Super User

Super User

Пятница, 09 Декабрь 2022 10:17

Muğam Mərkəzində ruh oxşayan poeziya gecəsi keçirilib

 

Beynəlxalq Muğam Mərkəzi maraqlı, qeyri-adi tədbirləri ilə könülləri riqqətə gətirməkdədir. Orada keçirilən növbəti tədbir “Sözün melodiyası - keçmişə səyahət” adlı poeziya gecəsi olub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, gecədə bədii qiraətçi Hüseynağa Aslanovun ifasında Azərbaycan yazarlarının yaradıcılığına müraciət edilib. Klassik poeziya nümunələri və müasir ədəbi janrlardan seçmələr səsləndirən qiraətçini gənc piano ifaçıları Ülviyyə Kazımova, Nərmin Rzayeva, tarda İsmayıl Zülfüqarov, nağarada Cəfər Həsənov, kamançada Mədinə Şahgəldiyeva müşayiət edib. 

Tədbirdə Məhəmməd Füzuli, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, İlqar Fəhmi, Ramiz Rövşən və girər şairlərin poeziyasından seçmələr Azərbaycan və dünya bəstəkarlarının musiqililəri fonunda təqdim edilib. 

Qeyd edək ki, nostalji və müasir düşüncələrlə dolu olan gecə maraqla qarşılanıb. Adından da məlum olduğu kimi melodiya və sözün vəhdəti həmin gün musiqi həvəskarları və poeziyasevərlərə unudulmaz anlar bəxş edib.

Ədəbiyyatımız gözəldir. Musiqimiz də həmçinin.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2022)

Пятница, 09 Декабрь 2022 09:42

Korrupsiya, Lütvəli Abdullayev, Yükdaşıyanlar

 

Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:

Beynəlxalq Korrupsiya ilə mübarizə günü

Bilirsiniz, elə mövzular var ki, onlar barədə ya tam təfsilatla danışmalısan, ya da susmalısan. Mən Azərbaycanın bir nömrəli faciəsinə çevrilmiş korrupsiya barədə sadəcə susmağa üstünlük verirəm. BMT-nin təşəbbüsü ilə keçirilən bu günün küləkləri təki gəlib bizim səmanın qara buludlarını da qovaydı.

Beynəlxalq genosid cinayətləri qurbanlarının xatirəsi günü

Genosid cinayətləri barədə xəbərdarlıq Konvensiyasının 2-ci bəndində qeyd edilir ki, hansısa xalqı tam, yaxud qismən məhv etməyə yönəlmiş genosid cinayəti bəşəriyyətin ən qatı cinayəti hesab olunur. Gəlin xalq olaraq xatırlayaq, başımız nə qədər bəlalar çəkib. 1918-ci ildə Bakıda, Şamaxıda və Qubada, 1980-ci illərin sonlarında Qərbi Azərbaycanda, 1992-ci ildə Xocalıda ermənilər tərəfindən, 1937-ci ildə repressiya, 1920-ci ildə 20 yanvar təcavüzü şəklində sovet imperiyası tərəfindən, 20-ci əsrin 70-ci illərindən başlayaraq Cənubi Azərbaycanda soydaşlarımızın amansız təqibi şəklində fars rejimi tərəfindən genosid cinayətinə məruz qalan Azərbaycan xalqı bu gün milyonlarla qurbanını yad etməlidir, öz faciələri barədə dünyaya mesajlar ötürməlidir. Beynəlxalq təqvimləri izləmək, onların təyinatlarından faydalanmaq vacibdir.

