Super User

Super User

Четверг, 16 Январь 2025 14:28

ƏDƏBİ DEBÜT - Müqəddəs Salahlı, “Köhnə radio”

“Ədəbiyyat və incəsənət” portalı BDU tələbəsi Müqəddəs Salahlının ilk qələm təcrübəsi olan hekayəsini Ədəbi debüt rubrikasında təqdim edir. 

 

Tut ağacı boyunca

Tut yemədim doyunca

Yarı xəlvətdə gördüm,ay gülüm

Danışmadım doyunca

 

Seymur kişinin Sovetdən qalmış bu böyük radiosunda İslam Rzayev məlahətli səsi ilə oxuyurdu.  Seymur kişi bu səsi eşitcək əlindəki pomidor yeşiyini  yerə qoydu. Məchul bir nöqtəyə baxıb müğənniylə birlikdə oxumağa başladı.

“Mənim balam kimə neylər"... 

Gözləri doldu, bu mahnı ona həmişə rəhmətlik həyat yoldaşı Qəməri xatırladırdı.  Elə bu köhnə radionun özü də. 

Övladları dəfələrlə ona yeni radio almağı təklif etmişdilər, amma o razılaşmamışdı. Hətta nəvələri onun bu nəhəng radiosuna gülürdü. Qəmər ilə evlənəndə Seymur kişinin heç nəyi yox idi, istixanada pomidor yetişdirib bazarda satan kasıb cavan idi. Atasının var-dövlətli olmağına baxmayaraq Qəmər Seymurla evləndi. Elə Qəmərin atası Seyfullah Seymurun mərd, sözübütöv oğlan olduğunu bildiyinə görə bu izdivaca razı oldu. Seymurun evlərinə aldığı ilk əşya bu radio idi, yanında da bir dəstə kala çiçəyi. Radionu ilk dəfə qoşanda da bu mahnı səslənmişdi. Seymur Qəmərin gözlərinin içinə baxa-baxa bu mahnını oxumuşdu. Hətta Qəmər ona gülərək “lap xanəndə imişsən ki” demişdi. 

Qəmərin şaqraq gülüşü  Seymur kişinin  qulağında səsləndi. Damarları görünən qırışmış titrəyən əlləri ilə göz yaşını sildi. Və işinə davam etdi. 

Qəmərin ölümündən 7 il ötürdü Qəmər dünyadan köçəndən sonra Seymur kişi istixanaya heç girməmiş,heç pomidor yetişdirib bazara aparmamışdı. Çünki hər zaman ona dəstək olub kömək edən Qəmər yanında yox idi. 

 

…Bu il 82 yaşı olmasına baxmayaraq qərara gəldi ki, yenə istixanada pomidor əksin. Oğlanları ona bu işin çətin olacağını dəfələrlə dedi, amma o, öz inadından dönmədi. İndi də pomidorları yetişmişdi. Sabah aparıb bazarda satacaqdı. Pomidorları yeşiklərə yığıb bir kənara düzəndən sonra evə çıxdı, çimdi, gəlinin bişirdiyi yeməkdən yeyib yatdı.

 

*

Səhər hamı oyanmışdı Seymur kişidən isə səs çıxmırdı, kişi həmişə hamıdan əvvəl oyanıb həyətə düşərdi, amma bu sabah nədənsə Seymur kişi həyətdə deyildi. 

Oğlu Bədir narahatlıqla atasının otağının qapısını açdı. Seymur baba güzgünün qarşısında saçlarını darayırdı. Əynində qara boğazlı göynəyi, qara şalvarı və qara pencəyi. Saçlarını darayıb bitirəndən sonra havanın isti olmağına baxmayaraq qara buxara papağını başına qoydu. 

Oğlu atasının bazara tək gedəcəyini bilirdi, amma niyə bu qədər geyinib keçindiyini anlamırdı. Amma gəlini anlamışdı, Seymur kişi Qəmər sağlığında onu bəyəndiyi kimi geyinmişdi.

 

*

Artıq 5 saat idiki Seymur kişi evdən çıxmışdı, bu qədər gecikə bilməzdi axı. İşi 3 saatdan artıq çəkə bilməzdi.

Bədir elə qapıdan çıxırdı ki, gedib atasından xəbər bilsin, telefonu zəng çaldı, zəng edən kəndin cavanlarından Camal idi. O söylədi:

-Salam Bədir əmi, heç bilmirəm necə deyim, Seymur əmi rəhmətə gedib... 

Bədir heç Camalın sonra dediklərini eşitmədi... 

Seymur kişi bazardan birbaşa Qəmərin məzarına gəlmişdi, elə məzarın yanındaca vəfat etmişdi, əlində də bir dəstə kala çiçəyi…

 

*

Balaca Seymur yuxudan oyanıb ağlamışdı, amma anasının başı gələn qonaqlara qarışdığı üçün onu eşitməmişdi... 

Böyük babasının adını daşıyan körpə Seymur iməkləyərək nəhəng radionun qarşına gəldi. Bunun nə olduğu balacaya maraqlı idi. 

Balaca, ağ, yumru əlləri ilə radionun düyməsini basdı. 

Radioda İslam Rzayev oxuyurdu:

Tut ağacı boyunca

Tut yemədim doyunca...

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2025)

Cəlil Xəlilov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik – “Ədəbiyyat və incəsənət” üçün

 

Hürriyyət, Azadlıq və İstiqlaliyyət pay verilmir, uğrunda qan tökülür, Şəhid verilir! Şəhidlərin al qanı ilə tarix yazılır! Azərbaycan xalqının azadlığa, Əbədi İstiqlala gedən yolda ən böyük sınağı, ən parlaq nümunəsi hesab olunan 20 Yanvar faciəsindən 35  il ötür.

 

Bu qanlı cinayəti törətməkdə əsas məqsəd Azərbaycan xalqının iradəsini qırmaq, onun azadlıq istəyini boğmaq idi. Lakin sovet imperiyasının amansız davranışı xalqımızın azadlıq istəyini daha da alovlandırdı, milli azadlıq hərəkatı daha da geniş vüsət aldı. 20 Yanvar faciəsi xalqımızın yaddaşında, həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olundu.

20 Yanvar dəhşətlərinin  baş verməsində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxan Azərbaycan xalqının Kreml tərəfindən cəzalandırılması da əsas rol oynamışdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilərək, dinc əhalini ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutaraq kütləvi qətllər həyata keçirildi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların Bakını zəbt etməsi, mühasirəyə alması xüsusi qəddarlıqla müşayiət olundu. 1990-cı il yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. Fövqəladə vəziyyət elan olunanadək və ondan sonra beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri pozulmuş, fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməyərək qanunsuz olaraq xalqı təzyiq altında saxlamağa çalışmışlar. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçuların qətlə yetirilməsi və yaralanması, 82 nəfərin amansızcasına qətlə yetirməsi, 20 nəfərin ölümcül yaralaması ilə müşayət olunan hadisələr sübut etdi ki, bu faciə düşünülmüş şəkildə həyata keçirilmiş, dünyanın gözü qarşısında insan haqlarına təcavüz edilmişdir.

