Super User
Qarabağ Kitab Fonduna 110 mindən çox kitab hədiyyə olunub
Nəcib təşəbbüslərdən biri: Vətən müharibəsi nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 1990-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası işinə dəstək göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanası tərəfindən “Qarabağa kitabla gedək!” aksiyası təşkil edilib.
2020-ci ildən həyata keçirilən aksiyası çərçivəsində mədəniyyət sahəsi üzrə fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatlar, türkdilli dövlətlər, tanınmış xarici və yerli yazarlar, ölkəmizin nəşriyyat-poliqrafiya müəssisələri tərəfindən Qarabağ Kitab Fondu üçün böyük sayda kitab hədiyyə olunub.
Mədəniyyət Nazirliyindən media sorğusuna cavab olaraq bildirir ki, 2022-ci il ərzində Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri, AMEA-nın Mexanika və Riyaziyyat İnstitutu, Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu, 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edən Azərbaycan və Türkiyə nəşriyyatları, Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyi və digər təşkilatlar, həmçinin fiziki şəxslər tərəfindən Qarabağ Kitab Fonduna müxtəlif sayda kitablar bağışlanıb. Hazırda fondda 112 min 91 nüsxə kitab mövcuddur.
Şəkildə: Ağdam mədəniyyətinə qarşı erməni barbarlığı.
“Ədəbiyyat və incəsənət”
(20.12.2022)
Proloqdan epiloqa kimi
Yusif Alıyev yazır
Məşhur Amerika yazıçısı Kristofer Morli demişdir: Həyatda, sadəcə, bir uğur vardır: öz yolunda addımlaya bilmək. Gerçəkdən, bu bir cümlənin önündə də, arxasında da, yanında da, içərisində də böyük bir həqiqət payı vardır.
1985-ci ildə Yuxarı Salahlı kənd orta məktəbinə qədəm basarkən hamı kimi məndən də gələcəkdə kim olacağımı soruşmuşdular. Lakin sualı dərk etsəm də, cavabı idrak edə bilmədiyimdən gələcəkdə hansı peşədə olmaq istəyimə cavab verə bilməmişdim. Bəlkə də qarşıda qasırğa kimi əsərək dövranı dəyişəcək tale rüzgarının sınaqlarını hansısa fövqəl qüvvələr vasitəsilə duyub hiss etmişəmmiş. Həyat müəllimim, mərhum atam İmrayıl Alıyevin təsiri ilə özümü dərk etdikdən sonra öncə insan olmağı qarşıma məqsəd qoymuşam. Atamın insanlıq kriteriyaları həm ciddi, həm ağır, həm də şərəfli idi. O bizə deyirdi ki, kim olursansa ol, insan kimi işinin peşəkarı ol. Xoşbəxtlik və təmtəraq ardınca qaçmağın tamamilə əleyhinə olaraq bildirirdi ki, əgər getdiyiniz yolda büdrəməsəz, yoldan sapmasaz xoşbəxtlik özü gəlib sizi tapacaq. Ona görə də həyatın ən ağır və çətin dönəmlərində əkində, biçində, naxırda, çaylaqda hər zaman əlimdə kitab, cibimdə qələm və qeyd vərəqləri olardı. Hansı iş dalınca getmişəmsə o işi yüksək səviyyədə yerinə yetirmək qeyd-şərtsiz olmalı, axşam evə dönüncə, dam-daş rahatlandıqdan sonra isə əlavə tapşırılmış tapşırıqların sorğusu başlayardı. Hansısa bir şairin şeiri əzbərlənməli, oradakı məzmun təhlil edilməli, şeirin bədii təsvirlərinə uyğun inşa yazmalı idim. Yorulduqda, kiçicik etiraz edib başqa işlər görməklə bu tələb edilənlərə vaxt çatdıra bilmirəm dediyimdə: “Yusif, oğlum, bütün bunları sənin üçün edirəm, zaman gələcək bunun xeyrini görəcəksən. İndi dövlətimiz çətin dönəmdən keçir. Hər şey zamanla ələnib ələkdən keçəcək və bu millət üçün gələcəkdə savadlı, bilikli, milli kimliyini bilən insanlara ehtiyac olacaq. İndi öyrənməlisən ki, o zaman ehtiyac duyulanda əl yetən yerdə olasan”. Odur ki, orta məktəbdə bütün fənləri eyni bərabərlikdə öyrənməyi tələb edir, əlavə olaraq riyaziyyat, ana dili və tarix fənlərinə ciddi hazırlaşmağımızı tapşırırdı.
Həyat müəllimim olan atama və orta məktəbdə mənə dərs demiş bütün müəllimlərimə təşəkkür edir, önlərində baş əyirəm. Dünyasını dəyişənlərə rəhmət, qalanlara can sağlığı arzu edirəm.
