
Super User
“Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi” Oğuzda yad edilib
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Ölkəmizin hər yerində olduğu kimi Oğuz rayonundada milli qürur və qəhrəmanlıq günü olan 20 Yanvarla bağlı kütləvi tədbirlər keçiririlmişdir.
Oğuz Rayon Heydər Əliyev Mərkəzinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki reginal bölməsinin birgə təşkilatçılığı ilə “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi” mövzusunda tədbir də bunlardan biri idi.
Tədbirdə Oğuz Rayon Heydər Əliyev Mərkəzinin direktoru M.Abbasova, DQİDK–nın Şəki reginal bölməsinin əməkdaşı S.Salehov, ziyalılar və gənclər iştirak etmişlər.
Çıxışlar zamanı qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecəni təkcə faciə adlandırmaq olmaz. Bu, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Qanlı Yanvar faciəsindən artıq 35 il keçir. Həmin gün sovet imperiyasının Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaq. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovetrejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətinibütün dünyaya bir daha nümayiş etdirdi.
Vurğulanıb ki, artıq 35 ildir ki, xalqımız bu günü Vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olan mərd oğul və qızlarının xatirəsini dərin hörmət vəehtiramla yad edir. 1990-cı ilin yanvar qırğını nə qədərfaciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həminmüdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanıntarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Müstəqil Azərbaycandövlətinin tarixinə qanla yazılan 20 Yanvar faciəsixalqımızın şərəf və qəhrəmanlıq səhifəsidir. Sonda 20 Yanvar hadisələrinə həsr olunmuş videoçarx nümayiş olunub.
Oğuz rayon MKS-nin bütün müəssisələrində də 20 Yanvar hadisələrinin 35-ci ildönümü ilə əlaqədar silsilətədbirlər keçirilib, kitabxanalarda kitab sərgiləri təşkiledilib. 20 Yanvar Şəhidlərinin xatirəsi ehtiramla yadedilib.
Oğuz rayon Mərkəzi Kitabxanasının oxucularaxidmət və uşaq şöbəsi birlikdə fəal oxucuların iştirakı iləŞəhidlər Xiyabanında " Milli qürur və qəhrəmanlıqsalnaməsi" adlı ədəbi bədii kompozisiya keçiriblər.
Oğuz rayon MKS - nin Çaldaş, Böyük Söyüdlü, Dəymədərə, Kərimli, Qarabluq kənd kitabxana filiallarıərazidəki məktəblərlə birgə "Mərdlik və qürur günümüz", "20 Yanvar Unudulmaz tarix", "Azadlıq qurbanları", "20 Yanvar - Milli birliyimizin simvoludur" adlı ədəbi - bədiikompozisiyalar keçirmişlər. Xalxal, Tayıflı, Qumlaq, Padar, Yaqublu, Bayan kitabxanalarında "20 Yanvar- tarixə qanla yazılan gün", "20 Yanvar - Azərbaycan xalqıüçün unudulmaz tarixdir", "Qanlı Yanvar gecəsi" başlıqlıədəbi bədii kompozisiyalar təşkil edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(21.01.2025)
Müharibə və müharibə cinayətləri
Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”
Bir döyüşdə və ya əməliyyatda sivil ya da silahsız bir əsgərə qarşı qeyri-etik davranış müharibə cinayətidir.
Bir aksiyanın və ya etiraz dalğasının qarşısı müxtəlif formalarda alınır. Ya su fontanı ilə, ya daha ciddi təhlükə duyulanda gözyaşardıcı qazla,, da kiçik qruplar halında toplanan polislər bu vəzifəni aksiyaçıkarı yaxalama şəklində yerinə yetirir. Ancaq 35 il öncə - 1990-cı ilin yanvar ayının 20-sində yaşanan hadisələr tam bir müharibə cinayəti idi.
Ta əzəldən hər kəsə bəllidir ki bir milləti, xüsusilə türk toplumunu əsarət altında saxlamaq və ya ona hökmranlıq etmək qeyri-mümkündür. Bu məntiqlə böyüyən, yaşayan azərbaycanlılar da 1990-cı ildə Azadlıq meydanında toplanaraq hürriyyətləri üçün mübarizə apardılar.
Sovet hökuməti məqsədini Azərbaycan Televiziyasınln enerji blokunu partladaraq bəyan etdi. Məqsəd sadəcə aksiyanı dayandırmaq yox, azərbaycanlıların gözlərini tam qorxutmaq idi.
Başqa bir toplum, başqa bir ulus olsaydı tankdan, silahdan, ordudan çəkinib geri çəkilərdi. Ancaq damarında Azərbaycan qanı axan bir toplumun önünü nə tank, nə də mərmilərin vıyıltısı kəsə bildi. Bəli itkilərimiz, şəhidlərimiz çox oldu. Ancaq istədiyimizi də aldıq. Müstəqilliyimizə qovuşduq.
