Super User

Super User

Вторник, 13 Декабрь 2022 12:30

Qazi şairin şeirlər kitabı çlxacaq

 

 

Qazi şair Alparslan Oğuz bizlərə odlu-alovlu misraları ilə yaxşı tanışdır. Nigar Həsənzadənin “Söz” layihəsi ilə daha da parlayıb. Budur, o, yeni şeirlər kitabını çıxarır. Bu barədə Alparslan özü belə deyir: “Uzun zamandan sonra dostların təkidi ilə, axır ki qərar verdim. Şeirləri bir araya toplayıb çapa verəcəm. İndidən deyim ki,kitabın adı "ARAF"olacaq.”

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2022)

Вторник, 13 Декабрь 2022 11:30

Sevgi romanı gənclərə təqdim olunacaq

 

Dekabrın 17-də, saat 14-də “Sabunçu Gənclər Evi"ndə maraqlı bir kitab təqdimatı olacaq. Gənc yazıçı Habil Yaşarın "Yeddinci ayın yeddisi" kitabının. 

 

Kitab “Azərkitab” Yayınlarında gənc nəşr olunub. Redaktoru Əkbər Qoşalıdır.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, oxuduqca oxucunu intizarda saxlayan bu romanda oxucu gerçək sevgini də yaşayacaq, mübarizliyə də şahid olacaq, eyni zamanda müxtəlif mövzularda dəyərli düşüncələrlə də tanış olacaq.

Əsərdə Aytəkin başda olmaqla, Nihat, Fərid, Aysel və s kimi xarakterlər yer alıblar. Hər birinin öz dünyası var. Və bu günyalar əksərən bir-birinin ziddinədir.

Onu da qeyd edək ki, “Yeddinci ayın yeddisi” müəllifin ilk romanıdır.

Maraqlananalar dəvət olunur!

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2022)

Вторник, 13 Декабрь 2022 10:30

Sonsuz bir söz axınında bir möcüzənin şahidi olacaqsınız

 

Bu gün saat 19.00-da Bakı Kitab mərkəzi və "SÖZ" ədəbi layihəsi sizi istedadlı şair Səidə Sübhinin "SOMNAMBULA" şeir toplusunun təqdimatına dəvət edir. 

 

"Eşidilmək hüququnu iddia edən, tanınma və hətta ölümsüzlük uğrunda mübarizə aparan sonsuz bir söz axınında bir möcüzənin şahidi olmaq çox nadirdir... Və şöhrətpərəstlikdən, tamahkarlıqdan, dəbdən, adi qələmdən deyil, həqiqi şairin İncə ruhundan və ətindən doğan bir sözlə toqquşma möcüzəsi..."

Bu kəlmələr “Söz” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadəyə məxsusdur. O, hamını Səidə Sübhinin kitab təqdimatına dəvət edir, deyir ki, sözü sevən və qiymətləndirən hər kəsi Bakı Kitab Mərkəzində görməkdən məmnun olarıq.

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2022)

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir

 

 

Uğur barədə söylənilən daha 10 dəyərli fikir

 

Qədimdən filosoflar, yazıçılar, dövlət xadimləri uğur barədə, məqsəd və hədəfə çatma yolları barədə fikirlər söyləmiş, rəy bildirmişlər. Bu söylənilənlərdən ən qiymətliləri aforizim halını almış, tarixin sınağından çıxaraq bu günə qədər gəlib çıxmışdır.

Bu aformzmləri elə bircə dəfə oxumaq insana bəs edir ki, fikir təlatümlərindən qopub müəyyən qərarları qəbul etsin, özünə lazımi keyfiyyətlər aşılasın, uğura, məqsədə doğru gedən düz yolu tapıb inamla, qətiyyətlə irəliləməyə nail olsun. Bu cür kəlamlardan bəziləri, düşünürəm ki, uğura doğru yolunuza işıq tuta bilər. Odur ki, uğur barədə daha 10 aforizm verməyi məqsədyönlü hesab edirəm.

