Super User

Super User

Пятница, 09 Декабрь 2022 16:00

Bu dəfə mövzu boşanmalardır

 

BOŞANMAYA SƏBƏB OLAN ƏSAS AMILLƏR HANSILARDIR?

 

Ölkəmizdə son illərdə  boşanmaların sayı getdikcə artmaqdadır. Psixoloqların fikrincə ailənin dağılmasından öncə bəzi amillərə mütləq diqqət yetirmək vacibdir. Nədir o amillər? 

 

Mübahisə etdikdən sonra səssiz qalmaq

Bir cütlüyün mübahisə etdikdən  sonra səssiz qalaraq reaksiya göstərməsi, pis əlamətdir.  Psixoloqların sözlərinə görə, əslində  mübahisə etmək sağlam münasibətlərdən xəbər verir. Lakin  tez-tez təkrarlanırsa və ciddi hal alırsa  bu vəziyyət evlilik üçün zərərlidir.

 

Ortaq maraqların olmaması

Deyirlər ki,  fərqli insanlar əslində  bir-birini cəzb edir. Lakin  insanda xoşunuza gələn bir xüsusiyyətlərə görə evliliyinizi davam etdirəcəyinizi düşünməyin. Məsələn, biri səhərə qədər çöldə əylənməyi sevirsə, digəri  axşam 19: 00-da ilıq duş qəbul etdikdən sonra oturub kitab oxumaq istəyirsə deməli  bu cütlüklərin həyat tərzləri bir-birindən çox uzaqdır.  Çox güman ki, onların evliliyinin uzun davam etməsi qeyri-mümkündür.

 

İşinizin ailənizdən daha önəmli olması

Tərəflərdən birinin karyerasını hər şeydən üstün tutması  ailə üçün böyük bir zərbədir.  Unutmayaq ki,  bir insanın işinə  çox bağlı olması ən güclü sevgi üzərində qurulan evliliyi belə uçuruma aparar.

 

Büdcə ayrıseçkiliyi

Evlilik bir ortaqlıqdır. Tərəflər ailənin maddiyyat, pul, qazanc baxımından bir-birilərinə güvənməlidirlər. Bir-birini təhqir etmək, alçaltmaq, yuxarıdan aşağı baxmaq münasibətlərin vaxt keçdikcə tükənəcəyinin əlamətidir.

Məsələn, cütlüklərin ayrı və ya ortaq büdcələri ola bilər. Lakin pulun necə xərclənməsi və ya yığılması mövzusunda bir-birindən xəbərsiz olduqda,onlar heç nəyə nail ola bilməzlər.

 

Samirə Tağıyeva

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2022)

Пятница, 09 Декабрь 2022 15:30

Tarixin "arxa bağçası"ndakı çiçəklər

 Türklərin sivilizasiyanın inkişafına verdikləri töhfələr düzgün qiymətləndirilmir

 

Elmin türk kəhkəşanı

 

Özbəkistan Respublikasının Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun böyük elmi işçisi Ravşan Nəzərov AzVision.az-a müsahibəsində təsdiqləyir ki, bütövlükdə türklərin yetişdirdiyi böyük elm və mədəniyyət xadimlərindən danışsaq, çox geniş siyahı alınar. Buna görə də yalnız öz regionlarının - Orta Asiyanın dünyaya bəxş etdiyi görkəmli şəxsiyyətləri sadalayır (Siyahı ilə bu materialda tanış ola bilərsiniz).

9-14-cü əsrlər türklərin fəal iştirakı ilə "islam intibahı" dövrüdür. Əgər konkret adlardan danışası olsaq, həqiqətən də bunun üçün bir neçə cildlik  kitab yazmaq lazımdır. Amma bəzi açar məqamların üzərində dayanmadan keçmək də olmaz.

lAtomun varlığını hələ qədim yunan mütəfəkkirləri söyləyirdilər. Düzdür, onların nəzərdə tutduqları atom (dünyanı əmələ gətirən ən xırda zərrəciklər) bugünkü kvant mexanikasının təsvir etdiyi atomla eyni anlayış deyil. Bununla belə, 8-ci əsrin türk mütəfəkkiri Cabir bin Həyyan (721-805, Anadolu) həmin diskursa qoşularaq, "ən kiçik zərrə"nin parçalanacağı halda nələrin ola biləcəyi haqda fikir yürütməyə çalışırdı. Bu, olduqca cəsarətli və böyük ideya idi!

