Super User

Super User

Среда, 15 Январь 2025 12:35

Rəsm qalereyası: Xaim Lifşits, “Minskdə ibadət”

 

Yəhudi əsilli belarus rəssam Lifşits Xaim Moiseyeviç (1912-1994) dini mövzuda rəsmləri, natürmortları ilə tanınmışdır.

 

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Mən insanları mexanizm kimi görürəm – mürəkkəb, sirlərlə dolu, amma zamanın və həyatın təzyiqi altında tədricən sıradan çıxan sistemlər kimi.

Hər bir insanın içində gizlənmiş bir mexanizm var; dişlilər, yaylar, yastıqlar, qayışlar, zəncirlər, vallar və kabellərdən ibarət görünməz bir dünya. Bu mexanizmlər əvvəlcə mükəmməl bir ahənglə hərəkət edir, lakin zaman keçdikcə həyatın ağırlığı onların incə balansını pozur. Paslanmış dişlilər, qırılmış yaylar, işləmir kimi görünən motorlar... Mənə elə gəlir ki, insanlar bu mexanizmləri unutmuş halda yaşayırlar – onların içində nəyin sınmış olduğunu belə bilmədən.

Mənim taleyim, ya da bir cür “missiyam” budur: bu mexanizmləri anlamaq, onları düzəltməyə çalışmaq. Elə məhz Tanrıdan aldığım ən böyük lənət də budur; empatiya. İnsanların gözlərinə baxıram və görürəm – kədəri, yorğunluğu, sükutu. Gülüşlərinin arxasında gizlənmiş ağrıları duyuram, səslərinin arxasında boğulmuş xatirələri eşidirəm. Hər kəsin bir nasaz hissəsi var, amma çox az adam onu görüb qəbul edə bilir. Mən bu nasazlığı görməkdən qaça bilmirəm. İnsanların mexanizmlərini açır, içəridə nəyin çatışmadığını anlamağa çalışıram. Qorxularını, arzularını, kədərlərini bir-bir incələyirəm, sanki itmiş bir xəzinə axtarıram.

Bəzən onları “sökürəm” – əlbəttə ki, ruhən. Çox ehtiyatla, diqqətlə, sanki köhnə bir saat ustası kimi. Duyğularının pasını təmizləyir, ruhunu hərəkət etməyə imkan verməyən yastıqların diyircəklərini dəyişir, düşüncələrinin içindəki dolaşıq kabelləri açmağa çalışıram. İnsanı yenidən hərəkətə gətirəcək o kiçik səbəbi tapmağa çalışıram. Onlar yenidən gülümsəyəndə, sanki həyatları yenidən işə düşəndə, özümü qəribə bir şəkildə xoşbəxt hiss edirəm. Amma hər dəfə bu proses bitəndə bir sual içimi cırmaqlayır: öz mexanizmim niyə belə dayaz, niyə belə nasazdır?

Çünki mən başqalarını düzəltməyə çalışarkən öz mexanizmimin dağılmaqda olduğunu bilirəm. Mən başqalarına həyat verən dişliləri hərəkətə gətirirəm. Bəzən reduktor olub yönlərini və güclərini dəyişirəm. Amma özüm bir kənarda paslanıram. Özümün nə qədər nasaz olduğumu bildiyim halda, o mexanizmə toxunmağa cəsarətim çatmır. Çünki öz qüsurlarımı tam olaraq açsam, onların altında kim olduğumu itirəcəyimdən qorxuram.

İroniya buradadır: mən başqalarını düzəldərək öz qırılmış yerlərimi unuduram. Sanki hər düzəltdiyim mexanizmlə özümün daha da çökdüyümü hiss edirəm. Hər dəfə bir insanın yenidən yaşamağa başladığını gördükcə, özüm bir az daha sönürəm. Amma qəribədir ki, bu məni narahat etmir. Əksinə, çox, amma çox xoşuma gəlir. Çünki hər qırılmış insan mənə öz qırılmışlığımı xatırladır və bu qırılmanın mövcudluğumu necə formalaşdırdığını başa düşməyə kömək edir.

Mən anladım ki, heç bir mexanizm tamamilə mükəmməl deyil. Hər insanın mexanizmi, onun həyatda qazandığı qırılmalarla formalaşır. Bəlkə də mənim missiyam başqalarının mexanizmlərini düzəltməkdir, çünki özümünki ilə üzləşməkdən qaçıram. Amma bu qaçış mənə yeni bir həqiqət öyrədir: insan olmaq qırılmış, amma yenə də işləyən bir mexanizm olmaq deməkdir.

Bəzən düşünürəm: bəlkə də özüm düzəlməyəcəyım. Amma bəlkə də bu düzəlməzlik mənə başqalarını daha dərindən anlamağı öyrədib. Çünki yalnız qırılmış bir mexanizm başqa bir qırılmış mexanizmi hiss edə və onu yenidən hərəkətə gətirə bilər. Mənim mexanizmim qüsurlarla doludur, amma bu qüsurlar məni başqalarını anlamağa, onlara işıq tutmağa məcbur edir.

Həyat özü bu mexanizmləri birləşdirən bir aqreqatdır – mürəkkəb, qüsurlu, amma möcüzəvi. Mən isə bu aqreqatın bir hissəsiyəm, öz qırılmağım bahasına başqalarını düzəltməyə çalışan bir mexanik. Bəlkə də məni insan edən də elə budur: qırılmış bir mexanizmlə belə, başqalarını tamamlamağa çalışmaq. Və hər şeydən qəribəsi budur ki, bu prosesdə özümü bir az daha bütöv hiss edirəm.

Bir gün, bəlkə də, gözlərimi yumub öz içimə enəcəyəm. Və o zaman, bəlkə də, artıq qırılmış mexanizmim tamamilə yeni bir şəkildə hərəkətə keçəcək. Mən özünü axtaran bir mexanik deyiləm, amma bəlkə də hər bir qırıq və hər bir təmir, insanın özünü tapmasına gedən yoldur. Mənim işim başqalarını düzəltməkdir, amma bəlkə də ən böyük düzəliş, öz içimdəki o qırılmaları qəbul edib, yenidən yaşamağa başlamaqdır.