Qanlı yanvar hadisələri təkcə paytaxt Bakını deyil fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda da həyata keçirildi. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. 20 Yanvar gecəsi baş vermiş tarixi cinayət Beynəlxalq hüquqi məsuliyyətdən yayınmış hərbi cinayət idi. SSRİ rəhbərliyi tərəfindən həyata keçirilən bu bəşəri cinayəti həmin dövrlərdə obyektiv siyasi hüquqi qiymət alması qeyri-mümkün idi. Təsadüfi deyil ki, SSRİ Baş Prokurorluğunun ədliyyə polkovniki V.Medvedevin istintaq qrupu hərbçilərin hərəkətlərində cinayət tərkibinin olmaması nəticəsinə gəlmiş və 20 iyul 1990-cı il tarixində cinayət işinin xitam olunması barədə qərarı vermiş 100 cildlik istintaq materiallarının 68 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılaraq geri qaytarılmamışdır. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdana qədər bu qanlı faciəyə siyasi hüquqi qiymət verilməmişdir.  Bu qanlı cinayətə ilk etiraz edən şəxs məhz Ulu öndər Heydər Əliyev olmuşdur. Sovet rejiminin qadağalarına baxmayaraq, faciədən bir gün sonra yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə mənəvi və siyasi varisi, ən yeni Azərbaycanın prezidenti İlham Əliyevlə birlikdə gələn Heydər Əliyev cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş siyasi səhv kimi qiymətləndirmişdir.

Qeyd etdiyimiz kimi 20 Yanvar dəhşətlərinin tarixi kökləri var idi. Qarbaçov rejimi Azərbaycan xalqının iradəsini qırmaq, onun Qərbi Azərbaycan və Qarabağ uğrunda savaşlarına son qoymaq niyyətində idi. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətinin Moskva dövründən sonra lidersizlik problemi yaşayan Azərbaycanın üzərinə hücumlar səngimək bilmirdi. 1980-ci illərin sonlarında Azərbaycanda ictimai-siyasi durumun kəskinləşməsi, Kreml rəhbərliyinin uğursuz "yenidənqurma" siyasəti, iqtisadi islahatların düzgün aparılmaması, milli siyasət sahəsində buraxılan kobud səhvlər Azərbaycanda azadlıq hərəkatının güclənməsinə zəmin yaratmışdı. Bunun  əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi-torpaq  iddiaları ilə çıxış etməsi, uydurma "Qarabağ problemi"nin ortaya atılması idi. SSRİ rəhbərliyindəki havadarlarına arxalanan ermənilərin əsassız iddiaları və dinc əhaliyə qarşı törətdikləri cinayətlər xalqımızın hiddətinə səbəb olmuşdu. 1988-ci ildə Qarabağ münaqişəsi ilə əlaqədar başlayan milli-azadlıq hərəkatı prinsipiallığı ilə SSRİ  rəhbərliyində ciddi narahatlıq yaratmışdı. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ bölgəsində baş qaldıran erməni separatizmi qədim türk torpaqları olan Qərbi Azərbaycandan 300 mindən çox soydaşımızın zorla öz ata-baba yurdlarından qovulması ilə nəticələnmişdi. Bu haqsızlığa və cinayətə görə nümayiş və mitinqlərə çıxan əhali keçmiş sovet rəhbərliyindən və onun respublikamızdakı təmsilçilərindən ermənilərin qanunsuz hərəkətlərinə son qoyulmasını, münaqişənin ideoloqlarının və icraçılarının cəzalandırılmasını tələb edirdi. Ancaq ittifaq rəhbərliyi ermənipərəst mövqedə dayanaraq, müxtəlif vasitələrlə onların müdafiəsinə qalxırdı. Azərbaycanlılar zor gücünə  öz doğma yurdlarından qovulur, onların ev-eşikləri vəhşicəsinə dağıdılır və ya zorla əllərindən alınır, özləri isə ən ağır təhqirlərə, işgəncə və qətllərə məruz qalırdılar. Həmin dövrdə respublikamızda ictimai-siyasi vəziyyəti ağırlaşdıran amillərdən biri də  ölkə rəhbərliyində təmsil olunan şəxslərin səriştəsizliyi idi. Respublikada yaranmış özbaşınalıq və hərc-mərclikdən məharətlə istifadə  edən SSRİ-nin xüsusi xidmət orqanları 1990-cı il yanvarın əvvəllərində yerlərdəki emissarlarının yaxından köməyi ilə Bakıda müxtəlif  ixtişaşlar törətdi.

Yanvarın 20-də sovet qoşunları dinc əhalinin üstünə yeridildi, dəhşətli faciə baş verdi. Azərbaycan informasiya blokadasına alındı. Qanlı faciədən az öncə Azərbaycan Televiziyasının  enerji bloku partladıldı. Radionun fəaliyyəti, qəzetlərin nəşri dayandırıldı. Dünya ictimaiyyəti Azərbaycanda baş vermiş bu qanlı hadisədən xəbərsiz idi. Belə ağır və faciəli bir vaxtda xalqımızın vətənpərvər oğlu, Ulu öndər Heydər Əliyev yuxarıda da vurğuladığımız kimi, Moskvada xüsusi nəzarət altında saxlanılmasına, təzyiq və təqiblərə baxmayaraq, sovet ordusunun Bakıda törətdiyi bu qanlı cinayəti kəskin şəkildə tənqid edən bəyanat verdi. Ulu Öndər bununla da Azərbaycan xalqına qarşı törədilmiş haqsızlığı dünyaya çatdırdı, faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb etdi. Həmin gün Ümummilli Lider Azərbaycan KP MK-ya, respublikanın Ali Soveti və Nazirlər Sovetinə teleqram göndərdi. Bununla da 1990-cı il 20 Yanvar faciəsinə verilən ilk siyasi qiymətin əsasını qoydu. Heydər Əliyev faciə baş verəndən dərhal sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmişdi, öz etiraz səsini ucaltmışdı. Heydər Əliyev həmişə olduğu kimi, o ağır günlərdə də xalqla bərabər, birlikdə idi. Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi və hüquqi qiymət verilməsi üçün ciddi addımlar atıldı. 1990-cı il noyabrın 21-də Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi. Ulu Öndər 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının ilk günlərində Şəhidlər xiyabanını ziyarət etdi. Elə yerindəcə tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü yenidən götürülsün və burada Şəhidlər Memorial Kompleksi ucaldılsın. Bunun üçün dövlət səviyyəsində lazımi vəsait ayrıldı və həmin iş qısa zamanda başa çatdırıldı. Məhz Ulu Öndərin sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü elan olundu. O vaxtdan şəhidlərimizin xatirəsinin böyük ehtiramla yad edilməsi dövlətimizin diqqətində oldu. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar faciəsində, eləcə də Vətən müharibəsində ölkəmizin azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olanların ailə üzvlərinin problemlərinin dövlət səviyyəsində həllini əsas vəzifələrdən biri kimi qarşıya qoydu. Ölkəmizdə bu istiqamətdə mühüm tədbirlər həyata keçirildi. Şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial təminatı ildən-ilə gücləndirildi.

20 Yanvar hadisələrinin qurbanlarına, İstiqlal Fədailərinə daimi dövlətin diqqət və qayğısı bununla bitmir. Bu məqsədlə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilmişdir. 1990-cı ilin yanvarında şəhid olmuş şəxslərin ailələrinin və övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün də mühüm addımlar atılmışdır. Prezident İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri, Şəhidlər Memorial Kompleksi ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.

Onu da vurğulamaq yerinə düşər ki, hazırda 20 Yanvar faciəsi zamanı şəhid olmuş Azərbaycan övladlarının ruhu şaddır! 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qüdrətli Azərbaycan Ordusunun, Qazilərimizin iradəsi, Şəhidlərin al qanı ilə  Vətən torpaqları işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir. Azərbaycan xalqı, ümumiyyətlə dünya Azərbaycanlıları 35 il bundan öncə - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın milli müstəqillik və azadlıq uğrunda mübarizə meydanında şəhid olanları daima anır, yad edir, ruhları qarşısında baş əyir. Ulu öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi, xeyirxahlıq missiyası ilə dünyanın diqqət mərkəzində olan Heydər Əliyev Fondu 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərin problemlərinin həllinə daim böyük qayğı ilə yanaşır. Fondun dəstəyi ilə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görülür. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın  da bu istiqamətdə həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Məhz onun təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən xalqımızın qanlı 20 Yanvarı, habelə Vətən müharibəsi ilə bağlı kitablar, bukletlər, albomlar nəşr olunmuş, filmlər çəkilmişdir. Milli vətənpərvərlik hissi ilə müşaiyət olunan bu xeyirxah missiyanın işğaldan azad olunan tarixi torpaqlarımızda, Qarabağ və Şərqi Zəngəzurdakı quruculuq işlərini də əhatə etməsi milli müstəqilliyin əbədi və dönməz olması üçün bu gün də mücadilə edən hər bir Azərbaycan vətəndaşında qürur hissi oyadır!