O dönəmdə başımıza gətirilənlər sanki dünən yaşanıbmış kimi hələ də yaddaşımızdan silinməyib və silinməyəcəkdir. Bir xalq birləşirsə və birşeylər uğrunda mübarizə aparmaq üçün ayağa qalxırsa, önündə dağlar sıralansa belə onu dayandırmaq mümkün deyil.
35 il öncə olduğu kimi ötən gün də Şəhidlər Xiyabanı al qərənfilə boyanmışdı. Şəhidlərimizin ruhu şaddır. Çünkü azadlıq mübarizəmiz QARABAĞDA qazandığımız şanlı zəfərlə taclandı.
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!!!
"Ədəbiyyat və İncəsənət"
(21.01.2025)
Burada müstəqilliyimizin təməl daşları uyuyur!
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Bu gün Azərbaycan xalqının sel kimi axışdığı bir yer var... Şəhidlər xiyabanı. Burada müstəqilliyimizin təməl daşları uyuyur. Bura köksündə Vətən gəzdirənlərin evidir. Bura son qiyama qalxanların azadlıq mənzərəsidir. Bura bütöv Azərbaycanın şərəf lövhəsidir. 150 nəfərin uyuduğu Şəhidlər xiyabanı 35 ildir, sinəsində oğul gəzdirən anaların beşiyi, nakam sevgilərin görüş yeri, xınalı gəlinlərin bəy otağıdır. Bura hər kəsin başı dik gəlib, boyun əydiyi əbədiyyət möhürüdür.
Bir gecədə taleyi dəyişən gül: qərənfil
İnsanı bu soyuq mənzərə qarşısında qəhər boğur, göz yaşları içinə axır. Qırmızı qərənfillərlə bəzənən bu məzarlar 35 ildir ki, Azərbaycan xalqının isti nəfəsi ilə qızınır. Xınalı gəlinlərin hər il qucağında bu xiyabana gətirdiyi körpələrin artıq 35 yaşı var. Onlar 35 ildir ki, qəhrəman ataları ilə böyüyürlər. Onlar sovet tankları altında əzilməyi gözə alan qəhrəmanların övladlarıdır. Onlar xalqın qəlbində azadlıq məşəli yandıranların övladlarıdır.
2 məzarda 3 can uyuyur
Həyat sevinc və kədərlə bizi qarşıladığı kimi bəzən də nakam sevgilərlə ömrümüzdən ömür alır. O gecə Azadlıq meydanında 6 ay öncə ailə quran İlhamda var idi. O gecə İlhamın qəlbində Fərizə, Fərizənin bətnindəki 2 aylıq körpə də orada idi. O gecə orada olan hər kəsin başının üzərində ölüm, olmayanların isə beyninin içərində əcəl at oynadırdı. İrəli addımlayan hər qoca, cavan, körpə bir amala görə mücadilə edirdi. Addımların başında Vətən, Vətənin içərində isə bütün qohumlar, dostlar, tanışlar var idi.
Meydandakılar hər kəs üçün, hər kəs isə meydandakılar üçün narahat idi. Gözlər dodaqlardan çıxan bir sözə bənd idi. Elə Fərizə də İlhamdan gələn bir xəbərdən asılı qalmışdı həyatda. Yenicə köçdükləri mənzilə sükut, Fərizənin qəlbinə od düşmüşdü. Bir qığılcıma bənd olan bu ev alışmaq üçün bir sözə mübtəla idi. Bir gecə... Sadəcə, bir gecə Fərizədən gəncliyini, xəyallarını, arzularını, istəklərini və... İlhamını aldı. Açılan səhər ona öz hədiyyəsini qara tabutda ərməğan etdi. Fərizə bətnindəki 2 aylıq körpəsi ilə öz canına qıydı. Düşmənin İlhama qıydığı kimi yox... Düşmənin qıydığı İlhama çatmaq üçün. Elə həmin gün Vətən sevgisinin bütün sevgilərdən üstün olduğu bir dastan yazıldı. Fərizə və İlham dastanı. İlham Vətən uğrunda, Fərizə sevgi uğrunda, bətnindəki körpə isə torpaq uğrunda şəhid oldular.
İndi burada 2 məzarda 3 can və yaxud bir ailənin 3 üzvü uyuyur. Vətən, sevgi və torpaq!
“Ədəbiyyat və incəsənət”
(20.01.2025)
“Azadlığa axışımız” – ƏKBƏR QOŞALI YAZIR
“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, publisist, ictimai xadim Əkbər Qoşalının təqvimin bu gününə həsr edilmiş yazısını təqdim edir. Əlbəttə ki, Şəhidlər ölmədi, Vətən bölünmədi! Və əlbəttə ki, “dövlətimiz zaval görməsin”!