 

 

İnsan öz qüvvəsinə inandığı vaxt istəyinə nail olur.

L.Feyerbax

 

Mübarizə bizi məqsədə yaxınlaşdırır və cəmiyyətdə yerimiz olduğunu sübut edir.

E.Heminquey

 

Əldə edilməsi mümkün olmayan ali məqsədlər bizə əldə edə biləcəyimiz kiçik məqsədlərdən daha əzizdir.

İ.Höte

 

Tərəqqi məqsəd, ideal isə nümunədir.

V.Hüqo

 

Böyük insanlar öz qarşılarına müəyyən məqsəd qoyurlar, qalan adamlar isə istəklərinə uyğun hərəkət edirlər.

V.İrvinq

 

Adam evdən çıxanda nə edəcəyi barədə fikirləşməli, evə gələndə isə nə etdiyi haqqında düşünməlidir.

Kleovul

 

Uzaqgörən adam hər bir istəyi üçün dəqiq yer ayırmalı və sonra bunları ardıcıl surətdə həyata keçirməyə başlamalıdır. Bizim tamahkarlığımız çox vaxt bu ardıcıllığı pozur və eyni vaxtda bir neçə məqsəd güdməyə sövq edir, nəticədə biz əsas məqsədi nəzərdən qaçırırıq.

F.Laroşfuko

 

Hətta ən astagəl adam da məqsədinin aydınlığını göz önündə saxlayırsa, onun işi məqsədsiz dolaşan adamlardan daha irəli gedir.

K.Lessinq

 

İstədiyini əldə etmək və ondan lazım olduğu kimi bəhrələnmək ağıllı insanın başlıca hədəfidir.

H.Makkey

 

Qarşınızda konkret məqsəd qoymamışsınızsa, heç nəyə nail ola bilməyəcəksiniz.

M.Monten

 

 

Bu gün Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının konsert zalında Xalq artisti, professor Azər Zeynalovun “Əsrin bir fəsli” adlı solo konserti keçiriləcək. Gecədə  ifaçı lirik nəğmələri ilə tamaşaçıların qarşısına çıxacaq. 

 

Qeyd edək ki, "Liriko-dramatik tenor" səs tembrinə malik olan Azər Zeynalov 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. O, Avropanın və Azərbaycanın klassik operalarında baş rolların ifaçısıdır. A.Zeynalov tək opera ifaçısı kimi yox, həm də Azərbaycan bəstəkarlarının mahnı və romanslarını, oda və oratoriyalarını da ifa edir. Buna Emin Sabitoğlunun "Şükriyyə", "Gəncədən gəlirəm", Tofiq Quliyevin "Bəxtəvər oldum", "Azərbaycan", Rauf Hacıyevin "Leyla", Ramiz Mirişlinin "Vətən harayı, Ruhəngiz Qasımovanın "Səninləyəm, Azərbaycan", Ramiz Mustafayevin "Məhəmməd və Leyla", Vasif Adıgözəlovun "Qəm karvanı", "Təntənəli kantata", "Çanaqqala", "Qarabağ şikəstəsi", Mobil Babayevin "Ölüm-qara qarışqa", Azər Dadaşovun "Ana yurdu" odası, Siyavuş Kəriminin "Ömrümün istəyi", "Sənsizləmişəm", Sevil Əliyevanın "Əziz anam" və s. bu kimi əsərləri misal çəkmək olar. Onun repertuarında xalq mahnıları da xüsusi yer tutur. Həmçinin öz ifası ilə bir çox xarici dövlətlərin böyük konsert salonlarında dəfələrlə çıxışlar edib. O, opera səhnəsində ifa etdiyi bir çox rollara görə müxtəlif mükafatlara da layiq görülüb. Azər Zeynalov 2001-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Vokal" kafedrasının müdiri, 2015-ci ildən isə "Musiqili teatr aktyoru" kafedrasının müdiri kimi pedaqoji fəaliyyətdə olub. 2016-2017-ci tədris ilindən etibarən pedaqoji fəaliyyətini yalnız Azərbaycan Milli Konservatoriyasında davam etdirərək burada Milli vokal kafedrasına rəhbərlik edir. Onun 2012-ci ildə çap olunan "Vokal ifaçılığı" kitabı ali musiqi məktəblərində klassik opera-vokal ixtisası üzrə təhsil alan tələbələr üçün ana dilimizdə ilk dərslikdir.