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2025)

                                                                          

                                                                             

 



 

 

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.                           

 

Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.

Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı 15 parametrləri xüsusi olaraq qabardardım:

 

10. Öz xarakterini idarə etmək.

Uğur qazanmaq istəyən şəxs öz eqosunun fövqündə dayana bilən, onu istədiyi səmtə yönəldə bilən şəxs olmalıdır. Sən uğur marafonuna çıxmısan, amma tənbəlsən. Zəhmət çək, tənbəlliyin daşını at. Qətiyyətsizsən? Özünü dəyiş. Utancaqsan? Xilas ol bu xüsusiyyətdən. Qorxaqsan? Özündə güc aşıla.

İnsan xarakteri bir qatardır ki, bu qatar da ayrı-ayrı xüsusiyyət vaqonlarından ibarətdir. Son məntəqəyə getdiyin yolda hansı vaqon sənin sürətini azaldır, sənə hərəkətində maneçilik törədirsə ondan qurtulmalısan. Əks halda, mənzil başına yetişməyin mümkünsüz olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2025)

 

 

Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Naxçıvan Dövlət Universiteti muxtar respublikada fəaliyyət göstərən yeganə universitetdir. Naxçıvanda bura “doğma universitet” kimi tanınır. Demək olar ki, Naxçıvan  Muxtar Respublikasının kadr potensialını təmin edən yeganə universitetdir.

 

Burada düşünə bilməyəcəyiniz qədər innovativ yeniliklər var. Bu halı müşahidə etmək üçün universitet kampusuna daxil olmaq, dərs prosesini, əsasən də, imtahan prosesini müşahidə etmək kifayət edir. Yeniliklər bununla da bitmir. Dünyanın bir çox qabaqcıl universitetləri ilə əməkdaşlıq edən Naxçıvan Dövlət Universiteti beynəlxalq standartlara uyğun təhsil təqdim edərək elm, təhsil və texnologiya sahəsindəki nailiyyətləri ilə ölkənin aparıcı ali təhsil ocaqlarından birinə çevrilib.

Tələbələrin sakit ortamda, elektron və çap mediasından istifadə etməsi üçün universitetin Elmi Kitabxanası səhər saat 09:00-dan gecə saat 10:00-a kimi növbəli şəkildə iş və xidmət rejimini təşkil edir. Müəllimlərin imtahan nəticəsini yoxlaması, tələbələrin imtahan nəticəsinin elan olunması həm elektron kabinetlər, həm də SMS bildirişi vasitəsilə çatdırılır.

 

Tələbələrin imtahanlardan məmnunluğu şəffaflıq, obyektivlik və müasir metodların tətbiq olunması ilə bağlıdır

 

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirir ki, mövcud normativ-hüquqi aktlara və tədris proqramına uyğun olaraq yanvar ayının 6-dan Naxçıvan Dövlət Universitetində həm bakalavr, həm də magistratura səviyyəsində imtahan sessiyası başlayıb. Universitet ölkədə genişprofilli ali təhsil müəssisəsi kimi tanındığından qabiliyyət və praktik yönümlü ixtisaslar tədris proqramında daha çox üstünlük təşkil etdiyindən imtahan sessiyası həm test, həm yazılı, həm şifahi, həm də açıq tipli imtahan metodlarından təşkil olunur. İmtahan prosesinə əyani tələbələrlə yanaşı, qiyabi tələbələrdə cəlb olunur. İmtahana hazırlıq prosesi, sualların emal olunması, onların tələbələrə vaxtında çatdırılması, test banklarının yenilənməsi və onların müasir testologiyanın prinsiplərinə uyğunlaşdırılması işinə sentyabr ayından başlanılır. Sillabuslar tələbələrin elektron kabinetlərinə yerləşdirildikdən sonra imtahana qədər olan mərhələdə, məsləhət saatlarında və hibrid görüşlər zamanı tələbələri maraqlandıran və onların çətinlik çəkdiyi suallar ətrafında müzakirələr aparılır. İmtahanların hər sessiyada təkmilləşdirilməsi tələbələrin  biliklərinin keyfiyyətyönümlü  inkişafına xidmət edir. Eyni zamanda imtahan sessiyasındakı yeniliklər tələbəyönümlü təhsilin qurulmasına daha çox zəmin yaradır. İmtahan prosesindəki şəffaflıq və obyektivlik, mövcud qaydalara uyğun olaraq yaradılmış apellyasiyakomissiyasının tərkibində valideyn və media nümayəndələrini iştirakından açıq-aydın görünür. Müxtəlif vaxtlarda keçirdiyimiz sorğular zamanı tələbələrdən aldığımız rəylər onu deməyə əsas verir ki, son illərdə universitetdə imtahan sualları hazırlanarkən tələbələrin arzu və istəkləri nəzərə alınıb.

Universitet artıq iki ildir ki, imtahan cədvəllərinin hazırlanmasını da tələbələrin təkliflərini nəzərə alır. Ötən ildən fərqli olaraq bu il daha operativ imtahan cavablarının onlayn çatdırılması işi də təkmilləşdirilib. İmtahanlar QR kodları vasitəsilə oxunur və tələbələrə çatdırılır.

Apellyasiyaların obyektiv aparılması üçün komissiya kifayət qədər səylər göstərir. Və düşünürük ki, tələbələrin imtahanlardan məmnunluğu imtahanların sadələşdirilməsi ilə əlaqədar yox, şəffaflıq, obyektivlik və müasir metodların tədbiq olunması ilə bağlıdır. Və bu son deyil. Universitet daima imtahan prosesinin yenilənməsi istiqamətində axtarışdadır. Həmçinin tələbələrində verdikləri təklif və qaydalar təlimatlara uyğun gəldiyi halda imtahan prosesi bu təkliflərə uyğun dizayn ediləcək.

İmtahan prosesində bütün tələbələrə uğurlar arzu edirik. İnanırıq ki, bu imtahan sessiyasında əldə olunmuş keyfiyyət və müvəffəqiyyət göstəriciləri keçən ilin ümumi mənzərəsini ifadə edə biləcək və biz də bununla strateji hədəflərimizə çatmış olacayıq.

 

Apellyasiyaların əsas məqsədi imtahan dövründə obyektivlik və şəffaflığı təmin etməkdir

 

Tədris və tərbiyə işləri üzrə prorektor Rafiq Rəhimov: –İmtahan sessiyası ilə əlaqədar olaraqapellyasiya komissiyasının yaradıldığını qeyd etdi. Təqribən, gün ərzində apellyasiya komissiyasına 15-20-yə yaxın ərizə daxil olur. Bu komissiya, əsasən, imtahana nəzarət, ortaya çıxan narazılıqların həllinə xidmət edir. Tələbələr imtahandan sonra hər hansı bir narazılığı sistem vasitəsilə monitorinq və qiymətləndirmə bölməsinə bildirir və həmin bölmə imtahandan çıxan cavabları apellyasiya komissiyasına təqdim edir. Komissiya isə aidiyyəti kafedraya məlumat verərək və imtahan nəticəsinin digər müəllimlər tərəfindən yoxlanılmasını təmin edir. Doğrudan da, tələbə haqlırdısa, daxil olan ərizəyə yerində baxılır və rəy yazılır. Biz də həmin rəyə əsaslanaraq imtahanın nəticəsinin dəyişilib- dəyişilməməsi ilə bağlı qərar qəbul edilir. Və bu qərar həmin gün sistem vasitəsilə tələbəyə çatdırılır. Bəzən isə tələbənin istəyinə uyğun olaraq müvafiq qaydada apellyasiyada tələbənin iştirakı təmin edilir. Apellyasiyaların əsas məqsədi imtahan dövründə obyektivlik və şəffaflığı təmin etməkdir.

