Super User

Super User

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-nun Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitənin 17-ci sessiyasında iştirak etmək məqsədilə Paris şəhərinə səfər edib. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Naİrliyinə istinadən xəbər verir ki, komitənin budəfəki sessiyasının gündəliyində Katibliyin fəaliyyəti haqqında hesabatın qəbul edilməsi, 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokolunun implementasiyasının monitorinq və nəzarət mexanizmlərinə düzəlişlərin qəbul edilməsi, Ukraynadakı mədəni sərvətlərin qorunması və digər məsələlər öz əksini tapıb.

Müzakirələr zamanı Dövlət Xidmətinin rəisi çıxış edərək, hazırda işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Hökuməti tərəfindən işğalçı dövlətin dağıtdığı tarix-mədəniyyət abidələrinin ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə monitorinqlərin aparıldığını və bərpası üzrə tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Həyata keçirilən monitorinq prosesində əsas maneənin işğaldan azad olunmuş ərazilərin Ermənistan Respublikası tərəfindən minalanması ilə bağlı olduğunu vurğulayıb.

Eyni zamanda, Dövlət Xidmətinin rəsmisi postmünaqişə dövründə tarixi və mədəniyyət abidələrinin qorunması ilə bağlı Azərbaycan tərəfinin gördüyü tədbirləri və təcrübəni digər dövlətlərlə də paylaşmağa hazır olduğunu bildirib. Diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Hökuməti silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması mövzusuna xüsusi həssaslıqla yanaşır. Bu məqsədlə Komitənin monitorinq və nəzarət mexanizmlərinin yenilənməsi istiqamətində ölkəmizin aktiv iştirakı, eləcə də cari il dekabr ayının 6-9 tarixlərində Bakıda mədəni sərvətlərin qorunması sahəsində UNESCO konvensiyalarının icrasının vacibliyi mövzusunda beynəlxalq konfransın təşkil edilməsi Azərbaycanın bu mövzuya verdiyi önəmin təzahürünün bir nümunəsidir.

Sessiyada Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi də iştirak edib.

Sessiyanın sonunda gündəliyin bəndləri üzrə qəbul edilmiş qərarlar əsasında yekun vurulub, gələn il ərzində keçiriləcək növbəti sessiya və məsləhətləşmələr barədə məlumat verilib.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2022)

Вторник, 20 Декабрь 2022 07:30

“Xalq musiqimizin keşiyində duran sənətkar”

Mədəniyyət naziri “Fikrət Əmirov” filminin təqdimatında iştirak edib

 

Dünən axşam saatlarında Heydər Əliyev Sarayında “Fikrət Əmirov” bədii-sənədli filminin təqdimatı olub. Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan ekran əsəri dahi bəstəkarın həyat və yaradıcılığından bəhs edir və təqdimat mərasimində mədəniyyət naziri Anar Kərimov iştirak edib. 

 

 “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təqdimatda çıxış edən nazir bildirib ki, bu il ölkəmizdə Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla dahi bəstəkarın 100 illiyi silsilə tədbirlərlə qeyd edilib: "Bəstəkarın əsərləri dünyanın bir sıra ölkələrindəki mötəbər konsert salonlarında məşhur orkestrlərin ifasında müvəffəqiyyətlə səsləndirilərək, müəllifinə geniş coğrafiyada şöhrət qazandırıb. Onun 100 illiyinin UNESCO-nun 2022–2023-cü illər üzrə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramına daxil edilməsi Fikrət Əmirov sənətinə beynəlxalq miqyasda yüksək qiymət verilməsinin təzahürüdür. F.Əmirovun vətənpərvərliyə səsləyən, daim mənəvi zənginlik aşılayan və bəşəri ideallar tərənnüm edən, nailiyyətlərlə zəngin irsi Azərbaycan musiqi sənəti salnaməsinin ən parlaq səhifələrindəndir. Böyük bəstəkar xalq musiqimizə, sadəcə, bəstəkar kimi deyil, onun keşiyində duran və onu qoruyan, yaşadan bir sənətkar kimi yanaşıb. Buna görə də ölməzlik qazanıb. Fikrət Əmirov öz əsərlərini sevə-sevə qələmə alıb. Bəstəkarın simfonik muğamları və “Nizami” simfoniyası dünyanın məşhur dirijorlarının bədii rəhbərliyi ilə orkestrlər tərəfindən ifa olunub. “F.Əmirov “Sevil” operası ilə Azərbaycanda lirik-psixoloji operanın əsasını qoyub. Bəstəkarın “Min bir gecə” baleti isə dünya musiqi xəzinəsinin inciləri sırasına daxildir". 

