xadimi, filantropu İlon Mask Avropanın ultra-sağçı partiyalarına, o cümlədən Almaniyadakı "AfD" namizədlərinə dəstək kampaniyasını davam etdirir və şənbə günü X platformasında bir daha mövqeyini açıqlayan bir post yerləşdirib. “Avropanı yenidən böyük edək” – Maskın şüarı belədir.

"Amerikanı yenidən böyük edək" şüarı uzun müddətdir ki, ABŞ tarixinin ən sağçı prezidenti sayılan Donald Trampın şüarı olub. Bundan əlavə, bu şüarı "Avropanı yenidən böyük edək" şəklində istifadə edən Macarıstan, 2024-cü ilin ikinci yarısında AB-yə sədrlik edib.

Maskın bu cür meqafon şüarları Avropada bir çox siyasi liderləri qəzəbləndirib və üzümüzə gələn həftə AB-nin X platformasının alqoritmləri ilə bağlı araşdırmalarını aktivləşdirəcəyi gözlənilir.

Cümə axşamı Avropa Komissiyası X-in "tövsiyə sistemləri" ilə bağlı sənədlər tələb edib. Bu sistemlər istifadəçilərə növbəti dəfə platformada nə oxumaq istəyə biləcəkləri barədə tövsiyələr verir.

"Bu gün biz X-in tövsiyə sistemlərinin AB-nin Rəqəmsal Xidmətlər Qanununa (DSA) uyğunluğunu daha da işıqlandırmaq üçün addımlar atırıq," deyə Avropa Komissiyasının texnoloji suverenlik, təhlükəsizlik və demokratiya üzrə icraçı vitse-prezidenti Henna Virkunnen bildirib.

Cavab olaraq, Mask söz azadlığı və demokratiyanın tərəfdarı olduğunu qeyd edərək, Avropa liderlərini və digər tənqidçiləri bu prinsipləri məhdudlaşdırmağa çalışmaqda ittiham edib.

Xatırladaq ki, 2024-cü ilin avqustunda ABŞ-da yerləşən İnsan Hüquqları və Vətəndaş Azadlıqları Qoruma Mərkəzi bildirdi ki, Maskın "ABŞ-dakı seçkilər barədə yalan və ya çaşdırıcı bəyanatları" X platformasında 1,2 milyard dəfə izlənilib.

 

FOTO: Müəllif hüquqları Evan Vucci/Copyright 2024 The AP.

Bütün hüquqlar qorunur.

“Ədəbiyyat və incəsənət”

(19.01.2025)

Пятница, 17 Январь 2025 23:44

Oğuzda 20 yanvara aid anım tədbiri keçirilib

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz Rayon Sektorunun, Oğuz Rayon Tarix-Diyarşünaslıq muzeyinin, Oğuz şəhər 2 saylı Texniki- Təbiət təmayüllü liseyinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin növbəti dönümünə həsr olunmuş anım tədbiri keçirib.

Tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin, eləcə də Vətənimizin bütövlüyü və milli müstəqilliyimiz uğrunda canlarını fəda etmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Oğuz Rayon Diyarşünaslıq Muzeyin əməkdaşı A.Suleymanovanın "Qanlı və Şanlı Yanvar" adlı məruzəsi dinlənildi, 20 yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş olundu.

Tədbirdə çəhərdəki texniki-təbiət liseyinin direktoru Q.Suleymanova, tərbiyə işləri üzrə direktor müavini S.Kərimov, Şəki- Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə sektor müdiri Ş.Rüstəmov çıxış etdilər.

Çıxışlarda qeyd olundu ki, 20 Yanvar tariximizdə təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanışı, sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. 

