Super User

Super User

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması və mühafizə zonalarının müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu, Dövlət Xidmətinin mediaya açıqlamasıdır.

“Respublikanın müxtəlif rayonlarında yerləşən 154 tarix-mədəniyyət abidəsinin pasportu, mühafizə zonaları üzrə isə 107 layihənin hazırlanması yekunlaşdırılıb. Onlardan 42 abidənin pasportunun hazırlanması və 9 abidənin mühafizə zonasının müəyyənləşdirilməsi işğaldan azad edilmiş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələrinin payına düşür.

Bu sənədlər cari ildə aidiyyəti orqanlara (pasportlaşmaya münasibətdə Azərbaycan Milli Elmlər Akademiyasına, mühafizə zonalarına münasibətdə rayon/şəhər icra hakimiyyətləri, Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) göndərilib və bütün sənədlərin aidiyyəti orqanlarla razılaşdırılması işi bitmək üzrədir”,- deyə məlumatda bildirilir.

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2022)

Суббота, 10 Декабрь 2022 17:00

Mişel Yeo 2022-ci ilin ikonası seçilib

 

“Oturan pələng, gizlənən əjdaha" 

(“Crouching Tiger, Hidden Dragon") 

“Hər şey, hər yerdə, eyni anda" 

(“Everything Everywhere All at Once")”

Bu iki filmlərdəki rolları ilə daha çox məşhurlaşan malayziyalı aktrisa Mişel Yeo "Time" jurnalı tərəfindən 2022-ci "İlin ikonası" seçilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə nəşrin saytında xəbər verilib.

60 yaşlı aktrisa karyerası ərzində "Geyşanın memuarları" ("Memoirs of a Geisha"), "Eramızın Babili" ("Babylon A.D."), "Mumiya: Əjdaha İmperatorunun Qəbri" ("The Mummy: Tomb of the Dragon Emperor"), "Hədsiz zəngin asiyalılar" ("Crazy Rich Asians"), "Qalaktika mühafizəçiləri 2" ("Guardians of the Galaxy Vol. 2"), "Şanq-Çi və on halqa əfsanəsi" ("Shang-Chi and the Legend of the Ten Rings") və s. kimi filmlərdə rol alıb.

Onun iştirakı ilə son layihə isə rejissor Ceyms Kemeronun çəkdiyi "Avatar: Su yolu" ("Avatar: The Way of Water") filmi olub.

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2022)

Суббота, 10 Декабрь 2022 15:00

Bursada Şuşa gününün bir ayrı təmtərağı vardı…

Xəbər verdiyimiz kimi, 2022-ci ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olan Türkiyənin Bursa şəhəri bu missiyanı Azərbaycanın Şuşa şəhərinə təhvil verdi. 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Bursa Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un iştirakı ilə Bursada “Şuşa günləri” keçirildi. Tədbirdə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” estafeti Bursadan Şuşaya təhvil verildi.

 

Həmin günlər barədə təfərrüatı ilə yazmaq istəyirik. Açılış mərasimində Bursa Böyükşəhər Bələdiyyəsinin başqanı Alinur Aktaş, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev və Bursa valisi Yakup Canbolat çıxış ediblər. Çıxışlarda “mədəniyyət paytaxtı” ili çərçivəsində Bursada ortaq mədəniyyətimizi əks etdirən festivalların, idman oyunlarının, digər tədbirlərin keçirildiyi, bununla əlaqədar Türk dünyasından çox sayda siyasətçinin, mədəniyyət və elm xadimlərinin Bursaya gəldiyi qeyd olunub.

Çıxışçılar bu missiyanı Bursadan qəbul edəcək Şuşa haqqında da söz açıblar. Bildirilib ki, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhəri 30 illik işğaldan sonra 44 günlük Vətən müharibəsi nəticəsində şanlı Zəfərlə azad edilib. İşğal dövründə ermənilər tərəfindən Şuşanın mədəni-mənəvi irsi dağıdılıb, şəhər viran qoyulub. Hazırda Azərbaycan dövləti bu ərazilərdə bərpa-yenidənqurma işləri aparır. Bildirilib ki, Azərbaycan xalqı üçün xüsusi məna kəsb edən Şuşanın “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi, eyni zamanda türk xalqları arasında birlik və bərabərliyin daha da möhkəmləndirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm əhəmiyyət daşıyır.

Sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Şuşa günləri”nin təşkilində əməyi olanlara təşəkkürnamələr və plaketlər təqdim edilib.

Mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, dövlət qurumlarının nümayəndələri və digərləri iştirak ediblər.

Bursa şəhərində “Şuşa günləri” çərçivəsində “Şuşanın tək incisi” bədii-sənədli filminin təqdimatı da olub. Film bu il 190 illiyi qeyd olunan Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr edilib. Ekran əsərində Şuşanın tarixi, şəhərin işğal dövründə dağıdılması, şanlı Zəfərimizdən sonra Qarabağda aparılan bərpa-yenidənqurma işləri haqqında da məlumat verilir.

Filmin ideya müəllifi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, rejissoru Zəhra Quliyeva, ssenari müəllifi Ülviyyə Heydərovadır.