1996-cı ildə orta məktəbi bitirəndə Türkiyə universitetlərinə imtahan vermək istədim. Məlumatsızlıq və qohumlarımın laqeydliyindən imtahanın vaxtını bilmədən ötürdüm. Mənə riyaziyyat və fizikadan hazırlıq keçmiş, hər zaman dəyərli olan müəllimim Məmmədhəsən Vəkilovun son anda Qazaxda sənəd qəbulu komissiyasının önündə avtomobilin motorxanasının qapağı üzərindəcə yazdığı kağızı götürüb içəri girdim və o yazdığı ardıcıllıqla da rəsmi blankda qeyd apardım. Çox şükürlər olsun ki, yüksək hazırlıq görmədən yüksək nəticə göstərə bildim və Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil oldum. İlk olaraq çətin görünən, ciddi müəllimlərdən qiymət almağın mümkünsüz olduğunu eşidəndə bir qədər tərəddüd edib pessimist düşüncələrə yuvarlanmaq istəyərkən keçmiş illərdə çəkdiyim ağır günlər gözlərim önünə gəldi və bu fakültəni mütləq ən yüksək şəkildə oxuyan tələbələrdən olacağıma qərar verdim. 2000-ci ildə fizika fakültəsini fərqlənmə diplomu ilə bitirdim. O vaxtkı rektorumuz professor Abel Məhərrəmovun atama göndərdiyi “Valideynə təşəkkür” məktubunu az qala kəndimizdə hamı oxumuşdu. Elə həmin il də mən BDU-nun fizika fakültəsinin magistratura səviyyəsi üzrə “Optoelektronika” ixtisasına daxil oldum. Buranı da 2002-ci ildə fərqlənmə diplomu ilə bitirdim.
BDU-da mənə dərs demiş bütün müəllimlərimin qarşısında baş əyirəm. Dünyadan köçənlərə rəhmət, qalanlara can sağlığı arzu edirəm.
2002-ci ildə elmi rəhbərim professor Əhməd Abdinovun məsləhəti, akademik Bəhram Əsgərovun göndərişi, müəllimim Maarif Cəfərovun tövsiyəsi ilə AMEA-nın Fizika İnstitutuna gəldim. Məni 15 noyabr 2002-ci il tarixindən “Quruluş və quruluş çevrilmələri” laboratoriyasına kiçik elmi işçi vəzifəsinə götürdülər. Professor Yusif Əsədovun rəhbərlik etdiyi kimya elmləri namizədi Qəhrəman Hüseynov, f.-r.e.n. Fəridə Məhərrəmovanın çalışdığı bu laboratoriya həyatımda qarşıma çıxan ən gözəl insanların bir yerdə olduğu xoşbəxtlik adası kimi gəldi mənə. Hər üç həyat müəllimimə Allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyirəm.
Qısa müddət sonra, aspiranturaya qəbul imtahanları verilən ərəfədə - 10 dekabr 2002-ci ildə hərbi xidmətə çağırıldım. BDU-da oxuyarkən hərbi kafedra mövcud idi, orada oğlanlara 2 il hərbi dəsrsləri keçilir və sonunda imtahandan müvəffəqiyyətlə keçənlərə leytenant hərbi rütbəsi verildiyindən məni də zabit qismində hərbi xidmətə çağırdılar. Hərbi xidmətə Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə artilleriya dvizionunda tağım komandiri vəzifəsində başladım. 2004-cü ilin 10 avqust tarixində ordudan tərxis olundum və doğma məkana, Fizika İnstitutuna qayıtdım.
2004-cü ildə doktoranturaya daxil oldum, 2009-cu ildə professor Yusif Əsədovun və kimyaçı alim Qəhrəman Hüseynovun rəhbərliyi ilə işləyib, yazıb tamamladığım dissertasiya işini müdafiə etdim və 2010-cu ildə AAKın qərarı ilə fizika üzrə fəlsəfəd doktoru elmi dərəcəsi aldım. Elmi-tədqiqat işləri apardığım zaman Fizika İnstitutunda hər zaman sağlam mühitin, maddi, fiziki, mənəvi dəstəyin hökm sürdüyünü gördüm. Burada alimlər sadəliyi ilə seçilir, savadı ilə parlayır, ziyalılıqları ilə öndə idilər. Fizika İnstitutunda mənə hər zaman dəstək olmuş, kiçik xahişdən, böyük istəyə kimi səbrlə yanaşmış hər bir alim, mütəxəssisə təşəkkürümü bildirir, qarşılarında baş əyirəm. Dünyadan köçənlərə Allahdan rəhmət, qalanlara isə can sağlığı arzu edirəm.