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2022)

Вторник, 13 Декабрь 2022 09:30

“Nəsimi barədə həqiqətlər” - 2- ci hissə

prof. Ramazan SİRACOĞLU

 

Professor Ramazan Siracoğlu Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur. Daha sonra Azərbaycan SSR EA-nın (indiki AMEA) Şərqşünaslıq İnstitutunun aspiranturasını bitirib. 1986- 1993-cü illərdə Azərbaycan SSR EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi işləyib. 1994-2018-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində çalışıb. Hazırda  Karabük Universitetinin professorudur. 

 

 

Tərəddüdsüz qeyd etmək lazımdır ki, türk, ərəb və fars ədəbiyyatında Hürufi məzmunlu şeirlər yazmış heç bir şair— Gülşəni, Nədimi, Ərşi, Muhiti, Kəlimi, Niyazi Misri, Gül Baba, Qasım Ənvar və başqaları heç vaxt Nəsimi səviyyəsinə yüksələ bilməmişlər. Ən yaxşı halda, onlar Nəsimini zəif şəkildə təqlid etmişlər.  

Nəsimi öz ustadı Fəzlullah Nəimidən öyrəndiklərini az sonra Mənsur Həllacın fikirləri əsasında dərinləşdirmişdi. Taleyin işi qəribədir: Nəimini hürufiliyə görə, onun tələbəsi Nəsimini isə Mənsur Həllacın fikirlərinin təbliğinə görə ittiham edib qətlinə fərman vermişdilər:

‎چو حق بنوشت بر رویش تمامی اصل قرآن را /  رخ او مصحف خوبی و خطش ترجمانسـتی

Çün Həqq üzünə  tam yazmış bütün Quranın əslini  

Xub çöhrəsi müshəfdürür, xətti onun tərcümanı.

Haqqında bir-birinə zidd xəbərlər söylənilən, təvəllüdü və vəfatı haqqında müxtəlif mənbələrdə fərqli tarixlər təsbit olunmuş Nəsimi  qısa zaman içində Azərbaycanda çox məşhurlaşmışdı. İnsanlara azadlıq və ədalət təbliğ edən hürufiləri Teymurilər  öz xanədanlıqları üçün böyük təhlükə mənbəyi olaraq görürdülər. Teymurilərin müşahidəsinə görə, hürufilər başqa dərvişlərdən fərqli idilər, vird oxumur, zikr etmirdilər. Əlincə qalasını özlərinin həcc yeri adlandırması, onun ətrafına dövrə vurmağı özlərinə borc bilmələri, hər səhər “Baba” adlandırdıqları təriqət başçısını ziyarət etmələri, dini mətnləri öz tərzlərində “təvil” adlanan üsulla açıqlamaları, hərfləri gizli mənaları dərk etmək vasitəsi saymaları Teymuri xanədanlığını ciddi əndişələndirirdi. Buxara ilahiyyatçıları (fəqihləri) Nəsiminin bu beytini yanlış şərh edərək Əmir Teymuru qəzəbləndirməyi bacarmışdılar:

‎لوح محفوظ است پیشانی وقران روی دوست / كُلُّ شَيْءٍ هَالِكٌ إِلَّا وَجْهَهُ لاریب اندر شان اوست

(Yarın alnı Lövh-əl-məhfuz, çöhrəsi Quran ayəsidir, “Qəsas” surəsinin 88-ci ayəsindəki “Onun özündən başqa hər şey yox olacaqdır” hökmü, şübhəsiz ki, dostun üzünə görədir. )

