Super User

Super User

Yanvarın 16-da Milli Məclisin Mədəniyyət komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən AzərTAC-ın  məlumatına görə, komitə sədri Polad Bülbüloğlu iclasın gündəliyinə 3 məsələnin daxil edildiyini deyib.

 

O, əvvəlcə Mədəniyyət komitəsində 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, komitənin ötən sessiya ərzində 8 iclası keçirilib, 10 məsələyə baxılıb. Həmin iclaslarda “Turizm haqqında” Qanunda dəyişiklik edilməsi, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” qanunlarda dəyişiklik edilməsi, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihələri, habelə “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (iki oxunuşda) müzakirə edilib.

 

Qeyd olunub ki, payız sessiyası ərzində komitənin ünvanına 83 məktub daxil olub və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara 52 məktub göndərilib. Bununla yanaşı, sessiya dövründə Mədəniyyət komitəsi tərəfindən 47 vətəndaş qəbul edilib. Vətəndaşların müraciətləri ilə əlaqədar müvafiq tədbirlər görülüb və lazımi izahatlar verilib.

 

Sonra komitə sədri Mədəniyyət komitəsinin 2025-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, iş planında qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin, parlamentin digər komitələrindən daxil olmuş layihələrin müzakirəsi, dinləmələrin keçirilməsi, vətəndaşların qəbulu ilə bağlı və digər məsələlər öz əksini tapıb.

 

Müzakirələr zamanı çıxış edən deputatlar payız sessiyasında komitənin səmərəli fəaliyyət göstərdiyini söyləyiblər, sessiya ərzində görülmüş işləri qənaətbəxş sayıblar.

 

Milli Məclisin deputatları yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi ilə bağlı öz fikirlərini bölüşüblər, bəzi qeyd və təkliflərini səsləndiriblər. Çıxışlarda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı dövründə mədəni irsimizə qarşı törədilən cinayətlərdən bəhs edilib. Azərbaycan Prezidentinin bu məsələyə diqqətlə yanaşdığı və bunu “mədəni soyqırımı” kimi dəyərləndirdiyi vurğulanıb. Həmin məsələnin qanunvericilikdə əks olunmasının vacibliyindən söhbət açılıb. Həmçinin xeyriyyəçilik fəaliyyəti ilə bağlı, mədəniyyət sahəsinin inkişafına dair bir sıra təkliflər də verilib. Komitə üzvləri yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsini məqbul hesab ediblər.

 

İclasda, həmçinin “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda nəzərdən keçirilib. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2025)

Пятница, 17 Январь 2025 15:37

Göytürklərin (VI-VIII əsrlər) inancları- YUNUS OĞUZ

“Ədəbiyyat və incəsənət” portalı yazıçı, publisist Yunus Oğuzun “Göytürkün inancları” yazısını təqdim edir. 

 

Göytürklərin əsas məşğuliyyəti heyvandarlıq idi. Onlar keçi, qoyun, at, dəvə saxlayıb çoxaldırdılar. Heyvanların dərilərindən paltar tikir və çadır hazırlayır, yunundan isə sap əyirirdilər. Heyvandarlıqla yanaşı ov türklər üçün böyük əhəmiyyət kəsf edirdi. Kütləvi ovetmə türklərin döyüş taktikasını və strategiyalarını təkmilləşdirdi. Türklərə ta qədimdən çoxarvadlılığa icazə verilirdi. Bu da onların temperamenti, dünyagörüşü və həyat şəraiti ilə bağlı idi. Qadınlara hörmətlə yanaşılırdı və ərindən asılı olmasına baxmayaraq, onlar hüquqsuz deyildilər. Adət-ənənələri əsasən qadınlar qoruyub saxlayır və onlara çox ciddi yanaşırdılar. Tayfada qızları və gəlinləri zorlama ağır cinayət sayılırdı. Əgər kimsə evli qadını zorlayardı ona ölüm hökmü verirdilər. Əgər qız zorlanıbsa zorlayan şəxs dərhal onunla evlənməli idi.

Türklər heç zaman qatı dindar olmayıblar. Onlar ərəblər və farslar kimi dinə fanatizm səviyyəsində yanaşmayıblar.

Qədim türklər torpağı, ağacı, metalı, odu və suyu ilahiləşdirir və özlərini "göytürklər" adlandırırdılar. Onların ilahiləşdirilmiş beş kultdan ən sevimlisi dəmir idi. Türklərin bütün əfsanələrində buna bu və ya digər şəkildə rast gəlmək mümkündür.

 

Avrasiya çölünün və səhrasının ümumi dini isə Tanrı idi. Qədim türklərin dini dünyagörüşləri mükəməl konsepsiyaya əsaslanırdı. Bu dinin başında duranların xana, yaxud xaqana böyük təsiri vardı. Tanrıçılıqla yanaşı Böyük səhrada şamançılıq da mövcud idi. Tanrıçılığın mahiyyətini bilməyən alimlər onu çox zaman şamançılıqla eyniləşdirirlər. Bu düzgün deyil.

Qədim türklərin baxışlarına görə yer üzərində nə varsa, hamısı Tanrının hakimiyyəti altındadır. Tanrı kainatda "Göy ruhu"nun yaradıcısıdır. Dünyada baş verənlərin hamısını o müəyyənləşdirir və insanların taleyi Ondan asılıdır. İnsanın ömür yolunu və nə qədər yaşayacağını da O təyin edir. Lakin insan doğuluşunu Umay, ölümünü isə yeraltı dünyanın ruhu Erlik idarə edir. Göy Tanrı Gözəgörünməzdir, materiya şəklində deyil və gözlə görünən göylə ziddiyyət təşkil edir.

Tanrıya itaət və ibadət etmək üçün dizlərini yerə qoyub, əllərini göyə qaldırmalısan. Bu ona görədir ki, Tanrı dua edənə sağlam şüur, sağlam bədən versin və yaxşı işlərdə ona kömək göstərsin. O, xaqana müdriklik və hakimiyyət, xalq bəxş edib, xaqan əleyhinə gedənlər isə cəzalandırılır. Xaqanda bozqurd keyfiyyətləri olmalıdır. Bu keyfiyyətlərin köməyi ilə o bütün türk tayfalarını birləşdirməli və ordu da onların başında durmalıdır. Xaqanın əsas məqsədi təkcə xalqı yedizdirmək və geyindirmək olmamalıdır. O, həm də türklərin böyüklüyünü və şöhrətini göylərə qaldırmalıdır. Qədim türklər ildə iki dəfə Günəşə - işığa qurban verirdilər. Payızda və yanvarın sonunda Günəş dağın zirvəsini ilk dəfə tam işıqlandırdığı zaman qurbanlar kəsilirdi. Bu da onunla izah olunurdu ki, Günəş - işıq Tanrının köməkçisidir. Onlarda döyüş meydanında qəhrəmanlıqla həlak olan əcdadlarının da kultu var idi. Bu qəhrəmanlara daş plitələrdən ibarət abidələr ucaldılır, daşlara yazılar yazırdılar. Belə hesab edirdilər ki, insan fiziki bədənin qayğısına qalmaqla yanaşı, ruhunu da daim qidalandırmalıdır. Bu qidalanma isə əcdadların ruhlarının enerjisi ilə olmalıdır. Ona görə də, onlar əcdadlarının qəbirləri üzərində daş abidələr ucaldır və qurban verirdilər. Belə abidələrə Altaydan tutmuş Dunaya qədər bütün ərazilərdə rast gəlmək olardı. Bu adət hər bir türkü yeddi nəsil əcdadını tanımağa məcbur edirdi. Bundan başqa türklər inanırdılar ki, əcdadların ruhları göydən onların hər birinin əməllərini izləyir. Yalan və xəyanət qədim türklərdə qəbuledilməz idi və belə hesab edirdilər ki, bu cür hərəkət edən insan yaşamağa və nəslini artırmağa layiq deyil. Belə təlim milləti çürüməkdən qoruyurdu.