20 Yanvar 1990-cı il… - Bu tarix Azərbaycanın milli təqvimində yalnız bir Hüzn Günü deyil, həm də millətimizin əyilməz iradəsinin, azadlıq uğrunda mübarizənin yüksək təcəssümü kimi yaddaşımıza həkk olunub. 20 Yanvarın 35-ci ildönümündə, tarixə bir daha nəzər salmaq və o gecənin milli ruhumuza nəqş etdiklərini (yığcam şəkildə də olsa), incələmək önəmlidir.
20 Yanvarın məntiqi zirvəsi:
Şəhidlərin xatirəsinə ismarlanan Zəfər
20 Yanvar hadisələri təkcə xalqımıza qarşı törədilmiş qətliam deyildi. - O, Azərbaycan xalqının öz haqq səsinə sadiqliyini nümayiş etdirdiyi, istiqlal yolunda ən çətin maneələri dəf etməyə hazır olduğunu dünyaya duyurduğu bir gecə idi. O qanlı gecə, hər bir azərbaycanlının yaddaşında həm kədər, həm də qürurla əbədi yaşayır. 1990-cı ilin yanvarında Bakıda və ətraf bölgələrdə sovet qoşunlarının törətdiyi qırğınlar, xalqın qurtuluş idealını boğmağa yönəlmiş aşırı təzyiqlərin ən ağırlarından idi. Lakin həmin qırğınlar bizi sarsıtmadı, əksinə, milli mübarizəmizin mənəvi dayaq nöqtəsinə çevrildi:
Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi Şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən torpağına çəkdi Şəhidlər…
Zalım öyünməsin zülümləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə,
Ölümü kamına çəkdi Şəhidlər…
O şənbə gecəsi, o qətl günü,-
Mümkünə döndərdik çox namümkünü,
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü Şəhidlər…
(B.Vahabzadə).
Bu gün, bütün dövrlərdəki şəhidlərimizin qanının yerdə qalmadığını qürurla deyə bilərik. Qurtuluş, suverenlik və ərazi bütövlüyü uğrunda şəhidlərimiz, İkinci Qarabağ müharibəsindəki möhtəşəm qələbənin əsasını təşkil edən mənəvi irs kimidir.
2020-ci ildə başlayan 44 günlük müharibə və 2023-cü ilin antiterror əməliyyatı göstərdi ki, Azərbaycan dövləti və xalqı, tarix boyu başımıza gətirilənlərin əvəzini çıxmağa qadirdir.
Azadlığa gətirən yollar:
1990-cı İllərdən bu günə
Ermənistanın 90-cı illərdən öncədən başlayan işğalçılıq siyasəti və bunun doğurduğu məcburi köçkünlük problemi, xalqımızın səbr kasasını daşırmışdı. Həmin dönəmdə Azadlıq meydanına axışan və bir yumruq kimi birləşən xalq, öz haqq səsini qaldırırdı. Onlar dədə-baba yurdlarından didərgin salınmış həmvətənlərimizin hüquqlarını müdafiəyə çağırır, Azərbaycanın ərazi bütövlüyünü qorumaq uğrunda qətiyyətli iradə nümayiş etdirirdi. Lakin məhz 1990-cı ilin 20 Yanvar gecəsi bu iradə bir sınaqdan keçdi və xalqımız öz taleyini yazmaq, yazılanları ciddi redaktə etmək hüququnu qanla təsdiqlədi.
Bu gün o dönəmdə qaldırılan şüarların ən önəmlilərinin artıq həyata keçdiyini görürük. Azərbaycan yalnız ərazi bütövlüyünü bərpa etməklə yetinmədi, həm də beynəlxalq arenada öz mövqeyini möhkəmləndirdi. Ən əsası, Azərbaycan xalqı öz gücünə inandı və bu inamı əməldə sübuta yetirdi.
Şəhidlərin ruhunu şad edən
Böyük Qayıdış
Bu gün işğaldan qurtulmuş ərazilərimizdə Azərbaycan qutsal dövlət bayrağı dalğalanır. Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlar yenidən abadlaşdırılır, mədəniyyət, insaniyyat, bir sözlə, həyat geri qayıdır. Bu, 20 Yanvar şəhidlərinin ruhunu ən çox sevindirən bir prosesdir. 35 il öncə sovet tanklarının altında, avtomat güllələrinin önündə qalan insanlar, yalnız bir gün üçün deyil, gələcəkdə müstəqil, güclü və sarsılmaz Azərbaycan görmək üçün canlarını fəda etdi. Bu gün həmin arzuların gerçəkləşməsi, yalnız bir rəsmi - dövlət uğuru deyil, eyni zamanda mənəvi Zəfərdir.
