Super User

Super User

Суббота, 17 Декабрь 2022 14:30

“Milli klassika” festivalının yekunları - orijinal final

 

“Milli klassika” festivalı başa çatıb. Bağlanış mərasimi Azərbaycan Teatr Xadimləri İttifaqının binasında keçirilib.

Gecənin aparıcısı Xalq artisti Hacı İsmayılov iştirakçıları təbrik edib. Belə ki, münsiflər heyəti rəqabəti aradan qaldırmaq üçün festivalda iştirak edən bütün teatrları xüsusi diplomlarla mükafatlandırıb.

 

Festival çərçivəsində 11 teatr və 1 təhsil ocağı 13 tamaşa göstərib. Xalq yazıçısı Kamal Abdullanın "Casus" pyesi əsasında rejissor Anar Babalının quruluş verdiyi eyniadlı tamaşa Lənkəran Dövlət Dram Teatrın aktyorları tərəfindən festival çərçivəsində müsabiqədənkənar oynanılıb.

Qeyd edək ki, dekabrın 11-dən başlayan festival ittifaqın 125 illiyinə həsr olunub. Məqsəd yaradıcılıq prosesinə dəstək olmaq, teatrların mübadiləsini təmin etmək və klassik səhnə nümunələrinə geniş meydan açmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(17.12.2022)

 

Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında 27 gündür yoxlama aparır. Kukla Teatrında yoxlamanın bu qədər uzanması artıq narahatlıq yaradıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Bizim.Media-ya danışan teatrın mətbuat katibi Həmidə Rüstəmovanın sözlərinə görə, yoxlama ilə bağlı prosesin nə vaxt yekunlaşacağı barədə məlumatlı deyillər:

“Yoxlama davam edir. Bitməsi və ya hansısa məsələyə görə uzadılması barədə əlavə əmr yoxdur. Təəssüfedici məqam odur ki, yoxlama ilə bağlı əmrin içərisində müddət qeyd olunmamışdı və bu qədər uzanmasını da təsəvvür etmirdik. Yoxlamanın uzanması müəyyən mənada da işimizə əngəl törədir. Amma biz də gözləyirik”.

 

Teatrdan adının açıqlanmasını istəməyən əməkdaşın mediaya sızdırdığı məlumata görə, Mədəniyyət Nazirliyinin məsul şəxslərinin məqsədi teatrın direktoru Rəşad Əhmədzadəni tutduğu vəzifədən uzaqlaşdırmaqdır. Bütün bu məsələləri bulandıran da nazirlikdə teatr sektorunun müdiri Könül Cəfərovadır. Onun başqa teatrlarla da insidentləri var. Lənkəran Teatrından Tofiq müəllimi, Qax Kukla Teatrından Seymur Vəliyevi də uzaqlaşdırmaq istəyir. Nazirə yanlış məlumatlar verir, teatrların kollektivlərinin adından anonim məktublar təşkil elətdirir.

Bizim teatr haqqında da yanlış rəyi o yaradıb. Rəşad müəllim sözünü deyən, istedadlı adam olduğu üçün Könül xanıma tabe olmayıb, bu da onun xoşuna gəlməyib. Elə bir şərait yaradır ki, teatrlarda ancaq öz adamlarını yerləşdirsin. Amma bu belə getməz, nazir Anar Kərimov həqiqətləri bilməlidir”.

Amma bizim fikrimizsə, heç bir anonim fikir mediaya sızmamalıdır. İnsan öz adını gizlədirsə, demək, dediklərində həqiqət yükü sıfır dərəcəsindədir. 

Qeyd edək ki, Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yoxlamaya noyabrın 21-də başlayıb. 

Biz qarşı tərəfin də mövqeyini dərc edəcəyik. 

 

“Ədəbiyyat və incəsənət”

(17.12.2022)

Суббота, 17 Декабрь 2022 12:00

Bu gün “Leyli və Məcnun” tamaşası nümayiş olunacaq

 

Bu gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Marionet Teatrında “Leyli və Məcnun” tamaşası növbəti dəfə nümayiş olunacaq.

