Super User

Super User

Понедельник, 12 Декабрь 2022 19:30

…Söndür dodaqlarını

 

“Ədəbiyyat və incəsənət”in Poetik qiraət rubrikasında Əlizadə Nurinin “Söndür dodaqlarını…” şeirini sizlərə təqdim edirik. 

 

…Gəldin, bir az düzəldi,

Bu dünyanın donqarı.

İsidir bu gecəni

Göydə ulduz tonqalı.

 

Tanrı yanımızdadı,

Göy üzü də yaxında.

Bizə yer də saxlayıb

Payız öz qucağında.

 

Bu darıxan əllərim,

Sənə yeriyib gəlib.

Yorulan barmaqlarım

Saçlarında dincəlir…

 

… Yel əsir, bu yarpaqlar,

Uçur çərpələng kimi.

Asılıb ay işığı

Yaxandan çiçək kimi…

 

O göy mənim göyümdü,

O ulduzla tanışam.

Qolumdakı saatı

Kənara tullamışam…

 

..:Bu  gecədi, bir də biz,

Bir də bir quş yuvası.

Yağışa yalvarmışam

Bir az göydə yubansın.

 

Səhra kimi susuzdum,

Boş idim bir qab  kimi.

Götür ay işığını

Üzündən niqab kimi.

 

Vaxt da susub… səhəri

Ya yubatmaq istəyir?

Sənə verib dünyanı-

Ay da batmaq istəyir…

 

… Söndür dodaqlarını-

Bu  görüşdən sağ gedək.

Yığıb pıçıltıları,

Gecədən asaq gedək…

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2022)

Понедельник, 12 Декабрь 2022 19:00

Teatr əfsanəsinin ildönümü

 

Azərbaycan teatrının əfsanəsi, Xalq artisti Abbas Mirzə Şərifzadənin doğum günü münasibətilə

 

Teatr tariximizin ən görkəmli nümayəndəsidir o. 1935-ci ildə Xalq artisti adına layiq görülən Azərbaycan teatrının korifeylərindən olan, görkəmli kino və teatr rejissoru Abbas Mirzə Şərifzadə iki ildən sonra 1937-ci ildə xalq düşməni kimi ən ağır cəzaya - ölüm hökmünə məhkum edilib. “Ümumiyyətlə, mən teatr, kino, səhnə-sənətdən başqa bir şey bilmirəm, vəssalam!”, - deyən aktyorun son sözləri belə olub. 

 

Ömrünün və sənətinin çiçəklənən dövründə - 44 yaşında qətlə yetirilən Şərifzadəni unutdurmağa, yaddaşlardan silməyə çalışanlar təəssüf ki, bir şeyi unudublar. Unudublar ki, xalqını bütöv varlığı ilə sevən və xalqın sevdiyi əsl sənət fədailəri heç vaxt yaddaşlardan silinmir.

AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycanın Xalq artisti Abbas Mirzə Şərifzadənin anadan olmasının 129-cu ildönümü tamam olur.

A.M.Şərifzadə 1893-cü il dekabrın 12-də Şamaxının Yuxarı Qala məhəlləsində, ziyalı ailəsində anadan olub. O, aktrisa Mərziyyə Davudovanın həyat yoldaşı, aktrisa Firəngiz Şərifovanın atasıdır. “Eurovision– 2011” mahnı müsabiqəsində Azərbaycana qalibiyyət qazandırmış Eldar Qasımov isə görkəmli səhnə ustasının nəticəsidir.

Abbas Mirzə Şərifzadə Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi nadir istedadlardandır. İlk gənclik illərindən aktyorluq sənətinə yiyələnmiş, sonralar həm də rejissor kimi püxtələşmişdi. A.M.Şərifzadə orijinal siması olan sənətkarlardan idi. Teatra yüksək ideya-tərbiyəvi əhəmiyyəti olan məktəb kimi baxırdı. Böyük ideyalarla yaşayırdı. Yaradıcılığında həmişə ciddi məsuliyyət hiss edirdi. Təbii ki, xalqın yüksəlişinə çalışan bir sənətkar dövrün sərt rejimi tərəfindən təqib olunmaya, ədalətsiz hücumlara məruz qalmaya bilməzdi. Bütün bunlara rəğmən isə Şərifzadə yeni ruhlu novatorluq cəbhəsində əzmlə irəliləməyi bacarırdı.