Qədim türklər oda hörmət edir və belə hesab edirdilər ki, od düşmən ruhları qova bilir. Hətta xaqanın yanına gələn elçiləri əvvəlcə alovdan keçirir, odun köməyi ilə onları şərdən azad edirdilər. Onların totemləri qurd hesab olunurdu və belə hesab edirdilər ki, qurd onların əcdadıdır.

Qədim türklər azadlığı hər şeydən üstün tuturdular. Lakin onlar bunu şəxsi azadlıqda və istədikləri hər şeyi etməkdə görmürdülər. Əksinə, onlar üçün azadlıq bütövlükdə və qəbilənin nizam-intizamında idi. Buna görə də azadlıqlarını və torpaqlarını hər zaman müdafiə etməyə və uğrunda ölməyə hazır idilər. Başqa xalqlar arasında yaşamaqla bu birlik onlara rahatlıq gətirirdi. Bu ideyaya inam onları çox vaxt ən çətin vəziyyətdən çıxara bilirdi. Düşməni dəf etmək üçün yürüşə hazırlaşan türk tayfaları birləşərək Orda yaradırdılar. Ordaya ən güclü tayfa, yaxud seçilən rəhbər başçılıq edirdi. Orda tədricən dövlətə çevrilərək xanlıq adlanmağa başlandı. Xanlıqlar isə xaqanlıqda birləşdilər. Onlar öz dövlətlərini "El", yaxud "Əbədi El" adlandırırdılar. Tayfaların daim Ordada birləşməsi tələbatı və dövlətin yaranması onların əsas ideyası idi. "Əbədi Elə can atma" qədim türklərin bütün tarixində qırmızı xətlə keçir. Məhz buna görə də onlarla imperiya və dövlət yaratmışdılar. Türk xaqanlığında yazı mövcud idi və əlifbadan istifadə edirdilər. Onlar İslam dinini qəbul etdikdən sonra ərəb əlifbasına keçdilər və əvvəllər işlətdikləri əlifba tədricən yaddan çıxmağa başladı. XIX əsrin sonlarında bu əlifba ilə olan yazılar arxeoloqlar tərəfindən yenidən tapıldı və "Orxon-Yenisey" yazısı adını aldı. Məhz orada ilk dəfə daş kitabələr tapılmışdı. Bu əlifba uzun müddət qədim türk tayfaları tərəfindən istifadə olundu. Qərbi Avropadan tutmuş Qərbi Sibirə qədər, Cənubi Qafqazda hələ də türk əlifbası ilə yazılan daşlara rast gəlmək olur.

Aşina sülaləsi dövlət yaratdı və türklər bu dövləti "Əbədi El" adlandırdılar. Ölkə böyük idi və bu ölkəni idarə etmək üçün müvafiq qurumlar yaradıldı. Sosial-siyasi sistemin mərkəzində Orda dayanırdı. Ordunun şərq cinahı tolos, qərb cinahı tarduş adlanırdı. Tayfa başbuğlarının öz qoşunları vardı və and içməklə seçilən xaqana sədaqətlərini bildirirdilər. Hakimiyyətə namizəd başbuğların qurultayında təsdiq olunurdu. Seçilən xaqan başbuğlar, yaxud bəylərlə daim dostluq münasibətləri saxlayırdı. Yaxşı xaqan həmişə vətəni, döyüşçüləri haqqında fikirləşməli idi.

Əldə olunan qənimət, yaxud alınan xərac sıravi döyüşçülər və bəylər arasında bölüşdürülürdü. Müəyyən bir qisim isə xaqana çatırdı. Döyüşçülərin sədaqəti imkan verirdi ki, xanalar və xaqan əllərində böyük sərvət cəmləsinlər.

Türklərin ordusu ağır və yüngül süvarilərdən təşkil olunmuşdu. Seçilmiş süvarilər səhra və dağlarda döyüş qabiliyyətinə malik idilər. Döyüşçünün geyimi papaqdan və zirehdən ibarət idi. Baş geyiminə metal plastik bağlanır, onun da üstündən qəhvəyi-qırmızı dəri çəkilirdi. Döyüşçülərin geyindikləri xalatların yaxalığı dik durur və çənənin altına qədər uzanırdı. Onlar dəridən tikilmiş şalvar və uzun boğaz çəkmələr geyinirdilər. Düşmənin qorxulu röyası olan ağır geyimli süvarilər daha böyük manevr qabiliyyətlərinə malik idilər. Türklər arasında kasıbçılığın əlaməti onun atının olmaması idi. Hər döyüşçü özü ilə üç-dörd at götürürdü. Bu onlara imkan verirdi ki, uzaq məsafələri sürətlə qət etsinlər və döyüş öncəsi yorulmuş atı yenisi ilə əvəz etsinlər.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2025)

Пятница, 17 Январь 2025 10:36

İsmayıl Şıxlının rəssam oğlu... - FƏRRUX ŞIXLİNSKİ

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət” üçün 

 

Bildiyiniz kimi, xalq yazıçısı İsmayıl Şıxlının özündən sonra qiymətli əsərləri ilə yanaşı, övladları da yadigar qalıb. Bu gün sizə onun rəssam oğlu Fərrux Şıxlınskidən söhbət açmaq istəyirəm. Axı dünən - yanvarın 16-sı Fərrux bəyin növbəti ad günüydü…

 

