Super User

Super User

Четверг, 15 Декабрь 2022 13:00

Yeni toplu - “Dağın içində nə var?”

 

“Mütərcim” Nəşriyyatı və Kitab Evi müasir türk yazıçısı Aykut Ərtoğrulun “Dağın içində nə var?” adlı hekayələr toplusunu çap edib. Kitab Azərbaycan Yazıçılar Birliyi Tərcümə seksiyasının rəhbəri Kamran Nəzirlinin “Müasir Türk Nəsri” layihəsi çərçivəsində nəşr olunub. Layihənin məsləhətçiləri Bakı Slavyan Universitetinin professoru Telman Vəlixanlı və Azərbaycan Yazıçılar Birliyinin İstanbul təmsilçisi, yazıçı, tərcüməçi İmdat Avşardır. Kitaba toplanmış hekayələri Azərbaycan dilinə Ruslan Abdullayev uyğunlaşdırıb. Nəşriyyat müdiri Rita Müslümovadır. 

 

“Dağın içində nə var?” müəllifin Azərbaycanda çıxan ilk kitabıdır. Kitaba yazıçının son illər yazdığı 15 hekayəsi daxil edilib. Bu ilin yayında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar başda olmaqla yazıçılarımızdan bir qrupu İstanbulda düzənlənən Zeytunburnu Türk Dünyası Beynəlxalq Öykü Festivalında iştirak etmişdir. Festivalda Azərbaycan yazıçılarıyla yanaşı, Türkiyə, İran, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş hekayə ustaları və tərcüməçilər vardı. Festivalın əsas hədəfi qardaşlıq bağlarının gücləndirilməsi, ədəbi əlaqələrin daha da inkişaf etdirilməsi, daha geniş auditoriyalara tanıdılmasıydı. Festival günlərində müxtəlif görüşlər keçirildi, müzakirələr aparıldı, “Çağdaş Azərbaycan Hekayəsi”, “Çağdaş Ədəbi Əlaqələr” və s. mövzularda təqdimatlar oldu. Məhz həmin günlərdə keçirilən bir sıra görüşlərdə ümumi fikir bu oldu ki, ədəbi əlaqələr daha da gücləndirilsin, türk dünyası yazıçıları daha geniş auditoriyaya tanıdılsın, bu məqsədlə sistemli addımlar atılsın. İndi Azərbaycan oxucusuna təqdim edilən kitab da bu addımlardan biridir. Məqsəd Azərbaycan oxucusunu müasir türk nəsri ilə tanış etmək, yeni nəsil postmodern yazıçıları tanıtmaqdır. Belə layihələr qarşılıqlı olacaq və daha geniş coğrafiyanı əhatə edəcək. 

Bizim xalqlarımız yeni nəsil ortaq türk ədəbi nümunələri ilə daha yaxından tanış olmalıdırlar. Bu sahədə çox böyük addımlar atılır. Bu gün ədəbi nümunələrimiz dünyaya Türk Birliyi qapısından daha sürətlə çıxa bilər. Burada məhdudiyyətlər yoxdur, mərkəzləşdirilmiş “rus senzoru” da yoxdur, məsələ yalnız sanballı əsərlərin ortaya qoyulmasındadır. 

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2022)

Четверг, 15 Декабрь 2022 12:00

Nigar Arifin şeirləri Hindistanda

 

“100 poets around the world for love” Hindistanda dərc olunmuş bu antologiyada dünyanın bir çox ölkəsindən 100 şairin şeirləri yer alıb, onların arasında həmyerlimiz, istedadlı şairə Nigar Arif də var. 

Qetd edək ki, iki il əvvəl Nigar da daxil olmaqla bütün bu dərc olunanlar həm də eyniadlı platformada online şəkildə şeirlərini səsləndirmişdilər.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2022)

Четверг, 15 Декабрь 2022 11:30

Varlığından qürur duyduğum alim...

