
Super User
GAP Antologiyasında Qafur İmamzadənin “Qırmızım” hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Prozası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi nasir Xiyavda yaşayan Qafur İmamzadədir
Qəfur İmamizadə
Xiyav
QIRMIZIM
Uşaqların dördü də ayağa durdu. Mən arxalarında oturub özümü gizlətdim. Həsən beçəni iyirmi metr qabaqda əlində tutmuşdu. Afşinin işarəsi ilə boşladı. Beçəni çağırmaq üçün fit çaldım. Səsimi eşidincə uzun qırmızı boynunu yan-yörəsində gəzdirdi. İlk dönə idi səsimi eşidirdi, özümü görmürdü. Yavaş-yavaş səsə doğru gəlincə adını da çağırdım:
- Qırmızı, Qırmızım!
Haradan olsa gəzib məni tapacağını bilirdim. Boynunun tükü biz-biz olmuş, ürkmüşdü. Afşin dedi:
- Bir zərrə özünü göstərsən uduzubsan ha...
Yenə fit çaldım. Addım-addım səsimi izləyirdi. Üç metrliyimə çatdı. Çürük Nadirin ayaqlarının arasından başımı gördü. Dövr vurub mənə tərəf qaçdı. Üstümə atıldı. Qucağıma alıb pipiyindən öpdüm. Günəşin işığı altında parlayan uzun qırmızı tüklərini sığalladım. Çürük Nadirə tərəf əlimi uzatdım:
- Çöplə gəlsin görək pulu, bir də sən olasan mənnən şərt vurmayasan.
Həsən araya girdi:
- Mənnən də şərt vurursan? – dedi. – Döyüşdürək, beş dəyqəyəcən lar xoruzumun qabağında dura bilsə sən udubsan.
- Yox – dedim. – Hələ bu doqquz aylıqdır. Qoy yekəlsin, deyərəm əmin kənddə nə satır. – deyə uzaqlaşdığımda tər bükük minliyi cibimə basırdım.
Nadir arıq qara gədə idi. Həmişə əlinin içi tərli olurdu. Bu adı bilmirəm kim, haçan üstünə qoymuşdu, bəlkə ona görə idi ki, cibində olan hər şey əzik-büzük idi. Elə bu tərli əllərlə idi məhəllədəki uşaqların hamısını qıdamışdı[1]. Bu il bayramda yığdığım bayramlığın hamısını gül-puçla[2] bajeldə[3] udmuşdu. Bir aya qədər gədəni görəndə istəyirdim xirtdəyindən yapışıb boğum. O şax pulların hamısı indi çürük ciblərində kifsimişdi. Axırda da burama[4] verdi; gül-puç oynayanda yarıcan bir eşşəkarısını qanadından yapışıb gül yerinə ovucuna qoydum. Əlini yumanda elə vəngildədi ki, böyük qardaşı Qadir höyüllü-höyüllü qapılarını açıb eşiyə çıxdı. Qorxumdan qaçıb evimizə təpildim. İki qardaş gəlib daş qalmadı çırpdılar qapımıza.
Evdə Rza hirslə üzümə baxdı:
- Genə çöldə birinən boğuşubsan hə? Köpəyin gedəsi, sənin hesabıvı əlivə verərəm.
Hələ biçə-biçə[5] durub həyət qapısına getdi. Qapını açcaq həmən ağına-bozuna baxmadan iki qardaş üstünə yumuldular. Durub qorxa-qorxa baxmaq, sonra da Rzanın hirsli-hirsli gəlib mən ilə hesablaşmağını güdməkdən başqa əlimdən heç iş gəlmirdi. Qonşular həyətə tökülüb aralaşdırdılar. Rzanın burnundan qan axırdı. Köynəyinin üzərində Şatır Əhmədin aralayanda unlu əllərinin izləri qalmışdı. Ara boşaldı. Rza həyət qapısını bağladı. Pillələrdən üstə çıxarkən tələsik addımlarının guppultusu otağa doldu. Nənəm evdə yox idi, bacımın ətəyinə sarıldım.
Nənəmgil gələnə qədər işini qurtarıb zirzəmiyə getmişdi. Onlardan yediyinin neçə qatını mənə yedirtdi. Bilirdim zirzəmidə siqaret çəkir.
Axşam nənəm köynəyimi yuxarı çəkib kürəyimdəki çubuğun izlərini gördüyündə ağladı. Ağam hirslənmişdi:
- Ədə səfeh gedə, gəl görüm nə həqqinən uşağı bu günə salıbsan?
Qulağının dibinə bir əfsəri şillə[6] geydirdi. Qalxıb ağamın başına bağırdı:
- Bunnan belə həqqin yoxdu mənə şillə vurasan, bildin? Bu da uşaqdı tərbiyət eləyibsən, indidən düşüb aralıq latlarıynan ayaq olub, sabah da qəşəng qumarbaz olar.
Yadıma gələn ilk dönə idi ağamın üzünə dururdu. Lampanın işığı altında üz-üzə durmuşdular. İlk dönə idi Rzanın heykəlini ağamdan uca, səsini isə gur görürdüm. Ağamın səsi titrəyirdi. Ürəyim sıxıldı. Ağzımı açıb bağırdım: "Sən də siqari[7]."
Qorxmasaydım qalanın da deyəcəkdim: "Qızbaz."
Sabahısı gün idi atam məni sevindirsin deyə əlini çiynimə qoydu:
- Sənə bir qırmızı cəngi xoruz alacıyam – dedi.
Sevindiyimdən qucağına atıldım.
Həyətdəki ərik ağacının dibində Çürük Nadirdən udduğum minliyin guşələrini safaldırdım. Qırmızım yavaşdan əlimə dimdik vurdu. Acmışdı, naharını istəyirdi. Pəncərədən anamın səsi gəldi:
- Gedə əgər o xoruzu ləkə salsan, elə bu gün Rzaya deyəciyəm tutub başın kəsə ha... O ləki mən nə zəhmətnən əkmişəm.
Üzü ağacların arasından görsənmirdi, qırmızının üzünə baxdım:
- Eşitdin day nə dedi? Deyir şulux eləsən pıx-pıx eliyəcək. İndi qəşəng uşaqlar kimi otur burda, yerindən dəbərmə, gəlim. Bildin?
Əlimi boğazına aparmışdım. Bilirdi şuxluqlaşıram.
Anam istil kasadakı şorbanı mənə uzadanda üzümə baxdı: Xoruzu ləkə boşlayıb gəldin hə?
- Yox.
- Bə harda?
- Oturub orda, güdür naharın aparam. – dediyimdə başını əyib baxdı:
- Səndən gözüm su içmir. Yekələndə elə qırıq çörəkçidən, aşpazdan zaddan həmən olarsan bala.
Əlimdə şorbanı görcək ayağa durdu. Quyruqdan acığım gəlirdi, əti mən yeyirdim, quyruğu o. Çörəyi doğrayanda bir tikə mənim idi, bir tikə onun. Yekə tikəni udanda, həmişə boynunu əyirdi, gülməyim gəlirdi. Çinədanına əlimi vurdum. Top kimi şişmişdi. Tüksüz yerindən qırmızı damarları görünürdü. Boğazından bir cür yavaş səs çıxdı. Bilirdim təşəkkür eləyir. Əlbəttə mən təşəkkür eləyəcəkdim; Çürük Nadirdən intiqamımı ancaq o ala bilmişdi. Əlimi tüklərinin arasında gəzdirdim.
Arxadan kölgə düşdü:
- Mundarçı. – Dönüb baxmaq lazım deyildi. Təkcə Rza idi mənə səbəbsiz söyüş verə bilirdi.
- O əlivi bit-birəli cücəyə vurub, yumamışdan nahar yeyirsən hə?
- Bit-birəli olsaydı cücənin ətini o belə çox istəməzdin.
Üzümü ona doğru çevirəndə günəşin tünd işığı gözlərimi qamaşdırdı.
- Dil demə. Mən cücəni yuyulub bişəndən sonra yeyirəm. Onda mikrobları zadı ölür. Sənin kimi mundarçı deyiləm.
- Onda cücənin özü də ölüb.
- Cərə ölüb, cəhənnəmə ölüb.
Cavab vermədim, təzədən üzümə baxdı:
- Şorbanı cücəyə kasanın içində verdin, ya yerdə?
- Yerdə vermişəm, inanmırsan bax, izi də qalır.
Torpağın üstündəki xırda daşların üstünə yaxılan yağ günün altında işıldayırdı. Barmağımı işıldayan xırda daşa tərəf uzatdım.
- Bə kasada niyə vermədin?
- Onda siz kasadan iyrənərdiz. Sizə görə də olmalı olsa, o işi görmərəm.
- Niyə bə sən özün iyrənmirsən?
- Hər cücədən də iyrənsəm, Qırmızıdan iyrənmərəm. – dedim. – Qırmızı mənim cıqqılı qardaşımdı, adam cıqqılı qardaşından iyrənməz ki.– Az qalmışdı bunu da deyəm.
- Bə qabaq niyə bir dəfə kasada vermişdin?