Deyir ki:- “Çoxdan idi kinoteatra getmirdim. Lap çoxdan. Bəlkə də ölkəmiz müstəqillik qazanandan bu yana. Yox, kinoya baxmaq həvəsim ölməyib, qabağımda pürrəngi çay, divanda yayxanıb televizorda yaxşı bir filmə tamaşa etməyi xoşlayıram. Bəlkə də kinoteatra getməməyimin səbəblərindən biri məhz elə istədiyin kino əsərinə evdən çıxmadan baxmaq imkanının olmasıdır. Başqa bir səbəb isə yəqin ki, bir ara kinoteatrların bağlanıb yerlərində restoran və kafelərin açılması idi. Bir ara deyəndə, bu vəziyyət elə indinin özündə də davam edir. Şəhərin göbəyində, Natəvanın heykəli önündə dayanıb arxasındakı gitaraya baxaraq buna şahid olmaq olar… ”

 

Çox məsuliyyətli adamdır. Yüksək təşkilatçılıq qabiliyyətinə malikdir. Plan qurmağı, hər hansı bir ideyanı həyata keçirmək üçün “yol xəritəsi” çəkməyi yaxşı bacarır. Məntiqlə hərəkət etməyi xoşlayır. Xəyalpərəst deyil. Hadisələrə həmişə real baxır, hər zaman mükəmməlliyin tərəfindədir, ona görə də onun xəyal qurduğunu asanlıqla görə bilməzsiniz...

 

Fərrux Şıxlinski 1962-ci ildə Bakı şəhərində dünyaya gəlib. 1981-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, 1986-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət incəsənət İnstitutunun Rəssamlıq fakultəsini bitirib. Universiteti bitirdikdən sonra hərbi xidmətdə olub. Daha sonra Elmi-Tədqiqat Texniki Estetika İnstitutunda (ÜETTEİ) dizayner, "Ədəbiyyat və İncəsənət", "Ayna"- "Zerkalo" qəzetlərində rəssamlıq edib. "Həftə sonu plyus"-"Week-end plyus" qəzetində baş redaktor işləyib. Hazırda "Ayna"-"Zerkalo" qəzetlərinin məsul katibidir...

 

“Təəssüf ki, cəmiyyətimizdə bir çox şeyi dərinliyinə varmadan, mənasını anlamadan, yalnız gündəlik dəbə uyğun olaraq yerinə yetirir, zahiri görüntü yaradırıq. Təki qonşudan geri qalmayaq. Belə olmasa idi konsertə geyinib-kecinib özümüzü göstərməyə yox, musiqiyə qulaq asmağa, hər hansı bir komandamız beynəlxalq yarışda iştirak edəndə stadiona selfi çəkdirməyə deyil, futbola baxmağa gedərdik.”- söyləyir...

 

Zəhmətkeş, ciddi, bütün təşəbbüslərində uğurlu birisidir. Soyuqqanlı, ora-bura vurnuxmayan, münasibətlərində isə mülayimdir. Nə istədiyini yaxşı bilir, gündəlik boş söhbətlərə çox da uymur, lakin çox güclü, məqsədyönlü və qətiyyətlidir. Gözəl yumor hissi var...

 

Bəli, xalq yazıçısı İsmayıl Şıxlının yadigarı- rəssam oğlu Fərrux bəyin 63 yaşı tamam oldu. Mübarəkdir!

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2025)

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələri həm də millətimizin azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

 

Artıq bir neçə gündən sonra Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 34 illiyini qeyd edəcəyik. Artıq şəhidlərimizin xatirəsinə həsr olunmuş kütləvi tədbirlər keçirilir. Müqəddəs şəhidlərimiz yad olunur. 

Bu günlərdə Oğuz rayon Mərkəzi Kitabxanasında keçirilmiş tədbirlərdən biri də 20 Yanvar şəhidlərimizə həsr olunmuşdur. Belə ki, kitabxananın informasiya resursları şöbəsi tərəfindən 20 Yanvar hadisələrini özündə əks etdirən kitablardan ibarət virtual sərgi təşkil edilmişdir. Sərgi maraqla qarşılanmışdır. Bunu izləyici sayı da göstərmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2025)

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsərlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

Nazim Hikmət:

“Mən bir ceviz ağacıyam Gülhanə parkında,

Nə sən bunun farkındasan, nə polis farkında...”

Sən bunu bilsəydin, yanıma gələrdin, məni əzizlərdin.

Polis bunu bilsəydi, gəlib tutuqlardı.

2.

Oljas Süleymenov: “Şair gərək Allah qədər gözəl olsun bu dünyada...”

Allah qədər gözəl olan şairləri də Allah özü yaradır.

3.

Tənqidimizdə müqayisələr, assosiasiyalar, digər mədəni xətlərə, istiqamətlərə keçid, təəssüf ki, yoxdur. Hansısa bədii əsər hansısa musiqi parçası ilə müqayisə olunubmu?! Hansısa rəsm nümunəsi ilə necə? Ya memarlıq abidəsi ilə? Olunmayıb! Bütöv mədəni hadisəni bizim tənqidçilər görə bilmir. Mən hələ digər ölkə ədəbiyyatlarındakı oxşar kontekstləri demirəm. Yazarkən yalnız bir əsərdən danışan tənqidçi korridada ancaq qırmızı rəngə reaksiya verən öküz kimidir. Bu müqayisədən incimək lazım deyil. Hərdən Baş Allah Zevs də öküz cildində zühur edirdi.

4.

Homerdə və Dədə Qorqudda savaş səhnələri. Biri geniş təfərrüat nümayiş etdirir, ölən və öldürən qəhrəmanların ailə üzvlərinə qədər informasiya verir - bu, Homerdir. O biri tələsir, ixtisarlar edir - bu, Dədə Qorquddur. Biri tam olaraq qeyri-səlis məntiqlə hərəkət edir, təqribi təsvirlər edir - bu, Dədə Qorquddur. O biri qeyri-səlis məntiqi aradan götürməyə, reallığı tam olaraq əks etməyə çalışır. Bu da Homerdir. Əlbəttə ki, Aristotel qeyri-səlis düşüncə ilə dünyaya baxa bilməzdi. Ona tanış olan bədii model səlis düşüncə modeli idi.

5.

Borxesin bir gözəl hekayəsi var. Adı belədir: “Funes - yaddaşın möcüzəsi”. Funes 24 saat ərzində ətrafında nə baş verirsə, hər şeyi yaddaşına yaza bilir. Bütün təfərrüatları ifadə edir. Onun baxışından heç nə qaçıb gizlənə bilmir.

Biz həyatda belə edə bilmirik. Funes reallığı tam olaraq özü ilə qapayan bir örtüdür (hedcdir). Adi adam bunu edə bilməz. Bizlər reallığı ancaq təqribi, adda-budda, bizə uyğun tərəfdən ifadə edə bilirik. Biz qeyri-səlis məntiqlə yaşayırıq. Səlis məntiqlə Funes kimi yaşamaq mümkün olmazdı.

6.

Qırxayaqdan soruşdular ki, sən hərəkət edən zaman hansı ayağını əvvəl, hansını sonra atırsan? Qırxayaq bir xeyli hərəkətsiz qalıb bu sualın cavabını düşündü. Və daha heç bir hərəkət edə bilmədi.

