
Super User
O qədər ifasını bəyənmədiyim müğənnilər var ki... - AYGÜN SƏMƏDZADƏ
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bakını özünün cazibə nöqtəsi hesab edir. Yerlipərəstlikdən uzaq olsa da onun üçün Vətən ata-baba yurdu Buzovnadan başlayır. Xatirələrində olan Bakı tamam başqadır.
“Əvvəllər yaşlı insanlar söhbət edəndə deyirdilər ki, bizim vaxtımızda Bakı elə olub, belə olub... Həmişə bunu eşidəndə gülürdüm ki, bu yalnız yaşla, həyata baxışın dəyişməsiylə bağlıdır. Amma bizim dövr, sözün əsl mənasında Bakını tam dəyişdi, keçmişlə bağlı bir çox körpülər qırıldı. Şəhərimizin bir çox əraziləri gündən-günə gözəlləşir, abadlaşır, bunları görməmək və ya görüb deməmək olmaz. Amma insanların davranışı, mədəni səviyyəsi daha yaxşını arzulamağa vadar edir. Şəhər mədəniyyətini kənd qanunlarına tabe eləmək olmaz. Şəhərdə şəhərli kimi davranmaq lazımdır. Bütün bunlar düzələnə qədər mahnılarımı içimdə qoruduğum Bakıya yazacağam yəqin.”- söyləyir.
Avtomobildə gedə-gedə radioya qulaq asmaqdan həzz alır. Bəyəndiyi ifanı tapana kimi dalğaları tez-tez dəyişir. O qədər ifasını bəyənmədiyi, qulaq asmağa səbri çatmadığı müğənnilər olur ki, vaxtının 15 dəqiqəsini mahnıları dəyişməyə sərf edir. Nəhayət klassik musiqi, caz, muğam, retro-estrada fərq etməz əhvalına uyğun musiqi seçib dinləyir. Onun üçün Akif İslamzadə, Brilliant Dadaşova, Zeynəb Xanlarova, Nisə Qasımova, Rəşid Behbudov, Şövkət Ələkbərova, Rübabə Muradova, Sezen Aksu, Ajda Pekan, Ququş, Alla Puqaçova, Xulyo İqlesias, Dems Russos, Stinqin ifaları, ABBA qrupu və şübhəsiz ki, klassik Avropa və Azərbaycan musiqi nümunələri daha önəmlidir...
Haqqında söhbət açdığım bəstəkar Aygün Səmədzadə 1967-ci ildə tanınmış iqtisadçı alim, millət vəkili, akademik Ziyad Səmədzadənin ailəsində dünyaya gəlib. 1985-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini qızıl medalla bitirib. Elə həmin il Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə fakültəsinə daxil olub. Oxuduğu müddətdə qabaqcıl tələbə kimi "Üzeyir Hacıbəyov təqaüdü" alıb. 1990-cı ildə konservatoriyanı da fərqlənmə diplomu ilə bitirən Aygün xanım elə o vaxtdan da bitirdiyi elm ocağının musiqi tarixi kafedrasında müəllimlik edir.
Türk bəstəkarı Əhməd Adnan Sayqunun yaradacılığına həsr olunan elmi monoqrafiyanın və bir sıra elmi məqalənin müəllifidir. 2003-cü ildən sənətşünaslıq üzrə fəlsəfə doktorudur...
Deyir ki:- “Mən tələbələrimə də deyirəm, bizdə musiqi tənqidçisi kimi formalaşmaq çətindir. Çünki Azərbaycan mühiti, insanların bir-birinə münasibəti fərqlidir. Sağlam tənqidi çox vaxt təhqir kimi qəbul edə bilərlər və yaxud təhqir edib, onu tənqid kimi qələmə verə bilərlər. Yəni sərhədlər itib, insanlarda "üz üzdən utanar” psixologiyası daha dərindir. Heç kəs "dost”, "qardaş”, "yaxşı oğlan” münasibətində olduğu musiqiçini, zəif ifasına görə tənqid etmir. Musiqi tənqidi də elədir ki, gərək obyektiv olasan, eyni zamanda həm o musiqi mühitinin içində olmalısan, həm də sənin musiqi mühitiylə əlaqən olmamalıdır ki, onu tənqid edə biləsən. Məsələn, ixtisasca həm də musiqişünas, tənqidçiyəm, amma bu dəqiqə heç kimi tənqid eləmərəm. Əslində, deməyə sözüm çoxdur. Amma özüm də bu sahədə çalışdığım üçün mənim dediklərimi obyektiv qəbul etməyəcəklər. Bu gün Azərbaycan estradasında 90 faiz mahnıları bəyənmirəm. Ona görə yox ki, mən onlardan yaxşı yazıram, özüm haqqında yüksək fikirdəyəm. Sadəcə, mənim aldığım musiqi tərbiyəsi başqadır. İndi mən bunu hardasa desəm, deyəcəklər Aygün Səmədzadə qərəzlidir. Bir- iki dəfə olub ki, hansısa müğənniyə "sən bu mahnını oxuma, filan xalq mahnısı sənin üçün deyil”, ya da "xalq və klassik mahnılarımız da digər sənət abidələrimiz kimi toxunulmazdır, onları hər kim gəldi oxuya bilməz”- demişəm. Görürəm ki, buna görə məndən inciyiblər...”