 

Tamaşanın quruluşçu rejissoru və rəssamı Tərlan Qorçu, musiqi aranjemançısı Salman Qəmbərov, kukla ustası Tengiz Xalvaşı, işıq işləri üzrə rəssam Azər Muxtarov, səhnə qurğularının müəllifi İlkin Mirzəyevdir.

Səhnə quruluşunda marionet kuklaları aktyorlar Fərizə Babayeva, Əli Allahverdiyev, Aysel Bədəlova, Tatiana Terentyeva, Nazim Hüseynov, Nəsrin Vüsal və Hikmət Aydınoğlu idarə edir.

Tamaşa ürkək, vəfalı və dünyalara sığmayan bir eşqin taleyindən bəhs edir. İki gənc Leyli və Məcnun bir-birini canından artıq sevsələr də, bu dünyada arzularına qovuşmaq onlara nəsib olmur. Klassik Avropa ədəbiyyatının Tristan və İzolda, Romeo və Cülyetta kimi obrazlarının Leyli və Məcnun ilə birbaşa analogiyası da diqqət çəkir.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(17.12.2022)

 

Memarlıq abidələrinin qorunub saxlanılması və istifadəsi arxeoloji abidələrdən fərqli olaraq, fiziki və özünəməxsusluğunun qorunması ilə yanaşı, həm də ona məxsus ətraf mühit ruhunda qorunub saxlanılmalıdır. Bu, olduqca çətin məsələdir və həll olunmadığı halda açıq səma altında muzey eksponatına çevrilir. Bu məsələnin həlli yaşayış məkanlarının qorunması və zamanımızda mövcud olması üçün olduqca önəmlidir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu sözləri AzərTAC-a açıqlamasında  Azərbaycan Memarlar İttifaqının üzvü Rizvan Bayramov Daşkənddə keçirilən MDB-nin iştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının XV Forumu çərçivəsində “MDB-nin ən son mədəni kodu: əməkdaşlığın inkişafı vektorları” adlı panel iclasda Azərbaycanda memarlıq abidələrinin qorunması ilə bağlı təqdimatında deyib.

“Mədəni sərvətlər, o cümlədən memarlıq və arxeoloji abidələr əsrlər boyu mövcud olmuş və bizə miras qalmışdır. Onları qorumaq və gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur”, - deyən memar bildirib ki, abidələrin qorunub saxlanması ilə onlara yeni həyatın verilməsi daima gündəmdə duran məsələdir. “Abidələrdən istifadə edərkən biz onlara ziyan vurmamalıyıq, onların özünəməxsusluğunu qorumalıyıq. Bu halda mədəni sərvət ona məxsus olan ətraf mühitlə birlikdə qorunmalıdır”, - deyə Rizvan Bayramov vurğulayıb.

Aşkar olunan arxeoloji abidələr barədə danışan R.Bayramov bildirib ki, həmin abidələr tədqiq olunur, onların açıq saxlanması və insanlara dəyərinin çatdırılması üçün nümayış obyektlərinə çevrilərək istifadə olunur. Bu halda onlar açıq havada qalaraq, təbiətin yaratdığı şıltaqlıqlardan (yağış, qar, külək, şaxta və s.) qorunmalıdır. Bəzi hallarda abidənin üzəri irihəcmli yüngül konstruksiyalar ilə qapanaraq böyük tarixi-mədəni məkan yaradılır: “Arxeoloji abidələrin üzərində ziyarətçilər üçün keçidlərin yaradıldığı halda onlara ziyan vurulmamalıdır. Bununla yanaşı, ziyarətçilər və abidə mühafizəçiləri üçün qurulacaq tikililər ətraf mühitə ziyan vurmamalıdır”.

 

“Ədəbiyyat və incəsənət”

(17.12.2022)

Суббота, 17 Декабрь 2022 11:00

Semih Kaplanoğlu ustad dərsini YARAT-da keçəcək

 

Dekabrın 19-da YARAT Müasir İncəsənət Mərkəzində Türkiyənin məşhur kinorejissoru, ssenarist və kinoprodüser Semih Kaplanoğlu ilə görüş keçiriləcək. Bu, Bakıda keçirilən Türk kinosu həftəsinin bir tərkib hissəsidir. 