7.

Hər sirrini sanki tanıdığın bu qoca və hiyləgər dünya haqqında “artıq məni heç nə ilə aldada bilməzsən” düşündüyün zaman ən sonunda gözlənilmədən qəfil bir eşqə mübtəla olursan və... sevirsən. Deməli, yenidən aldanırsan.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2025)

 

 

 

 

Пятница, 17 Январь 2025 14:04

Həyat bir körpüdür – ESSE

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Bəzən həyata nifrət edirəm.

Hər kəs, hər şey eyni, bərabər şəkildə olmadığı üçün.

Bu dünyanı bəziləri xoşbəxt yaşarkən, bəziləri hər kəsdən qaçaraq, görünmədən bir küncə qısılıb, öz bədbəxtliyinə bir ömür dözməyə məcbur olaraq yaşayır. Bəlkə də, ən çox onlar gülməyə layiq idi...

Hanı ədalət? Hanı azadlıq? Hanı kimsənin yaşamağa doymadığı, ölməyi xatırlamadığı dünyanın gözəlliyi? Hanı? Bəlkə bunu görməyən yeganə insan mənəm? Deyin!... Susmayın!...

Soruşsan, kimsə ölmək istəmir; hamı sürünsə belə yaşamaq, sonsuza qədər var olmaq istəyir. Biz ölməkdən qorxuruq? Yoxsa ölərkən öldürdüklərimizi görməkdən qorxuruq? Bəlkə də yaşarkən öldüyünü, ölərkən yaşayacağını unutduğun üçündür bu təlaş, bu savaş, bu qaçaqaç!...

Mən indi əzab çəkirəm; həyatı bu qədər ciddiyə aldığım üçün. Həyat ciddiyə alınacaq qədər möhtəşəm bir yer deyil, bunu anladığım gün hər şey dəyişdi gözümdə. Başa düşdüm ki, həyat insanların anlatdığı, nağıl və hekayələrdə yazıldığı mənalardan ibarət deyil. Həyat, sadəcə ölmək üçün var olduğun zamanın bir parçasıdır.

İndi mən həyatı ölmək üçün yaşayıram!

Həyat bir körpüdür və bu körpüdən kimi tutunaraq, kimi sürünərək, kimi düşə -qalxa, kimi də dimdik keçər!

Körpü dağılmadan sən də oyan!

Və o körpünü yenidən inşa et!..

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2025)

                                                                                                                     

 

Пятница, 17 Январь 2025 14:33

PA - Uğur üçün 15 keyfiyyət - Məqsədyönlü olmaq

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.                           

 

Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.

Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı 15 parametrləri xüsusi olaraq qabardardım:

 

11) Məqsədyönlü olmaq.

Məqsədinə çatmaq üçün mütləq mücadilə etməli, adi çətinlikdən, uğursuzluqdan sınmamalısan. Həyatda heç nəyə insan asan nail ola bilməz. Uğur yolu daş-kəsəkli, eniş-yoxuşludur, onu minbir əziyyətə qatlaşaraq dəf etməlisən. Qarşına çıxan barılar, hasarlar yolundan sapınmağına səbəb olmamalıdır. Yalnız son nəticəyə hesablanmış inamla məqsədyönlü şəkildə uğura nail olmaq mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2025)

 

Пятница, 17 Январь 2025 15:14

“Sərçənin də Allahı var” - PRİTÇA

“Ədəbiyyat və incəsənət” portalı tanınmış tetar və ədəbiyyat xadimi Ağalar İdrisoğlunun yaradıcılıq nümunələri ilə sizlərin tanışlığınızı davam etdirir. Bu gün sizlərə “Sərçənin də Allahı var” adlı pritça təqdim ediləcək.

 

 

 

 

 Allah bir sərçənin belə yerə düşdüyünü görür    nəzərə alır.

                                                                     İsa Peyğəmbər

 

Bu maraqlı əhvalatı, rəvayəti mənə, artıq hər şeyə böyük maraq göstərdiyim yeniyetməlik illərimdə atam danışıb. O vaxtdan çoxlu aylar, illər ötüb. Dünyanı lərzəyə salan böyük tarixi hadisələr, faciələr baş verib... Həmin hadisələrin, faciələrin bəzilərini yaddan çıxarsam da, amma atamın danışdığı bu rəvayət çox maraqlı olduğuna görə, yaddaşıma əbədilik hopub və yaddaşımın ən dərin qatlarına yazılıb.

Bu rəvayəti də yəqin ki, ona da atası, atasına da babası danışıb. Beləliklə, bu rəvayət bir həyat məktəbi, bir həyat dərsi kimi nəsildən-nəsilə ötürülüb...

Beləliklə, bu rəvayət uzun illərdi ki, bizim ailədə hamı tərəfindən qəbul olunmuş, bəyənilmiş bir nəsihət, vəsiyyətdi. Çünki bu əhvalatı, bu rəvayəti mən də öz övladlarıma, nəvələrimə danışmışam. Hətta nəvələrim də artıq bu əhvalatı, bu rəvayəti yaxşı bilirlər və məktəbdə öz sinif yoldaşlarına danışırlar..

Ən maraqlısı budur ki, nəsillər dəyişsə də, illər, əsrlər bir-birini əvəz eləsə də bu rəvayət heç vaxt köhnəlmir və inanıram ki, həmişə müasirliyini də qoruyub saxlayacaq. Yəqin ki, insanlar nə qədər  Yer üzündə yaşayır, bu rəvayət də həmişə müasir olacaq. Nə qədər ki, haqq-ədalət bərqərar olmayıb, bu rəvayəti eşidənlər tərəfindən həmişə yəqin ki, maraqla qarşılanacaq. Və insanlar tərəfində bir-birinə ötürüləcək. Təki insanlar bu rəvayəti eşitsin, dərk eləsin, ibrət götürsün və yaddaşlarına köçürsünlər...