 

Elman Eldaroğlu yazır

 

Elə alimlər var ki, xidmətlərindən xəbərsiz olduğumuzdan, onların haqqında heç bir məlumatımız olmur, sanki kölgədə qalırlar. Bunun da səbəbi yəqin ki, “sehirli güzgüdə” tez-tez görünməməkdir…

 

Deyir ki;- “Dilimiz üzərində çox böyük oyunlar gedir. Bunların içərisində müasir türk dilindən “varvarizm” modeli ilə gələn axını qeyd etmək istəyirəm. Azərbaycan dili türk dilləri içərisində tarixi-mədəni baxımdan ən mükəmməl dillərdən biridir. Onun üzərində cürbəcür eksperimentlərin aparılmasını, xüsusilə son dövrdə baş verən orfoqrafiya oyunlarını qəti qəbul etmirəm. Dilçilərimiz sözlər, şəkilçilər, hərflər üzərində oynayarkən dilimizin sabitliyini pozur, onu özünün təbii-stxial məhvərindən uzaqlaşdırırlar. Tez-tez həyata keçirilən orfoqrafiya “islahatları” hətta ən yaxın nəsillər arasında orfoqrafik sədlər qurur. Dil necə varsa – eləcə də qalmalıdır. Axı biz əlifba islahatlarının faciələrini yaşamış xalqıq.

Burada bir məsələni də unutmaq olmaz. Sanki unuduruq ki, Azərbaycan adlanan xalq yalnız Şimali Azərbaycanda yaşayan azərbaycanlılardan ibarətdir. Cənubi Azərbaycanda yaşayan və özünü günü bu gün də türk adlandıran xalqı sanki unutmuşuq. Ona görə də dil məsələlərində yalnız Şimali Azərbaycanın maraqlarına uyğun hərəkət etməməliyik. Bizim Vahid Azərbaycan Türkcəmiz var və atdığımız addımlar ona görə olmalıdır...”

 Qəlbitəmiz, mərd, ürəyiyumşaq adamdır. Paxıllıq, gözügötürməməzlik ona yaddır. Başqaları haqqında danışarkən, yalnız müsbət xüsusiyyətlərini dilə gətirir. Özünə güvənməyi bacarır. Əzmkar və zəhmətkeşdir. Məhz bu xüsusiyyətlərinin hesabına adi bir kənd uşağından böyük bir alimə çevrilə bilib...

Haqqında söhbət açdığım alim AMEA-nın Folklor İnstitutunda Mifologiya şöbəsinin müdiri Seyfəddin Rzasoydur. O, 1961-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində dünyaya gəlib. Orta təhsilə orada yiyələnib. 1986-cı ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universi bitirərək bir müddət müəllim işləyib. 1996-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasında çalışır. 1997-ci ildə filologiya elmləri namizədi, 2013-cü ildə isə filologiya elmlər doktoru alimlik dərəcələrinə yiyələnib. 2010-cu ildə dosent, 2019-cu ildə isə professor elmi adlarını alıb. Folklor, mifologiya, ritual və ədəbiyyatla bağlı 17 kitabın, 300-ə yaxın elmi məqalənin müəllifidir...

“Dünyada bizim istəyib-istəmədiyimizdən asılı olmayaraq, “qloballaşma” adlanan proses gedir. Vurğulamaq istərdim ki, bu proses ona hansı dairələrin necə yanaşmasından asılı olmayaraq, həm də ilahi-dialektik hadisədir. “Vahiddən yaranan dünya, yenə də sonda vahidə müncər olunacaqdır”. Yəni zorla, ya xoşla, millətlərin, xalqların dillərin, mədəniyyətlərin arasında qovuşma gedir. Kimisi bu prosesdə yalnız iqtisadi maraqların, kimisə milli maraqların dərdini çəkir. Dünya elə bir “oykumen”, yəni evdir ki, biz hamımız bu evin içərisindəyik. Ona görə də evdəki atmosfer eyni zamanda bizə də təsir etməkdədir. Belə hesab edirəm ki, Azərbaycanı “qapamaqla”, biz qlobalaşmanın mənfi təsirlərindən yaxa qurtara bilməyəcəyik. Əksinə, ciddi bir model-proqram çərçivəsində dünyaya açılmaq, qloballaşma prosesinə ağıllı şəkildə qoşulmaq və ondan istifadə etmək lazımdır. Kütləvi informasiya vasitələrinin bu sahədə çox böyük rolu var. Biz radio-televiziyalarda, sosial şəbəkələrdə gedən antimilli təzahürlərə qarşı ictimai müqavimət təşkil etməli, bir xalq kimi gücümüzü göstərməliyik. Bu məsələdə heç kəs yaxasını qırağa çəkməməlidir. Dilimizə, mədəniyyətimizə və bütövlükdə milli kimliyimizə qarşı aramsız hücumlar göz qabağındadır. Birincisi, bunu demək, bəyan etmək, mahiyyətini xalqa izah etmək lazımdır. İkincisi, reallıq deyilən bir fakt var. Ölkədə dilimizə və mədəniyyətimizə yad gözlə baxan çoxsaylı insanlar yaşayır. Etiraf edək ki, bu gün Azərbaycan dilində təhsilin perspektivinə inanmayanlar böyük bir kütləni təşkil edir. Rusdilli təhsilə maraq kütləvi xarakter alıb. Bunun, təbii ki, səbəbləri var. İnsana yaşamaq instinkti xasdır. O, nə yolla olursa-olsun yaşamaq istəyir. Ona xoş həyat ana dilində təmin olunacaqsa, ana dilində oxuyacaq, yox, digər dillərdə olacaqsa, həmin dillərə meyllənəcək. Bu baxımdan, səsimizi qaldırmalı, buna qarşı bir millət olaraq mövqeyimizi ortaya qoymalıyıq. Şəxsi mövqeyimə görə, Azərbaycanda rus dilində dövlət məktəbləri olmamalıdır. Rus dili dövlət məktəbərində xarici dil statusunda tədris edilməlidir. İmperiyanın dili dövlət vəsaiti hesabına öyrədilməməlidir. Lakin ingilis dili ilə bağlı olduğu kimi, rus dilində də xüsusi məktəblərə maneçilik yaradılmamalıdır. Çünki bizə bu dilləri bilən mütəxəssislər də lazımdır.”- söyləyir.