O, həmçinin antik fəlsəfənin təbiəti "od, su, hava, torpaq" kimi dörd ünsürə bölməsini yanlış sayaraq, "uçucu maddələr", "uçucu olmayan maddələr",  "yanmayan maddələr" və "minerallar" bölgüsünü təklif etmişdi. Əlbəttə, müasir kimya nöqteyi-nəzərindən baxanda bu təsnifat da təbəssüm doğurur, amma diqqət edin ki, Cabir artıq qazların ayrı maddə olduğunu başa düşmüşdü. Yəni Lavuazye özünün bu haqda fikirlərinə piyada yox, "böyüklərin çiynində" gəlib.

lAntik filosoflarla qiyabi mübahisəyə girişmək türk mütəfəkkirləri üçün tipik yanaşma idi. Əbu Reyhan Əl Biruni (973-1051) Ərəstun və Bətləmusun Yer haqqında fikirlərinə qarşı çıxaraq, dünyanın kürə şəklində olduğunu başa düşmüşdü. Hətta Yerin səthini də ölçmüşdü. Onun elmə verdiyi töhfələr çox böyükdür.

Biruni 973-cü ildə yazırdı ki, "elmi fikirlər təcrübələrlə sübuta yetirilməlidir". Buna qədər "sübut" deyəndə klassik əsərlərdən iqtibasların gətirilməsi nəzərdə tutulurdu. Avropada alimlər atın neçə dişinin olmasına dair Aristotelin əsərlərindən iqtibaslar gətirir, amma çıxıb həyətdəki atın dişlərini saymırdılar, çünki bu, qeyri-elmi metod sayılırdı. Əl-Biruninin bizə görə ən böyük xidməti elmə praqmatizmi gətirməsidir. Avropa bunu 5-6 əsr sonra öyrənəcəkdi.

l"Biz necə görürük?" sualına Evklid və Ptolemey belə cavab verirdilər ki, insanın gözündən gizli şüalar çıxıb əşyalara dəyir və geri qayıdır. Bunun səhv olduğunu göstərən Əbül Vəfa izah edir ki, işıq əşyalardan əks olunaraq, gözümüzə, oradan isə beynimizə çatır. Triqonometriyaya sinus, kosinus, tangens, kotangens anlayışlarını qazandıran da məhz odur. Optikadan söz düşmüşkən, bu sahənin nəhəngi İbn Heysəmin əsərlərindən sonralar Qaliley teleskopu düzəldərkən faydalanıb.  

lDiyabəkirli ixtiraçı Əl-Cəziri dövrünün böyük mexaniki və mühəndisi idi. XIII əsrin əvvəlində o, saatlar, şifrəli açarlar, hətta primitiv mexaniki robotlar düzəltməkdən əlavə, bu haqda kitab da yazmışdı. Onun əsərlərində Dekart və Leybnitsdən xeyli əvvəl kibernetikanın ilkin izləri görünür.

lOrta Asiyanın dahi övladı, Qərbdə "Al Gharasmus" adı ilə tanınan Xarəzmi (780-850) Bağdadda qurduğu "Elm Evi"ndə (təxminən müasir akademiyaların prototipi) müasir elmin maşınının işə düşməsi üçün çox vacib bir islahat apardı. Diqqət edin: qədim Yunanıstanda və Romada riyaziyyat inkişaf edə bilmədiyindən, təbiət elmlərinin də güclənməsi dar çərçivədə gedirdi. Çünki müəyyən həddən sonra istənilən elmin inkişafı üçün riyazi aparat tələb olunur. Riyaziyyatın özünün güclənməsi üçün əlverişli say sistemi və rəqəmlər vacibdir. Roma rəqəmləri ilə riyaziyyat yaratmaq mümkün deyildi. Kim bilir, əgər Xarəzmi bu problem həll etməsə, Avropanın elmi intibahı hələ neçə əsr gecikəcəkdi… O, hind rəqəmlərinə sıfırı əlavə etməklə hazırda istifadə etdiyimiz onluq say sistemini yaradır və bununla da riyaziyyatın inkişafı üçün əngəllər aradan qalxır. Xarəzminin "Əl-Cəbr" kitabının 12-cı əsrdə "Al Gebra" adı ilə latın dilinə tərcümə olunandan sonra Avropada yayılması elm tarixindəki ən vacib hadisələrdən biridir.

