Super User
Şevval Sam: “Azərbaycanın keçmiş müğənnilərini çox bəyənirəm"
“Yasak elma" serialının ulduzu, aktrisa və müğənni Şevval Sam Azərbaycana gəlib.
Daycest bölümündə onun olay-a müsahibəsinsən bəzi məqamları oxucularımızla bölüşürük.
"Bakıya birinci gəlişimdir. Gəzməyə çox vaxtım olmadı. Sabah da tezdən yola çıxacağam. Növbəti dəfə daha gözəl havada, uzun müddətlik gəlmək istəyirəm. Bu axşam da ürəkləri isidəcəyəm, hava pis olsa da, əhvalımız isti olsun.
Buradakı qızlar çox cəld idi. Məni 20 dəqiqədə hazırladılar. Əslində, həmişə səhnəyə özüm hazırlaşıram. Gördüm ki, buradakı qızlar çox peşəkardır, özümü onlara əmanət etdim".
Azərbaycanlı müğənnilərdən söz açan Şevval deyib ki, daha çox keçmişdəki ifaçılarımızı bəyənir:
"Mən Azərbaycanın keçmiş müğənnilərini çox bəyənirəm. Hətta "Toprak kokusu" albomumda "Haradasan" və "Getmə" mahnılarını oxumuşdum. Anam (müğənni Leman Sam - red.) illərdir Azərbaycan mahnıları oxuyur. Bəlkə bu gün də bir sürpriz edib, sizin mahnılarınızdan birini səsləndirərəm".
Ş. Sam "Yasak Elma"da canlandırdığı Ender obrazının izləyicilər tərəfindən sevilmə səbəbindən də danışıb:
"Ender bəlkə pis kimi görünür, amma yaxşı tərəfləri də var. Həyat kimidir, hər kəs mütləq yaxşı, ya da pis deyil. Onun da gülməli bəzi cəhətləri mövcuddur. Enderin həm də macəraları, bədən dili, danışıq tərzi, makiyajı, geyimi, insanlara qəribə gəlir. Sevilməsinə səbəb də budur. Ötən il çox yorulmuşduq, layihəni bitirmək istəyirdik. Belə bir qərar verib, davam etdik. Bu il isə sonuncu sezondur. Yorulduq, yeni işlər görmək lazımdır".
Aktyor oğlu Taro Emir Tekindən bəhs edən Şevval söyləyib ki, övladı ilə sevgilisinin evlilik planları haqda nəsə bilmir:
"Onlar nə vaxt istəsə, dəstək olacağam. Budəfəki "Altın Kelebek" mükafatlandırma mərasimi mənim üçün böyük gün idi. Aldığım ən böyük ödül oğluma layiq görülən mükafat idi. Sevgilisi Sofiya da çox şirindir, Sibirdəndir, rusdur. Onu qızımız olaraq qəbul etdik, çox sevirik".
Sənətçi son olaraq deyib ki, növbəti il istirahət etmək istəyir:
"2022 işlərimlə bağlı çox məşğul keçdi. Gələn ilin isə bir hissəsində dincəlmək istəyirəm".
“Ədəbiyyat və incəsənət”
(10.12.2022)
2023-cü ildə Şuşada keçiriləcək tədbirlər özünəməxsusluğu ilə seçiləcək
Bursada keçirilən təntənəli tədbirlə “Türk dünyasının mədəniyyət paytaxtı” statusu Türkiyənin qədim şəhəri olan Bursadan Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya təhvil verildi. Həm bir azərbaycanlı olaraq, həm də Şuşanı təmsil edən rəsmi şəxs olaraq çox qürurluyam.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu fikirləri AzərTAC-a müsahibəsində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.