Sonrakı əmək faəliyyətim təhsil sahəsində davam etsə də, həmçinin elmi-tədqiqat işləri apardığıma görə doğma Fizika İnstitutunda da çalışırdım. Reytinqli jurnallarda çap olunan elmi məqalələrimlə yanaşı 5 dərs vəsaiti, 4 metodik vəsaitimiz də çap olundu və 2014-cü ildə AAKın qərarı ilə dosent elmi adına layiq görüldüm.
2018-ci ildə AMEA-nın Fizika İnstitutunun elmlər doktoru proqramı üzrə doktoranturasına qəbul olundum. Professor Yusif Əsədovun elmi məsləhətçiliyi ilə “Ag, Cu əsaslı halkogenid sistemlərində fazaəmələgəlmə və quruluş faza çevrilmələri” mövzusunda dissertasiya işi üzərində işləməyə başladım. Almaniyada, Rusiyada, Türkiyədə, Ukraynada, Moldovada ezamiyyətlərdə, konfranslarda olduğum zamanlarda dissertasiya işimin məqsədləri ilə bağlı müasir cihaz və qurğularda ölçmələr aparır, alınmış nəticələri WoS və SCOPUS bazalarına daxil olan elmi jurnallarda çap etdirmişik.
Müasir dövrdə hər bir alimdə olduğu kimi bizim elmi-tədqiqat işlərimizin də uğurlu nəticələrini görmək üçün dünya üzrə qəbul edilmiş elmmetrik bazalardakı statistik məlumatları böyük fəxr hissi ilə söyləyə bilərəm: H - indeksi 14, i10 – indeksi 16, ümumi istinad sayı 440 olan 85 məqalədən 28-i isə SCI siyahısında yer alıb.
29 mart 2022-ci il tarixində AMEA-nın Fizika İnstitutunda faəliyyət göstərən dissertasiya şurasında elmlər doktorluğu dissertasiya işimi müdafiə etdim. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 28 oktyabr 2022-ci il tarixli qərarı ilə fizika elm sahəsinin “Kristalloqrafiya, kristallar fizikası” ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir.
Təbii ki, hər bir uğurun əldə edilməsində böyük zəhmət, yüxusuz gecələr, gərgin çalışmalar durmaqla yanaşı mənəvi, maddi, və fiziki dəstəklər də önəmlidir. Bu yüksək məqama çatmağımda mənə dəstək göstərən, daim yanımda olan, işləmək üçün şərait yaradan rəhbərlərimə, müəllimlərimə, nəhəng alimlərə, həmkarlarıma, dostlarıma, iş yoldaşlarıma və ailəmə təşəkkür və minnətdarlığımı bildiriəm.
37 il öncə 1-ci sinifdə məndən soruşulmuş “gələcəkdə kim olacaqsan?” sualına hələ də peşə olaraq cavab verə bilmərəm. Amma qürurla söyləyəcəyim bir şey vardır, xalqa, dövlətə xidmətin ünvanı, peşəsi olmadığı üçün daim bir ziyalı olaraq dövlətim üçün layiqli vətəndaş olmağa çalışmışam. Çünki dövlət baba tərbiyəsi bunu tələb edir.
Məşhur Amerika yazıçısı Kristofer Morli gözəl bir fikr söyləyib: Həyatda, sadəcə, bir uğur vardır: öz yolunda addımlaya bilmək...
“Ədəbiyyat və incəsənət”
(20.12.2022)
Şuşa mədəniyyətinin inciləri layihəsində: Qasım bəy Zakir
Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı Qasım bəy Zakirə həsr olunub.
Qasım bəy Zakir 1784-cü ildə Şuşa şəhərində anadan olub. Onun əsli Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir.
Zakirin satirasında ən amansız tənqid olunanlar gücsüzlərin və acizlərin hüquqlarını tapdalayanlardır.
Onun müxtəlif mövzularda yazılan "Məlikzadə və Şahsənəm", "Əmirzadə, məşuq və cavan aşiq", "Aşiqin təam bişirməyi", "Aşiq və məşuq haqqında", "Zövci-axər", "Tərlan və elçi", "Dəvəsi itən kəs", "Dərviş ilə qız", "Həyasız dərviş", "Əxlaqsız qazı", "Xalqa vəz deyən, özü fisqü fücurdan çıxan biəməl alim" kimi mənzum hekayələri vardır. Zakirin mənzum hekayələrində məhəbbət insanın ülvi və nəcib hissi kimi təsvir olunur.
Zakirin realist yaradıcılığında təmsillərinin əhəmiyyəti müstəsnadır. "Aslan, Qurd və Çaqqal", "Dəvə və Eşşək", "Tülkü və Qurd", "Xain yoldaşlar haqqında", "İlan, Dəvə, Tısbağa", "Tülkü və Şir", "Sədaqətli dostlar haqqında", "Tısbağa, Qarğa, Kəsəyən, Ahu" adları ilə təmsili çap olunub.