 

 3424 imtahandan 2652-si yazılı, 322-si şifahi, 450-si isə elektrondur

Tədris şöbəsinin müdiri Şahin Əliyev: – Nəzərə çatdırım ki, imtahanların təşkili və keçirilməsi universitetin rektoru Elbrus İsayevin müvafiq əmri əsasında həyata keçirilir. Sessiya çərçivəsində bakalavr səviyyəsində 80, magistratura səviyyəsində isə 79 ixtisaslaşma üzrə, ümumilikdə, 10.000-dək tələbə imtahan verəcək. İmtahanlar 3424 fənni əhatə edir. Onlardan 2652-si yazılı, 322-si şifahi, 450-si isə elektron-test üsulu ilə həyata keçirilir. Şifahi imtahanlar üçün hər bir ixtisas fənlərinin xüsusiyyətlərinə uyğun olaraq qiymətləndirmə meyarları hazırlanıb təsdiq edilmişdir ki, bu da imtahanlarının qiymətləndirilməsi zamanı həmin meyarlar əsas götürülür.

İmtahanlar, əsasən, iki növbədə təşkil olunur və imtahanların ardıcıllığı tələbələrin seçiminə uyğun olaraq təyin edilib. Tələbələrin imtahan cədvəlləri “E-cədvəl” mobil tətbiqi vasitəsilə onlara təqdim olunub. Eyni zamandaimtahan sualları da semestrin əvvəlindən LMS platforması üzərindən tələbələrin şəxsi kabinetinə daxil edilib. Elektron-test üsulu ilə aparılacaq imtahanların testləri 2024-cü il dekabrın sonunadək imtahan sistemində açılaraq tələbələrə tədqim olunub. İmtahan nəticələri həmin günün sonunda tələbələrin “WhatsApp” nömrələrinə göndərilir və şəxsi kabinetlərinə yerləşdirilir.

 

Bütün müraciətlər və cavablandırmalar tamamilə elektron qaydada həyata keçirilir

Monitorinq və qiymətləndirmə bölməsinin müdiri Elgün Tağıyev: – Sessiya zamanı akademik borcu yaranan tələbələrə 2 fənn üzrə təkrar imtahan vermək hüququ fevral ayının əvvəlində təşkil olunacağını bildirdi.İmtahanlar hər bir fakültə üzrə imtahan zalında minimum 2 nəzarətçi olmaqla universitet əməkdaşlarından ibarət imtahan komissiyası tərəfindən aparılır. Bütün imtahan zalları lazımi avadanlıqlarla və kameralarla təmin edilib.

Sessiyanın şəffaflığını və operativliyini təmin etmək məqsədilə universitetdə 9 nəfərdən ibarət İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir. Apellyasiya Komissiyası daxil olan şikayətləri operativ şəkildə araşdırır.  Bütün müraciətlər və cavablandırmalar tamamilə elektron qaydada həyata keçirilir. İmtahan sessiyası yanvar ayının 31-nə dək davam edəcək.

 

Kitabxananın axşam növbəsinin olması, təbii ki, oxucu sayına da təsir edir

Elmi Kitabxananın direktoru Xumar Məmmədova: – Artıq bir neçə aydır ki, kitabxananın uzadılmış iş rejiminə keçdiyini qeyd edib. Bu rejim tələbələrin kitabxanadan istifadəsini daha da artırıb. İstər ənənəvi, istərsə də kitabxana daxilində müraciətlər daha  da çoxalıb. İmtahan ərəfəsində bütün fakültələrdən tələbələrin kitabxanaya axını hiss olunur. Uzadılmış iş rejimində fəaliyyət göstərən kitabxana əməkdaşlarının əsas məqsədi tələbələrə maksimum xidmət göstərmək və imtahanlarla əlaqədar daha çox elektron mənbədən istifadə etmələrinə imkan yaratmaqdır.

Kitabxananın axşam növbəsinin olması, təbii ki, oxucu sayına da təsir edir. Burada əsas məqsəd yerli və xarici tələbələrin kitabxanadan istifadəsini maksimum əlçatan etməkdir.

 

Azərbaycan dilçiliyi kafedrasının müəllimi Mehriban İmanova: –Naxçıvan Dövlət Universitetinin Elektron imtahan portalından ismarıc daxil olur ki, hörmətli müəllim imtahan vərəqələri yoxlanmaq üçün hazırdır. Və biz imtahanı yoxlayıb qiymətləndirmə etdikdən sonra tələbələr öz imtahanlarının hansı meyarlar əsasında qiymətləndirdiyini görmüş olur.

 

Bələdiyyə və turizm kafedrasının müəllimi Mehman Şabanov: – İmtahanlar tam obyektiv şəkildə yoxlanılır. Buradakı vərəqlər kodlaşdırılır. Biz də çalışırıq ki bütün imtahan nəticələrini obyektiv qiymətləndirək. Hər sualın qiymətləndirmə meyarı var. Yoxlamaların nəticələrində də hiss olunur ki, son dövrlərdə tələbələr imtahana yaxşı hazırlaşır. Bu da şəffalığın, obyektivliyin göstəricisidir.

 

Hüquqşünaslıq ixtisasının IV kurs tələbəsi Sumayə Səlimzadə: –İmtahan zalına daxil olarkən nəzarətçilər şbarqalkalardan istifadə etməməyi tövsiyə edirlər. Yazılı imtahan zamanı 5 sual, elektron test üsulu ilə keçrilən imtahalarda isə 50 test təqdim olunur. Hansı ki, bu test sualları imtahan bazasına daxil olan 700 sualın içindən seçilib düşür. İmtahan müddəti 2 saatdır.

7 imtahandan üçünü uğurla başa vurmuşam. Növbəti dörd imtahana isə maksimum çalışıram ki, qiymətlərim yüksək olsun. İmtahanlara, demək olar ki, keçdiyimiz fənlərin mühazirələrindən suallar salınır. İmtahanı verdikdən sonra gün ərzində mobil telefonumuza imtahan nəticəsi haqqında bildiriş gəlir.

 

Tərcümə ixtisasının (ingilis) II kurs  tələbəsi Zəhra Məmmədova: – İmtahan müddəti daha çox kitabxanada hazırlaşmağa üstünlük verirəm. Düşünürəm ki, burada hazırlaşanda daha disiplinli və daha çox çalışıram. İmtahanlardan əvvəl kitabxanaya gəlib burada hazırlaşaraq potensialımı artırıram. Kitabxanadakı sakitçilik və disiplin bizi çox qane edir. Burada mənimlə bərabər hazırlaşan çoxlu sayda tələbə var ki, onlarda mənim “kitabxana dostları”mdır.

 

Stomatologiya ixtisasının III kurs tələbəsi Yaqut Əliyeva: – İmtahan vaxtı demək olar ki günüm kitabxanada keçir. Bu semestr 6 imtahanım var ki, bunların da hamısı yazılı imtahanlardır. Kitabxanadan istifadə edərək imtahana hazırlaşıram. Kitabxanada axtardığımız dərsliyi tapa və rahatlıqla imtahana hazırlaşa bilirik. Çalışıram ki, kitabxanada daha çox vaxt sərf edərək ixtisasıma mükəmməl yiyələnim.