Sonra Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan filmin təqdimatının türk dünyası musiqisi üçün gözəl bir hadisə olduğunu qeyd edib. Bildirib ki, dahi bəstəkar Fikrət Əmirovla bağlı mötəbər tədbirlər Türkiyədə də böyük sevgi ilə keçirilir: "Bu axşam burada musiqi dünyasının önəmli bir şəxsiyyəti olan Fikrət Əmirovun həyatından bəhs edilən sənədli filmin təqdimatına yığışmışıq. Gözəl bir vaxt keçirəcəyimizdən əminəm. Buna görə nazir Anar Kərimovu və film yaradıcılarını ürəkdən təbrik edirəm". 

Dahi bəstəkarın oğlu, caz ifaçısı, bəstəkar, Xalq artisti Cəmil Əmirov və "Fikrət Əmirov" filminin ssenari müəllifi və quruluşçu rejissoru, Xalq artisti Vaqif Mustafayev dahi bəstəkar Fikrət Əmirov barədə xoş təəssüratlarını bölüşərək onun həyat və yaradıcılığından söz açıblar. Vurğulanıb ki, Fikrət Əmirovun əsərləri musiqi tariximizin parlaq səhifələridir: "Bəstəkarın bu əsərləri öz bədii məzmunu, etik əhəmiyyəti, yüksək fəlsəfi və psixoloji cəhətləri ilə həmişə aktualdır. Çünki bəstəkarın zəngin və rəngarəng yaradıcılığının əsas qayəsi milli üslubda professional musiqi əsərləri yaratmaqdır. Bütün yaradıcılığı boyu bu ideyaya sadiq qalan Fikrət Əmirov hətta bu istiqamətdə yeni bir janr da yaradıb ki, bu da dünya musiqisində heç bir analoqu olmayan simfonik muğam janrıdır".

Sonda "Fikrət Əmirov" bədii sənədli filmi nümayiş olunub.

Əməkdaşımız filmi izləyənlərdən rəylər alıb. Hamı filmi bəyənib.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2022)

Вторник, 20 Декабрь 2022 08:30

Nurlu gün, Əziz Nesin və erməni KQB-si

 

Rubrikanı Varis aparır

 

20 dekabrın təqvimi

 

Hər vaxtınız xeyir! Budur, daha bir ilimiz sona çatmaq üzrədir. İlin sonuncu tam həftəsinə daxil olmuşuq. Əlamətdar hadisələrlə, yubileylərlə bol olan bir həftə yaşayacağıq. İlk olaraq isə Beynəlxalq İnsan Həmrəyliyi Günündən başlayırıq

Beynəlxalq İnsan Həmrəyliyi Günü

BMT Baş Assambleyasının təqvimə saldığı bu gün 2006-cı ildən qeyd edilir, yoxsulluğun ləğvi uğrunda hərəkatın 10-cu ildönümünə həsr edilib. Qəbul edilən qətnamədə deyilir: “Həmrəylik - 21-ci əsrdə insanlığın fundamental dəyərlərindən biri olacaq!”. Təki həqiqətən də belə olsun. Bir dövlətdə zümrələr, hakimiyyətdə olanlar və olmayanlar, varlı və kasıblar, böyük və xırda xalqlar, dünya üzrə isə hegemon və asılı dövlətlər, inkişaf edən və inkişafdan kənar dövlətlər həmrəy olsunlar.