... Hə, əzizlərim, belə rəvayət eləyirlər ki, dağlıq, qayalıq bir yerdə, kiçik talada yalnız bir uca, qollu-budaqlı ağac varmış. Həmin ağacın dibindən isə suyu dupduru böyük bir bulaq, yerin dərin qatlarından çıxaraq, özünə kiçik cığır açaraq, qayaların arasından iti surətlə dərəyə tökülürmuş. Bulağın axdığı həmin cığırın ətrafı, müalicə əhəmiyyətli  yaşıl otlarla, gül-çiçəklə qayalığa xüsusi bir gözəllik, yaraşıq verirmiş. Bu gözəlliyin, yaraşığın şah əsəri isə qollu-budaqlı, əsrləri yola salan həmin yalnız ağacmış. İlin bütün fəsillərində həmişə yamyaşıl olan bu ağaca haradansa uçub gələn quşlar qonsa  da, yalnız  bir sərçə bu qollu-budaqlı ağacı özünə doğma yurd yeri seçərək, yuva qurubmuş. Sərçə qurduğu yuvaya yumurtalar qoyur və bala çıxartmaq istəyirmiş. Hər dəfə də bu bulaqdan su içməyə gələn nəhəng Fil, bulağın suyundan içəndən sonra belini ağaca sürtürmüş ki, belinin, bədəninin qaşınan yerlərini sakitləşdirsin. Amma Filin  gücü çox olduğundan və özünü ağaca möhkəm sürtdüyündən, nəhəng ağac silkələnir və Sərçənin yuvası uçub yerə düşür, oradakı yumurtalar sınırmış. Sərçə də öz dilində deyinə-deyinə, ah-nalə qopararaq, yenidən özünə yuva qurur və yumurtalar qoyurmış ki, heç olmasa bir dəfə bala çıxara bilsin. Ayda ən azı bir dəfə bu bulaqdan su içməyə gələn Fil də, hər dəfə ağaca sürtünəndə, Sərçənin bala çıxartmaq ümidlərini, arzularını  puç  eləyirmiş...

Beləliklə, hər dəfə yuvası dağılan, yumurtaları sınan Sərçə vay-şivən eləyir və Filə yalvarırmış ki, heç olmasa ona bir dəfə imkan versin, bala çıxarıb, öz kamına, öz arzusuna, istəyinə yetişsin. Sərçənin bu yalvarışlarını, vay-şivənini eşidən Fil, onun bu hərəkətlərinə gülüb, lovğa-lovğa deyirmiş:

- Pah!.. Guya sənin də balaların olsa dünya düzələcək? Sən kimsən ki? Bapbalaca sərçəsən də. Sənin yaşamağınla, balalar çıxartmağınla bu geniş, nəhəng dünya nə xeyir görəcək? Nə qazanacaq? Heç nə. Bax mən Filəm. Nəhəngəm. Güclüyəm. Onu da bil ki, dünya güclülərin dünyasıdı, sənin kimi gücsüz sərçələrin yox. Dünyanı həmişə fil kimi güclülər, nəhənglər idarə eləyir. Sənin kimi törtöküntülər bu dünyada heç kimə, heç nəyə lazım deyilsiz. Ona görə elə sizlərin nəsli kəsilsə daha yaxşıdı. Çünki  Yer kürrəsi də sizin kimi törtöküntülərdən bir qədər dincələr. Rahatlaşar... Təbiətdə bu qədər hadisələr baş verməz...

-  Axı nə olsun ki, dünyanı güclülər idarə eləyir?  Məgər biz gücsüzlərin, sərçələrin Allahı yoxdur? Əgər siz varsınızsa biz gücsüzlər bu yer üzündə yaşamamalıyıq? Bizim yaşamağa, öz nəslimizi artırmağa haqqımız yoxdur? - deyə, Sərçə qayaların, daşların üstünə düşüb sınmış yumurtalarına yazıq-yazıq baxıb, ağlayırmış.

- Yox! Yaşamamalısız! Hələ çox çəm-xəm eləsən, sənin özünü də ayağımın altına salıb, tapdalayaram, - deyə, Fil ona sərt cavab verib,  özündən razı halda  oradan uzaqlaşırmış.

Uçmuş yuvasına, sınmış yumurtalarına baxan Sərçə yenidən ah-vay eləyə-eləyə özünə yuva qururmuş ki, bəlkə Filin ürəyinə bir Allah xofu, Tanrı mehri gələr və onun yuvasını daha uçurmaz. Amma nə Sərçə öz ümidlərindən dönmür, nə də Fil özünün bəd  əməllərindən əl çəkmirmiş. Artıq cana doyan, arzuları puç olan, əli hər şeydən üzülən və bala çıxarmaq ümidi ilə  gecə-gündüz yaşayan Sərçə belə qərara gəlir ki, bu işə bir son qoysun. Bir əncam çəksin. Axı ölmək-ölməkdirsə, bəs xırıldamaq nə deməkdi? Məgər doğrudanmı Fil haqlıdı? Doğrudanmı onun hegemonluğuna, mənəm-mənəmliyinə, özündən müşdəbehliyinə  son qoymaq olmaz?

O, uçub quşların padşahı Qartalın yanına gəlir və hər dəfə başına gələn qəmli, faciəli əhvalatı olduğu kimi ona danışır. Sərəçəyə diqqətlə qulaq asan, həmişə haqqı, haqq işi, haqq əməli müdafiə eləyən Qartal, Filin bu əməlinə, bu qəddarlığına çox qeyzlənir və sağsağanların başçısını yanına çağırıb deyir:

-  Fil artıq ağlını itirib. İndi də biz quşları məhv eləmək istəyir.  Amma  biz imkan vermərik. Tez ol, iki yüz sağsağan topla! Qoy onlar uçub getsinlər və görsünlər ki, Fil harada yatıb, ona hücum eləyib, gözlərini didib, kor eləsinlər! Ondan sonra Fil başa düşər ki, bu gen dünya təkcə fillərin yox, həm də sərçələrindi. Axı filləri yaradan  qadir, gözəl Allah sərçələri də yaradıb. Onlara da imkan verib ki, bu  Yer kürrəsində yaşasınlar. Deməli, Böyük Yaradan həm də sərçələrin Allahıdı.

-  Oldu əlahəzrət Qartal. Sizin əmriniz bizimçün qanundur,- deyə sağsağanların başçısı tez iki yüz sağsağan toplayıb, onlara əmr eləyir ki, gedib Fili tapsınlar və Qartalın əmrini təcili  yerinə yetirsinlər.

Sağsağanlar, Sərçəylə birlikdə uçub Fili axtarmağa gedirlər. Sərçə görür ki, Fil bir qayının yanında yatıb, özünü günə verir. Sərçə, sağsağanlara onu göstərir. İki yüz sağsağan birlikdə qeyzlə Filə hücum eləyib, ona heç yerindən durmağa belə imkan verməyib, hər iki gözünü dimdikləri ilə deşib, yekəpər, özündən razı Fili kor eləyirlər. Gözləri kor olan, işıqlı dünya ona zil qaranlığa çevrilən Filin, gözlərindən axan qan, xortumundan yerə tökülür. O, ah-vay eləyir. Öz-özünə fikirləşir: “Axı mən, kimə nə pislik eləmişəm ki, başıma belə bir faciəni gətirdilər?.. Məni kor eləyib, işıqlı dünyaya baxmağa həsrət qoydular?”. Amma  Fil, bu suallara heç bir cavab tapa  bilmir. O, həm də bir şeyə təəccüb eləyir ki, onun kimi güclü, heyvanların onu görəndə qorxudan zağ-zağ əsdiyi vaxtda axı adicə sağsağanlar kimə güvənib, necə cəsarət eləyib, ona hücüm eləyiblər və hətta onun gözlərini də çıxarıblar. Doğrudanmı  Yer kürrəsində ondan da güclülər var?..