Abbas Mirzənin atası Mirzə Rəsul geniş dünyagörüşünə, yeni ruhlu mədəniyyətə malik insan idi. Seyid Əzim Şirvaninin “Üsuli-Cədid” məktəbində dərs deyirdi və Şamaxının ən mötəbər müəllimlərindən biri kimi dərin hörmət qazanmışdı.

1902-ci ildə Şamaxıda dəhşətli zəlzələ baş verir. Ailə Bakıya köçmək məcburiyyətində qalır. Beləliklə, yeniyetmə Abbas Mirzənin həyatında sərt bir dönüş yaranır, bütün sonrakı fəaliyyəti Bakı ilə bağlı olur.

1908-ci ildə Abbas Mirzə Molyerin “Zorən təbib” əsərindəki epizodik rolla ilk dəfə səhnəyə çıxır. İki il sonra “Maarif” cəmiyyəti nəzdində yaradılmış teatr kollektivinə qəbul olunur. Qısa müddət ərzində bir-birinin ardınca yeni rollarda çıxış edir. 1911-ci ildə Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” faciəsinin əsas qəhrəmanı olan Qacarın obrazını yaratmaqla özünü artıq peşəkar aktyor kimi təsdiq edir. Cəfər Cabbarlı Abbas Mirzənin o dövrdəki fəaliyyəti barədə yazırdı ki, bu çəlimsiz, arıq, zahirən zəif görünən gəncin içində çox güclü, odlu mənəvi bir qüdrət aşıb-daşmaqdadır. Əsərin müəllifi Ə.Haqverdiyev onu “Şah Qacarın padşah yaradıcısı” adlandırırdı.

A.M.Şərifzadə Azərbaycanın ozamankı teatr həyatının məhvəri sayılırdı. O, mahir aktyor olmaqla yanaşı, həm də təşkilatçılıq bacarığı ilə fərqlənirdi.

Şərifzadənin obrazlar qalereyasına ötəri nəzər salaq: Otello, Şeyx Sənan, Oqtay, Karl, Aydın, Don Kixot, Maqbet, Teymur Ağa, Səyavuş, Eyvaz, Dəli Knyaz, Hamlet, İblis... Bunlar bir-birindən tam fərqlənən obrazlardır. O, bunların hər birini fərdi yanaşma ilə yaradırdı. Lakin bütün bu müxtəlifliyi birləşdirən yeganə oxşarlıq aktyor oyunundakı təbiilik idi. Başqa sözlə desək, Abbas Mirzə səhnədə özünü unudaraq gah şeyxə, gah ağaya, gah da sevən gəncə çevrilirdi.

A.M.Şərifzadə Azərbaycan teatrı tarixinə Hamleti oynayan ilk aktyor kimi daxil olub. Əsər 1926-cı ildə Dram Teatrının səhnəsində qoyulmuşdu. Tamaşanı Cəfər Cabbarlının tərcüməsi əsasında A.A.Tuqanov səhnələşdirmişdi.

Ümumiyyətlə, C.Cabbarlı yaradıcılığı Abbas Mirzə sənətindən qırmızı xətlə keçir. Aktyorun fəaliyyətinin 20 illik yubileyində Cabbarlı ona “Oqtay Eloğlu” əsərini təqdim edir. Yazır ki, burada yaratdığım obraz sənin obrazındır. Fərqli odur ki, onun adı Oqtay, sənin adın Abbasdır. İkinizin həyatda qayəsi birdir.

Abbas Mirzənin yaradıcılıq imkanları çox geniş idi. Məhz bunun sayəsində o, Azərbaycanın mədəniyyət tarixinə təkcə aktyor deyil, həm də rejissor kimi daxil olub. Görkəmli sənətkar “Şeyx Sənan”, “Oqtay Eloğlu”, “Aydın”, “Ağa Məhəmməd şah Qacar”, “Qaçaq Kərəm” kimi tamaşalara rejissorluq edib, “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Aşıq Qərib”, “Şah İsmayıl” operalarına quruluş verib. O, çox ilklərə imza atıb. İlk kino rejissorumuz olub. “Bismillah”, “Hacı Qara”, “Gilan qızı”, “Məhəbbət oyunu” filmlərini çəkib.

Görkəmli teatr xadimi təkcə istedadına güvənən sənətkar deyildi. Daim öz üzərində işləyirdi, irəliyə can atırdı. Yenilikləri sevir və onlara həvəslə yiyələnirdi. Bu, onun aktyor və rejissor ustalığını artırır, uğurlarının, qələbələrinin sayını çoxaldırdı.

