Super User
“Soyuq parkda yiyəsiz itlər kimi ağlayacaqsan o günü…”
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında sizləri gənc və istedadlı şair Kamran Su ilə başbaşa buraxırıq.
Sevmə məni
Mən tanıdığın əclaflardanam
İnanmırsan
İnanmamağa davam et
ama sevmə məni
Gözlərim xoşuna gələ bilər
ama nə olsun?
bütün əclafların gözləri qəşəng olur
gözümü neynirsən?
ağlın olsun
sevmə məni
Sevmə məni
Diqqətlə baxsan qrup yoldaşın
eynəkli uşaq
dəli kimi sevir səni
sən də onu sev
qurban olum
bircə sevmə məni
Sevmə məni
Heç gözləmədiyin bir qış günü
atıb gedəcəm səni
Soyuq parkda yiyəsiz itlər kimi
ağlayacaqsan o günü
Ən yaxşısı
Sevmə məni
*
Yağışın damlaları pəncərimi döyəcləyir
az sonra kiçik damlalar böyüyür
böyüdükcə
damlalar
çoxaldıqca
arzular
daşır
arzuların ağırlığından
sahilə çatmağa az qalmış
gəmi batır.
Sahildə yorğun matros
əynində cırılmış matros maykası
üzü günəşdən yanmış halda
saçları islaq
mədəsində dəniz suyu
dayanıb dənizə tərəf baxır
amansız dalğalar
acıq verir ona
Kiçik taxta parçaları
dalğaların qoynunda
bir də cəsədlər
bir də xatirələr…
Donmuş durmuş matros
indi o susqun
indi o pərt
Adamlar uzaqdan yaxınlaşır
Kiçik şəhərdə qadınlar ağlaşır
Yağışın damlaları pəncərəmi döyəcləyir
az sonra kiçik damlalar böyüyür
böyüdükcə
damlalar
çoxaldıqca
arzular
daşır
arzuların ağırlığından
sahilə çatmağa az qalmış
gəmi
batır
Yağan yağış mənə
saçlarından damcılar süzülən
matrosu xatırladır...
“Ədəbiyyat və incəsənət”
(07.12.2022)
Kamal Abdullanın “Casus” pyesi səbirsizliklə gözlənilir
Dekabrın 14-də Azərbaycan Teatr Xadimləri İttifaqının böyük səhnəsində Lənkəran Dövlət Dram Teatrı Xalq yazıçısı Kamal Abdullanın "Casus" pyesi əsasında rejissor Anar Babalının quruluş verdiyi eyniadlı tamaşa ilə çıxış edəcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, İttifaqın 125 illiyinə həsr olunmuş “Milli klassika” teatr festivalı çərçivəsində müsabiqədənkənar qonaq qismində oynanılacaq.
Qeyd edək ki, “Casus” sirr və onun açılması üzərində qurulub. Əsərdə Dədə Qorqud obrazı hadisələrin axarını istiqamətləndirir. O, Oğuz tayfaları arasında casusluq edənin kim olduğunu Qazan xana söyləyir. Həmçinin Boğazca Fatmanı da məsələdən xəbərdar edən özü olur. Dədə Qorqud Oğuzun təəssübkeşi kimi çıxış edir. Məhz bu səbəbdən casusun kim olduğunu söyləsə də, o biri yandan da məsələyə insani mövqedən yanaşır, Boğazca Fatmanı onun casus oğlunun başına gələcək fəlakətdən xəbərdar edir, ona ölümdən xilas yolunu göstərir. Niyə, nə səbəbə? Oğuz elinin bilicisi niyə Oğuz elinə xəyanət edən bir casusu hifz edir? Bu sualların cavabı səhnə əsərində süjetin ana xəttinin açılması ilə tamaşaçılara məlum olur.
“Ədəbiyyat və incəsənət”
(07.12.2022)
Həbs edilən şöbə müdirinin yerinə yeni təyinat olub
Bir müddət əvvəl DTX-nın Mədəniyyət Nazirliyində əməliyyat keçirməsini xatırlayaq. Nazir müavini Elnur Əliyev tutduğu vəzifədən azad olunmuşdu. Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibovsa Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə (mənimsəmə və ya israf etmə) həbs edilmişdi.