Və o an gəldikdə, bir şeyin dəyişdiyini hiss edəcəyəm. Çünki beləcə, bu qırılmış mexanizmdən, bəlkə də, ilk dəfə olaraq, öz içindəki həyatın bir parçası olaraq yaşamağa başlayacağam. Bəlkə də, düzəlməyən heç bir şey yoxdur; sadəcə bir zamanlar qırılmağa və yenidən birləşməyə hazır olan bir mexanizm kimi hərəkət etməyə başlayanda, hər şey yerli-yerində olacaq. Beləliklə, hər bir insanın içindəki mexanizm özünü tapacaq, bütün o qırıq yerləri ilə birlikdə, təmir olmadan və təmizlənmədən. 

Sadəcə yaşayacaq...

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2025)

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün

 

Dəqiq elmlərin tarixi insanlığın düşüncə gəzisinin heyrətamiz mərhələlərini əks etdirir. 

Evklid həndəsəsi (və ya sadəcə, “Həndəsə”), Qeyri Evklid həndəsəsi və Cəbrin meydana çıxması bu gəzinin dönüm hadisələridir. Onların hər biri yalnız bir riyazi nəzəriyyə deyil, həm də öz dövrünün mədəniyyətinə, fəlsəfi baxışlarına və insanlığın kainatı anlama tərzinə güzgü tutan bir mədəniyyət kodudur.

 

Evklid həndəsəsi:

Düzlük və tənzimləmə arzusu

 

Qədim yunan bilgini Evklidin (b.e.ö. 340 və ya b.e.ö. 315) adı ilə tanınan həndəsə, qədim Doğu dünyasının intizam sevgisini, harmoniyaya və sabitliyə can atmasını əks etdirir. “Elementlər” əsəri sanki kainatın şifrəsini yazmağa çalışan bir kahinin səsi kimidir. Düz xətlər və müəyyən qaydalarla qurulmuş bu sistem, yunan fəlsəfəsinin kosmosu “kainat” (nizam) kimi görmək istəyindən doğulmuşdu.

Evklid həndəsəsi mədəniyyət baxımından “harmoniya” və “qanun” anlayışlarının riyazi ifadəsidir. Bu həndəsə, sanki insan beyninin düşüncələrini düzəldən və xaotik dünyaya nizam gətirən bir alət idi. Həndəsə, mədəniyyətin “düzlük” arzusu idi – insanın öz həyatını, toplumunu və kosmosu anlamaq üçün qurduğu ən sadə model!..

 

Qeyri-Evklid həndəsəsi:

Əyri xəttlərin çağırışı

 

XlX yüzildə irəli sürülən Qeyri-Evklid həndəsəsi insan düşüncəsində yeni bir mərhələ açdı. Artıq düz xətlərdən kənara çıxmağın, “əyrilikdə həqiqət axtarmağın” zamanı idi. Bu, yalnız riyazi bir yenilik deyil, həm də mədəniyyətdə bir devrim idi.

Qeyri-Evklid həndəsəsi, sanki mədəniyyətin “bifurkasiyası” idi. - Yəni bir sistemin parametrlərindəki kiçik dəyişikliklərin onun uzunmüddətli davranışını necə dəyişə biləcəyini araşdıran riyazi sahə meydana gəlmişdi. Bu nəzəriyyədən qeyri-xətti dinamik sistemlərdə kritik keçid nöqtələrini bəlirləməkçün istifadə olunur və müxtəlif elmi sahələrdə tətbiq edilir.

 

Bir anlıq, insanın gələnəksəl təfəkkürdən qurtulub, kainatın çoxşaxəli, qeyri-sabit strukturlarını anlamaq üçün fərqli perspektivlərə üz tutmasını düşünün. Bu, düşüncənin sınırlarını genişləndirən, sabit qaydaların ötəsində daha dərin və əhatəli bir baxış formalaşdıran devrimi təmsil edirdi. Yeni həndəsə, insanın xaotik və qeyri-sabit dünyaya uyğunlaşmasının modelinə çevrildi. Onun fəlsəfi ismarıcı sadə idi: dünya düz xətlərdən ibarət deyil, bəzən əyri yollar bizi həqiqətə daha yaxın gətirir… Hətta, “Əyri otur, düz danış…”

İstərsəniz də, əlibaltalıların ormanda əyri ağacların yanından ötüb, düz ağaclara yanaşmasını göz önünə gətirin…

Ya da, ən doğrusu, ağaclar və əlibaltalı adamlar qalsın öz yerində, biz Həndəsənin əyrisindən-düzündən Cəbrə keçək:

 

Abstraksiyanın şəkilçiliyi…

 

Əgər Həndəsə kosmosu təsvir etmək cəhdidirsə, Cəbr kosmosun abstrakt dildə ifadəsidir. Cəbrin yaranması, özəlliklə Əl-Xarəzmi (təq. 780 – təq. 850) kimi alimlərin əsərləri ilə, mədəniyyətin bir dönüş məqamını simvollaşdırır. Bu, yalnız bir riyazi yenilik deyil, həm də insan düşüncəsinin “konkretlikdən abstraksiyaya” keçidi idi…

Cəbr, mədəniyyət baxımından, insanın kainatı simvollar və tənliklərlə izah etməyə başladığı mərhələdir. Onun dili, sanki kainatın melodiyasını yazmağa çalışan bir bəstəçinin notalarıdır. Riyaziyyatı fəlsəfə və poeziya ilə görüşdürən bir körpü quran Cəbr, mədəniyyətə “təcrübə və ideya” harmoniyasını gətirdi.

 

Metaforik incələmə:

Düzlüklər, əyriliklər və abstraksiyalar

 

Evklid həndəsəsi, belə demək mümkünsə, “insanlığın uşaq yaşları”nı, nizam və qaydalara ehtiyac duyduğu bir mərhələni xatırladır. Bu, sanki bir uşağın düz xətlər çəkərək dünyanı anlamağa çalışması kimidir…

Qeyri-Evklid həndəsəsi isə gəncliyin başqaldırışı, sınırları aşmaq istəyi, dəliqanlılığıdır və “əyrilik” bu mərhələnin metaforik ifadəsidir. İnsan artıq yalnız nizam axtarmır, həm də qeyri-müəyyənlikdə həqiqəti görməyə çalışır.

Cəbr isə yetkinlik dönəminin simvoludur – burada insan düşüncəsi artıq konkret formaları deyil, onların arxasındakı abstrakt ideyaları araşdırır.

