Super User
“Avroviziya”nın Azərbaycan nümayəndə heyətinə yeni rəhbər təyin olunub
“Avroviziya” müsabiqəsinin Azərbaycan nümayəndə heyətinin rəhbəri İsa Məlikov bu vəzifədən gedib. Bu barədə o, özünün sosial şəbəkə hesabında paylaşım edib.
“Bu layihə ilə bağlı mənim 2009-cu ildən başlayaraq yalnız ən xoş təəssüratlarım və xatirələrim var, amma artıq irəliyə doğru getməyin vaxtıdır. Artıq bir neçə il üzərində işlədiyim layihələrin reallaşmasına vaxt ayıracağam”, - paylaşımda qeyd olunub.
İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Aparatından APA-nın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycanın “Avroviziya” Beynəlxalq Mahnı müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri vəzifəsinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Baş direktorunun müavini Vasif Məmmədov təyin edilib.
“Ədəbiyyat və incəsənət”
(08.12.2022)
Xalq artisti Emin Bakıda konsert proqramı ilə çıxış edəcək
Dekabrın 15-16-da Heydər Əliyev Sarayında Azərbaycanın Xalq artisti Emin ənənəvi qış konsertini təqdim edəcək. Konsertdə müğənni “Mavi əbədiyyət”, “Azərbaycan”, “Bakıya gedək” kimi hit mahnıları ifa edəcək. Ümumən müğənni sevilən lirik kompozisiyaları və rəqs nömrələrindən ibarət hitləri ilə tamaşaçıların qarşısına çıxacaq.
Qeyd edək ki, musiqidə özünəməxsus dəst-xəti olan Emin dünyaşöhrətli Frenk Sinatra, Elvis Presli və özünün müəllimi saydığı Müslüm Maqomayev kimi musiqi sənətinin dühalarından ilhamlanaraq bu sənətə gəlib. 2006-cı ildə onun “Still” adlı ingiliscə ilk albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib. Bu albomda, həmçinin onun öz bəstələri də yer alıb. Daha sonra Eminin 2007-ci ildə “İncredible” adlı albomu işıq üzü görüb və albomdakı “Don't cry” mahnısı sevilən mahnılar sırasında yer alaraq, eyni zamanda, film musiqisi kimi də tanınıb. Daha sonra isə dünya musiqi sənətinin əfsanələrindən olan E.Presli və F.Sinatranın mahnılarından ibarət “Obsession”, həmçinin “Devotion” albomlarını buraxıb.
“Ədəbiyyat və incəsənət”
(08.12.2022)
Gənc rusdilli şairlərin yaradıcılıq gecəsi keçirilib
Bakıdakı Rus Evində “açıq mikrofon” formatında növbəti yaradıcılıq gecəsi keçirilib. Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətinin yaydığı məlumata görə, Rus Evindəki ədəbiyyat klubunun iştirakçıları olan gənc şairlər gecənin iştirakçıları olublar.
Aydan Allahyarova, Olqa Şalayeva, Dilarə Mehdiyeva, Nina Tişşenko, Günatay Hüseynova, Tamilla Şıxəmirova, Tatyana Zorina, Aysel İbrahimova, Esmira Atluxanova, Alyaska, Bayram Məhərrəmov, Türkan Bayramzadə öz şeirlərini və tanınmış şairlərin əsərlərini oxuyublar.
Bakıdakı Rus Evində fəaliyyət göstərən ədəbiyyat klubunun növbəti yaradıcılıq gecəsi sabah keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(08.12.2022)
Əlixan Səmədov Türkiyədə mükafata layiq görülüb
İstanbulda “Beynəlxalq Uğur Hekayəsi Mükafatları 2022”nin təqdimetmə mərasimi keçirilib.
Fəxr ediləsidir ki, mərasimdə Azərbaycanın Xalq artisti Əlixan Səmədov “İlin ən yaxşı balaban ustası” nominasiyası üzrə mükafata layiq görülüb. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Əlixan Səmədov mediaya açıqlama verib.
Bu mükafata layiq görüldüyü üçün təşkilatçılar və qardaş Türkiyəyə minnətdarlığını bildirən Əlixan Səmədov bundan sonra da fəaliyyətini tam uğurla davam etdirəcəyinə inandığını qeyd edib.
“RM'C PMU MASTER” tərəfindən təşkil olunan gecəyə Türkiyənin iş dünyası, sənət, media və bir çox digər sahələr üzrə məşhur simaları qatılıb.
“Ədəbiyyat və incəsənət”
(08.12.2022)
Ölkəmizə ən çox əcnəbi Rusiya, Türkiyə və İrandan gəlib
Cari ilin noyabrında ölkəyə gələn şəxslərin sayı açıqlanıb. Dövlət Turizm Agentliyinin açıqlamasına istinadən “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ötən ay Azərbaycana 135 min 370 nəfər səfər edib. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 57 faiz çoxdur. Belə ki, ötən ilin noyabrında ölkəyə 86 min 61 nəfər gəlmişdi.
Bu ilin yanvar-noyabr ayları ərzində ölkəyə 1 milyon 458 min 786 şəxs gəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu, 111 faiz artım qeydə alınıb. Belə ki, 2021-ci ilin yanvar-noyabrında ölkəyə 692 min 314 nəfər səfər etmişdi.
Bəs ən çox ölkəmizə hansı ölkələrdən gəliblər? Ən çox əcnəbi isə Rusiya (40 807), Türkiyə (26 742), İran (14 989), Gürcüstan (8625), Hindistan (7689), Pakistan (4215) və Səudiyyə Ərəbistanından (3233) gəlib.
Asiya qitəsi birinciliyi qoruyub saxlamaqdadır.
