Super User
“Son illər Bakıda ucaldılan heykəllərin çoxu mənim də xoşuma gəlmir”
Maraqlı açıqlamadır, deyilmi? Daycest bölümündə Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadənin fikirlərini diqqətinizə çatdırırıq.
“Bir Bakı sakini olaraq, son illərdə ucaldılan heykəllərin çoxu mənim də xoşuma gəlmir. Bu heykəllər Bakı şəhərinə yaraşan formada deyil. İlk olaraq, onu deyim ki, heykəllər memarlığa aid deyil, buna Rəssamlar İttifaqı cavab verə bilər. Amma bir Bakı sakini olaraq, o heykəllər mənim də xoşuma gəlmir. Müəlliflərin çoxunu tanıyıram, özlərindən soruşanda ki, niyə belə oldu? Deyir, nə bilim, belə alındı. Lakin bir məsələ var ki, bu axı kiminsə bağı, yaxud həyəti deyil, orada ucaldılmır. Bakı bizim paytaxt şəhərimizdir, cəmiyyətin etirazı normaldır”.
Elbay Qasımzadə bugün açılan Memarlar qurultayı barəsində isə seyib:
“Builki qurultayda ilk dəfə olaraq, Ağsaqqallar Şurası yaradılacaq və ona üzv seçimi olacaq. Bizdə Gənclər klubu var, indi onların Ağsaqqallar Şurası ilə müştərək işi olacaq və ciddi təcrübə əldə etmiş olacaqlar”.
Bu açıqlamanı Elbay müəllim APA-ya edib.
Sonda qeyd edək ki, bu gün Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Memarlarının XX qurultayı keçirilib.
Qurultayda Elbay Qasımzadə yenidən İttifaqın İdarə Heyətinin sədri seçilib.
“Ədəbiyyat və incəsənət”
(09.12.2022)
Bülbülün 125 illiyi Moskvada qeyd olunub
Rusiya Federasiyasının Moskva şəhərində fəaliyyət göstərən Rusiya Milli Musiqi Muzeyində Azərbaycan professional vokal məktəbinin banisi, Xalq artisti, tanınmış ictimai xadim, görkəmli opera müğənnisi Bülbülün 125 illik yubileyinə həsr olunmuş sərgi və onun repertuarından ibarət konsert keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbir çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Bülbülün Memorial Muzeyi və Rusiya Milli Musiqi Muzeyində qorunub saxlanılan Bülbülə aid eksponatlardan ibarət sərgi təşkil olunub.
Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, Bülbül bütün həyatını incəsənətə və öz xalqına həsr edib. Bildirib ki, İtaliyada məşhur "La Skala" Teatrında təcrübə keçəndən sonra Vətənə qayıtmış müğənni Azərbaycan, Avropa və rus vokal məktəblərinin sintezini yaradaraq vokal sənətinə yeni münasibətin əsasını qoyub. O, 1997-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Bülbülün 100 illik yubileyi ilə bağlı imzaladığı sərəncamdan, Bülbül adına vokal müsabiqəsinin yaradılmasından bəhs edib. Polad Bülbüloğlu Azərbaycanda Bülbülün ev-muzeyinin tarixi barədə də məlumat verib. O deyib: “1981-ci ildə Bakıda, 1983-cü ildə isə Şuşada Bülbülün muzeyləri açıldı. Lakin təəssüf ki, sonradan təqribən 30 illik fasilə yaranıb. Çox sevindirici haldır ki, Şuşada, Bülbülün doğulduğu evdə yaradılmış muzey indi yenidən ziyarətçilər üçün açıqdır”.
Polad Bülbüloğlu Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinə və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə bu tədbirin təşkilinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Rusiya Milli Musiqi Muzeyinin direktoru Mixail Brızqalov Bülbülün həyat və yaradıcılığı haqqında söhbət açaraq sərgidə Bülbülün şəxsi əşyaları, diplomları, mükafatları, konsertlərdə çıxışları və opera tamaşalarının proqramlarının nümayiş etdirildiyini və sərginin eksponatlarının musiqiçinin yaradıcılıq yolunu, onun ictimai fəaliyyətini əks etdirdiyini və sərginin açılmasının iki ölkənin mədəniyyət həyatında önəmli hadisə olduğunu bildirib.