lSəmərqənd rəsədxanasının rəhbəri Əli Quşçu Ağqoyunlu dövlətinin elçisi kimi sülh danışıqları aparmaq məqsədilə İstanbula getmişdi. Orada Fateh Sultan Mehmet tərəfindən çox yüksək qiymətləndirilir və Ayasofya mədrəsəsinə müdir təyin edilir. Onun Osmanlı təhsil sistemində apardığı islahatların nəticəsində elm tarxinə həkk olunan xeyli isimlər yetişir.

Bu fakt onu göstərir ki, Türk sivilizasiyası, elmi və mədəniyyəti haqqında bir tam kimi danışmaq daha doğrudur. Bugünkü Özbəkistanın alimi bugünkü Azərbaycanı təmsil etmək üçün bugünkü Türkiyəyə gedirsə, arada heç bir ayırıcı xətt çəkmək mümkün deyil.

Əli Quşçu İstanbulda çalışarkən bəzi göy cisimlərinin Yerdən məsafəsini, Yer oxunun mailliyini hesablamış, Ayın xəritəsini çəkmişdi. Bu gün Ayın səthindəki obyektlərdən biri onun adını daşıyır.

Yeri gəlmişkən, Ayın səthinin müasir xəritəsi Türk elminin öz intibahı dövründə göyə necə ucaldığını görmək üçün əla vəsaitdir. Ayın xəritəsində Nəsirəddin Tusinin, Uluğbəyin, İbn Sinanın, Biruninin, Fərqaninin, Bəttaninin, Sabit bin Kurranın və digərlərinin adları var.

lÜmumiyyətlə, Səmərqənd rəsədxanasının türk, islam və dünya elminə töhfələri böyükolub. Əmir Teymurun nəvəsi Uluğbəyin 'Zic-i Uluğ Bəy' (Uluğ Bəyin Uldız Kataloqu) əsəri dövrünün ən mükəmməl astronomik ölçmə və müşahidələrindən ibarət olmaqla, Avropada səma elminin inkişafına böyük təkan vermişdi.

lİbn-Sina (980-1037) Qərbdə ən çox tanınan türk-müsəlman elm adamlarındandır. Onun "Əl-Qanun fit-Tibb" (Tibbin qanunları) kitabı 19-cu əsrə qədər Avropa universitetlərində dərs vəsaiti olub və "Tibbin Bibliyası" adlanıb.

Adları və xidmətləri bu cür saya-saya minlərlə səhifə yazmaq olar. Ona görə də, dayanaq və məsələnin mahiyyətinə qayıdaq.

 

Avrosentrizmin haqsızlığı

 

Reallıq budur ki, mərkəzi Avrasiyanın geniş çöllərində yaranmış türk sivilizasiyasının bəşər tarixinə verdiyi töhfələr ən azından Çin, Hindistan, Avropa və digər sivilizasiyalar qədər böyükdür. Amma "avrosentrik yanaşmalar ucbatından Türk xalqlarının şanlı tarixi haqsız yerə dünya sivilizasiyasının arxa bağçasına salınıb". Bu sözləri AzVision.az-a müsahibəsində Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyinin Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, politoloq Yerkin Baydarov deyib. O bildirib ki, bu gün tarixin obyektiv təhlili, türk xalqlarının dünya tarixində real yerini və rolunu müəyyən etmək lazımdır, buna imkan da var.

Hazırda Türk dövlətlərinin elm adamları səylərini birləşdirərək, dünya tarixşünaslığında türklərin yeri və rolu haqqındakı ənənəvi şablon və haqsız təsəvvürlərin dəyişməsinə nail olmaq üçün çalışmalıdırlar. Böyük Çölün türklərə keçən ruhunun xüsusiyyətlərindən biri də heç vaxt geriyə baxmamaq, ancaq irəli getmək idi. O vaxt dünya böyük idi, indi isə balacadır. Ona görə də, indi irəliyə getmək üçün dayanmaq, keçmişi öyrənmək, təbliğ etmək lazımdır.