Sonda şəhidlərə həsr olunmuş şeirlər, mahnılar səsləndirildi.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2025)

 

Əkbər Qoşalı, "Ədəbiyyat və incəsənət" üçün

 

I. Hərbi cinayətlər və beynəlxalq hüququn prinsipləri

 

Hərbi cinayətlər müharibə qanunlarının və adətlərinin kobud şəkildə pozulmasıdır. Bu cinayətlər beynəlxalq hüququn təməl sənədlərində öz əksini tapıb. 1945-46-cı illərdə keçirilən “Nürnberq prosesi” bu sahədə beynəlxalq hüququn inkişafında önəmli presedent yaradıb. Prosesdə sülhə qarşı cinayətlər, müharibə cinayətləri və insanlığa qarşı cinayətlər kimi ittihamlar irəli sürülüb. 

Nürnberq məhkəməsi göstərdi ki, dövlət rəsmiləri və hərbi liderlər toxunulmaz deyillər və cinayət məsuliyyətindən yayınmaq mümkün deyil.

Çağdaş dönəmdə bu prinsiplər BMT-nin Təhlükəsizlik Şurasının qərarlarında, Roma Statutu (Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsi; Rome Statute of the International Criminal Court) 

və İnsan Hüquqları üzrə Avropa Konvensiyasının müddəalarında təsbit olunub. Özəlliklə, Roma Statutu beynəlxalq cinayətlərin təqibi üçün hüquqi əsasları möhkəmləndirib və Beynəlxalq Cinayət Məhkəməsini təsis edib.

 

II. Xocalı Soyqırımı: 

İnsanlığa qarşı danılmaz cinayət

 

1992-ci ilin fevralında Xocalıda baş verən qanlı hadisələr Azərbaycan xalqının tarixi yaddaşında unudulmaz bir yara açdı. Bu insanlıq dramı sonucunda yüzlərlə dinc sakin, o cümlədən qadınlar, uşaqlar və yaşlılar amansızlıqla qətlə yetirildi. 33 il öncə baş vermiş o vahim hadisələr, beynəlxalq hüquqa görə, insanlığa qarşı cinayət kimi təsnif edilir. Xocalı Soyqırımının əsas məsuliyyətini daşıyanlar sadəcə hərbi rəhbərlər deyil, insanlığa qarşı cinayətlərdə birbaşa iştirak etmiş əliqanlı şəxslərdir. 

Bu cinayətlərə dair çoxsaylı sübutlar, şahid ifadələri və beynəlxalq hesabatlar mövcuddur. Bir sıra ölkələr, qurumlar, quruluşlar Xocalı Soyqırımını tanımaq üçün xüsusi qətnamələr qəbul edib. 

Ayrıca, ermənilərin müharibə cinayətləri Xocalıdan sonra da davam edib. Atəşkəs imzaları atıldı, Bəyanatlar yayıldı, arabuluculara söz verildi amma ermənilər müharibə cinayətlərindən bir türlü əl çəkmədi ki çəkmədi. - 

Azərbaycanlı əsir və girovların taleyi,

taptaq altındakı ərazilərimizə yüzminlərlə mina basdırılması, 

qanunsuz məskunlaşma, 

işğala uğramış yaşayış məntəqələrinin tamamilə dağıdılması, 

dini, mədəni abidələrin özgələşdirilməsi, talanı və ya sökülməsi… - 

bunlar, Ermənistanın siyasi-hərbi hakimiyyətinin müharibə cinayətlərinin heç də hamısı deyil… Və danılması da mümkün deyil!

Bu sübut bazası, Azərbaycan məhkəmələrində aparılan ədalət mühakiməsinin legitimliyini artırır.

 

III. Azərbaycan Respublikasında hərbi cinayətkarlara qarşı mühakimə prosesi

 

Azərbaycanın məhkəmə-hüquq sistemi, beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, hərbi cinayətlərdə ittiham olunan erməni liderlərini mühakimə etməyə hazırdır. Bu proses yalnız milli qanunvericilik deyil, həm də beynəlxalq hüquq normaları əsasında aparılır.

Məhkəmənin əsas məqsədi tarixi ədaləti bərpa etmək, eyni zamanda, dünya ictimaiyyətinə bir ismarıc göndərməkdir: müharibə cinayətləri cəzasız qalmayacaqdır! Şəffaf və beynəlxalq hüquq normalarına uyğun şəkildə aparılan məhkəmə prosesi həm Azərbaycanın hüquqi mövqeyini möhkəmləndirəcək, həm də bölgədə sabitliyə töhfə verəcəkdir.