 

Kulturoloji ismarıc

 

Bu üç hadisə, mədəniyyətin inkişaf trayektoriyasını göstərir: düz xətlərdən “əyri yol”lar və oradan da abstraksiyaya… Bu trayektoriya yalnız riyazi deyil, həm də insan düşüncəsinin və mədəniyyətin tarixinin bir ifadəçisidir. İnsan düşüncəsi təkcə faktları deyil, həm də onların arxasında duran anlamları, ritmləri və harmoniyaları axtarmağa davam edir.

 

Beləliklə, Evklid, Qeyri-Evklid həndəsələri və Cəbrin harmoniyası, mədəniyyətin həqiqət və kainat axtarışında yaratdığı bənzərsiz bir simfoniyadır. Bu simfoniya hələ də davam edir…

 

P.S.

Evklidin 5-ci postulatı belədir: “Əgər iki düz xəttin üzərinə düşən düz xətt bir tərəfdə iki düz bucaqdan az olan daxili bucaqlar əmələ gətirirsə, qeyri-müəyyən müddətə uzadılırsa, bu düz xətlər bucaqların iki düz bucaqdan az olduğu tərəfdə birləşəcək”. Bu postulatı sübut etmək cəhdləri, Qeyri-Evklid həndəsəsinin yaranmasına gətirib çıxartdı və o, Nikolay Lobaçevski (01.12.1792 – 24.02.1856), David Hilbert (23.01.1862 - 14.02.1943) və Bernhard Riemann (17.09.1826 – 20.07.1866) tərəfindən təklif olundu.

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2025)

 

“Beyləqan böyüyüb Cənubi Qafqazın görkəmli şəhərlərindən birinə çevrilir”. 

Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət” portalının Beyləqan təmsilçisi

Qədim ədəbiyyatımızın görkəmli nümayəndələri çoxdur. Azərbaycan ədəbiyyatının zənginləşməsində böyük rolu olan, bədii örnəklər bəxş edən şairlərimizdən biri də beyləqanlı Məsud ibn Namdardır (X–XI əsrlərdə yaşayıb). 

Yazılı mənbələrdən çox ədibin özü öz əlyazmalarında istər yaradıcılığı, istərsə də həyatı, yaşadığı dövr haqqında məlumatlar verir. Həmin məlumatlara nəzər yetirək:

XI–XII əsrlərdə yaşayıb-yaratdığı deyilən ziyalı təkcə şair deyil, eyni zamanda siyasi işlərlə məşğul olan, şəhərin daxili işlərini nəzarəti altında saxlayan Namdarın vəzifəsi müstafi olmuşdur. O, Beyləqanın muxtariyyət qazanması üçün çalışmış və tarixi  hadisələri əsərlərində təsvir edərək həmin dövrdən xəbər vermişdir. Məsud ibn Namdar bu məlumatları bizə öz əlyazmaları vasitəsilə çatdırır. O, eyni zamanda bu yazılarında şəhərin siyasi vəziyyətindən başqa sənəti, sənətkarları haqqında da qeyd etmişdir. Bu yazılarından birində ədib Beyləqanı belə təsvir. Edir: “Beyləqan böyüyüb Cənubi Qafqazın görkəmli şəhərlərindən birinə çevrilir”. 

Şairin özünün yazılı məlumatlarına əsasən demək olar ki, o, ərəb, fars və türk dillərində əsərlər yaratmışdır. Bizə gəlib çatan yazıları isə ərəb dilində olan hekayələr, məktublar və şeirləri olmuşdur. Araşdırmamız zamanı məlum oldu ki, şairin həyat və yaradıcılığının son və ən uğurlu tədqiqatçısı V.B.Beylis olmuşdur. Yalnız alim onu orta əsrin elm sahəsində olan alim kimi deyil, bir ədib kimi müəyyən etmişdir. Şairin dövrümüzə gəlib çatan əlyazması 3 hissədən ibarətdir. Bunlar yuxarıda qeyd etdiyimiz kimi hekayətlər, məktublar və şeirlərdir. Məsud ibn Namdarın yazılarılarından məlum olur ki, o, həmdə Şirvanda və Gəncədə də fəaliyyət göstərmişdir. Məsələn, “Əl-Xənziyyət” Gəncə dövrü, “Əl- Beylənnəyyət” Beyləqan dövrünün şeirləri kimi qeyd edə bilərik. Namdarın 2000 beytdən çox poetik nümunələrində əsas etibarilə xalq yaradıcılığından da geniş istifadə etmişdir. Bundan başqa ədibin yaradıcılığını tədqiq etdiyimiz zaman onun sözləri hikmətli kəlam kimi qeyd olunmuş, Məsud ibn Namdardan götürülmüş atalar sözləri adı ilə təqdim edilmişdir. Hətta o kəlamlardır ki, biz onlardan gündəlik həyatımızda daim istifadə edirik. Həmin nümunələrdən bir neçəsinə nəzər salaq. “Çox istəyən azdan da olar”, “Nə əkərsən onu da biçərsən”, “ Baxtın yatdı, sən də yat”,” İki həkimi olan xəstə sağalmaz” və s. 

Tarixdən məlumdur ki, şairin yaşadığı dövr çətinliklər, müharibələr, zülm zillətlər ili olmuşdur. Onun yazılarında zəmanədən, taxt-tac hərisi olan hökmdarlardan şikayətlərinə də rast gəlirik. Onun giley-güzar dolu, şikayət xarakterli yazıları çoxdur. Eyni zamanda tərbiyəvi əhəmiyyət daşıyan, insanları ədalətli olmağa, nəzakətli davranmağa səsləyən yazıları da az deyildir. Etiqatlara dərin hörmətlə yanaşan beyləqanlılar qədr gecəsini xüsusi olaraq qeyd etmişlər. Bu məlumatı burada qeyd etməyimiz də əbəs yerə deyildir. Çünki Namdarın yazılarında da bu məqamlara rast gəlmək mümkündür. Buna dair bir nümunəyə baxaq. 

 

Leylətül-Qədr Gecəsində

 

“Leylətül-qədr” i tanrı özü seçib, bəyənib, 

Haman gecə şeytanın əməlləri.

Əgər bilmək istəsən nədir “Leylətül- qədr”

Gərək ki, açıq gözlə sən açasan səhəri.

 

Şair bu sözləri ilə Qədr gecəsi barədə qısa da olsa məlumat verir. Nəzərə alsaq ki, şairin yaşadığı dövr XI əsrə təsadüf edir, bu dövrdə də insanların dini etiqatlara olan inancı, ramazan ayında oruc tutmaları, qədr gecələrində səhərə qədər oyaq qalıb zikr etmələri haqqında müəyyən məlumatlar vermiş olur.

