Super User
Mədəniyyət nazirinin gənclər şəhərinə səfəri işgüzar keçib
Dünən xəbər verdiyimiz kimi, mədəniyyət naziri Anar Kərimov Sumqayıt şəhərinə səfər edib.
Yerlərdə sakinlərin müraciət və problemlərinin dinlənilməsi, onların həlli ilə əlaqədar müvafiq addımların atılması dövlətimizin diqqət mərkəzindədir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən bu məqsədlə hər ay bölgələrdə vətəndaşların qəbulu keçirilir. Dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ayın 16-da Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, mədəniyyət nazirinin budəfəki qəbulu Sumqayıt, Abşeron, Xızı, Qubadlı, Zəngilan, Şuşa şəhər və rayonlarını əhatə edib. Eyni zamanda qəbulda digər şəhər və rayonlardan gəlmiş vətəndaşların da müraciətləri dinlənilib.
Qəbuldan öncə mədəniyyət naziri Anar Kərimov və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Nazir və şəhərin icra başçısı Sumqayıt Şəhidlər xiyabanını ziyarət edib, Vətən uğrunda canından keçən qəhrəman oğulların xatirəsinə ehtiramını bildiriblər.
Sonra Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzinə gələn Anar Kərimov mərkəzin fəaliyyəti ilə tanış olub.
Məlumat verilib ki, 2013-cü ildən fəaliyyət göstərən mərkəzin 2016-cı ildə dövlət başçısının iştirakı ilə yeni binasının açılışı keçirilib. Mərkəzdə xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin ömür yolu və dövlətçilik fəaliyyəti təbliğ olunur. Burada, həmçinin müxtəlif dərnəklər fəaliyyət göstərir, tədbirlər təşkil edilir.
Daha sonra Heydər Əliyev Mərkəzində nazirliyin məsul əməkdaşlarının da iştirakı ilə vətəndaşların qəbulu keçirilib. Sakinlərin müraciətləri, əsasən işlə təmin olunma, iş yerinin dəyişdirilməsi, sərgi və kitab təqdimatının keçirilməsinə dəstək göstərilməsi, fəxri adın verilməsi, əmək müqaviləsinin uzadılması, mədəniyyət müəssisələrinin təmiri, fəaliyyəti və digər məsələləri əhatə edib.
Anar Kərimov vətəndaşların müraciət və təkliflərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qaldırılan məsələlərin operativ, hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Əminik ki, hər bir qaldırılan məsələ obyektivliklə həll ediləcək.
“Ədəbiyyat və incəsənət”
(17.12.2022)
Xurşidbanu Natəvanın xatirəsi anılıb
Ötən gün Abdulla Şaiqin mənzil-muzeyində “Xurşidbanu Natəvan–190. Məclisi-Natəvan” adlı tədbir keçirilib. İlk olaraq mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə Natəvan yaradıcılığında musiqi ilə poeziyanın qarşılıqlı əlaqəsindən, onun təşkil etdiyi ədəbi məclisdən danışıb.
O, ədəbi məclislərdə klassik ədəbi nümunələrlə birgə musiqinin də səsləndiyini, muğam ifaçılarının da məclislərdə fəal iştirak etdiklərini vurğulayıb.
Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq Əlaqələr və İctimaiyyətlə İş şöbəsinin baş mütəxəssisi Zümrüd İsmayılova Xurşidbanu Natəvanın rəssamlıq və tikiş bacarıqları haqqında məlumat verərək, onun özünün tikdiyi geyim nümunələrini göstərib. Zümrüd xanım qeyd edib ki, X.Natəvan öz əl işlərində güləbatın naxışlarından geniş istifadə edib və bu geyim nümunələri hazırda muzeydə qorunur, bəziləri isə hələ də restavrasiyadadır, tezliklə geniş ictimaiyyətə təqdim olunacaq.
Muzeyin əməkdaşı Nurxanım Əskərova Xan qızı Natəvanın siyasi-ictimai, ədəbi və sənət fəaliyyəti haqqında geniş məlumat verib. Çıxışlar slaydlarla müşayiət olunub.
Sonra tədbir layihəsinin müəllifi, Abdulla Şaiqin mənzil-muzeyinin baş fond mühafizi Günel Əsədova Xurşidbanu Natəvan obrazında çıxış edərək, Xan qızının “Qərənfil” qəzəlini səsləndirib. O, həmçinin X.Natəvanın həyatı haqqında monoloqla çıxış edib.
Akademik Milli Dram Teatrının aktrisası Şəhla Əliqızının ifasında X.Natəvan qəzəllərinin ifadəli təqdimatı qonaqların maraq və alqışına səbəb olub.
Tədbirin davamında muğam üçlüyünün ifasında Azərbaycanın klassik muğamları səslənib.