 

IV. Nürnberq prosesi ilə paralellər

 

1945-46-cı illərdə keçirilən Nürnberq prosesi, müharibə cinayətləri ilə mübarizənin qlobal miqyasda mümkünlüyünü sübut etdi. O dönəmdə faşist liderlərə qarşı irəli sürülən ittihamlar bu gün erməni hərbi canilərinə qarşı irəli sürülən ittihamlarla çox oxşar, bir sıra hallarda eynidir: 

müharibə qanunlarının pozulması, 

insanlığa qarşı cinayətlər, 

sülhə qarşı cinayətlər və s.

Doğrudur,

Nürnberq prosesi bir qədər fərqli idi. Onu həyata keçirən məhkəmə milli məhkəmə deyildi. Bununla belə, subyektlər yəni hərbi cinayəti törədənlər, cinayəttörətmə forma və məzmunları oxşardır.

Nürnberq prosesi, eyni zamanda, beynəlxalq həmrəyliyin və hüquqi məsuliyyətin vacibliyini nümayiş etdirdi. Azərbaycanın hazırda həyata keçirdiyi məhkəmə prosesi də bu təcrübələrdən öyrənərək, beynəlxalq işbirliyi və hüququn aliliyi prinsiplərinə əsaslanır.

 

V. Beynəlxalq ictimaiyyət və medianın rolu

 

Azərbaycanın apardığı mühakimə prosesi yalnız hüquqi deyil, həm də ictimai diplomatiya baxımından önəm daşıyır. Dünya ictimaiyyəti Xocalı Soyqırımı və digər cinayətlər haqqında daha geniş bilgiləndirilməlidir. Bu məqsədlə beynəlxalq media ilə işbirliyi, sənədli filmlərin hazırlanması və təsirli konfransların təşkili önəmlidir.

 

VI. Tarixi ədalət və gələcək sülh perspektivləri

 

Tarixi ədalətin bərpası, yalnız keçmişlə hesablaşmaq deyil, həm də gələcəkdə sülhün qərar tapmasına töhfə verməkdir. Bu məhkəmə prosesi, təkcə Azərbaycan üçün deyil, bütün bölgə (ən azı Qafqaz) üçün ədalət və sabitlik yönündə önəmli bir addımdır. Nürnberq prosesi kimi, bu da gələcək nəsillərə hüquqi və mənəvi bir irs olaraq qalacaqdır. Gürcüstan, Ukrayna, Moldova və b. yaxın-uzaq ölkələr, əlbəttə, qardaş, dost və qonşular ölkələr də gərək bu mövzuya biganə qalmaya, haqq-ədalətin təntənəsində maraqlı olduqlarını açıq nümayiş etdirələr. 

 

Beləliklə, Azərbaycanın hərbi cinayətlərə qarşı apardığı mühakimə prosesi təkcə tarixi ədalətin bərpasına deyil, həm də beynəlxalq hüququn güclənməsinə xidmət edir. 

Xocalı Soyqırımı, digər soyqırımı aktları (Ağdaban, Bağanis-Ayrım, Qaradağlı və b.) öndə olmaqla, ağır insanlıq suçlarının təkrarlanmaması üçün ədalət prinsiplərinin qorunması çox vacibdir. Bu proses, Nürnberq təcrübəsindən öyrənərək, dünya ictimaiyyətinin dəstəyi ilə daha güclü sonuclar əldə edə bilər.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

Şəkildə: 19-cu əsrin sonunda dünyanı silsilə terrorla qorxuya salan “Xnçak” terrorçuları.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2025)

Пятница, 17 Январь 2025 18:43

“44” filminin çəkilişləri gedir

 

 

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Vətən müharibəsinə həsr olunan “44” adlı tammetrajlı bədii filmin çəkilişləri davam edir.