 

“Ədəbiyyat və incəsənət “

(16.01.2025)

 

Joldubek Kackynbaev, “Ədəbiyyat və incəsənət” portalının Qırğızıstan təmsilçisi

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və İncəsənət” portalı ilə birgə “Türk dünyasının mədəniyyət xadimlərini Azərbaycanda tanıdaq” layihəsi təqdim edilir.

Bu dəfə Teatr və kino ulduzu, bir çox beynəlxalq mükafatlara layiq görülmüş aktrisa, Qırğızıstan Respublikasının Əməkdar artisti Albina İmaşovailə müsahibəmiz olacaq.

 

- Aktyorluq bacarığınızın olduğunu harada və nə vaxt kəşf etdiniz?

 

- Məktəbdə oxuyanda riyaziyyat və fizika dərslərinə yaxın idim. Aktrisa olmaq fikri heç ağlımdan da keçməyib. Bir dəfə Aktan Arım Kubat Ton rayonunda yaşadığım Karl Marks kəndinə gəldi və 7-8-ci sinif şagirdləri üçün kastinq etdi. “Beş qarıqadın” filmində Aynurə adlı qız rolu üçün namizəd axtarırdılar. Sinifimizdə ən ucaboy mən idim. Oğlanlar və qızlar sıraya düzüləndə başım çıxırdı.Boyumdan utanıb, əyilib dedim ki, mən niyə balaca doğulmamışam? Amma məhz məni seçdilər. Kamera qarşısında çox utancaq idim. O vaxt mərkəzdəki kinoteatrda filmlər nümayiş etdirilirdi və mən filmdə necə təsvir olunduğumu görməmişdim.Bir də Bubusara Beyşenaliyeva adına Qırğızıstan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olanda müəllimlərim “Beş qarı qadın” filmində rol alan qız deyilmi?” deyə soruşdular, “xalq məni görüb” deyə sevindim.

 

-Ailəniz işinizə təsir edirmi?

 

-Bəli, mən İssık-Kul rayonunun Bokonbayev kəndində anadan olmuşam. Anam orada kitabxanaçı, atam müəllim işləyirdi. Yaradıcılıq toxumu uşaqlıqdan səpilir, valideyinlərimin hər ikisi çox kitab oxuyurdu. Valideynlər nümunə göstərirlər, biz də ailədə kitabsevər böyümüşük. Evdə dolanarkən açıq kitabımın səhifəsini bağlamadan, oxuyaraq ev işlərini görürdüm. Atam ağır xasiyyətli, ciddi nizam-intizamlı adam idi, heç nə deməyə cəsarət edə bilmirdik. Əvvəlki nəsillərə xas adam idi, atamla çay içərkən milçək uçduğunu belə eşidirdin. Pıçıldaşmayın, əllərinizi çox uzatmayın, bir-birinizi itələməyin!!!” Daim xəbərdarlıqlar edərdi. Anamın gözəl səsi var, toylarda, məclislərdə atam hər şeyi saxlayıb anamı oxutdururdu, müğənniyə “dur, indiŞaygül oxusun” deyirdi.

 

- Teatrda da, kinoda da varsınız. Hansı daha çox xoşunuza gəlir?

 

- Teatr mənim əsas işimdir. Və mən kinoda artıq aktrisa kimi karyerama başladım. İkisi arasındakı fərq ikidir. Teatrda tamaşaçı ilə personajlar arasında canlı əlaqə var. Biz alqışlardan enerji alırıq. Filmdə isə iki söz danışacaqsansa, 2 və ya 10 dubl edəcəksən. Həm də bütövlükdə filmin hansı istiqaməti tutacağını bilmirsən.Nəticəni ancaq film hazır olanda və ekranlara çıxanda görürsən. Burada qüsurlarını  görməyə başlayırsan. Amma onu dəyişdirmək üçün qətiyyən bir yolun yoxdur. Tarixdə o cür də qalacaq. Teatrda isə bu gün səhv etmişəmsə, sabah onu təkrarlamamağa çalışırsan. Teatr mənim üçün böyük ağacdırsa, filmlər də, kliplər də, toylarda Umayın anası kimi görünməyim də budaqlardır.

 

-Hansı janrda rol almaq istərdiniz?

 

- Filmlərdə komediya rolunu oynayıramsa, teatrda tez-tez faciəvi obrazlar yaradıram. Həyatımda çoxlu komediya istəyirəm, evdə həmişə gülürəm. Bizim ailədə kiminsə göz qapaqları sallanırsa, “sənə nə olub?” deyə qışqırmağa başlayırıq. Bunu eşidən gözünü qaldırır.

 

-Xəyal etdiyiniz filmlər haqqında bizə məlumat verin.

 

-Arzum tarixi bir əsərdə oynamaqdır. Dramatik və psixoloji janrlı obrazlar da bəyənilir. Bu janrda filmlərim də var. Deyə bilərəm ki, mən müxtəlif janrlarda rollar yarada bilən aktrisayam. Teatrda “Tölgö” tamaşasında Kanıkey anamızın obrazını yaradıram. Dram janrındadır. Əgər siz məni kinoda qışqıran xala kimi görürsünüzsə, teatrda başqa obrazlarda da görə bilərsiniz.

 

 

-İctimaiyyətin diqqətində olan insanlara çoxlu tənqidlər verilir. Tənqidi necə qəbul edirsiniz?

 

-Mən tənqidi qəbul edirəm. Səhvlər olur, baxmayaraq ki, onu mükəmməl şəkildə bağlamaq mümkün deyil. Kino sahəsindəki qüsurlar o sahənin adamlarına məlumdur. Daha sonra təhlil edəcəyik və səhvlərimizi bir daha təkrarlamamağa çalışacağıq. İstər müsbət, istər mənfi, hər bir fikir insanı stimullaşdırır.

 

-Həyat yoldaşınızın da aktyor olduğunu bilirik. Sizi bir araya gətirən nədir?

 

-Deyəsən, ikimizin də xoşladığı, bir-birimizi bəyəndiyimiz mövzu tapdıq. Bizim ailə qurmağımız da maraqlı idi. Arnis mənimimlə eyni məktəbdə 2 sinif aşağıda oxuyurdu. Bir dəfə mikroavtobusla Tüp rayonunun Dolon kəndinə gedirdik. Nə qədər erkən getsək də, yanvar olduğu üçün qaranlığa düşdük.Dolon kəndi magistral yoldan 13 kilometr aralıda olduğundan, mikroavtobusdan düşəndən sonra başqa maşın tutmalı idik. Gecə saat 1-2 idi, Arnis sürücüyə dedi ki, dayı, kəndə evlənməyə gedirdik, bizi evimizə apara bilərsən, biz burada yolada qala bilmərik. Sürücü sərnişinlərdən soruşanda ki, kəndı dönməyə icazə verirsinizmi, hamısı razılaşdı. Həmin sərnişinlərə minnətdarıq.


- Heç peşəniz üçün fədakarlıq etmisinizmi?

 

-İlkimin - qızımın indi 8 yaşı var. Dünən Böyük Britaniyadan olan rejissor Sara Berger Şekspirin “Makbet” əsərini səhnələşdirdi. Baş qəhrəman Makbetin həyat yoldaşı rolunu oynadım. Bundan əvvəl Suyun Otkeev Megatoy filminin ikinci hissəsini çəkmək qərarına gəlmişdi. Bildiyiniz kimi, mən o filmdə xala rolunu oynamışam. Amma ikincisi gecələr çəkilir. Gündüz tamaşada işləyirəmsə, gecələr filmə çəkilirəmsə, demək ki, sağlamlığımı qurban verirəm. İçim yansa da ondan imtina etməli oldum, çünki hər şeyin daha yaxşısını etmək istəyirdim.

 

-Maraqlı müsahibə üçün çox sağ olun. Var olun!

 

-Təşəkkür edirəm!