20 Yanvarın dərsləri və yeni çağırışlar
20 Yanvar, yalnız hüzn günü kimi deyil, həm də milli birliyimizin güc mənbəyidir. Biz bu dərsləri gələcək nəsillərə ötürməli, şəhidlərimizin irsini yaşatmalı və daim qabaqcıl olmalıyıq ki, bir daha belə faciələr təkrarlanmasın. Bu gün Azərbaycanın qarşısında duran əsas çağırış, azad edilmiş torpaqları yenidən canlandırmaq, müstəqilliyimizi əbədi etmək və gələcək nəsillər üçün daha güclü bir dövlət miras qoymaqdır.
Ruhunuz şad olsun, əziz şəhidlərimiz! Sizin fədakarlığınız, bu gün yaşayan Azərbaycanın möhtəşəmliyində öz əksini tapır.
Şəhidlər ölmədi, Vətən bölünmədi!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(20.01.2025)
Haçansa memuarlarımı yazacağam -VARİS
Haçansa mütləq memuarlarımı yazacağam.
90-cı ilin 20 yanvarında Bakıdakı qırğın xəbərini eşidib sumqayıtlılar Kimyaçı sarayının qarşısına axışırdı. Dan yeri yenicə sökülürdü. Hamı çaşqınlıq içindəydi. Xalq hərəkatı fəalları mitinq təşkil etmək qərarına gəldilər.
Hələ SSRİ-nin tərkibindəydik, hələ kompartiya xofu güclüydü, hələ imperiyanın ordusu üstümüzə silah tuşlamışdı deyə adamlar hər şeyi öz adıyla deməyə ehtiyat edirdilər.
Belə bir vaxtda tribunaya bir tələbə çıxdı və hayqırdı ki, Bakıda baş verənlərin adı birdir: rus faşist ordusunun Azərbaycan xalqına qarşı soyqırımıdır, Dağlıq Qarabağı müdafiə edən xalqımızın cəzalandırılmasıdır.
Ardınca da hamını Bakıya yürüş etməyə çağırdı.
Və ona qoşulanların yürüşünü Ceyranbatan gölünün tuşunda, dörd gün sonra akademiklərimizi öldürdükləri yerdə sovet tankları dayandırdılar. Həmin o çılğın gənc tankın üstündəki sifəti donuq ifadəli əsgərlərə “faşistlər”, “işğalçılar” deyə qəzəb püskürəndə əli tətikdə olanlar çaxmağı da şaqqıldatdılar. Amma nəsə düşünüb atəş açmadılar.
Bax o açılmayan atəşdən üzü bəri 35 ildir ki, həyatdayam. 20 yanvar mənim taleyimdən bax belə keçib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəkildə: 20 yanvardan 4 gün sonra Çeyranbatan gölünün tuşunda qanlı rus ordusu akademiklərimizin avtomobilini əzib onları işıqlı həyatdan məhrum etdilər.
“Ədəbiyyat və incəsənət”
(20.01.2025)
Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qanlı 20 Yanvar faciəsindən 35 il keçir. Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olan 20 Yanvar hadisələri milli müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilib. Keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Düz 35 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların Azərbaycandakı əlaltılarına dərin nifrətini bildirir.
Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən təcavüzkar Ermənistanın açıq-aşkar dəstəklənməsinə və respublikanın ozamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciə, günahsız insanların həlak olması ilə nəticələndi. Sanki bunları görməyən Azərbaycanın ovaxtkı səriştəsiz rəhbərlərinin yenə də xalqla bir olmağa cəsarəti çatmadı.
Həmin vaxt Moskvada yaşayan Ümummilli Liderimiz Heydər Əliyev həyatını təhlükə altında qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gəldi, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi.
Əslində, ermənilərin fitvası ilə törədilmiş bu cinayət Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa istəyinə - azadlıq və müstəqilliyinə qovuşdu və bu nailiyyəti heç vaxt əlindən verməyəcək.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanın rəhbərliyinə qayıtdıqdan sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi.
Bu gün Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir. Vətənimizin azadlığı uğrunda mübarizədə canlarından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, doğmaları da hər zaman dövlət qayğısı ilə əhatə olunub. 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin də sosial müdafiəsi, pensiya təminatı hər zaman Azərbaycan Prezidenti İlham Əliyevin diqqətindədir. 20 Yanvar şəhidlərinin ailə üzvlərinin və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Şəhid ailələrinin pensiya təminatı, mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi ilə bağlı mükəmməl qanunvericilik bazası yaradılıb.
Əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş bütün şəhidlərin ruhları bu gün şaddır. Çünki 2020-ci ildə Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoydu, torpaqlarımızı erməni işğalından azad etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam bərpa olundu. İndi bütün ərazilərimizdə Azərbaycanın üçrəngli Bayrağı dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri sürətlə davam edir, Böyük Qayıdış Proqramı uğurla icra olunur. Bunun nəticəsidir ki, işğaldan azad olunmuş ərazilərdə hazırda ümumilikdə 30 mindən çox insan yaşayır.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması bütün şəhidlərimizin, o cümlədən 20 Yanvar faciəsi qurbanlarının qanının yerdə qalmadığının sübutudur. Buna görə də xalqımız 20 Yanvar faciəsinin 35-ci ildönümünü də xüsusi qürur hissi ilə qeyd edir.
“Ədəbiyyat və incəsənət”
(20.01.2025)
20 Yanvar - qaranlıqdan aydınlığa açılan səhər... -XATİRƏ
\
Azadə Novruzova, şair-publisist, QərbiAzərbaycannın Zəngəzur bölgəsinin Qarakilsə rayonu, Şəkikəndsakini– “Ədəbiyyat və incəsənət” üçün
34 ildir ki, bu müqəddəs Xiyabanı ziyarət edirəm. İlk illərdə məktəbli idim. Ömrümdən nə qalıbsa, o tarixdən bəri yaşadığım illər kimi yenə də bura bağlı olacaq.
Şəhidlərimizin dəfn gününü heç unutmaram... Sinif yoldaşlarımızla Əhmədlidən piyada dizəcən qara bata-bata gəlib çıxmışdıq dəfnə. İnsan izdihamı göz qaraldırdı. Səması tutulmuşdu küləklər şəhərinin. Qar, boran az görən Bakıda şaxtalı bir gün idi. Al qərənfil yağışı yağmışdı Azadlıq tələb edən xalqımızın ana qucağına - Bakıya.
Uzaq dağ kəndindən sənə sarı çox boylanmışdım, Bakı! Poçt maşınını kəndimizin asfalt yoluna burulan görən kimi məhlə uşaqları ilə birlikdə poçtumuza qaçardıq. Əmidən, bibidən, dayıdan, xaladan, qohum-əqrabadan məktub, bayram açıqcalarını nə qədər səbirsizliklə gözləyərdik. Poçtdan birimiz sevincək, beşimiz məyus qayıtsaq da, bu hal həmişə belə təkrarlanardı. Həm sevinənlər, həm də məyus olanlar poçta bir yerdə gedib gələrdik. O məktubları qaranəfəs evə çatdırınca necə sevinc yaşamışam, İlahi! Məktubu birinci nənəmə oxuyardım, həyacanlı-həyəcanlı. Sonra atam oxutdurardı, sonra da anam. Özüm isə yeni məktub alana qədər dönə-dönə oxuyurdum. Sanki sehirli idilər bu məktublar. Özləri ilə nə qədər ümid, sevinc gətirirdilər. İçindəki xəbərlərdən belə asılı olmazdı bu sevinclər. Bəzən acı xəbərlər gətirsələr də...
"Sizə Bakıdan məktub gəlib" bu cümlənin sevinci ayrı idi. Qohum uşaqları yazırdılar ki, Bakının işıqları o qədər al-əlvandır, zülməti aydınladır. Gecələri ecazlı, gündüzləri füsunkar Bakı…
Bir uçqar dağ kəndindən necə möhtəşəm görünürdün, doğma Bakı, əziz Bakı!
Bu gün də Dağüstü park yüksəkliyindən seyr edib qürurlandım səninlə, gözəl Bakım, mehriban Bakım. Adətən belə başlayardı məktublar:
-Salam. Biz sağ və salamat olub, sizin də sağ və salamat olmağınızı o bir Allahdan arzu edirik. Yazın görək, necəsiniz? Burda, bizdə havalar yaxşı (soyuq, sərin, isti və s.) keçir, bəs orda, sizdə havalar necə keçir?
Burda - bizdə... Orda - sizdə... Havaların necəliyi sanki, bütövlükdə növbəti məktubu yazana kimi adamı toxtaq saxlayırdı. Bu məktublar ümumilikdə əhval-ruhiyyəni özündə cəm edib, məktub yazılana ötürürdü. Artıq 36 ildir ki, Bakıya məktub yazmıram. Poçt maşını yalnız xəyalımda kəndimizə burulur...
Bakıya ilk gəlişim 1988-ci ilin sentyabr ayında Zəngəzur mahalındakı Qarakilsə rayonunun Şəki kəndindən qaçqın uşaq statusunda olub. O ildən Bakı əlimdən bərk tutub. Bakının sakini olmuşam. O illərin uşaqlarının çoxunun uşaqlığı Azadlıq Meydanında keçirilən mitinqlərdə keçib. Məktəbdə dərslərimizi yarımçıq qoyub, qaçıb meydana gələrdik. Azadlıq mübarizəmizə qoşulardıq. “Lenin baba”, deyə-deyə böyüyən biz - sovet uşaqları Sovet İmperiyasının necə süqut etdiyini öz gözlərimizlə gördük, ağrı-acılardan keçib, müstəqilliyin dadını ilk dadanlardan olduq. Biz uşaqlar da elə birdən böyüdük...