Beləliklə, qısa bir ömürdə çox böyük, çox zəngin sənət yolu keçən, təkrarsız obrazlar yaradan, monoloqları ilə teatr salonlarını lərzəyə gətirən Abbas Mirzə o dövrün yüzlərlə günahsız ziyalısı, sənətkarı, sadə vətəndaşı kimi repressiya qurbanı taleyi də yaşamalı olub.

Haqqında uydurulan saxta ittihamlar, barəsində deyilən yalan və böhtanlar Abbas Mirzə sənətinin və şəxsiyyətinin qarşısında duruş gətirə bilmədi. Tarixin ədalətli hakim olduğu bir daha özünü göstərdi. Zaman, Abbas Mirzəyə Şərifzadə və onun kimi neçə-neçə saxta ittihamlarla günahsız yerə həbs olunan, güllələnən işıqlı simaların, böyük zəkaların haqqını özünə qaytardı. Onlar bu gün də mənsub olduqları xalqın yaddaşındadır və onların tutduqları yol, başladıqları iş bu gün də uğurla davam etdirilməkdədir.

Ruhu şad olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2022)

Понедельник, 12 Декабрь 2022 17:27

Xalq artisti Sərdar Fərəcovun 65 illiyi qeyd olunub

 

 Azərbaycan Milli Konservatoriyasında (AMK) tanınmış bəstəkar, Xalq artisti Sərdar Fərəcovun 65 illiyinə həsr olunmuş tədbir keçirilib.

Milli Konservatoriyanın mediaya açıqlamasına görə, tədbirdə AMK-nın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi çıxış edərək bəstəkarın zəngin yaradıcılıq yolundan danışıb. 

 

Bəstəkarın konservatoriyadakı uğurlu fəaliyyətindən danışan rektor onun gördüyü işləri yüksək qiymətləndirib. 

Sonra S. Kərimi bəstəkara Milli Konservatoriyanın fəxri medalını təqdim edib.

Çıxışlarda qeyd edilib ki, S. Fərəcov səhnə üçün yazılan musiqilərdən kiçik miniatürlərə qədər müxtəlif janrlarda əsərlər yazıb. O, kamera-instrumental, vokal, vokal-simfonik və xor üçün yazılmış əsərlərin, simfonik, opera əsərlərinin, musiqili komediyaların, eləcə də musiqili teatr səhnələri üçün və kino musiqilərinə həsr olunmuş əsərlərin müəllifidir. Hazırda Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru vəzifəsində çalışan S.Fərəcovun yaradıcılığında ən önəmli və vacib yerlərdən birini dahi bəstəkarımızın bəzi əsərlərinin işləmələri və yenidən bərpası tutur.

Qeyd edilib ki, bəstəkarın əsərləri musiqinin parlaqlığı, romantikliyi, qeyri-adi melodik dili ilə seçilir. Əsərləri Avropa, Amerika və keçmiş SSRİ ölkələrində müxtəlif ansambllar və ifaçılar tərəfindən səsləndirilib. Sərdar Fərəcov bir bəstəkar, tədqiqatçı olmaqla yanaşı həmçinin ədəbi yaradıcılıqla da məşğul olur. Onun 1000-dən artıq şeiri, hekayələri, səhnə əsəri, librettosu, ssenarisi vardır – Üzeyir Hacıbəyliyə həsr olunmuş “Azərbaycantelefilmin” çəkdiyi “Əbədi iftixarımız”(2010), “Üzeyir Hacıbəyli və Azərbaycan Bəstəkarlar ittifaqı” (2014) filmlərinin ssenari müəllifidir.

Sonra bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2022)

Понедельник, 12 Декабрь 2022 18:00

“Özünüzü evdəki kimi hiss edin” adlı sərgi nəyi ehtiva edir?

 

Paytaxtımızda rəsm sərgiləri artır, ölkınin incəsənət həyatı rövnəqlənir.

Dekabrın 16-da İçərişəhər, Ta(r)dino 6 Art Platform məkanında Azərbaycan və Almaniya qadın rəssamları olan Tora Ağabəyova, Şahnaz Ağayeva, İrina Eldarova, Rita Qayssler, Miryam Kroker, Hanna Lanqe, Leyla Rzayeva, Şəlalə Salamzadə, Lisa Völfelin "Özünüzü evdəki kimi hiss edin" adlı qrup sərgisi açılacaq. 