- Onda bilmirdim siz Qırımızıdan iyrənirsiz. O bir dəfədən sonra heç vaxt verməmişəm.
- Hardan bilim düz deyirsən, ya yox?
Gözləri istil kasanın içinə zillənmişdi. Nə axtardığını Bilirdim. İçində biraz noxud, bir balaca da yeralma qalırdı.
- Kasanın içinə baxa bilərsən. Əgər bir nişanə görsən, düz deyirsən.
- Sabit eləsəm düz deyirəm, nə qayırarsan?
- Axı düz demirsən?
- Bə kasanı niyə uzaqlaşdırdın?
Susdum. Cavabımı özü bilirdi. Sözünün ardını tutdu:
- Sən bilirsən bu xoruznan nə qədər bizim evə zərbə vurubsan? Bu xoruzun hər gün yediyi vər-vəsayılın[8] pulun cəmləsən bilirsən neçəyə çıxar?
- Mən öz payımdan verirəm.
- Sən öz payından verirsən, ancaq özün ac qalırsan. Əvəzində soyuducunu açıb əlivə gələni ağzıva təpirsən. Yəni bu mundar xoruz sənin ağzınla bizim payımızı yeyir.
Qırmızı böyrümdə gözlərini yumub arxayınlıqla yatmışdı. Sevinirdim ki, dilimizdən baş tapmır.
- Yavaş danış, görmürsən yatıb? – deyə cavab verəcəkdim utanmasaydım.
Deyinməyinin ardını tutdu:
- Xalq bir tikə çörək tapa bilmir, burda bizim xoruzumuz quzu əti yeyir. Sən bilirsən bu pul nə zəhmətnən ələ gəlir?
- Qırmızım ət yemir, quyruq yeyir. Sənin də quyruqdan acığın gəlir, pulu da ağam qazanır. – Decək verdiyim cavabdan peşman oldum.
- Deyəsən ağzıvın nömrəsində danışmırsan hə, pulu ki hədərə verirsən; qab-qaşığı niyə bu mundarın ağzına sürtürsən? Əgər məriz[9] olsaq, sərətan[10] tutsaq kimin hesabınadı? Genə dədəmiz xərcin verəcək hə? Onda gərək dava-dərman puluna bu evi də sata; niyə, çünki bir mundar xoruz var imiş, bir də iki qarış boyu olmayan dili uzun gedə ki, göylü istirdi ona qonaqlıq verə. Dədövün pulu olsaydı məni evləndirərdi. Mənim evlənmək vaxtımdır, amma bem-bekar aralıqda dolanıram. Cib pulum da yoxdur, başa düşürsən ya yox?
Səsi daha da ucalmışdı. axırda sözü bura çəkəcəyini bilirdim. Əvvəlcə evlənmək məsələsi, sonra o macəra, biraz sonra da hətmən təhdid ilə o məktubu istəyəcək. Məktubu verməyəcəyimə söz vermişdim. O gündən bəri zirzəmidə alma qutularının altında idi.
Əlim titrəyə-titrəyə boş qutuları qovzayıb lap altdakı qutunun içinə qoydum. Sonra da özümü bilməməzliyə vurub Afşingil ilə top oynamaq bəhanəsi ilə küçəyə çıxdım. Oynamaq bəhanə idi. Fikrimin hamısı zirzəmidən gələn o səsdə qalmışdı. Elə bil boş bir qazanın içinə damcı-damcı su tökürdün. Ardınca da ildırım səsinə oxşar boğuq bir səs gəlirdi. Maraqlı olmuşdum. Yavaş-yavaş zirzəminin girəcəyinə yaxınlaşdım. Pillələrdən aşağı endim. Qutulardan laqqıldama səsi gəlirdi. Üst qutulardan bir-ikisi yerə düşdü. Bir qız səsi gəldi:
- Yavaş, yavaş namərd.
Dalısıcan da boğuq ildırım səsi. Addımlarımı daha da yavaşlatdım. Girəcəkdə durdum. Təlisi aralayıb gözümün birini içəri soxdum. Gözlərimə inana bilmirdim. Hövlümdən pillələrdən atılıb yuxarı çıxdım. Otağa girib qapını qıfılladım. Yorğanın altında üzümü basdırdım. Bir az sonra idi qapının qulpu buruldu:
- Aç qapını Yaşar, mənəm, aç. – Dedi.
Özümü yuxuluğa vurdum. Zirzəminin pillələrindən çıxanda ayaqlarımın səsini eşitdiyindən əmin idim.
- Aç Yaşar, mənəm, Rza.
Səsi mehriban olmuşdu. Qorxa-qorxa durub açdım.
- Bə niyə ağlayıbsan Yaşar, nə olub ki?
- Heç zad, xoruzum məriz olub. – deyəndə bu cavabı hardan çıxardığımı özüm də bilmirdim.
- Bunun ağlamağı yoxdu ki. Mənim bir baytar dostum var; sabah apararıq bir iynə vurar, curlanar. Böyük qardaş bə haçan kara gələr? Hələ mən də dedim bəlkə küçədə zadda uşaqlar səni döyüblər; istirdim gedəm hamısının qulağın kəsəm.
Susdum. Təzədən səsə gəldi.
- Əgər ayrı müşkül zad olsa, de ha mənə.
Dilim açılmırdı.
- Yaxcı, mən gedim üst-başımı çırpım. Aşağıda qutuları curlayanda toz-torpaq oldu.
Deyib otaqdan çıxdı. Həyət qapısının ucadan səsi gələndə bildim ki, evdən eşiyə çıxdı. Qaçıb zirzəmiyə girdim. Məktubu alma qutularının arasına düşdüyü yerdən tapdım. Ağ kağızın üstündə iki ayaqqabı izi qalmışdı. Paketini açdım. Zağ-zağ əsirdim. Əlimin titrəməsi kağızı xışıldadırdı. Məktubu kamil oxuya bilmədim; axır sətri qırmızı qələmlə yazılmışdı.
“Ta eyd bayəd be tore rəsmi ezdevac konim. Aşeqe ba vəfayət, Reza.”[11]
Evlənmək kəlməsi yekə yazılmışdı. Böyründə üç-dörd dənə qırmızı ulduz əlaməti var idi.
Sabahısı gün məktəbimizin qabağını kəsdirmişdi. Qapıdan çıxcaq mənə tərəf gəldi:
- Gəlmişəm gedək baytara.
- Yox, - dedim – xoruzum curlanıb.
- Bə nə tez? Elə bir gündə məriz oldu da, curlandı da?
- Hə, bir gündə məriz oldu da, curlandı da.
yalan dediyimi bilirdi
- Helə olsun. Yaxcı yadıma düşdü Yaşar, sən zirzəmidə kağızdan-zaddan bir şey tapmayıbsan təzəlikdə?
- Nə kağızı?
Dediyimdə kəkələməyə düşdü:
- Heç, dostlarımdan birinin idi.
- Hansı dostuvun? - dediyimdə əsəbiləşdi.
Dostlarının hamısını tanıdığımı bilirdi.
- Məni sual-cavaba çəkmə. Fəqət bir kəlmə, görübsən ya yox?
Addımlarını tündləşdirdi.
- Yox. – dedim.
- Sözündən əminsən? – deyərkən gözümə baxdı.
- Hə. – dedim.
- Əmin olduğundan da əminsən?
- Hə.
- Məsələsi yoxdur.
Əlimi əlində sıxa-sıxa yeriyirdi. Dalı qalmamaq üçün sürətlə addımlamalı idim.
Qırmızım hələ böyrümdə arxayınlıqla yatmışdı. Hərdən Rzanın səsi ucaldıqca gözünü açıb sonra yumurdu. Məlum idi sözümüzdən bir kəlmə də başa düşmür. Rzaya dedim ki:
- Əgər bundan sonra beçəyə şorba verməsəm, müşkülün həll olar?
Gözümün içinə baxdı.
- Özüv o yola vurma.
- Hansı yola.
- Bilirsən onu nə qədər çox istirəm?
Sualını birdən-birə soruşdu. Bilirdim “O”-dan mənzuru zirzəmidə “Yavaş” - deyə çığıran ağ qız idi. Məcbur idim soruşam “Kimi?”
- Məni sarıma, zərərüvədi.
Deyəndə, gözümü alnına zilləmişdim. Alnındakı qırışıqları sayırdım.
- Neynək. Sözümü ayrı cur deyirəm. Ağlıvı yığ başıva. Bəzi şeyləri sən çox istirsən, bəzi şeyləri də mən. Ancaq mən hazıram o çox istədiyim şeylərin yolunda min dənə belə xoruzları qurban kəsəm.
İşarə barmağını Qırmızının başına yaxınlaşdırdı. Qırmızı gözünü açdı, daha yummadı. Elə bil bu dönə sözümüzdən baş tapmışdı.
- Əgər istirsən bu mundar xoruzun diri qala, o məktubu gətir ver mənə. bildin ya bilmədin?
- Məktub məndə deyil.
- Əgər səndə deyil, onda hardan bilirsən ki, hansı məktubdan danışıram?
Susmalı idim. Bunu çox yaxşı bilirdim.