Mən də 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədə böyüdüm. O dəhşətli yanvar gecəsində qaldı doğum günü sevincim. Günahsız məktəbli Larisanı, İlqarı qətl edən “bizim sovet ordumuz“un əsgərləri o sevinci də güllələdilər. Gecəni vahimə içində keçirdik. Nə baş verdiyi barədə hər hansı bir rəsmi məlumat əldə etmək mümkün deyildi. Azərbaycan Televiziyasının enerji blokunu partlatmışdılar. Radio da susmuşdu. O zaman mobil əlaqə yox idi. Yalnız şəhər telefonları ilə əlaqə saxlamaq olurdu. O da təhlükəli idi. Çünki dinlənilirdi. Qanlı Yanvar şənbəsinə açıldı sabahımız. Heç kim bir-birindən xəbər tuta bilmirdi. Əslində nə baş verdiyini anlamaq çətin deyildi. Gözlə gördüklərimiz bunu diqtə edirdi. Bakıya Sovet Ordusu hücum etmişdi. Dinc əhalimiz amansızlıqla qətlə yetirilmişdi. Sovet ordusunun tankları Bakını hər tərəfdən əhatəyə almışdılar. Binamızın (Əhmədli qəs. Nəsirəddin Tusi küç.43) başında, yolun ortasındakı tank hansı eyvandan boylanan olurdusa oranı atəşə tuturdu. Axşamlar işığı gələn pəncərələrə də atəş açılırdı.
Bakı buxtasındakı gəmilərin qulaqlarımdan heç vaxt getməyən fit səsləri... Eyvanlardan 40 gün asılan qara bayraqlar... Nə tankdan, nə qandan qorxan xalqımızın əzmi, iradəsi, mübarizliyi... Dağüstü parka doğru irəliləyən insan seli... İndi Bakının 20 Yanvar Meydanına çevrilən bu yerdə bir vaxt XI Qızıl Ordu meydanında heykəli ucalan, Qızıl Ordunun, əslində Qanlı ordunun törətdiyi faciəyə qarşı Bakının qəzəbi, nifrəti, sonsuz kədəri yaddaşımdan silinməyib, silinməz də. Heç Sovetlər Birliyini yaradanların özlərinin də inanmadığı, uydurduqları sovet xalqı məfhumu və bu xüsusda yaratdıqları bu beynəlmiləl xalqa qarşı faşist münasibətləri təkcə Bakıdakı 20 Yanvar faciəsi ilə məhdudlaşmamışdı. Alma-Ata, Tbilisi, Oş, Düşənbə, Vilnüs, Riqada da bu Qızıl yox, Qırmızı ordu xalqları qanlarına qəltan etmişdi. Uşaq ikən qulağım çox eşitmişdi. “Bala, Allah bu Şura hökumətini dağıtsın. Bizi quru yurdda qoydu. Sürgünlər, güllələmələr, yağmalamalar...”
Ağ günümüzü qara günə çevirdilər. Heç pis gündən gözümüz açılmadı... Evini yıxanlara qulluqçu olmaqdan ağır nə ola bilərdi? Sovet vətəndaşı, sovet ordusu və s. zor gücünə hamını sovetləşdirmişdi. Müharibə, qan-qada, ölüm, itim... Çox şeyimizi itirdik. Ərazi bütövlüyümüzü, əzizlərimizi, dostlarımızı... Dağıdılan varımızı-halımızı demirəm... Bircə ümidimizi itirmədik. Ümid ölmədi, bizi diri saxladı!
2020-ci ildə 44 Günlük Şanlı Zəfər salnaməsi yazıldı tariximizə. 2023-cü ildə ərazi bütövlüyümüz bərpa olundu. Bu zaman kəsimində Müstəqil dövlətimiz möhkəmləndi, ordumuz gücləndirildi və nəhayətdə Böyük Qələbə qazanıldı. Zəfər çaldıq!
2025-ci il 20 yanvar tarixində Bakıdan - Bakıya yazılan bu məktub yazıldı. Əlimdəki qərənfillər isə əvvəlki illərdən fərqli olaraq, üşümədilər... 35 ildir ki, bu sevinc, sevgi, şadlıq çiçəkləri soyuq məzarlara düzülür. Şəhidlərimizin tökülən günahsız qanlarının simvoluna dönüblər, bu al qərənfillər...