Gələcək il Azərbaycanın qədim şəhəri olan Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” olacağını xatırladan Aydın Kərimov deyib: “Bu baxımdan gözlənilən tədbirlər hazırda dəyərləndirilir. Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Bu il Bursa çox möhtəşəm, maraqlı tədbirlərlə yadda qaldı. Bunlar bizim üçün dəyərli bir nümunə ola bilər. Bu baxımdan Bursa şəhərində 2022-ci ildə keçirilən tədbirlərin təcrübəsinin öyrənilməsi də mümkündür. Lakin, düşünürəm ki, Şuşada bu tədbirlər özünəməxsusluğu ilə seçiləcək. Çox maraqlı tədbirlərin keçirilməsi gözlənilir və biz buna var gücümüzlə hazırlaşacağıq. Bizim türk dünyasından olan bütün dost və qardaş ölkələrimizin nümayəndələrini Şuşada salamlamaqdan çox böyük qürur hissi keçirəcəyik. Onu da qeyd etmək istərdim ki, Bursada baş tutan bağlanış günlərində Şuşa Günlərinin keçirilməsi də çox simvolik bir hadisədir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Bursa Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutan bu tədbirlərdə Şuşanın mədəni-mənəvi irsinin ilkin təbliğinin baş tutduğunu da düşünürəm”.
“Ədəbiyyat və incəsənət”
(10.12.2022)
252 tarix-memarlıq abidəsinə mühafizə lövhələri vurulacaq
Xəbər verildiyi kimi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tarix-mədəniyyət abidələrinə mühafizə lövhələrinin vurulması ilə bağlı yeni layihəyə başlayıb. Layihənin həyata keçirilməsində məqsəd abidələrin mühafizəsi, bu sahədə maarifləndirmənin təmin edilməsi, ha belə abidələrin təbliği yolu ilə müdaxilələrin qarşısının alınmasıdır. İlkin olaraq sosial iqtisadi fəaliyyətin daha dinamik olduğu, yerli və xarici ziyarətçilərin çoxluq təşkil etdiyi Səbail rayonunun prospekt və küçələrində yerləşən 252 tarix-memarlıq abidəsinə mühafizə lövhələri vurulacaq.
Artıq Azadlıq və Neftçilər prospektləri, Xəqani, Üzeyir Hacıbəyli, Zərifə Əliyeva, Yusif Məmmədəliyev, Hacı Zeynalabdin Tağıyev, Əbdülkərim Əlizadə, Rəsul Rza və Səməd Vurğun küçələrində yerləşən tarixi abidələrə mühafizə lövhələri quraşdırılıb. Lövhələrin vurulması işi davam edir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli mediaya açıqlamasında söyləyib: “Mühafizə lövhələrinin vurulması Dövlət Xidməti və Səbail Rayon İcra Hakimiyyətinin müvafiq strukturları tərəfindən təmin edilir.
Mühafizə lövhələrində yer alan bütün məlumatlar qanunvericiliyin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı Qərarı ilə təsdiq olunmuş məlumatlar əsasında hazırlanır. Mühafizə lövhələrinin vurulması başa çatdıqdan sonra layihənin məqsəd və iş prinsiplərinə uyğun olaraq görülmüş işlər təftiş olunacaq, son təsdiqlənmələr aparılacaq və hesabat veriləcək”.
F. Hüseynli qeyd edib ki, bu genişmiqyaslı vacib layihənin nəticələri, keyfiyyətli icrası və səmərəlilik əmsalı layihə tam başa çatdıqdan sonra müəyyən ediləcək. Eləcə də layihənin yekunları haqqında məlumatların açıqlanması üçün KİV, ictimaiyyət və elm dairələrinin nümayəndələrinin iştirakı ilə mətbuat konfransının keçirilməsi planlaşdırılır. Layihə çərçivəsində qısa zamanda görülən irihəcmli işlər uzun illər ərzində yığılmış və yerinə yetirilməmiş vəzifələrdən irəli gələn boşluqların aradan qaldırılmasına xidmət edir.
“Bu layihənin icrası boyunca dəstək göstərən mətbuat və elm dairələrinin nümayəndələrinə təşəkkürümüzü bildiririk. Dövlət Xidməti bundan sonra da tarixi abidələrimizin daha layiqli səviyyədə mühafizəsini təmin edəcək, dünyanın ən gözəl paytaxt şəhərlərindən biri olan Bakının memarlıq irsinin nə qədər zəngin olduğunun nümayiş olunması istiqamətində davamlı tədbirlər həyata keçirəcək. Bir daha bütün vətəndaşlarımızı tarix-mədəniyyət abidələrimizin mühafizəsinə dəstək göstərməyə səsləyir, dövlət tərəfindən mühafizə edilən abidələrin qorunub saxlanılmasında iştirak etməyə çağırırıq”, - deyə mətbuat katibi söyləyib.