Kiməsə ilk baxışda qapalı, özündən razı adam, eqoist kimi görünə bilər, amma çox təvazökar, daxilən zəngin insandır. Əsl xanımlara xas olan əda, davranış, mədəniyyət ona da xasdır, kübarlığı ilə seçilir. Bəstəkar kimi musiqiyə 1996-cı ildə Flora Kərimovanın ifa etdiyi, Xanım İsmayılqızının sözlərinə bəstələdiyi "Ruhumuz qovuşacaq" mahnısı ilə gəlib. 2000-ci ildə keçirilən "Yaxşıların yaxşısı" müsabiqəsində onun sevimli şairimiz Kamalə Abıyevanın sözlərinə bəstələdiyi "Məktəb illəri" mahnısı müəllifinə "ilin bəstəkarı" nominasiyasında qələbə qazandırıb. 2002-ci il isə onun üçün daha uğurlu olub. Belə ki, bu ilin fevralında keçirilən "Nəğmələrin nəğməsi" müsabiqəsində onun Zəkirə Allahverdiyevanın sözlərinə bəstələdiyi "Tut ağacım" mahnısı "Qran-Pri"yə, yenə də Kəmalə xanım Abiyevanın sözlərinə bəstələdiyi "Bu dünyanı nağıl bilək" mahnısı birinci, "Yağış" mahnısı isə ikinci yerə layiq görülüb...
Kanservatoriyanı 1990-cı ildə bitirsə də, yaradıcılığa 1996-cı ildə başlayıb. Bunu da onunla əlaqələndirir ki, tələsməyib, özünü püxtələşmiş bəstəkar kimi təqdim etməyi planlaşdırıb...
“Mən peşəkar musiqi təhsili alıb, mahnılarımı tam hazır şəkildə dinləyicilərə təqdim etmək istəmişəm. Yəni aradakı 6 ili boş yerə sərf etməmişəm. Biliyimi artırmaqla, tədqiqat işləri aparmaqla məşğul olmuşam. Və nəhayət, ürəyimin istəyini üzə çıxarmışam. Mənə elə gəlir ki, yaradıcı insan üçün bu müddət elə də gec deyil. Hamı deyir ki, 20-30 ildir, sənətdədir, amma onlar bunu nə ilə sübut eləyə bilərlər? Başqaları müxtəlif işlərlə məşğul olanda, mən ali musiqi təhsili almışam, aldığım biliyi də ilk və ən çox sevdiyim "Ruhumuz qovuşacaq" adlı mahnımla ortaya qoymuşam. Düzdür, buna qədər bir sıra kiçik pyeslər yazmışam. İlk mahnımı isə Bülbül adına Musiqi Məktəbinin 10-cu sinfində oxuyanda Cəfər Cabbarlının "Dan ulduzu" şerinə bəstələmişəm. Ancaq müəyyən vokal imkanları nəzərə almadığıma görə mahnını indiyə qədər heç bir müğənniyə göstərməmişəm. Yəni bu mahnı düzəlişlər ediləndən sonra oxuna bilər.”- söyləyir...
Musiqi yaranan zamandan yeddi notdan ibarət olub. Hələ indiyədək heç kim bu notların sayını artırmaq iqtidarında olmayıb. İndiyədək bəlkə də milyonlarla musiqi bəstələnib, çoxları da artıq unudulub. Amma əsl musiqi unudulmazdır, əbədidir...