Şən mahnı günü

Mahnılar əsasən “şən” və “qəmli” bölgülərinə uyğun gəlirlər, bu gün dünyada şən mahnı günüdür. Mahnısevən, rəqssevən insanlarımız üçün təbii ki, şən mahnılar daha məqbuldur, bu sayaq mahnılara “diringi mahnılar” deyilir el arasında. O ki toyda girirsən meydana, yalnız tappatarap eşidilir, nəfəsin kəsilincəyə qədər çıxmırsan, bax həmin mahnıların günüdür bu gün. Amma dünyanı dərk edən, dərk etdikcə bütün təzadları, ədalətsizlikləri, haqsızlıqları görən insanlar əsla şən mahnıları sevməzlər. Tarix boyu müharibələr, işğallar görən xalqımızın xalq mahnıları da kədərə köklənib, yəqin diqqət etmisiniz. Elə sevgi mahnıları da bu ovqata köklənib, ayrılıqdan, nisgil və kədərdən bəhs edib. Birində “Apardı sellər Saranı” deyiblər, birində “Qorxuram yar gəlməyə, gözlərim yaşlı qala” deyiblər, birində də “Bu sevda nə sevdadır, səni mənə verməzlər” deyiblər.

Dünyada ən ağır dərd anlamaq dərdidir, kaş ki insan anlaya bilməyəydi, yalnızca həmin o diringi mahnılara oynayaydı...

Milli qəhrəmanımızın anım günü

Milli qəhrəmanımız Riad Fikrət oğlu Əhmədovdan danışmaq istəyirəm, o şəxsdən ki, sağ olsaydı bu gün 66 yaşını qeyd edəcəkdi.  DTK-nın Minskdəki Ali məktəbində təhsil almış Riad Əhmədov Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin yarandığı gündən ilk könüllülər sırasında erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmiş, Çaykənd uğrunda döyüşdə yaralansa da, növbəti əməliyyatlarda iştirak etmişdir. Polkovnik-leytenant Riad Əhmədov 1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunmuşdur. Riad Əhmədovun başçılıq etdiyi xüsusi kəşfiyyat dəstəsi Yuxarı Qarabağın müxtəlif yaşayış məntəqələrində çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, bir sıra kəndləri düşməndən azad etmiş, düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir. Şəxsi şücaəti və igidliyi ilə seçilən Riyad Əhmədov 1992-ci il yanvarın 25-də “Daşaltı əməliyyatı”nda itkin düşmüşdür. İndiyədək onun haqqında heç bir məlumat yoxdur. O, Azərbaycan Respublikası Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının siyahısında itkin düşmüş hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli Fərmanı ilə ona “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir. Riad Əhmədovun keçdiyi şərəfli döyüş yolunu əks etdirən “Qayıt Riad” və “İgidnamə” adlı sənədli filmlər çəkilmişdir. Hazırda Bakı şəhərindəki 203 saylı orta məktəb onun adını daşıyır.

Əziz Nesin və Məhmət Akif Ərsoy

Bu gün əksər postsovet ölkələrində dövlət təhlükəsizliyi əməkdaşları günüdür, eləcə də üzdəniraq qonşularımızda.  Makao öz yaranışı, Panama matəm, Qviana qul olmaqdan xilası gününü qeyd edəcək. Myanmada maraqlı bir təcrübə var, hər ilin bu gününü Bo Aunq Çjo günü kimi qeyd edirlər, həmin tələbə 1938-ci ildə Myanmanın azadlığı uğrunda ilk şəhid olub. İlkləri unutmamaq gözəl ənənədir. O ki qaldı Amerikaya, mətbəxsevər amerikalılarda bu gün “Sanqriya” içkisi günüdür.

1880-ci ilin bu günündə Nyu-Yorkda, Brodveydə tarixdə ilk dəfə elektrik işıqları yandırılmışdır, odur ki, 20 dekabrı “nurlu gün”, “ağ işıq günü” kimi də adlandırırlar. 1948-ci ilin bu günüdə Zənzibarda Abdulrazak Qurna dünyaya gəlib, hansı ki, 2021-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Bu gün iki böyük türk yazarının da doğum günüdür. 1915-ci ildə İstanbulda tanınmış türk şairi və satiriki Əziz Nesin doğulub. 1873-cü ildə isə Fatehdə Məhmət Akif Ərsoy dünyaya gəlib, Türkiyənin İstiqlal marşının yazarı.