Filin kor olmasından ürəyi soyumayan Sərçə, fikirləşir ki, bu qəddardan, nadandan, vəhşidən uçan yuvasının, sınan yumurtalarının, Filin ayaqladığı ətçə balalarının hayıfını indi neçə alsın? Onu birdəfəlik məhv eləməkçün daha nə eləsin?

Bir müddət fikirləşir, dağı-arana, aranı-dağa aparır və axırda istədiyini tapır. Beyninə, yeni bir fikir gəlir... Sərçə uçub, qurbağaların padışahı Timsahın yanına gəlir. Filin onun başına gətirdiyi faciəli, qəmli hadisəni Timsaha da danışır... Ağlayır. Vay-şivən eləyir. Sərçənin başına gələn bu faciəli hadisədən Timsahın ürəyinə bir mehr qonur və fikirləşir ki, ona hökmən kömək eləmək lazımdı. Qoy bu hadisə ağlı olmayan, özündən müştəbehlərə, dünyada “mənəm-mənəm” deyənlərə bir dərs olsun. O, qurbağaların başçısını yanına çağırıb əmr eləyir:

- Tez yüz qurbağa toparla və atdana-atdana gedin, harada Fil yatıb, onun yanına. Qalanını Sərçə özü sizə başa salacaq nə eləmək lazımdı. Allahını tanımayan, gücsüzlərə zülm eləyən Filə biz, öz gücümüzü göstərməliyik! Qoy bu, bütün güclülərə layiqli bir dərs olsun ki, daha bundan sonra gücsüzləri incitməsinlər.

Hə, əzizlərim. Qurbağalar atıla-atıla və Sərçə də uçu-uça Filin uzandığı yerə gəlirlər. Səçrə qurbağaları başa salır və deyir:

- İki-iki düzülün və lap axırıncılar da qayanın başında, uçurumun yanında oturun. Fil artıq susayıb. Su içmək istəyir. Susuzluq ona çox güc gəlib. Amma kör olduğundan bilmir hansı tərəfə getsin. Ona görə də ilk əvvəl onun yanında oturan qurbağalar quruldasın. Fil ayağa durub su axtaracaq. Elə biləcək ki, qurbağaların yanında su var. Orada su tapa bilməyəndə ondan qabaqdakılar quruldasın. Beləcə, siz quruldadıqca Fil, su axtara-axtara düz qayanın başına qədər gələcək və həmin vaxt da qayanın başındakı qurbağalar quruldasın. Daha sonrası ilə sizin işiniz yoxdur.

Qurbağalar cani-dillə Sərçənin arzusunu yerinə yetirirlər. Hər qurbağa quruldadıqca, su içmək həvəsi ilə irəli gedən kor Fil, düz qayanın başına qədər gəlir. Axırıncı qurbağalar quruldayanda, su içmək ümidi ilə Fil, ayağını və xortumunu qabağa uzadanda, gurultu ilə qayadan çox dərin bir sıldırımlı uçuruma düşür və qol-qabırğası tamam şil-küt olur. O, artıq can verməyə, axır nəfəsini almağa, ömrünün son anlarını yaşamağa başlayır. Allaha yalvarır ki, onu öldürməsin. Kor olsa da təki yaşasın. Çünki Fil, artıq indi başa düşür ki, həyat, yaşamaq necə şirin şeydi...

Axı Yer üzündəki canlıların çoxu, həyatın gözəlliyini ömürlərinin son anlarında başa düşürlər və əfsus ki, onda da gec olur... Çox gec olur...

Bu vaxt Sərçə uçub, gəlib bir daşın üstündə oturur və can verən, axır nəfəsini alan Filə deyir:

- Fil, necəsən?

Səsindən Sərçəni tanıyan Fil, axır nəfsini toplayıb deyir:

- Sərçə bağışla ki, mən axmaqlıq, nadanlıq, vəhşilik  eləyib, sənə pislik elədim və Allah da məni belə cəzalandırdı. Əgər sən mənim günahımdan keçsən, yəqin ki, Allah mənə rəhm eləyər və məni öldürməz.

- Axı mən səni necə bağışlayım, ay Fil? Sən mənim çox çətinliklə düzəltdiyim yuvamı gör neçə dəfə dağıtmısan? Orada olan yumurtaları sındırmısan. Təzəcə çıxan ətcə, fidan balalarımı ayaqlarınla əzib, öldürmüsən. Əgər mən səni bağışlasam da, o fidan, yumurtadan təzəcə çıxmış balalarım sənin kimi qəddarı  heç vaxt bağışlamazlar. Axı  Yer kürrəsinə gələn hər bir canlının lazım olan qədər yaşamağa haqqı var… Yadındamı, sənə deyirdim ki, imkan ver mən də arzuma çatım? Qoy mən də öz balalarımı pərvazlandırıb, budaqdan-budağa uçura  bilim. Mən də onlardan bir fərəh duyub, qürrələnə bilim. Sən isə gülüb deyirdin ki, “sərçə kimdi ki, hələ Yer üzündə yaşasın? Dünya güclülərindi. Allah dünyanı güclülərçün yaradıb ki, Yer üzündə yalnız onlar yaşayıb və ağalıq eləsinlər. Gücsüzlər isə ölməlidi. Onların yaşamağa haqqı yoxdur”. Amma sən heç cür başa düşə bilmirdin ki, Allah həm də gücsüzlərin Allahıdır. Başa düşə bilmirdin və dərk eləyə bilmirdin ki, əgər Allah gücsüzləri də yaradıbsa, onları da xəlq eləyibsə, onlara da köməklik eləyəcək ki, güclülərin qəzəbinə tuş gəlməsinlər. Ona görə də bil ki, Sərçənin də Allahı var. Sənin başına da bu oyunları mən Sərçə gətirmişəm! Əlbəttə, bu müqəddəs işdə mənə Allahım necə lazımsa köməklik eləyib. Yol göstərib. Ağıl verib. Mənə köməklik eləyənlərin də ürəyinə mehr, istək salıb. İndi bax,  bu iş, bu  əməl, bundan sonra sənin kimi ağılsız, özündən müştəbeh, nadan güclülərə bir dərs olacaq. Onlar bundan sonra biləcəklər ki, gücsüzləri incitmək, onları öldürmək, məhv eləmək olmaz. Çünki gücsüzlərin də Allahı var. Yer üzündə yaşayan hər bir canlının və hər bir cansızın yaradıcısı Böyük Yaradandı. Onun yaratdığını öldürmək, məhv eləmək istəyənləri isə  Uca Tanrı gec-tez cəzalandırır... Bu, tarixlər boyu sübut olunmuş bir həqiqətdi… Həyat həqiqəti…

Sərçənin bu sözlərini eşidən Fil, necə böyük səhv elədiyini indi başa düşdü. Amma, artıq  gec idi. O, sonuncu nəfəsini alıb  və canını tapşırdı...