- Bu beçəni müxtəlif yollarnan aradan apara bilərəm. Məsələn sən mədrəsədə olanda siçan davasını şorba suyuna batırıb qabağına ata bilərəm. Bilirsən, lam-lam udar. Bilirəm o qədər şorba yeyib ki, iyini neçə metrdən bilir. Ancaq heyifdi, rahat iki kilo əti olar. Ağama zərər vurmaq istəmirəm. Sən olmayanda başın kəsib qoyaram pillənin üstünə, onda nənəm şorbasını bişirməyə məcbur olacaq, sən də ya ətini yeyəcəksən, ya da ac qalacaqsan.
Sözünə ara verdi. Ucadan gülüb üzümə baxandan sonra ardını tutdu:
- Cücənin başı kəsiləndə bilirsən nə cur olur? Pıçağın iti yeri boğazına dəyməyənəcən cücə hələ bilmir nə ittifaq qərardı düşə. Pıçağı sürtələyəndə əvvəldə hulqumu kəsilir, sonra gedir dərinə, boğazın sümüyünə çatanda xırçıldama səsi gəlir; qan fışqırır. Onda yazıq cücə bilir hər şey qurtarıb. Çabalamaq istəyəndə ayaqlarının üstündəki ayağımnan möhkəm fişar verirəm. Lap axırda boynunun dərisini də qopardıb başını bir tərəfə, bədənini bir tərəfə atıram. Dimdiyi iki-üç dəfə açılıb-yumulur. Ancaq bədəni boş yerə o qədər çalıqlayır ki, axırda yorulur, uzanır. Bir dəfə bir xoruzun başın kəsirdim, başsız bədəni qan axa-axa durub qaçdı. Özümün də rəhmim gəldi. On dəyqəyəcən çalıqladı. Ehtimalən səninki də onlardan olacaq. Əlbəttə sənin beçəvi məxsus mərasimdə kəsəcəyəm. Adaxlılıq gecəmdə qonaqlıq verəndə. Sevgilimin təbii ətdən çox xoşu gəlir.
Sevgilisinin özünün bədəni qeyri-təbii idi. Zirzəmidən boylananda dalısı mənə tərəf idi. Ömrümdə o qədər ağ bədən görməmişdim.
Rəssamlıq dəftərimin səhifələrindən də ağ idi. Əlimdə qara marker olsaydı bədəninin hər yerini qap-qara eləyərdim. Durub küçəyə qaçdım. Qırmızım da başını qovzayıb arxamca qaçdı. Küçə isti idi. Heç kəs yox idi. Başım üstündə günəşə baxdım. Gözlərim doldu. Gözlərimi yumdum.
Sabah səhər yeməyi yemədim. Anam dedi:
- Neynək, çörək-pənir qoyuram, mədrəsədə yeyərsən.
Qaçıb hinin taxta qapısını açdım. Çoxdan idi yolumu güdürdü. Vurnuxmasından bildim. Qabağına iki ovuc Çürük Nadirin pulu ilə aldığım buğdadan tökdüm.
Əlimi başına çəkib həyət qapısına qaçdım. Dönüb anamdan da Qırmızımdan da xudafizləşdim.
Anam deyirdi:
- Mal-qoyunlar, toyuq-cücələrin başları kəsiləndə ağrı çəkmirlər.
"İnanmıram buna." dedim. "İmkanı yoxdu ki, əgər ağrı çəkməsələr onda onları vuranda qışqırıb qaçmazlar ki. Bir dənə cücəyə balaca təpik vursan quqquldayıb qaçar; mallar movuldayar; qoyunlar bəyildəyər. Yəni deyirlər vurma, ağrıyır." Üzümə baxıb güldü. "Mənə də böyük babam belə demişdi, ancaq mən sənin kimi fikirləşməmişdim. Əlini boynuma salıb sözünün dalısını tutdu:
- Hələ nə olub ki, belə suallar soruşursan, olmaya öz xoruzundan qorxursan?
- Hə. – dedim.
- Genə Rza bir söz deyib? – deyə soruşduğunda cavabım eyni idi:
- Hə.
- Rza qələt eləyib, hələ vaxtı deyil.
Soruşmadım, soruşa bilmədim haçandı vaxtı.
Məktəbdə müəllimimiz dedi bu cur şeylərə çox fikir verməyəm “Bunlar allahın hekmətidir” – deyə.
- Yanı sizin nəzərizə ağrı çəkirlər ya yox? – deyə soruşdum.
- Mən bir yerdə oxumuşam, bəzi filosoflar deyirlər ağrı çəkmirlər.
- Filosoflar ağa?
- Filosoflar o adamlardırlar ki, hər şeyin üstündə çox fikirləşirlər.
- Nə cur bu nəticəyə çatıblar ağa?
- Bəziləri deyir heyvanların ruhu yoxdur.
- Qəbul eləmirəm. – dedim. – Əgər filosofların bi qırmızı xoruzu olsa, biri gəlib ona daş vursa xoruz səs salıb qaçacaq. Çünki təhlükə hiss eləyib. Çünki ağrı çəkib. Daşın da yeri göyərəcək. Eyni bizim bədənimiz kimi ağa.
Yaxınlaşıb əlini başımda gəzdirdi. Üzümə gülümsəyib dedi:
- Bizim bədənimizin proteini bilirsən ki, ətdən təmin olur.
- Yəni məcburuq ətlərin yeyək?
- Yəni belə yaranmışıq. Əlbəttə sən qırmızı xoruzunkundan yeməyə bilərsən də. – dediyində hamı birdən gülüşdü.
- Allah eliyə bilməzdi bizi ayrı cur yarada?
- Hamımız öləcəyik, Heyvanlar bir cur ölür, İnsanlar ayrı cür; fəqət ölümün növü fərq eləyir. – deyərkən gözümün içinə zilləmişdi gözlərini.
- İnsanlar yüz il, həştad[12] il ömür eləyirlər; heyvanlara bir-iki il də fürsət vermirik. Mənim Qırmızım doqquz aylıqdır ağa.
- İnsan da var bir il, bir ay da ömür eləmir. Qalıb qismətinə. Birinci və ikinci dünya savaşında bilirsən neçə milyon adam öldü?
Bilmirdim. İstəmirdim biləm. Dünya savaşında ölən insanların sayısına görə Qırmızımın başının kəsilib o qızın ağappaq bədəninin içində itməsinə izin verməyəcəkdim.
Yolda qərarımı verdim. Evə yetişcək həmən mətbəxə getdim. Anam gil otaqdaydılar. Yekə bıçağı götürsəydim şübhəyə düşərdilər. Meyvə bıçağı ilə imtahan eləyəcəkdim. Otağımın qapısını qıfılladım. Kitab-dəftərlərim tör-tökük otağın ortasına dağılmışdı. Rzanın işi idi. Axırda gəlib buraları da axtaracağını bilirdim. Kitabların üstündə uzanıb bıçağını boğazıma apardım. Ucunu xirtdəyimə sürtdüm. Əllərim titrəyirdi. Biraz daha basdım. Ağrını bir hününün sancması kimi boğazımda hiss elədim. Basqını çoxaltdım. Dərin bir göynərti bədənimin hər yerinə elektrik kimi yayıldı. Xırçıldama səsini duymurdum hələ. Basqını daha da artdırdım. Qışqırmamaq üçün zorla saxlaşdırdım özümü. Dişlərimi sıxdım. Hələ hulqumumu kəsməmiş, ağrıdan ağlamaq üzrə idim. Bıçağı uzaqlaşdırdım. Ucundakı qırmızı qanıma baxdım. İlk damcısının boğazımdan aşağı axdığını hiss elədim. Qorxdum. Rəssamlıq dəftərimdən bir səhifə cırıb qanın üstünə tutdum. Uzanıb ağappaq tavana baxdım. Başı kəsilən hər heyvan ölməmişdən bu ağrının yüz qatını duyur. Əvvəlcə kiçik sancı, sonra ağrı çoxalır, çalıqlayır, axırda ölür. Ölüm dadına yetişir, Ancaq Rza deyirdi on dəqiqə çəkdi canı çıxsın, deyirdi başsız bədən durub qaçdı, bədən bir tərəfdə can verirdi, baş bir tərəfdə.
Boğazımın qanı qurumuşdu. Qanlı kağızı götürdüm, ayrı səhifə cırdım. Tüpürcəklə yerini təmizlədikdən sonra zirzəmiyə qaçdım. Alma qutularını bir-bir götürüb yerə qoydum. Lap alt qutunun altındakı məktubu götürüb köynəyimin altında qarnıma qoydum. Rzanın bu mövqeylərdə harda olduğunu bilirdim. Küçədə işıq dirəyinin yanında siqaret çəkirdi. İlk dönə idi siqaretini məndən gizlətmirdi. Məktubu ona tərəf uzaltdığımda inanılmaz qiyafə ilə üzümə baxdı:
- Afərin, indi oldun qəşəy uşaq, bax, gədə bunu əvvəldən gətirəydin daynan.