 

Sözügedən sərgidə nümayiş edilən əsərlər vasitəsilə rəssamlar ziyarətçilərlə ev və qonaqpərvərlik haqqında öz anlayışlarını bölüşəcəklər. Təqdim olunan əsərlərin çoxu Azərbaycan və Almaniya rəssamlarının bu ilin sentyabr ayında başlayan “Məclisi-Ünsi” adlı layihəsinin əməkdaşlığının nəticəsidir. Bu proqram Ta(r)dino 6 İncəsənət Platforması tərəfindən Kultur Aktiv ilə birgə təşkil olunur və Almaniya Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilir. 

Məlumat üçün bildirək ki, "Məclisi-Üns” layihəsinin birinci mərhələsində Almaniyada iki həftəlik rezidensiya çərçivəsində 9 Azərbaycanlı qadın rəssam Berlin, Drezden və Leypsiq şəhərlərində alman həmkarları rəssamlar, kuratorlar və müxtəlif mədəniyyət müəssisələri ilə peşəkar əlaqələr qurmaq imkanı əldə ediblər. Proqram Drezdendə keçirilən konfrans və Xurşidbanu Natəvana həsr olunmuş "Məclisi-Üns” adlı sərgi ilə yekunlaşıb. 

İkinci və tamamlayıcı mərhələ çərçivəsində isə bir qrup alman rəssamı “Özünüzü evdəki kimi hiss edin” qrup sərgisinin açılışı üçün Bakıda səfərdə olacaqlar. Girişi sərbəst olan sərgi 2023-cü il yanvarın 14-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2022)

Понедельник, 12 Декабрь 2022 16:00

“Hər cür çətinlik qüvvəni artırır”

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir

 

 

Uğur barədə söylənilən daha 10 dəyərli fikir

 

Qədimdən filosoflar, yazıçılar, dövlət xadimləri uğur barədə, məqsəd və hədəfə çatma yolları barədə fikirlər söyləmiş, rəy bildirmişlər. Bu söylənilənlərdən ən qiymətliləri aforizim halını almış, tarixin sınağından çıxaraq bu günə qədər gəlib çıxmışdır.

Bu aformzmləri elə bircə dəfə oxumaq insana bəs edir ki, fikir təlatümlərindən qopub müəyyən qərarları qəbul etsin, özünə lazımi keyfiyyətlər aşılasın, uğura, məqsədə doğru gedən düz yolu tapıb inamla, qətiyyətlə irəliləməyə nail olsun. Bu cür kəlamlardan bəziləri, düşünürəm ki, uğura doğru yolunuza işıq tuta bilər. Odur ki, uğur barədə daha 10 aforizm verməyi məqsədyönlü hesab edirəm.

 

Uğurun yol yoldaşı nizam-intizamdır.

Çin atalar sözü

 

Qələbə günü yorğunluq hiss olunmaz.

Fars atalar sözü

 

Uğuru həzm edə bilmək uğursuzluğun başlanğıcıdır.

İtalyan atalar sözü

 

İnsan heç vaxt uğurdan doymaz.

Yunan atalar sözü

 

Məqsədə yaxınlaşmaq hələ onu əldə etmək demək deyil, çünki məqsədə bir addım qalmış, heç cür adlaya bilməyəcəyin uçuruma rast gələ bilərsən.

L.Blanki

 

Məqsədi böyük olan iş böyük sayıla bilər.

A.Çexov

 

Həyatda başlıca məqsəd xoşbəxtlik olmalıdır, əks halda, qəlbinizin atəşi kifayət qədər gur yanmayacaq, hərəkətverici qüvvə lazımınca güclü olmayacaq və nəticədə siz öz məqsədinizə tam nail ola bilməyəcəksiniz.

T.Drayzer

 

Məqsəd yoxdursa, heç nə eləmirsən; məqsəd kiçikdirsə, böyük işlər görə bilmirsən.

D.Didro.

 

Məqsədlərimizi gerçəkliyi nəzərə alaraq müəyyənləşdirməliyik.

R.Emerson

 

Hər cür çətinlik qüvvəni artırır.

C.Ferrari

“Ədəbiyyat və incəsənət”

(12.12.2022)

 

Понедельник, 12 Декабрь 2022 15:30

Tolqa Sarıtaşdan üzücü xəbər

 

Türkiyəli aktyor Tolqa Sarıtaş peşəsiylə bağlı yeni qərar qəbul edib.