"Türklər döyüşçü olublar" demək reallığın çox cüzi hissəsidir. Türklər sadəcə doyüşçü olmayıblar, onlar böyük ordu mədəniyyəti yaradıblar. Bu isə döyüşçü olmaqdan qat-qat böyük anlayışdır. Dünyada hərb tarixini və ordu sistemini öyrənmək üçün mütləq türklərin tarixini öyrənmək lazımdır.

Türklər mədəniyyətin və sivilizasiyaların qoruyucusudurlar. Onlar tarixən idarə etdikləri torpaqların heç birində yerli mədəniyyətləri məhv etməyiblər. Əksinə, hifz edib, mənimsəyib və yayıblar. Tarixən türklər sivilzasiyaların inteqrasiyasında mərkəzi rol oynayıblar. Necə ki, Çinlə Avropanı "İpək yolu" ilə əlaqələndirirdilər, müasir dövrdə də Avropanın Şərqlə əlaqələndirilməsində əsas rol türklərin üzərinə düşəcək.

Bütün bunları bilmək, yadda saxlamaq, avrosentrizmin yaratdığı tarixi səhvləri, yanlış fikirləri tədricən aradan qaldırmaq üçün həmişə hər yerdə danışmaq, yazmaq lazımdır. Bu təkcə türklər üçün deyil, hamı üçün vacibdir. Başa düşməyin vaxtıdır ki, bəşər sivilizasiyası təkcə Qərbin yox, bütün dünyanın, o cümlədən, Avrasiyanın və onun ürəyindən çıxan millətin - türklərin nailiyyətlərinə əsaslanır.

 

“Ədəbiyyat və incəsənət”

 

(09.12.2022)

 

 

Qadın gözəllik deməkdir. Bu gözəllik incəsənət yaradanda gözəllik iki mislə yüksəlir. 

Bursada keçirilən Şuşa Günləri çərçivəsində “Şuşanın tək incisi” bədii-sənədli filminin  premyerası keçirilib. Ekran əsərinin ssenari müəllifi Ülviyyə Heydərovadır. Quruluşçu rejissoru və operatoru Zəhra Quliyevadır. 

Filmin ideya müəllifi yenə qadındır - Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva.  

Filmin qəhrəmanı isə yenə də qadındır: 

Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvan.

Bir sözlə, hamısı qadın! 

 

Natəvanın xatirəsinə həsr olunan bu ekran əsəri haqqında mediaya danışan Zəhra Quliyeva deyib : “Natəvan obrazını Xalq artisti Mehriban Zəki canlandırıb. Natəvanın uşaqlığını mənim kiçik qızım Umayra Qulubəyli, yeniyetməlik dövrünü isə böyük qızım Adel Osmanova oynayıblar. Bu işə çox böyük sevgi ilə yanaşdıq. Bildiyimiz qədər, Şuşanın mədəniyyət şəhəri, incəsənətimizin beşiyi olması Natəvanın arzusu olub. Onun arzusu bu gün reallaşıb. Ekran əsərində əsas etibarilə xronoloji materiallardan istifadə olunub. Bədii hissə isə Şuşada çəkilib və dövrün milli geyimlərindən istifadə olunub. Natəvanın əl işləri canlı olaraq çəkilib”. 

Premyera ilə bağlı təəssüratlarını bölüşən rejissor deyib: “Filmin nə cür alınması barədə ancaq tamaşaçı bir söz deyə bilər. Lakin ilk nümayişin böyük rəğbətlə qarşılandığını hamımız gördük. Mən sadəcə öz üzərimə düşən vəzifəni yerinə yetirməyə çalışdım. Natəvanın ruhu qarşısında baş əyirəm. Həqiqətən də çətin həyat yaşamasına baxmayaraq böyük və çox dözümlü qadın olub”.

 

Şəkildə: Zəhra Quliyeva

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2022)

 

Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar Türkiyənin Bursa şəhərində keçirilən Şuşa Günləri davam edir. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, bu çərçivədə Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anım proqramı keçirilib. 