Bu il qərənfilləri şəhid məzarlarına düzəndə həm şəkillərdən boylanan baxışlar, həm də qərənfillər gülümsəyirdi üzümə. Onlar sanki birləşib ərazi bütövlüyümüzün sevincini əks etdirdilər bu gün bizə, ziyarətçilərinə.
Bu gün, gözümüzdən yaşları, kədəri, qüssəni sildi AZADLIQ uğrunda əziz canlarını fəda edən, ŞƏHİDLƏRİMİZ! Amalı azadlıq olan şəhid şairimiz Ülvi Bünyadzadənin anası bir dəfə söhbətimizdə söylədi ki, Ülvi gənc ikən şəhid oldu, yandım, kül oldum. Amma sonra gördüm ki, oğlum xalqımızın qəlbində yaşayır, o diridir! Əbədi ömür qazanıb. Məni bu toxtatdı. Ülvini və azadlığımız uğrunda canını qurban verən bütün şəhidlərimizi qoynuna alan Vətən sağ olsun! Allah hər bir Şəhidimizin əziz ruhunu şad etsin!
20 Yanvar, sən qaranlıqdan aydınlığa açılan səhər oldun. Qürur Günümüzsən!
Şura deyilən hökumət qurulan gündən qəlbimizə gizli-gizli əkilən Azadlıq toxumları bu gün al qırmızı qərənfillər gözəlliyində göyərdi!
Mən də yenidən doğuldum bu gün, hürr və azad! Bakı, xoş vaxtın xeyir!
“Ədəbiyyat və incəsənət”
(20.01.2025)
20 Yanvar günü dənizçilərimiz necə qəhrəmanlıq etdi? - TARİXƏ RAKURS
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, hərbi dəniz donanmasının və daxili qoşunların bölmələri dinc əhaliyə qarşı vəhşiliklər törətdilər.
Faciə nəticəsində Bakıda və ətraf rayonlarda 131 nəfər öldürüldü, 744 nəfər yaralandı. Həlak olanların arasında qadınlar, uşaqlar, qocalar, həmçinin təcili yardım işçiləri var idi.
O dövrdə nəinki hadisələrə siyasi qiymət verilmədi, əksinə, səbəbkarların və günahkarların adları belə xalqa açıqlanmadı.
Hadisəyə ilk münasibətini bildirən ümummilli lider Heydər Əliyev oldu. Ulu öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək hadisəni humanizm və hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirdi. Hadisələrə əsl hüquqi, siyasi qiymətin verilməsi də Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Dahi şəxsiyyət 20 Yanvar faciəsinin səbəblərinin, günahkarlarının aşkarlanması üçün yaradılan komissiyanın işini bərpa etməklə əsl həqiqəti üzə çıxarıb, xalqla birliyini bir daha təsdiqlədi.
Sizə həmin günlərdə əsl qəhrəmanlıq göstərən dənizçilərimizdən danışaq:
Onlar faciədən dırhal sonra dünyanın dörd tərəfinə radioqramlar göndərdilər.
50-dən çox ölkənin dənizçiləri Bakı buxtasından yayılan dəniz siqnalını qəbul edib faciədən xəbər tutdular və öz ölkələrinə çatdırdılar. Bu, dünya dənizçilərinin həmrəy olduğu ilk hadisə kimi tarixə düşdü.
SSRİ Hərbi Dəniz Donanmasının komandanı, admiral V.Sidirovun və digər yüksək vəzifəli rəhbərlərin buxtanın dərhal boşaldılması tələblərinə baxmayaraq dənizçilər yerlərindən tərpənmədilər. Bu səbəbdən sovet hərbi gəmiləri yanvarın 20-də hərəkətə keçdi və mülki gəmiləri müxtəlif silahlardan atəşə tutdular. “Neftqaz-3”, “Neftqaz-10”, “Neftqaz-16”, “Аktаu”, “Vodoley-4”, “ÜİLKGİ-nin 40 illiyi” və s. gəmilər xəsarət aldı. Təkcə “Vodoley-4” gəmisində minə yaxın güllə, raket izləri aşkar edilmişdi.
Hadisədən sonra “ekstremist” damğası ilə həbs edilən 50-yə yaxın azərbaycanlı dənizçi ittifaqın müxtəlif şəhərlərindəki həbsxanalarında işgəncələrə məruz qaldı. Dənizçilər bir müddət sonra azadlığa buraxılaraq vətənə qayıtdılar.
Onların qəhrəmanlıq dastanı barədə əfsus ki, çox az adam bilir. Amma onların adları mütləq tarixdə qalmalıdır.
“Ədəbiyyat və incəsənət”
(20.01.2025)
20 yanvar – qara yanvar - ESSE
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”
Unutmaram heç zaman mən o qara gecəni, qəlbi yaran gecəni, beyni yoran gecəni. Nifrətimlə hər zaman xatırlaram cinayəti, xəyanəti zülmətdə parıldadan düşməni...
