Super User
Şuşa ilə bağlı sənədli filmlər
Şuşa Dövlət Musiqili Dram Teatrında “Şuşa İli” müsabiqəsi çərçivəsində "Şuşanın virtual təbliği" layihəsi həyata keçirilib.
Layİhə üzrə musiqişünas Firidun Şuşinskinin “Şuşa” kitabı əsasında "Söhbət Şuşadan gedir", “Bülbülün ev muzeyi” və “Duyğuların palitrası” adlı sənədli filmləri çəkilib.
Həmçinin shushainfo.com saytı yaradılaraq, istifadəyə verilib. Saytda Şuşa şəhərinin tarixi və tarixi-mədəniyyət abidələri, eksponatları, eləcə də Şuşa şəhərində yazıb-yaratmış tarixi şəxsiyyətlər, erməni quldurlarının işğal dövründə şəhərdə yaşayış və qeyri-yaşayış binalarına, həmçinin təbiətinə vurduğu ziyan, Azərbaycanın mədəniyyət paytaxtının iqtisadiyyatı, statistikası, işğaldan azad olunandan sonra şəhərin bərpası istiqamətində görülmüş işlər haqqında məlumatlar yerləşdirilib.
Sənədli filmlərin rejissoru Vüqar Əlisoy, saytın yaradıcısı isə Xaqan Məhərrəmovdur.
“Ədəbiyyat və incəsənət”
(16.12.2022)
UNESCO sessiyasında Mədəniyyət Nazirliyinin qurumu təmsil olunur
15 dekabr 2022-ci il tarixində UNESCO-nun Baş qərargahında UNESCO-nun Silahlı münaqişə zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinin 17-ci Sessiyası öz işinə başlayıb.
Azərbaycan sessiyada ölkəmizin UNESCO yanında Daimi Nümayəndəliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbərliyi səviyyəsində təmsil olunur.
Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin açıqlamasında bildirilir ki, sessiyanın açılış günündə Komitənin bürosunun formalaşdırılması məsələsi müzakirə edilmişdir. Yekdilliklə qəbul edilmiş qərara əsasən, Azərbaycan Komitənin sədr müavini vəzifəsinə seçilib.
2 gün davam edəcək Sessiya zamanı Katibliyin mədəni irsin qorunması istiqamətində gördüyü işlərin hesabatı dinləniləcək, 1954-cü il Haaqa Konvensiyası və onun 2 Protokolunun UNESCO-nun digər Konvensiyaları ilə sinerjisi, Konvensiyanın həyata keçirilməsi ilə bağlı resursların səfərbər edilməsi və digər bir sıra mühüm məsələlər müzakirə olunacaq.
“Ədəbiyyat və incəsənət”
(16.12.2022)
“Azərkitab” fəaliyyətini genişləndirir
Ölkənin ən stajlı kitab yayını mərkəzi - “Azərkitab” öz fəaliyyətini genişləndirməkdədir. Hazırda bir çox yazıçı və şairlər öz yeni kitablarını redaktorsuz nəşr etdirirlər. Ən yaxşı halda redaktor təsisatı formal xarakter daşıyır. Hətta redaktorla korrektora fərq
belə qoyulmur.
Halbuki, bədii əsərin keyfiyyəti bilavasitə peşəkar redaktor faktorundan asılıdır. Ona görə də kitablar satılmır, oxucu qəlbinə yol tapa bilmir.
Bu problemin çözülməsi üçün ölkənin ən qocaman kitab mərkəzi - “Azərkitab” kitab təbliğatı Mərkəzi köklü tədbirlər həyata keçirir. Bunlardan biri yeni fəaliyyətə başlamış “Azərkitab” yayınları vasitəsi ilə “Renessans” layihəsinin həyata keçirilməsidir. Layihə çərçivəsində yayın evi yazarların kitablarını ən yaxşı redaktorların və korrektorların hesabına oxucuların sevimlisinə çevirməkdə iddialıdır, yüksək satış faizi təmin etməkdə də həmçinin.