Deyir ki,- “Mənim üçün notların göy qurşağında olduğu kimi hər birinin öz rəngi var. Məsələn, Do quruyan qızılgül ləçəyinin rəngindədir, Re və Sol yaşıl, Mi və Sol qəhvəyi, Fa göy, Lya sarı rəngdədir. Əgər insanın ruhu rəngarəngdirsə, demək, o, canlıdır, hərəkətlidir və yaradacaq. İlhama gəldikdə isə bu xüsusiyyət ruhun xüsusi halıdır və duyğularla, müsbət və hətta mənfi emosiyaların təzahürü ilə bağlıdır. İnsana ilham gələndə, öz potensialını tam reallaşdırmağa, fikir və səylərini konkret işlərə, əsərə çevirməyə hazırdır. İnsan bu halda-zehni və emosional vəhdətin yüksəliş məqamında dağları devirə bilər. Əksəriyyət üçün ilham qaynağı fərdi xarakter daşıyır. Amma daha dəqiq desəm, əslində bizə motivasiya verə biləcək hadisələr özləri bizi seçir və bizdən asılı heç nə yoxdur. Bu əsəri yazmaq mənim qismətimdədirsə, onun ilhamı da elə mənə gələcək. Məsələn, məşhur “Tut ağacı” kompozisiyam küskün və əsəbi bir əhvaldan sonra ərsəyə gəlib. Ümumiyyətlə, bütün əsərlər ağır və fərəhli anların, yaşadıgım hisslərin, dinlədiyim həyat hekayələrinin və sevgi tarixçilərinin, oxudugum kitabların, ən əsası isə məni əhatə edən bütün gerçəkliyin nəticəsidir. Elə məqamlar olur ki, müəyyən hadisələrin təsiri altında musiqi yazıram, gözlərimdən yaş axır və bu əsəri dinləyən insanların da göz yaşı axıtdığını görəndə heyrətlənmirəm. Bilirəm ki, içimdəki sevinci də, göz yaşını da dinləyicilərə ötürməyi bacardım, buna cəhd göstərməsəm də...”
Bəli, haqqında söhbət açdığım əməkdar incəsənət xadimi, xalq artisti, alim, bəstəkar Aygün Səmədzadə gözəl bəstələri- musiqiləri ilə insanları düşündürməyi, kövrəltməyi, ağladıb güldürməyi bacarır. Bu, onun taleyinə yazılan ilahi qüdrət, Allahın hədiyyəsidir...
Bu günlərdə Aygün xanım növbəti ad gününü qeyd etdi. Ona möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(16.01.2025)
TEZLİK: Fizikadan mədəniyyətə… -Kulturoloji baxış
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün
Fizikanın tezlik (frekans) anlayışı – müəyyən bir prosesin, məsələn, dalğanın, titrəşimin və ya hər hansı bir periodik hadisənin bir saniyədə neçə dəfə təkrarlandığını göstərir. Bu anlayış, maddənin, dalğaların və enerjinin ritmik təzahür forması kimi, mədəniyyətin dinamikasını anlamaqda unikal bir metafora təqdim edir.
Əgər tezlik fiziklərin dilində müəyyən bir titrəşmə və təkrarlılıq ölçüsü kimi qəbul olunursa, mədəniyyətdə bu, toplumların, fərdlərin və ideyaların ritmlərini, dəyişikliklərini, harmoniyasını ifadə edən bir konsept kimi istifadə edilə bilməzmi?
Mədəniyyətin ritmik təbiəti
Hər bir mədəniyyət özünəxas bir “ritm”ə malikdir. Bu ritm mədəniyyətin tarixi inkişafını, dəyişiklik və sabitlik arasındakı qarşılıqlı təsiri müəyyən edir. Mədəniyyətlərin “tezliklər”i kimi təsvir edilə biləcək bu ritmlər, onların dəyərlərini, inanclarını, yaradıcılıq impulslarını və sosial quruluşlarını əks etdirir.
Aşağı tezliklər:
Yavaş və sabit dəyişikliklərlə xarakterizə olunan gələnəksəl mədəniyyətlər əsasən dərin tarixi köklərə malikdir. Bu cür mədəniyyətlərdə gələnəklər vasitəsilə davamlılıq nümayiş etdirilir.
Yüksək tezliklər:
Sürətli dəyişikliklər, texnoloji yeniliklər və sosial devrimlərlə müşayiət olunan çağdaş mədəniyyətlər qeyri-sabitlik və uyğunlaşma ilə xarakterizə olunur.
Tezliklərin kulturoloji yorumu
Rezonans və uyğunluq:
Fizikada rezonans hadisəsi müəyyən bir sistemin dış təsirə cavab olaraq ən yüksək titrəyiş tezliyində reaksiya verməsidir. Mədəniyyətdə isə bu, toplumların dış təsirlərə uyğunlaşma və cavabvermə qabiliyyəti kimi yorumlana bilər. Örnək olaraq, Batı çağdaşlaşmasının təsiri ilə Doğu mədəniyyətlərinin yenidən formalaşması rezonansın mədəni ifadəsidir.
Dəyişiklik və sabitlik:
Fizikada tezlik dəyişiklikləri bir sistemin enerjisinin dəyişdiyini göstərir. Mədəniyyətdə isə bu, sosial dəyişikliklərin, devrimlərin və ya ideoloji yenilənmələrin dinamikasını əks etdirir.
Örnək:
* Sənaye devrimi, texnologiya əsrinin yüksəlişi və ya rəqəmsal transformasiya mədəniyyətin “tezliklər”inin dəyişdiyini göstərən tarixi məqamlardır.
* Bu dəyişikliklər mədəniyyətin ritmini sürətləndirir, yeni anlamlar və ifadə formaları yaradır; eyni zamanda, müəyyən sabit elementlərin itirilməsinə səbəb ola bilər.