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2025)

Среда, 15 Январь 2025 15:12

Qadın ürəyi qədər kövrək POEZİYA

Təranə Turan Rəhimli, Filologiya elmləri doktoru, dosent. “Ədəbiyyat və incəsənət” üçün

 

 

Firuzə Məmmədli çağdaş Azərbaycan poeziyasına özünəməxsus poetik ruh, çalar bəxş edən, Məhsəti, Natəvan, Heyran xanım, Ağabəyim ağa şeirindəki böyük qadın ürəyinin yaşantılarını, yalnız qadın şairlərə məxsus həssaslıqla sözə xəfif yanaşmanı yeni tərzdə şeirə gətirən şairdir. 

 

Onun ilk şeiri 1963-cü ildə çap olunub. "Ay həkim" adlı bu şeirin sayalı qədəmləri şairin o vaxtdan bu günədək nəşr olunan 23 kitabına, 130 elmi-publisistik məqaləsinə, 5 cildlik "Seçilmiş əsərləri"nə yol açıb. Hər yeni şeiri, hər təzə işıq üzü görən əsəri Firuzə Məmmədlini mötəbər oxucuya bir addım daha yaxınlaşdırıb. 

Şairin bəzən kövrək, bəzən sərt düşüncələrə köklənən, gah incə hisslər aşılayan, gah da qəti hökm kimi səslənən dərin məzmunlu poeziyası şeir-şeir boy atıb duyumlu ürəklərə nüfuz edib, estetik zövqləri oxşayıb. Beləcə, şair doğulan, şair taleyi yaşayan Firuzə Məmmədli ömrün bir-birini qovan günlərini, illərin ovqatını, ahəngini misra-misra sözlərə köçürüb. Taleyini ən vəfalı həmdəm bildiyi Sözə bağlayan şair söz dünyasının hər sınağında sınanıb, çətinində bərkiyib, bugünkü sənətkar əzminə yiyələnib:

 

Çətininə çiyin verdim,

Asanında sındım sözün.

Yandım, bişdim ocağında

Əhdim sözün, andım sözün.

 

F.Məmmədli yaşadığı dövrün sosial-ictimai gerçəkliklərini vaxtında görüb-dəyərləndirən şairlərimizdəndir. O, sənətdə ilk, kövrək addımlarını atdığı 60-cı illərin, ilk şeir kitabı "Gümüşü damla" (1972) ilə şair "mən"ini təsdiqlədiyi 70-ci illərin, eləcə də sənətdə ən inamlı illər kimi qarşılayıb yola saldığı milli özünüdərk ərəfəsi və milli müstəqillik dönəminin - 80-90-cı illərin sosial-estetik problemlərini yaradıcılığında böyük məharətlə əks etdirmişdir. Şair poeziyasında xalqımızın ictimai həyatının bütün narahat məqamlarına, ağrılı günlərinə həssas sənətkar münasibəti bildirmişdir.

 

Çağdaş milli poeziyanın yaradıcıları cənub mövzusuna yüzlərlə şeir, onlarca poema həsr etmişlər. Ümumiyyətlə, 60-70-ci illər, eləcə də 80-ci illər ədəbiyyatında Cənub həsrəti aparıcı mövzulardan biri olmuş, bu həsrət "o tay-bu taylı vətən", "fəraq salan Araz", "Xudafərin körpüsü", "Heydərbaba", "Təbriz dərdi", "Savalan" və s. obrazlarda mükəmməl bədii ifadəsini tapmışdır. Həmin illərdə Firuzə Məmmədli də səsini müasirlərinin səsinə qatır, "Əsrin o tayı, bu tayı", "Səslə məni", "Sahillərin həsrəti" şeirləri ilə B.Azəroğlu, H.Bülluri, M.Gülgün, S.Tahir kimi qələmdaşlarının Cənub harayına qoşulur:

 

Bu qədər hicrana ürəkmi dözər?!

Bacı qardaşıyla görüşməz məgər?!

Təbrizi Bakıya qoşub bir səhər

Danışıq xəttində, tel, səslə məni.

                                “Səslə məni"

 

Sərhədlər - yolumun sönmüş çırağı, -

Ömür sərhədlərdə dolaşıb qalıb.

Əsrin o tayına bir Araz yağıb -

Əsrin bu tayında təlaşı qalıb.

                          “Əsrin o tayı, bu tayı"

 

Cana doyub sahillərin həsrəti,

Üzə durub bu ayrılıq haçandı.

Ümidləri yumruğunda gizlədib,

Bu diş bizə gülə-gülə qıcandı.

                            “Sahillərin həsrəti"

 

F.Məmmədlinin özünəməxsus lirik-fəlsəfi üslubu var. Bu üslub milli poeziyada həm ənənəvi məktəbin, həm də eksperimental-modern məktəbin ən yaxşı keyfiyyətlərini özündə birləşdirir. Bu cəhətdən də F.Məmmədli şeiri bir tərəfdən Molla Pənah Vaqif, Səməd Vurğun şeiriyyətindəki səmimiyyəti, dil sadəliyini, fikir aydınlığını özündə ehtiva edirsə, digər tərəfdən, Rəsul Rza poeziyasının özünüdərkə səsləyən modernist ruhunu təcəssüm etdirir. Və bu orijinal üslubun səmimiliyi, fəlsəfiliyi, ahəngdarlığı şairin bütün yaradıcılıq nümunələrinə hopub, onun yaratdığı yeni ruhlu poeziyanın başlıca uğurunu təmin edir.

 

F.Məmmədlinin sənətkar "mən"i onun poeziyasında son dərəcə fəal, dürüst ifadə olunur. Bu poeziyada şair "mən"i ilə lirik qəhrəmanın ideya-estetik mövqeyi arasında məsafə yoxdur, onların əlaqəsi bütövdür, qırılmazdır.