Əvvəl paketi cırılmış məktuba, sonra gözümün içinə zillədi gözlərini:
- Məktubu oxuyubsan, hə?
Əsəbi idi.
- Hə. – dedim.
Qaşları düyünləndi:
- Boğazuva nə olub ədə?
- Yıxılmışam. dedim. Genə xoruzumun başın kəsəcəksən?
Gözünü boğazımın kəsilmiş yerinə yaxınlaşdırıb baxmaq istədi. Əlimi üstünə tutdum:
- Kimnən savaşıbsan ədə? – deyərkən boğazımda idi gözləri.
- Mədrəsədə yıxıldım. Genə xoruzumu öldürəcəksən?
- Nə cur oldu yıxıldın, fəqət boğazın kəsildi?
- Bilmirəm.
- Məktuba görə birinə bir söz deməyibsən ki?
- Yox, deməmişəm.
- Sənin xoruzunan hələlik işim yox.
- Haçan olacaq?
Əlini çiynimə qoydu:
- Mənzurum budur ki, mən hələ əsgərliyə gedəcəyəm. İki il əsgərliyim çəkəcək. Ondan sonra iş dalısınca olacıyam, bəlkə tapdım, bəlkə tapmadım, ədə kimdi mənə bu vəziyyətdə qız verə? Onacan da sənin xoruzun qocalıb öləcək.
Siqaretindən bir nəfəs alıb üzümə püflədi.
- Demədin boğazıva nə olub.
- Onda xoruzumnan işin olmuyacaq?
- Yox, hələlik olmayacaq.
Məktubu cibinə qoyub siqaretinın kötüyünü arxın suyuna atdı. Su, kötüyü çırpa-çırpa uzaqlaşdırdı.
Soruşmadım haçan olacaq, soruşa bilmədim. Nahar vaxtı idi. Evə qaçmalı idim, bilirdim Qırmzım acıb, naharını gözləyir.
“Ədəbiyyat və incəsənət”
(17.01.2025)
[1] Qıdamaq: Ümumiyyətdə pul ilə oynayan oyunda udub qarşı tərəfin pulunu ələ keçirmək anlamındadır.
[2] Gül-puç: Uşaq oyunun adıdır.
[3] Bajel: Uşaq oyunun adıdır.
[4] Xirtdəyə işarə edilərək əda olunan bir sözdür; səbrin aşıb-daşmasına işarə edilən bir atmaca anlamında işlənilir.
[5] Hələ biçmək: Təhdid etmək anlamındadır.
[6] Güney Azərbaycda işlənilənilir. Çox şax və bərk vurulan silləyə aiddir.
[7] Siqaretə adət eləyən şəxsə deyilir.
[8] Əşya anlamındadır. Amma burda yemək kimi işlənilibdir.
[9] Xəstə anlamındadır.
[10] Xərçəng xəstəliyi anlamındadır.
[11] Bayram ayına qədər gərək rəsmi təntənə ilə evlənək. Vəfalı sevgilin, Rza. – Farscadır.
[12] Səksən anlamındadır.
Şəhidlər barədə şeirlər – Elvin Babayev
“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Elvin Babayevə həsr edilmiş şeirlə tanış olacaqsınız.
ELVİN ƏKBƏR OĞLU BABAYEV
(28.02.2001.-02.10.2020.)
Əslən Gəncədən olan, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi.
ELVİN
Uşaqlıqdan qoçaqdın, əməlin düz, özün düz.
Hamı səni sevirdi, əqidən düz, sözün düz.
Hələ məktəbli ikən xəyalən döyüşdəydin,
Şuşada, Kəlbəcərdə inamla yürüşdəydin.
Şahinlər yarışında qələbə də çalmışdın,
Sevimli müəllimdən təşəkkür də almışdın.
Vaxt gəldi, məqam çatdı, hərbiyə yola düşdün,
Kişilik məktəbində yaxşı dərs aldın, “bişdin”.
Ali Baş Komandandan əmr gəldi: “- Əzəli
Torpağı qaytarmağın məqamıdır, irəli! “
Əsgər yoldaşlarınla düşmənə uddurdun qan.
Dedin, Vətən var olsun, yaşasın Azərbaycan.
Sən Gəncədə doğuldun, cəsur bir igid oldun.
Qarabağ torpağında qəhrəman, şəhid oldun.
Vətən, namus uğrunda canından keçdin Elvin.
Hünərinlə əbədi cənnətə köçdün Elvin.
Sənin ilə fəxr edir Elvin, obalar, ellər.
Xalqım səni unutmaz, ötüşsə də yüz illər.
“Ədəbiyyat və incəsənət”
(17.01.2025)
"Dənizdə qərq olan tənha gəminin tənha fəryadını ümmanlar bilər" - Mədinə Gülgünün doğum gününə
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Həsrət ağrısını, vüsal qəmini
Ayrılıq oduna yananlar bilər.
Dənizdə qərq olan tənha gəminin
Tənha fəryadını ümmanlar bilər.
Mənə söyləməyin, az alışıb-yan,
İnanın daşı da ağladar hicran.
Dağların ahıdır o çən, o duman,
Dağların dərdini dumanlar bilər.
Məni sorğulara tutma sən əbəs,
Arzumu qəlbimdə, baxışımda gəz.
Könlümü hər naşı oxuya bilməz,
Onu dünyagörmüş insanlar bilər.
Poeziyası başdan-başa intizar notları ilə pərçimlənmiş, ömrü boyu bir gün bu intizarının bitəcəyi ümidi ilə yaşamış xalq şairi Mədinə Gülgün.
O, 17 yanvar 1926-cı ildə Bakıda əslən Cənubi Azərbaycandan olan dəmiryol işçisinin ailəsində dünyaya gəlib. 1938- ci ildə Mədinə xanım da ailəsi ilə birlikdə Ərdəbilə, daha sonra isə Təbrizə köçür.
Əmək fəaliyyətinə Təbrizdə toxuculuq karxanasında başlayan Mədinə xanım daha sonra Təbriz dram teatrında və Azərbaycan qəzetinin redaksiyasında işləyir. O, da həmkarları kimi 1945-1946-cı illərdə Cənubi Azərbaycan milli azadlıq hərəkatına qoşulur və hərəkatın ən fəal üzvlərindən birinə çevrilir. Hətta hərəkat və teatrdakı fəaliyyətinə görə o, Azərbaycan qəzetinə xüsusi müxbir kimi dəvət olunur. Şairin ilk şeirləri də məhz bu dövrlərdə çap olunur. Milli Azadlıq hərəkatı qələbə ilə nəticələndiyi zaman hərəkatın fəal iştirakçısı olaraq Mədinə Gülgün də "21Azər" medalı ilə təltif olunur. 1947-ci ildə milli hökumət devrildikdən sonra Mədinə xanım ailəsindən ayrılaraq bir qrup hərəkat iştirakçısı ilə birlikdə Bakıya gəlir. Burada o, Bakı Dövlət pedaqoji universitetinin dil və ədəbiyyat fakultəsində təhsil alır.
Qəzəbi şimşəklərdən,
Atəşi ürəklərdən,
Ətrini çiçəklərdən
Alıbdır şerim mənim
Deyən Mədinə Gülgünün 1945-1949-cu illər ərzində yazdığı şeirlərinin toplandığı "Təbrizin baharı" adlı ilk kitabı 1950-ci ildə Bakıda çap olunmuşdur. Sonralar isə şairin müxtəlif illərdə Bakıda və Moskvada Savalanın ətəklərində”, “Sülhün səsi”, “Yadigar üzük”, “Təbriz qızı”, “Firudin” , “Dünyamızın sabahı”, “Durnalar qayıdanda”, “Dünya şirin dünyadır”, “Çinar olaydı”, “Arzu bir ömürdür”, “Yora bilməz yollar məni”, “Könlümü ümidlər yaşadır” və s. kimi kitabları işıq üzü görmüş, əsərləri hələ sağlığında bir sıra xarici dillərə tərcümə olunmuşdur.
Sözlərinə "Sən gəlməz oldun", '"Məhəbbət olmayanda" və başqa mahnılar bəstələnmişdir.
Biz ki özgə deyilik -
Bölünək bölük-bölük.
Bir obayıq, bir elik -
Bakıdan Təbrizəcən.
Vüsal olsa, nə dərdim,
Quşlarla bəhs edərdim,
Mən piyada gedərdim -
Bakıdan Təbrizəcən...
Vətənə məhəbbət, Təbriz həsrəti Mədinə Gülgün yaradıcılığının əsas leytmotivini təşkil edir.
O, üç dəfə Azərbaycan SSRİ Ali soveti rəyasət heyyətinin fəxri fərmanına, "21Azər" və əmək veteranı medallarna, Şərəf nişanı ordenininə layiq görülmüşdür.
Şair Bakıya gəldikdən sonra Təbrizdəykən tanış olduğu və "21Azər" hərəkatında çiyin-çiyinə mübarizə apardığı, özü kimi Təbriz həsrətli xalq şairi Balaş Azəroglu ilə ailə həyatı qurur.