Daha sonra Azərbaycanın əməkdar artistləri Elnarə Məmmədova, Anar Şuşalı, Təyyar Bayramov, Bülbül adına müsabiqənin laureatı Nigar Cəfərova Bülbülün repertuarından əsərlər ifa ediblər. Konsert proqramı “Qarabağ şikəstəsi” ritmik muğamı ilə başa çatıb.
“Ədəbiyyat və incəsənət”
(09.12.2022)
Nazirlik “Şuşa yaradıcılıq emalatxanası” layihəsini yekunlaşdırıb
Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə Şuşa şəhərində yaradıcı sahənin təmsilçiləri ilə birlikdə reallaşan “Şuşa yaradıcılıq emalatxanası” adlı layihəsinə yekun vurulub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, layihənin yekun tədbiri Beynəlxalq Muğam Mərkəzində keçirilib.
Əvvəlcə qonaqlar mərkəzin foyesində emalatxana iştirakçılarının yaratdıqları bədii yaradıcılıq nümunələri ilə tanış olublar. Burada sənətkarların Şuşadan ilhamlanaraq ərsəyə gətirdiyi əl işləri sərgilənib. Nəzər Əliyevin misgərlik, Şəhla Əsgərovanın bədii tikmə, Humay Abdullayevanın keramika, Tofiq Əliyevin oyma, Sevinc Əliyevanın ebru və Orxan Əzimin fotoqrafiya işləri maraqla qarşılanıb.
Əməkdar incəsənət xadimi, musiqişünas, layihənin iştirakçısı Zümrüd Dadaşzadə emalatxananın əhəmiyyətindən söz açıb. Bildirib ki, layihənin məqsədi tarixi və əzəli torpaqlarımızda otuz ilə yaxın sürən işğal dövründə törədilmiş barbarlıq, dağıdılmış abidələrimiz haqqında ictimaiyyəti daha geniş məlumatlandırmaq, mədəni irsimiz, zəngin tariximiz və ənənələrimizi layihəyə qatılan yaradıcı insanların təqdim edəcəyi əsərlər vasitəsilə təbliğ etməkdir.
Emalatxana iştirakçılarının ərsəyə gətirdiyi əsərləri yüksək dəyərləndirən Z.Dadaşzadə Türkiyədən olan blogerlərin də dolğun reportajlar etdiyini diqqətə çatdırıb: “Bu gün Şuşa bərpa olunur, şəhər göz önündə dirçəlir. Biz səfərimiz zamanı şəhərin dağıntılarını da, bərpasını da eyni anda izləyirdik və bu həm kədərli, həm də qürurverici idi. Şuşada xüsusi bir gözəllik var. Bülbülün evi təmir edilib, Üzeyir bəyin evi təmir prosesindədir. Biz Şuşanı gəzərkən dahiləri yad edirdik. İnanırıq ki, Şuşa haqqında hələ neçə-neçə əsərlər yaranacaq. Bunlar həm lirik, həm də optimist ruhlu əsərlər olacaq. Layihənin təşkilinə görə Mədəniyyət Nazirliyinə bütün iştirakçılar adından təşəkkür edirəm”.
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vüqar Məmmədov çıxışında təqdim olunan əsərləri gördükdən, dinlədikdən sonra hər kəsin muğam-sənət beşiyimiz Şuşaya bir qədər də fərqli gözlə baxacağına əminliyini bildirib: “Çünki bu əsərlər gözəl Şuşa haqqında həzin, isti və fərqli təəssüratlar yaradır. Sənət adamları Şuşaya öz duyğuları və hissləri ilə yanaşıblar. İnanıram ki, layihənin davamı olacaq. Bütün iştirakçılara uğurlar arzulayıram”.
Sonda emalatxana iştirakçılarının Şuşada olarkən lentə aldıqları videoçarx, türk yutuber Kerem Gök tərəfindən hazırlanan videoreportaj nümayiş olunub.
Tədbir konsert proqramı ilə davam edib.