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2025)

 

 

 

 

 

 

 

 

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsərlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

Biz 13,5 milyard il bundan öncə baş verən partlayışın əks-sədasını eşidirik. Amma ilk partlayışın səbəbkarı olan sinqulyar nöqtənin qüdrətini unuduruq.

2.

“ Göy üzünün yerə dəyən qurşağı

mənim doğma yaşıdım.

İnsanların gözündəki işığı

 mən də gördüm,

mən deyərəm, yaşadım.”

3.

Aruz Qoca, dastanın üst qatı bizə deyən kimi, Qalın Oğuz içinə ikitirəlik salan Dış Oğuz bəyi deyilmiş. Aruz Qoca qədim, primitiv də olsa, dəyərini saxlayan demokratik bir prinsipin pozulmasının qarşısını almağa çalışan Oğuz ağsaqqalıdır. Qazanın pozmağa çalışdığı demokratik prinsip ondan ibarət idi ki, Qalın Oğuz bir yerə yığışan zaman o, öz evini Dış Oğuz və İç Oğuz bəylərinə “talan” etdirərmiş. Təkcə arvadı Burla Xatunun əlindən tutub çölə çıxar, kim nə istəyirsə, girib Qazanın evindən götürərmiş. Bir dəfə isə Qazan bu bərabərlik prinsipini pozur. Dış Oğuz bəylərini “talana” çağırmır. Baş da Aruz Qoca olmaqla Dış Oğuz bəyləri ənənənin qırılmasına qarşı çıxırlar. Ehtiraslar coşur, başlar kəsilir. Oğuz daxilində ilk qarşıdurma baş verir. Buna demokratiya uğrunda ilk mücadilə də deyə bilərik. Məsələnin bu şəkildə üzə çıxması dastana qeyri-səlis məntiq prinsiplərinin tətbiqi nəticəsində mümkün olur.

4.

“ Dədə Qorqud” dastanında kişi və qadın dillərini ən azından intuitiv şəklində hiss etməmək mümkün deyil. Yunan mifoloji məkanında Homerin əsərləri imkan verir ki, biz bunu leksik səviyyədə real faktlarla təsdiqləyək. Homer daha əvvəllər, qədim zamanlarda başqa bir yunan dili olması barədə yazır. Homerə görə bu, Allahların dili idi. Sinonimlərin dildə yaranışının ilkin səbəbini bəlkə də burda axtarmaq lazımdır.

5.

“ Eşqdir mehrabı uca göylərin!” ideyasını yaradıcılığının cövhəri bəyan edən Nizamidən başlayaraq, “Mənim tanrım gözəllikdir, sevgidir!” etirafında bulunan Cavidə qədər Azərbaycan ədəbiyyatı eşq üstündə köklənmişdir.

6.

Mətnin də öz birunu və əndərunu var. Mətn öz əndərununun içində gizlənmiş kimidir. Mətnin gizləndiyi yer – mətnin əndərunu sonsuz lüğətdir və mətn sonsuz lüğətin içində sanki “həbsdədir”. Mətni həbsdən, yəni, sonsuz lüğətin içindən çıxarıb azadlığa qovuşduranda və biruna gətirəndə o, əsərə çevrilir.

7.

Prezident İlham Əliyev: “Azərbaycanda multikulturalizm dövlət siyasətidir və onun alternativi yoxdur.”

Bu, həqiqətən, belədir. Nizaminin, Füzulinin, Axundzadənin, Seyid Əzim Şirvaninin, M.Ə.Rəsulzadənin, Mirzə Cəlilin, Əbdürrəhim bəyin, Cavidin, Üzeyir bəyin, Abdulla Şaiqin, Heydər Əliyevin və İlham Əliyevin, yüzlərlə, minlərlə Azərbaycan ədəbi-bədii, elmi-fəlsəfi, publisistik söz və əməl müqtədirinin, dövlətçiliyimizin taleyində misilsiz xidməti olmuş tarixi-siyasi şəxsiyyətin mənsub olduğu xalqın canından, qanından doğan duyğular dünyasına, söz və fikir aləminə, siyasi iradəsinə alternativ varmı?! Yoxdur! Ola bilərmi?! Ola bilməz! Yaşayacaq!!

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2025)

 

 

 

 

Четверг, 16 Январь 2025 11:44

Şəhidlər barədə şeirlər – Elnur İmamverdiyev

“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Elnur İmamverdiyevə  həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

ELNUR VƏFADAR OĞLU İMAMVERDİYEV

(01.09.2001-25.10.2020.)

Kürdəmir rayonunun Carlı  kəndindən olan Azərbaycan silahlı Qüvvələrinin əsgəri. Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi.    

 

    ÜRƏKLƏRDƏ   YAŞAYACAQSAN

 

Kürün sol sahilində, sən, Carlıda doğuldun,

Təkcə bu kəndin deyil, Vətənin oğlu oldun.

Uşaqlıqdan ağıllı, mərifətli böyüdün,

Heç yadından çıxmadı  uluların öyüdü.

 

Atan sənə demişdi, bala, vətən bizimdir,

Bu yurdda həm daş-qaya, həm də çəmən bizimdir.

Yağılarda qalammaz, bir qarış torpağımız,

Oğul,  bizi gözləyir  əziz Qarabağımız.

 

Atanı dinləyərək düşündün lap dərindən;

-Vaxtdır qurtarmalıyıq, erməninin şərindən.

Əsgərliyə gedəndə  sevinirdin  necə də…

Anan xatırlayır ki, yatmamışdın gecə də…

 

Qulluğun nümunəvi, özün qoçaqdan qoçaq,

Ancaq bir arzun vardır, düşməni yurddan qovmaq.

Başladı müharibə, nəhayət, o gün çatdı,

Sən oldun vuruşlarda, xüsusi təyinatlı.

 

Döyüşdün Füzulidə, Cəbrayılda şir kimi,

Qubadlı, Zəngilanda, bir möcüzə, sir kimi.

Məhv eyləyib düşməni, belini qırdın şərin,

Əfsanəyə çevrildi, Elnur, sənin hünərin.

 

Vətən sevgisi ilə, sən bayrağa büküldün,

Əbədi yaşamaqçın doğma Carlıya döndün.

Hər kəsə örnək oldu  qeyrətin, igidliyin,

Səni cənnətlik etdi əbədi, şəhidliyin.

Elnur,  yaşayacaqsan, ürəklərdə hər zaman,

Unutmaz qəhrəmanın heç vaxt doğma el-oban.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Xiyavda  yaşayan Kamil Qəhrəmanoğludur.

 

 

Kamil Qəhrəmanoğlu

Xiyav

 

 

ÖNCÜL HƏCM

 

Göylər barmağımdan su içir artıq

Göylər barmağımdı

Barmağım göylərdi

Göylər dağımdı

Qarabağımdı.

“Baltalıqdır Qarabağ Köksü, əsirlər bitirib

Xocalı kimliyi sürgündə araz yarpaqla...”

 

Göylər barmağımın şəhadət sonrasıdı!

Hanı dörd bağırlı bağlı ağ müstətil?

Hanı alnında savaş sətirli göy medialar?

Hanı barıt şəkilli qızcığazlar of?...

Hanı düşüncə planlı Leylası?

Toraxay haylası,

Bayquş qarğası?!..

Hanı?

Hanı?

Haaanıııı?!

Köynəyini hardan aldılar əynindən?!

Əynindən aldılar harda köynəyini?!

Aldılar əynindən köynəyini harda?!

Harda köynəyini əynindən aldılar?!

Barmağımı pentaqon tikirlər,

Barmağımı həra köhülü

Petronas borcu

Varşava dəkəli

Prenses banlısı

Göylər barmağımdı

Barmağımın gözünə girdim

Bit düşüb kilkəmə.