 

Görüş çərçivəsində dünya kino sahəsindəki hazırkı vəziyyət müzakirə olunacaq, iştirakçıları maraqlandıran suallar cavablandırılacaq. 

Qeyd edək ki, Semih Kaplanoğlunun filmləri metafizik mövzular və kinematoqrafiyada fərqli müəllif üslubundan istifadə ilə xarakterizə olunur. O, türk kinosunun ən istedadlı və nüfuzlu rejissorlarındandır. Dünya üzrə 30-dan çox beynəlxalq mükafata layiq görülüb.

2013-cü ildə Kann Film Festivalında “Cinefondation” və “Qısa filmlər” bölmələri üzrə münsiflər heyətinin üzvü olub. O, Avropa Film Akademiyası, eləcə də Asiya Sakit Okean Kino Akademiyasının üzvüdür.

Semih Kaplanoğlunun “Hər kəs öz evində” debüt tammetrajlı filmi 2001-ci ildə Sinqapur Beynəlxalq Film Festivalında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb.

Kinodakı əsas məşğuliyyətləri ilə yanaşı, 1987-2003-cü illərdə plastik incəsənət və kino haqqında məqalələr də yazıb. Bu məqalələr incəsənətlə bağlı dövri mətbuatda dərc edilib və müxtəlif xarici dillərə tərcümə olunub.

 

“Ədəbiyyat və incəsənət”

(17.12.2022)

Суббота, 17 Декабрь 2022 10:30

Bir il öncə Nizami Gəncəvi Vəqfi yaradıldı

 

Nizami Gəncəvi Vəqfinin yaradılmasından bir il ötür. 

Vəqfin əsas məqsədi dünya mədəniyyətinin görkəmli nümayəndəsi Nizami Gəncəvinin tərənnüm etdiyi universal dəyərləri, o cümlədən ölkəmizin tolerantlıq, qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoq ənənələrini təbliğ etmək, dahi şairin vəfatından sonra Gəncə-Qarabağ bölgəsində fəaliyyət göstərmiş “Şeyx Nizami Vəqfi”nin mənəvi varisi olaraq bu irsi yaşatmaqdır. 

 

“Xəmsə” məsnəvilər toplusunun müxtəlif dillərə tərcümə olunmasına çalışan Nizami Gəncəvi Vəqfi 2022-ci ildə Atatürk Universitetinin professoru Nimet Yıldırım tərəfindən şairin “İsgəndərnamə” məsnəvisinin tam mətninin ilk dəfə olaraq fars dilindən türk dilinə tərcüməsinə dəstək göstərib. “Genceli Nizami. İskendername. Şerefname-İkbalname. Hazırlayan ve çeviren: prof. dr. Nimet Yıldırım” adlı kitab Türkiyədə “Dergah” Yayınları tərəfindən çap olunub. Əsər türk oxucularının böyük rəğbətini qazanıb. 

Nizami Gəncəvi Vəqfi gənclərin dünyagörüşünün formalaşmasına, sosial məsuliyyət hissinin və komanda daxili əməkdaşlıq vərdişlərinin aşılanmasına xüsusi önəm verərək “Kəşf et, ünsiyyət qur, inkişaf et!” şüarı ilə xüsusi “Gənclər konsepsiyası” da hazırlayıb.

Vəqfin eyni zamanda Beynəlxalq Ekspertlər Şəbəkəsi (BEŞ) də yaradılıb. BEŞ adlandırılan bu elmi platformaya nüfuzlu elm adamları, ekspert və mütəxəssislərin üzvlüyə qəbulu prosesi davam etməkdədir. 