 Onun ən müsbət xüsusiyyətlərindən biri də vicdanlı və dürüst olmasıdır. Davamlı olaraq öyrənməyə, yeniliklər kəşf etməyə həvəslidir. Qürurludur, bu xüsusiyyəti bəlkə də kiməsə eqoist kimi görünür, amma inanın ki, daxilən çox sadə və insanpərvərdir. Yəni ilk növbədə nəzərə çarpan məğrur görkəmi, özünüçəkmək kimi deyil, xarakterik müsbət xüsusiyyət kimi qəbul olunmalıdır...

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva onun haqqında belə düşünür:- “Professor Seyfəddin Rzasoy Azərbaycan folklorşünaslığının sovet metodoloji stereotiplərindən təmizlənməsi, milli folklorşünaslıq elmimizin dünya sosial-antropoloji fikir dövriyyəsinə daxil edilməsi, Oğuz mifoloji düşüncə sistemi və milli kimlik arxetplərinin struktur-semiotik metodla tədqiqi sahəsində xüsusi xidmətləri olan alimdir. O, “Dədə Qorqud” kitabının ritual-mifoloji strukturunun bərpasının, dünya Qorqudşünalığına yeni baxış sisteminin gətirilməsinin, dastanın yeni tapılmış əlyazmasının (“Kitabi-Türkman lisani”) özünün yaratdığı transmediativ metodla araşdırılması, çağdaş milli ictimai şüurda epik-mifoloji düşüncə modellərinin rekonstuksiyası, habelə NİZAMİ yaradıcılığının etnik kimlik və milli düşüncə kodu kimi tədqiqi və b. sahələrdə fundamental əsərlərin müəllifidir!”

İdeal liderdir. Başçılıq etdiyi kollektivdə həm bir insan və həm də bir rəhbər kimi sevilir. O, ruhlandırmaq lazım gələni, öz enerjisi ilə ruhlandırır. Həyatı diqqətlə müşahidə etmək qbiliyyəti var. Öz enerjisini idarə etməyi bacarır. Boş yerə vaxt itirməyi sevmir, bütün işlərdə dəqiqliyi xoşlayır. Kimdənsə minnət götürməyi, kiminsə yanında başıaşağı olmağı, zəif adam təsiri bağışlamağı xoşlamır. Yalan danışmaqdan uzaqdır və eşitdiyi yalanı tez hiss edir, lakin zamanı çatana qədər susur. Bu səbəbdən də onunla səmimi və ehtiyatla davranmaq lazımdır...

Bəli, haqqında danışdığım Seyfəddin Rzasoy öz sahəsində böyük xidmətləri olan tədqiqatçı alimlərdən biridir…

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2022)

Четверг, 15 Декабрь 2022 10:30

Heydər Əliyev Sarayı 50 illiyini qeyd etdi

 

Ötən gün Heydər Əliyev Sarayının fəaliyyətə başlamasından 50 il ötdü. Bu  münasibətlə Heydər Əliyev Sarayının rəhbərliyi və əməkdaşları Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

 

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib və xatirəsi ehtiramla anılıb.