Harmoniya və disharmoniya:
Fizikada müxtəlif tezliklər bir araya gəldikdə ya harmoniya (müəyyən bir düzən və nizam) ya da disharmoniya (ahəngsizlik və xaos) yaranır. Mədəniyyətdə də bu prinsip özünü göstərir. Qloballaşma dövründə fərqli mədəniyyətlərin qarşılıqlı təsiri:
* İnkişaf və zənginləşməyə (harmoniya),
* Gərginlik və konfliktlərə (disharmoniya) səbəb ola bilər.
Bu, mədəniyyətlərin “ritm uyğunluğu”nun nə qədər mürəkkəb bir proses olduğunu göstərir.
Mədəniyyətin şəkillənən tezlikləri
Hər bir mədəniyyət öz iç harmoniyasını qorumağa və dış təsirlərlə rezonansa girməyə çalışır. Bu “tezliklər”in qarşılıqlı təsiri mədəniyyətin keçmişinə və gələcəyinə dair dərin bilgilər təqdim edir.
* Mədəniyyətin aşağı tezlikləri:
Gələnəklər, tarix və kollektiv yaddaş vasitəsilə ifadə olunur.
* Mədəniyyətin yüksək tezlikləri:
Yeniliklər, texnologiyalar və sürətli dəyişikliklərlə xarakterizə edilir.
Kultohers:
Mədəniyyətin tezliyinin (metaforik) ölçüsü
Fizikada tezliyin ölçü vahidi Hz (Hers) ilə təyin olunur. Mədəniyyətin “ritmlər”ini və ya “dinamika”sını ifadə etmək üçün isə kultohers (cultohz) kimi simvolik bir anlayış təklif edilə bilər.
Kultohers nəyi ifadə edə bilər? -
1. Mədəni dinamika:
Mədəniyyətin müəyyən bir dönəmdəki dəyişmə sürəti. - Örnəyi, texnologiya əsrində mədəniyyətin “kultohers”i yüksək ola bilər, çünki dəyişikliklər sürətlidir;
2. Əlaqələr və rezonans:
Bir mədəniyyətin digərinə qarşılıqlı təsirinin intensivliyini ifadə edə bilər.
3. Ritmik uyğunluq:
Mədəniyyətin daxili sabitliyini və ya disharmoniyasını (metaforik olaraq) göstərə bilər.
Örnəklər:
* XX əsrin ikinci yarısında texnoloji və sosial devrimlər mədəniyyətin kultohers səviyyəsini xeyli yüksəltdi;
* Lokal mədəniyyətlər qloballaşma prosesində daha yüksək “kultohers”li mədəniyyətlərlə rezonansa girərək öz kimliklərini qorumağa çalışır və s.
Beləliklə,
mədəniyyətin tezliklərini öyrənmək onun sabitlik və dəyişiklik arasındakı tarixi trayektoriyasını, gələcəkdəki mümkün inkişafını anlamaq üçün yeni bir yanaşma təqdim edir. Bu, mədəniyyətin (necə deyərlər) yalnız statik bir obyekt olmadığını, əksinə, ritmik və dinamik bir sistem olduğunu göstərir.
“Kultohers” anlayışı da bu araşdırmada yeni bir perspektiv yarada bilər. Bu konsept kulturoloji diskursda yenilikçi bir yanaşma kimi diqqətəlayiqdir.
Sayğılar, əfəndim!
“Ədəbiyyat və incəsənət”
(16.01.2925)
Xoşbəxt bədbəxtlər - ESSE
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Nə hər şey göründüyü kimidir, nə də görünən hər şey yaşanmış kimidir. Görünən, var olan, gerçək olan nədir, hardadır, deyə soruşsan, deyəcək tək bir cavab vardır. Birini ən yaxşı kim tanıya bilər? Kim bütün həqiqətləri, yaşananları, yaşatdıqlarını,hiss etdiklərini olduğu kimi, olması gərəkən kimi deyə bilər?
“SƏN” yalnız “sən”!
Hər şeyi bilən təkcə sənsən. Hər şey sənin qəlbində gizlidir. Gerçək həyat ordadır. Yaşananlar, yaşanmışlar, yaşatdıqların orda başlayır və bitir. Görünənə deyil, var olana baxacaqsan. Bu dünyada hər şey yoxdan var oldu. Var olan dəyişmədi, dəyişən sadəcə seçim oldu. Seçdiyin yolda ya var oldun, ya da var olmuş kimi yaşadın. Xoşbəxtsən, amma bədbəxtsən.
Xoşbəxt bədbəxtlər həyatda hər şeyə sahib olan, ancaq özlərinə sahib ola bilməyən insanlardı. Həyat onlar üçün hər şeydir, ancaq özləri isə sadəcə bir “heç”dən ibarətdirlər.