Bir də Təbrizə getməyi, ailəsi ilə görüşməyi çox istəsə də, şairin bu arzusu heç vaxt baş tutmur. O, ömrü boyu Təbrizə və anasına həsrət qalır. Uzun müddət ürək xəstəliyindən əziyyət çəkən Mədinə Gülgün 1991-ci il fevralın 17-də Bakıda dünyasını dəyişmiş fəxri xiyabanda dəfn olunmuşdur.
Onun yazdığı son şeir 1990-cı il dekabrın 11-də Balaş Azəroğluna xitabən yazdığı "Bir gün" şeiridir.
Bir gün ağlayacaqsan,
Yaman ağlayacaqsan,
Lap körpə uşaq kimi.
Tökdüyün göz yaşları,
İnan ki, məzarda da
Yandıracaq qəlbimi...
Çalış nə gizlində,
Nə də aşkarda ağla,
Faydasızdır göz yaşı.
Tapa bilməzsən məni,
Lap axtarsan soraqla,
Ay ömrümün yoldaşı.
Sən ağlama, ağlasan
Daşım, torpağım ağlar.
Məzarım dönər oda,
Torpaq yatağım ağlar.
Məzarda da mən gərək
Özüm ağlayım səni.
Məndən sonra, bilirəm,
Qalacaqsan tənha, tək,
Ey ömrümün yelkəni.
Sən ağlama, amandır,
And verirəm mən səni
Allaha, yerə, göyə.
Ağlasan, məzarda da
Mən bataram günaha
Sən tək qalıbsan deyə....
“Ədəbiyyat və incəsənət”
(17.01.2025)
“Zolaqlı Pijamalı Oğlan” – KİTAB BƏLƏDÇİSİndə
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Müəllif: John Boyne
Janr: Tarixi roman
Əsas mövzu: İkinci Dünya Müharibəsi zamanı dostluq, məsumluq və insanlığın faciəsi
Giriş
John Boyne-un "Zolaqlı Pijamalı Oğlan" əsəri İkinci Dünya Müharibəsi dövründə yaşanan bir faciəni uşaqların gözü ilə təqdim edir. Əsərdə iki fərqli dünyadan gələn uşağın – Bruno və Şmuelin dostluğu vasitəsilə insanlığın sərhədləri, nifrətin yaratdığı faciələr və məsumluğun nə qədər kövrək olduğu göstərilir. Bu kitab mənim üçün yalnız tarixi bir hekayə deyil, həm də insanlığı, ədaləti və empatiyanı dərindən düşündürən bir əsərdir.
Xülasə
Bruno, nasist zabiti olan atasının işi səbəbindən Berlindən "Out-With" adlı bir yerə köçmək məcburiyyətində qalır. Yeni evinin yaxınlığında məftilli çəpərlərlə əhatə olunmuş qəribə bir "düşərgə" yerləşir. Bu düşərgənin əslində nasistlərin yəhudi əsirlər üçün tikdiyi bir ölüm düşərgəsi olduğunu Bruno bilmir. Orada zolaqlı pijamada olan Şmuel adlı bir uşaqla tanış olur və dostluqları başlayır. Bruno və Şmuel arasında yaranan bu bağ uşaqların dünyasının saflığını və müharibənin amansız reallığını üzə çıxarır. Əsərin sonu isə faciəvi və dərindən sarsıdıcıdır: Bruno çəpərin digər tərəfinə keçərək Şmuelin taleyini paylaşır.
Təhlil
1. Məsumluğun Rəmzi:
Bruno və Şmuelin dostluğu insanlığın ən gözəl tərəfini təmsil edir – məsumluq və sərhədsiz empatiya. Mənim üçün bu, insanların ilk növbədə insani dəyərlərlə birləşməli olduğunu xatırladır. Əsərdə uşaqların dünyası nifrət və müharibə ilə çirklənmiş dünyaya güzgü tutaraq, saf bir ümid işığı kimi parlayır. Lakin məftilli çəpər bu məsumluğun nə qədər kövrək olduğunu göstərir.
2. Məftilli Çəpər:
Mənim üçün çəpər iki dünyanı ayıran yalnız fiziki bir sərhəd deyil, həm də insanları bölən nifrət, cahillik və qərəzli münasibətlərin simvoludur. Bruno-nun çəpərin o tayını kəşf etmək istəyi, başqalarını anlamaya çalışmaq mənası daşıyır. Çünki Bruno məhdudiyyətləri görməzdən gəlir, məsum qəlbi ilə Şmueli yalnız bir dost kimi görür. Bu, mənim həyatımdakı məhdudiyyətləri aşmaq, fərqlilikləri anlamaq cəhdlərimi də xatırladır.
3. Valideynlərin Rolu:
Bruno-nun atası və anası uşaqlarının müharibənin təsirindən qorunduğunu zənn edir, lakin onların əməlləri birbaşa uşaqlarının həyatını formalaşdırır. Mən burada valideynlərin qərarlarının və dəyərlərinin uşaqların taleyinə necə təsir etdiyini bir daha düşündüm. Ailənin məsuliyyətsizliyi Bruno-nun həyatına mal olur, bu isə müharibənin təkcə birbaşa iştirakçılara deyil, hər kəsə zərər verdiyini göstərir.
4. Empatiya və İnsanlıq:
Əsərin ən təsirli tərəfi Bruno və Şmuelin bir-birini anlamasıdır. Onların yaşadıqları fərqli dünyalara baxmayaraq, bir-birini qavramağa çalışması insanlığın gücünü göstərir. Bu, mənə göstərir ki, empatiya sərhəd tanımır – nə sosial, nə mədəni, nə də fiziki.
Nəticə
"Zolaqlı Pijamalı Oğlan" əsəri mənim üçün insanlığın ən incə və eyni zamanda ən qəddar tərəflərini göstərən güzgüdür. Bruno və Şmuelin hekayəsi bir tərəfdən məni ümidlə doldurur, digər tərəfdən isə məsumluğun bu qədər asan itirilməsinə görə kədərləndirir. Bu əsər mənə bir daha sübut edir ki, nifrət və müharibə yalnız məhv edir, amma sevgi və anlayış sərhədləri aşa bilir.
Təhlilimi bitirərkən deyə bilərəm ki, bu kitab mənim həyat fəlsəfəmlə uyğunlaşır: insanlıq hər zaman birinci gəlməlidir və məsumluq qorunmağa layiqdir. Bruno və Şmuelin dostluğu mənim üçün yalnız bir hekayə deyil, əsl dərsdir.
“Ədəbiyyat və incəsənət”
(17.01.2025)
POETİK QİRAƏTdə ana nisgili
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Bu dəfə Poetik qiraətdə sizlərlə şair Ayaz Arabaçını görüşdürürəm. “Bu gün bizi tərk edəli iki il oldu... “ şeiri ana nisgilindən yoğrulub, çox təsirlidir.
Allahdan sağ-salamat analarımıza cansağlığı, vəfat edənlərə isə rəhmət diləyirik.
Ayaz Arabaçı
Bu gün bizi tərk edəli iki il oldu...
Ürəyimdə həsrətinin alovu,
Yanır ana, gurdan da lap gur, deyim.
Olmasan da işıq salır yoluma,
Daim gözəl çöhrəndəki nur, deyim.
Narınqalam, Çıraqqalam, Bəzz qalam,
Xatirimdə bahar qalan yaz qalan..
O gün sənə xəyalımda az qala,
O saatı götür beşə, qur deyim.
Niyyətim var, elə baxma, qoy tutum,
Qəbrin üstə üzüquylu boy tutum,
Göz yaşıma bir şıdırğı toy tutum,
Yana-yana Rast oxuyum, Şur deyim
Ağlamaqdan gözlərimi sis tutub,
Tale məni sol əlində pis tutub,
Barmaqlarım papirosdan his tutub,
Əllərimə-əllərimə vur deyim..
Bir xəzanda solub getdi gülzarın..
Hardan gəlib hara düşdü güzarın..
Gör nə boyda dağa dönüb məzarın,
Kəpəz deyim, Murov deyim, Tur deyim?..
Dərd üstümə hər tərəfdən saldırıb,
Ümid boyda silahımı aldırıb,
Az qalıram baş daşını qaldırıb,
Gəldim axı, nə yatmısan, dur deyim..
“Ədəbiyyat və incəsənət”
(16.01.2025)
Göydən yazıq alimə düşən almanı başqası qapıb apardı…
Sadiq Qarayev, “Ədəbiyyat və incəsənət” üçün
Bu gün tezdən işə gedəndə bir alim yoldaş gördüm, məndən öndə gedirdi. Əlində köhnə balaca, qara çanta var idi. Asanca bildim ki, içində köhnə, ola bilsin 2- 3 gün əvvəldən, bəlkə də dinozavrların dövründən qalmış dolma, ya kartof soyutması var, yarı da bölünmüş soğan, aparır günortaya çatmamış işdə pıxsın.
Necə oldusa, ayağı deyəsən büdrəyən kimi oldu, yana, sonra geri çöndü, məni gördü. Onun köhnə paltonun içindəki bədəni sanki yay kimi rəqsi hərəkət etdi, amma yıxılmadı, üstəlik mənə salam da verdi. Onda zənn etdim ki, alimlər qiyamət tufanında, ana balasına sahib çıxa bilməyəndə də öz mənəvi müvazinətlərini, ideya və əqidələrini itirməyəcəklər.