Unudulan açıqcalar

Beynəlxalq texno günüdür, bu bir musiqi janrıdır. Skandinaviya ölkələrində Anna günüdür, Milad bayramı ərəfəsi bütün evlərdə lütifeks adlanan balıq yeməyi hazırlanacaq; Milad açıqcası günüdür. Hələ də dünyada bu nəsnə insanlar üçün bir-birini təbrik etməyə yetərlidir. Bir vaxtlar bizdə də 8 martda oğlanlar qızlara, 23 fevralda qızlar oğlanlara, Yeni ildə, eləcə də 1 may və 7 noyabr paradları günlərində isə hamı bir-birini açıqca yazaraq təbrik edirdi, üstəlik, ad günlərinin də bir təbrik vasitəsiydi açıqca. Ancaq hazırda açıqca adlı nəsnəni unutmuşuq, arxivin uzaq küncünə atmışıq; Fransada milli miryan günüdür, bu bir məşvərət komitəsidir, Fransa hökumətinin sekulyarizm (dövlətin dindən asılılığına yol verməmək) prinsiplərinə riayət etməsini izləyir, ona dəstək verir; Ruslar 9 dekabrı opera günü kimi qeyd edirlər, belə ki, 1842-ci ildə Peterburqda Qlinkanın “Ruslan və Lyudmila”, 1836-cı ildə isə “İvan Susanın” operalarının premyerası olub. O ki qaldı ABŞ-a, bu gün onlarda Milli qənnadı məmulatları günüdür.

Korefey sənətkarımız, Krım tatarları, Van Deyk

1973-cü ilin bu günündə SSRİ xalq artisti, adı çəkiləndə insanların üzünə təbəssüm qonan Lütvəli Abdullayev dünyadan köçüb. Şəkidə dünyaya göz açan, cəmi 59 il ömür sürən bu korifey aktyor çoxsaylı kino və teatr rolları ilə komediyanın və yumorun əsl mahiyyətini ortaya qoyurdu, çox təəssüf ki, yağışdan sonra göbələk kimi artan bugünkü şit və dayaz komediya aktyorları bu mahiyyətdən çox-çox uzaqdırlar.

Bu gün “siçan günü”dür həm də. Amma söhbət zəhlətökən boz siçandan getmir, kompüter siçanından gedir, belə ki, ilk dəfə o 1968-ci ilin bu günündə üzə çıxıb. Onu kəşf edən isə amerikalı Karl Enqelbartdır; 1917-ci ilin bu günündə qan qardaşlarımız olan və indi repressiyalar məngənəsində boğulan Krım tatarları qurultay keçirərək Krım xalq respublikasını yaradıblar; 1909-cu ildə dünya futbolunun top klublarından biri – Dortmundun “Borrusiya” klubu yaranıb. Ölkəmizdə “Borrusiya”sevənlər heç də az deyildi, Mxitaryanın transferi onların sayını sıfıra çatdırdı vaxtında; 1717-ci ildə alman incəsənətşünası, antik incəsənətin ilk tədqiqatçısı İoxim Vinkelman dünyaya gəlib. 1641-ci ildə dahi flamand rəssamı, zadəgan və intim portretlərin nömrə bir ustası Antonis Van Deyk, 1048-ci ildə isə Orta Asiyanın dünyaşöhrətli ensiklopediyaçı alimi Əl Biruni dünyadan köçüblər.

Yükdaşıyanlar günü

Bu günün daha bir təyinatı var, yükdaşıyanlar günü. İlk baxışdan ağlınıza Məşədi İbaddan bir abbası istəyən hambal gəldi, düzdürmü? Amma günün anlamı daha böyükdür. Sözün hərfi mənasında çiyinlərini ağır yüklərin altına verib ruzi qazanan insanların günüdür bu gün. Tikintidə daş daşıyanlar var, anbarlarda un kisələri daşıyanlar var, onlar gündüzlər işləyirlər, axşamlar da dinclərini alırlar. Amma həm də daha ağır yüklər var, “problem”, “dərd” adlı. Bu yüklərin daşınma müddəti gecəli-gündüzlüdür özü də. Bugünkü Yükdaşıyanlar günündə həmin bu məcazi mənada yükdaşıyanları da gəlin yad edək, hamısına bir ağızdan “yükünüz yüngülləşsin” deyək.