Unutmayın, təkcə istedad bestseller yazmağa kifayət etmir!
“Azərkitab” kitab təbliğatı mərkəzinin “Azərkitab” yayınları, “Renessans” qrupu Bakı, Atatürk prospekti, Kral Hüseyn küçəsi, 64 A/1. (“Zivella” mebel evinin arxası) ünvanında fəaliyyət göstərir. Əlaqə nömrəsi: +994 51 3047525.
Peşəkar kitabçılar yazarları əçəkdaşlığa dəvət edirlər.
Hazırda “Azərkitab” yayınlarında yazıçı Varisin yeni “Qızıl cib saatı” romanı çapa hazırlanır. Eyni zamanda yazıçının ölkədə ən çox satılan “Sonuncu ölən ümidlərdir” romanı da yeni redaktədə çapa hazırlanır.
Yayın evi oxuculara digər xoş sürprizlər də hazırlayır.
“Ədəbiyyat və incəsənət” (16.12.2022)
Amerikalı rejissora ərə gedən xoşbəxt azərbaycanlı aktrisa
Ən çox oxunan: 79-cu "Venesiya Film Festivalı" çərçivəsində təqdim edilən "Banu" filminin rejissoru eyni zamanda baş rolda çəkilən azərbaycanlı aktrisa Təhminə Rafaella həyat yoldaşı amerikalı kinorejissor 173-cü hava-desant briqadasının döyüş qrupunun keçmiş paraşütçüsü Henri Hugeslə Las-Veqasa yollanıblar.
“Ədəbiyyat və incəsənət” bizim.media-ya istinadən xəbər verir ki, Təhminə şou qızları, həyat yoldaşı isə kovboy tərzində obyektiv qarşısına keçib.
Fotolarda aşiqlər romantik və eşq dolu səmimi pozları ilə diqqət çəkiblər. Aktrisa rejissor həyat yoldaşı ilə lentə alınan şəkilləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, T.Rafaella ilə H.Hugesin oktyabrda Bakıda toyları olub.
“Ədəbiyyat və incəsənət”
(16.12.2022)
Bu gün Bakıda “Özünüzü evdəki kimi hiss edin” adlı qrup sərgisi açılacaq
Bu gün İçərişəhər, Ta(r)dino 6 Art Platform məkanında Azərbaycan və Almaniya qadın rəssamları olan Tora Ağabəyova, Şahnaz Ağayeva, İrina Eldarova, Rita Qayssler, Miryam Kroker, Hanna Lanqe, Leyla Rzayeva, Şəlalə Salamzadə, Lisa Völfelin "Özünüzü evdəki kimi hiss edin" adlı qrup sərgisi açılacaq.
Sərgidə nümayiş edilən əsərlər vasitəsilə rəssamlar ziyarətçilərlə ev və qonaqpərvərlik haqqında öz anlayışlarını bölüşəcəklər. Təqdim olunan əsərlərin çoxu Azərbaycan və Almaniya rəssamlarının bu ilin sentyabr ayında başlayan “Məclisi-Ünsi” adlı layihəsinin əməkdaşlığının nəticəsidir. Bu proqram Ta(r)dino 6 İncəsənət Platforması tərəfindən Kultur Aktiv ilə birgə təşkil olunur və Almaniya Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilir.
Məlumat üçün bildirək ki, "Məclisi-Üns” layihəsinin birinci mərhələsində Almaniyada iki həftəlik rezidensiya çərçivəsində 9 Azərbaycanlı qadın rəssam Berlin, Drezden və Leypsiq şəhərlərində alman həmkarları rəssamlar, kuratorlar və müxtəlif mədəniyyət müəssisələri ilə peşəkar əlaqələr qurmaq imkanı əldə ediblər. Proqram Drezdendə keçirilən konfrans və Xurşidbanu Natəvana həsr olunmuş "Məclisi-Üns” adlı sərgi ilə yekunlaşıb.