“Ədəbiyyat və incəsənət”
(17.12.2022)
Anons: Bineyi-qədimdən ağ ruhlarım atı türklərin müqəddəsi sayılıb
Yenə də əzəli türk torpaqları olan Saxa - Yakutiya barədə yazıram. Yakutiyanı fəth etməyə gələn missionerlər 1634-cü ildə I rus çarı Mixail Fedoroviç Romanova yazırdılar: “Yakol torpağı çox genişdir, intəhasızdır. Burada əhali çoxdur, atlarının sayı bilinmir”…
Əməkdaşımız Aida Eyvazlının olduqca maraqlı yazısı ilə sabah tanış ola bilərsiniz.
Bakıda cazsevərlərə gözəl Yeni il hədiyyəsi gözlənilir
Dekabrın 23-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında “Christmas Jazz Concert” adlı caz kompozisiyalardan ibarət konsert proqramı təşkil ediləcək.
Caz ifaçıları Rain Sultanov və Şahin Növrəslinin musiqi qrupunun müşayiəti ilə bayram konserti paytaxt sakinləri və qonaqlar üçün ən gözəl Yeni il hədiyyəsi olacaq.
Konsertdə ifaçılar sevilən Milad musiqilərini yeni və özünəməxsus tərzdə təqdim edəcəklər.
“Ədəbiyyat və incəsənət”
(16.12.2022)
Mədəniyyət naziri Sumqayıt şəhərində vətəndaşlarla görüşüb
Yerlərdə sakinlərin müraciət və problemlərinin dinlənilməsi, onların həlli ilə əlaqədar müvafiq addımların atılması dövlətimizin diqqət mərkəzindədir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən bu məqsədlə hər ay bölgələrdə vətəndaşların qəbulu keçirilir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ayın 16-da Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Mədəniyyət nazirinin budəfəki qəbulu Sumqayıt, Abşeron, Xızı, Qubadlı, Zəngilan, Şuşa şəhər və rayonlarını əhatə edib. Eyni zamanda qəbulda digər şəhər və rayonlardan gəlmiş vətəndaşların da müraciətləri dinlənilib.
Qəbuldan öncə mədəniyyət naziri Anar Kərimov və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Nazir və şəhərin icra başçısı Sumqayıt Şəhidlər xiyabanını ziyarət edib, Vətən uğrunda canından keçən qəhrəman oğulların xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzinə gələn Anar Kərimov mərkəzin fəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, 2013-cü ildən fəaliyyət göstərən mərkəzin 2016-cı ildə dövlət başçısının iştirakı ilə yeni binasının açılışı keçirilib. Mərkəzdə xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin ömür yolu və dövlətçilik fəaliyyəti təbliğ olunur. Burada, həmçinin müxtəlif dərnəklər fəaliyyət göstərir, tədbirlər təşkil edilir.
Sonra Heydər Əliyev Mərkəzində nazirliyin məsul əməkdaşlarının da iştirakı ilə vətəndaşların qəbulu keçirilib. Sakinlərin müraciətləri, əsasən işlə təmin olunma, iş yerinin dəyişdirilməsi, sərgi və kitab təqdimatının keçirilməsinə dəstək göstərilməsi, fəxri adın verilməsi, əmək müqaviləsinin uzadılması, mədəniyyət müəssisələrinin təmiri, fəaliyyəti və digər məsələləri əhatə edib.
Anar Kərimov vətəndaşların müraciət və təkliflərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qaldırılan məsələlərin operativ, hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Daha ətraflı - növbəti buraxılışlarda.
“Ədəbiyyat və incəsənət”
(16.12.2022)
Rəsm qalereyası: Səttar Bəhlulzadə, Təbiət lövhəsi
Günün fotosu: Qolodomor - Ukrayna xalqına qarşı genosid aktı elan edilib
Dünən Avropa Parlamenti Qolodomor adlı faciəvi hadisəsini Ukrayna xalqına qarşı genosid aktı elan ermişdir. 507 deputatdan cəmi 12-si qərar əleyhinə səs vermiş, 17-si tərəddüd etmişdir.
1932-33-cü ildə Ukrayna əhalisinin 4 milyonunu aparan Qolodomor Qırmızı Sovet İmperiyasının ən qatı cinayətlərindən biri hesab olunur.
Foto: Euronews
“Ədəbiyyat və incəsənət”
(16.12.2022)
1-ci addım: Arzulamaq
Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini sizlərə təqdim edir
Bütün uğur formullarını sıxıb şirəsini çıxarsaq, təxminən belə bir nəticə əldə edə bilərik:
Uğur formulu = arzulamaq – qarşıya məqsəd qoymaq – planlaşdırmaq – hazırlaşmaq – fəaliyyətə başlamaq – nəticə əldə etmək.
1. Arzulamaq
«Öz arzularınızdan bərk tutun. Onları buraxmayın!» Məşhur Amerika psixoloqu və psixoterapevti Marden Orison bu sözləri nahaq yerə deməyib ki.