Natəvan obrazını Xalq artisti Mehriban Zəkinin canlandırdığı filmin çəkilişləri Xan qızının ocağında – Şuşada ermənilər tərəfindən viran qoyulan evində aparılıb.

Sonra Azərbaycan muğam qrupunun müşayiəti ilə Xalq artisti Mehriban Zəkinin ifasında Natəvanın şeirləri səsləndirilib.

Mərasimdən sonra Azərbaycan nümayəndə heyətinin Bursa Böyükşəhər Bələdiyyəsinin başqanı Alinur Aktaş və Bursa valisi Yakup Canbolat ilə görüşləri keçirilib.

“Şuşa günləri” çərçivəsində məşhur fotoqraf Reza Deqatinin Qarabağ mədəniyyətini əks etdirən “Azərbaycanın incisi Şuşa” fotosərgisi də keçirilib. Sərgidə fotoqrafın Şuşada işğaldan əvvəl və sonra çəkdiyi fotoşəkillər təqdim edilir. 1992-ci ilin aprelində şəhərin erməni qüvvələrinin əlinə keçməsinə bir neçə həftə qalmış Şuşada fotolar çəkən R.Deqati 30 ildən sonra qayıdaraq şəhəri yenidən kameranın yaddaşına köçürüb.

Və daha nələr, daha nələr. Və ən nəhayət, yekun mərasimi. 

Mərasimdə mədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürülüb.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, simvol Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimova Bursa Böyükşəhər bələdiyyə rəhbəri Alinur Aktaş tərəfindən təhvil verilib. 

TÜRKSOY-un baş direktoru Sultan Rayev, Türk Dövlətləri Təşkilatının baş direktoru Kubanıçbek Ömüraliyev, Bursa valisi Yakub Canbolat, Bursa Böyükşəhər bələdiyyə rəhbəri Alinur Aktaş çıxışlarında zəngin tarixi və mədəni irsin beşiyi, dahi şəxsiyyətlərin vətəni, keçilməz qala olan Şuşanın “2023-cü il Türk dövlətlərinin mədəniyyət paytaxtı" elan olunmasını tarixin yeni və möhtəşəm səhifəsi adlandırıblar. 

Çıxış edənlər bu hadisənin ümidverici, qürurlu və çox böyük önəm daşıdığını xüsusi vurğulayıblar.

Şuşanln tarixində daha bir yeni səhifə açılır.

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2022)

 

Xəbər verdiyimiz kimi, Bakı Konqres Mərkəzində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə turizm sahəsindəki inkişaf tendensiyalarını, o cümlədən marketinq, regional inkişaf və turizm siyasəti məsələlərini müzakirə etmək məqsədilə “Azərbaycan Turizm Sammiti 2022” keçirilib.

 

Tədbirdə turizm sənayesinin üzvləri, dövlət və özəl sektor nümayəndələri iştirak edirlər.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev sammitin əhəmiyyətindən danışıb və 2022-ci ildə turizm sektorunda əldə olunmuş nailiyyətlərdən söz açıb. 

Bildirib ki, əsas hədəfimiz 2026-cı ildə Azərbaycana səfər edən xaricilərin sayını 4 milyona çatdırmaq. Bildirib ki, növbəti 4 il üçün məqsəd turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda ÜDM istehsalı 2019-cu illə müqayisədə 1.5 dəfə artırmaq, orta hesabla hər il turizm sektorunda 20 faiz artıma nail olmaq, ölkə daxilində turizm səfəri edən yerli vətəndaşların sayını isə 6 milyon nəfərə çatdırmaq, bütövlükdə Azərbaycanı dayanıqlı və əlçatan turizm destinasiyasına çevirməkdir.

Fuad Nağıyev turizmin hərtərəfli inkişafına yönəlmiş 10 əsas təməl istiqamət üzrə hədəflərin müəyyənləşdirildiyini, bu hədəflərin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan məqsəd və tapşırıqların icrasına istiqamətləndiyini vurğulayıb.

Agentlik sədri çıxışında turizm sektorunun idarəetmə çərçivəsinin daha da təkmilləşdirilməsi üçün regional turizm şuralarının yaradılmasının nəzərdə tutulduğunu qeyd edib. O, turizm sektorunda tənzimlənmə çərçivəsinin inkişafı üçün mehmanxanalara münasibətdə ulduz tələbinin tətbiqi, turizm şirkətlərinə münasibətdə isə mülki məsuliyyət sığortası mexanizminin tətbiqinin nəzərdə tutulduğunu əlavə edib.

Həmçinin çıxışda DTA tərəfindən turizmin inkişafı istiqamətində görülmüş işlər, yeni “Turizm haqqında” Qanunda turizm sahəsinin hüquqi-institusional tənzimləmələri, Agentliyin tabeliyində olan qoruqlarda mədəni irsin qorunması və mühafizə üzrə aparılan yenidənqurma və bərpa işləri, turizm təhsili üzrə insan resurlarının inkişafı istiqamətində görülən işlər, ikitərəfli turizm əlaqələrinin inkişafı üçün atılan addımlar, hədəf bazarlardan aparılan marketinq-təbliğat işləri barəsində, eyni zamanda ilk dəfə olaraq istifadəyə verilən “Turist çağrı və məlumatlandırma” mərkəzi haqqında məlumat verilib.