Sonra Şəhidlər xiyabanına gələn Sarayın kollektivi ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi Məşəl” abidə kompleksinin önünə əklil qoyublar.

Qeyd edək ki, Ümummilli Liderin adını daşıyan Heydər Əliyev Sarayı paytaxtımızın memarlıq simasında xüsusi yeri olan möhtəşəm məkan, həm də ölkənin baş səhnəsi, əsas konsert salonudur. İllər boyu ictimai-siyasi, mədəni-kütləvi tədbirlərə ev sahibliyi edən, Azərbaycan xalqının həyatında önəmli hadisələri, tədbirləri səhnəsindən geniş tamaşaçı kütləsinə çatdıran saray bu gün də qaynar həyatını yaşayır.

Sarayın tikintisi məhz Ümummilli Liderimiz Heydər Əliyevin qayğısı nəticəsində reallaşıb. Bu gün öz qurucusunun, Ulu Öndərin adını daşıyan Saray məhz 1972-ci il dekabrın 14-də öz qapılarını tamaşaçıların üzünə açıb. O tarixi gündən uzun illər keçsə də, bu gün Azərbaycan mədəniyyətinin və incəsənətinin nümayiş olunduğu əsas tarixi səhnə məhz Heydər Əliyev Sarayıdır.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2022)

Четверг, 15 Декабрь 2022 10:00

“Şuşa İli” Milli Dram Teatrı üçün əlamətdar olub

 

Bu il Akademik Milli Dram Teatrının yaradıcı həyatı üçün əlamətdar hadisələrlə yadda qalıb. İlk olaraq Vətən müharibəsində qazandığımız tarixi qələbəyə həsr olunan “Zəfər yolu” tamaşasının premyerası maraqla qarşılanıb. Tamaşa Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu sözləri ilin yekunları ilə əlaqədar AzərTAC-ın sorğusuna cavab olaraq teatrın mətbuat katibi Cavid Zeynallı deyib. 

O bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbəyə ərməğan olan bu yeni tamaşanın müəllifi və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir. 

“Akademik Milli Dram Teatrı mayın 5-9-da Türkiyədə keçirilən Qara dəniz ölkələrinin 22-ci Beynəlxalq Teatr Festivalında V.Şekspirin “On ikinci gecə, yaxud hər nə istəsəniz” tamaşası ilə Azərbaycanı təmsil edib və səhnə əsəri böyük uğurla təqdim olunub. Milli Teatr festival təşkilatçılarının və tamaşaçıların xahişi ilə öz səhnə əsərini iki dəfə Trabzon Dövlət Teatrının Haluk Ongan səhnəsində nümayiş etdirib.

İl ərzində teatrda görkəmli sənətkarlar Ağasadıq Gəraybəylinin, İsmayıl Osmanlının, İsmayıl Dağıstanlının yubiley tədbirləri təşkil olunub. Bundan başqa, Akademik Milli Dram Teatrı 4.4 Qısa Tamaşalar Festivalında “Küknarlara məktub” tamaşası ilə iştirak edib”, - deyə Cavid Zeynallı söyləyib. 

O qeyd edib ki, sənət ocağının yaradıcı kollektivi azyaşlı tamaşaçıları da unutmayıb, onlar üçün bir-birindən maraqlı tamaşalar hazırlayıb.

Novruz bayramı günlərində nümayiş olunan səhnə əsərinin quruluşçu rejissoru gənc rejissor Emil Əsgərov olub. 

C.Zeynallı əlavə edib ki, teatrın bu il üçün son premyerası “Xurşidbanu Natəvan” tamaşası olub: “Bildiyiniz kimi, 2022-ci ildə Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə ölkə başçısı tərəfindən Sərəncam imzalanıb. Teatrımız “Şuşa İli” və Natəvanın yubileyi münasibətilə bu tamaşanı teatrsevərlərə təqdim edib. Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında səhnəyə qoyulan eyniadlı yeni yaradıcılıq işi dövlət sifarişi ilə hazırlanıb. Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Dilbər İsmayılovadır. Akademik Milli Dram Teatrı növbəti ildə də yeni-yeni səhnə əsərləri ilə öz tamaşaçılarını sevindirəcək”.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2022)

Четверг, 15 Декабрь 2022 20:00

Sərxan Sərxan yaradıcılıq gecəsinə hazırlaşır

 

Dekabrın 21-də Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Sərxan Sərxanın yaradıcılıq gecəsi təşkil olunacaq. 