Tədbirdə, həmçinin “Şuşanın tək incisi” bədii-sənədli filminin premyerası olub. 

Film bu il 190 illiyi qeyd olunan Azərbaycanın görkəmli şairəsi, Qarabağ xanlığının sonuncu varisi Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr olunub. Ekran əsərində şairə ilə yanaşı, Şuşanın tarixi, şəhərin işğal dövründə dağıdılması, şanlı Zəfərimizdən sonra Azərbaycan dövləti tərəfindən Qarabağda aparılan bərpa-yenidənqurma işləri, Prezident İlham Əliyevin fikirləri və Şuşa Bəyannaməsi haqqında məlumat verilir. 

Filmin ideya müəllifi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, quruluşçu rejissoru Zəhra Quliyevaya, ssenari müəllifi isə Ülviyyə Heydərovadır.

Xurşidbanu Natəvan obrazını Xalq artisti Mehriban Zəkinin canlandırdığı filmin çəkilişləri Xan qızının ocağında - Şuşada ermənilər tərəfindən viran qoyulan evində aparılıb. 

Sonra Azərbaycan muğam qrupunun müşayiəti ilə Xalq artisti Mehriban Zəkinin ifasında Xurşidbanu Natəvanın şeirləri səsləndirilib. 

Tədbir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Bursa Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub. 

Mərasimdən sonra Azərbaycan nümayəndə heyətinin Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş və Bursa valisi Yakup Canbolat ilə görüşləri keçirilib.

Tədbirlər davam edir.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2022)

Пятница, 09 Декабрь 2022 13:00

Didem Balçın Bakıdadır

 

Sonuncu dəfə "Kuruluş Osman" serialında "Selcan Hatun" obrazını canlandıran Didem Balçın Bakıya gəlib.

Aktrisa “Çakallarla dans 6" filminin qala gecəsində iştirak üçün Bakıya təşrif buyurub.

Paytaxtımızı gəzən Balçın fotolarını sosial şəbəkədə paylaşıb.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2022)

Пятница, 09 Декабрь 2022 13:30

Bir kənd məzarlığının önündə…

Kənan Məmmədli növbəti İbrətamiz əhvalatı “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir. 

 

Batıdan Doğuya, Doğudan Batıya səyahət edən dərvişin yolu bir kənd məzarlığının önündən düşür. Məzarların üzərində vəfat edənlərin doğum və vəfat tarixi deyil, "3 il yaşadı, 5 il yaşadı "kimi  yazılar olduğunu görür.

Bu məqama təəccüblənən dərviş kənd ağsaqqallarından soruşur:

- Məgər sizin kənddə insanlar 3-5 ilmi yaşayır?

Ağsaqqallar cavabında deyir:

-Biz insanların həyatda olduğu günləri deyil, xoşbəxt olduğu günləri hesablayırıq. Yəni, ömür yaşadığın günlərin sayı ilə deyil, özümüzü xoşbəxt hiss etdiyimiz günlərin sayı ilə ölçülür. Ona görə daşlara insanlarin özlərini xoşbəxt hiss etdikləri günlərin sayını hesablayıb yazırıq.

 

Əziz oxucular. Bir hesablayın, görək siz neçə il yaşamısınız?

 

“Ədəbiyyat və incəsənət” (09.12.2022)

Aida Eyvazlı “Şuşam - qalamdır mənim” adlı layihəsini təqdim edir

 

Başa çatmaqda olan 2022-ci il tarixdə Şuşa ili kimi qaldı. Bu, Şuşanın və Şuşanı bizə yenidən qaytaranların haqqıdır.

İlimiz Şuşa adı ilə bağlı olduğundan Vətənimizin  göz-bəbəyi olan Şuşa haqqında lap qədim tarixlərdən xəbər vermək, addım-addım, səhifə-səhifə, ilmə -ilmə, çiçək-çiçək Şuşanı bir də tanıtmaqdır məqsədimiz.