Filin öldüyünü görən Sərçə, uçub həmin ağacın yanına gəldi. Ağacın ən uca yerinə qonub, ətrafı qalib kimi seyr elədi. Sonra gecə-gündüz çalışaraq, yerdən çör-çöp yığıb, tez bir vaxtda  özü üçün yenidən yuva düzəltdi. Və ora yumurtalar qoyub, balalar çıxartdı...

Beləliklə, Sərçə də öz arzusuna, öz kamına çatdı. Qısa bir vaxtda onun çıxartdığı balalar özləri də böyüyüb, balalar çıxartdılar...

Sərçə ilə Filin əhvalatı buradakı bütün canlılar arasında yayıldığından və Filin taleyini daha heç bir canlı yaşamaq istəmədiyindən, sərçə kimi gücsüzlərə bundan sonra heç kim dəyib-dolaşmadı. Tezliklə, bu qollu-budaqlı ağacda çoxlu sərçə yuvaları quruldu...

Uzaqdan bu qollu-budaqlı ağaca baxanda ibtidai insanların qayalarda məskən saldığı oyuqları, mağaraları, yurd  yerlərini xatırladırdı bu qollu-budaqlı ağac...

Beləliklə, bu rəvayət də nəsillərdən-nəsillərə keçərək, əsrdən-əsrə ötürülüb və gücsüzləri güclülərdən qorumaqçün bir nəsihət, vəsiyyət  oldu. ..

Amma belə dərin məzmunlu nəsihət, gücsüzləri güclülərdən qoruya bilirmi? Əfsus ki, hələ də yox. Hələ də güclülər  Yer üzündə gücsüzləri əzir, müharibələr törədir, qanlar tökürlər. Yəqin ki, həmin güclülər bu rəvayəti bilmirlər... Onlar bilmirlər ki, gücsüzlərin də Allahı var. Gec-tez  onların Allahı həmin güclülərin cəzasını verəcək. Hökmən verəcək! Mən də buna inanıram. Və fikirləşirəm ki, həyat belə davam eləyə  bilməyəcək. Belə davam eləyə  bilməz... Əgər belə olsa dünya məhvərindən çıxar. Yer kürrəsini fəlakətlər, xəstəliklər başına götürər… Necə ki, tarixlər, əsirlər, qərinələr  boyu belə olub… Çoxlu insanlar, canlılar məhv olub… Bunu görən və sağ qalanlarda  bir Allah xohfu, bir mərhəmət yaranıb. Hamı çalışıb ki, bir-birinə köməklik eləsin. Bax, bundan sonra  insanlar, canlılar arasında bir mehribançlıq yaranıb. Amma, amma indi uzun illərdir ki, insanlar, canlılar həyatdakı bütün müqəddəslikləri, təmiz, ülvi hissləri  unudublar… Güclülər yenidən gücsüzləri əzir, məhv eləyir…

Deməli, həmin güclülər  indi də dərk eləyə bilmirlər ki,  zaman-zaman gücsüzlərin Allahı,  onların  hayıfını güclülərdən alıb və yenə də alacaq. Sadəcə, sadəcə  hər şeyin zamana ehtiyacı var... Bəli, bəli. Zamana ehtiyacı var… Zaman isə həyatda hər şeyi yoluna qoyan  bir nəhrdir.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2025)

                                                                  

 

 

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət

 

 

Keçmiş dünya ilə bağlı miflər qədim xalqların kainatı, insanın mənşəyini və təbiət hadisələrini izah etməyə çalışdığı simvolik hekayələrdən ibarətdir. Bu miflər insan təxəyyülünün məhsulu olmaqla yanaşı, onların dünyaya baxışlarını, inanclarını və dəyərlərini də əks etdirir. Aşağıda müxtəlif mədəniyyətlərdən keçmiş dünya haqqında ən maraqlı miflərə nəzər salaq:

 

 1. Yaradılış mifləri

 Yaradılış mifləri qədim insanların dünyanın və həyatın necə yarandığını anlamağa çalışdığı hekayələrdir:

 

Mesopotamiya: Enuma Eliş

Mesopotamiyalılar dünyanın yaranışını Tanrı Mardukun xaos tanrısı Tiamatı məğlub etməsi ilə izah edirdilər. Tiamatın bədəni iki hissəyə bölünərək yer və göy yaradılmışdı.

 

Yunan: Kosmosun yaradılışı

Yunan mifologiyasında kainat əvvəlcə xaosdan yaranır. Daha sonra torpaq (Gaia), səma (Uranus) və digər tanrılar meydana gəlir. Titanlar və olimpiya tanrıları arasında gedən mübarizə ilə dünya formalaşır.

 

Hinduizm: Purusha mifi

Hinduizmə görə kainat Purusha adlı kosmik insanın bədənindən yaranmışdır. Onun hər bir hissəsi kainatın müxtəlif elementlərini təşkil edir.

 

2. Bəşəriyyətin mənşəyi haqqında miflər

 

Yunan mifologiyası: Prometey

Yunan mifinə görə insanları yaratmaq və onlara həyat vermək üçün Prometey torpaq və su qarışığından insanları formalaşdırır. Daha sonra onlara od gətirərək mədəniyyətin inkişafına şərait yaradır.

 

Afrika: Yoruba inancları

Yoruba mifologiyasında insanları Obatala adlı Tanrı palçıqdan yaradır, amma yaradılış prosesində bəzi çatışmazlıqlar olur ki, bu da insanların fərqliliklərini izah edir.

 

Bibliya: Adəm və Həvva

Əhdi-Ətiqdə Tanrı ilk insan olan Adəmi torpaqdan, onun həyat yoldaşı Həvvanı isə Adəmin qabırğasından yaradır.

 

3. Böyük Tufan Mifləri

Böyük tufan mifləri müxtəlif xalqların mifologiyalarında geniş yayılmışdır. Bu miflər dünyanı təmizləmək və yeni bir dövr başlatmaq üçün tanrılar tərəfindən həyata keçirilən böyük bir fəlakəti təsvir edir:

 

 Nuh tufanı (Bibliya)

Bibliyaya görə, Tanrı günahkar insanları cəzalandırmaq üçün dünyaya böyük bir tufan göndərir. Nuh ailəsi ilə birlikdə gəmidə xilas olur.

 

Gilqameş dastanı (Mesopotamiya)

Mesopotamiya ədəbiyyatında Utnapiştim adlı bir şəxs tufandan sağ çıxır. Bu mif Nuh Tufanı ilə böyük oxşarlıqlara malikdir.

 

Hinduizmdə Matsya mifi

Hindu mifologiyasında Vişnu tanrı Matsya adlı bir balıq şəklində kralı xəbərdar edir və onu tufandan qoruyur.