Fuad Nağıyev Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Ordumuzun azad etdiyi ərazilərin turizm potensialının öyrənilməsi, reallaşdırılması və tanıdılması üçün aparılan çoxistiqamətli tədbirlərdən bəhs edərək turizmin Qarabağ və Şərqi Zəngəzurda insanların yaşayışını təmin etmək üçün aparıcı sahələrdən biri olacağını vurğulayıb. 

Sammit çərçivəsində 4 ayrı kateqoriyada 50-dən çox indikatoru müvafiq alt göstəricilər üzə dövri əsasda əks etdirən “Turizm üzə vahid məlumat bazası”nın təqdimatı keçirilib.

Daha sonra tədbir “Turizm sektorunda dövlət siyasəti və bazar tənzimlənməsi: Azərbaycanda əsas istiqamətlər və yanaşmalar”, “Turizm, mədəni irs və yaradıcı sənaye: yeni çağırışlar”, “Əsas hədəf bazarlarında marketinq fəaliyyəti”, “Turizm sənayesində mövcud vəziyyət və planlar” mövzularında panel diskussiyalar olub.

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2022)

 

Soruşun, cavab verək: Mədəniyyət Nazirliyinin heykəltaraşlıq müsabiqəsinin qalibləri kimlər olub?

 

Hər vaxtınız xeyir. Sizi Neftçaladan narahat edirəm. Heykəltaraşlığa marağım böyükdür. Hətta həvəskar heykəltaraşam. Mədəniyyət Nazirliyinin heykəltaraşlıq müsabiqəsi keçirdiyi barədə oxudum, amma nəticələr barədə məlumatsızam. Mümkünsə bu barədə məlumat verərdiniz. 

Etimad Qədirov. 

 

Məmnuniyyətlə. 

Ölkə Prezidentinin 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq Mədəniyyət Nazirliyi Heykəltaraşlıq Müsabiqəsi keçirib. Müsabiqənin əsas məqsədi Azərbaycan incəsənətinin tarixi mərkəzi, Qarabağın baş tacı, Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhərinin zəngin mədəni irsinin təbliği, həmçinin bu irsi özündə təcəssüm etdirən heykəltaraşlıq abidələrinin ərsəyə gətirilməsi və qorunmasına dəstək olmaqdır.

Sözügedən müsabiqəyə ölkəmizin rəssamları tərəfindən 47 əsər təqdim olunub. Təsdiq olunmuş işlərin dəyərləndirilməsi və müsabiqənin yekun nəticələrinin müəyyən olunması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində yaradılmış komissiya tərəfindən qaliblər seçilib.

 

Qaliblərin siyahısı təqdim olunur:

 

1-ci yer (2 nəfər) –

 

Əhmədov Xanlar – “Xan Şuşinski”

 

Zakir Əhmədov – “Zəfər Yolu”

 

2-ci yer (2 nəfər)

 

Rzayev Zamik - “Qayıdış”

 

Nəbiyeva Gülarə - “Azadlıq qanadları”

 

3-cü yer (1nəfər)

 

Məmmədov Fərid – “Bizim zaman”

 

Həvəsləndirici mükafat (10 nəfər)

 

Qaryağdı Cəlil – “Natəvan”

 

Hüseynov Namiq – “Yaddaş”

 

Heydərov Müşfiq – “Xarı Bülbül”

 

Heydərov Müşfiq – “Xanəndə”

 

Hüseynov Ramiz, Əhmədov Xanlar  –  “Pənahəli Xan”

 

Qaryağdı Cəlil – “Cabbar Qaryağdı oğlu”

 

Rüstəmov Süleyman – “Quruluş” Pənaxəli xan

 

Bəhram Xəlilov  – “Qarabağ-Azərbaycandır!”

 

Samir Səmədov  – “Xəzinə yüklü Qarabağ gözəli”

 

Aybəniz Yusubova  – “Natəvan”

 

Şəkildə: qalib Xanlar Əhmədov.

 

“Ədəbiyyat və incəsənət” (10.12.2022)

 

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Əməkdar incəsənət xadimi, Fəxri Mədəniyyət işçisi, Xalq artisti, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru Sərdar Fərəcovla görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Sərdar Fərəcovu 65 illik yubileyi münasibətilə təbrik edən nazir onun musiqi sənətinin inkişafındakı xidmətlərini, xüsusilə çoxillik pedaqoji fəaliyyətini vurğulayaraq sənətkara ən xoş arzularını çatdırıb.

Bildirib ki, yubilyar sənətkar Azərbaycan mədəniyyətini, musiqi sənətini respublikada və xaricdə təbliğ edərək bir neçə sərgilərin və konsertlərin təşkilatçısı və iştirakçısı olmuş və özünü fəal, təşəbbüskar və işgüzar rəhbər kimi göstərmişdir. Sərdar Fərəcov müxtəlif illərdə 50-dən çox tamaşaya musiqi bəstələyərək musiqi sənətinin inkişafına töhfələrini vermişdir.