“Ədəbiyyat və incəsənət”
(08.12.2022)
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq doktoru Toğrul Əfəndiyev vəfat edib
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq doktoru, Azərbaycan Milli İncəsənət Muzeyinin Elmi araşdırmalar şöbəsinin müdiri, Azərbaycan Rəssamlar İttifaqının üzvü Toğrul Əfəndiyev vəfat edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Toğrul Rasim oğlu Əfəndiyev 1 yanvar 1960-cı ildə Bakı şəhərində anadan olub. O, 1977-1982-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb, 1986-cı ildə “Azərbaycan incəsənətində təsviri motivləri (VII-XV yüzilliklər)” mövzusunda sənətşünaslıq üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib. 1982-1988-ci illərdə Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdində Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzində Elmi araşdırmalar şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 1987-ci ildə Azərbaycan Yaradıcı Gənclər Birliyinin təsisçilərindən biri, 1988-ci ildən isə həmin təşkilatın vitse-prezidenti olub.
Tofiq Əfəndiyev çoxsaylı elmi məqalələrin və araşdırmaların müəllifi, Azərbaycan mədəniyyət və incəsənətini beynəlxalq arenada təmsil edən bir sıra sərgi, festival və təqdimatların təşəbbüskarı, təşkilatçısı və iştirakçısı və Azərbaycanın kəlağayı sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya salınmasına yönəlmiş işçi sənədinin müəllifi olub.
Mədəniyyət Nazirliyinin yaydığı məlumatda qeyd olynur ki, əməkdar mədəniyyət işçisi Toğrul Əfəndiyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq!
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(08.12.2022)
Mədəniyyət naziri "CNN" telekanalının nümayəndələri ilə görüşüb
Mədəniyyət naziri Anar Kərimov dekabrın 7-də ABŞ-ın “CNN" telekanalının ölkəmizdə səfərdə olan regionlar üzrə nümayəndəsi İmran Əhmədi və sosial şəbəkə hesabları üzrə direktoru Zara Drissi qəbul edib.
“Ədəbiyyat və incəsənət” portalının məlumatına görə, “CNN"-in nümayəndələri Mədəniyyət Nazirliyi ilə əməkdaşlıqdan məmnunluqlarını ifadə edərək bundan sonra da bu istiqamətdə yeni layihələrin reallaşacağını vurğulayıblar.
Anar Kərimov "CNN" əməkdaşlarına Azərbaycan mədəniyyətinin tanıdılması və təbliğinə verdikləri töhfələrə görə təşəkkürünü bildirib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tərəfindən Azərbaycanın Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildiyini diqqətə çatdıran nazir qədim şəhərimizin tarixi-mədəni irsini əks etdirən materialların lentə alınıb nümayiş etdirilməsinin əhəmiyyətini qeyd edib. UNESCO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs üzrə Siyahı”sında yer alan Qarabağ atüstü oyun ənənəsi – çövkənlə bağlı təbliğat materiallarının geniş ictimaiyyətə çatdırılmasının da vacibliyi vurğulanıb.
Qeyd olunub ki, Azərbaycanın tarixi-mədəni dəyərlərinin beynəlxalq səviyyədə işıqlandırılması məqsədilə "CNN" kanalı ilə Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq çərçivəsində bu il Azərbaycan xalçaları, muğam və musiqi sənətimizlə bağlı silsilə videoçarxlar telekanalda yayımlanıb.
Görüşdə qarşıdakı illərdə Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı müzakirə aparılıb.
“Ədəbiyyat və incəsənət”
(08.12.2022)
Günün fotosu: Fransızlardan kütləvi itaətsizlik
Günün fotosu: Fransızlardan kütləvi itaətsizlik
Ölkədə üçqat epidemiya şəraiti hökm sürdüyündən Səhiyyə nazirliyi ictimai yerlərdə tibbi maska taxmaq tövsiyyəsi irəli sürüb, ancaq vətəndaşlar bunu etmək istəmirlər.
Olsun ki, Yeni il öncəsi tibbi maska taxılması zorla tətbiq ediləcək.
Foto: Euronews
“Ədəbiyyat və incəsənət”
(07.12.2022)
Rəsm qalereyası: Səttar Bəhlulzadə, “Təbiət lövhələri” silsiləsi
Azərbaycanda 44 hotel ulduz sertifikatı alıb
Təbiidir ki, dünyanın gözəlliklərini görmək üçün insanlar səyahətlərə çıxır, otellərdə yaşayırlar. Gözəlliklərlə tanışlıq məhz otellərdən başlayır.
“Azərbaycanda 2 ildir ki, həyata keçirilən Milli Ulduz Təsnifatına indiyə qədər 150 hotel müraciət edib, onlardan 100-ə yaxının müraciətinə baxılıb və 44 hotel 5, 4 və 3 ulduz dərəcəsinə layiq görülərək müvafiq sertifikatlarla təltif edilib”. Bu cümlələr Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə məxsusdur.
“Turizm haqqında” yeni Qanuna görə hər bir mehmanxana fəaliyyətə başladığı vaxtdan 6 ay ərzində ulduz dərəcəsi üçün müraciət etməlidir. Koronavirus pandemiyasına görə hotellərə ulduz verilməsi ləngisə də, yeni qanun bu prosesi sürətləndirib. Ulduz sertifikatına malik olan hotellərin sayının artması sağlam rəqabəti stimullaşdıracaq və bu da nəticə etibarilə hotelçilik sənayesinin inkişafına təkan verəcək, tələb və təklif qanununun daha dolğun realizə edilməsinə gətirib çıxaracaq”,-deyə Agentlik sədri vurğulayıb.
“Ədəbiyyat və incəsənət”
(07.12.2022)