Həmçinin Xalq artisti Salman Qəmbərov və ifaçı Firidun Həmidovun caz kompozisiyası maraqla qarşılanıb.
Qeyd edək ki, “Şuşa İli” çərçivəsində gerçəkləşən “Şuşa yaradıcılıq emalatxanası” adlı layihəsində müxtəlif peşə istiqamətləri üzrə Azərbaycandan və Türkiyədən olan yaradıcı insanlar Şuşada bir araya gəliblər. Üç gün ərzində Şuşa ilə yaxından tanış olan 20-dən artıq bəstəkar, musiqişünas, yazıçı, oymaçı, misgər, fotoqraf və digər sənət sahibləri səfər təəssüratı altında uyğun istiqamətlər üzrə əsərlər, əl işləri yaradıblar.
“Ədəbiyyat və incəsənət”
(09.12.2022)
Rəsm qalereyası: Nailə Əhmədova, “Yay mənzərəsi”
Prezident İlham Əliyev: Azərbaycan memarlığı xalqımızın mədəniyyət salnaməsində layiqli yer tutur
Çoxəsrlik bir yol keçən və özünəməxsus dəst-xətti ilə hər zaman seçilən Azərbaycan memarlığı xalqımızın mədəniyyət salnaməsində layiqli yer tutur. Sənətkarlarımızın klassik Şərq ənənə və prinsiplərinə sədaqətlə yaratdıqları misilsiz memarlıq inciləri dünya mədəni irsinin ayrılmaz hissəsi olaraq hər birimiz üçün qürur mənbəyidir. Bitkin kompozisiyalı bu abidələrin təbii və mədəni landşaftla unikal ahəngdarlığı heyranlıq doğurur.
AzərTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin dekabrın 9-da Bakıda işə başlayan Azərbaycan memarlarının XX qurultayının iştirakçılarına müraciətində yer alıb.
Dövlətimizin başçısının müraciətində vurğulanıb ki, dövrün arxitektura üslublarını və milli memarlığın böyük təcrübəsini özündə birləşdirən uğurlu layihələr əsasında ötən müddət ərzində Azərbaycanda şəhərsalma sənətinin yüksək mənəvi-estetik təsir gücünə malik qiymətli nümunələri meydana gətirilmişdir. Dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə memarlıq və şəhər quruculuğu sahəsindəki yeni təzahürlər modern üslublu tikililərin və monumental komplekslərin dizayn həllində özünü qabarıq göstərmişdir.
“Ədəbiyyat və incəsənət”
(09.12.2022)
Rejissor Lətif Səfərovun anım günüdür
Azərbaycan kinosunda öz dəst-xəti, üslubu ilə seçilən rejissorlar olub ki, onların quruluş verdiyi filmlər daim düşündürür, tərbiyəvi xarakterə malikdir və ən önəmlisi isə illər keçsə də, hər zaman baxılır. Kinonu həyatın özü hesab edən, kinoya yeni nəfəs gətirən rejissor, ssenarist, Əməkdar incəsənət xadimi Lətif Səfərovun anım günüdür.
Bu gün unudulmaz kinorejissorun vəfatından 59 il ötür.
Lətif Səfərov 1920-ci ildə Şuşada doğulub. Yeddi yaşında olanda rejissor Leo Murun “Gilan qızı” filmində çəkilib. Elə həmin vaxtdan balaca Lətifin kino dünyası ilə tanışlığı başlayıb. 1928-1931-ci illərdə “Sevil”, “Lətif”, “Qızıl kol” filmlərində uşaq obrazlarını ifa edib. Ancaq sonradan xəstələndiyi üçün Bərdəyə gəlib. Bir müddət müalicə aldıqdan sonra Gəncə Pedaqoji Texnikumuna daxil olub və qiyabi təhsil alıb. O, Bakıda əvvəlcə kinostudiyanın dublyaj şöbəsində, sonra isə filmlərdə rejissor assistenti kimi çalışıb. 1940-cı ildə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub. Məşhur rus kinorejissoru Qriqori Kozintsevdən dərs alıb. 1950-ci ildə təhsilini başa vurub və peşəkar kinematoqrafçı kimi Bakıya qayıdır və kinostudiyada çalışmağa başlayır.