Sonda nazir yubileyi münasibətilə Sərdar Fərəcova möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıb, sənətkarı Mədəniyyət Nazirliyinin "Şuşa - 270" döş nişanı ilə təltif edib.

Sərdar Fərəcov göstərilən diqqətə görə nazirə öz dərin təşəkkürünü bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2022)

 

Xəbər verdiyimiz kimi, dünən - dekabrın 9-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Memarlar İttifaqının XX qurultayı keçirilib. İlkin məlumatdan sonra daha geniş məlumatı oxucularımıza təqdim edirik.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, qurultay iştirakçıları əvvəlcə Fəxri xiyabanda xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçəklər düzülüb.

Muğam Mərkəzində davam edən tədbiri giriş sözü ilə Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə açaraq ölkəmizdə memarlığın keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, memarlığın inkişafı dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda və dünyanın bir sıra ölkələrində tarix-memarlıq abidələri bərpa edilir.

Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva dövlətimizin başçısının qurultay iştirakçılarına təbrik  məktubunu oxuyub. 

Mədəniyyət naziri Anar Kərimov çıxışında nazirliyin Memarlar İttifaqı ilə uzun illərdir davam edən səmərəli əməkdaşlığından, tarixi-mədəni abidələrimizin bərpası sahəsində birgə görülən işlərdən danışıb. Bildirib ki, Azərbaycan hələ min illər əvvəldən tarixi abidələrə malik olmuş, bu da xalqımızın nə qədər inkişafda olduğunun göstəricisidir. Bu ənənələr davam edərək müasir dövrə qədər gəlib çatıb. 

Nazir, həmçinin diqqətə çatdırıb ki, Mədəniyyət Nazirliyi olaraq biz daima Memarlar İttifaqı ilə birgə işləyir və dəstək oluruq: "Son bir il ərzində ittifaqla bir neçə layihəmiz reallaşdırılb. Tarix-memarlıq abidələrinin reyestrinin elektonlaşdırılması məqsədilə ittifaqla işçi qrup çərçivəsində sıx əməkdaşlıq etmişik. Bu gün bu proseslər və islahatlar müzakirə edilir. Onlar da bu işə öz töhfələrini verirlər. Bu ilin iyun ayında Memarlar İttifaqı ilə Ağstafada konfrans keçirildi. Regiondakı abidələrə baxış oldu. Bu ənənənin bundan sonra da davam etdirilməsi planlaşdırılır. Belə ki, Vətən müharibəsindəki qələbəmizdən sonra Qarabağımızda  quruculuq işləri başlanılıb. Bu quruculuq işlərində memarlarımızın da üzərinə məsuliyyət düşür. Həmin ərazilərdə mədəni abidələrimiz və müəssisələrimizin əksəriyyəti dağıdılıb. Burada üzərimizə düşən vəzifə bu abidələri bərpa edərək yeni nəslə ötürməkdir".

Daha sonra nazir Memarlar İttifaqının sədri Elbəy Qasımzadəyə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovaya “Şuşa İli” çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən nəşr etdirilən kitabları hədiyyə edib. 

Qurultayda, həmçinin memarlıq sənətinin inkişafında göstərdikləri xidmətlərə görə bir qrup memara nazirliyin fəxri fərmanları təqdim edilib. 

Qurultay öz işini hesabatların dinlənilməsi ilə davam etdirib.

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2022)

 

Səlim Babullaoğlunun 50 yaşına dost sözü

 

Əkbər Qoşalı yazır

 

Səlimi uzun illərdir tanıyıram. İndi ikimiz də gəlib 50-ni haqlamışıq – o məndən 4 ay böyükdü və beləliklə, 50-yə çatmaq necə bir olaydı, bir az da ondan öyrənmiş olacam. Riyaziyyatda 50-dən sonra 51 gəlir, ədəbiyyatda, sənətdə sanki 50-dən sonra 100 gəlir (bunu 50-ni haqlamış başqa dostlar haqqında yazarkən də ifadə etmişəm ola bilərəm)… Ustadlar ustadı Aşıq Alı demiş, əllini aşırdın, yüzə nə qaldı?.. Xalq şairi Osman Sarıvəllisə, “Kim ki yüz il yaşamadı, günah onun özündədir” deyirdi. Ancaq yaşamaq var, yaşamaq var – o ömür ki, dolu-dolu, zehnü-zəhmətlə, yaradıcılıqla donatılmadı, burax başını getsin. Necə deyərlər,

“Harda başlar, harda bitər bir ömür? –

Bir ömürdə bəzən bir ömür,

Bir qələmdir, bir ağ dəftər, bir ömür,

Bu yığvaldı, elə-belə gəlməyib”…

Azərbaycan ədəbiyyat aləmində 50-nin həssaslığının bir digər səbəbi “Səməd Vurğun yaşı” olması ilə sıx bağlıdır. Belə bir məzmuna ortaq ola bilərik ki, yaradıcı insan 50-yədək şöhrət zirvəsini fəth etmədisə, ciddi ədəbi-ictimai xidməti ilə seçilmədisə, 50-dən sonrası ya nəsib… Əgər “40”-ı “xatalı yubiley” yaşı sayar və xüsusi qeyd etməzlər deyə duymuşuqsa, 50-ni qutlamaq bir vəfa borcundan ziyadə, ömür təntənəsi kimi gəlir mənə. Dövlətə də, cəmiyyətə də, sənətçiyə də təntənə lazım olur. 50 yaş şair ömrünün bayramıdır, hesabatıdır, 100-ə boylanışıdır. 50 zarafat deyil, bütün zarafatları digər aralıq yubileylərə saxlayıb, 50-ni sanballı keçirmək, ədəbiyyatçının dostlarının mənəvi öhdəliyidir.