“Ədəbiyyat və incəsənət”
(10.12.2022)
“Qarabağ” milli geyim kolleksiyası Bursada nümayiş olundu
Bursadan daha bir xəbər. Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar Türkiyənin Bursa şəhərində keçirilən Şuşa Günləri çərçivəsində “Qarabağ” Qadın Milli Geyim Kolleksiyasının nümayişi baş tutub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Bursa Böyükşəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Mərasimdə tanınmış modelyer-dizayner, Azərbaycan Milli Geyimlər Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovaya məxsus milli geyim kolleksiyası nümayiş etdirilib.
Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva gələn il “Türk dünyasının mədəniyyət paytaxtı” statusunu layiqincə daşımağa və ziyarətçiləri qarşılamağa hazırlaşan Şuşa şəhərinin zəngin tarixi və mədəni mirasının tanıdılmasına fond olaraq töhfə verməyin qürurunu hiss etdiyini bildirib.
Fond tərəfindən iki gün ərzində Bursada keçirilən Şuşa Günlərində Azərbaycan, eləcə də tarixi Qarabağımız və Şuşanın milli-mənəvi dəyərlərinin dünya ictimaiyyətinə çatdırıldığını deyən Günay Əfəndiyeva qeyd edib ki, Azərbaycan xalqı Qarabağın tarixi həqiqətlərini uzun illər qəlbində yaşadıb.
Bildirilib ki, Azərbaycan tarixinin 270 illik şah əsəri olan Şuşa milli geyimlərimiz, musiqimiz, ədəbiyyatımız ilə iki gün ərzində Türk dünyasına yenidən tanıdıldı. Şuşa Günləri çərçivəsində keçirilən hər tədbir bir tarixi özündə əks etdirdi.
Əsrarəngiz gözəlliyi ilə insanları valeh edən Azərbaycan milli geyimləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Nümayişdən sonra çıxış edən Gülnarə Xəlilova tədbirə dəvətə görə təşkilatçılara minnətdarlığını bildirib.
Azərbaycanın milli geyim mədəniyyətinin dünyada tanıdılmasına, eləcə də gələcək nəsillərə çatdırılmasına töhfə verməsinə görə qürur hissi keçirdiyini deyən modelyer kolleksiyada Qarabağın bölgələrinə aid ornamentlərin yer aldığını diqqətə çatdırıb.
Nümayişdən sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən modelyerə xüsusi hədiyyə təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(10.12.2022)
Bu gün Xalq şairi Nəbi Xəzrinin doğum günüdür
Bu gün şair, nasir, dramaturq, publisist, tərcüməçi, Dövlət mükafatı laureatı, Azərbaycanın Xalq şairi Nəbi Xəzrinin anadan olmasının 98-ci ildönümü tamam olur.
Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Nəbi Xəzri 1924-cü il dekabrın 10-da soyuq bir qış günündə Bakıya yaxın kəndlərdən birində Xırdalanda dünyaya göz açıb. 2007-ci ilin yanvarın 15-də yenə soyuq bir qış günündə Bakıda vəfat edib.
Uşaqlıq, ibtidai məktəb illərindən şair olmaq istəyini bildirmişdi. “Günəş” adlı ilk ciddi şeirini isə 16 yaşında qələmə almışdı. Bu şeir sanki Günəş kimi onun yaradıcılıq yoluna işıq salır. 20 yaşında isə bir müsamirədə gənc şairin oxuduğu şeir böyük ürək sahibi Səməd Vurğunun nəzərindən qaçmır, istedadını kəşf edir və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə keçirir.
"Çiçəklənən arzular" adlı ilk şeirlər kitabı 1950-ci ildə çap olunmuşdur. O, 1945-1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947-1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949-1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almış, istedadına görə o dövrün Moskva və Ümumittifaq ədəbi mühitində hər kəsə müyəssər olmayan bir tanıtım sahibi olmuşdur. Bakı, Abşeron torpağının yetirməsi kimi dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə "Xəzri" təxəllüsü götürmüşdür.