 

Gecədə müğənni sevilən lirik kompozisiyaları ilə yanaşı repertuarındakı retro və müəllif mahnılarını, eləcə də Azərbaycanın korifey sənətkarlarının əsərlərindən olan ifaları ilə tamaşaçıların qarşısına çıxacaq. 

Qeyd edək ki, musiqidə özünəməxsus dəst-xəti olan Sərxan Sərxan Moskva Konservatoriyası nəzdində musiqi məktəbinin qitara sinfini, həmçinin Qnesinlər adına Musiqi məktəbini vokal üzrə bitirib. Moskva və Azərbaycan Filarmoniyalarında çalışıb, eləcə də bir neçə filmə çəkilib. Həm Azərbaycan, həm də rus dillərində mahnılar təqdim edən müğənninin “Ay gecikən məhəbbətim”, həmçinin “Yalqızam, yalqız”, “Sevgilim” və digər mahnıları dinləyicilər tərəfindən sevilir.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2022)

Четверг, 15 Декабрь 2022 14:30

“Mən bir şeirin doğulmamış sözü…”

Portalımızın Poetik qiraət rubrikasında sizə Aysel Xanlarqizinın “Niyə gəldin 40 yaş…” şeirini təqdim edirik. 

Doğum günü insan niyə kədərlənir? Yaş üstə yaş gəldikcə ömür karvanından gedən yük çoxalır, qalan yük azalır, deyilmi? 

 

Mən 5

hərfdən ibarət 

özüm kimi,

işığı zəif 

bir ad ,

Bu dünyaya doğulan

mənasız bir inad...

Ömürə sınıq 

nərdivan dirəyən,

Gözlərində ölüb

ürəyində doğulan,

özündən küsəyən...

Mən atamın qızı ,

bir şeirin doğulmamış sözü ,

anamın duası ,

qızımın bitib tükənməyən 

ehtiyacı, arzusu ,

Oğlumun anası ,

Kiminsə 

Vəfasızı,

tamamlanmayan

yarımçıq bir 

ailə tablosu...

Əslində kimsəyə 

lazım olmayan,

40 illik 

Səbr kasası boşalmayan.

Bir ürəkdə 

yorulan həsrət nəğməsi, 

tənhalıgın 

tükürpədici səsi,

bir sevgi 

naləsi.

Mən birinin 

ürəyinə köç etmiş ,

nə zamansa 

kimdənsə küsüb getmiş .

Həyatda olduğum üçün 

günahkaram ,

bilirəm,

Üzgünəm, 

Mən 

niyə varam ,

bilmirəm.

Niyə gəldin

40 yaş?!

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2022)

 

“Astana Opera” teatrından gözəl bir qala-konsertin baş tutub. Bəli, xəbər verdiyimiz kimi, Qazaxıstanın “Astana Opera” teatrı 140 nəfərlik heyətlə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında qala-konsert proqramı ilə çıxış edib.

İndi isə təfərrüatı. 

 

Qazaxıstanın Əməkdar artisti Ruslan Baymurzinin dirijorluğu ilə sənətçilər Qazaxıstan və Qərbi Avropa bəstəkarlarının əsərlərini səsləndiriblər. 

Konsertdən əvvəl jurnalistlərə müsahibə verən Ruslan Baymurzin “Astana Opera” teatrının Bakıya ilk dəfə gəldiyini söyləyib. “Qazaxıstan bəstəkarlarının əsərləri Azərbaycan torpağında ilk dəfədir səslənir. Proqrama, həmçinin Avropa və Rusiya bəstəkarlarının musiqisi daxil edilib. Dinləyicilər qazaxların dombra milli musiqi alətini dinləmək imkanı da qazanacaq”.

Azərbaycan klassik musiqisinə münasibət bildirən dirijor deyib: “İllər öncə vətənimdə Fikrət Əmirovun simfonik əsərlərini səsləndirmişdim. Fikrət Əmirovun musiqisi çox koloritlidir və olduqca yüksək səviyyədə yazılıb. Simfonik orkestr üçün yazılmış musiqi ifaçıya ünvanlanan bir çağırışdır. Bəstəkar hər bir alətə qarşı həssas olanda orkestr belə musiqini böyük şövqlə ifa edir”.