 

Müdriklərin belə bir məşhur məntiqi qənaəti var: "Əsl insan ailəsini özündən artıq sevən, yaxşı insan vətənini ailəsindən artıq sevən, ən yaxşı insan bəşəriyyəti vətənindən artıq sevəndir". F.Məmmədli poeziyasına diqqətlə nəzər saldıqda şairin ailəsini özündən, vətənini ailəsindən, bəşəriyyəti vətənindən çox sevdiyini müşahidə edirik. Şairin vətən sevgisi ilkin mənbəyini doğulduğu yurddan, el-obadan alır, "Xaçmaz", "Yurd yeri", "Kəndimiz", "Qızbənövşə", "Pirbəhyə dağı" kimi onlarca şeirində boy atıb böyüyür:

 

Sən adında mənaya bax, "can əxi"...

"Əxi"lərin yadigarı Şamaxı,

Bəlkə, sənin bir parçandı Canaxır...

Bəlkə, qopub nağıllardan kəndimiz.

                                           “Kəndimiz"

 

Demirəm ki, odun daha istidir,

Demirəm ki, suyun daha dadlıdır.

Məni soyuq torpağın da isidir,

Mənə acı küləyin də bal dadır.

                                 “Ata yurdum"

 

Bu yurd sevgisi şairin poetik istedadı ilə birgə böyüyərək daha böyük sevgiyə - bütöv Azərbaycan sevgisinə qovuşur: "Bağrında tükənməz atəş qaynağı, adında "can" kimi şirin sözü var". Sonra bu sevgi daha böyük vətən anlamına - türkçülüyə, Turançılığa üz tutub səslənir: "Dünya daşım, ocaq daşım, yurd daşım, Doğu, Batı türk elimə vətənmiş", "Elə "cənnət" dediyimiz o diyar Türkiyəymiş, bilməmişik, İlahi".

 

Aşıq ədəbiyyatı nümunələrindən çağdaş müasir poeziyaya qədər anadilli şeirimizin çoxəsrlik inkişaf yolunda daim "təzə-tər qalan", köhnəlib unudulmayan obrazlardan biri də Bənövşədir. Bu obrazın ən mükəmməl yaradıcısı Aşıq Qurbaniyə qədər və Aşıq Qurbanidən üzü bəri neçə-neçə sənətkar bənövşəni sevə-sevə vəsf edib. F.Məmmədlinin "Bənövşə"si də (sələflərində olduğu kimi) "kövrək vücudunda" şairin çəkilməz ovqat yükünü daşıyır:

 

Boynu bükükmüydü binadan-başdan?

Ayrı düşmüşdümü yardan, yoldaşdan?

Bəlkə də, qaçıbmış bir qəlbidaşdan,

Düşüb qar üstündə qara bənövşə.

 

...Mən də sənin kimi qəlbidağlıyam,

Nisgil soraqlıyam, qəm soraqlıyam.

Bir sınıq taleyə elə bağlıyam,

Çəkib varlığımı dara, bənövşə.

 

İllər öncə "Haqqın işığına tapınan misralar" adlı məqalədə Firuzə Məmmədlinin adını dünyanın görkəmli qadın yazıçıları ilə bir sırada çəkmişdim. Məqsədim məhz "kişi nəhənglər kimi yazdığına" görə yox, dünyanı, həyatı daha incə, daha həssas qadın ürəyi, qadın hissiyyatı ilə duyub şeirə gətirdiyinə görə Firuzə Məmmədli yaradıcılığının üstünlüyünü nəzərə çatdırmaq idi. Bir vaxtlar bütün dünya ədəbi ictimaiyyətində maraqla qarşılanan, bütün xalqları cəlb edən əsərləriylə heyrət doğuran qadın yazıçılar Şarlotta Brontenin, Etel Lilian Voyniçin, Harriet Biçer Stounun, Suat Dərvişin sənətkar üstünlüyü kimi...

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2025)

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Ay qız, gəzmə aralı,

Könlüm səndən yaralı. 

Gözlərinə heyranam,

Azərbaycan maralı!..

 

İskəndər Novruzlu (İngilis Hacı bəy oğlu Qasımbəyov) 1917-ci ildə Şuşa qəzasının (indiki Ağdamın) Novruzlu kəndində anadan olmuşdur. O, 1930-1935-ci illərdə kənddə fəaliyyət göstərən Molla Hətəmovun ərəb-rus dilləri öyrədilən məktəbində oxumuş, sonra Ağdamda Mexanikləşdirmə Texnikumunda təhsilini davam etdirmişdir. Amma 1938-1939-cu illərdə bir neçə tay-tuşu ilə (Şirin Əhmədov, Əzim Əzimov və Bəşir Əkbərov) sovet-fin mübaribəsinə yollandığına görə təhsilini yarımçıq qoymuşdur. Müharibədən yaralanıb qayıtdıqdan sonra…

 

Sonrakı dönəmdə o, daha bir müharibənin iştirakçısına çevrilir: 1941-1945-ci il müharibəsində iştirak edir. Cəbhədə yaralanan İskəndər doğma kəndi Novruzluya qayıdır. Lakin sinəsi poeziya nümunələri ilə dolu olan İsgəndər kəndə sığışmır. Orta boylu, qaşı-gözü qara, yaraşıqlı olan İsgəndərin həm də şaqraq səsi vardı. Şairlik təbi ilə yanaşı gözəl tar çalırdı. Müğənni, tarzən kimi el məclislərində iştirak edirdi.

İskəndərin əsl adı qeyd etdiyimiz kimi, İngilis idi. Neynəmək olar ki, insan özü özünə ad qoymaq ixtiyarına malik deyil. O zaman hər şeyə şübhə ilə yanaşan, adamlara qara yaxan Sovet hökuməti bəy nəslindən olan İsgəndərə də şübhə ilə baxırdı. Nəhayət, o, yaxasını izlənməkdən qurtarmaq üçün adını dəyişərək İskəndər qoydu və vətəndən uzaqlara – Aşqabada getdi. O, bir müddət Aşqabad filarmoniyasının solisti oldu. Orada olarkən əslən Şuşadan olan (vaxtilə atası, anası oraya Şuşadan gedib) Sona xanımla evləndi. İki oğlu (Rövşən, Nizami), iki qızı (Natella, Nailə) dünyaya gəldi. 1948-ci ildə İskəndər respublikadan kənarda olanda, bədbəxt hadisə – zəlzələ oldu, təcili Aşqabada qayıtdı, şəhəri xarabazar gördü, evini, ailəsini axtarsa da tapmadı. Sən demə, uçqunun altından salamat çıxanları şəhərdən uzaq xəstəxanalara aparıblarmış. 