Ürəyimi ağrıtdı, göynətdi mənim o müdhiş gecənin sıxıntıları, yandırdı, yaxdırdı şəhidlərin axıdılan qanları.
Ülvinin, Larisanın, İlhamın, Fərizənin... neçə-neçə günahsız həmvətənimin qəlbində dondu nakam arzuları, cavabsız qaldı sual dolu baxışları.
Qara gecənin qara gəlişiylə qara geyindi analar, bacılar, qara bəzəndi noğullu-nabatlı xonçalar, küçələrə döşəndi şəhid qanlı, qırmızı qərənfil naxışlı xalçalar.
Yer də qızardı, göy də. Soldu neçə gül çöhrələr, tənhalaşdı qönçə ömürlər. Yalqız qaldı min arzulu, min həvəsli sevənər, sevilənlər...
Dözmədi kamanımız, tarımız, qaboyumuz, sazımız da. Dərdli, hüznlü ürəkləri inlətdi, ağrılı, yanğılı dil açdı, neçə-neçə ağıya, isti göz yaşına qarışdı...
Vətənimizin, millətimizin alnına baxt qaralığı yazdı – 20 Yanvar!
Tariximizə, yaddaşımıza əbədi həkk olundu, “Şəhidlər xiyabanı” adlı böyük göz dağı qoydu 20 Yanvar – Qara yanvar!
“Ədəbiyyat və incəsənət”
(20.01.2025)
Qarsda “Heydər Əliyev Təhsil Mərkəzi”ndə Azərbaycan icması ilə görüş keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyəyə səfəri çərçivəsində Qars şəhərində olub. Əvvəlcə Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad olunub və abidə önünə gül dəstələri qoyulub. Ardınca komitə sədri Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalına komitədən verilən məlumata görə, görüşdə ali təhsil ocağının fəaliyyəti, eləcə də burada çalışan azərbaycanlı müəllimlər və təhsil alan soydaşlarımız barədə ətraflı məlumat verilib. Universitetə Azərbaycanın tarix və mədəniyyətinun rəmzi olan hədiyyələr təqdim olunub.
Komitə sədri daha sonra Qars Qafqaz Universitetinin nəzdindəki “Heydər Əliyev Təhsil Mərkəzi”nin fəaliyyətilə yaxından tanış olub, universitetin azərbaycanlı müəllimləri və icma üzvləri ilə görüşüb.
Görüşdə Azərbaycanın Qars şəhərindəki Baş Konsulu Zamin Əliyev iştirak və çıxış edib, bu görüşü Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımıza yüksək diqqəti kimi qiymətləndirib.
Universitetin rektoru qonaqları salamlayıb, iki ölkə arasındakı müxtəlif sahələrdə əməkdaşlığın inkişafına diqqət çəkib, mərkəzin işi barədə məlumat verib.
Komitə sədri ölkəmizin diaspor siyasətindən və belə toplantıların əhəmiyyətindən danışıb, azərbaycanlı alim və pedaqoqların Türkiyə elminə verdikləri töhfələri, yeni nəslin yetişdirilməsindəki əvəzsiz xidmətlərini yüksək qiymətləndirib. Eyni zamanda komitənin elmi mübadilə, tələbə mübadiləsi və kitab çapı sahəsində universitetə töhfələr verə biləcəyi nəzərə çatdırılıb, ali təhsil ocağının kitabxanasına ölkəmizin tarixi və mədəniyyəti ilə bağlı kitablar hədiyyə olunub.
Görüşdə həmçinin görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan elminin uğurlu inkişafı sahəsindəki xidmətlərindən bəhs edilib, ölkədə və xaricdə yaşayan elm adamlarına Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı bir daha nəzərə çatdırılıb.
Görüşdə xaricdə yaşayan azərbaycanlı alimlərin forumlarının təşkili, yaradılan ortaq müzakirə platformaları, ana dilimizin qorunması, Azərbaycanla bağlı həqiqətlərin təbliği və s. barədə danışılıb, azərbaycanlı alimlərin dünya elminin inkişafı yolunda qazandıqları uğurlar dilə gətirilib.
Sonda Türkiyənin Qars Qafqaz Universitetinin xarici əlaqələr şöbəsinin rəhbəri, Qafqaz və Orta Asiya Tədqiqat Mərkəzinin və qeyri-üzvü kimya kafedrasının müdiri, professor Hacalı Nəcəfova “Diaspor fəaliyyətində xidmətə görə” AR medalı təqdim edilib. Professor yüksək medala layiq görülməsinə və göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, bu əlamətdar hadisəni Azərbaycan elminə və alimlərinə göstərilən dövlət qayğısının bariz nümunəsi adlandırıb.
“Ədəbiyyat və incəsənət”
(20.01.2025)