1955-ci ildə “Bəxtiyar” filmini ekranlaşdırır. “Bəxtiyar” filmi Lətif Səfərovun böyük kinoda ilk və uğurlu işidir. "Bəxtiyar" filmində baş rolu Rəşid Behbudov ifa edir və bununla da filmin şöhrəti hər yerə yayılır. Lətif Səfərov filmdə Rəşid Behbudovla yanaşı peşəkar, sevilən aktyor truppası toplayır. Ağasadıq Gəraybəyli, Ağahüseyn Cavadov, Münəvvər Kələntərli, Məmmədrza Şeyxzamanov, İsmayıl Əfəndiyev, İsmayıl Osmanlı və başqalarının yaratdığı obrazlar filmin ümumi ab-havasına çox uyğun gəlir.
Lətif Səfərovun ekranlaşdırdığı “Leyli və Məcnun”, “Qızmar günəş altında” bədii filmləri də kino tamaşaçıları tərəfindən çox sevilib və uzun illər ötməsinə baxmayaraq sevilərək baxılır.
Onun taleyi bütün istedadlı, yaradıcı adamların həyatı kimi keşməkeşli olub. 1958-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilən Lətif Səfərov 1963-cü ilədək bu işi davam etdirir.
Lətif Səfərov 1963-cü il dekabrın 9-da faciəli şəkildə dünyasını dəyişir. Kinorejissor Lətif Səfərovun ekranlaşdırdığı filmlər yaşadıqca, böyük rejissorun da həyatı davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(09.12.2022)
“Şuşa, sən azadsan” filmi bu dəfə Qaradağda göstərilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Şuşa, sən azadsan” adlı sənədli film nümayiş olunub.
Baş İdarədən verilən məlumata görə, filmin nümayişində 106, 139 nömrəli tam orta məktəblərin, habelə 166 nömrəli məktəb-liseyin şagird və müəllim kollektivi iştirak edib.
Tədbirin aparıcısı Nuranə Davrinbəyova Azərbaycan əsgərinin şücaət və mərdliyindən, qanları ilə yazdıqları qəhrəmanlıq dastanından söz açıb.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan film Zəfər bayramı ərəfəsində çəkilib. ikinci Qarabağ müharibəsinin ən mühüm döyüşlərindən olan Şuşa əməliyyatının maraqlı detalları izləyicilərə ilk dəfə bu filmdə təqdim edilib. Ekran əsərində Şuşa əməliyyatını həyata keçirən əsgər və zabitlərin müsahibələri, əməliyyat zamanı çəkilmiş kadrlar yer alıb.
“Ədəbiyyat və incəsənət”
(09.12.2022)
Divanı qurulan 17 erməni kimdir?
“Yalanın 17 anı” sənədli fentezisi böyük rezonans doğurduğundan müəllifin - yazıçı Adəm İsmayıl Bakuvinin seçimində portalımız romanın ən maraqlı hissələrini dərc etməkdədir. Müsbət haldır ki, tarixi faktlarla ermənilərin iç üzünü açan bu romandan seçmələri oxucular sosial mediada paylaşmaqdadırlar. Qoy hamı oxusun və agah olsun.
Divanı qurulan 17 erməni kimdir? Bu gün bu sualal cavab alacaqsınız.
Axirət insanları çaş-baş halda nə baş verməsini öyrənmək üçün hey bir-birini sual atəşinə tutmaqda ikən birdən səsgücləndiricilər işə düşdü, uca və soyuq kişi səsi elan etdi:
-Axirət insanları, bu dəfəki Böyük Divan əvvəlkilərdən iki cəhətinə görə fərqlənəcək. Əvvəla, bu dəfə biz bir nəfəri deyil, birdən-birə 17 nəfərin divanını quracağıq. İkincisi isə, onlardan bəziləri bizim Axirət dünyamızın sakinləri olduğu halda bəziləri Əsas dünyanın sakinləridir, buna görə, şahidlərin də bəziləri bizim dünyamızın, bəziləri Əsas dünyanındır. Bu səbəbdən bu gün bizim Əsas dünyadan qonaqlarımız gəlib. Şahidləri Divan bitəndən sonra ədəb-ərkanla geriyə - Əsas dünyaya göndərəcəyik. Divanı qurulanların isə suçları isbat edilərsə dərhal qeybə yollanacaqları gözlənilir.