 

Bura gəlsən yal-yallı, yalnızcalı gəl

Əl apar allahın işinə

İki qollar ara yaramı dəmlə

İki fincan vətən vuraq keflicəsinə

Bu şeiri iplə ipəklə gey

Misraları çimizdir tərinə

...Və mən sarı kök səpim tellərinə.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2025)

 

Nazim Hüseynli, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər İttifaqının üzvü, Prezident təqaudçüsü, “Oğuz yurdu” qəzetinin redaktoru – “Ədəbiyyat və incəsənət” üçün

 

 

 

Bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşə var. Bu, müəllimlikdir. Müəllimlik bütün zamanlarda şərəfli peşə hesab olunub, müəllim isə ən hörmətli şəxs kimi qəbul edilib. Müəllimlik hər şeydən əvvəl bir Tanrı sənətidir. Həm də sadəcə sənət deyil, bir missiyadır. İnsana və insanlığa birbaşa xidmətdir. Dinimizdə bu peşə o qədər müqəddəs tutulur ki, uca Yaradan özü belə müəllimlik edir. (“Bəqərə” surəsi 31-ci ayə). Müəllim hər bir millətin, xalqın inkişafında həlledici sima olub, bütün cəmiyyətin şüurunda dəyişiklik yaratmaq gücünə və qabiliyyətinə malikdir.   

           

Təəssüf ki, indi müəllimə olan ənənəvi hörmət aşınmaya məruz qalıb. İstəsək də, istəməsək də etiraf etməliyik ki, ən müqəddəs hesab etdiyimiz və dəyər verdiyimiz peşə sahibi olan müəllim o qədər də uzaq olmayan keçmişimizlə müqayisədə əvvəlki mövqe və nüfuz sahibi deyil. Əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, buna doğru gedir. Bu, təhlükəli, həm də qorxunc tendensiyadır. Təsadüfi deyildir ki, məşhur alim A.Eynşteyn deyirdi: “Müəllimə qarşı laqeyd olan ölkə intihar edir deməkdir”.

İndi əsas vəzifələrdən biri “itirilmiş ənənənin” bərpası, müəllim nüfuzunun yüksəldilməsi olmalıdır. Bu sahədə digər işlərlə yanaşı, cəmiyyət üzvləri arasında təhsildə və həyatda müəllimin əvəzedilməz rolu geniş təbliğ olunmalıdır.  İçtimaiyyətə, o cümlədən yüzlərlə, minlərlə gənc müəllimə örnək ola biləcək  tanınmış təhsil işçiləri, onların həyat və fəaliyyətləri barədə məlumatlar verilməlidir. Yazımızda belə müəllimlərdən biri, regionun və ölkənin tanınmış təhsil işçilərindən Azərbaycan Respublikasının Əməkdar müəllim İmran Verdiyev haqqında söhbət aşmaq istəyirik.   

Özünün dediyinə görə, onun müəllimliyə lap uşaqlıqdan həvəsi olub. Hələ ibtidai siniflərdə oxuyanda bazar günləri həyətlərində özündən balacaları başına toplayar, daşlardan “parta” düzəldər, həyət darvazasını “yazı taxtası” edər, uşaqları daşların  üstündə oturdub, onlara  yazib-oxumaq öyrədərdi. Sinif müəllimi Mürsəl müəllim kimi. Hətta “dərsində” onun sözlərini də olduğu kimi təkrar edərdi.  Görünür, bu bir uşaq marağı deyilmiş. Bəlkə də, Allah elə o vaxtlardan onun alın yazısını yazırmış. 

Orta məktəbi əla qiymətlərlə bitirib ali məktəbə qəbul imtahanlarına hazırlaşırdı. İxtisas seçimində ailə üzvləri israrla “nüfuzlu” ixtisasları seçməyini istəyirdilər. Lakin o, özümü müəllimlikdən başqa, heç bir peşədə təsəvvür edə bilmirdi. Ona görə də tərəddüd etmədən müəllimliyi seçdi. İndiki ADPU-nun filologiya fakültəsinə qəbul oldu.  

 Müəllim sarıdan həmişə bəxti gətirdi. Qismətindən mükəmməl müəllimləri oldu. Orta məktəbdə Mürsəl müəllim, Heydər müəllim, Həqiqət müəllim, Sayad müəllim, Əbülfət müəllim kimi müəllimlərdən dərs aldı. Ali məktəbdə isə İsmayıl Şıxlı, Afat Qurbanov, Əbdüləzəl Dəmirçizadə, Həsən Mirzəyev, Məmmədsəlim Tahirli kimi tanınmış pedaqoqları oldu.

Müəllimləri onun uğurlu günlərinə gedən yolun mayakı, özgüvən və cəsarət simvolu, ruhunun memarı, sabahını yaradanlar oldular. İlham mələyinə ruh verdilər, ruh halıma xoşbəxlik gətirdilər, gücü, qüvvəti olub, könlündə taxt qurdular.  

Onlar təkcə elm öyrətmədilər, həm də əsl müəllimliyin sirlərini öyrətdilər ona. Öyrətdilər ki, millətin gələcək taleyi müəllimin əlindədir. O, hər şeydən əvvəl zəngin mənəvi keyfiyyətlərin daşıyıcısı, yüksək əqidə və amal sahibi, öz peşəsinin vurğunu, maarif, fəzilət, sevgi qapılarını insanların üzünə açandır. Daim oxuyub öyrənməli, zəngin mədəniyyətə, dərin biliyə, empatiya və erudisiyaya, yüksək nüfuza sahib olmalıdır. Hamıya nümunə olmaq onun borcudur. Çünki müəllim o kəs deyil ki, ancaq öyrədir. Həm də o kəsdir ki, hamı ondan öyrənir, nümunə götürür.        

Nəhayət, tələbəlik illəri başa çatdı, Oğuz rayonundakı Yaqublu kənd orta məktəbində müəllim kimi fəaliyyətə başladı. Bütün ömrü müəllimlik etməklə keçdi. Fəaliyyətinin ilk aylarında çətinlikləri  də oldu. Amma öz müəllimlərinin, həmkar yoldaşlarının və məktəb rəhbərlərinin təklif, tövsiyə və məsləhətlərini nəzərə almaqla qısa müddətdə işləri qaydasına sala bildi. Həm öz işini, həm fənnini, həm də  uşaqları çox sevdi. Bilirdi ki, təlim-tərbiyə şəxsiyyətlərarası münasibətlər vasitəsi ilə başlayır və bitir. Türklər demişkən, "Gönüllere girilmeden kafalara girilmiyor". Ona görə də şagirdləri ilə dost, yoldaş və sirdaş oldu.  

Sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsədilməsi ilə yanaşı, xalq və dövlət qarşısında öz məsuliyyətini dərk edən, milli-mənəvi və ümumbəşəri dəyərləri qоruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan müasir təfəkkürlü insan yetişdirmək  əsas vəzifəsi oldu.

Ona görə də  çoxillik pedaqoji fəaliyyəti dövründə şagirdlərinə ancaq dərs anlatmadı, onlara həyati dəyərləri, sevgini və insanlığı öyrətdi. Bilikli, həm də milli-mənəvi və ümumbəşəri dəyərlərə sahiblənmiş gənclər böyütməyə səy etdi. Şagirdlərinin həyatına şəfqət, inam və gözəl əxlaq toxumları səpdi. Xalq və Vətən sevgisini hər bir gəncin ürəyinə hopdurdü. Bunu öz borcu saydı.       

Pedaqoji fəaliyyəti ərzində həmişə öyrətməyi sevdi, amma təhsil kurikulumlarının mənimsənilməsini daha yaxşı təmin etmək, şagirdləri əsl vətəndaş kimi formalaşdırmaq üçün yeni pedaqoji texnologiyaları öyrənməyi, özünün peşə-ixtisas və ümumi mədəni səviyyəsini yüksəltməyi də unutmadı.     Beynəlxalq və yerli təcrübələrin, müasir təhsil çağırışlarının öyrənilməsi gündəlik qayğıları oldu. Oxuyub öyrənmədiyi günləri ömründən saymadı.