Sonra isə…

 

İsgəndərin axtarışı heç bir nəticə vermir. Kimsəsiz, tək-tənha qalan şair vətənə – Novruzluya qayıdır. Onun kəndə gəlişi böyük nisgilə, məyusluğa səbəb olur. Uzun müddət kənddə yas saxlanılır. Başına müsibətlər gələn İskəndər kənddə darıxır. Şair-bəstəkar təbiətin ona vurduğu amansız yaranı unuda bilmirdi. Hamı onun halına acıyır. Eyni zamanda onun istedadını qiymətləndirməyə şərait də olmur.

 

Deyirlər, dünya yaxşı adamlardan xali deyil. 1950-ci illərdə böyük hörmət və şöhrət sahibi olan rejissor Adil İsgəndərov yaxından tanıdığı, yaradıcılığına bələd olduğu İskəndər üçün Ağdama gəlir, onunla görüşür. İşsiz olduğunu biləndə onu Novruzlu kənd soveti nəzdində klub müdiri vəzifəsinə təyin etdirir. Günlər, aylar keçsə də İskəndər başına gələn müsibətləri unuda bilmir. O vaxt Ağdam 7 illik musiqi məktəbinin direktoru işləyən Əlipaşa Daşdəmirov və kamança çalan Əli (ayaması Depo idi) tez-tez Novruzluya gəlirdilər. Məqsədləri İskəndərin məlahətli səsinə qulaq asmaq (Əlipaşa müəllim özü yaxşı tarzən idi, təzə şeirlərini dinləmək idi. Qədirbilən adamlar İsgəndəri ovundurur, onu darıxmağa qoymurdular.

 

Şair-bəstəkar İsgəndər Novruzlu millətinə, torpağına bütün varlığı ilə bağlı bir insandı. Onun bəstələdiyi havalar da xalq ruhunda olduğundan dərhal dillər əzbəri olurdu. Klubdan aldığı maaş əliaçıq, qəlbiaçıq İsgəndəri təmin etmirdi. Buna görə də Qiyaslıdan tarçalan Rüstəmlə, Novruzludan qarmonçalan Məhiş Abdullayevlə toylara gedirdi. Xanəndə Şahmalı Kürdoğlu ilə də dostluq edirdi.

Ətrafı istedadlı şair-bəstəkar İsgəndər Novruzlunu olduğu kimi qəbul edə bilmirdi. Azad ruhlu İsgəndər onların əhatəsində tək idi. Qanadları qırılmış bir quşa bənzəyirdi, çırpınır, vurnuxur, lakin bir çıxış yolu tapa bilmirdi. Ona əl uzadan, dayaq duran demək olar ki, yox idi. 

Bir günsə…

 

Tərslikdən ailəsini itirmiş İsgəndərin şair könlünə eşq odu düşdü. Belə ki, İsgəndər özünün həmyerlisi olan bir qızı dəlicəsinə sevməyə başladı. Lakin müqəddəs bir ailə meyə meyilli, azadlıq sevən, sərbəst hərəkətli İsgəndərə öz qızını rəva bilmədi. Bu uğursuzluqdan sonra İsgəndər bir az da bədbinləşdi. Beləliklə, o, hər kəsdən küsdü, bəzi adamları öz hərəkətləriylə incitdi. Bu incikliyin, istedadı qiymələndirməməyin, paxıllığın nəticəsi faciə ilə bitdi…

 

Onu tutdular. 1957-si ildə saxta ittihamlarla şərləyərək tutdurdular onu. Gözügötürməyınləri beləcə ondan qisaslarını aldılar. 

Keşməkeşli bir ömür sürmüş istedadlı şair-bəstəkar qəfəsə salınmış bülbül kimi çırpınırdı. Səsinə səs verən isə tapılmırdı. Heç kəs fərqində deyildi ki, dillər əzbəri olan “Qarabağın maralı” mahnısının müəllifi Şuşa türməsində xiffətindən gün-gündən saralıb-solur. Dustaq bəstəkarın bəstələdiyi mahnılar isə xalq mahnısı adı ilə toy-düyündə oxunurdu…

 

Tale həqiqətən də qəza-qədər imiş!

İskəndər Novruzlu 1958-ci ildə Şuşa həbsxanasında vəfat edir. Yaxınları onun cənazəsini gətirib Novruzlu kənd qəbiristanlığında dəfn edirlər. Beləcə, su sənəyi suda sınır. 

Əlbəttə, İsgəndər Novruzlunu şərləyib tutduranların adı bizə bəlli deyil, amma onun mahnıları hər kəsə bəllidir.

 

İskəndər bəyin qardaşı oğlu Hacı bəy 1973-cü ildə atası Məhəmməd bəylə birgə əmisinin yadigarlarını tapmaq niyyəti ilə Aşqabada gedir. Soraqlaşa-soraqlaşa İsgəndər Novruzlunun həyat yoldaşı Sona xanımı və böyük qızı Natella xanımı tapırlar. Sən demə, onları 1948-ci ildə Aşqabadda baş verən zəlzələ vaxtı uçqunun altından salamat çıxarılıb şəhərdən uzaq xəstəxanalara aparıblarmış. İsgəndər Novruzlunun xanımını və qızını Ağdama, Novruzluya gətirmək istəsələr də, onlar şair-bəstəkarın vəfatı xəbərini eşitdikdən sonra Qarabağa gəlmək fikrindən daşınırlar.

 

Yaradıcılığı

 

İskəndər Novruzlu çoxsaylı şerlər (qoşma, qəzəl və s.) yazmış, yazdığı şeirlərin bir çoxuna mahnı da bəstələmişdir. Bəstələdiyi dillər əzbəri olan mahnılar ("Qarabağın maralı", "Ağdam", "Bakılısan sən" və s.) uzun müddət (hətta indi də) yanlış olaraq xalq mahnısı kimi təqdim olunmuşdur. Yaradıcılığında təbiət gözəlliklərinin tərənnümü xüsusi yer tutur. Yazdığı şerlərin çox az bir qismi günümüzə gəlib çatmışdır. Söyləyirlər ki, İsgəndər Novruzlu həbsdə olanda da çoxlu şeirlər yazıb. Onun şeir dəftərlərinin çoxu, deyilənə görə, Seyidlidən tarçalan Şahmalının əlinə keçib. İskəndər Novruzlunun həyat və yaradıcılığının toplanması və bu günə gəlib çatmasında qardaşı oğlu Hacı bəy Məhəmmədoğlu, əməkdar müəllim Səlim Əzimov, ziyalı Tağı Abdullayev, tədqiqatçı Ənvər Çingizoğlunun xüsusi xidmətləri olmuşdur. Onun yaradıcılığının toplanması istiqamətində axtarışlara bu gün də böyük ehtiyac var.