Budur, Təchizat və Əmlak Şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinat olub.
“Ədəbiyyat və incəsənət” portalı medianın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyinin açıqlamasına istinad edir. Belə ki, nazir Anar Kərimovun müvafiq əmri ilə Mədəniyyət Nazirliyinin Təchizat və Əmlak Şöbəsinin müdiri vəzifəsinin icrası şöbə müdirinin müavini Elmir Ağayeva həvalə edilib.
“Ədəbiyyat və incəsənət”
(07.12.2022)
Lətifələrin növbəti reytinqi
“Gülüş klubu”nda növbətçi Sərtyeldir. Şüarımızsa dəyişməzdir: Dodağınızın yüngülcə qaçması bizim böyük uğurumuzdur.
5-ci yer
İki aborogen çukça söhbət edir.
-Bu gün yolla gedəndə 10 dollar tapmışdım.
-Bəs neynədin?
-Tulladım.
-Niyə ki?
-Saxta idi.
-Nə bildin ki saxtadır?
-Harda görmüsən ki, 10 rəqəmində iki dənə sıfır olsun?
4-cü yer
Balaca Azər atasından soruşur:
-Ata, niyə 8 mart təqvimdə qırmızı rənglə işarə olunub?
Atası qəlbi riqqətə gətirən kədərli səslə bəyan edir:
-Bu, kişi qanının rəngidir, oğul bala.
3-cü yer
Aygün Kazımova Röyadan soruşur:
-Nə qəşəng arıqlamısan. Yeni pəhriz bilirsən?
-Aha.
-Nədir?
-Kök, çuğundur və kartof.
-Neynəməli, qızarmalı, ya qaynatmalı?
-Qazıb yerdən şıxartmalı.
2-ci yer
Qeyri-fəal, lal-dinməz millət vəkillərindən biri canlı debatda xalqına səslənir:
-Mənim kimi millət vəkili olan xalqın nəyi çatışmır ki?
Bir ağsaqqal deyir:
-Valeryankası.
1-ci yer
4-cü mikrorayon sakini, 50 yaşlı Zibeydə Bağdagülovanı infarkt vurur. Əməliyyat otağında həkimlər onun həyatı uğrunda mücadilə edərkən Zibeydə xanımın gözünə Pirani bir şəxs görünür.
-Bu mənim sonumdur?, -deyə Zibeydə soruşur.
Pirani şəxs öz kağız-kuğazlarını çıxarır, xeyli vərəqləyib deyir:
-Yox, siz hələ 33 il, 4 gün, 8 saat yaşayacaqsız.
Narkozdan ayıldıqdan sonra qadın xoşbəxt-xoşbəxt həkimə deyir ki, onsuz da burdayam, kosmetoloqları dəvət elə, qoy sifətimi dartsınlar, buxağımı, qarın piylərimi yığsınlar, sinəmi böyütsünlər, dodağımı şişirtsinlər, ayaqlarımı korreksiya etsinlər.
Bütün bunlar olur. Xəstəxanadan çıxan gün onu manikür, pedükür də edirlər, saçlarını da saraldırlar, qadın tam dəyişib xeyli cavanlaşır.
Xoşbəxt qadın xəstəxanadan çıxır, yolu keçmək istəyəndə bir maşın onu necə vurursa qadın ölümcül olur. Onu təzədən xəstəxanaya qaytarırlar. Həkimlər müdaxilə edəndə yenidən gözünün qabağına həmin Pirani kişi gəlir.
Zibeydə ağır-ağır soruşur:
-Sən axı mənə deyirdin, hələ 33 il yaşayacam?
Pirani kişi gözlərini qırpmadan qadına baxıb birdən deyir:
-Aa, Zibeydə, bu sənsən? Sən öz canın bağışla, tanımamışam.
“Ədəbiyyat və incəsənət”
(07.12.2022)
Bakıda Qazaxıstan Kino Günləri keçiriləcək
“Tomris” dizisi ilə əsl nailiyyət ortaya qoyan Qazaxıstan kinosu ilə yaxından tanış olmaq imkanımız yaranıb. Təfsilatı.
Bakıda dekabrın 10-11-də Qazaxıstan Kino Günləri keçiriləcək. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, nümayişlər Qazaxıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə gerçəkləşəcək.