 

AzərTAC xəbər verir ki, Vətən müharibəsindəki tarixi Zəfərə gedən yolu ekranlara gətirən bədii filmdə baş rolları Azərbaycanın istedadlı aktyoru İbrahim Çingiz və Türkiyənin tanınmış aktrisası Özge Gürel canlandırırlar.

 

Filmin yaradıcı heyətinə Azər Atakişiyev, Elnur Nəcəfli, Əli Tərlan, İlqar Musayev, İsmayıl Kərimov, Mehriban Zəki, Nadir Rüstəmli, Türkay Cəfərli kimi peşəkar aktyorlarımız da daxildir.

 

Çəkilişlər Bakı şəhəri ilə yanaşı, Ağdam, Cəbrayıl, Füzuli, Gəncə, Hadrut, Xankəndi, Xocavənd, Şuşa və digər bölgələrdə aparılır.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2025)

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 20 Yanvar hadisələrinin 35-ci ildönümü ilə əlaqədar olaraq “20 Yanvar - Milli qürur və qəhrəmanlıq tariximiz!” adlı biblioqrafik icmal və virtual kitab sərgisi hazırlanıb.

“Ədəbiyyat və incəsənət” portallna Kitabxanadan verilən məlumata görə, virtual kitab sərgisində 20 Yanvar hadisələrinin tarixi, Azərbaycan xalqının yaddaşında silinməz iz buraxan acı nəticələri haqqında məlumat verilir, Ümummilli Lider Heydər Əliyevin o dönəmlərdə Bakıdan uzaqlarda olmasına baxmayaraq, öz xalqına sevgisini və daimi dəstəyini növbəti dəfə nümayiş etdirərək, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində çıxış edərək bu faciəni törədənləri kəskin tənqid etməsindən, baş verənlərin geniş auditoriyaya çatdırılmasında göstərdiyi cəsarətli tədbirlərdən, hadisələrə siyasi-hüquqi qiymətin verilməsi və beynəlxalq aləmə çatdırılması yönümündə atdığı qətiyyətli addımlardan bəhs olunur.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual sərgidə görkəmli şəxslərin 20 Yanvar hadisələri haqda söylədikləri dəyərli fikirlər, beynəlxalq aləmdə və xarici mətbuat səhifələrində bu hadisələrə dair verilən məqalələr, sitatlar, faktlar, fotogörüntülər təqdim edilir. Materiallarda 20 Yanvar hadisələri zamanı azadlıq uğrunda canlarını fəda etmiş qəhrəman oğulların davamçılarının bugün əzəli Azərbaycan torpaqları olan Qarabağda Zəfər tarixini yazması və xalqımıza şanlı Qələbə sevinci yaşatması da qeyd olunur.

Kitabxananın rəsmi saytında yerləşdirilən https://ryl.az/funds/biblioqrafik-icmal-da Azərbaycan, türk, ingilis və rus dillərində çap edilən 30-dan çox kitabın biblioqrafik təsviri və qısa annotasiyası, son illərin dövrü mətbuat nümunələri yer alır.

20 Yanvar hadisələrinin 35-ci ildönümü ilə əlaqədar olaraq hazırlanan virtual sərgi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/20-yanvar-35 yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2025)

 

Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət”

 

15 yanvar 2025-ci tarixində Beyləqan İcra Hakimiyyətinin başçısı Əziz Əzizov “Ədəbiyyat və İncəsənət” portalında Beyləqan şöbəsinin təmsilçisi Aygün Bayramlını  Beyləqanın mədəni-musiqi mühitinin öyrənilməsindəki fəal xidmətlərinə görə təltif edib.

 

Qeyd edək ki, Aygün Bayramlı Azərbaycan Milli Konservatoriyasını Musiqişünaslıq ixtisası üzrə bitirib. Aygün Bayramlı İlk dəfə Musiqişünaslıq kontekstində “Beyləqanın mədəni və musiqi mühiti” nə dair tədqiqat işi aparıb. 