 

 

“Ədəbiyyat və incəsənət”

 

(20.12.2022)

 

Вторник, 20 Декабрь 2022 06:30

Fəaliyyətə başlamaq və nəticə əldə etmək!

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir

 

Bütün uğur formullarını sıxıb şirəsini çıxarsaq, təxminən belə bir nəticə əldə edə bilərik:

Uğur formulu=arzulamaq – qarşıya məqsəd qoymaq – planlaşdırmaq – hazırlaşmaq – fəaliyyətə başlamaq – nəticə əldə etmək.

 

Fəaliyyətə başlamaq

Fəaliyyətə haçan istədin, başlaya bilməzsən. Sən məqsədə çatmağa tam hazır olsan belə əlverişli zaman və şərait olmasa uğur qazana bilməzsən. Azərbaycanlı yazıçı Varis Yolçuyevin belə bir aforizmi var, «Özünün ən güclü zərbələrini yaşadığın zəmanənin ən zəif vaxtına saxla».

Buna görə də, məqsədyönlü fəaliyyətə başlamaq üçün mütləq əlverişli zamanı, əlverişli şəraiti gözləməyə məcbursan. Elə ki, ideal və ya ideala yaxın şərait yarandı, haydı, məqsədə doğru fəaliyyətinə başla.

Hər gün bircə dənə də olsa belə mütləq addım atmaq, hər gün məqsədə doğru ən azı bir qarış yaxınlaşmaq çox vacibdir.

Və ən əsası, məğlubiyyətdən qorxmadan qələbəyə doğru getməyiniz zəruridir.

Nəticə əldə etmək

Yalnız bütün şərtlərə doğru-dürüst əməl etdikdən sonra siz bir müddət öncə arzu şəklində olan, sonradan məqsədinizə çevrilən bir istəyinizi tam reallaşdıra biləcək, öz uğur formulunuz ilə uğurlu insana çevriləcəksiniz.

Beləliklə, mən uğur formulasının ən çox rast gəlinən formasını sizlərə təqdim etdim. Əlbəttə, kitab boyunca həm bu uğura gedən 6 addım, həm də digər addımlar barədə ən müxtəlif fikirlərlə, mövqelərlə də tanış olacaqsınız.

Hələlik isə bir şey deyim:

Bütün işlərin önündə başlamaq dayanır, tərəddüd etməyin, sadəcə başlayın!

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2022)

 

 

 

 

 

 

 

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Türk dövlətləri: Şərq və Qərb arasında körpü” adlı dəyirmi masa keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun AzərTAC-a məlumatına istinadən xəbər verir ki, tədbir çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Bakı Dövlət Universitetinin əməkdaşlığı ilə təşkil edilən, universitetin Şərqşünaslıq fakültəsinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan şərqşünaslığı Şərq-Qərb elmi-mədəni və ictimai-siyasi dialoqu kontekstində” mövzusunda beynəlxalq elmi konfransda iştirak edən qonaqlarla görüş təşkil olunub.

Dəyirmi masa Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin prioritet istiqamətlərini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tədbir iştirakçılarına türk dünyasının qədim mədəni irsinin öyrənilməsi, qorunması, və dünyada təbliği yönündə təşkilatın fəaliyyəti, həyata keçirdiyi müxtəlif layihələr haqqında məlumat verib. Günay Əfəndiyeva Bakı Dövlət Universitetinin Azərbaycanın mədəni-mənəvi inkişafına xidmət göstərən qocaman maarif ocaqlarından biri olduğunu vurğulayaraq, universitet ilə əməkdaşlığın önəmindən söz açıb. Fondun prezidenti türk dövlətlərindən olan elm və mədəniyyət xadimlərinin dəyirmi masada bir araya gətirilməsinin türk xalqları arasında mənəvi bağların möhkəmləndirilməsinə, onların daha da yaxınlaşmasına töhfə verdiyini vurğulayıb. Günay Əfəndiyeva dünya tarixinin önəmli bir parçası olan türk xalqlarının Şərq və Qərb sivilizasiyalarının qovuşduğu coğrafiyada məskunlaşmasından bəhs edərək, onların Avropa və Asiya arasında qarşılıqlı elmi-mədəni mübadilələrdə oynadığı rolun əhəmiyyətinə diqqət çəkib.