İndi sən düşün, “Hər şeydən xəbərdar olub özündən xəbərsiz yaşamaq” bədbəxtlik deyilmi?!
“Ədəbiyyat və incəsənət”
(16.01.2025)
Yaradıcı Mərkəzdə “AI4ART Proqramı”nın "Demo Day" tədbiri təşkil olunub
Yanvarın 15-də Mədəniyyət Nazirliyi və Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin (Yaradıcı Mərkəz) dəstəyi ilə “AI4ART Proqramı”nın "Demo Day" tədbiri təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Yaradıcı Mərkəzdə təşkil edilən tədbirdə “AI4Art” layihəsi üzrə animasiya, musiqi, kino sənayesi, dizayn və digər yaradıcılıq sahələrində süni intellektin tətbiqinə dair keçirilmiş təlimlərin nəticələri təqdim olunub. Təlim iştirakçıları iki aylıq intensiv hazırlıq mərhələsində ərsəyə gəlmiş işlərini nümayiş ediblər.
Layihənin əsas məqsədi süni intellektin yaradıcı sahələrdə tətbiq imkanlarını göstərmək və iştirakçılara bu texnologiyalardan praktiki şəkildə istifadə etmək bacarıqları qazandırmaq olub. Bu proqram çərçivəsində tələbələr 48 saat ərzində incəsənət, mədəniyyət və gündəlik həyatda süni intellektin tətbiqi yollarını öyrəniblər. Həmçinin təlim iştirakçıları həm yaradıcılıq bacarıqlarını inkişaf etdiriblər, həm də gündəlik həyatda bu biliklərdən necə istifadə edə biləcəklərini praktiki şəkildə mənimsəyiblər.
İştirakçılar tərəfindən hazırlanmış layihələr – süni intellektlə yaradılmış animasiyalar, musiqi kompozisiyaları, dizayn nümunələri və kino layihələri təqdim olunub.
Layihə müddətində iştirakçılar süni intellekt texnologiyalarından istifadə edərək yaradıcılıq sahələrində öz ideyalarını həyata keçirmək imkanı qazanıblar.
“AI4Art” layihəsi çərçivəsində təşkil olunan təlimlər süni intellektin yaradıcı sahələrdəki potensialını araşdırmaq və iştirakçılara bu texnologiyanı peşəkar fəaliyyətlərində tətbiq etmək üçün zəruri bilik və bacarıqları qazandırmağa yönəlib.
“Ədəbiyyat və incəsənət”
(16.01.2025)
Unudulmuşluğun hüdudları - ESSE
Xədicə Əliyeva, "Ədəbiyyat və İncəsənət"
4 gün.
Bəli, bu gün düz 4 gün idi ki, mən sadəcə maye ilə qidalanırdım. Sanki, artıq ağrı ilə doyurdu cismim. Uzun müddət idi ki, özümü unutmuşdum. Və ən son nə vaxt xatırladığımı xatırlamırdım.
Bir qeyrisinin sizi unutmasıdırmı ən ağrılı olan? Yoxsa, ən faciəlisidirmi insanın özünü xatırlamayacaq qədər unutması?
Nə ara uzaqlaşdım, hansı ara qopdum bu qədər özümdən, nələrdən sonra tərk etdim özümü, nə vaxt kəsdim, kim olduğumu tapmaq yolundakı addımlarımı?
İnsanları ən yaxşı mən anlayıram deyərkən, bir tərəfdən də heç anlamadığımı fərq edirəm. Həyata, ən qorunmaya möhtac şəkildə göz açarkən hələ körpə ikən ağlamaqdan qorxmuruq, narahat hiss etdikdə ağlayırıq, rahat olmadığımız üçün narahatlıq yaradanları narahat edirik. Daha sonra, bir gün yeriyə biləcəyimizi bildiyimiz üçün cəhdi buraxmırıq. Dəfələrlə yerə çırpılsaq, yaralansaq belə.
Maraqlıdır, uşaq vaxtı biz cəsur oluruq, üsyan edərək, baş qaldırırmışcasına ağlayaraq göz açırıq həyata. Nə baş verir, bizə nələr edilir, beyinlərimiz necə ələ keçirilib, psixoloji şiddətə məruz qalır ki, sonradan bizi incidənləri sakitcə dilə gətirməyimiz də cinayətə bədəlmişcəsinə tənqidə məruz qalır?
Susdurulur hisslərimiz, qamçılanır istəklərimiz. Uşaq vaxtı dəfələrlə “olmaz” deyildiyi halda, istədiyimizi əldə edənə kimi ağladığımız qədər, yetişkin olduqda da çıxardığımız səsin cüzisini çıxarsaydıq, dirənsə idik, yenə də məhkum olardıqmı ruhlarımızın qətlinin şahidi olmağa, görəsən?