Varis, “Həftənin təqvimi”ndən

 

“Ədəbiyyat və incəsənət” (09.12.2022)

 

Пятница, 09 Декабрь 2022 09:00

Azərbaycan rəssamlarının fırçasında Mərakeş

 

Bu Şimali Afrika ölkəsi indi çox populyardır. Qətərdə keçirilən futbol üzrə dünya çempionatında əzəmətli İspaniyanı mübarizədən kənarlaşdıraraq dörddə bir finala çıxan mərakeşlilərdən indi hamı danışır. Bizsə bu ölkə ilə bağlı futboldan deyil, rəngkarlıqdan danışacağıq. Mərakeş Krallığı ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü çərçivəsində "Mərakeş Azərbaycan rəssamlarının gözü ilə" mövzusunda rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mərakeşin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, tədbirdə əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş ölkələrimiz arasında möhkəm dostluq əlaqələrindən danışıb, həm rəsmi Rabatla Bakının öz regionlarında dözümlülük və multikulturalizm mərkəzləri olduğunu qeyd edib. 

Diplomat hər iki ölkənin özünəməxsusluğu və zəngin mədəniyyəti ilə fərqləndiyini deyib. 

Sonra Mərakeş və Azərbaycanın mahnılarından ibarət konsert olub. 

Xatırladaq ki, Mərakeş səfirliyi ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü çərçivəsində 6-18 yaşlı azərbaycanlı rəssamlar üçün müsabiqəyə bu ilin avqustunda start verib. 

Rəsm müsabiqəsində Azərbaycanın bütün bölgələrindən 500-dən çox gənc rəssam iştirak edib. Üç kateqoriyada keçirilən müsabiqədə 9 nəfər qalib adına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2022)

 

Bursada keçirilən Şuşa Günləri çərçivəsində “Şuşada ürəyim qaldı” tamaşası nümayiş etdirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Bakı Bələdiyyə Teatrının aktyorlarının ifasında təqdim edilən tamaşa görkəmli yazıçı-dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin “Qarabağnamə” və Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında hazırlanıb. 

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, musiqi tərtibatçısı Xalq artisti Eldar Mansurov və quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.

Azərbaycanın başına uzun illər boyu müsibətlər gəlməsinə baxmayaraq, ölkəmizin bu müsibətlərin içindən mərd-mərdanə çıxaraq öz dövlətini qorumağa çalışması səhnə əsərinin əsas ideyasını təşkil edir. 

General Sisianovun Azərbaycanda, ümumiyyətlə Qafqazda törətdiyi faciələrdən danışılan və İbrahim xanın qızı Ağabəyim ağanın müsibətlərindən bəhs edilən tamaşada Azərbaycan xanlıqlarının əslində müstəqilliyimizin əsasını qoymağa çalışmaları diqqətə çatdırılır.

Tamaşadan sonra “2022 Türk Dünyasının Mədəniyyət Paytaxtı Bursa” mövzusunda foto yarışmasının qaliblərinin mükafatlandırılması mərasimi və sərgi keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2022)

 

Görkəmli müğənni, pedaqoq, Xalq artisti Şövkət Ələkbərovanın 100 illik yubileyi mədəniyyət ocaqlarında müxtəlif tədbirlərlə qeyd olunur.

Dekabrın 7-də Beynəlxalq Muğam Mərkəzində unudulmaz müğənninin yubileyinə həsr olunan konsert keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, konsertdən öncə T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru Gülnarə Səfərova bildirib ki, gənc nəslin  Şövkət xanımın repertuarına müraciət etməsinin məmnunluq doğurur: “Şövkət Ələkbərovanın yaradıcılığına nəzər yetirsək görərik ki, o daha çox vətənpərvər ruhlu mahnılar ifa edib. Çox xoşbəxtəm ki, bugünkü konsertdə həmin mahnılar yenidən ifa olunacaq”.

Gecədə əvvəlcə Şövkət Ələkbərovanın ifasında “Şən Azərbaycan” mahnısının lent yazısı nümayiş olunub. Sonra Ş.Ələkbərova adına 20 nömrəli Musiqi məktəbinin şagirdləri Ümidvar İsmayılov C.Cahangirovun “Cənnətim Qarabağ”, Kənan Sultanov isə T.Quliyevin “Azərbaycan” mahnılarını ifa ediblər.