Zakir təmsillərini yazarkən birinci növbədə şifahi xalq yaradıcılığında geniş yayılan təmsillərdən və məşhur hind abidəsi "Kəlilə və Dimnə" əsərindən, həmçinin klassik poeziyadakı təmsillərdən, Nizami, Cəlaləddin Rumi, Füzuli təmsillərindən də istifadə edib.
O, 1857-ci ildə Şuşada vəfat edib və şəhərin Mirzə Həsən qəbirstanlığında dəfn edilib.
“Ədəbiyyat və incəsənət”
(20.12.2022)
Heç vaxt ürəkdən gülə bilməyən rəssam
Əməkdaşımız Aida Eyvazlının sərgi təəssüratları
Bir yerdə ki, ruh var var, orada biz varıq.
Ötən həftə Milli Muzey Mərkəzində 67 yaşlı rəssam Fikrət İbrahimlinin “Ruhumun təqdimatı- ömür səhifələri” adlı ilk sərgisi nümayiş olunurdu. Fırça ustasının əsərlərinin təqdimatı Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət Komitəsi və Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilirdi. Tədbirdə Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri , millət vəkili Qənirə Paşayeva, Mədəniyyət Nazirliyinin sərgi və qalareyalar sektorunun müdiri Murad Məmmədov, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, xalq rəssamı Azəli İbrahimov və Özbəkistan Respublikasından gələn qonaqlar, ölkəmizin mədəniyyət və incəsənət xadimləri, ziyalılarımız iştirak edirdilər.
Əsərlərini bəzən mətbuat səhifələrindən gördüyüm ustanın emalatxanasından sərgiyə 55 əsəri gətirilmişdi. Hələ təqdimat başlamazdan öncə sakitlikdə rəssamın əsərlərinə baxdım. İlk baxışdan rəngılərin ağırlığı və tündlüyü ürəyimi sıxdı. Lakin əsərlərə yaxından baxdıca, rənglərin niyə bu qədər tünd olmasını anlamağa çalışdım, onların hər biri mənimlə danışırdı.
Bir fırça ustası Bakıda yaşayırsa, əlbəttə Bakının mənzərələrini də özünəməxsus, könlünün gözü gördüyü kimi, öz baxışlarının prizmasından çəkəcək. “Bayılda balkon”dan Bakıya baxırsan. Bu tablodakı mənzərəni mən də hər gün müşahidə edirəm. Şəhərin bir yay günortasını o qədər dəqiq təsvir edib ki, baxanların könlündən yəqin ki, bir fikir keçir: kaş yay tez gələydi.
Bu da Müslüm Maqomayev adına Filarmoniyanın yerləşdiyi küçədir. Sonra Bakı kəndlərinin müxtəlif həyətləri, “Muğam” “İçəri şəhər”, “Neftçala”, “Qədim şəhər”.. tablolarına baxıram... Hər birində məişətimiz, adətlərimiz və xarakterimiz elə incəliklə işlənib ki, bu əsərlərə tamaşa edəndə bir də inanırsan ki, bizim Vətənin rəngləri də, adət-ənənələri də çox gözəldir.
Böyük bir pannonu isə “Şuşa qalası” adlandırıb. Bu əsərdə 270 ildən bəri yaşanan tariximiz vardır. Bu pannoda Azərbaycanın bütün dahi şəxsiyyətlərini görmək olur. Cizgizlər o qədər tanışdır ki... Hətta şəhid tabutları və Xarıbülbül çiçəyi də unudulmayıb...
Bir ana bətnindən doğulan müstəqilliyimizi, döyüş səhnələrimizi, qəhrəmanlarımızı, əlində üçrəngli bayrağımızı aparan o balaca oğlanı görmək istəyənlər, o rəsmləri duymaq istəyənlər, Fikrət İbrahimlinin sehirli rənglər dünyasına dalmaq, sirrini bimək istəyənlər Milli Muzeyimizə gəlsin! Rəssamın Milli Muzeydə sərgilənən 55 əsərinin hər birindən Vətən ətri gəlir. Və bu tünd rəngli bənzərsiz əsərlərin hər birində milliliyimiz, naxışlarımız, inanclarımız, hətta qeyrətimiz də həkk olunub. Onun çəkdiyi atların da, ruhların da rəngi ağdır.