Çox şükür Səlim 50-yə sağ-salim və dolu-dolu gəlib çıxıb. Bəs Səlimin özəllikləri nədədir, onu fərqli qılan nələrdir? Mənə elə gəlir, şair Səlim Babaullaoğlu adının yanında ilk yazılmalı söz səliqə-səhman, nizam-intizam və ədəbiyyatçı, ictimai xadim məsuliyyətidir. Hərçənd ədəbiyyatda zövqlər dartışılmaz deyilir, yenə olsun, onun ədəbi zövqü ilk növbədə, qurucusu olduğu “Dünya ədəbiyyatı” dərgisində - özü də, yalnız mətn-mündəricədə deyil, illüstrasiya, poliqrafiya anlamında da təcalla edir. Səlim yalnız şair kimi deyil, zövqlü dizayner, tələbkar redaktor, həssas naşir kimi seçilir.

Səlim Babullaoğlu çoxşaxəli fəaliyyət özkeçmişinə malikdir, ancaq həmişə məhz ədəbiyyat cəbhəsinin, ədəbi-bədii yaradıcılığın çoxşaxəliliyi içində olub.

O, 90-cılar ədəbi nəslinin öz ədəbi kredosuna sadiq olan azsaylı yazarlarındandır. Səlim “hərşeyşünas”, nə olur olsun, adım orda olsun “düşüncə”sində olanlardan deyil.  Bilirsiz, məhz bu ampulada qalmaq heç də asan məsələ deyil. Səni görməyə bilirlər, sənin yanından ötə bilirlər, sabun köpükləri ilə şişə bilirlər və sən sanki gözdən, könüldən uzaq qala bilirsən. Üstəlik, o sabun köpüyü sıradan çıxınca da, sağdan-soldan üstünə qaramat yağdıra bilirlər. Sanki demək istəyirlər: “Sən niyə ayaq üstəsən, niyə yıxılmırsan axı”?! – Bəli, “başarı bədəl istər” (N.Gənc)…

Səlim Babullaoğlu çətin anlarda kübarlığını saxlamağı bacaran dostlarımızdandır. Onun yanında baş verən anlaşılmazlıqlara benzin tökməz, tanıdıqlarının savaşmalarından həzz almaz, anındaca, kübarca müdaxilə edib, xoşməramını nümayiş etdirər.

Onunla mənim də armada anlaşmazlıqlar olub – zarafat deyil, birigid ömründən artıq müddətdir tanıyırıq bir-birimizi; ancaq hər ikimiz anlaşmazlığın düyünə dönməsinə müsaidə etməmiş, mükün olan ən qısa zaman kəsiyində, daha yaxşı günlərə adlamışıq. Türk şairi Atila İlhanın üslubunda desək, dartışmalar dostluqlara daxil…

Səlim maneələr aşmaqda səbr yiyəsidir, bir neçə situasiyada şahid olmuşam. Şair və səbr – bax, bu heç də tez-tez rastlaşdığımız olay deyildir. O, yaradıcılığında da öz təmkinini əks etdirən yazarlardandır. Bu məziyyətlər onda 50 yaş ərəfəsində daha çox müşahidə edilmiş ola bilər amma mən bunu illər öncədən görmüşəm və bu özəlliklərlə o, mənə yaşından irəli təsir bağışlayıb. Azərbaycan Yazıçılar Birliyinin katibi vəzifəsini daşıdığından bərisə, daha qucaqlayıcı, daha barışdırıcı görmşəm onu.

Səlim Babullaoğlu miqyaslı düşünür, xırda işlərə ömür sərf etmir. Belə bir məşhur deyim var, “İnsan böyük işlərlə məşğul olduqca, böyüyür, xırda işlərlə uğraşınca, özü də hiss etmədən xırdalanmağa başlayır”… Yubilyar dostumuzun imzası olan layihələrə, adı keçən kitablara baxıb, onun düşüncə miqyasını, fəaliyyət sferasını aydın görmək olar. “Şuşaya salam”, “Xalq əmanəti”, “Dünya ədəbiyyatı”, beynəlxalq ədəbi əlaqələr… və s…