1952-ci ildə təhsilini başa vuran Nəbi Xəzri 1957-ci ilədək Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1957-1958-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi olmuşdur. O, 1958 -1965-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1965-1971-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin, 1971-1974-cü illərdə isə Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrində işləmişdir. 1974-cü ildən etibarən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin Rəyasət heyətinə sədrlik edən Nəbi Xəzri 1992-ci ildən "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzi adı altında fəaliyyət göstərən həmin təşkilatın prezidenti olmuşdur.
Nəbi Xəzrinin yaradıcılığı müasir poeziyanın parlaq səhifələrindən birini təşkil edir. Altmış ildən çox Azərbaycan ədəbiyyatına xidmət etmiş şairin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir.
Nəbi Xəzri geniş və hərtərəfli yaradıcılıq yolu keçərək, şair, nasir, dramaturq, publisist və tərcüməçi kimi şöhrət qazanıb. N.Xəzri XX əsr Azərbaycan ədəbiyyatının inkişafı naminə böyük xidmətlər göstərmiş qələm sahiblərindədir. Onun imzası hələ gənc yaşlarından diqqəti cəlb etməyə başlayıb.
İnsanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən və bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanıb.
Nəbi Xəzrinin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. Şair “İllər və sahillər”, “Ulduz karvanı”, “Nəsillər-əsrlər”, “Ağ şimşəklər”, “Torpaq, sənə and içirəm”, “Ömür çinarından yarpaqlar”, “Əsrin qanlı laləsi” və başqa kitabların müəllifidir.
Ədibin şeir və poemaları dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyası nümunələri ilə tanış olmaq imkanı əldə ediblər. Nəbi Xəzri qələminin məhsulu olan dram əsərləri teatrlarımızda uğurla tamaşaya qoyulub, müəllifinə dramaturq kimi də şöhrət qazandırıb.
Nəbi Xəzri öz şeirlərində yalnız Azərbaycanın deyil, dünya xalqlarının dərdlərini qələmə almışdır. Şairin poeziyasının əsasında insan konsepsiyası durur. Bu insan dünyanın hər bir ölkəsində insandır. Müasir dövrdə Yer kürəsi eyni dərdlərlə çırpınır. Ona görə də Nəbi Xəzri hər hansı bir xarici dünyanı qələmə alanda, hər hansı bir xarici ölkədən yazanda da, orada Azərbaycanı görür, incə və zərif lirika, mənalı təbiət mənzərələri, fəlsəfi düşüncələr, vətəndaşlıq pafosu ilə aşılanmış etiraflar bir-birinə qovuşur, bir-birini tamamlayaraq zəngin və bütöv poetik obraz, bədii panoram yaradır.
Şair nədən yazırsa-yazsın, onun şeirinin ruhu, canı, mayası Azərbaycan olub. Hətta uzaq mətləblərə toxunanda, başqa məmləkətləri təsvir edəndə belə misraların arxasında ana yurdun gözəlliyi dayanıb.
Şair dilimizin poetik imkanlarından ustalıqla bəhrələnərək, poeziyanın gözəl nümunələrini yaratmaqla ədəbi dilimizin inkişafına töhfələr verib. Poeziyasının dilinə xas olan şeiriyyət, rəvanlıq və axıcılıq Nəbi Xəzri şeirlərinə bəstəkarların müraciət etmələri üçün zəmin yaradıb. Tanınmış müğənnilərimizin repertuarında mühüm yer tutan bu əsərlər Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasına daxil olunub.
Nəbi Xəzrinin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. O, bir sıra orden və medallara, o cümlədən müstəqil Azərbaycanın ali dövlət təltiflərinə - “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb.
Qeyd edək ki, Nəbi Xəzrinin 90 illik yubileyi 2014-cü ildə Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə silsilə tədbirlərlə qeyd edilib.
Azərbaycan ədəbiyyatında öz yeri olan Nəbi Xəzri bütün zamanların söz adamı olaraq mənsub olduğu xalqın qəlbində əbədiyaşarlıq qazanıb.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(10.12.2022)
Bu gün “Milli klassika” teatr festivalı açılır
Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə “Milli klassika” adlı teatr festivalı açılır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, festival Teatr Xadimləri İttifaqının yaranmasının 125 illiyi münasibətilə təşkil olunur.