67 yaşının içərisində ilk dəfə sərgisi təqdim olunan istedadlı Azərbaycan rəssamı Fikrət İbrahimlinin “Avtoportret”i də çox düşündürücüdür... Rəssam özünü tünd rənglərlə ağ qapıların arxasında çəkib... Yəqin ki, elə o ağ qapıların kəndarından çıxaraq özünə, əsərlərinə olan biganəliyin üstünə gedir... Və rəssamın avtoportretinə baxdıqca düşünürəm ki, Azərbaycanın kəşməkeşli taleyini əriş-arxac kimi ruhundan, içərisindən keçirən adam heç vaxt ürəkdən gülə bilmir. Nə qədər sevinsə, gülsə də, min illərin dərdi, yükü, ağrısı candan getmir.
Ustadını yad edənlər necə şanslıdırlar. Tanrı onların bütün günahlarını bağışlayacaq. Ustadını unutmayanlar, tanrısıını da unutmazlar! Fikrət İbrahimlinin ustadı isə xalq rəssamı Toğrul Nərimanbəyovdur. Tamaşaçı fırça ustasının kütləvilik olan bütün əsərlərində Toğrul Nərimanbəyovu mütləq tanıyır. Rəssam öz əsərlərinə Toğrul Nərimanbəyov şəxsiyyəti ilə də böyük bir çəki və nüfuz gətirir... Bu həm də istad sənətkarı və onun ənənələrini, dərslərini yaşatmaqdır.
Mən sənətşünas deyiləm, sadəcə ruhun diqtə eytdiyi rəsm əsərlərini görəndə ruhum qanadlanır.
O gecə Fikrət İbrahimlinun rənglər dünyasının sirrindən xəbərdar olmaq istəyənlər, onun daxili aləmini, ruhunu görə bildilər.
P:S.
Mahir fırça ustası Fikrət İbrahimlinin sənətkarlıq xüsusiyyətlərindən danışarkən millət vəkili Qənirə Paşayeva “Ruhumun-təqdimatı- ömür səhifələri” sərgisində iştirak edən Mədəniyyət Nazirliyinin sərgi və qalareyalar sektorunun müdiri Murad Məmmədovdan xahiş etdi ki, ilimiz Şuşa ili olduğundan rəssamın “Şuşa qalası” pannosunu Şuşa şəhəri üçün alınmasına dəstək olsunlar. Çünki bu əsər 270 yaşlı Şuşa Muzeyinin özündə daha təmtəraqlı görünəcək.
Şəkillərdə rəssamın bir neçə tablosunu görürsünüz. Fotolar müəllifindir.
“Ədəbiyyat və incəsənət”
(20.12. 2022)
Türk filmləri həftəsi davam edir
3 gün öncə açılışı olmuş Bakıda “Türk filmləri həftəsi” uğurla davam etməkdədir. Layihə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu və Yerli Düşüncə Dərnəyinin birgə təşkilatçılığı ilə gerçəkləşir.
Həm rəsmi açılış mərasimi, həm nümayiş olunan filmlər, həm ustad dərsləri yaddaqalandır, festivalın alındığını indidən deyə bilərik.
Nizami Kino Mərkəzindəki açılışı mərasimində mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı, mədəniyyət, incəsənət xadimləri, digər qonaqlar iştirak edirdilər.
“Ədəbiyyat və incəsənət” portalı açııış nitqi söyləyən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin bu fikrinə diqqət çəkir: “Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövründə daim bir-birinə dəstək olublar. Bu dəstək müasir dövrümüzdə də davam edir. Azərbaycan müstəqillik əldə etdikdən sonra Türkiyə ilə ölkəmiz arasında bütün sahələrdə olduğu kimi, mədəni münasibətlərdə də böyük inkişaf baş verib. Kino sahəsində də Azərbaycanla Türkiyə arasında əməkdaşlıq uğurla davam və inkişaf etdirilir. Buna misal olaraq hər iki ölkədə keçirilən kino günlərini, film təqdimatlarını, tanınmış kino xadimləri ilə görüşləri və s. göstərmək olar. İki qardaş ölkə arasında kino sahəsindəki əməkdaşlığın davamı olaraq Bakıda növbəti “Türk filmləri həftəsi”nin açılışı keçirilir. İnanıram ki, film həftəsi çərçivəsində nümayiş olunacaq ekran əsərləri Azərbaycan tamaşaçıları tərəfindən həmişə olduğu kimi, yenə də böyük maraq və sevgi ilə qarşılanacaq”.
Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan çıxışına Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözləri ilə başladı. Bildirib ki, Azərbaycan və Türkiyə qardaş ölkələr olaraq bir-birinin sevincini, kədərini paylaşan, ürəyi bir döyünən eyni millətdir: “Qarabağda 30 il əvvəl baş verən hadisələr Azərbaycanda olduğu kimi, Türkiyədə də böyük kədərlə qarşılanırdı. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə isə bizlərə böyük sevinc hissi bəxş etdi”.