Hansı ip qopandan sonra biz belə qorxaqlaşdıq? Bax, mən o qırılma nöqtəsinin axtarışında idim, digər insanlar fərqli maraqlarınn ardıyca gedəndə, mən, özümün arxasıyca gedirdim. Bir çoxu hələ özünü tanımadan, bir başqasını tanıma yolunda gedərkən, mən o yolun yolçusu olmaqdan qaçırdım. Çünki, mən hələ özümü tanımırdım, MƏN HƏLƏ ÖZÜMÜ TANIMIRDIM! Dünyanın içində, öz dünyamın axtarışında ikən, necə başqa birinin dünyasını kəşf etmək istəyi duya bilərdim ki? Necə başqasını tanıdığımı iddia edib, hələ üstəlik şəxsiyyəti barədə tənqidlər yürüdə bilərdim axı?
Bu olduqca mənasız səslənmirmi? Oturursan, bir nəfərlə söhbətə başlayırsan və o sənə tanıdığını iddia etdiyi birindən söhbət açır, məgər o özü ilə nə dərəcədə tanışdır ki, bir başqası haqqında da fikir formalaşdıra bilir? Bu qənaətə necə gəlir? Soruşsan, bilmədiyi tək şey varsa insanın, o da heç nə bilməməsini bilməyib, hər şeyi bildiyini zənn etməsidir. Belə olmaz axı! Olmaz! Bəzən, dost dediyin insanın eyni hissləri bəslədiyi insana qarşı sən də həmin hissləri bəsləyərsən. Niyə demədən, sorğulamadan. Deməli, bizim dərdimiz və istəyimiz bir insanı tanımaq deyil, onu istədiyimiz qəlibə sıxışdırıb, damğasını vurmaqdır.
Eh, insanoğlu, eh.
“Ədəbiyyat və incəsənət”
(16.01.2025)
Bir direktor, bir şagird layihəsində Rəna Hüseynova və Mehin Rəhimli
“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda 161 nömrəli tam orta məktəbdir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR :
Rəna Şəmsəddin qızı Hüseynova 4 iyun 1986-cı ildə Ucar rayonunda anadan olmuşdur. İlk təhsilini Ucar rayonu 2 nömrəli tam orta məktəbdə almışdır. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsində ali təhsilə yiyələnmişdir.
2012-ci ildə Ucar rayonu 2 nömrəli tam orta məktəbdə tarix müəllimi vəzifəsi üzrə pedaqoji fəaliyyətə başlamışdır.
2019-cu ildən Bakı şəhəri 143 nömrəli tam orta məktəbdə tarix müəllimi kimi çalışmış, dərs dediyi siniflər, əsasən, rus bölməsini əhatə etmişdir.
2023-cü ildən Bakı şəhəri 143 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini kimi fəaliyyət göstərmişdir.
2024-cü ilin yanvar ayında Yasamal rayonu C.Cabbarlı adına 161 nömrəli tam orta məktəbin direktor vəzifəsinə təyin edilmişdir, hal-hazırda da həmin məktəbdə fəaliyyətini davam etdirir.
Rəna Hüseynova pedaqoji fəaliyyəti zamanı bir çox layihələrin iştirakçısı və müəllifi olmuşdur. Həmçinin o, ulu öndərimiz Heydər Əliyevə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərindəndir.
Bundan əlavə, Rəna Hüseynovanın şagirdləri bir sıra yerli və beynəlxalq olimpiadaların qalibi və mükafatçısı olmuşdur.
Rəhbəri olduğu 161 nömrəli tam orta məktəb innovativ məktəblər sırasına daxil olduğundan 2024-cü ilin may ayında “İnnovativ Məktəb” layihəsi çərçivəsində İsraildə keçirilən təlimlərdə uğurla iştirak etmişdir. “ORT İsrail” məktəblər şəbəkəsinin mütəxəssisləri tərəfindən keçirilən təlimdə əsas məqsəd təhsil işçilərini şagirdləri yetkin həyatının çağırışlarına və gələcək əmək bazarının tələblərinə cavab verməyə hazırlaması üçün lazımi bilik, bacarıq və səriştələrin inkişaf etdirilməsi olmuşdur.
Hansı vəzifədə çalışmasından asılı olmayaraq, hər bir insan öz fəaliyyətini düzgün qurmalı, öz üzərində çalışmalı və işinə məsuliyyətlə yanaşmalıdır. Rəna Hüseynova daim öz üzərində çalışır, müxtəlif yerli və beynəlxalq təlim və layihələrdə mütəmadi olaraq iştirak edir.
ŞAGİRD:
Mehin Rəhimli Elmir qızı 10 aprel 2010-cu ildə Lənkəran şəhərində anadan olmuşdur. 2016-cı ildə Xırdalan şəhər 1 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur, 2020-ci ildən etibarən təhsilini Yasamal rayonu Cəfər Cabbarlı adına 161 nömrəli tam orta məktəbdə davam etdirir. Hal-hazırda 9-cu sinif şagirdidir.