Konsertdə Əməkdar artistlər Zakir Əliyev, Nurlan Növrəsli, Nuriyyə Hüseynova, ifaçılar Nurlana Abdullayeva, Nurlan Əzizbəyli, Taleh Yahyayev, Nigar Cəlilova, Nəsimi Məmmədov, Aynur İsgəndərli, Vəfa Cəfərova, Cəlal Kərimov, Vəfa Vəzirova, Samir Piriyev, Talıb İsgəndərli, Aişən Eminli, həmçinin xanəndələr Kamilə Nəbiyeva, Rəvanə Qurbanova və Səbinə Ərəbli çıxış ediblər.

Proqramda T.Quliyevin “İlk bahar”, “Axşam mahnısı”, “Gül oğlum”, “Sən mənimsən, mən sənin”, E.İbrahimovanın “Mən sənin yanına qışda gəlirdim”, T.Əhmədovun “Güldür məni”, E.Sabitoğlunun “Ağ çiçəyim”, “Dərələr”, “Azərbaycan”, H.Xanməmmədovun “Gözünə qurban”, R.Mirişlinin “Bir könül sındırmışam”, “Sənin vüqarın mənəm”, N.Qəmərlinskinin “Yavaş-yavaş”, C.Cahangirovun “Ana yurdum” və Qəmbər Hüseynlinin “Qoy dolanım başına mən” mahnıları səsləndirilib.

İfaçıları F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti (musiqi rəhbəri: Mahir Ordubadi) müşayiət edib.

Bütün çıxışlar alqışlarla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2022)

Пятница, 09 Декабрь 2022 08:37

“YAŞAT” həqiqətən də yaşadır!

 

“YAŞAT” Fonduna iki ildə 76 milyon manata yaxın vəsait toplanıb

 

Ötən gün “YAŞAT” Fondunun yaradılmasından iki il ötdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə təsis edilən “YAŞAT” Fondunun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

 

Bəs “YAŞAT” Fondu bu iki ildə hansı işlər görüb?  “Ədəbiyyat və incəsənət” sizlər üçün bu sualı məmnuniyyətlə cavablandırır. Rəqəmlərə diqqət edək. Bu günədək “YAŞAT” Fonduna 75 milyon 846 min 318 manat 85 qəpik vəsait toplanıb. Həmin vəsaitin 71 milyon 612 min 351 manat 53 qəpiyi Fondun fəaliyyət istiqamətləri üzrə xərclənib. Bildirilib ki, “YAŞAT” Fondunun dörd fəaliyyət istiqaməti var və toplanan vəsaitin 41 milyon 42 min 300 manatı məişət şəraitinin yaxşılaşdırılması, 22 milyon 449 min 998 manat 4 qəpiyi müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi, 6 milyon 772 min 442 manat 30 qəpiyi istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanmasına, 1 milyon 347 min 611 manat 19 qəpiyi isə təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərclərinə sərf olunub. Qalıq məbləğ isə 4 milyon 233 min 967 manat 32 qəpikdir. 

Fondun əməkdaşları 3 min 4 şəhidin ailə üzvləri, həmçinin 6 min 230 yaralı olmaqla 17 min 670 şəxslə görüşüb, onların ehtiyaclarını qeydə alıblar. Onlardan 14 min 744 şəxsin 35 min 175 müraciəti icra üçün öhdəliyə götürülüb. Ümumilikdə müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə 15 min 694, məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə 12 min 253, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə 2 min 198, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə isə 432 müraciət təmin edilib. Əlavə olaraq Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 126 min 392 manat 73 qəpik borc ləğv edilib. Həmçinin Fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri tərəfindən 492 min 581 manat 99 qəpik vəsait qarşılanıb.