Axşam da işdən gələndə uzaqdan bir alim yoldaşın dayanacaqda mənə tərəf gəldiyini, bəlkə də uçduğunu gördüm. Bu yoldaş az qala mənə dəyirdi, amma sanki görmürdü. Bəlkə tezdən olsa görərdi? Onda göydə yox, yerdə idi. İndisə gün ərzində işlədiyi fikirin, ideyalarının qanadlarında asanlıqla dünyanı gəzməyə çıxmışdı. Öz aləmində idi. Dikisindirib, gətirdim, yer kürəsinə... Yanımızdan keçən bahalı, qara ayıya oxşayan maşınlara baxa-baxa xeyli danışdı yeni ideyalarından.
Qulaq asdım, paltosuna baxa-baxa. Onun da paltosu köhnə idi. Deyirdi, filan qurğular, reaktivlər olsa lap əla olar. Soruşdum, neyləyəcəksən, dedi, filan şeyi axtaracam, filan nəticəni alacam. Dedim, yaxşı, ondan sonra nə olacaq, durub prizmadan keçib 7 rəngə ayrılan ağ işığa bənzər baxışlarla üzümə baxmağa başladı. Düşündüm ki, nahaq elədim, onu göydən endirib, yer kürəsinə gətirdim.
Avtobus gəldi, böyük kimi ona yol verdim, önə keçsin. Yenə duruxdu, hərəkətini yavaşıtdı...
Dərhal anladım ki, "O qabaqlar idi yol böyüyün olardı, avtobusa minəndə yol kimin kartında pul varsa onun olar, alim balası".
Önə keçdim, kartı vurdum ikimiz də keçdik. Üzünə baxıb, güldüm. Soruşdu nəyə gülürsən?
Dedim, sən elə bir icad edə bilərsən ki, kartı yaxınlaşdıranda pul çıxmasın, əksinə oradan geri, karta pul köçsün?
Yenə qəribə rəngli baxdı mənə.
Əslində gülməyimin səbəbi o deyildi.
Şərurdan Bakıya gəlirdik qatarla. İkinci mərtəbədə uzanmışdım, mürgüləyürdüm.
Dədəm siqret çəkməkdən qaydıb, girdi kupeyə.
Qoca bibim də alt mərtəbədə oturub, əl- qolunu, başını qoymağa yer axtara-axtara mürgüləyirdi..
Qarayev (atamı soyadla çağırıram) bir ona, bir mənə baxdı:
-Ə, sən nə mədəniyyətsiz adamsan, arvadı burda qoyub, özün qalxmısan yuxarı...- dedi.
Əslində mən düşünmüşdüm ki, yaşlı adamdı, ordan yıxılar. Amma deməzsınmiş, bibi də aşığda yatmaqdan utanırmış, axı kupedə bir nəfər başqa kişi də vardı.
Kişi də deyəndə nəvəsi yaşda bir gənc.
İndi yadıma düşmüşdü ki, bu alim yoldaşı avtobusda irəli buraxmağı dədəm görsəydi eyni sözü təkrarlayıb "bəlkə kartında pulu yoxdur" deyərdi.
Avtobusda asanlıqıa inandım ki, bu alimlər qıl körpüsündən "aftoşluq" edib keçəcəklər, çiyinlərində də "qabadayılar" kimi atdıqları paltolar olacaq.
Amma köhnə paltolar.
Onlara kvarklar kiçikliyindən kainat sonsuzluğuna qədər dünyanı gəzmək, hüceyrlərin içinə girmək, İşıq sürətilə "gəzmək" asan, təzə paltonun içinə girmək çətindir...
Göydən üç alma düşməyə başladı, alim yoldaş almaları təhlil, analiz etməyə başlamışdı ki, yanımzda gedən "qara ayının" içindən qızıl saatlı bir qol çıxıb, bir anda almaları tutub, qırmızıdan keçib getdi...
“Ədəbiyyat və incəsənət”
(16.01.2025)
Veteranlar Təşkilatında Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil olunub
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bir qrup 44 günlük Vətən müharibəsi veteranı ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalına Veteranlar Təşkilatından verilən məlumata görə, görüşdə veteranları maraqlandıran suallara cavab verən C.Xəlilov 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi tarixi qəhrəmanlıqdan danışıb.
Təşkilatın sədri 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin cəsarəti və peşəkarlığı, Prezident İlham Əliyevin sərkərdəlik dühası, xalqımızın həmrəyliyi barəsində danışıb. Onun sözlərinə görə, bütün bunlar ölkəmizi tarixi sınaqdan qalib çıxarıb, işğaldakı torpaqlar erməni faşistlərindən azad edilib.
Veteranlara Vətən müharibəsində göstərdikləri qəhrəmanlığa görə təşəkkür edən polkovnik bundan sonra da Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməyin zəruriliyini vurğulayıb. C.Xəlilov qeyd edib ki, hazırkı postmüharibə dövründə xalqımızın öz birliyini qoruyub saxlaması, dövlətimizin başçısının hər bir çağırışını dəstəkləməsi gələcək uğurların əsas təminatçısıdır.
Görüşdən sonra veteranlar Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə ətraflı tanış olublar.
Onlar Ulu Öndər Heydər Əliyev və Müzəffər Ali Baş Komandan İlham Əliyev guşələrini ziyarət ediblər.
Sonda təşkilata üzv olan veteranlara üzvlük vəsiqələri təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(16.01.2025)
“Yaddaşın İntəhasızlığı” - Ülvi BABASOY
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Ülvi Babasoyun Vaqif Səmədoğlu yaradıcılığı barədə məqaləsi təqdim edilir.
"Təbiət sənətin yanında
səssizliyə qərq olur". Benedetto Kroçe
"Bir neçə saatlıq iztirabdan sonra gənc şair yavaş-yavaş ananın
bədənindən sürüşüb dünyanın
yaş mələfəsinin üstünə düşdü...
Yeri gəlmişkən, şairin kiməsə şair
deməsi, mühəndisin mühəndisə
mühəndis, kəndlinin kəndliyə kəndli deməsiylə eyni deyil. Kəndli torpağı əkib-becərən adamdır, şair isə şeir yazan deyil, şeir yazmaq üçün seçilən adamdır. Digər şairdə Allahın bu
lütfünü görə bilən ancaq və ancaq şairdir. Rembonun məktubunu
xatırlayaq - bütün şairlər
qardaşdırlar və onlarda şairlər
nəslinin gizli əlamətləri vardır. Onları yalnız qardaşları tanıya bilərlər".
Milan Kundera
"Bakir şairin sinəsinə gözəl bir qız
qısılıb. Cavan oğlanın ruhu da,
bədəni də dadmadığı hisslərə bələnib. Bu, Milan Kunderanın "Həyat başqa yerdədir" romanının şair qəhrəmanı Yaromilə oxşayır. Bəlkə də, heç
Yaromil də deyil. Süheyil ulduzu və Günəşin eşqidir. Süheyil ulduzu
doğarkən üzüm yetişir. Eşq fizikadan metafizikaya keçid edir. İlk toxunuşdur. İlk qucuşdur. Bəlkə də, M.Lermontovdur, A.Puşkindir, Ş.Bodlerdir, O.Pazdır, P.Nerudadır, L.Araqondur,
V.Səmədoğludur. Bəs bu qədər həyəcanlı hissləri yaşamaq bir şairəmi xasdır? Əlbəttə ki, Yaromilin şair olması
emosiya və ehtirasın dozasını artırır.
Sevgilisi başını Yaromilin sinəsinə sıxdıqca şair oğlan ekstaz halı
yaşayır. Yaromilin keçirdiyi (və ilk dəfə kəşf etdiyi) hiss və duyğular ən böyük cinsi doyum və həzz nöqtəsindən, orqazm halından daha təsirlidir.
Hər hansı erotik pozadan da. Şairin yaşadıqları erotikasız erotikadır".
Sənət və estetika yaddaşın məhsuludur. Şeir isə ruh və şüura bütöv bir effektlə nüfuz edə bilir. Şeirdə ruh da, şüur da sərbəstdir. Əslində fizika da, metafizika da şeirdə estetikləşir. Vaqif Səmədoğlunun şeirlərində hər şeydən əvvəl düşüncə azaddır, sərbəstdir. Estetik düşüncədir bu. Bəzən maksimal dərəcədə prozaiklik var Səmədoğlu şeirlərində. Prozaik düşüncə və görkəmdə belə şeir adamdır Vaqif Səmədoğlu. Onun prozasını poeziyaya, poeziyasını prozaya çevirmək mümkün deyil. Çevrilən kimi tilsim qırılır. Bu da insan düşüncəsinin ilkinliyində yalnız və yalnız şeir dilinin aparıcı olduğunu göstərir. Gündəlik danışıq dilində olduğu kimi. Proza və poeziyanın sərhədləri itir Vaqif Səmədoğlu şeirlərində.