Baş Meydanı ah və oflar, təəccüb və heyrət nidaları bürüdü. Bu vaxt şəkillərin üstündəki ağ örtüklər götürüldü, 17 nəfərin siması göründü. Dərhal da simalar bağlandı. Divanın qaydalarına görə təqsirləndirilənin üzübağlı portreti proses elan edilərkən səhnədən asılmalı, üzü isə proses başlananda açılmalı idi.
“Qalxın, Böyük Divanın hakimləri gəlir!” nidası da özünü çox gözlətmədi, üç qara fraklı hakim keçıb Hakimlər kürsüsündə yer aldılar. Prosesin ilk hazırlıq iclasının başlandığı elan edildi.
Ortada əyləşmiş Divanın Baş Hakimi, orta yaşlı, azacıq çallaşmış saçlarını səliqəylə arxaya daramış, sifət cizgilərində sirli bir təbəssüm gizlənmiş şəxs çıxış üçün səsini arıtlayıb hər kəsi salamladıqdan sonra söylədi:
-Əziz və hörmətli Böyük Divan üzrə hakim həmkarlarım, Divan heyəti, Divan üzvləri, Divan tamaşaçıları. Bu gün tarixində ilk dəfədir ki, Böyük Divan bir şəxsə deyil, bir millətdən olan bir neçə şəxsə birdən qurulub. Bunun səbəbi odur ki, aralarında yüz illərlə yaş fərqi olan bu şəxslər ümumi bir cinayət törətməkdə ittiham olunurlar, bu cinayətin adı “Böyük Ermənistan” xülyasıdır. Bu xülyaya həm öz xalqlarını qurban veriblər, yüz minlərlə erməni müharibə, qətliam, deportasiya acısı yaşayıb, uşaqların, gənclərin beyinləri zərərli millətçilik ideologiyası ilə zəhərlənib, həm də digər xalqlar, xüsusən qətlə yetirilən, müharibə və terrorla üzləşən türklər və azərbaycanlılar qurban gediblər. Mən prosesə başlamazdan öncə diktorlardan xahiş edərdim ki, sabahdan başlayacaq 17 prosesimizin anonsunu versinlər. Proseslər ardıcıl 17 gün davam edəcək, arada fasilə olmayacaq. Əminəm ki, sizləri yormayacağıq, nəfəskəsici bir proses gözlənilir. Buyursunlar diktorlar!
Uzun qara libaslı, gözəl görkəmli xanım diktorun səhnəyə çıxışını onun pərəstişkarları coşqu ilə qarşıladılar. Axirətin Kiçik və Böyük Divanlarında dəfələrlə bu xanım diktorluq etmiş, öz təkrarsız diksiyası ilə çoxlu heyran qazanmışdı. Xanım diktor əlindəki meşin qovluqdakı vərəqi olduqca ecazkar bir səslə oxumağa başladı:
-Birinci proses: Dünyanı bürüyən, çoxsaylı insan qətlinə, dağıntı və fəsadlara səbəb olan terror aktlarına görə.
Diktor qaydalara uyğun olaraq ittiham olunan şəxsin adını çəkmədi. Bu, Stepan Zatikyan idi.
- İkinci proses: Sonradan erməni millətçiliyini insani cinayətkarlıqlara sürükləyən, qonşu dövlətlərə ərazi iddialarına həvəsləndirən saxta Böyük Ermənistan tarixinin yazılmasına görə.
(Söhbət Vardan Aravelsidən gedirdi).
Üçüncü proses: Yaşadığı Osmanlı İmperiyasına xəyanətinə, erməni qiyamlarının təşkilinə, türk xalqının qətlimında iştirakına görə.
(Arutyun Şaxrikyan).