Miranşah  atası Əmir Teymurun israrı ilə bir qrup üləmanı toplayıb Fəzlullah Nəiminin və ardıcıllarının  zındıq olması barədə hökm verdi. Maraqlananlar üçün xatırlatmaq lazımdır ki, hürufiləri zındıq adlandırmanın hüquqi əsası yoxdur. Ərəblər atəşpərəstlərə “məcusi”, Zərdüştə aid edilən “Zənd” kitabına iman gətirənlərə isə  “ زندیق -zəndiq” deyirdilər. Əslində, bu söz pəhləvicədir- “زندیك – zendik”. Sonralar batində islami ehkamları qəbul etməyib zahirən özünü müsəlman kimi göstərənlərə də “zındıq” deyilməyə başlamışdı. Ümumiyyətlə, islam hüququnda islam dininə qarşı çıxan fərqli qruplara müəyyən tanımlamalar var: mürtəd, mülhəd, müşrik, kafir, laməzhəb, asi vs.  ( Bax: المزهر سیوطی و المعرب جوالیقی ص 166  ) 

Hurufilərin ALLAHa inanmaması haqqında irəli sürülən mülahizələr doğru deyildir. Hətta bir ara bizdə də belə bir yanlış fikir irəli sürülmüşdü ki, “Nəsimi “Məndə sığar iki cahan” yox, “Məndə sığar ikən cahan” yazıb. Axı o dinə inanmırdı, iki cahan deməzdi” (!?)

Fəzlullah Nəimi və onun xələfi İmadəddin Nəsimi Şirvani də daxil olmaqla bütün hürufilər iliklərinə qədər müsəlmandırlar. Sadəcə, onların mütləq həqiqət olan ALLAHa qovuşmaq prinsipləri ənənvilikdən fərqlidir. Hürufilər  təsəvvüfdə mövcud olan “ صحو بعد المحو  - Səhv bə’d-əl- məhv- Yox olduqdan sonra oyanıb özünə gəlmək“ prinsipini qəbul edib onu daha da dərinləşdirmişdilər. Sufilərin (və də hürufilərin ) etiqadına görə, ilahi eşqin on mərtəbəsi var: məhəbbət, iradət, şəbabət, ğəramət, vədadət, şəğavət, eşq, tətəyyüm, təəbbüd, hüllət. Hüllət, sonuncu mərtəbə, “- فناء فی‌اللّه وبقاء باللّه fəna fillahi  və bəqa billahi – ALLAHda yox olub ALLAHda əbədi qalmaq” dərəcəsidir.  Həmin dərəcəyə yüksələ bilənlər ALLAHa qovuşub onda yox olub əbdiyyətə qovuşurlar.  Hürufilərin düşüncəsinə görə, insan  əngin ümmana qovuşduqdan sonra yox olmuş  kimi görünən çaya bənzəyir. Başqa sözlə, çay ümmana qovuşduqda,   həm də ümman olursa, Haqqa qovuşan insan da Haqqın bir zərrəsi şəklində həm də Haqq olur. Bu mənada hürufilər Mənsur Həllacın məşhur “ اناالحق - Ənə-l- Həqq- Mən Haqqam” fikrini qəbul etmişdilər. Nəsimi az sonra bu fikri “Haq mənəm, haq məndədir, haq söylərəm” şəklində poetikləşdirmişdir.

Xanədanlığa xidmət edən, rəsmilərin verdiyi pulla fəaliyyət göstərən ilahiyyatçılar fürsət düşdükcə hürufiləri vurmağa, xalq arasında onları nüfuzdan salmağa çalışır, bacardıqları dərəcədə onları zərərsizləşdirmək üçün bütün mümkün bəhanələrdən yararlanırdılar. Belə bəhanələrdən biri, hürufilərin istinad gətirdikləri “  من عرف نفسه فقد عرف ربه  - Mən ərəfə nəfsəhu fəqəd ərəfə rəbbəhu- Özünü dərk edən, əslində Rəbbini dərk edər” hədisi oldu. Din rəsmilərinin iddiasına görə, həmin hədisi hürufilər qəsdən dəyişdirmiş, İnsanı əzəmətli, güclü, heç bir şeyə möhtac olmayan, heç nədən asılı olmayan varlıq olaraq göstərmiş və beləliklə,  avam kütləyə insanın ilahlaşdırılmış bir varlıq olduğu fikrini aşılamağa çalışmışlar. İddiaya görə,  o hədis əslində tam fərqli şəkildəymiş:

‎من عرف نفسه بذلها وعجزها وفقرها عرف الله بعزه وقدرته وغناه الله من بعد– Özünün zəifliyini, dəyərsizliyini və acizliyini dərk edən şəxs, gerçəkdən də,  ALLAHın əzəmət, qüdrət və zənginliyini idrak edər”. Hürufilərin düşüncəsinə görə, bütün varlıqların görüntüsü, həcmi, ölçüsü, çəkisi olduğu üçün bu xüsusiyyətlər  Mütləq Varlığın özünə də aiddir və ALLAH özünü hərflər  və o hərflərin tələffüzü zamanı yaranan səslər şəklində təcəlli etdirmişdir.  İstinad olaraq da İslam Peyğəmbərinin dilindən söylənmiş bir hədisi gətiridilər. ( Bax: خياوي، روشن؛ حروفيه تحقيق در تاريخ، آراء و عقايد، نشر آتيه، اول،1379هـ ش، تهران، ص215   ) 

Miranşahın əmri ilə Nəimi Əlincə qalasında  xüsusi amansızlıqla qətl edildikdən sonra Nəsimi Kiçik Asiyaya gedir. 

Bursa şəhərində gələn Nəaimini zındıq elan etdikləri üçün çar-naçar oranı tərk edib Ankaraya, Hacı Bayram Vəlinin yanına  gəlir, bir müddət sonra Hələb şəhərinə getməyə qərar verir….

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2022)

 

Dekabrın 12-də Milli Kitabxanada Ümummilli lider Heydər Əliyevin Anım Günü münasibətilə tədbir keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb. Sonra Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Direktor bildirib ki, 12 dekabr tarixində Müstəqil Azərbaycanın qurucusu və memarı, görkəmli dövlət xadimi, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin vəfatından 19 il ötür. Direktor vurğulayıb ki, Ulu Öndərin hakimiyyətə gəlməsi ölkəmizdə əmin-amanlıq, sabitlik yaratdı, hərc-mərcliyə, xaosa son qoydu və quruculuq mərhələsi başladı.

Tarixə Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və böyük şəxsiyyət kimi daxil olan Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolundan, Vətən qarşısında xidmətlərindən və müstəqilliyi dövründə Azərbaycana layiqincə rəhbərlik etməsindən danışan natiq, onun həmçinin Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğısını da qeyd edib. Vurğulayıb ki, Ulu öndərimiz ikinci dəfə Azərbaycana rəhbərlik etməyə başladığı ilk illərdə – yəni 1995-1997-ci illərdə 4 dəfə Milli Kitabxanaya gələrək kitabxananın problemləri ilə maraqlanmış və ciddi çətinliklər dövrlərini yaşayan bu mədəniyyət məbədinin fondlarının zənginləşdirilməsi üçün tədbirlər görməyi tapşırmışdır.

O söyləyib ki, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin layiqli davamçısı olan cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan ordusunun iştirakı ilə 30 ilə yaxın işğal altında olan torpaqlarımız düşmən tapdağından azad olundu və onun yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan bu gün regionda lider ölkəyə çevrilib.

Öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətin irsinin təbliği istiqamətində Milli Kitabxananın da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini söyləyən direktor son olaraq vurğulayıb ki, Azərbaycan xalqı, Müstəqil Azərbaycan Dövləti durduqca, yaşadıqca Ulu Öndərin əziz xatirəsi daim xatırlanacaq, heç vaxt unudulmayacaqdır.

Direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova çıxış edərək bildirib ki, qədirbilən xalqımız 12 dekabrı tarixə öz adını əbədi həkk etmiş, dahi siyasi xadim olan, həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmiş Ulu öndər Heydər Əliyevin anım günü kimi böyük minnətdarlıq hissi ilə qeyd edir. Ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olan Ulu öndər daim ölkəni irəliyə aparmaq uğrunda çalışıb.

Direktor müavini qeyd edib ki, bildiyimiz kimi 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur və Cənab Prezident İlham Əliyevin 2022-ci ilin 29 sentyabr tarixli sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib və Azərbaycan Milli Kitabxanası da ilə töhfə olaraq çoxsaylı layihələrin həyata keçirilməsini nəzərdə tutur.

Daha sonra tədbir iştirakçıları təşkil olunmuş sərgiyə baxış keçiriblər. Sərgidə kitabxananın fondlarında qorunan dahi şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən kitablar, sənədlər, fotolar nümayiş olunub.

Sonda Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş guşədə xalqımızın böyük oğlunun xatirəsi bir daha yad edilib.

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2022)

 

Dünyaşöhrətli siyasətçi, xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin (1923-2003) anım günündə - vəfatının 19-cu ildönümündə dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mədəniyyət Nazirliyinin kollektivi də görkəmli dövlət xadimi, dahi siyasətçi, mədəniyyətimizin böyük himayədarı Heydər Əliyevin məzarını ziyarət edib.

Mədəniyyət naziri Anar Kərimov, nazirin birinci müavini Vaqif Əliyev, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev və nazirliyinin əməkdaşları Fəxri xiyabanda Heydər Əliyevin məzarüstü abidəsinin önünə gül dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Ziyarət zamanı Ümummilli liderin ömür-gün yoldaşı, Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2022)

Вторник, 13 Декабрь 2022 08:46

Sevinc Nuruqızının kitabı Tehranda çap olunub

 

Uşaq yazıçısı Sevinc Nuruqızının "Melisa" əsəri Tehranda "ÇərxiFələk" nəşriyyatında nəfis tərtibatla çap olunub. 

Əsərin baş qəhrəmanı Melisa obrazı təcrübəli kuklaçı-rəssamlar tərəfindən hazırlanaraq kitabın bütün nüsxələrinə əlavə edilib. 

 

“Melisa”nı fars dilinə Nəsim Yousefi tərcümə edib, kitabın naşiri isə Zəhra Bərqanidir.

Onu da qeyd edək ki, yazıçının çəhrayı saçlı gəlincikdən bəhs edən bu kitabı artıq üç dildə- türk, rus və fars dillərində balaca oxucularının ixtiyarına verilib. 

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2022)

Вторник, 13 Декабрь 2022 08:44

77 yaşın nə fərqi var ki…

 

Polad Bülbüloğlu Daşkənddə konsert verib

 

Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu ötən gün MDB ölkələrinin Gənclər Simfonik orkestrinin Daşkənddə keçirilən konsertinin solisti olub.

 

“Ədəbiyyat və incəsənət” portalı Rusiya KİV-nə istinadən xəbər verir ki, dirijor pultunda Rusiyanın xalq artisti Sergey Skripka, azərbaycanlı dirijor Murtuza Bülbüloğlu, özbək dirijor Alibek Kabduraxmanov və onun türkmən həmkarı Rəsul Kliçev öz məharətlərini nümayiş etdiriblər.

Konsert MDB-yə üzv ölkələrin yaradıcı və elmi ziyalılarının XV Forumu çərçivəsində təşkil olunub. Dekabrın 14-dək davam edəcək Forumda Birlik üzvü olan ölkələrin tanınmış incəsənət xadimləri, idmançıları və alimləri iştirak edirlər.

Qeyd edək ki, orkestr 2007-ci ildə MDB üzvü olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə yaradılıb.

 

“Ədəbiyyat və incəsənə”

(13.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.