Ahmet Misbah Demircan çıxışının sonunda layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı, Yerli Düşüncə Dərnəyinin sədri, türkiyəli deputat Metin Gündoğdu və Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç çıxış edərək layihə haqqında məlumat veriblər.
Vurğulanıb ki, beş gün davam edəcək layihə çərçivəsində film nümayişləri ilə yanaşı, rejissor Semih Kaplanoğlu ustad dərsi keçəcək, yerli kinematoqrafçılarla görüşəcək.
Layihənin proqramına əsasən, “Sədaqət Həsən”, “Yeddinci kameradakı möcüzə”, “Yaxşı ki varsan, Ərən”, “Sədaqət – müqəddəs döyüş”, “Eşqin ömrü”, “Ankara yayı – vida məktubu” və “Rafadan tayfa – Göbəklitəpə” (cizgi filmi) ekran əsərləri nümayiş etdirilmıkdədir. Seanslara giriş pulsuzdur.
Bundan əlavə, türkiyəli rejissorlar Tunç Davut, Murat Şeker, Mustafa Kara, prodüserlər Hacı Mehmet Altınal, Qalip Güner, aktyorlar İpek Tuzcuoğlu, Umut Karadağ və Fatih Osmanlı kino həftəsi çərçivəsində Bakıda müvafiq sahə üzrə tələbələrlə, kino xadimləri ilə görüşməkdədirlər, birgə layihələrlə bağlı müzakirələr aparılır.
Türkiyəli kinematoqrafçılara və film həftəsinə dəstək olan qurumların nümayəndələrinə plaketlər də təqdim olunub.
Semih Kaplanoğlunun “Sədaqət Həsən” filminin nümayişi əsl anşlaqla keçib.
Qeyd edək ki, layihə türk filmlərini ölkəmizdə nümayiş etdirməklə bərabər, Türkiyə və Azərbaycanın kino sektorunun nümayəndələrini bir araya gətirmək, müştərək ekran əsərləri yaratmaq və təcrübə mübadiləsi aparmaq məqsədi daşıyır.
Və təcrübə mübadilə yüksək səviyyədə aparılır.
“Ədəbiyyat və incəsənət”
(20.12.2022)
“Xəstə uşağın evində “Sehirli xalat” tamaşası oynadıq...”
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir.
ƏLİAĞA AĞAYEV
(1913-1983)
***
“Sehrli xalat” filmi uşaqların çox xoşuna gəlmişdi. Harada məni görürdülərsə, ətrafıma toplaşır, “xan… xan…” deyib, atılıb düşürdülər. Uşaqlardan, valideynlərdən saysız-hesabsız məktublar alırdım. Bir valideynin məktubunda təxminən, mövzu belə idi ki, səkkiz yaşlı bir oğlu yataq xəstəsidir, qonşu uşaqlardan kimsə “Sehrli xalat” filminin yaradıcı heyəti ilə məktəbdə keçirilən görüşdən danışıb, bu xəstə uşaq da belə görüşlərdə iştirak edə bilmədiyi üçün sarsılıb, ağlayıb və s.
Məktub məni tutdu. Evdən Əlisəttar Atakişiyevə zəng vurub əhvalatı danışdım. O da çox pis oldu.
Ertəsi gün səhər saatlarında qızım məni telefona çağırdı. Əlisəttar idi.
– Tez məktubu da götür kinostudiyaya gəl.
Geyinib getdim. Rəşidi oynayan Azər Qurbanov, Zərifəni oynayan Solmaz Hətəmova, Eldarı oynayan Yusif Şeyxov da otaqda idi. Az sonra qapı açıldı, kostyum sexinin işçisi filmdə oynadığımız kostyumlarla bir yerdə otağa girdi. Əlisəttar hər kəsin kostyumunu ona verib dedi:
– Tez geyinin, balaca dostumuzu çox gözlətməyək.
Bir qədər sonra inzibatçılardan biri əlində meyvə, şirniyyat dolu torba ilə gəldi. Maşın bizi aşağıda gözləyirdi. Məktubda göstərilən ünvana getdik.
Uşaq bizi görəndə gözlərinə inanmadı. Doğrudan da xan paltarında mən, filmdəki pionerlərin paltarında olan kiçik yaşlı aktyorlar ona əsl möcüzə kimi görünürdü. Bir qədər sonra qonşuluqdakı uşaqlar da başımıza toplaşdılar. Təxminən bir sata qədər balaca dostumuzun yanında qaldıq.
Bir müddət sonra uşağın anası bizə minnətdarlıq məktubu yazdı.