O, Azərbaycan Yazıçılar Birliyi Qəbul komissiyasının başqanı olduğu müddətdə illərdir qəbul növbəsində gözləyən neçə yazarın sevincinə səbəbkar oldu. Necə? – Çox sadə şəkildə: obyektiv, tərəfsiz, qərəzsiz olmaqla! O, hər kəsin sənədlərinin komissiya üzvləri tərəfindən dəyərləndirilməsinə münbit ortam yaratdı. Dedi ki, üzvlük üçün müraciət edən yazarda istedad işartısı varsa, uğur qazanacaq, yoxdursa, vəsiqə ona istedad verəsi deyil. Bu, özünəxas ədalətli yanaşmadr. Həm insanların könlü qırılmır, gözü yoldan yığılır həm də mühit qazanır, qabında bir şey varsa, üstə gəlir, yoxsa, xəlbirlə su daşımağın mümkünsüzlüyünü özü görür, özü özünü dərk edir. İdrak etməyənlərin işi isə Tanrıya qalıb, onu bəndələr komissiya ilə, iclasla, qərarla, vəsiqə ilə çözə bilməz zatən…

Yubilyarın bir neçə kitabı gün üz görüb, məncə, onların içində “İlyas Göçmənin şeir dəftəri” əlahiddə yerə malikdir. Bu nəcib kitabda Səlim şair-rəssam, etüd ustası kimi çıxış edib. İlyas Göçmənin çəkdikdlərini Səlim sözə çevirib. Rənglə Sözün qardaşlığı, İstanbulla Bakının anlaşması, Türkiyə ilə Azərbaycanın strateji müttəfiqliyi bir nəcib kitabda da boy atıb, çiçəkləyib…

Səlim qədirşünas aydınlarımızdandır. Çox çox təəssüflər ki, qədirbilənlik bir dəyər olaraq xeyli sarsılıb və onu qoruyan insanları görəndə elə bil gözümə işıq gəlir.

Yubilyar öz nəsildaşlı olan şairlər haqqında hələ 10-15 il öncədən ürəkgenişliyi ilə “görkəmli” sözünü (təyinini) işlədirdi, özüm şahidəm. Elə o vaxt düşündüymü bura yazım: məncə, bu, ilk növbədə öz nəsildaşlarının təəssübünü çəkməkdir; ikincisi, nəsildaşlarını məsuliyyətli fəaliyyətə motivə etmək, özgüvənə və böyük düşüncəyə dəvətdir: özünüzə bir də belə baxın, özünüzə yaxşı titulları yaraşdırın və eqolu yox, doğrudan-doğruya görkəmli olun – görkəmli dediklərimizdən nəyiniz əskikdir?..

Heç şübhəsiz ki, Səlim Babullaoğlunun ədəbi fəaliyyətində ən böyük yeri tərcüməçilik tutur. Söhbət yalnız öz tərcümələrindən getmir, o, ümumən bədii tərcümə və ədəbi əlaqələr işində illərdir külüng çalır. Külüng çalmaq sözü də təsadüfən düşməyib bura: o bu işin həm rəhbəri həm (sözün müsbət emosiyası ilə) qara fəhləsi olub: həm tərcmə et, həm redaktə et, tərtib et, həm təşkil et, təqdim et, həm də bütün bu əməli fəaliyyətlərin maddi əsaslarını bul! – Bunlar bir yazar üçün fədakarlıq əsəridir. O, bu fədakarlığı az qala “Dünya ədəbiyyatı”nın hər sayında, bu məzmunlu hər layihədə edir. Belə yerdə deyərlər, qazavatın qutlu olsun! Mən qazavatın yanıbaşında yubileyini də qutlayıb, şair qardaşımıza yeni yaradıcılıq uğurları, möhkəm can sağlığ diləyirəm!

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2022)

Суббота, 10 Декабрь 2022 13:30

“Sabah da bugünsüz, dünənsiz deyil….”

 

Elman Eldaroğlu yazır

 

Deyirlər ki, üç qız övladını böyüdüb, boya-başa çatdıran, ev-eşik edən atanın yeri cənnətdir. Mənim qəhrəmanım isə qadındır, müzəffər ordumuzda xidmət edən üç zabitin anasıdır- iki oğul və bir qızın. Təkcə bu səbəb bəs edir ki, onun qarşısında baş əyəsən, ehtiram göstərəsən. Azərbaycan ədəbiyyatının canlı əfsanələrindən biri, yazıçı Seyran Səxavət onu belə dəyərləndirir:

 

“Vətəni üç zabit balası qədər, üç zabit balasını da vətəni, torpağı, xalqı qədər sevən Nəzakət Məmmədlinin Milli Qəhrəmanlar haqqında çap etdirdiyi kitab çox qiymətlidir, alqışlanmalıdır və şəxsən öz adımdan ona "var olun, Nəzakət xanım!"- deyirəm. Nəzakət Məmmədlinin bu qəbildən olan xidmətləri haqqında uzun-uzadı danışmağım da, əslində yersizdir - çünki hər şey göz qabağındadır və bu vətən qeyrətli türk xanımına Allahdan və Torpaqdan güc-qüdrət diləmək keçir könlümdən. "Bakı-xəbər" qəzeti ilə birlikdə "Şəhidlər ölməz - Vətən bölünməz" layihəsinin adı hər şeyi anladır, necə deyərlər, görünən dağa nə bələdçi. Hətta tədbirlərin birində hamının son dərəcə təvazökar insan kimi tanıyıb qəbul etdiyi Nəzakət Məmmədlinin rəhbərlik etdiyi “Xatirə Kitabı”nın ən qiymətli ensiklopedik vətənpərvərlik abidəsi olduğunu deyildiyinin şahidi olmuşam. Vətənsevən, torpaqsevən, övladsevən insan belə də olmalıdır. Onun bircə yolu var: belə olmaq - Nəzakət Məmmədli kimi olmaq - Nəzakət Məmmədli olmaq...”