Tamaşaçılara “Kenje Kiz” cizgi filmi və “Alga” bədii filmi təqdim olunacaq. Filmləri cizgi filminin rejissoru İvan Ardaşov və bədii filmin baş rol ifaçısı Yerqol Semkulov təqdim edəcəklər.
Hər iki film ingilis subtitrləri ilə rus dilində nümayiş olunacaq. Giriş sərbəst olacaq.
Filmlərin başlama vaxtı saat 14.00-dır.
“Ədəbiyyat və incəsənət”
(07.12.2022)
“Yuxumda gördüm ki, “Oqtay Eloğlu”nu hazırlayırsan...”
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir.
RZA ƏFQANLI
(1899-1973)
***
Bir gün rayonda qastrolda idik. Qonaq evində qalırdıq. Çoxdan bəri Cəfər Cabbarlının “Oqtay Eloğlu” dramında Oqtayı oynamaq arzusuna düşmüşdüm. Axşam tamaşadan sonra otağımı dəyişib Xəlil Hüseynovla eyni otaqda qaldım. O vaxt bizim tamaşalara Xəlil quruluş verirdi.
– Xeyir ola, nə əcəb otağını dəyişdin? – Xəlil maraqla soruşdu.
– İstəyirəm səninlə bir otaqda qalam.
– Nədir, yoxsa xətrinə dəyən var?
– Yox, iki gecədir yaxşı yuxu görürəm.
– Bunun otaq dəyişməyə nə dəxli var axı? Nə görürdün yuxuda?
– Yuxumda gördüm ki, “Oqtay Eloğlu”nu hazırlayırsan, Oqtayı da mən oynayıram. Dedim bəlkə bir otaqda qalsaq, sən də görərsən…
Xəlil qəhqəhə çəkib məni bağrına basdı.
***
Böyük Azərbaycan şairi və dramaturqu Səməd Vurğunun “Vaqif” mənzum dramı milli teatrın tarixində xüsusi yerlərdən birini tutur. Məşqlərə bəzən şair özü də gələr, oturub baxardı. Bir dəfə Eldarla Kürd Musanın yerini işləyirdik. Mən:
– İndi də dişini qıcamış Qacar...
İranı talayan o qart canavar
Gəlir sürusüylə bizi soymağa,
Tökdüyü qanlardan içib doymağa, –deyəndə, ön sırada oturan şair üzr istəyib ayağa qalxdı.
– Əzizim, Rza, – dedi, – hər şey çox gözəldir, düzdür, sən dəstə başçısını oynayırsan, ancaq Eldarın dəstəsində müxtəlif millətlərin nümayəndələri var və mən onları bir yerə yığmaqla xalqlar arasındakı dostluğu tərənnüm etmək istəmişəm. Odur ki, bu yerdə sadəcə, dəstə başçısı kimi yox, düşmənə qarşı birgə mübarizə aparacaq müxtəlif millərin başçısı kimi qollarını yana açıb Kürd Musanı da, Şalikonu da bağrına bas.
Mən də belə etdim.
“Ədəbiyyat və incəsənət”
(7.12.2022)
Krista Elli 72 yaşında vəfat edib
Məşhur serial ulduzu vəfat edib. Söhbət “Cheers” (1982-1993) serialındakı “Rebekka Hou” rolu ilə məşhurlaşan amerikalı aktrisa Kirsti Ellidən gedir. Onun 72 yaşı var idi.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə aktrisanın övladları onun “Twitter” səhifəsində məlumat veriblər.
Aktrisa xərçəng xəstəsi idi. O, iki dəfə “Emmy” mükafatına layiq görülmüş, neçə dəfə nominant olsa da “Oskar”ı qazana bilməmişdi.