Türkiyə mediası bildirir ki, aktyor "Baba" serialının finalından sonra karyerasına bir müddət fasilə verəcəyini açıqlayıb.

Qeyd edək ki, serial 30-cu bölümdə izləyicilərinə vida edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2022)

Понедельник, 12 Декабрь 2022 15:00

“Camaat az qala məni daşa basırdı...”

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. 

 

 

İSMAYIL OSMANLI

(1902-1978)

 

***

O vaxt “Yeddi oğul istərəm” filmi ekranlara çıxandan sonra küçədə-bayırda gəzə bilmirdim. Camaat az qala məni daşa basırdı. Bir axşam tamaşadan sonra teatrdan çıxıb evə gedirdim. Avtobusa təzə qalxmışdım ki, bir neçə orta yaşlı qadın məni dövrəyə aldı. İlk sözləri:

– Əlin qurusun! – oldu.

– Cəlalı Gəray bəyə necə satdın? – bir başqası həqarətlə söylədi.

Vəziyyətin nə yerdə olduğunu anladım. Artıq bir neçə dəfə oxşar hadisə ilə qarşılaşdığım üçün özümü təmkinli aparmağa, cavab verməməyə çalışdım.

– Niyə cavab vermirsən, ay kaftar? Necə qıydın gül kimi uşağa?

Vəziyyət get-gedə gərginləşir, başqa sərnişinlər də bu qadınlara havadar çıxırdılar. Hələ yoluma bir neçə dayanacaq qalsa da, avtobus dayanan kimi düşdüm. Ertəsi gün bu hadisəni teatrda sənət dostlarıma sarsılaraq danışdım. Düzü, adamların məni təhqir edəcəyindən, hətta daşa basacağından ehtiyat edirdim.

   Gəray bəy rolunu böyük ustalıqla oynayan Həsanağa Turabov qoluma girib məni sakitləşdirdi:

– İsmayıl əmi, – dedi, – hər aktyora nəsib olmur oyandığı rola görə sevgi qazana bilsin.

– Nə sevgi, ay oğul? Az qala arvadlar məni parçalayacaqdılar.

– Elə aktyorun yaratdığı obraza nifrət, aktyorun özünə sevgidir də. Gör bir necə ustalıqla oynamısan ki, adamlar səni parçalamaq istəyirlər.

Mən də Şəki ləhcəsi ilə zarafata salıb dedim:

– Ha indi saa nə var ki? Düşəydin o arvaddarın əlinə, onda bilərdin sevgi nədir, nifrət nə...

 

 

 “Ədəbiyyat və incəsənət” 

(12.12.2022) 

 

 

Понедельник, 12 Декабрь 2022 14:30

Aktyor Qari Fridkin vəfat edib

 

O fərqliydi. Həm oynadığı rollara görə, həm də liliput olmasına görə. Cəmi 1 metr 20 santimetr boyu vardı. “Ulduz döyüşləri" filmi ilə məşhurlaşmışdı. Bəli, məşhur aktyor Qari Fridkin 70 yaşında vəfat edib.

 

“Ədəbiyyat və incəsənət” portalı Daily mail-a istinadən xəbər verir ki, sənətçinin ölümünə səbəb koronavirusdan sonra orqanizmində yaranan fəsadlar olub. Fridkin üç ay reanimasiyada qaldıqdan sonra dünyasını dəyişib.

Qeyd edək ki, aktyor "Qar bənövşəyi", "Qorxunc xanımlar",  "Alatoranlıq" kimi məşhur layihələrdə çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2022)

Понедельник, 12 Декабрь 2022 14:00

Şuşa Teatrı yenidən balaca tamaşaçıları sevindirib

Dekabrın 11-də Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün Xanımana Əlibəylinin “Dovşanın ad günü” tamaşası növbəti dəfə nümayiş olunub. 

 

Bu səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, rejissor assistenti Mir Qabil Əkbərov və musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

Tamaşada meşə heyvanlarının dili ilə uşaqlara mənəvi dəyərlər olan dostluqdan, sədaqətdən və səmimiyyətdən söhbət açılır. Səhnə əsəri şən musiqilər və aktyorların uşaqlarla ünsiyyəti fonunda öz dinamikliyi ilə davam edir.