Festivalda 11 teatr və 1 təhsil ocağı, ümumilikdə 13 tamaşa ilə iştirak edəcək. Lənkəran Dövlət Dram Teatrı festivala müsabiqədənkənar qoşulacaq. Tamaşalara münsiflər heyəti tərəfindən baxış keçirilib.
Festivalın keçirilməsində əsas məqsəd Azərbaycan teatrının bu gününə nəzər salmaq, milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaqdan ibarətdir.
Qeyd edək ki, festival tamaşaları Azərbaycan Teatr Xadimləri İttifaqının böyük səhnəsində, Akademik Opera və Balet Teatrında, Şuşa Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Kukla Teatrında oynanılacaq.
Festival dekabrın 16-da başa çatacaq.
“Ədəbiyyat və incəsənət”
(10.12.2022)
Əhməd Cavadın 130 illiyi Özbəkistanda qeyd olunmaqdadır
Önəmli layihələrə imza atan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi əsasında bu il tanınmış Azərbaycan şairi Əhməd Cavadın 130 illiyi münasibətilə qardaş ölkədə silsilə tədbirlər və layihələr həyata keçirilir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi mediaya məlumat yayıb.
Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə şairin bir sıra əsərləri tərcüməçi Şaxlo Qasımova tərəfindən özbək dilinə çevrilərək nəşr edilib. Nəşrin ədəbiyyatsevərlərin iştirakı ilə Bakıda Beynəlxalq Kitab sərgisində təqdimatı olub.
Növbəti təqdimat Daşkənddə Özbəkistan Yazıçılar Birliyində keçirilib. Azərbaycan Mədəniyyət Mərkəzinizin sifarişi ilə Özbəkistan Xalq Çalğı Alətləri Orkestri Əhməd Cavadın əsərləri əsasında xüsusi konsert proqramı hazırlayıb. Konsert proqramında Özbəkistan Dövlət Konservatoriyasının musiqili-teatral studiyasının Xor Kapellası Azərbaycan-Özbəkistan-Türkiyə milli himnlərini ifa edilib. Tədbirdə Özbəkistan Xalq Çalğı Alətləri Orkestri Əhməd Cavadın “Can Azərbaycan”, “Türkün bayrağı”, “Şükriyyə”, “Lalələr”, Abdulla Aripovun “Men nechun sevaman O‘zbekistonni”, “Uluğumsan Vatanim”, habelə Mehmet Akif Ersoyun əsərlərini ifa ediblər.
Dekabrın 9-da Özbəkistanda Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində alim və tədqiqatçıların iştirakı ilə “İstiqlal şairlərimiz, dövlət himnlərimizin müəllifləri Əhməd Cavad, Abdulla Aripov, Mehmet Akif Ersoy” beynəlxalq konfrans keçirilib. Universitetin mərkəzi foyesində isə “Türkistan və Qafqazların unikal tarixi xəritələri” adlı Azərbaycan-Özbəkistan-Türkiyə sərgisi açılıb. Sərgidə Mərkəzi Asiya, habelə Qafqazların ən qədim dövr, orta əsrlər, habelə sovet dövrünə qədər tarixi xəritələri və istiqlal mübarizəsinə dair fotoşəkillər nümayiş etdirilir.
Qeyd edək ki, tədbirə Özbəkistan Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi, Dövlət Konservatoriyası, habelə Türkiyə Respublikasının Özbəkistandakı səfirliyi, Ankaradakı Türk Tarixi və Mədəniyyəti Fondu dəstək verib.
“Ədəbiyyat və incəsənət”
(10.12.2022)
Dünən gənc rusdilli şairlərin növbəti yaradıcılıq gecəsi keçirilib
Bakıdakı Rus Evində “açıq mikrofon” formatında növbəti yaradıcılıq gecəsi dünən keçirilib. Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətinin yaydığı məlumata görə, Rus Evindəki ədəbiyyat klubunun iştirakçıları olan gənc şairlər gecənin iştirakçıları olublar.