 

“Şuşam - qalamdır mənim” adlı layihəmizdə Qafqazın mədəniyyət və musiqi beşiyi olan Şuşanın yetişdirdiyi mədəniyyət xadimlərindən, tanınmış şəxsiyyətlərindən danışmaüda davam edirik. Dünyalarca tanınmış məşhur Üzeyir Hacıbəylinin  əsərlərini ermənilərin öz adlarına çıxmaları barədə söhbətimizi davam edirik. Yenə də Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcovun ermənilərin  mədəni irsimizdən, eləcə də Üzeyir Hacıbəylidən oğurladıqları musiqilərimiz haqqında topladığı xatirələri səsləndiririk:  

 

1942-ci ildə Yerevanda Aleksandr Spendiarov adına Opera və Balet teatrında Üzeyir Haxıbəylinin "Koroğlu" operası erməni dilində tamaşaya qoyuldu. O, dövrün istər erməni, istərsə də Azərbaycan mətbuatına nəzər saldıqda, bu hadisənin yüksək qiymətləndirilməsinin şahidi oluruq. "Koroğlu" operasına yüksək qiymət verən erməni bəstəkarları və musiqiçiləri bu tamaşanın erməni səhnəsində əlamətdar bir olay kimi qəbul edirdi. Koroğlu rolunu ilk dəfə bariton səslə oxuyan Şaro Talyan Üzeyir bəy üçün bir yenilik oldu. 

1942-ci ildə, daha sonra isə 1956-cı ildə həm Yerevan, həm də Bakı Opera Teatrında Koroğlu rolunu məharətlə yaradan Ermənistan SSR və Azərbaycan SSR xalq artisti Avak Petrosyan Üzeyir bəyin bəyəndiyi və yüksək qiymətləndirdiyi müğənnilərdən idi. A.Petrosyan özü də məhz Koroğlu roluna görə Azərbaycan SSR-nin xalq artisti adını almış və bu rolun onun həyatında, yarıdıcılığında mühüm əhəmiyyəti olmasını dəfələrlə xatirələrində, mətbuatda qeyd etmişdi. 

1985-ci ildə Üzeyir bəyin 100 illik yubileyində iştirak edən fəxri qonaqlardan biri də A.Petrosyan idi. Lakin 1987-ci ilin martında son dəfə Yerevana səfəri zamanı musiqi mağazaıarından birində  Avak Petrosyanın 70 illik yubileyi şərəfinə nəfis tərtibatla buraxılan val albomuna rast gələn bəstəkarımız Sərdar Fərəcov istər proqramda, istər annotasiyada nə Koroğlu, nə Üzeyir Hacıbəyli, nə Azərbaycan SSRİ xalq artisti sözləri yazılmadığının fərqinə varır.  Hələ 1987-ci il idi...

Erməni sənətçiləri, mədəniyyət və incəsənət xadimləri həmişə Ü.Hacıbəylinin istedadını gözəl anlayıb və biliblər. Üzeyir bəyin əsrarəngiz musiqisi, nəhayətsiz fantaziyası, hüdudsuz ideyaları erməniləri də qidalandırıb, ruhlandırıb, zənginləşdirib. Tiflisdə çıxan "Mşak" qəzeti hələ 1915-ci ildə Üzeyir bəyin qeyri-adi istedadından, onun xidmətindən və gözəl gələcəyindən xəbər verirdi.

Fəqət yüksək qiymətlərlə yanaşı Üzeyir bəyin saf, təmiz, ülvi yaradıcılığına həris gözlə baxan, onu "özəlləşdirən", qazanc mənbəyinə çevirən, sağlığında onun həyatını "zəhərləyən" bir sıra erməni sənətçiləri də mövcud idi . Uzun illər Ü.Hacıbəyli ilə çiyin-çiyinə çalışmış, onun köməkçisi olmuş Ramazan Xəlilov xatırlayırdı ki, 1947-ci ildə Üzeyir bəy Moskvada xəstə yatarkən onu müayinə edən həkim - milliyyətcə erməni olan bir xain diaqnozu düzgün təyin etmədiyinə görə və müalicəni düzgün aparmadığı üçün Üzeyir bəyin xəstəliyi dərhal kəskinləşmiş və bu da onun həyatdan vaxtsız getməyinə səbəb olmuşdu.

Bundan sonra ermənilər üçün Üzeyir bəyin musiqilərini oğurlamaq daha da rahat olmuşdu. 