Dördüncü proses: Yaşadığı Rus İmperiyasına xəyanətinə, rus millətinin nümayəndələrinin qətlinin təşkilinə, din pərdəsi altında müsəlman dinindən olan insanların fiziki məhvinə çağırışlara görə.
(Mkrtıç Xrimyan).
Beşinci proses: Dünya siyasətinə “yataq anlaşması” kimi üzdəniraq, rüsvayçı bir təcrübənin gətirilməsinə görə.
(Yepiskop Mesrop).
Altıncı proses: Digər xalqların, əsasən də qonşu azərbaycanlıların minillik mədəniyyət nümunələrini oğurlayıb erməni xlqının adına saxtalaşdırması çabasına görə.
(Araik Arutyunyan).
Yeddinci proses: Osmanlı və Rus imperiyaları ərazilərində türklərə və azərbaycanlılara yönəli ağlasığmaz vəhşiliklərlə müşayiət olunan qətliamlar həyata keçirdiyinə görə.
(Andronik Ozanyan).
Səkkizinci proses: 1918-ci ilin martında Bakı şəhərində yerli azərbaycanlılara qarşı təşkil olunmuş bolşevik-daşnak genosidinin təşkilatçılığında roluna görə.
(Asatur Vaçyants).
Doqquzuncu proses: 1918-ci ilin aprelində Azərbaycanın Quba uyezdində yaşayan çoxmillətli əhaliyə, o cümlədən yəhudilərə qarşı həyata keçirilən qətliamın əsas siması olduğuna görə.
Xanım diktor bayaqdan bəri ilk dəfə özünü saxlaya bilməyərək ittiham olunanın adını çəkdi:
-Amazasp Srvantsyan.
Baş Hakimdən reaksiya gəlmədiyini görüb Divanın işlər vəkili dərhal xanım diktora irad bildirdi. O da üzrxahlıq edib növbəti proseslərin anonsunu verdi:
-Onuncu proses: Sovet hakimiyyətinin ilk ilində çoxsaylı erməni kommunistlərinin öldürülməsinə, erməni gənclərini nasizm ideologiyası ilə zəhərləməsinə, 2-ci dünya müharibəsi dövründə faşistlərin tərəfində döyüşən Erməni legion yaratmasına görə.
(Söhbət Qaregin Njdedən gedirdi).
On birinci proses: Dünyanın ən böyük kazino inhisarçısı olduğuna, çox sayda evlər yıxdığına görə.
(Kirk Kerkoryan).
On ikinci proses: Azərbaycan Respublikasının Sumqayıt şəhərində erməni millətçiliyinin ən şərəfsiz aktına imza ataraq millətlərarası münaqişəyə od vurmaq üçün öz ermənilərini öldürməsinə, zorlamasına görə.
(Eduard Qriqoryan).
On üçüncü proses: Sovetlər dönəmində özbək xalqını müstəntiq kimi “Pambıq işi” adlanan saxta bir işlə olmazın məhrumiyyətlərə düçar etməsinə görə.
(Telman Qdlyan).
On dördüncü proses: Sonradan əksər SSRİ respublikasında millətlərarası münaqişələrin yaranmasına səbəb olan “Qarabağ problemi”nin ideoloqu olması səbəbindən.
(Abel Aqanbekyan).
On beşinci proses: Bəşər tarixində Xolokostla bir sırada duran bir qətliamın – Xocalı qətliamının əsas icraçılarından biri olmasına, Xocalı və Xocavənd bölgələrində tarixin min illik qədim izlərini, ən qədim tarixi abidələri yerlə yeksan etdirməsinə görə.
(Mento Melkonyan).
On altıncı proses: Yazıçı, ziyalı adına ləkə gətirərək həm birbaşa, həm də dolayısı ilə tarixdə hətta ən qatı quldurdan betər qanıçənlik missiyası yerinə yetirdiyinə görə.
(Zori Balayan).
Ən nəhayət, on yeddinci proses: Porno industriyanı çiçəkləndirən, fahişəliyin leqallaşdırılmasına əmək sərf edən, əxlaq ehkamlarını uçurub dağıdan fəaliyyətinə görə.