Tamaşa anşlaqla keçib.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2022)

Понедельник, 12 Декабрь 2022 13:30

Məşhur ermənilər öz xalqlarını necə rəzil ediblər

“Yalanın 17 anı” sənədli fentezisi böyük rezonans doğurduğundan müəllifin - yazıçı Adəm İsmayıl Bakuvinin seçimində portalımız romanın ən maraqlı hissələrini dərc etməkdədir. Müsbət haldır ki, tarixi faktlarla ermənilərin iç üzünü açan bu romandan seçmələri oxucular sosial mediada paylaşmaqdadırlar. Qoy hamı oxusun və agah olsun.

Maraqlıdır, öz erməniləri ermənilər haqqında nə deyiblər?

 

  “1828-ci ildə məşhur "Türkmənçay" müqaviləsi olmasaydı, Qriboyedov və Abovyan olmasaydı, rus əsgərləri olmasaydı bu gün müasir kənd və şəhərlərə çevrilən yüzlərlə yeni yaradılan erməni ocaqları da olmayacaqdı. Təkcə son onillikdə - 60-70-ci illərdə Vətənimiz Ermənistana iki yüz mindən çox erməni köçmüşdür”. Zori Balayan. "Ocaq" kitabından.

 

“1883-cü ildə İrəvan şəhərinin 18.766 nəfər əhalisinin 15.992 nəfəri, 1866-cı ildə isə 27.246 nəfərindən 23.626 nəfəri, yəni 85,2 faizi azərbaycanlı olmuşdur”. Erməni alimi Zaven Korkodyan. "Sovet Ermənistanının əhalisi. 1831-1931" adlı kitabından. 

 

“Tarixi qədimlik təsəvvürünə görə, ermənilərin Böyük Ermənistan hesab edilən həqiqi vətəni Rusiya hüdudlarından kənarda, daha doğrusu Kiçik Asiyada yerləşir. Dağlıq Qarabağda yaşayan ermənilərə gəlincə, onların bir hissəsi aborigen olub, xristian dinini qoruyub saxlayan qədim albanların nəslindəndir. Bir hissəsi təqib və hücumlardan qurtarmaq üçün Azərbaycan torpaqlarında sığınacaq tapan İran və Türkiyə qaçqınlarıdır”. B. İşxanyan. "Qafqaz xalqları" kitabından.

 

“Daşnak nümayəndələri ətraflarına çoxlu könüllü silahlı dəstələr yığaraq müharibə gedən türk ərazilərində qadın, uşaq, qoca və əlilləri amansızcasına doğrayıb tökürdülər”. A. Lalayan. "İnqlabi Şərq" jurnalından.

 

 “Bakıda ermənilər ingilislərin yardımı ilə bu böyük neft şəhərini ələ keçirdilər və şəhərin türk əhalisindən 25.000 nəfərini qırdılar". Ohanes Apresyanın xatirələrindən. Leonard Ramsden Hartvillin "İnsanlar belədir. 1918-1922-ci illər. Azərbaycan hadisələri bir erməninin xatirələrində" kitabından.

 

“Erməni hökumətinin daşnak agentləri Qarabağı Ermənistana birləşdirməyə çalışırlar. Bu, Qarabağ əhalisinin  Bakıdakı həyat mənbəyindən məhrum olması, heç zaman heç nə ilə əlaqəsi olmayan Yerevanla bağlanması deməkdir. Erməni kəndliləri təsadüfi deyil ki, beşinci qurultayda Azərbaycanı tanımağı və ona birləşməyi qərara aldılar”. Anastas Mikoyanın Leninə yazdığı məktubundan.

 

“Türklərlə ermənilər arasındakı ziddiyətlərin yaranmasının əsas səbəblərindən biri də türk və Azərbaycan xalqlarının humanizminə, qayğıkeşliyinə, vətənpərvərliyinə qarşı erməni millətçilərinin aramsız qəddarlığıdır”. L.Z.Sürməliyan. "Xanımlar və cənablar, müraciətim sizədir" kitabından.

 

 “Ermənistan bir dövlət kimi bəşəriyyət tarixində heç bir mühüm rol oynamamış, onun adı ermənilərin səpələndiyi coğrafi termin olub güclü dövlətlərin - assuriyalıların, midiyalıların, iranlıların, yunanların, monqolların, rusların öz mübahisələrini həll etdikləri yer olmuşdur”. P. Kerop Patkanov. “Van yazıları və onların Ön Asiyanın tarixi üçün əhəmiyyəti” kitabından.

 

Davamı var

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2022)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.