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2022)

Пятница, 09 Декабрь 2022 12:00

Bursada Reza Deqatinin sərgisi açılacaq

 

“Türk Dünyasının mədəniyyət paytaxtı” Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Bursa Böyükşəhər bələdiyyəsinin birgə əməkdaşlığı çərçivəsində dünən başlanmış Şuşa günləri bu gün davam edəcək.

Şuşa Günləri çərçivəsində bu gün məşhur fotoqraf Reza Deqatinin Qarabağ mədəniyyətini əks etdirən “Azərbaycanın incisi Şuşa” fotosərgisinin nümayişi olacaq. Sərgidə fotoqrafın Şuşada işğaldan əvvəl və sonra çəkdiyi fotoşəkillər təqdim ediləcək. 

Xatırladaq ki, 1992-ci ilin aprelində şəhərin erməni qüvvələrinin əlinə keçməsinə bir neçə həftə qalmış Şuşanı Reza Deqati 30 ildən sonra qayıdaraq Şuşanı yenidən kameranın yaddaşına köçürüb.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2022)

 

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. 

 

 

MÖHSÜN SƏNANİ 

(1900-1981)

 

***

Tiflisdə fəaliyyət göstərən Mirzəli Abbasov,  Mustafa Mərdanov, İbrahim İsfahanlı kimi aktyorlar ifalarıma tamaşa edir, istedadıma, gələcəyimə ümidlə baxırdılar. Bu ümid səhnəyə olan marağımı daha da artırdı. Sənətimə paxıllıq edən və içimdə baş qaldıran həvəsi söndürmək istəyənlər də tapıldı və bunlar atam molla Sadığın dostları idi. 

– Sən rəhmətlik molla Sadığın oğlu deyilsən, a bala?

– Bəli, Sadığın oğluyam, necə bəyəm?

– Sənin atan, savadlı ruhani idi, özü də sənin ruhani olmağını istəyirdi. Sənsə qoşulmusan bir ovuc kafirə, orda-burda oyunbazlıq eləyirsən. Nə qədər gec deyil, daşı ətəyindən tök, atanın yolunu tut. Atanın da ruhu şad olsun.

– Sərvaz əmi, məsləhətin üçün çox sağ ol, amma mən öz yolumu tutmuşam. Bir gün gələcək, atamın ruhu da bu yolu tutduğum üçün şad olacaq…

 

***

Tez-tez məktəblərdə, pioner düşərgələrində görüşlərimiz olurdu. Belə görüşlərdən biri də Bilgəhdəki pioner düşərgəsində baş tutdu. Əlisəttar Atakişiyev,  Əlağa Ağayev, mən, bir neçə gənc aktyorla birlikdə uşaqlarla görüşə getdik. Daha da maraqlı olsun deyə, gedərkən “sehrli xalat”ı da kinostudiyadan götürdük. Uşaqlar xalatı görəndə çox sevindilər. Onu əyninə geymək istəyənlərin, sirli səyahətə uçmaq arzusunda olanların sayı-hesabı yox idi. Bir də ayıldıq ki, xalat yoxa çıxıb. Düşərgə bir-birinə dəydi. Bir qədər sonra arıq, çəlimsiz bir oğlan bizə yaxınlaşdı:

– Xalatı axtarmayın, – dedi, – Rizvan həmin xalatla keçmişə uçdu.

Sən demə bu Rizvan deyilən oğlanın nənəsi də düşərgədə aşpaz işləyirmiş. Arvad bunu eşidən kimi dizlərinə döyməyə başladı.

– Vay, evim yıxıldı. Tez olun nəvəmi mənə qaytarın, – deyib, üstümüzə gəldi.

Çox gərgin vəziyyət yaranmışdı. Uşaqlar da, nənə də Rizvanın doğrudan da keçmişə uçduğuna inanmışdılar. 

Düşərgə rəhbərliyi hər yerdə “itkin səyyah”ı axtarırdı. Birdən həmin o Rizvan deyilən oğlan haradansa peyda olub xalatı birbaşa mənim üstümə atdı:

– Bu kinodakı xalat deyil. Əfsunu neçə dəfə təkrar eləsəm də xalat işləmədi.