İmran müəllimlə söhbətimizdən belə anlaşıldı ki, cəmiyyətdə müəllim nüfuzunun artırılması indiki təhsil sisteminin qarşısında duran əsas prioritetlərdən olmalıdır. İlk növbədə müəllimlərin sosial statusu yüksəldilməli, onlara olan sosial təzyiqlər aradan qaldırılmalıdır. Həmsöhbətim onu qeyd etdi ki, indi müəllimlər həddindən artıq yüklənmişlər, tədris standartlarına uyğunlaşma məcburiyyəti, sənədləşmələr, toplantılar, hesabatlar və digər administrativ işlər onların vaxtını çox alır. Öz hazırlıqlarına kifayət qədər vaxt ayıra bilmirlər. Müəllimlərin peşə performansını artırmaq üçün iş yükü azaldılmalı, öz yaradıcı tədris metodlarını tətbiq etməkdə onlara sərbəstlik verilməli, davamlı peşəkar inkişaflarına diqqət və qayğı artırılmalı, müasir təhsilin çağırışlarına cavab verən iş təcrübələrinin öyrənilərək yayılması genişlənməlidir. Yalnız bu şəkildə müəllimlər öz potensiallarını tam olaraq ortaya qoya bilərlər.  

O, yeni işə başlayan onlarla gənc müəllimin himayəçisi oldu. Öz iş təcrübəsini həmkarları ilə bölüşdü, məsləhət və tövsiyələrini onlardan əsirgəmədi. Bir müddət keçmiş ADPU-ninŞəki filialının təşkil etdiyi ixtisasartırma kurslarında mühazirəçi və kurikulum təlimçisi kimi fəaliyyət göstərdi. İşləyən müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması üçün əlindən gələni etdi.

Təhsil Nazirliyinin qrifi ilə metodik tövsiyələri işıq üzü gördü. Çoxu pedaqoji mövzuda olan 200-dən çox məqaləsi dərc edildi. Dörd kitabından birincisi – “Yaqublu  məktəbi” kitabı 125 yaşlı doğma məktəbinin tarixinə, burada formalaşmış müsbət və mütərəqqi iş təcrübəsinin ümumiləşdirilməsinə və yayılmasına həsr edildi.     

Azərbaycan Respublikası ETN-nin sərəncamı ilə təcrübəsi öyrənilərək ölkə miqyasında yayıldı. Pedaqoji iş təcrübəsi barədə zaman-zaman mətbuat səhifələrində yazılar dərc olundu, kitablarda məlumatlar verildi.

O, öz müəllimlik missiyasını həyata keçirmək üçün uzun bir yol keçdi. Düz 45 il müəllimlik etdi. Bu illər ərzində fəailiyyəti təkcə məktəblə məhdudlaşmadı. Regionun, eləcədə ölkənin içtimai həyatında fəal iştirak etdi. Azərbaycan müəllimlərinin qurultaylarından tutmuş respublika səviyyəli digər çoxsaylı pedaqoji tədbirlərin fəal iştirakçılarından biri oldu.

İmran müəllim həm də I-XI siniflər üzrə “Azərbaycan Respublikasının ümümtəhsil məktəbləri üçün Azərbaycan dili üzrə təhsil proqramı (kurikulumu)”nın həmmüəlliflərindən biridir.   

“İlin ən yaxşı müəllimi” müsabiqəsinin, pedaqoji mühazirələrin respublika turunun, müxtəlif layihələrin, digər çoxsaylı müsabiqə və baxışların da  qalibi oldu. Çoxlu təltiflərə, yerli və beynəlxalq dərəcəli sertifikatlara layiq görüldü. Səmərəli fəaliyyəti  və uğurları Azərbaycan Respublikası ETN-nin kollegiya qərarlarında qeyd edildi.

Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin Sərəncamı ilə 2004-cü ildə Azərbaycan təhsilinin inkişafında xidmətlərimə görə "Əməkdar müəllim" fəxri  adına  layiq  görüldü.

İndi geri dönüb baxanda görür ki, kənddə təhsilin inkişafında, müasir tələblərə cavab verən məktəb binasının tikilməsində, yüzlərlə gəncin yetişməsində, Vətənə layiqli övlad kimi cəmiyyətdə öz yerini tutmasında onun da az payı olmayıb.  Bununla fəxr edir və sevinir.

Bu illərdə yaşı sinifdən-sinfə adlayan şagirdlərinin yaşı ilə birgə artdı. Həyatdakı ən qiymətli hədiyyəsi şagirdlərimin uğurları, ən gözəl bayramı onların uğurlarına sevindiyi günlər oldu. Ruhu onların sevgisi ilə qidalandı. 

Müəllimlik etməklə zəngin mənəvi xəzinə topladı. Şagirdlərinin uğurları, Vətən müharibəsi qəhrəmanları, şəhid və qazi şagirdləri, el-oba arasında qazandığı hörmət, sayılıb-seçilməyi, ölkənin tanınmış müəllimlərindən olmağı, şagirdlərinin sevgisi, dövlət təltifləri və s. bu xəzinənin ən qiymətli inciləridir. Bu elə bir xəzinədir ki, onu heç bir şahın xəzinəsi əvəz edə bilməz.  

İndi öz keçmiş şagirdlərinin yaddaşında yaşayır. Şagirdlərinin yaddaşında onun müəllimlik illəri, onun yaddaşında isə indi 40-45 yaşlarına çatmış şagirdlərinin  uşaqlıq və gənclik çağları daşlaşıb qalıb.

Bu gün İmran müəllim ömrünün 68-ci baharını yaşayır. Əvvəlki kimi yenə də müəllimlərdən öz tövsiyələrini, gənclərdən məsləhətlərini əsirgəmir, el-obanın içtimai-mədəni həyatında fəal iştirak edir. Tez-tez mətbuat səhifələrində maraqlı yazılarla çıxış edir. Yazımızın sonunda İmran müəllimə - tanınmış təhsil fədaisinə sağlıqlı uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Qapaq şəklində: İmran Verdiyev

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2025)

 

 

 

 

 

 

 

Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün

 

Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, «Qızıl Dərviş» mükafatı laureatı, rejissor Məhərrəm Bədirzadənin 80 illik yubileyinə həsr olunmuş xatirə günü keçirilib. 

 

Görkəmli sənət adamları, ziyalılar və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə sənətkar dərin hörmət və ehtiramla yad edilib. 

Çıxış edənlər – Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, Əməkdar incəsənət xadimləri, professorlar Məryəm Əlizadə və İlham Rəhimli, Mədəniyyət Nazirliyinin məsul işçisi Nəsibə Novruzova, Əməkdar artist, professor Azad Şükürov, Xalq artisti, professor İlham Namiq Kamal, ssenarist və rejissor Əhməd Orucoğlu, Xalq artistləri Mərahim Fərzəlibəyov və Yasin Qarayev Məhərrəm Bədirzadə haqqında xoş sözlər söyləyib, onunla bağlı xatirələrini bölüşüblər. 

Tədbirdə həmçinin sənətkarın quruluş verdiyi tamaşalardan və verilişlərdən parçalar, görkəmli teatr xadimləri Azər Paşa Nemətovun, Elçin Əfəndiyevin onun haqqında dəyərli fikirləri və rejissorun iştirakı ilə çəkilmiş Mirzə Fətəli Axundzadənin “Mürafiə vəkilləri”  (rejissor Ramiz Həsənoğlu) tamaşasından parçalar nümayiş etdirilib. 

Tədbirin sonunda Məhərrəm Bədirzadənin həyat yoldaşı Xuraman xanım təşkilatçılara minnətdarlığını bildirib. Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşdırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.