(Kim Qardaşyan).
Tamaşaçıları hədsiz maraq bürüdü, deməzsənmiş, belə uzun bir dövr və belə ən müxtəlif səpkili cinayətlərlə səciyyəvi olan bir proses başlanırdı. Qətl, mənimsəmə, pozğunluq – bir xalq ən neqativ əməllərə imza atmışdı, özü də ən müxtəlif dövrlərdə, təkrar-təkrar.
Gözəl diktoru heyranedici baxışlarla yerinə əyləşməyə dəvət etdikdən sonra Baş Hakim nitqini davam etdirdi:
-İndi isə diqqət monitora.
Nəhəng monitorda mavi dəniz, qumsal sahil, dəmir çətir və şezlonq sırası, 70-80-ci illərə xas dar çimərlik paltarında uzunsaç, uzunbakenbardlı kişilər, açıq-saçıq bikinilərdə qadınlar göründü. Kadrlar bir-birini dəyişdikcə, sovet milisi əməkdaşları, sualtı dünya, akvalanqlılar, həbslər, məhkəmə zalı nümayiş olunduqca gəzən titrlərdə görüntüyə aydınlıq gətirən mətnlər yazıldı. Deməzsənmiş, süjet SSRİ-nin ən prestijli jurnallarından biri sayılan “Oqonyok”da 1982-ci ilin avqust ayında dərc edilən bir yazı barədə imiş. Krımın Qara dəniz sahilində çimərliklərdə bir neçə nəfərin ardıcıl batması nəticəsində hüquq-mühafizə orqanları silsilə əməliyyatlar keçiribmiş. Nəhayət, Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları suyun altında şübhəli akvalanqlıları müəyyənləşdirərək yaxalamışdılar. Onların dənizdə çimənləri suyun altına çəkib qəsdən batırmaları ehtimal edilirdi. Amma istintaq ağlasığmaz bir olayın üstünü açmışdı. Məlum olmuşdu ki, akvalanqlılar erməni millətinə mənsubdurlar, işləri sualtı qayalara, daşlara erməni əlifbası ilə yazılar yazmaq imiş. Məqsəd də bu imiş ki, gələcəkdə ermənilər tərəfindən Krım torpaqlarının Böyük Ermənistana aid olması iddia edilsin.
Əsl lətifəyə bənzəyən bu olay tamaşaçıları hədsiz şənləndirdi. Baş Meydanı gülüş sədaları bürüdü. Həm keçmiş zamanlarda Əsas dünyada, həm də hazırda Axirət dünyasında keçirdiyi proseslərin başlanğıcında təqsirləndirilənə qurşaqdan aşağı imitasiyası ilə əslində düz sifətdən zərbə vurmağı xoşlayan Baş Hakim zərbəsinin kifayət qədər effektli olmasını erməni təqsirləndirilənlər, vəkillər və müdafiəçilər əyləşən sıradakı pərtlik əhval-ruhiyyəsindən asanca sezdi. Həvəslə prosesin davamını gətirdi:
-Əziz izləyicilər, prosesimizin başlanması ərəfəsində mən mütləq bir maraqlı nüansı qeyd etmək istəyirəm. Elə tarixi həqiqətlər var ki, illərdir ki, erməni millətçilərini, ideoloqlarını, dediyim bu xülya ilə insanları zəhərləyən kəsləri şok edir, onların əllərində əlac olsa bu tarixi salnamələri kəsib tarixdən çıxararlar. Hansı həqiqətlərdir bunlar? Müxtəlif mənbələrdə sayları fərqlidir. Bəzilərində 10-12, bəzilərində 25-30. Mən çox vaxt aparmadan minimumdan bəhs etmək istəyərdim, cəmi 10 tarixi həqiqətdən. Onları məhz indi, prosesin başlanğıcında elan etməyi özümə borc bilirəm ki, sonra...