“Ədəbiyyat və incəsənət”
(20.12.2022)
Türkiyə Böyük Mərdəkan qəsrinin bərpasına kömək edəcək
Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Komissiyasının iclasında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ağacavid Ramazanov söyləyib ki, “Azərbaycan ilə Türkiyə arasında mədəni irsin qorunması və bərpası sahəsində əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması istiqamətində vacib addımlar atılmaqdadır”.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Dövlət Xidməti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) arasında imzalanmış niyyət məktubuna uyğun olaraq, TİKA-nın dəstəyi ilə Böyük Mərdəkan qəsri və Tuba Şahi məscidinin bərpa olunması ilə bağlı işlər görülür.
Bəs hal-hazırda vəziyyət hansı həddədir? Xidmət rəisi deyib ki, artıq bütün layihə sənədlərinin hazırlanması və razılaşdırılması başa çatıb. Qısa müddətə bərpa-konservasiya işlərinə başlanılması planlaşdırılır.
Ümidvarıq ki, adları çəkilən abidələrin bərpası işi çox yüksək səviyyədə gedəcək.
“Ədəbiyyat və incəsənət”
(20.12.2022)
“Sənə də heyifdir, mənə də heyif” – El Roman
Bu ilin əsas ədəbiyyat hadisələrindən biri də Qubada keçirilən SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turu oldu ki, 32 finalçının əsərlərindən ibarət Antologiya üzümüzə gələn il “Azərkitab” Yayınlarında nəşr olunacaq. Festivalın rəsmi media dəstəkçisi olan “Ədəbiyyat və incəsənət” portalı antologiyaya daxil ediləcək əsərlərlə oxucularını tanış edir.
Elroman Əlizadə Elçin oğlu (El Roman)
Yarasalar
Bir qoca dedi ki, hələ diriydi
dünən gömüləndə o qız torpağa.
Gəldiyi yerlərə qayıtdı hər şey-
adamlar torpağa, kağız torpağa...
Göyərsə göylərdə bir ağ göyərçin
Bu işə göylər də gülərdi, gərçi...
Sonra da darıxıb bu boz şəhərçün
Gəlib bulaşardı o toz-torpağa.
İstəsən, küləyə çevrilərəm
və
Saçların tərəfə çevrilərəm,
gəl.
Sən kimin olmusan min illər əvvəl?
adını oxudum cam kasalardan...
Deyən olmadımı vaxtı dayandır?
Tanrıyam, bilmirəm yerin hayandır...
Mağara ağzında cığara yandır,
məni də bir dəfə yada sal orda...
Mağara?!
görəsən, nəyin nəsidir?
Mağara - dağların əsnəməsidir.
Tərsinə asılmış quş qəfəsidir
Belə eşitmişəm yarasalardan...
Bir qoca dedi ki, hələ diriydi
dünən gömüləndə o qız torpağa.
Sonra...
Gəldiyi yerlərə qayıtdı hər şey-
adamlar torpağa, kağız torpağa...
Qızım
Bir gün dərdiyin çiçək səni içinə çəksə,
Sevdiyin həmin adam deyəcək ki, çiçəksən...
Həmin gecə yuxuda özünü görəcəksən-
Dodaqların qırmızı, saçın uzun, laap uzun...
Çöldə eşidəcəksən çirkinliyin səsini,
Evdə atan yeyəcək tikənin yekəsini.
İçində hiss edəndə təklik təhlükəsini,
Səndən soruşacaqlar, kimin qızısan, qızım?
Getmək istəyəcəksən, yolun tən yarısında
Ətirini, donunu, onu unutmasan da,
O gün unudacaqsan bir kitabı masanda
Bir də açılmayacaq otağının qapısı...
Bir az qocalacaqsan, bir az əsəcək dizin,
Bir az huşun itəcək, bir az əlinin duzu,
Yollara baxacaqsan, belə laap uzun-uzun...
Öləndə belə ölür qadınların yarısı.
Bir də açılmayacaq otağının qapısı...
Öləndə belə ölür qadınların yarısı...
"Saçın uzun, laap uzun, dodaqların qırmızı...
Üzüntün tanış gəlir, kimin qızısan, qızım?"
Canıyeva Göyərçin
Yerek...
Ratsiyadan səs gəlir:
-Canıyev, yerini de!
-Təpənin “A” nöqtəsi!
Ratsiyadan səs gəlir:
-Əbdülov, yerini de!
-Təpənin "B" nöqtəsi!
Erku...
On üç yaşlı Göyərçin
giley tökür kağıza:
"Ehh, bu riyaziyyat da
yığıb məni boğaza!
"A"-dan "B"-yə məsafə
Nə bilim, nə qədərdi?
atam olsa, bilərdi..."
"Canıyev,
aradakı məsafəni xəbər ver!" - Ratsiya hələ susmur...
İnsanlar özlərinə yaxşı təsəlli verir:
"Ordu müharibəni nə olsun, hələ udmur?
əsas odu, uduzmur..."