İkinci və tamamlayıcı mərhələ çərçivəsində isə bir qrup alman rəssamı “Özünüzü evdəki kimi hiss edin” qrup sərgisinin açılışı üçün Bakıda səfərdə olacaqlar. Girişi sərbəst olan sərgi 2023-cü il yanvarın 14-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(16.12.2022)
“Əhməd Bakıxanov-130” virtual sərgisi fəaliyyətdədir
Bu il Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, ustad tarzən və mahir pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun anadan olmasının 130 ili tamam olur. Bununla əlaqədar Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Əhməd Bakıxanov-130” adlı virtual sərgi hazırlanıb.
Milli Kitabxananın məlumatına görə, virtual sərgidə fotolar, Əhməd Bakıxanovun müəllifi olduğu əsərlər, eləcə də onun haqqında yazılmış kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Ehmed_Bakixanov_130/index.htm linkindən istifadə edə bilərlər.
Qeyd edək ki, Əhməd Bakıxanov daim axtarışlarla dolu geniş və çoxşaxəli yaradıcılığı ilə Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr verib. Muğam aləminin mükəmməl bilicisi olan və tar ifaçılığının sirlərinə dərindən yiyələnən, yüksək istedada malik sənətkar xalqımızın bu misilsiz mədəni-mənəvi irsini bütün fəaliyyəti boyu klassik ənənələrə sədaqətlə qoruyub yaşadıb. Onun ifa etdiyi muğamlar, eləcə də bəstələdiyi mahnı, rəng və təsniflər parlaq sənət nümunələri kimi musiqimizin qızıl fondunda özünəməxsus layiqli yer tutur. Əhməd Bakıxanovun təşkilatçısı və uzun illər ərzində rəhbəri olduğu xalq çalğı alətləri ansamblı zəngin repertuarı ilə seçilmiş və ölkənin mədəni həyatında yaxından iştirak edib. Musiqi salnaməmizə mühüm səhifələr yazmış tar ifaçılarının bütöv bir nəsli məhz Əhməd Bakıxanovun yetirmələridir.
“Ədəbiyyat və incəsənət”
(16.12.2022)
“Qızıl Alma və Böyük Turan” türk dünyası rəssamlarını birləşdirəcək
2023-cü ilin aprel ayında Bakıda möhtəşəm bir layihənin təqdimatını keçirəcəyik. Yeni layihəmizin ilkin örnək əsərləri artıq hazırdır.
Bu sözləri mediaya açıqlamasında layihənin kuratoru və ideya müəllifi Qalib Qasımov deyib.
Onun sözlərinə görə, türk dünyası rəssamlarını birləşdirəcək bu möhtəşəm layihə “Qızıl Alma - Böyük Turan” adlanır.
Eyniadlı sərgi “Qızıl Alma” və “Böyük Turan” ideyaları və fəlsəfəsini əks etdirən yeni rəsm əsərlərinin yaradılması məqsədilə təşkil olunacaq.
“Ədəbiyyat və incəsənət”
(16.12.2022)
Yunus Oğuz Sənaye və Texnologiya Kollecində
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki Sənaye və Texnologiya Kollecində yazıçı-publisist Yunus Oğuzun "Cığır" tarixi romanının təqdimatı keçirilib. Tədbirdə Sənaye və Texnologiya Kollecinin tələbə və müəllim heyəti iştirak edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbiri açan Sənaye və Texnologiya Kollecinin direktoru Faiq Şahbazlı Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş, içərisində 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilən tarixi roman haqqında məlumat verib. F.Şahbazlı Yunus Oğuzun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdikdən sonra Kollecin Dillər kafedrasının müdiri Gülnar Ələkbərova, Dillər kafedrasının müəllimi Mərdan Camalov, metodist Ceyran Bayramova, Humanitar kafedrasının müdiri Vüsalə Əbdurrəhimova, şöbə müdiri Ramal İlhamlı , Azərbaycan dili kafedrasının müəlliməsi Aynur Rzaquluyeva, metodika kabinetinin müdiri Xəlil Bağırov, Təlim tərbiyə üzrə müavin Pərvanə İsmayılova "Cığır" tarixi romanı haqqında fikirlərini səsləndiriblər. Tədbirdə yazıçı-publisist Yunus Oğuz iştirakçıların suallarını cavablandırıb, onlara yazıçının "Cığır" romanı hədiyyə edilib. Sonda xatirə şəkli çəkdirilib.