Dəyirmi masada çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Şərq və Qərb mədəniyyətləri arasında körpü funksiyasını daşıyan türk dövlətlərinin həm fiziki, həm də mənəvi baxımdan böyük bir yol olduğunu vurğulayıb. Rektor müasir dövrdə türk dövlətlərinin bütün sahələrdə münasibətlərinin gücləndirilməsinin türk birliyi ideologiyasının inkişafına təkan verdiyini qeyd edib. Elçin Babayev təşkilat tərəfindən Türk Dünyasının inteqrasiyası yönündə aparılan işləri yüksək qiymətləndirərək, Fond ilə əməkdaşlıqdan məmnunluq duyduğunu dilə gətirib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Jalə Əliyeva eyni soydan gələn, ortaq milli-mədəni dəyərləri bölüşən dost və qardaş xalqlardan olan elm adamlarının görüşünü bayram adlandıraraq, Türk Dünyasının tarixi və mədəni irsinin beynəlxalq miqyasda tanıdılması məqsədilə Fond tərəfindən həyata keçirilən layihələri təqdirəlayiq hesab etdiyini bildirib.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov türk xalqlarının məskunlaşdığı coğrafiyanın onların Avropa və Asiya arasında iqtisadi, siyasi, mədəni əlaqələrdə fəal iştirakını şərtləndirdiyini bildirib. Nizami Cəfərov dəyirmi masanın işini türk xalqlarının minilliklər boyu qoruyub saxladığı dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsinə töhfə kimi qiymətləndirib.

Milli Məclisin deputatı Vüqar İskəndərov müasir dövrdə türk dövlətlərinin hərtərəfli münasibətlərin genişləndirilməsinin bütün türk dünyasında aktuallığından bəhs edib. Vüqar İskəndərov Fondun fəaliyyətinin türk xalqlarının mədəni cəhətdən inteqrasiyası yönündə böyük əhəmiyyətini vurğulayaraq, təşkilata uğurlar arzulayıb. 

Dəyirmi masada Qazaxıstanın L. Qumilyov adına Avrasiya Milli Universitetinin Türkologiya fakültəsinin professoru Nurila Şahmerdanova, Qırğızıstanın Oş Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin professoru Baybolot Abitov, Ankara Universitetinin elmi işlər üzrə prorektoru Mustafa Fənər, Özbəkistanın Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin Ərəb filologiyası kafedrasının müdiri, professor Şarustam Şamusarov, Macarıstanın Eotvos Lorand (ELTE) Universitetinin Şərqşünaslıq fakültəsinin müəllimi Andras Czentnar, Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, professor Pyotr Taraka çıxış edərək, türk dövlətlərinin Avrasiya məkanında rolu haqqında fikir mübadiləsi aparıb, öz sahələri üzrə fəaliyyətləri haqqında məlumat verib və Fondun ümumtürk mədəniyyətinin təbliği yönündə gördüyü işləri yüksək qiymətləndiriblər.

Dəyirmi masanın sonunda iştirakçılara Fondun hədiyyələri təqdim olunub və xatirə şəkilləri çəkilib.

Tədbirin bədii hissəsində türk dövlətlərindən olan sənətçilərin ifasında türk xalqlarına məxsus mahnılar səsləndirilib, milli musiqilər ifa edilib.

 

“Ədəbiyyat və incəsənət”

 

(20.12.2022)

 

Bu gün Bakıda Azərbaycan Türkiyə birgə Mədəniyyət Komissiyasının ikinci iclası keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, iclasda Azərbaycan və Türkiyə Mədəniyyət nazirlikləri arasında protokol imzalanıb.

Sənəddə iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi məsələləri əks olunur.

 

“Əədbiyyat və incəsənət”

(19.12.2022)

Понедельник, 19 Декабрь 2022 19:58

Burak Özçivit Qətərdə izdihamla qarşılanıb

 

Dünya çempionatının final matçını izləmək üçün Qətərə gedən məşhurlar sırasında türkiyəli aktyor Burak Özçivit də yer almışdı. 