“Ədəbiyyat və incəsənət”
(07.12.2022)
Spitak zəlzələsi, Aviasiya günü və Kovent-Qarden teatrı
Bu günə təsadüf edən tarixi hadisələri və bayramları diqqətinizə çatdırırıq:
Beynəlxalq Mülki Aviasiya günü
2017-ci ildə aviakompaniyalar 37 milyon reys həyata keçirmiş, 4,1 milyard insan daşımışlar. Bu, rekord göstəricidir. Və bu göstərici aviasiyanın həyatdakı rolunun bariz nümunəsidir. Bu gün dünyada diqqət aviasiyada çalışan zəhmətkeş insanlara yönəldiləcək, eyni zamanda təhlükəsiz uçuşların təmin edilməsi təşviqatı aparılacaq. Pilotlar, stüardessalar diqqət mərkəzində dayanacaq. “Mimino” filmindən tanıdığımız gürcü pilot, “kukuruznik” sürən Vaxtanq Kikabidzeni də xatırlamaq olar. Aviasiya gününün 7 dekabrda keçirilməsinə səbəb isə 1944-cü ilin bu günündə Çikaqoda Beynəlxalq Mülki Aviasiya barədə Konvensiyanın imzalanmasıdır.
Bu günü Azərbaycanda da qeyd edəcəklər. Və məhz bu gün azərbaycanlıların aviasiya başbilənindən – AZAL konserninin prezidentindən bir sula cavab istəməyə haqqı olacaq: niyə dünyada ən bahalı aviabiletlər Azərbaycandadır?
Spitak zəlzələsinin ildönümü
Bu gün üzdəniraq qonşularımız Spitak faciəsinin ildönümünü qeyd edəcəklər. Əlbəttə, biz 1988-ci ilin bu günündəki zəlzələ nəticəsində 25 min insanın ölməsini, düşmən olsalar belə, alqışlamaq fikrində deyilik, bu, insanlığa ziddir, amma bir xatırlamanı da zəruri olaraq qeyd edirik ki, həmin dönəmdə biz insanlıq və humanizm qaydalarına əməl edərək İl-76 təyyarəsi ilə 69 nəfərdən ibarət canlı qüvvə göndərərək onlara yardım etmək istədik, amma onlar bunun müqabilində təyyarəmizi qəzaya uğratdılar, 69 sərnişindən yalnız biri - Babayev Fəxrəddin təsadüf nəticəsində sağ qaldı, 68 nəfər sərnişin və 9 nəfər ekipaj üzvü bu terrorun qurbanı oldu. Qəzanın səbəbləri öyrənilmədən, heç bir ekspertiza aparılmadan təyyarənin qara qutusu məhv edildi. Bu terror aktı o dönəmdə qəza hadisəsi kimi cəmiyyətə sırındı. Erməni mürdarlığının növbəti bariz nümunəsi: Fəxrəddin Babayev İrəvan xəstəxanasına aparılsa da, "ermənilər arasında yaralı türkə yer yoxdur" deyən erməni həkimlər onu müalicə etməkdən boyun qaçırdılar.
Kovent-Qarden teatrı, Lorenso Bernini
Ukraynalıların təşəbbüsü ilə təqvimə salınmış Ümumdünya Ukrayna yaylığı günü. Çox maraqlı gündür. Qıraqlarında xırda gülləri olan ağ yaylıq dünyada gözəlliyin və sülhün simvolu kimi dolaşacaq; Qvatemalada Şeytanın yanması günüdür. Şeytanın müqəvvasını düzəldib yandıraraq şərlə mübarizəyə çağırış edəcək insanlar; Kolumbiyada xırda şamlar günüdür, bu gecə hər bir kolumbiyalı evində xırda şam yandırıb arzu-diləyini ona söyləyəcək. O ki qaldı amerikalılara, mətbəxsevər amerikalılar bu gün Milli şəkər pambığı gününü qeyd edəcəklər.
1991-ci ilin bu günündə Belorusiya, Ukrayna və Rusiya prezidentlərinin görüşündə SSRİ ləğv edilib. 1982-ci ilin bu günündə dünyada ilk dəfə öldürücü dozalı iynə ilə ölüm hökmü icra edilib, Texasda özü də. 1877-ci ildə Tomas Edison qrammofonu nümayiş etdirib. Gənc nəsil bilməz, yumru val adlanan nəsnələr vardı, həmin o qrmmafonun sələfi olan patefonlar o valları səsləndirərdi, musiqi o cür dinlənilərdi bizim uşaqlığımızda; 1870-ci ildə Ukraynanın böyük bəstəkarı, himninin müəllifi Mixail Verbitski dünyadan köçüb. 1863-cü ildə Pyetro Maskanyi – İtaliyanın məşhur opera bəstəkarı, verizm cərəyanının parlaq nümayəndəsi doğulub. 1822-ci ildə dünya elminin ən görkəmli nümayəndələrindən olan fransız kimyaçısı və bioloqu, mikrobiologiyanın banisi Lui Paster dünyaya gəlib. 1732-ci ildə Londonda Kovent-Qarden teatrı açılıb, London kral operası və London kral baleti öz tamaşalarını orada nümayiş etdirib. 1598-ci ildə “memarlıq dahisi”, “Prozerpinanın oğurlanması” şedevrinin yaradıcısı, Roma papasından Cəngavər xaçı almış Lorenso Bernini anadan olub.