“Ədəbiyyat və incəsənət”
(16.12.2022)
Azərbaycanın güneyində yaşayan qadın və yazarların hekayələri toplusu çıxıb
Ali Aslani, “Divarlardan qopan səslər” - müəllifin portalımıza verdiyi məlumata görə bu kitab Türkiyədə, Azərbaycan türkcəsində və latın əlifbası ilə nəşr edilmişdir.
Kitab Azərbaycanın güneyində qadın yazarlarının hekayələri toplusudur.
Kitabı aşağıdakı linkdən əldə edə bilərsiniz
https://qobustan.com/urun/duvarlardan-qopan-s%c9%99sl%c9%99r/
“Ədəbiyyat və incəsənət”
(16.12.2022)
Xalq sənət adamlarına borcludurmu?
Şəmil SADİQ yazır
Yazıçının, sənət adamının acınacaqlı durumu, çətinliklərlə üzləşməsi, sosial durumunun aşağı olması ilə bağlı cəmiyyət tez-tez qınanır. Ən çox istifadə edilən ifadə, “Bu boyda yazıçı, bu böyüklükdə sənətkar niyə yaxşı yaşamamalıdır?” – olur. Gəlin belə bir sual qoyaq: Hansısa yazıçı, rəssam, yaxud bəstəkarın həyat şərtlərinin çətin olmasında xalq günahkardırmı?
Axı biz yekdilliklə kapitalizmə səs vermiş, bu yaşamı seçmişik. Deməli, hamı bacardığı qədər çalışmalı, qarşılığında da yaşayış şərtlərini yaxşılaşdırmalıdır. Daha bir sual, “Məgər yazıçı, şair, rəssam, bəstəkar və başqa sənət adamları hansısa daş daşıyan fəhlədən artıqdır?” – sualıdır. İlk olaraq deyim ki, xeyr, hər ikisi insandır, hər ikisinin də normal şərtlərlə yaşamağa haqqı çatır. Bəs onda niyə ayrıseçkilik edib isti sobanın kənarında oturub yazan, zövqünə uyğun mahnı bəstələyən, ürəyindən keçən, könlü istəyən tablonu çəkən şəxslə isti-soyuq demədən ailəsini dolandırmaq üçün canını dişinə tutub gecə-gündüz çalışan şəxs arasında fərq qoymalıyıq? “Hamı haqqı olan həyatı yaşayır” – deyirlər. Məgər əli qabarlı fəhlənin rahat həyata haqqı çatmır?!
Gedişata hərə öz pəncərəsindən baxır, özünü haqlı bilir. Heç kimdən xalq, millət xahiş etmir ki, sən yazıçı ol, şair ol, rəssam ol... Hərə öz yolunu özü seçir, yaxud bacarığına görə o yolu tutur. Alınmayanda da başlayır xalqı, milləti günahlandırmağa ki, sizin üçün çalışıram, sizsə mənə dəyər vermirsiniz. O zaman sual yaranır: Niyə bütün peşə sahibləri bu cür yanaşmasın? Məgər müəllim, həkim, polis, traktorçu, əkinçi xalq üçün çalışmırmı? Şəxsən, hansısa rəssama, yazıçıya, şairə, bəstəkara, jurnalistə dövlət hesabına maddi dəstək göstərilməsini anlamır və düzgün hesab etmirəm. Axı niyə?! Əkinçi əkib-biçməsə, ac qalmarıqmı? Müəllim insan yetişdirməsə, gələcək kor olmazmı? Hələ yanğınsöndürən özünü oda atmasa...