Haqqında söhbət açdığım Nəzakət xanım Məmmədli 13 yanvar 1962-ci ildə Bakıda anadan olub. Atası Salah kişi əslən Cənubi Azərbaycanın Ərdəbil şəhərindən idi. Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist, “Xatirə Kitabı” redaksiyasının və “Yada düşdü” ədəbi-bədii jurnalının baş redaktorudur.  2010-cu ildə "Qızıl qələm"ə, 2014-cü ildə Prezident mükafatına, 2016-cı ildə Rəsul Rza və Mikayıl Müşfiq adına mükafatlara layiq görülüb. “Həzi Aslanov yubiley medalı”, Rusiya Federasiyasının “Qələbə-75” medalı və Moskvanın “Dostoynaya pamyat” Fondu tərəfindən “Qələbənin varisi” döş nişanı ilə təltif olunub. Haqqında Allahverdi Eminovun “Nəzakət Məmmədlinin Yaradıcılıq Yolu” və Hikimət Məlikzadənin “Nəzakət Məmmədovanın yaradıcılığında Vətən Kodları” kitabları işıq üzü görüb. O, həm də Vətən müharibəsi şəhidləri haqqında ”Vətən Daşı... və ya 44 günün dastanı” film layihəsinin və bir neçə kitabın müəllifidir...

Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, ədəbiyyatşünas, publisist, yazıçı və tərcüməçi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev ona müraciətlə yazır:

“Hörmətli Nəzakət xanım! Yadınızda varsa, dərginizin 5 illiyi münasibətilə "Hər sayını intizarla gözlədiyim dərgi" başlıqlı məqalə yazmışdım. Aradan illər keçib və bu gün də "Yada düşdü"nün hər sayını intizarla gözləyirəm. Nədir bu dərginin məziyyətləri? Kökə qayıdış! Görkəmli rus alimi M.Baxtinin doğru olaraq qeyd etdiyi kimi,- hər zaman irəliyə doğru atılan hər bir əhəmiyyətli addım geriyə qayıdışla müşayiət olunur. Daha doğrusu, başlanğıcın (mənşənin) yeniləşməsinə gətirib çıxarır. Yalnız yaddaş irəliyə doğru gedə bilər, unutqanlıq yox. Yaddaş kökə qayıdır və onu yeniləyir...

Heç şübhəsiz, sovet sisteminin amansızlığı dövründə Səməd Vurğunun üstüörtülü şəkildə dilə gətirdiyi misralar da kökə qayıdışla, yaddaşla bağlıdır:

 

Sabaha çağırır o bizi, ancaq

Sabah da bugünsüz, dünənsiz deyil.

 

Nəzakət xanım, dərginizin hər sayında bunu dərindən dərk edirəm və "Yada düşdü"nü yüksək qiymətləndirirəm...”

Qeyri adi xanımdır. Anadangəlmə təşkilatçı və realistdir. Məqsədyönlülük, məsuliyyət, təcrübə və ciddilik onun üçün xarakterik xüsusiyyətlərdəndir. Ən çətin layihələri həyata keçirməkdə mahirdir. Heç vaxt emosialara qapılmır, təmkinlidir. Necə deyərlər, hadisələri soyuq başla dəyərləndirir. Eyni zamanda mərhəmətli, əliaçıq və səxavətlidir. Gözəl anadır, övladlarının uğurlarından qürur hissi keçirir.

“Bəlkə də mən, ayaq üstə olmağımda, bütün çətinliklərdən keçməyimdə, gördüyüm işlərdə bacarığımı üzə çıxarmağımda övladlarımdan daha çox güc-qüvvət almışam. Demək olar ki, mən onlarla paralel böyümüşəm. Çünki erkən ana olmuşam, uşaqlarım böyüdükcə onlardan aldığım zövqdən elə bilmişəm öz uşaqlığımı, gəncliyimi onlarla paralel yaşayıram. Analıq ən təmənnasız sevgi ilə yaşanan bir duyğudur ki, övladına çəkdiyin zəhmətin, əziyyətin, yuxusuz gecələrin içində heç bir təmanna yoxdur. Bağban əkdiyi ağacın barından necə ləzzət alırsa, ananın da öz övladının uğurlarından aldığı həzz ona bənzəyir. Övladlarım da çox sag olsunlar, təməlini qoyduğum ailənin ibtidaisindən heç zaman məni yanıltmadılar, necə istədim o cür böyüdülər. Jurnalım da o cür, o da mənim üçün bir övladdır…”- söyləyir.