Varis “Həftənin təqvimi”
“Ədəbiyyat və incəsənət”
(07.12.2022)
Xalq artisti Rauf Hacıyevin 100 illiyi qeyd olunub
Dünən Heydər Əliyev Sarayında görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Rauf Hacıyevin 100 illiyi münasibətilə “Bu həyat qədər” adlı estrada-caz konserti təşkil olunub. Təbii ki, bu konsert barədə çox yazmışıq, hətta mədəniyyət naziri Anar Kərimovin öz tvitter hesabında hamını bu konsertə dəvət etməsindən də bəhs etmişik.
Bu mübhəm gecədə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, “Qaya” Dövlət Ansamblı, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı nəzdində Estrada-simfonik orkestri, həmçinin tanınmış xalq artistləri və gənc ifaçılar R.Hacıyevin bəstəsi olan mahnılarla çıxış ediblər.
Xatırladaq ki, Prezident İlham Əliyev sənətkarın anadan olmasının 100 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi tərəfindən müvafiq tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq, il ərzində ölkəmizdə və xaricdə müxtəlif tədbirlər və layihələr həyata keçirilib.
Qeyd edək ki, Rauf Hacıyev rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutur. Müxtəlif janrlarda əsərlər, o cümlədən simfoniya, oratoriya və kantatalar meydana gətirən bəstəkara uğurlu səhnə təcəssümü tapmış operettaları xüsusilə geniş şöhrət qazandırıb. R.Hacıyevin milli motivlərlə müasir üslubun vəhdətində yaratdığı vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olaraq, Azərbaycan mahnı janrının inkişafında əhəmiyyətli rol oynayıb. Onun sənətinin yüksək bədii keyfiyyətləri kinofilmlər və teatr tamaşaları üçün bəstələdiyi musiqi lövhələrində də aydın təzahürünü tapıb.
“Ədəbiyyat və incəsənət”
(07.12.2022)
Bu gün bizim qürur günümüzdür!
Tarixdə elə günlər olur ki, bir xalqın qürur rəmzinə çevrilərək min illərlə yaddaşlarda qalır.
1918-ci ilin 7 dekabrında Azərbaycan Demokratik Respublikasının parlamentinin ilk iclası keçirilib. Saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin Nikolayev küçəsində yerləşən keçmiş Qızlar Məktəbinin binasında (hazırda Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı olub. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söyləyib. Əlimərdan bəy Topçubaşov parlamentin sədri, doktor Həsən bəy Ağayev isə sədrin birinci müavini seçiliblər. Paris Sülh Konfransına yola düşmüş Əlimərdan bəy Topçubaşov səfərdə olduğu üçün parlamentin fəaliyyətinə Həsən bəy Ağayev rəhbərlik edib. Parlament yeni hökumətin təşkil olunmasını Fətəli xan Xoyskiyə tapşırıb. O Fətəli xan Xoyskiyə ki, həmin 7 dekabr günündə 43 yaşı tamam olurdu. Nuxada (indiki Şəki) dünyaya göz açan, bütün şüurlu həyatını Azərbaycanın azadlığına, inkişafına və demokratiyasına həsr edən bu böyük insan Məmməd Əmin Rəsulzadənin əsas çiyindaşı və silahdaşı sayılırdı.
İndi bu gündən 104 il əvvələ baxanda insan anlayır ki, tarixdə bizim də xalq olaraq qürurlana biləcəyimiz anlar olub. Amma həmin anları yaşayan o böyük kişilərin heç ağıllarına da gələ bilməzdi ki, 104 ildən sonra bizlər onlara necə qiymət qoyacağıq.
“Ədəbiyyat və incəsənət”
(07.12.2022)