Şair, yazıçı olanda nə olasıdır?... Sənət peşədən daha çox könül işi, mənəvi qidadır – yaradan üçün də, istifadə edən üçün də. Sənin yaratdığından istifadə edənlər qarşılığını vermirlərsə, bu da sənə sərf etmirsə, dəyərini almırsansa, yazı-pozunun, yaradıcılığın daşını at, get, başqa işlə məşğul ol. Yox, sənə belə xoşdursa, xoş sözlərlə mənəvi qarnını doldurmaq kifayət edirsə, heç kimi günahlandırmağa haqqın yoxdur. Bundan istifadə edib, “Sənət adamları acından ölür. Onlara dəstək olaq” – deyənlərinsə heç haqqı yoxdur. Hərə özünə çarə qılmağı bacarmalıdır. Necə? Gəlin deyim...
Doğulduğumuzdan bu günə qədər mübarizəyə yönləndirilmişik. Bəzilərimiz elə böyüdülürük ki, dünyanı dərk etmir, utopik və romantik şəkildə formalaşır, bu əzablı dünyanın gərdişindən baş aça bilmir, güclülərin əlində əzilirik. Burada hansısa sənət və ya peşə adamı fərqi yoxdur, bütün insanlıq belədir. Əgər cəmiyyət formalaşdıranda çevik zəkanı, məntiqi, dünyagörüşünü düzgün aşılaya bilsək, insanlıq bu problemləri yaşamaz. Bu isə təhsildən keçir, təhsilli insan bilir ki, kitab oxumaq, filmə baxmaq, teatra getmək, sərgilərdə iştirak etmək vacibdir. O zaman kitab alanın da sayı çox olacaq, dəyərli sözə, sənətə qiymət də veriləcək. Bu da, “Yaxşı söz, yaxşı əsər yaxşı qiymətə satılacaq” – deməkdir. Yaxşı, bəs bu mümkündürmü? Bəli, mümkündür. Bunun üçün dövlət siyasətinin əsas xəttini maarifçilik təşkil etməlidir. İnsan kapitalına ciddi sərmayə ayrılmalı və bu vəsait düzgün xərclənməlidir ki, istədiyimiz cəmiyyəti formalaşdıra bilək. Yoxsa bir nəfər yaxşı roman yazsın, yaxud möhtəşəm tablo işləsin, ondan sonra da bütün fəaliyyətsizliyinə, əməllərinə rəğmən dövlət qayğısı ilə əhatələnsin, kef çəksin. Belə olmaz...
Mən də söz adamıyam. Yazıram, yaradıram, həm öz zövqüm üçün, həm də kimlərisə maarifləndirmək, bilgiləndirmək üçün. Bu lazımdırmı? Əlbəttə, lazımdır. Bunu mənə kimsə tapşırıbmı? Əlbəttə, yox. Buna görə mənə təşəkkür etməlidirlərmi? Qətiyyən. Heç kimin belə öhdəliyi yoxdur. Cəmiyyətin formalaşması üçün söz adamına da, sənət adamına da çox böyük ehtiyac var, həmişə də olacaq. Yenə qeyd edirəm, bu vacib əməl sahiblərini tərifləyib adını Aladağa çıxarmaq cəmiyyətə düşsə də, heç kim onu boynuna alıb daşımağa məcbur edilə bilməz. Çünki dünya elə dünyadır ki, hamını öz canını, ailəsini saxlamaq, qorumaq üçün qarışqa kimi işləməyə sövq edir. Heç kimin heç kimə borcu yoxdur. “Mən xalqım üçün çalışıram” – deyənlərin əksəriyyəti səmimi deyil. Hamı birinci növbədə özü üçün çalışır. Lap istəyir, belə peyğəmbər olsun. Nənəm həmişə deyərdi ki, peyğəmbərlər də odu birinci öz qabağına çəkib. Ən əsası, özün üçün çalışanda xalqa, millətə də faydalı ola bilirsənsə, deməli adamlıqdan insanlığa doğru addım atmağı bacarmısan.
Vəssalam!
“Ədəbiyyat və incəsənət”
(16.12.2022)