Nizam-intizamı xoşlayır, məsuliyyətli adamdır. İşində daha ciddi və sərtdir. Təcrübəsindən, səriştəsindən, istedadından maksimum istifadə etməyi bacarır. Onun üçün keçmişdə yaşamaq mənasız və sadəcə vaxt itgisidir. Odur ki, həmişə gələcəyə can atır. Zəhmətkeşlik, əzmkarlıq, inadla hədəfə çatmaq onun həyat kredosudur. Etibarlı və çox sadiqdir. Heç vaxt dostunu, yoldaşını çətin vəziyyətdə qoymaz. Necə deyərlər, nə qədər problemi olsa da, özünü ona çatdırar. İncə yumor hissi və güclü təfəkkürü ilə seçilir. İdarəetməni gözəl bilir, liderlik bacarığı yüksək səviyyədədir...

Deyir ki,- İnsan ömrü yalnız düz xətlərdən ibarət deyil, həyatın hər cür xətti var. İnanın ki, həyatın həm ağ, həm də qara xəttindən, illərin sınağından, çətinliklərdən keçmək və ayaq üstə durmaq çox çətindir, hamıya qismət olan şey deyil. Amma mən ayaqüstə durmağı bacardım. “Yada düşdü” jurnalı mənim ailə büdcəmdən maliyyələşir. Yəni başqa yerdən vəsait daxil olmur. Nə qədər ziyan dəysə də, jurnalı yaşadıram, heç bir qüvvə “Yada düşdü”nü mənim ürəyimdən çıxara bilməz. Maraqlıdır ki, “Yada düşdü” sevgisi təbii olaraq ürəyimə düşdüyü kimi, onu oxuculara, ədəbi ictimaiyyətə sevdirmək, qəbul etdirmək də zorla olmadı, çox tezliklə özünə yol açdı. Etiraf edirəm ki, “Yada düşdü” məni xoşbəxt etdi. Bu 60 illik ömrümdə dönüb arxaya baxdıqda, çox zəngin, mənalı bir həyat yolu keçdiyimi görürəm və bu jurnalın uğurlarına görə çox sevinirəm, özümü xoşbəxt və şanslı insan sanıram. Bir dəfə Bəxtiyar Qaraca mənə dedi ki,- Nəzakət xanım, çox təvazökarlıq edirsiz, əslində sizin Azərbaycan ədəbiyyatında öz yeriniz var, o yeri də heç kəs sizə təklif etməyib, o yeri siz özünüz qazanmısınız. Bəli, gəlib bu yaşa çatmaq elə də asan olmadı. Yurd itkisi yaşadıq. Mən qarabağlı deyiləm, amma yurd itkisinin nə olduğunu çox yaxşı bilirəm. Babam Ərdəbildən gəlib, mən yurd həsrətini babamın atama söylədiklərində, atamın göz yaşlarında görmüşəm. Yurd həsrəti, nisgili mənim canıma-qanıma hopub. Mənim şeirlərimi oxuyanlar, eləcə də, hər dəfə müsahibə zamanı jurnalistlər soruşurlar ki, siz haralısınız, qarabağlısınızmı? Şeirlərinizdəki bu qədər vətənpərvərlik, nisgil, Qarabağ ağrısı, yurd ayrılığı nədəndir? Cavab verirəm ki,- Bu ağrı, bu nisgil mənə qanla ötürülüb...”

Deyirlər, insan valideynlərini itirəndən sonra dünyanın fani olduğuna daha çox inanır. Atası vəfat edəndə yeddi, anası dünyasını dəyişəndə isə onun iyirmi yeddi yaşı olub. O vaxtdan da bu dünyanın iç üzünü tanıyıb və təsəllini yazıb yaratmaqda, Vətənə xidmətdə tapıb. Bəli, haqqında söhbət açdığım Nəzakət xanım Məmmədlinin Azərbaycan qarşısında həm bir ana, həm də qələm adamı kimi xidmətləri böyükdür. O, ehtirama, diqqətə layiqdir...

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2022)

Суббота, 10 Декабрь 2022 12:00

“Bu cür bir əsəri pis oynamaq olmaz”

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir.

  

MƏRZİYƏ  DAVUDOVA

(1901-1962)

 

 ***

C.Cabbarlının “Sevil” dramında yaratdığım Sevil obrazını tamaşaçılar rəğbətlə qarşıladılar. Bu tamaşada həm Abbas Mirzə, həm də Ülvi Rəcəb Balaş rolunda çıxış edirdilər. C.Cabbarlı bu rola görə mənə böyük qiymət verdi, tamaşadan sonra səhnəyə qalxan dramaturq:

– Mərziyyə, bu gün bir daha yetkin bir sənətkar, usta olduğunu sübut etdin, – dedi.

Düzü, tərifdən həmişə utanırdım, amma Cəfərin sözləri məni daha da ürəkləndirdi.

– Cəfər, Sevil obrazı inqilab dövrü keçən, cəhalət və inkişaf arasında seçim edən hər bir azərbaycanlı qadının ümumiləşdirilmiş obrazıdır. Burada ailə qayığılarından tutmuş, qadını xoşbəxt edəcək bütün hisslər dolğun verilib. Məncə, bu dramaturqun ustalığına dəlalət edir. Odur ki, bu cür bir əsəri pis oynamaq olmaz, – deyib, cavab verdim.

Mənim sözlərimdən sonra aktyorlar bizim hər ikimizi alqışladılar.

 

 “Ədəbiyyat və incəsənət”

(10.12.2022)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.