 

Və sonda, onun dillər əzbəri olan yaradıcılıq nümunələrindən misal gətirərək yazımı yekunlaşdırıram. 

 

 

AZƏRBAYCN MARALI

Ay qız, gəzmə aralı,

Könlüm səndən yaralı. 

Gözlərinə heyranam,

Azərbaycan maralı!..

 

Nəqərat:

Sən bulaq üstə gələndə,

Qıyğacı baxıb güləndə

Aldın səbrü-qərarımı,

Azərbaycan maralı!..

 

Gedək Qırxqız yaylağına,

Ceyran, cüyür ovlağına,

Çıxaq İsa bulağına,

Azərbaycan maralı!..

 

Nəqərat:

Turşsu olsun yaylağımız,

Gözəl Şuşa oylağımız,

Sən olaydın qonağımız,

Qarabağın maralı.

Aldın səbri-qərarımı,

Azərbaycan maralı.

 

 

AĞDAM

Ağdam, Qarabağın toy otağısan,

Bülbüllər səyrişən gül yatağısan,

Həmişə baharın gülşən bağısan,

Nə gözəl yaraşır ad sənə, Ağdam!

Baxdıqca oluram şad sənə, Ağdam!

 

Yenə Şah bulağın sorağı gəlir,

Xaçının axışıb qonağı gəlir,

Elimin nə gözəl növrağı gəlir,

Layiqdir bu gözəl ad sənə, Ağdam!

Baxdıqca oluram şad sənə, Ağdam!

 

 Göylərə sığmayan səadətin var,

Musiqi ocağısan, cəsarətin var,

Tarixi yadigar İmarətin var,

Layiqdir bu gözəl ad sənə, Ağdam!

Baxdıqca oluram şad sənə, Ağdam!

 

 Başının üstündə Qırxqızın da var,

Onun varlığıyla coşanda Qarqar,

Novruzlu İsgəndər yazdı yadigar,

O verdi əbədi ad sənə, Ağdam!

Baxdıqca oluram şad sənə, Ağdam!

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2025)

Среда, 15 Январь 2025 17:40

Qaranlıqdan sükuta doğru - HEKAYƏ

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Qaranlıq, küləkli bir axşam idi. Ayaqları onu haraya aparırdı, bilmir, ya da bilmək istəmirdi. Həyatın içində sanki özü yox idi, yalnız addımları qalmışdı. Sükutlu küçələrdə yarpaqlar xışıldayır, şəhər sanki onun qəlbindəki hüznü hiss edib susurdu.

“Sanki intihara gəlmişdim həyata…” deyə düşünürdü. “Atam boynumdakı kəndir idi – boynumdan asılı, məni uşaqlıqdan məhv edən. Sən isə tutunduğum tutalğa idin. Amma sən də çəkildin…”

Bu cümlələr beynində dönüb-dolaşırdı, sanki öz-özünə yazdığı qəddar bir şeirin misraları idi.

Küçənin sonunda bir kafe gördü – o köhnə, tanış yer. Dəfələrlə burada oturub ona şeirlər, yazılar həsr etmişdi. İçəri keçdi, amma kafe əvvəlki kimi deyildi. Buradakı hər şey sönük görünürdü.

 Oturduğu masadan baxışlarını çəkib xəyallarına qapıldı. Bir vaxtlar bu kafenin ən künc masasında gülüşlər səslənirdi. Onun parlaq gözləri həyatının ən qaranlıq küncünü işıqlandırırdı. “Mən heç vaxt səndən əvvəl xoşbəxtliyin necə hiss olduğunu anlamamışdım,” deyirdi.

Amma həmin gün – ömrünün ən soyuq günlərindən biri – o dəyişdi. Sadəcə getdi. Nə səbəb dedi, nə də ümid buraxdı. Hər şey birdən-birə uçuruma çevrildi.

“Sən çəkildin…” deyə düşündü. “Sanki bütün həyatım boynuma dolanmış kəndir idi və sən o kəndiri çəkib məni asılmaqdan qoruyurdun. Amma indi… mən boşluğa düşmüşəm.”

  Gecələr güzgü qarşısında dayanıb öz əksinə baxardı. Sakitcə soruşardı:

– Sən nə vaxt belə məhv oldun?

Güzgü susardı. Amma o, içindən bir cavab eşidərdi:

– O məni tərk edəndə. Mən onun tutalğasına bağlı idim. İndi isə yıxılmışam.

Hər gecə bu dialoq təkrar olunurdu. Əksinə, nifrət edirdi, amma ondan qaça bilmirdi. Güzgü onun həqiqətini göstərirdi: diri bədənində ölü bir ruh gəzirdi.

Bir gün daha dərin bir səs beynində səsləndi:

– O səni qurtardı, amma sən qurtuluşunu onun üzərinə yüklədin. Bəs özün nə vaxt özünü qurtaracaqsan?

Bu sual onun sakitliyini pozdu. Hər şeydən əvvəl insanın özünə xilaskar olmalı olduğunu başa düşməyə başladı.

 

Aylar sonra onunla təsadüfən rastlaşdı. Parkda idi, əlində kitab tutmuşdu. Yenə eyni idi – sanki zaman onu dəyişməmişdi. Amma fərqli bir şey də vardı – gözləri ona əvvəlki kimi baxmırdı. Sanki onların arasında keçmişdən bir divar tikilmişdi.

Ona yaxınlaşdı, amma sanki dili bağlanmışdı. Yalnız bir cümlə deyə bildi:

– Sən getdin… Amma mən burdayam. Bu dəfə sənə bağlanmadan dayanmaq istəyirəm.

O, bir anlıq dayandı, başını aşağı saldı və uzaqlaşdı. Göz yaşları boğazına dolmuşdu, amma ağlamadı. Çünki bu dəfə özü ilə mübarizə aparmağa qərarlı idi.

Bu qarşılaşmadan sonra o, özünü daha çox araşdırmağa başladı. Hər dəfə güzgü qarşısında dayanıb öz-özünə deyirdi:

– Mən artıq sənin çəkildiyin yerdə yoxam. Mən özümün dayağıyam.