Azərbaycan və Qazaxıstan arasında mədəni əlaqələrə toxunan dirijor bildirib ki, bu yaxınlarda azərbaycanlı messo-soprano Səbinə Əsədova Qazaxıstanda olub və onunla birgə çıxış edib. 

Sonra konsert proqramı təqdim olunub. Qazaxıstanın əməkdar artistləri Azamat Jeltırquzov, Jupar Qabdullina, Saltanat Axmetova, Bibigul Januzak, Medet Çotabayev, həmçinin Saltanat Muratbekova, Sayan Isin, Talqat Qaleyev, Şınqıs Rasılxan, Guldana Aldadosova solo nömrələr və duetlərlə çıxış ediblər.

Klassik musiqi həvəskarları Mukan Tulebayevin “Birjan-Sara” operasından deyişmələri, Axmet Jubanovun “Abay” operasından Aydarın ariyasını, Vinçenzo Bellininin “Puritanlar” operasından Elviranın ariyasını və digər əsərləri dinləyiblər.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2022)

Четверг, 15 Декабрь 2022 08:30

Əhməd Cavadın 130 illiyi Antalyada qeyd edilib

 

Türkiyənin Antalya şəhərində Azərbaycanın və türk dünyasının görkəmli şairi, Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mediaya açıqlamasında deyilir.  AZƏRTAC-a bildiriblər ki, Antalya Azərbaycan Kültür və Həmrəylik Dərnəyi və Antalya Türk Ocaqlarının birgə təşkilatçılığı ilə baş tutan tədbir iki qardaş ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Antalya Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin sədri Ceyran Səttarova və Antalya Türk Ocaqlarının sədri Abdullah Uysal qonaqları salamlayıblar. Onun əsərlərinin təkcə Azərbaycanda deyil, türk dünyasında da çox sevildiyi, “Çırpınırdın, Qara dəniz” şeirinin Türkiyədə ən çox “Yol ver türkün bayrağına” adı ilə məşhur olduğu nəzərə çatdırılıb. Bu şeirə dahi bəstəkar Üzeyir Hacıbəylinin bəstələdiyi musiqini Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün çox sevdiyi, ilk dəfə dinləyərkən gözlərinin yaşardığı vurğulanıb.

Sonra şairin ömür yoluna həsr olunmuş sənədli film göstərilib.

Tədbirdə məruzəçi qismində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Quliyeva və BDU Elmi Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Nigar İsmayılova repressiya qurbanı olmuş şairin həyatı və yaradıcılığı barədə ətraflı məlumat veriblər. Onun şeirlərində və məqalələrində dövrün aktual məsələlərini işıqlandırdığına, türk xalqına məhəbbət hissini tərənnüm etdiyinə diqqət cəlb edilib.

Tədbirin bədii hissəsində Antalya Azərbaycan Kültür və Həmrəylik Dərnəyi və Antalya Türk Ocaqlarının üzvləri Əhməd Cavadın şeirlərini səsləndiriblər.

Sonda tədbir iştirakçılarına xatirə hədiyyələri və təşəkkürnamələr təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2022)

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Dövlət İmtahan Mərkəzinin rəhbər şəxsləri arasında görüş keçirilib. Görüşdə mədəniyyət naziri Anar Kərimov, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, DİM-in Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov, eləcə də nazirliyin və DİM-in müvafiq struktur bölmələrinin rəhbər şəxsləri iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Anlaşma Memorandumunun imzalanmasının əsas məqsədi sözügedən məktəb və mərkəzlərə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu üzrə müsabiqələrin test imtahanlarının şəffaflığını təmin etmək, sahə üzrə uğurlu beynəlxalq təcrübəni ölkə kontekstinə uyğun olaraq tətbiq etmək, peşəkar kadr bazasının formalaşmasına və sahə üzrə səriştəli şəxslərin pedaqoji fəaliyyətə cəlb olunmasına töhfə verməkdir.

 

Sonda isə Nazirlik tərəfindən DİM-in kitabxanasına Şuşanın və Azərbaycanın tarixini əks etdirən kitablar hədiyyə olunub.

 

Xatırladaq ki, görüşdən əvvəl iştirakçılar DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzey və qəbul imtahanları ilə bağlı ölkə üzrə statistik məlumatları əks etdirən Azərbaycan Respublikasının elektron xəritəsi ilə də tanış olublar.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.