Beynəlxalq əməkdaşlığa xüsusi önəm verən Nizami Gəncəvi Vəqfi bu il türk dünyasının mədəniyyət paytaxtı elan olunmuş Türkiyənin Bursa şəhərində “Uluslararası Kozadan Kumaşa İpek Festivalı” adlı beynəlxalq tədbirdə ilk dəfə Azərbaycan ipəyini təqdim etmək məqsədilə Bakı Yunus Əmrə İnstitutunun dəstəyi və “Azəripək” MMC-nin tərəfdaşlığı ilə “Kəlağayı: Şəkidən Bursaya doğru uzanan ipək tellər” adlı milli stendi təşkil edib.

Nizami Gəncəvi Vəqfi növbəti il ərzində də bir sıra nüfuzlu beynəlxalq təşkilat və analoji beyin mərkəzləri ilə ortaq layihələrin keçirilməsini hədəfləyir. 

Xatırladaq ki, Nizami Gəncəvi Vəqfi “Nizami Gəncəvi İli” çərçivəsində Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumunun iştirakçıları tərəfindən 2021-ci il dekabrın 30-da təsis edilib.

 

“Ədəbiyyat və incəsənət”

(17.12.2022)

Суббота, 17 Декабрь 2022 16:00

“Muğam axşamları” layihəsi davam edir

 

Bu gün Beynəlxalq Muğam Mərkəzində ustad tarzən və mahir pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun 130 illik yubileyi münasibətilə konsert proqramı təqdim olunacaq.

“Muğam axşamları” layihəsinin sənətkara həsr olunan konsertində Xalq artisti, tarzən Ramiz Quliyev çıxış edəcək. Həmçinin Əməkdar artist Sevinc Sarıyeva və tələbələrinin ifasında muğamlarımız səslənəcək.

 

“Ədəbiyyat və incəsənət”

(17.12.2022)

 

Bakıda “Türk filmləri həftəsi”nin bu gün açılışı olacaq. Həftə dekabrın 21-dək Nizami Kino Mərkəzində davam edəcək. 

 

Film həftəsi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Mədəniyyət Nazirliyi, Bakıdakı Yunus Əmrə İnstitutu, Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı ilə reallaşacaq.

“Film həftəsi”nin açılışı bu gün ünlü rejissor Semih Kaplanoğlunun “Bağlılık Hasan” filmi ilə gerçəkləşəcək. Dekabrın 19-da isə Semih Kaplanoğlunun Nizami Kino Mərkəzində ustad dərsləri nəzərdə tutulur. 

Həftə ərzində göstəriləcək “Bağlılık Hasan”, “7. Koğuştaki Mucize”, “İyi ki Varsın Eren”, “Adanış-Kutsal Kavga”, “Aşkın Ömrü”, “Ankara Yazı”, “Veda Mektubu ve Rafadan” və “Tayfa-Göbeklitepe” filmlərinə hər kəs baxa biləcək. 

Giriş sərbəstdir.

 

“Ədəbiyyat və incəsənət”

 

(17.12.2022)

Суббота, 17 Декабрь 2022 09:30

Bu gün Bakı Dövlət Sirki qış mövsümünə start verir

 

Necə deyərlər, uşaqlar üçün əsl möcüzə bayramı gəlir. Bakı Dövlət Sirki bu gündən   başlayaraq “Güzgülər dünyası” adlı beynəlxalq sirk proqramı nümayiş etdirəcək.

Sirk proqramı yanvarın 8-nə kimi davam edəcək. “Güzgülər dünyası” yeni il şousunun hekayəsində şər qüvvələri ilə xeyirxah şahzadənin mübarizəsindən bəhs olunur.
Müasir dünya sirk nümunələrini nümayiş etdirməyi qarşısına məqsəd qoyan Bakı Dövlət Sirkində musiqili rəqs şouları, hava gimnastlarının qeyri - adi tryukları, klounların yumor dolu çıxışları, balet şousu, transformasiya illüziyası kimi digər nömrələr proqramları rəngarəng edir.
Bundan başqa, Bakı Dövlət Sirki uzun illərdən sonra Qarabağ atlarının çıxışı ilə milli sirk nömrəsini də hazırlayıb.
Xatırladaq ki, payız mövsümündə “Beynəlxalq Sirk: Festival qalibləri” adlı proqram nümayiş olunub. Proqramların təşkilatçısı azərbaycanlı sirk ustası Allahverdi İsrafilovdur.
Biletləri şəhərin bütün kassalarından və “iticket.az” saytından onlayn əldə edə bilərsiniz.
Ətraflı məlumat üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz:
055959-12-12
012 597-31 81