Şair kimi yox,
şeir kimi ölmək istəyirəm...
Oxunmaq arzusuyla yaşayıram,
əvvəldən axıra
kimi oxunmaq...
Əzbər qalmaq istəyirəm
kiminsə yadında.
Bəyənilmək, sevilmək istəyirəm,
İstəyirəm, dəlicəsinə -
Şair kimi yox,
Yaddan çıxmayacaq bir şeir kimi...
Bu şeirə bircə şərh verilib və veriləcək. Yəni hamının şərhi eynidir. Şeir kimi yadda qalmaq istəyib və şeirləri ilə də yadda qalıb. Şeir kimi yadda qalan bir şairin avtoportretinə hər kəs heyrandır. Hər bir misranı ayrıca duymaq üçün şairin bioqrafiyasını bilmək lazımdır. Şairin bioqrafiyası heç vaxt bağlanmır. Şeir kimi yaşamaq da budur. Vaqif Səmədoğlunun bioqrafiyası xanımı Nüşabə Vəkilovanın "Mən sənin yuxunam" xatirələr kitabında da davam edir. Nüşabə xanım Vaqif Səmədoğlunun uşaqlığını təsvir edir, Xəzəri, qağayıları, çərpələngləri. Bax, o uşaqlıqda və gənclikdə Nüşabə xanım da var. Buna "yoxluğ"un varlığı demək olar. "Mən sənin yuxunam"dan bir passaj: "Mən o oğlanla Ləhişdəki bağımızda tanış oldum. Sənin içində yaşayan o dəcəl oğlanla. Velosiped sürəndə, çərpələng uçuranda, dənizdə, hovuzda üzəndə, masaüstü futbol, xokkey oynayan oğlanı mən lap çox istədim. Uduzanda cığallıq edən, küsərək, "Mən bir də səninlə oynamayacam" deyən "oğlan"ı". Şair heç vaxt "böyüməyən" insandır. Şeir kimi yadda qalmaq bunun üçündür. Estetikanın şeirdə və həyatda əksidir Vaqif Səmədoğlu zərifliyi. Hər bir şairin həyatında qadınlar rol oynayıb. "Yesenin və Mayakovskinin bacıları, Blokun xalaları, Hölderlin və Lermontovun nənəsi, Puşkinin dayəsi və xüsusilə, analar, ata kölgəsinin üstünü örtən şair anaları. Xanım Uayld oğlu Oskarı qız kimi geyindirərdi. Uşağın güzgüdə özünü həyəcanla seyr etdiyini təsəvvür edə bilirsinizmi? Şair ömrü boyu simasında kişiliyin cizgilərini axtaracaqdı". Nüşabə xanım da Vaqif Səmədoğlunun qapanmayan, həmişə dövrə vuran yaradıcılığının ürəyində məskən salıb.
Bu dünya, bir də sən olmasaydınız,
Harada, kiminlə mən tək qalardım?
Başqa bir yalqızın sığınmağıyçün
Yəqin ki, həm dünya, həm sən olardım...
Nüşabə xanım şairin özüdür. Canının və dünyasının bədii proyeksiyasıdır. Təkliyin cütlük adıdır. Salamat sahilidir. Güvən yeridir. Vəfa borcudur.
Kant estetikaya həm təcrübə, həm də fəlsəfə kontekstində tərif verir. Estetikada təbii gözəllik də əsas yer tutur. Hegel estetika deyəndə, yalnız sənəti əsas götürür. Natural gözəllik Hegelin vecinə belə deyil. Hegelin gözəllik anlayışı bir qədər məhduddur. Ona görə, estetika sənət fəlsəfəsində üzə çıxır. Kantın gözəllik fəlsəfəsi dərketmə və hissetmə proseslərinə istinad edir. Hegelin estetika fəlsəfəsi isə bilik və rasional düşüncəyə söykənir. Vaqif Səmədoğluda isə estetikaya verilən bütün məhdud təriflərin sərhədləri dağıdılır. Ən ciddi sənət manifestləri bir şeirin içində əriyir:
İçimə həsrət yazır,
yazır, yazır, yazır həyat.
Günəşli gündüzlər,
köksü məsafəylə dolu düzlər,
gecətək qaranlıq,
gündüz kimi aydın üzlər
yazılır içimə,
içimdə qalır...
Sevdiklərim də,
sevmədiklərim də
yazılır içimə,
qalır içimin
qalın səbir dəftərində...
Dostum,
mən öləndən sonra
basarsan bu maqnitofonun
səs qaytarmaq düyməsini,
bir dəfə də eşidərsən
artıq döyünməyən
qəlbimin səsini...
Şeirdə əvvəlcə subyektiv, daha sonra obyektiv yaddaşın izləri görünür. Ancaq bu yaddaş "Günəşli günlər" kimi aydın, işıqlı deyil, bir qədər dumanlıdır. Buradakı hisslər də, həyat da, "döyünməyən qəlbin səsi" də dumanda itib-batır. Azaddır. Və bu azadlıq dumanda olmaq qədər həsrətlidir və payızvaridir.
Ömrümə duman gəlib,
Heç kəsə demə!
Deyəsən, yaman gəlib,
Heç kəsə demə!
Çıraq yanıb bu axşam,
Yanıb-sönüb bu axşam.
Bu dumana qapımdan
Çıxan kimi azmışam.
Daş evlər arasında
Duman neyləyər mənə?
Gülüm, diriyəm yenə,
Heç kəsə demə!!!
Kamal Abdulla bənzərsiz romanı "Unutmağa kimsə yox"da yazır: "Bir də ki... necə idi o?! - "Bir axşam taksidən düşüb payıza..." Bundan daha sızıltılı misra tanımıram. Şahanədi! Mənim qəti fikrim belədir: Azərbaycan ədəbiyyat tarixini yazıçıdan-yazıçıya, şairdən-şairə yox, misradan-misraya, şeirdən-şeirə yazmaq lazımdır. "Bir axşam..." Hər şey ola bilər bir axşam. Xüsusilə, taksidən düşən yerdə. Özü də payızın içinə düşə bilərsən. Başqa hara düşəcəksən ki?! Sən bu misranın şahanə sayıldığı dünyada taksidən yaya, yaza, qışa düşə bilməzsən, özü də... "bir axşam". Sən burada bir axşam ancaq payıza düşə bilərsən, başqa heç hara". Duman İçərişəhərin, "biçarə şəhər"in içərisində azdırar adamı. Zamanı saxlaya bilməməyin lənətini ömrün payızında duyarsan. Kamal Abdullanın (daha doğrusu, qəhrəmanı F.Q.-nin) təsnifatı olduqca orijinal və maraqlıdır. Məncə, ədəbiyyat tarixini diaxron bir ardıcıllıqla izləmək bir qədər darıxdırıcıdır. Bəzən müasir dövrdən qədim çağlara səyahət etmək olar. Bir şərtlə ki, F.Q.-nin dediyi kimi, mətndən-mətnə, misradan-misraya keçidlər edə bilək.
Vaqif Səmədoğlunun şeirlərində obrazların, şəkillərin, səslərin insan yaddaşının dərinliklərindən gələn reaksiyaların intəhasızlığı yatır. Necə?
Belə:
Tez ol xəbər ver, görüm necəsən,
Gözlərin necədi, yerişin necə?
Yaman darıxmışam, mən səndən ötrü,
Barı, bir soraq ver özün gəlincə.
Yerini bilmirəm, bilsəm, gələrəm,
Könlünü alaram, sevərəm yenə.
Xəzərin köksündən qalxan dumana
Qara şanı büküb gətirrəm sənə...
Bəlkə də, dünya poeziyasında yoxdur bədii yaddaşın bu cür intəhasızlığı. Şairin poetik enerji və təxəyyülü nə qədər geniş olmalıdır ki, belə bir misra yazsın: "Xəzərin köksündən qalxan dumana Qara şanı büküb gətirrəm sənə". Mümkünsüzlüyün obrazı mümkünləşir. Bu misra dumanın içində olan şairin sərbəstliyindəki enerjidir. Kinetik enerjinin bədii güc və gözəlliyə çevrilməsidir. "Uzaq, yaşıl ada" nəğməsində gözəllik və bənzərsizlik fikrin duyğusal vizuallığıdır. Fikir formaya girir. Uzaq, yaşıl adaya çevrilir. Vaqif Səmədoğlu fikri metafizikadan çəkib çıxarır. Ona fiziki bir libas geyindirir.
Bilirsiz, qantel nədir?
Çuqundan tökülmüş,
Uzun bel səkkizə bənzər
əzələ bərkidən.
Mən bir dəfə
dünyanın ən ağır
qantelini qaldırdım:
telefon çağırdı məni,
götürdüm dəstəyi,
səs gəldi:
- Özünü ələ al,
öldü...
Qüvvəm çatmadı,
düşdü əlimdən
dünyanın ən ağır qanteli...