Erməni vəkillərin və müdafiəçilərin əyləşdiyi sıradan qulaqbatırıcı “olmaz”, “etməyin”, “bu, qanuna ziddir” kimi sədalar yüksəldi. Baş Hakim peşəkarcasına alovun üstünə su çiləmək qərarına gəldi, müqəssirlərin suçunu daha effektiv ortaya qoymaq planı cızdı:
-Daha öncə isə erməni xalqına məxsus bəzi şəxslərin erməni millətçiliyindən doğan erməni məkri, erməni saxtakarlığı barədə söylədikləri çox dəyərli fikirlərin buradan səsləndirilməsini xahiş edirəm. Bu fikirlərdən bəziləri sonradan onun müəllifi üçün başağrısına çevrilən adi səmimi etirafdır. Elə bizim prosesin iştirakçısı Zori Balayanda olduğu kimi. O, illər öncə ermənilərin müsəlman torpaqlarında məskunlaşdığını öz yazısında şəxsən özü etiraf edib.
Erməni müttəhimlərin sırasından gələn növbəti kəskin etirazlara baxmayaraq uzun qara libaslı məlahətli xanım diktor tribunaya çıxıb əlindəki meşin qovluqdan növbəti kağızı oxumağa başladı...
DAVAMI VAR
“Ədəbiyyat və incəsənət”
(09.12.2022)
Napoleon: “Uğur qazanmaq üçün böyük səbr tələb olunur”
Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini sizlərə təqdim edir
Uğur barədə söylənilən növbəti 10 dəyərli fikir
Ta qədimdən filosoflar, yazıçılar, dövlət xadimləri uğur barədə, məqsəd və hədəfə çatma yolları barədə fikirlər söyləmiş, rəy bildirmişlər. Bu söylənilənlərdən ən qiymətliləri aforizim halını almış, tarixin sınağından çıxaraq bu günə qədər gəlib çıxmışdır.
Bu aformzmləri elə bircə dəfə oxumaq insana bəs edir ki, fikir təlatümlərindən qopub müəyyən qərarları qəbul etsin, özünə lazımi keyfiyyətlər aşılasın, uğura, məqsədə doğru gedən düz yolu tapıb inamla, qətiyyətlə irəliləməyə nail olsun. Bu cür kəlamlardan bəziləri, düşünürəm ki, uğura doğru yolunuza işıq tuta bilər. Odur ki, uğur barədə daha 10 aforizm verməyi məqsədyönlü hesab edirəm.
Uğur qazanıb yolunu azmayan adam, başqa uğurlar da qazanar.
H.Laski
Babanın kim olması deyil, onun nəslinin necə olması əhəmiyyətlidir.
A.Linkoln
Uğur qazanmaq üçün əlimizdən gələn hər şeyi etdiyimiz halda, xoşbəxt olmaq üçün heç bir səy göstərmirik.
Lukian
Viktor Hüqodan: «Uğur qazanmaq üçün əhəmiyyətli olan nədir: pul, iş ya ağıl?», - deyə soruşduqda, o demişdir: «Təsəvvür edin ki, üçtəkərli maşınınız var. Sizcə, təkərlərdən hansı daha əhəmiyyətlidir?»
Naməlum
Uğur istedad, zəhmət və bəxtin birliyindən yaranır.
Naməlum
Uğur qazanmaq üçün böyük səbr tələb olunur.
Napoleon
Uğur və sevgi cəsurların tərəfindədir.
P.Ovidi
Uğur başda əks-səda verir, uğursuzluq ürəkdə.
L.Piter
Hər bir insan öz uğurunun memarıdır.
Q.Sallyusti
Təbiətə qalib gəlmək üçün əvvəlcə ona itaət etmək lazımdır.
M.Sksiro
“Ədəbiyyat və incəsənət”
(09.12.2022)
Günün fotosu: La Skala narazılıqları qəbul etmədi
Günün fotosu: La Skala narazılıqları qəbul etmədi
Kadrlar Milana aiddir. Məşhur La Skala teatrında rus klassikasına aid Boris Qodunov tamaşasının premyerası baş tutdu. Baxmayaraq ki, yüzlərlə insan Rusiyanın Ukraynaya təcavüzünə görə tamaşanın baş tutmasına qarşı idi.
Foto: Euronews
“Ədəbiyyat və incəsənət”
(09.12.2022)