Ötən müddət ərzində 184 şəxs müalicə edilməsi məqsədilə Türkiyə Respublikasına göndərilib. Onlardan 177-si ağır yaralı, 7-si isə şəhid ailəsi üzvüdür. Müalicə alanlardan 160-ı ölkəyə geri qayıdıb. Hazırda 23 ağır yaralının və 1 şəhid ailəsi üzvünün müalicəsi qardaş ölkədə davam edir.

Həyata keçirilən layihələrdən biri də 2020-ci il sentyabrın 27-dən sonra dünyaya gələn şəhid övladları ilə əlaqədardır. “Onlar bizə əmanət” layihəsi çərçivəsində yeni doğulmuş 104 şəhid övladının zəruri xərclərinin qarşılanması məqsədilə min manat məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 min manat məbləğində depozit hesabı açılıb. Həmçinin hər iki valideynini itirən 7 şəhid övladının da adına 5 min AZN məbləğində depozit hesabı açılıb ki, onların sırasına Bərdə və Gəncə terrorunda valideynlərini itirmiş uşaqlar da daxildir

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2022)

Bu gün “YAŞAT” Fondunun yaradılmasından iki il ötür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə təsis edilən “YAŞAT” Fondunun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

 

Buninla bağlı 7 saylı Bakı “ASAN xidmət” mərkəzində mətbuat konfransı təşkil olunub.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbir ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Fondun ikiillik fəaliyyətini nümayiş etdirən videoçarxın nümayişi ilə başlayıb. Ardınca “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun fəaliyyətinə dair hesabat xarakterli təqdimatla çıxış edib. Qeyd olunub ki, bu günədək “YAŞAT” Fonduna 75 milyon 846 min 318 manat 85 qəpik vəsait toplanıb. Həmin vəsaitin 71 milyon 612 min 351 manat 53 qəpiyi Fondun fəaliyyət istiqamətləri üzrə xərclənib. Bildirilib ki, “YAŞAT” Fondunun dörd fəaliyyət istiqaməti var və toplanan vəsaitin 41 milyon 42 min 300 manatı məişət şəraitinin yaxşılaşdırılması, 22 milyon 449 min 998 manat 4 qəpiyi müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi, 6 milyon 772 min 442 manat 30 qəpiyi istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanmasına, 1 milyon 347 min 611 manat 19 qəpiyi isə təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərclərinə sərf olunub. Qalıq məbləğ isə 4 milyon 233 min 967 manat 32 qəpikdir. 

Fondun əməkdaşları 3 min 4 şəhidin ailə üzvləri, həmçinin 6 min 230 yaralı olmaqla 17 min 670 şəxslə görüşüb, onların ehtiyaclarını qeydə alıblar. Onlardan 14 min 744 şəxsin 35 min 175 müraciəti icra üçün öhdəliyə götürülüb. Ümumilikdə müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə 15 min 694, məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə 12 min 253, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə 2 min 198, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə isə 432 müraciət təmin edilib. Əlavə olaraq Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 126 min 392 manat 73 qəpik borc ləğv edilib. Həmçinin Fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri tərəfindən 492 min 581 manat 99 qəpik vəsait qarşılanıb.

E.Hüseynovun sözlərinə görə, ötən müddət ərzində 184 şəxs müalicə edilməsi məqsədilə Türkiyə Respublikasına göndərilib. Onlardan 177-si ağır yaralı, 7-si isə şəhid ailəsi üzvüdür. Müalicə alanlardan 160-ı ölkəyə geri qayıdıb. Hazırda 23 ağır yaralının və 1 şəhid ailəsi üzvünün müalicəsi qardaş ölkədə davam edir.

Həyata keçirilən layihələr haqqında məlumat verən Fondun rəhbəri deyib: “Həyata keçirilən layihələrdən biri də 2020-ci il sentyabrın 27-dən sonra dünyaya gələn şəhid övladları ilə əlaqədardır. “Onlar bizə əmanət” layihəsi çərçivəsində yeni doğulmuş 104 şəhid övladının zəruri xərclərinin qarşılanması məqsədilə min manat məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 min manat məbləğində depozit hesabı açılıb. Həmçinin hər iki valideynini itirən 7 şəhid övladının da adına 5 min AZN məbləğində depozit hesabı açılıb ki, onların sırasına Bərdə və Gəncə terrorunda valideynlərini itirmiş uşaqlar da daxildir”.