Şeiri oxuyan kəs millətindən və dinindən asılı olmayaraq, öz itkiləri ilə empatiya edir bu vəziyyəti. Vaqif Səmədoğlu ilə Azərbaycan şeiri daha geniş və bəşəri obraz qazanır. Bu obrazda məna və mənanın ifadə forması paralel şəkildə təsir edir oxucuya. Əvvəla, fikir və mövzu daimidir. Daha sonra duyğusal və poetikdir.
Vaqif Səmədoğlu 70-ci illərin şairi hesab olunur. Ancaq o, dünya ədəbiyyatında altımışıncı illərin böyük mədəni partlayışının yaradıcılarındandır. Kino sənətində fransız yeni dalğa hərəkatı, Fransa, Kanada və Meksikadakı tələbə hərəkatları, İhab Hassanın "Orfeyin parçalanışı", Lesli Fidlerin "Sərhədləri keçin, xəndəkləri doldurun" manifestləri, Liotarın "Postmodern vəziyyət"i, İv Kleinin "Dolu", Armanın "Boşluq" sərgiləri, İqor Stravinski və Vaqif Mustafazadənin musiqi sənətindəki estetik inqilabları, Elvis Presli və "Bitlz" qrupunun mahnılarındakı "minimum ərazidə maksimum çoxsəslilik" elementləri Vaqif Səmədoğlunun bəşəri poeziyasının yaranması ilə eyni estetik məkanı bölüşür; şüuri və ya qeyri-şüuri aspektdən.
Hər hansı bir varlığın obrazlı ifadəsi onun özü deyil, ancaq özündən də təsirli ola bilər. Vaqif Səmədoğlunun yaratdığı obrazlar həmin əşya və varlıqların özündən təsirlidir. Hər bir sənətin özünə aid olan obrazlı ifadə tərzi və təsiri var. Memarlıqda fiziki və struktural ifadə tərzi əsasdır. Özü də maksimum həddə. Heykəltəraşlıq abstrakt sənətdir, ancaq onu konkretləşdirir istifadə etdiyi bədii elementlərlə. Rəssamlıq və kino sənətlərinin obrazları fiziki varlıqlardır. Təsir mexanizmləri metafizikidir. Xüsusən, işıq və səs effektləri ilə maddi olmayan sənət fenomeni yaradırlar. Musiqidə isə fiziki forma əsas deyil, ancaq fizikada var olan təcili cəzbetmə effektinə malikdir. Musiqinin bu mənada dili yoxdur. Yəni bütün dil sərhədlərini aşır. Vaqif Səmədoğlu şeirlərində musiqi özünə yuva qurur. Sənətin təbiətində köhnəlmə və yaxud da öz estetika dövrünü başa vurma reallığı mövcuddur. Vaqif Səmədoğlunun şeir-nəğmələrindəki ritm, musiqi və forma tandemindəki ahəng köhnəliyi deyil, yeninin estetikasını aktual olmayan aktuallıqda saxlayır. Bu şeirlər caz musiqisi kimi heç vaxt dəbdə olmur ki, dəbdən düşsün.
Payız rəngli baharları,
Kölgən düşən divarları
Ürəyimdən qopar, qopar,
Özünlə apar!
Burada fikirlərin hamısı antitezadır. "Özünlə apar" deyərkən, "aparma", deyir şair. Aparmamağın bədii proyeksiyası aparla ifadə edilir. Ayrılığın obrazı ayrılığın özü deyil. Allahın bədii obrazı Allahın özü olmadığı kimi. Vaqif Səmədoğlu mümkünsüzlüyün ruhunu və bədənini yaradır. O, gözəlliyi rənglər, sözlər və obrazlarla yenidən kəşf edir. Gözəlliyi kəşf etmək bizi məhdud, sərhədli var olmaqdan azad edir.
(7 yanvar 2025)
“Ədəbiyyat və incəsənət”
(16.01.2025)
Qəzza: İnsanlıq dramının davamı
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Son dövrlərdə dünyada baş verən münaqişələrin ən dramatik və ürək ağrıdan məqamı Qəzza zolağında yaşanır. İllərdir İsrail-Fələstin münaqişəsinin episentrində yerləşən bu bölgə, hazırda misli görünməmiş humanitar böhranla üz-üzədir. 2023-cü ilin oktyabr ayında başlayan İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza zolağı tamamilə dağıntılara məruz qalıb və insanlar, sözün əsl mənasında, sağ qalmaq üçün mübarizə aparır.
İnsan Tələfatı: Ən Böyük Yaralar
Əməliyyatlar nəticəsində minlərlə insan həlak olub. Rəsmi rəqəmlərə görə, Qəzzada ölənlərin sayı 32 mindən 44 minə qədər dəyişir, lakin bu, yalnız qeydiyyata alınmış məlumatlardır. Yaralananların sayı isə 100 minə yaxınlaşır. Ölənlərin əksəriyyəti qadınlar, uşaqlar və yaşlılardan ibarətdir. Məktəblər, xəstəxanalar, məscidlər, hətta yaşayış evləri də bombalanıb.
Səhiyyə Sisteminin Çöküşü
Qəzza zolağında səhiyyə sistemi faktiki olaraq iflic vəziyyətdədir. Bombardmanlar nəticəsində 312 tibb işçisi həyatını itirib, onlarla təcili yardım maşını sıradan çıxıb. 142 səhiyyə müəssisəsi hədəfə alınıb. Xəstəxanalar çatışmayan dərman, elektrik enerjisi və tibbi avadanlıqlar səbəbindən xəstələrə yardım edə bilmir.
Aclıq və Su Problemi
Qəzzada insanların ən böyük problemlərindən biri aclıqdır. Münaqişə başlayandan bəri humanitar yardımların regiona daxil olması ciddi şəkildə məhdudlaşıb. Uşaqlar və yaşlılar arasında qida çatışmazlığı səbəbindən xəstəliklər yayılmağa başlayıb. Əlavə olaraq, içməli suya çıxış çox məhduddur və bu, xəstəliklərin artmasına səbəb olur.
Beynəlxalq Reaksiyalar: Sözlər Yoxsa Əməl?
Beynəlxalq ictimaiyyət Qəzzada baş verənlərə reaksiya versə də, konkret addımlar atılmır. Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzzadakı vəziyyəti “humanitar fəlakət” kimi təsvir edir və tərəfləri atəşkəsə çağırır. Amma indiyədək nə İsrail, nə də Fələstin bu çağırışlara müsbət cavab verib.
Qəzzalıların Gözündən Vəziyyət
“Bizim üçün həyat artıq qalmayıb” deyir 35 yaşlı Əhməd, Qəzza sakini. O, bombalanan evindən sonra ailəsi ilə birlikdə küçədə yaşamaq məcburiyyətindədir. “Övladlarım gecələr ağlayır. Mən isə nə edəcəyimi bilmirəm. Bütün dünya bizi unudub.”
Müharibənin Kökü: Bu Böhran Nə Zaman Bitəcək?
Qəzzadakı münaqişə, İsrail və Fələstin arasında on illərdir davam edən torpaq mübahisəsinin nəticəsidir. Münaqişənin arxasında siyasi, dini və tarixi faktorlar dayanır. Lakin hər bir müharibə, əslində, masum insanların həyatını itirməsi ilə nəticələnir.
Əməkdaşlıq Üçün Çağırış
Bu dramatik vəziyyət, yalnız qlobal əməkdaşlıqla həll edilə bilər. Beynəlxalq güclər, xüsusilə də BMT, ABŞ, Avropa İttifaqı və qonşu dövlətlər dərhal hərəkətə keçməli, davamlı və ədalətli sülh üçün təşəbbüslər irəli sürməlidir.
Ümid: Yenidənqurma və Sülh
Hər bir dağıntının ardından yenidənqurma mümkündür. Amma Qəzzanın yenidən qurulması yalnız fiziki mənada deyil, eyni zamanda sosial və psixoloji baxımdan da olmalıdır. Ən önəmlisi, oradakı insanlar üçün təhlükəsiz və insan hüquqlarına uyğun həyat təmin edilməlidir.
Bu, sadəcə bir bölgənin deyil, bəşəriyyətin dramıdır. Hər kəs Qəzzanın səsi ola bilər. Çünki bu hekayə, insanlıq tarixində utanc səhifəsi olaraq qalacaq.
“Ədəbiyyat və incəsənət”
(16.01.2025)
Kitabçının ürək ağrısı - FOTOREPLİKA
Könül, “Ədəbiyyat və incəsənət”
Bəzən fotolar çox yox, qısa bir mətnə bələdçi olurlar, bu mətn isə kitab qədər mənalı olur.
Xan Resuloglunu kim tanımır. Ölkənin bir nömrəli kitabçısı. Onu məyus edən fotonu qoymuşuq qapaq şəklinə. Fotonun alt yazısı ilə belədir:
“Adətən, dükanın pilləkənlərinin üstünə kitablar düzürəm.
Axşamlar qoyub getdiyim kitablar da ehtiyacı olanlar üçün nəzərdə tutulur.
Bu gün gəlib görürəm ki...”
Bəli, gəlib görür ki, hansısa vəhşilər kitabla bu cür rəftar ediblər.
Ar olsun!
“Ədəbiyyat və incəsənət”
(16.01.2025)