Zamanla içindəki qaranlıq yox olmağa başladı. İnsan yalnız başqalarına bağlı qalmayanda azad ola bilərdi. Onun öyrəndiyi ən böyük dərs bu idi: “Həyat səni çökdürsə də, yenidən qalxmaq yalnız sənin əlindədir.”

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2025)

                              

                                          

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Xiyavda  yaşayan Kamil Qəhrəmanoğludur.

 

 

Kamil Qəhrəmanoğlu

Xiyav

 

 

ŞİŞİB ƏLLƏRİM...

 

Əllərim şişib gecənin gəbərilmiş qarnında

Boyasını udan saniyələr

Çirkinə uzanan meymunlar və...

Xiyabanlar çölə tökülür içimdən

İçimdən tökülür çölə xiyabanlar

Çölə içimdən xiyabanlar tökülür

Tökülür xiyabanlar içimdən çölə

Arıq düşüncələrdi qaçır arxam kobudluğunda

Küçələr köçürlər ayaqlarımdan

Köçürlər

Tüpürcəklərin gəmirəcəkli əllərini

Şişib əllərim..

Qabığını yemiş ilanlar

Yarpızlı günlərini qışqırır

Zeytun gözlü qızcığazlara

Yuxu görürəm ulus adlarını

Adları at olur

Atları zaman

Ağızları açıla qalır ölülər kimi

Sübh yağışının paralel küləklərində

Başmağım yel misralarına sürgün düşərkən

Asılır Kirpiklərimdən hörümcəklər

Bir yanım

Günəşin qaranlıq quyusudu

Bir yanım

Bir planetin yanmış tərəfidi

İstəyirəm çimişəm gözlərində

Niyə səsimə hamilədi əllərin?

Niyə cəhənnəmin yolağı otağımdandır

Və niyə gecə,

Gövdə divarımdan qalxır göyləri

Və qaçır gündüzlər barmağımın ucalığından

Burası aynalar dolub adamlardan

Adamlardan dolub aynalar burası

Aynalar burası adamlardan dolub

Dolub adamlardan burası aynalar...

Şişib əllərim...

Bura ağrı hava limanıdı

Boş verin məni

Ovcumun yarasında bir ah vardı qabarcasına

Tanrı qucumda

Söyüd kolunda yatıram çox günlər

Hamı söyüdlərin xərçəngi var

Cumanın saat doqquzunu çəkirəm üstümə

Və ayın çılpaqcasına kəsilmiş başını.

 

Sözcüklər yüngüllüyünü salıb üstümə

Və bir şəklin

Düyməsidir boğazımda maşın sürür

Boğazım dünyanın ikinci savaşıdır

Birinci Hitleri

Üçüncü Stalini

Boğazımdan sürünür tanklar

Və qollarımda məzar qazır Mussolini

Fransizin Gigi qızları.

 

Addımlayır yuxularım məni

Yol gedir biri qafamda

Yollar dustağıyam

Bu yollar uşaqlarını yeyirlər

Soyuq dəymiş yuxularıma, Aaaf...

 

Şişib əllərim...

Əllərim şişib gecənin gəbərilmiş qarnında.

  

“Ədəbiyyat və incəsənət”

(15.01.2025)

 

 

Среда, 15 Январь 2025 17:05

PA - Uğur üçün 15 keyfiyyət – Peşəkarlıq

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.                           

 

Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.

Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı 15 parametrləri xüsusi olaraq qabardardım:

 

 

9) Peşəkarlıq.

Peşəkarlıq və diletantlıq. İki ayrı-ayrı qütblər. XII əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi demişkən: «Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan». Peşəkar palançı olmaq diletant papaqçı olmaqdan daha şərəflidir, Nizami Gəncəvinin təbirincə.

Peşəkarlıq özünə güvəndir, güclü olmaqdır, sahənin bilicisi olmağındır, qabaqcıl təcrübə, məktəb keçmək anlamıdır, işdən həzz duymağındır.

Diletantlıq isə gözüqıpıqlıq, inamsızlıq, stress və əsəb gərginliyidir. Əksərən bir sahə üzrə təhsil alıb digər sahədə işləyənlər, yaxud da seçdikləri sahə üzrə vaxtında lazımi bilik və praktik təcrübə qazanmayanlar diletantlar ordusunu təşkil edirlər. Bu cür təsadüfi adamların işdə uğur qazanacağı, təbii ki, real görünə bilməz.

Uğura yol mütləq peşəkarlıqdan keçir, bu aksiomdur.

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2025)

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsərlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

1.

“ Mən düşünürəmsə, deməli, mən varam” meyarı artıq insanı müəyyənləşdirmək üçün yetərli deyil. Bu gün meyar budur: Mən təəccüblənirəmsə, deməli, mən varam!

2.

Allah özü bilməyənləri bilənlərin qəzəbindən qorusun.

3.

Vaxtilə “Qoşma” verlişində Ənvər Məmmədxanlıya verdiyim sual və onun bu suala cavabı:

- Ənvər müəllim, Siz və Sizin nəslə mənsub sənətkarlar bugünkü ədəbiyyatın yaranması üçün o uzaq illərdə bacardığınız, mümkün olan hər şeyimi etdi, yoxsa bugünkü ədəbiyyatımızın daha məzmunlu, daha sağlam olması üçün hələ o zaman nəsə eləmək mümkün idi?

- Daha nə isə eləmək mümkün idi. Təəssüf ki, çox zaman biz özümüz özümüzə mane olduq, bizim gücümüzün çoxu bir-birimizlə mübarizəyə sərf olundu...

4.

“ Həyat bizi ayırsa da, Ölüm bizi birləşdirər.”

5.

Məmməd Araz: “Dünya sənin, dünya mənim, dünya heç kimin...”

 Bir misranın uzunluğuna əvvəli və axırı yerləşdirmək mümkün imiş.

 “Dünya mənim!” deyə kim öz yolunun əvvəlində bağırmadı?!

 Və yolun sonuna gəlib çatandan sonra bütün bağıranlar yavaşca köks ötürdü: “dünya heç kimin...”

6.

Nyuton: “Mən uzaqları onun üçün görə bildim ki, nəhənglərin çiyninə çıxmışdım.”

7.

Fiziklər və liriklər bir-birilə ancaq zarafat etməməlidirlər. Onlar bir-birilə dostluq və nəhayət, ciddi söhbət etməlidirlər.

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.