Hazırda Beyləqan rayonunda musiqi məktəbində müəllim işləyən Aygün xanımı təbrik edir gələcək fəaliyyətində uğurlar arzu edirik.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2025)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət” 

 

Bu gün tanınmış Azərbaycan şairəsi, Güney Azərbaycanla bağlı olan Mədinə Gülgünün doğum günüdür, bu barədə səhər saatlarında portalımlzda artıq xatirə yazısı paylaşılıb. Amma mən də bu mübariz, həsrətli, nisgilli qadın barədə yazmağı özümə borc bildim. 

 

Bir gün Təbrizim də intiqam deyə,

Enə xalqın səsi ucalar göyə 

Qələmi çevirib mən də süngüyə

Eyləyərəm yurdumu gülüstan o gün!

 

Azərbaycan şairəsi Mədinə Gülgün 1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olmuşdur. Burada ibtidai məktəbi bitirmişdir. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçmüşlər. Sonra Təbriz şəhərində yaşamış, əmək fəaliyyətinə burada toxuculuq karxanasında başlamışdır. O, həyatı dərk etməyə başladığı andan Azərbaycan xalqının milli hüquqlarının pozulduğunun əyani şahidi olur… Onu da dərk edir ki, mübarizə aparmaq üçün kifayət qədər savadlı və bilikli olmaq lazımdır. Odur ki, qısa müddətdə ərəb qrafikasını və fars dilini öyrənir. 

Sonralar Təbriz Dram Teatrında çalışmışdır. "Azərbaycan" qəzetinin redaksiyasında xüsusi müxbir vəzifəsində işləmiş Gülgün 1945–1946-cı illər Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının fəal iştirakçısı və öz mübariz şeirləri ilə ömrü boyu həmin inqilabın carçısı olmuşdur. O, 1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsinə daxil olmuş, 1952-ci ildə həmin fakültəni bitmişdir. 

 

Uşaq yaşlarından ədəbiyyata böyük həvəsi olmuşdur, xüsusən Aşıq Ələsgəri, M.Ə.Sabiri və Natəvanı sevərək mütaliə etmşdir. O, şeirlərini 1945-ci ildə Təbrizdə "Vətən Yolunda", "Azərbaycan" qəzetində çap etdirmişdir. "Təbrizin baharı" adlı ilk şeir kitabı 1950-ci ildə işıq üzü görmüşdür. İlk yaradıclığı Azərbaycan xalqının azadlıq və milli istiqlaliyyət uğrunda apardığı mübarizə illərinə təsadüf edir. Milli-azadlıq hərəkatının geniş vüsət aldığı və İkinci dünya müharibəsi dövründə ədəbiyyata gələn Mədinə Gülgünün ilk şeirlərində nəzərə çarpan cəhət bu şeirlərin xalqın həyatı və mübarizəsi ilə bağlı olması idi. Vətən sevgisi, azadlıq həsrəti onun yaradıcılığının əsas leytmotivini təşkil edir. Onun şeirlərində başlıca yer tutan hicran, həsrət motivləri də əsasən buradan irəli gəlirdi. 

 

Kitablarının siyahısı:

 

Təbrizin baharı

Savalanın ətəklərində

Sülhün səsi 

Yadigar üzük 

Təbriz qızı

Firudin (poema)

Dünyamızın sabahı

Durnalar qayıdanda

Dünya şirin dünyadır

Çinar olaydı

Arzu bir ömürdür

Yora bilməz yollar məni

Pərvanə 

Günlər və xatirələr 

Seçilmiş əsərləri: Şerlər və poemalar.

Dünyamızın sabahı. 

Arzu da bir ömürdür: (şerlər və poemalar)

 

O, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları (1960, 1974, 1986), "Şərəf nişanı" ordeni (1980), "21 Azər" (1946), "Əmək veteranı" və digər medallarla təltif olunmuşdur. Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.

Mədinə Gülgün 17 fevral 1991-ci ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

Allah rəhmət eləsin, Amin!

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.