 

“Ədəbiyyat və incəsənət”

(17.12.2022)

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya və Fransaya səfər edib. Dekabrın 12-də başlayan səfərin məqsədi Romada yerləşən Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəz (ICCROM) arasında əlaqələrin müxtəlif istiqamətləri üzrə fikir mübadiləsinin aparılması, gələcək əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi, həmçinin UNESCO-nun baş qərargahında (Paris) keçiriləcək Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması üzrə Komitənin 17-ci sessiyasında iştirak etməkdir. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində dekabrın 14-də Azad Cəfərli Roma şəhərində lCCROM-un baş qərargahında təşkilatın baş direktoru Vebber Ndoro ilə görüşüb. Görüşdə Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyinin ikinci katibi Rüstəm Bayramov, Dövlət Xidmətinin baş mütəxəssisi Nəzrin Məmmədova, ICCROM-ın proqram meneceri Eugene Jo, layihə rəhbəri Rohit Jigyasu, təşkilatın koordinatoru Anna Zeichner iştirak ediblər.

Dövlət Xidmətinin rəisi lCCROM və ölkəmiz arasındakı əməkdaşlığın inkişafı istiqamətində Azərbaycanda həyata keçirilən tədbirlərdən danışıb. İşğaldan azad olunmuş ərazilərdə tarix-mədəniyyət abidələrinin monitorinqi, inventarlaşdırılması, bərpa-quruculuq işləri və infrastruktur layihələrinin icrası haqqında məlumat verib. Post-münaqişə dövründə “Böyük qayıdış” tədbirləri çərçivəsində işğal zamanı dağıdılmış abidələrin qorunması və mühafizəsinə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb. 

lCCROM ilə birgə mərkəz Azərbaycan olmaqla abidələrin bərpası və qorunması prosesinin idarə edilməsi, texniki, metodoloji bilik və bacarıqların artırılması üzrə Türkdilli dövlətlərin mütəxəssislərinin iştirakı ilə çoxşaxəli və uzunmüddətli təlimlərin təşkil olunmasının mümkünlüyünü diqqətə çatdırıb.

lCCROM-un baş direktoru Vebber Ndoro isə öz növbəsində ölkəmizdə səfərdə olarkən işğaldan azad olunmuş ərazilərdə, xüsusilə də Şuşa şəhərindəki dağıntıları təəssüflə seyr etdiyini qeyd edib. Baş direktor təlimlərlə bağlı Azərbaycan tərəfinin təkliflərini yüksək dəyərləndirdiyini bildirərək, belə təlimlərin təşkil olunması ilə nümunəvi fəaliyyət və təcrübənin əsasının qoyulacağına inamını ifadə edib. Bununla əlaqədar memorandumun imzalanması və uzunmüddətli əməkdaşlıq proqramının icra edilməsi fikrini dəstəklədiyini vurğulayıb. 

Həm işğaldan azad olunmuş ərazilərdə, həm də bütövülükdə ölkə hüdudları daxilində yenidənqurma, inkişaf prosesi çərçivəsində proqramın Azərbaycan tərəfinin şərhlərinə, izahlarına, ehtiyaclarına uyğun olaraq, həmçinin mərkəzi Azərbaycan olmaqla və Türkdilli dövlətlərin iştirakı ilə həyata keçirilməsinin uğurlu nəticələr verəcəyinə ümidvar olduğunu bildirib. 

Hər iki tərəfin dəstəklədiyi bu proqramın əlaqələndirilməsi məqsədilə görüşdə əlaqələndiricilər müəyyən edilib, layihələrin hazırlanaraq mübadilə edilməsi və bu addımların yol xəritəsinə uyğun olaraq yerinə yetirilməsi razılığına gəlinib. 

Nümayəndə heyətinin səfəri davam edir.

 

“Ədəbiyyat və incəsənət”

(17.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.