Əlisəttar xalatı məndən alıb oğlana yaxınlaşdı, başını sığallayb dedi:

– İo Kio baba əfsunun sözlərini dəyişib ki, xan bir də oğurlayıb eləsə, xalat onu heç yerə aparmasın.

Hamımız vəziyyətdən çıxdıq. Uşaq dünyasına xəyanət etmək olmazdı. Həmin görüş uzun illər xatirəmizdə yaşadı. 

 

 

 “Ədəbiyyat və incəsənət” 

(09.12.2022) 

 

 

 

Bakının ən populyar kitab məkanlarından biri və birincisi Bakı Kitab Mərkəzidir. Bəs ora üz tutanlar daha çox hansı ədəbiyyata üstünlük verir, xarici müəlliflərdən kimləri oxuyurlar?

 

Bakı Kitab Mərkəzində 2022-ci ildə ən çox oxunan xarici əsərlərin siyahısı ilə maraqlansaq nə məlum olar? O məlum olar ki, bu məkanda ən populyar kitablardan biri Corc Oruellin “1984” klassik antiutopiyasıdır. Sənətkarın şah əsəri sayılan “1984” ilk nəşrindən bu yana bütün dövrlərin ən oxunaqlı romanlarından birinə çevrilib, ən məşhur siyahıların ön pillələrində yer alıb. “1984” diktatura rejiminin bütün siyasi kələklərini insanı vahiməyə salan çılpaqlığı ilə göstərir. Onun az qala hər abzasında yazılan aforizmlər, bənzətmələr müəllifin iti müşahidələrindən, dərin zəkasından xəbər verir.

Ceyn Ostinin “Qürur və qərəz” əsərində qədim ingilis cəmiyyətinin xarakterik xüsusiyyətləri əks olunub. Beş qızını evləndirməkdən ötrü özünü oda-közə vuran Missis Bennet üçün kürəkəninin necə bir insan olması maraqlı deyil, təki oğlan kübar ailədən çıxsın, var-dövləti aşıb-daşsın. XIX əsr ingilis cəmiyyətində qadının ictimai mövqeyi onun ailə qurub-qurmaması ilə təyin olunurdu. Buna görə də valideynlər ictimai təzyiq altında əzilməmək üçün qızlarının hisslərinə əhəmiyyət vermədən onları evləndirməyə çalışırdılar.

İngilis romançılığını formalaşdıran böyük yazıçı Ceyn Ostin “Qürur və qərəz” romanında istehzayana üslubu ilə ictimai təbəqələşmənin yaratdığı nöqsanları və qadına hakim baxışı tənqid edir.

Digər kitablardan biri də Aleks Mixaelidesin “Səssiz pasiyent” romanıdır. Alisiya Berenson adlı məşhur rəssam həyat yoldaşı Qabrieli öldürəndən sonra danışmır. Hətta məhkəmədə də özünü müdafiə etmək üçün kəlmə kəsmir. Fikrini ifadə etmək məqsədilə o, “Alkesta” adlı avtoportret yaradır. Şəkilə nə üçün “Alkesta” adı verməsi uzun müddət qaranlıq qalır. Məhkəmə Alisiyanın psixi vəziyyətini nəzərə alıb onu ruhi xəstəxanaya göndərir. O, orada heç kimlə ünsiyyət qurmur. Teo Faber adlı psixoterapevt onu danışdıracağına söz verir. Gec də olsa, istəyinə nail olur. Alisiya qətldən bir neçə ay qabaq yazmağa başladığı gündəliyi Teoya verir. Bu gündəlik çox şeyi açıb göstərir...

AzərTAC-ın sorğusuna görə, xarici bestsellerlər arasında, həmçinin “Sonunda ikisi də ölür” (Adam Silvera), “Королевство гнева и тумана” (Sara J Maas), “Dorian Greyin portreti” (Oskar Uayld), “On zənci balası” (Agata Kristi) və “Atomik vərdislər” (Ceyms Klir) əsərlərinin də adları çəkilir.

Bəs yerli müəlliflərdən Bakı Kitab Mərkəzində ən çox kimi oxuyurlar? Bu suala isə öncəki günlərdə cavab vermişdik.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.