2015-2023-cü illərdə Niyazi adına 22 nömrəli musiqi məktəbində fortepiano ixtisası üzrə təhsil almışdır.
2018-2019-cu illərdə İncəsənət Gimnaziyasında milli rəqs sənəti ilə məşğul olmuşdur.
Kimya fənni üzrə Respublika Fənn Müsabiqələrində iştirak etmiş, uğur qazanmışdır.
2022-ci ildə Kiçik Akademiyada baş tutan tədbirdə slayd üzərində hazırladığı yeni məhsulu təqdim etmişdir.
2023-2024-cü illərdə “EducationUSA Early Bird” proqramlarına qatılmışdır.
2024-cü ildə ADA Universitetində təşkil olunan “VI English Language Olympiad”da iştirak etmişdir.
2024-2025-ci illərdə davam edən, İsrail və Azərbaycanın birgə layihəsi olan Beynəlxalq Kosmik Olimpiyadada iştirak edir.
2025-ci ildə davam etməkdə olan “Azərbaycan Milli Peyk İnnovasiya” müsabiqəsində iştirak edir.
Məktəbdaxili və məktəbdənkənar müxtəlif intellektual yarışlarda iştirak edərək bilik və bacarıqlarını inkişaf etdirmişdir. Boş vaxtlarında teatr tamaşalarına, muzeylərə və kitab sərgilərinə gedir. Xüsusilə, detektiv janrda olan kitablar oxumağa maraq göstərir.
ESSE
Süni intellekt təhsil həyatımı necə asanlaşdırır?
Müasir dövrümüzdə texnologiyanın sürətli inkişafı ilə həyatımızın müxtəlif sahələrində yeniliklər müşahidə olunur. Bunlardan biri də süni intellektin (Sİ) təhsildə tətbiqidir. Sİ, təhsil həyatımı asanlaşdıraraq öyrənmə prosesini daha effektiv və maraqlı edir.
Birincisi, süni intellekt fərdi öyrənmə imkanları yaradır. Hər bir insanın öyrənmə qabiliyyəti və tempi fərqlidir. Sİ əsaslı tətbiqlər, ehtiyaclarımı nəzərə alaraq şəxsi tədris planı hazırlayır. Məsələn, zəif olduğum mövzularda əlavə izahlar və tapşırıqlar təqdim edən proqramlar mənim üçün faydalıdır. Beləliklə, vaxtımı düzgün idarə edərək öyrənmə prosesində irəliləyiş əldə edirəm.
İkincisi, süni intellekt məlumat əldə etməyi asanlaşdırır. Əvvəllər kitabxanalarda uzun müddət sərf edərək məlumat toplamaq lazım idi. İndi isə Sİ əsaslı axtarış sistemləri və məlumat bazaları vasitəsilə qısa müddət ərzində lazımi biliklərə çatmaq mümkündür. Bu, xüsusilə tədqiqat işlərində və layihələr hazırlayarkən mənim üçün böyük üstünlükdür.
Üçüncüsü, süni intellekt dərsləri maraqlı və interaktiv edir. Virtual reallıq və Sİ proqramları dərsləri daha canlı və yadda qalan bir şəkildə öyrənməyə imkan yaradır. Məsələn, coğrafiya dərslərində virtual xəritələrdən istifadə etməklə müxtəlif ölkələri daha yaxşı başa düşə bilirəm.
Bundan əlavə, süni intellekt mənim dil öyrənmə prosesimi də asanlaşdırır. Xarici dil öyrənmək üçün xüsusi proqramlar istifadə edirəm. Bu proqramlar təkcə qrammatika və lüğət biliklərimi inkişaf etdirmir, həm də düzgün tələffüz etməyimə kömək edir.
Nəhayət, süni intellekt vaxt idarəetməsində və təşkilatçılıqda mənim əsas köməkçimdir. Cədvəlləri tərtib edən və tapşırıqlarımı xatırladan proqramlar dərslərimi və digər fəaliyyətlərimi daha yaxşı planlamağa imkan verir.
Beləliklə, süni intellekt təhsil həyatımda əvəzolunmaz bir alətə çevrilib. O təkcə mənim öyrənməmi asanlaşdırmır, həm də gələcək üçün daha hazırlıqlı olmama kömək edir. Düşünürəm ki, süni intellektdən düzgün istifadə etməklə, hər bir şagird öz potensial inkişafını tam şəkildə həyata keçirə bilər.
“Ədəbiyyat və incəsənət”
(16.01.2025)
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
“YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir.