Mek!
Bu vaxt bir mərmi deşir
buludların bağrını.
Silahlar da diksinir
Partlayışın səsinə…
O partlayış,
əsgəri tutub “A” nöqtəsindən
atır “B” nöqtəsinə…
"Tapdım, anacan, tapdım!
Məsafə əlli metr!" - bərk qışqırır Göyərçin...
"Canıyev, nə baş verir?!" - Ratsiya ağı deyir...
birdən
əlaqə itir...
sonuncu nəfəs ilə,
Canıyev ratsiyanı dodağına gətirir.
Xırıltılı səs ilə:
"Komandir, əlli metr..."
Qonaq
Mən səni sevməsəm, başqası sevsə,
Sənə də heyifdir,
mənə də heyif.
Sarı dimdiyini mənə uzadıb
Çiyninin üstündə öpüş gözləyən
Buğda saçlarından ovucladığım
O quşa atdığım
dənə də heyif.
Hətta küçənizə raket də düşsə,
Ağappaq çiynindən jaket də düşsə,
Birinci vətənçün, sonra səninçün
Narahat olacaq adamlar ki var,
Onların gözünə qəm qonaq gedə.
Mənim də bəxtimə o səngər düşə...
Allahın əlindən bir çəngəl düşə,
Göylərə bu dəfə mən qonaq gedəm.
Daha ikimizdən oldu, olmadı,
Yenə də heyifdir,
yenə də heyif...
Mən səni sevməsəm, başqası sevsə,
Sənə də heyifdir,
mənə də heyif.
“Ədəbiyyat və incəsənət”
(20.12.2022)
Tanınmış təlimçi Mədəniyyət Nazirliyi əməkdaşlarıı necə motivasiya etdi
Çox maraqlı bir təcrübədir: Moskva Ritorika və Natiqlik Bacarığı Universitetinin aparıcı təlimçisi, Beynəlxalq Trenerlər Assosasiyasının üzvü Nəcəf Allahverdiyev tərəfindən Mədəniyyət Nazirliyinin əməkdaşları üçün 2 həftə ərzində 4 istiqamət üzrə – Natiqlik, Emosiyaların və stressin idarə edilməsi, “Mind Map” (Beyin xəritəsi) və “Time Management” (Zamanın idarə edilməsi) təlimlərinin keçirilməsinə başlanılıb.
“Ədəbiyyat və incəsənət” portalına nazirlikdən məlumat verilib ki, sözügedən təlimlər müasir dünya təcrübəsi əsasında, yeni dövrün tələblərinə uyğun və qabaqcıl format üzərində hazırlanmış, rəhbər vəzifəli şəxslərdə peşəkar idarəetmə biliklərinin artırılması, onlara məsul olduğu proseslər və tabeliyində olan işçilərin daha effektli idarə edə bilmə səriştələrini özündə ehtiva edir.
Həmçinin 4 modul üzərində keçirilməsi planlaşdırılan təlimlərdə iştirakçılar təhlil etmə, stresslə mübarizə, vaxtın idarə edilməsi, informasiya axının tənzimlənməsi, komanda qurma bacarığı və s. səriştələrə yiyələnmiş olacaqlar.
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında interaktiv şəkildə davam edən təlimlərdə iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılır, müxtəlif praktik tapşırıqlar icra olunur.
Qeyd edək ki, 22.12.2022-ci il tarixinədək davam edəcək təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.
“Ədəbiyyat və incəsənət”
(20.12.2022)
Tanınmış dirijorumuz vəfat edib
Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, tanınmış dirijor Kazım Əliverdibəyov vəfat edib.
Kazım Əliverdibəyov 27 noyabr 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1954-1959-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsində təhsil alıb.
1958-1960-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrında) dirijor vəzifəsində çalışmışdı. Daha sonra əmək fəaliyyətini Opera və Balet Teatrında davam etdirmiş, 1960-cı ildən 1995-ci ilə qədər müəyyən fasilələrlə teatrda dirijor və baş dirijor vəzifələrində işləyib.
1996-2005-ci illərdə K.Əliverdibəyov Türkiyənin İzmir şəhər Konservatoriyasında müəllim kimi fəaliyyət göstərmiş, eyni zamanda tələbələrdən ibarət simfonik orkestrin dirijoru vəzifəsində çalışıb. 2006-cı ildə vətənə qayıdan dirijor 2010-cu ilə qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında fəaliyyət göstərmiş və teatrın repertuarında olan bir çox tamaşaları idarə edib.
K.Əliverdibəyov uzun illər Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub.
Kazım Əliverdibəyov 1978-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. O, 2010-cu ildən Prezident təqaüdçüsü olub.
Tanınmış dirijorun əziz xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(20.12.2022)