 

“Ədəbiyyat və incəsənət” qafqazinfo"-ya istinadən xəbər verir ki, aktyor bu barədə sosial media hesabında paylaşım edib.

Bildirib ki, o, Adelali Binəlinin dəvəti ilə Qətərə gedib. 

Qeyd edək ki, final matçını izləyənlər arasında Fransa Prezidenti Emmanuel Makron, Tviterin rəhbəri İlon Mask, "Milan"ın futbolçusu Zlatan İbrahimoviç və digərləri də yer alıb. 

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2022)

Понедельник, 19 Декабрь 2022 18:30

Devid Linçin “Göy məxmər”ini bizlər də görə biləcəyik

 

Hazırda amerikalı məşhur rejissor Devid Linçin “Göy məxmər” filmi kassa gəlirlərinə görə öncül mövqelər tutur. Nədir filmə uğur gətirən? Nəfəskəsici süjet xətti. 

 

Tələbə Ceff atasının insult keçirdiyini eşidərək, doğma Lumberton şəhərinə qayıdır. Xəstəxanadan evə gedərkən Ceff boş bir ərazidə kəsilmiş insan qulağı tapır. O, polis bölməsinə yollanaraq, bu barədə xəbər verir. Bölmədə uşaqlıq dostu, polis zabitinin qızı Sendi ilə də rastlaşır və ondan öyrənir ki, ilk baxışdan sakit, təhlükəsiz görünən şəhərdə gizli cinayətkar dəstə fəaliyyət göstərir. O, Ceffə deyir ki, launc-müğənnisi Doroti Vallensin həmin cinayətlə əlaqəsi ola bilər. Ceff öz araşdırmasına başlayır. Araşdırmanın izləri gözəl, müəmmalı qadın Dorotiyə və onun sevgilisi olan narkotik ticarətçisinə gedib çıxır.

 

Dekabrın 22-də paytaxtımızda - “Artım” layihə məkanında “Göy məxmər” filmi nümayiş olunacaq. “SAFEZONE” qrup sərgisi çərçivəsində göstəriləcək film ingilis dilində Azərbaycan subtitrləri ilə təqdim ediləcək. 

Müddəti 120 dəqiqə olan ekran əsərinə hər kəsin baxa bilmək imkanı olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2022)

Понедельник, 19 Декабрь 2022 17:30

Görkəmli bəstəkarın 100 illiyi bölgələrdə də qeyd edilir

 

Bu il görkəmli bəstəkar Fikrət Əmirovun 100 illiyinə ilidir, il boyu müxtəlif tədbirlər keçirilib. Sevindirici haldır ki, bölgələr də bu sayaq tədbirlərə qucaq açırlar. Növbəti ünvan Şəki olub. 

 

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şəki şəhər Uşaq İncəsənət Məktəbi ilə birgə yubileyə həsr edilmiş "Azərbaycan ətirli bəstəkar" adlı tədbir keçirib.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbindən mediaya verilən məlumata görə, məktəbin müəllimi, musiqişünas Nərgiz Kərimova tədbir boyunca Fikrət Əmirovun yaradıcılığını işıqlandıraraq, bəstəkarın sehrli musiqi dünyasından söhbət açıb. 

Tədbirdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimləri, “Zirvə” folklor instrumental ansamblı (bədii rəhbər Şəki şəhər Uşaq İncəsənət məktəbinin direktoru Eldar Rəcəbov) və Şəki şəhər Uşaq İncəsənət məktəbinin orkestri tərəfindən səsləndirilən bir-birindən gözəl ifalar dinləyicilərə musiqi bayramı yaşadıb. 

Sonda Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Əməkdar artist Əziz Qarayusifliyə və Şəki şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Eldar Rəcəbova, eyni zamanda bütün tədbir iştirakçılarına belə bir möhtəşəm konsertə görə öz minnətdarlığını bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2022)

Понедельник, 19 Декабрь 2022 17:00

Rəsm qalereyası: Fərhad İbrahimli, “Bakı etüdləri” silsiləsindən

Rəsm qalereyası: Fərhad İbrahimli, “Bakı etüdləri” silsiləsindən

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.