“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, 2-ci qrup Vətən müharibəsi əlili Cəfərli Vətən Zakir oğluna İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta üzrə xidmətlər zərfində yer almayan Revizyon artroplastika əməliyyatı keçirilib. Əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(16.01.2025)
Vətən elin evidir - MİLLİ QƏHRƏMANIN DOĞUM GÜNÜNƏ
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənə”
Vətəninə bağlı olan gənc zabitimiz, polis leytenantı, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Abdullayev 1969-cu ilin 16 yanvarına Lerik rayonunda doğulub. Orta təhsilini doğma rayonunda alıb.
O, 1987-ci ildə Sankt-Peterburq Ali Hərbi-Siyasi məktəbinə daxil olub. 1991-ci ildə ali məktəbi əla qiymətlərlə bitirən gənc leytenantın təyinatını Rostov şəhər Daxili İşlər Şöbəsinə veriblər. O, Azərbaycana qayıdan kimi DİN-in əməkdaşı olaraq daxili qoşunların tərkibinə qatılıb…
Və Qarabağ müharibəsi başladı.
Gənc zabit bir müddət sonra Zəngilana göndərildi. Rövşən 70 nəfərdən ibarət taqımın komandiri təyin edildi. Onun başçılıq etdiyi taqım göstərdiyi şücaətə görə cəbhədə ad çıxarmışdı. Onun köməkliyi ilə düşmənin Qafan rayonunda yerləşən obyektləri məhv edildi. 13 sentyabr 1993-cü il son döyüşü oldu. Erməni faşistləri Zəngilan rayonunun Qazançı kəndinə hücum etmişdi. O, döyüş yoldaşları ilə "QAZ-66" markalı avtomobilə əyləşib Qazançıya yollandı, onlar kəndin yaxınlığında düşmənin PDM-i və piyadaları ilə üzbəüz çıxdılar, güclü atəşə maruz qalan vətənimizin igid oğulları ölüm-dirim savaşına girdilər. Rövşən yoldaşlarına meşəyə çəkilməyə əmr edir, özü isə ağır yaralansa da silahı yerə qoymadı. Yoldaşları onu xəstəxanaya çatdırdılar, amma artıq gec idi.
Qəhrəmanımız Lənkəran şəhər qəbiristanlığında dəfn edilmişdir. Lənkəran şəhərində abidəsi və parkı mövcuddur. Adına Lerik şəhərində mədəniyyət evi və küçə var.
Allah rəhmət eləsin!
Amin!
“Ədəbiyyat və incəsənət”
(16.01.2025)
Zəlimxan Yaqub haqqında yeni kitab nəşr olunub
Xalq şairi Zəlimxan Yaqubun yeni işıq üzü görmüş “Məqalələr. müsahibələr” adlı kitabından sonra şair haqqında daha bir kitab çap olunub.
AzərTAC xəbər verir ki, “Bakı Mətbəəsi ASC”də çap olunan və Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun “Bu dünya əbədi dirilərindir” adlı “Ön söz”ü ilə başlayan “Zəlimxan özü var xatirələrdə (II kitab)” adlı topluda ölməz söz ustadı haqqında Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, professorlar Bədirxan Əhmədov, Akif Abbasov, Rüstəm Kamal, Mərziyyə Nəcəfova, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, şair Əbülfət Mədədoğlu və digər elm adamlarının elmi-publisistik məqalələri ilə yanaşı, şairə ithaf olunmuş şeirlər yer alıb.
Birinci cildi 2017-ci ildə işıq üzü görən bu kitabı da nəşrə hazırlayan və redaktoru Zəlimxan Yaqub ədəbi irsinin tədqiqatçısı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.
Xatırladaq ki, bu il Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 75 illik yubileyidir. Artıq yubileylə bağlı tədbirlərə start verilib.
“Ədəbiyyat və incəsənət”
(16.01.2025)
“Səma xanımı” filmi təqdim olunub
Yanvarın 14-də Qafqazın və Yaxın Şərqin ilk təyyarəçi qadını Leyla Məmmədbəyovaya həsr olunan “Səma xanımı” qısametrajlı filminin təqdimatı keçirilib.
Elvin Əhmədoğlunun rejissoru və ssenaristi olduğu film Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Televiziyası və “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi ilə ekranlaşdırılıb.
Komitədən AzərTAC-a bildirilib ki, təqdimat zamanı filmin ötən ay faciəvi təyyarə qəzasında həlak olan Milli qəhrəmanlar İqor Kşnyakin, Aleksandr Kalyaninov, Hökumə Əliyevaya ithaf edildiyi qeyd edilib və onların əziz xatirəsi anılıb.
Qeyd edək ki, peşəsinə sevgisi və qəhrəmanlığı ilə tariximizdə iz qoymuş Leyla Məmmədbəyova ilk təyyarəçi qadın olmaqla yanaşı, tarixdə ilk qadın paraşütçülərindən biri kimi də tanınıb.
“Ədəbiyyat və incəsənət”
(16.01.2025)