Mətbuat konfransı zamanı yashat.gov.az rəsmi internet saytından edilən onlayn ianələr zamanı vətəndaşlara təqdim olunan “İanə sertifikatı” haqqında da ətraflı məlumat verilib. Qeyd olunub ki, sertifikat Fonda ianə etmiş şəxslərə təşəkkürü simvolizə edir. Vətəndaşlar istədiyi şəxsin adından ianə etməklə həmin sertifikatı hədiyyə də edə bilərlər.

Xatırladaq ki, “YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2022)

Четверг, 08 Декабрь 2022 15:39

Bursada Şuşa Günləri keçirilir

 

Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar Türkiyənin Bursa şəhərində Şuşa Günləri keçirilir. Tədbir çərçivəsində “Türk Dünyasının mədəniyyət paytaxtı” statusu Bursadan Şuşaya təhvil veriləcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, tədbirin ilk günü Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Bursa böyükşəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə açılış mərasimi keçirilib. 

Mərasimdə çıxış edən Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayev, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev və Bursa valisi Yakup Canbolat “Bursa İli” çərçivəsində ortaq mədəniyyətimizi özündə əks etdirən festivalların, idman oyunlarının, təbliğat proqramlarının və bir çox digər tədbirlərin keçirildiyini, bununla əlaqədar türk dünyasından çox sayda siyasətçinin, mədəniyyət və elm xadimlərinin Bursaya gəldiklərini deyiblər. 

“Türk Dünyasının mədəniyyət paytaxtı” statusunun gələn il Şuşaya keçəcəyini xatırladan çıxışçılar iştirakçılara Şuşa haqqında geniş məlumat veriblər. 

Bildirilib ki, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhəri 30 illik işğaldan sonra 44 günlük Vətən müharibəsi nəticəsində şanlı Zəfərlə azad edilib və bu hadisə türk tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir.

Qeyd edilib ki, işğal dövründə ermənilər tərəfindən Şuşanın mədəni-mənəvi irsi, o cümlədən tarixi abidələri və məscidləri dağıdılıb, şəhər viran qoyulub. Hazırda Azərbaycan dövləti bu ərazilərdə bərpa-yenidənqurma işləri aparır. Yaxın zamanda vətəndaşlarımızın doğma yurd-yuvalarına köçürülməsi dövlətimizin əsas məqsədlərindən biridir. 

Qəhrəmanlıq, fədakarlıq və eşqin dastanı olan Şuşanın mədəni irsi, əsrarəngiz təbiəti, bəşəri mirasa böyük fikirlər bəxş edən şairləri, yazıçıları və dahi musiqiçiləri kimi tarixi şəxsiyyətləri ilə dünyada tanındığını deyən natiqlər şəhərin işğaldan azad edilməsi ilə yenidən həyata qaytarıldığını, mədəni və tarixi mirasımıza yenidən bəxş edildiyini vurğulayıblar. 

Bildirilib ki, Azərbaycan xalqı üçün xüsusi məna kəsb edən Şuşanın “Türk Dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, eyni zamanda, türk dünyası xalqları arasında birlik və bərabərliyin daha da möhkəmləndirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm əhəmiyyət daşıyır. Şuşa Azərbaycanın tarixini özündə əks etdirən açıq havada muzeydir. Bundan sonra Şuşada Xarıbülbülün qoxusu hiss ediləcək, Qarabağ atları qamətini görəcək və Azərbaycan mədəniyyətinin paytaxtı dünyaya layiqli şəkildə nümayiş olunacaq. 

Türkiyə-Azərbaycan münasibətlərinə toxunan natiqlər Türk dünyasının hər dövlətinin Türkiyə üçün əhəmiyyətli olduğunu qeyd ediblər. Bildirilib ki, xüsusilə Azərbaycanın bütün məsələlərini Türkiyə hər zaman öz məsələsi kimi qəbul edilib. Ölkələrimiz arasında birliyin əsas memarları Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. İki dahi liderin nümayiş etdirdiyi birlik dünya üçün nümunədir. 

Sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” statusunun Bursadan Şuşaya keçməsi məqsədilə Bursada keçirilən Şuşa Günlərinin təşkilində əməyi olanlara təşəkkürnamələr və xüsusi plaketlər təqdim edilib. 

Mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, dövlət qurumlarının nümayəndələri və digərləri iştirak ediblər.

İki gün davam edəcək Şuşa Günləri çərçivəsində Azərbaycanın mədəniyyətini, milli dəyərlərini və geyimlərini özündə əks etdirən tədbirlər təşkil olunacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2022)

Четверг, 08 Декабрь 2022 15:38

Günün fotosu: Zelenski ilin adamı seçildi

Günün fotosu: Zelenski ilin adamı seçildi

 

Amerikanın Time jurnalının versiyasında Ukrayna prezidenti Volodimir Zelenski ilin adamı seçilib. 

Qeyd edək ki, Time-ın versiyası analoji versiyalar arasında ən nüfuzlusu hesab olunur.

Foto: Euronews

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2022)

 

Azərbaycan-Özbəkistan-Türkiyə üçtərəfli film layihəsinin reallaşması mümkündür

 

Mədəniyyət naziri Anar Kərimov ölkəmizdə səfərdə olan Özbəkistan kino nümayəndələrindən ibarət heyəti qəbul edib. 

“Ədəbiyyat və incəsənət” portalı mazirliyə istinadən xəbər verir ki, qonaqları səmimi salamlayan nazir iki qardaş ölkə arasındakı mədəni və dostluq əlaqələrindən söz açıb. Bildirib ki, son illərdə türk dövlətləri ölkə rəhbərləri səviyyəsində bir-biri ilə daha sıx əlaqələr qurur. Bu da dərinləşən əməkdaşlığa, xalqlarımızın daha da yaxınlaşmasına öz töhfəsini verir. Nazir deyib ki, Azərbaycan-Özbəkistan əlaqələrinin bugünkü səviyyəsi böyük məmnunluq doğurur. Gerçəkləşən birgə tədbirlər, incəsənət ustalarının səfərləri bunun bariz nümunəsidir.

Nümayəndə heyətinin rəhbəri, Özbəkistan Respublikası Kino Agentliyinin direktoru Firdavs Abdulxaliqov səmimi qəbula görə Anar Kərimova təşəkkür edib. O, Azərbaycan Dövlət Film Fondu ilə tanış olduqlarını və burada çoxsaylı özbək filmlərinin də qorunmasından məmnunluqlarını bildirib.

F.Abdulxaliqov iki ölkə arasında kino sahəsində təcrübə mübadiləsi və Azərbaycan-Özbəkistan-Türkiyə üçtərəfli film layihəsinin reallaşmasının mümkünlüyünü vurğulayıb.

Anar Kərimov III Dədə Qorqud Türk Dünyası Film Festivalının 2023-cü ildə Şuşada keçiriləcəyini diqqətə çatdırıb, Özbəkistanın da bu festivala qatılmasından məmnun olacaqlarını bildirib.

Söhbət zamanı Daşkənd Film Festivalında Azərbaycan kino xadimlərinin iştirakı, eləcə də gənc kinematoqrafçılar arasında əlaqələrin qurulmasından söz açılıb.

Görüşdə özbək və Azərbaycan ədəbiyyatı, mədəniyyəti mövzusunda müzakirə aparılıb, hər iki xalqın tanınmış yaradıcı şəxsiyyətlərinin, ortaq dəyərlərinin birgə təbliği ilə bağlı layihələrin reallaşdırmasının əhəmiyyəti qeyd olunub. 

Qeyd edək ki, nümayəndə heyəti 7-10 dekabr tarixlərində Bakıda keçirilən Özbəkistan kinosu günləri ilə bağlı ölkəmizə gəlib.

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.