 

4. Axirət mifləri

 

Yunan: Hades dünyası

Yunan mifologiyasında ölümdən sonra insanlar Hades dünyasına gedir. Hades dünyası fərqli təbəqələrdən ibarətdir və ruhlar etdikləri əməllərə görə mükafatlandırılır və ya cəzalandırılır.

 

Misir: Ölülər kitabı

Misirlilər inanırdılar ki, insanlar öləndən sonra tanrı Osirisin məhkəməsinə çıxarılır. Burada ürək tərəzidə çəkilir və yaxşı əməllərlə pis əməllər ölçülür.

 

Norse: Valhalla və Hel 

Skandinaviya mifologiyasında cəsur döyüşçülər Valhallaya, digərləri isə Hel adlı soyuq bir yeraltı dünyaya gedir.

 

 5. Qiyamət mifləri

 

Ragnarok (Norse Mifologiyası)

Skandinaviya mifologiyasında kainatın sonu olaraq təsvir edilən Ragnarok, tanrılar və nəhənglər arasında gedən böyük bir döyüşdür. Bu döyüşdən sonra dünya məhv olur, amma yenidən doğulur.

 

Hopi hinduları: Dörd dünya

Hopi hinduları inanırdılar ki, insanlıq artıq üç dünyanı məhv edib və dördüncü dünyada yaşayır. Əgər insanlar yanlışlarını düzəltməzlərsə, bu dünya da məhv olacaq.

Keçmiş dünya haqqında miflər insanın təbiət, kainat və öz varlığı ilə bağlı dərin suallara cavab axtarışının məhsuludur. Hər bir mif mənsub olduğu xalqın düşüncə tərzini və dünyagörüşünü əks etdirir.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2025)

 

           

 

Amil, “Ədəbiyyat və incəsənət”

 

Bayramlarda qohumları ziyarət etmək o qədər də maraqlı fəaliyyət deyil.

Amma o ilk bayram ziyarəti adama əzab kimi gələr. 

Normalda ziyarət etməyin, dərdləşməyinin vacib olduğu, amma uzun müddətdi görmədiyin insanlarla doludu həryer. 

İlk dəfədiki bu qədər qohumu bir yerdə görürdün və bu, son dəfə olacaqdı. Çünki bundan sonra birdə heç vaxt gedməyəcəkdin bu qədər insan olan yerlərə. 

 

Öncədən getdiyin yerləri görmək belə ürəyini bulandırırdı. Köhnə sevgilinlə oturduğun yerdisə 2 qat pis olarsan, ürəyin sızıldayar, sonra əvvəl necə də gözəl həyatım var imiş deyib biraz xəyallara dalarsan, bu da qəlbini keçici xoşbəxtliklə doldurar.

 

Öncədən ən sevdiyin yeməyi yeyərkən dadından böyük bir ləzzət alardın və 2-ci boşqabı anandan istəyərdin. İndi tez qurtarıb bir siqaret yandırmaq üçün səbirsizliklə gözləyirsən. 

 

Telefona zəng gələr, açmarsan. 

2 dəqiqə başqa insanla söhbət etmək belə çəkilməz bir dərd kimi gələr sənə. 

 

Otağının lampası yanar, dəyişdirmərsən, balkonun lampasından yanan işıq ilə müəyyən müddət davam edərsən yaşamağa.

 

Bəzən bir motivasiya gələr. Qalxarsan ayağa. İş, güc kariyera deyən adamlardan biriylə danışarsan, sonra” kim bu qədər insanla ünsiyyət quracaq” deyib, çəkilərsən öz qaranlıq otağına.

 

Restoranlara, istirahət yerlərinə getmək Sənin üçün dözülməz bir hal alırdı. Qadınların özlərini 2-ci Elizabet kimi apardığı, kişilərin isə güc və sərvət göstərişi etdiyi bu yerlər sənə itici gəlirdi. Çünki sən onların realda kimlər olduğunu və hansı işləri gördüyünü yaxşı bilirdin.

Amma günahlandıra bilməzdin onları. 

Sən də bir zamanlar onlar kimi özünü göstərməyə çalışanlardan biri idin.

 

İnstagram? Özlərini ideal bir cütlük kimi göstərməyə çalışan qız və oğlanları, açıq- saçıq şəkilləri, eləcə də özünü dövrün alimi sayaraq "ağıllı" məsləhətlər verən adamları görməmək üçün çoxdan silmisən hesabını.

 

Dilənçilər çıxar qabağına. Özlərini mümkün olduğu qədər aciz, çarəsiz, yazıq göstərərək Sənin cibindəki son manatı, yəni Universitetə gediş-gəliş üçün ayırdığın metro pulunu almağa çalışarlar.

Amma Sən vecsiz şəkildə yanlarından ötüb keçərsən. Həyatının reaksiya göstərməmək mərhələsinə qədəm qoymusan. Heçnə! Sənə qarşı edilən heçbir şərəfsizliklər, ikiüzlülüklər Səni təəccübləndirmir artıq.

 

Universitetə gedtikdə universitet önündəki dirəyin ətrafının boş olmasını dua edərsən. Həyatdakı tək zövqün dirəyə söykənib siqaret çəkmək olmuşdu artıq.

 

Avtobusda yanında heç kim oturmasın deyə ən önə oturarsan, yanına da çantanı qoyarsan. Sürücünün yol boyu etdiyi zarafatlara zornan gülümsəyərsən, ayıb olmasın deyə.

 

Səhər tez oyandınsa təkrardan yatmağa çalışarsan. Çünki ən xoşbəxt olduğun hal yatmaq halıdı. Buna görə yatmağa “kiçik ölüm” deyirdilər. Yatarkən gördüyün yuxuları saymasaq, yatmaq qədər heç nə xoşbəxtlik vermirdi sənə.

 

Belə ömür keçərmi bəs?

 

Əlbəttəki xeyir. 

 

İnsanlar 3-5 il rahatlıq içində yaşamaq üçün iş yerlərindəki vəzifəli adamdan aşağı səviyyəli sözlər götürməyi, kapitalizmin, modernizmin ona yeritdiyi şeyləri öz fikri kimi müdafiə edərək 1 maşın, 1 ev üçün şəxsiyyətini alçaldmağı uğur hesab edirlər. İxtisası ilə bağlı tək bir cümlə belə bilməzkən birisi aldığı diplom ilə lovğalanır. Digəri puluna görə onunla bərabər olan gözəl sevgilisi ilə öyünür.

 

Sən isə yanlızlığın içində sahib olduğun gücü, potansialı və bacarıqlarını dərk etməlisən. Allah vergisi bu qədər istedada xəyanət etməməlisən. Dünyanı dəyişdirə bilməyəciyini bilirəm, amma özünü və ətrafını dəyişdirə bilərsən.

 

Bu yazı yalnızlara, səsi çıxmayanlara və O'ndan səbir diləyənlərə həsr edilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.