Aydan Allahyarova, Olqa Şalayeva, Dilarə Mehdiyeva, Nina Tişşenko, Günatay Hüseynova, Tamilla Şıxəmirova, Tatyana Zorina, Aysel İbrahimova, Esmira Atluxanova, Alyaska, Bayram Məhərrəmov, Türkan Bayramzadə öz şeirlərini və tanınmış şairlərin əsərlərini oxuyublar.
Bir gün əvvəl isə daha bir gecə təşkil olunmuşdu.
“Ədəbiyyat və incəsənət”
(10.12.2022)
YARAT 20 rəssamın əsərini “METAKOD”-da bir araya gətirib
YARAT Müasir İncəsənət Məkanı XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “METAKOD” adlı sərgini sənətsevərlərin ixtiyarına verib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərgidə müxtəlif nəsillərdən olan Azərbaycan rəssamları – Rasim Babayev, Rəşad Babayev, Hüseyn Cəlilov, Teymur Daimi, İrina Eldarova, Leyli Ələkbərova, Ənvər Əsgərov, Hüseyn Haqverdiyev, Orxan Hüseynov, Fərhad Xəlilov, Zaur Kantemirov, Leyla Qabulova, Tərlan Qorçu, Sənan Qurbanov, Aida Mahmudova, Məmməd Mustafayev, Altay Sadıqzadə, Mir Nadir Zeynalovun və "043" (Mövsüm və Ramil) yaradıcı kollektivinin əsərləri nümayiş olunur.
Kuratorları Fərəh Ələkbərli, Şirin Məlikova və Sabina Şıxlinskaya olan sərgi gələn ilin aprel ayının 30-dək ziyarətçilər üçün açıq qalacaq.
Bəşəriyyət, ən qədim dövrlərdən bəri, vizual dildən istifadə edən zaman ideyaları ötürmək üçün, müxtəlif təsvirlər yaratmaqla, öz düşüncəsini “verballaşdırıb”. İncəsənət və mədəniyyət tarixi boyunca vizual dil, məna və amillərin “kodlaşdırmaq” üçün istifadə edilib. Xəyali vəziyyətlərə reaksiya vermək qabiliyyəti isə, abstrakt (mücərrəd) düşüncənin inkişafının əsasını təşkil edib.
“METAKOD” sərgisi öz əsərlərində millətin “mədəni kodlarını” üzə çıxaran, müxtəlif dövrlərə aid 20 Azərbaycan rəssamının əsərlərini birləşdirir. Bu layihə-tədqiqatın kurator konsepsiyasının əsasında, müxtəlif incəsənət sahələrində bu günə qədər gəlib çatan xətlər və simvolların "gizli dili" qismində mədəni kodun transformasiyası haqqında nəzəriyyə dayanır.
Ekspozisiyaya yeni əsrin rəssamları ilə birgə dialoqda, “yenidənqurma” (“perestroyka”) dövrünün rəssamlarının əsərləri də daxildir.
“Ədəbiyyat və incəsənət”
(10.12.2022)
Beynəlxalq İzmir teatr festivalında bu gün bizim teatrın çıxışıdır
Bu il 10-cu dəfə keçirilən Beynəlxalq İzmir Teatr Festivalında Türkiyənin 25-ə yaxın teatrı ilə birlikdə Azərbaycan, Uruqvay, İraq, Ukrayna, Almaniya və digər ölkələrin nümayəndələri də iştirak edir.
Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı ölkəmizi festivalda təmsil edir.
Türkiyənin Mədəniyyət və İncəsənət Fondu (TAKSAV) tərəfindən keçirilən festivala ƏSA Teatrı “Çıxış yoxdur” tamaşası ilə dəvət olunub.
Jan-Pol Sartrın “Bağlı qapı arxasında” pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, prodüseri Nicat Qulam, işıq rəssamı Binyamin Sailovdur. Səhnə əsərində teatrın aktyorları Elşən Əsgərov, Lalə Süleymanova, Səmayə Qulamzadə, İmran Lalayev, Aysel Feziyeva, Amin Əsgərov və Gülçin Qasımova çıxış edirlər. Teatrının kollektivi İzmir Sənət Mərkəzinin səhnəsinə bu gün çıxacaq.
“Ədəbiyyat və incəsənət”
(10.12.2022)