Bütün böyük hədəflər, bütün nailiyyətlər ilk öncə arzu şəklində olur. Əgər siz daha yaxşı yaşamaq istəyirsinizsə, ilk öncə anlamalısınız ki, siz konkret nə istəyirsiniz. Həmin o yaxşı həyatı öncə arzularda yaratmalısınız. Əgər arzulamağı uşaq məşğuliyyəti hesab edən varsa, o, kökündən yanlışlığa yol verir. İnsan həmişə arzulamağı bacarmalıdır. Kim bunu bacarmırsa, dərhal bu qabiliyyəti özünə qaytarmağa çalışmalıdır. Biz öz istəklərimizin reallaşmasını arzulamalıyıq, arzuladıqca özümüzü daha yaxşı tanımalı, nəyə qadir olduğumuzu daha yaxşı saf-çürük etməli, ürəyimizin səsini daha yaxşı dinləməliyik.
Uğur qazanmağın əsas sirri – öz həyatın üçün bütün məsuliyyəti öz üzərinə götürməyindir, onu idarə edə bilməyindir. Hər bir insan öz həyatının ağası ola bilmir, bu faktdır. Bəziləri ona görə işə gedir, ona görə yemək yeyir, ona görə televizora baxır, ona görə qəzet oxuyur, ona görə internetə girir, ona görə dost-tanışla ünsiyyətə girirlər ki, buna sadəcə adət ediblər. Onların monoton, şablon həyatlarında hər gün hər şey sadəcə təkrarlanır. Belələri arzulamaqdan məhrum olan insanlardır. Onların yekcins ömür kitablarında heç vaxt nə zavyazka, nə razvyazka, nə də kulminasiyaya rast gəlinməyəcək.
Arzulara gen-bol imkan verin ki, yaransınlar, böyüsünlər, şaxələnsinlər. Özünüzə tək gözəl güzəran, var-dövlət, yaxşı iş, son dəb avtomobil, yaraşıqlı villa kimi maddiyyat arzulamayın, özünüzə yaxşı dostlar, böyük incəsənət uğurları, elmi kəşflər, idman qələbələri, karyera nailiyyətləri, kəsəsi, zirvələr arzulayın. Unutmayın, uğur yolunun startı arzulamaqdan keçir.
“Ədəbiyyat və incəsənət”
(16.12.2022)
“Bir neçə gün boynumda zəncir it damında qalmalı, gəlib-gedənə hürməliydim”
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir.
AĞADADAŞ QURBANOV
(1911-1965)
***
Kino yardıcılığımda kinorejissor Kamil Rüstəmbəyovun lentə aldığı “Zəncirlənmiş adam” qısametrajlı televiziya filmi xüsusu yer tutur. Film Argentina həyatından bəhs etsə də, faciəli insan talelərinin üsyanına həsr olunub. Kamil Rüstəmbəyov baş rola – Alvardo obrazına çəkmək üçün xeyli adamı sınaq çəkilişlərinə dəvət etmişdi. Bu barədə mənimlə də söhbət edəndə dəfələrlə baş rola adam tapa bilmədiyini deyirdi. Bir dəfə yenə kinostudiyada qarşılaşdıq. Dəhlizdə dayanıb söhbət etdik. Söhbət əsnasında qeyri-ixtiyari olaraq:
– Alvardo necə oldu? – deyib, xəbər aldım. – Sən ümumiyyətlə, necə adam axtarırsan?
Kamil məni bir qədər süzüb ağır-ağır cavab verdi:
– Əslinə qalsa, adam tapmışam, ancaq razı olub olmayacağını deyə bilmərəm.
– Burda nə var ki? Əgər sənin dediyin adam aktyordursa, məncə çətinlik olmaz. Əgər rejissor onu görürsə, ona etibar edirsə, aktyor istənilən rolda oynamalıdır, – qətiyyətlə dedim.
Kamil dərindən köks ötürüb əlini çiynimə qoydu.
– Əgər elədirsə, onda mənim işim düzəldi.
– Başa düşmədim, – təəccüblə gözlərimi döydüm.
– Mən elə əvvəldən Alvardoya səni çəkmək istəyirəm.
Filmdə bir neçə gün boynumda zəncir it damında qalmalı, gəlib-gedənə hürməliydim.
“Ədəbiyyat və incəsənət”
(16.12.2022)
“Bizim evin pəncərəsi atamın divardakı şəklidi...” - Eminquey
Bu ilin əsas ədəbiyyat hadisələrindən biri də Qubada keçirilən SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turu oldu ki, 32 finalçının əsərlərindən ibarət Antologiya üzümüzə gələn il “Azərkitab” Yayınlarında nəşr olunacaq. Festivalın rəsmi media dəstəkçisi olan “Ədəbiyyat və incəsənət” portalı antologiyaya daxil ediləcək əsərlərlə oxucularını tanış edir.
Əlizadə Emin Akif oğlu - Eminquey
***
o gün anamın avazına oyandım,
nə ev təmizləyirdi,
nə pəncərə,
heç evimizin çölə pəncərəsi də yox ki,
açıb udasan otların qoxusunu,
Günəş sığal çəkə dibçəklərə,
gözlərini ovxalayıb
tökəsən küçələrə gözlərinin yuxusunu.
atamçun oxuyurdu "Quran"ı
onun bağlanmış ömür kitabında
səhvləri düzəldirdi,
silirdi,
"günahlarını bağışla, ilahi"
deyirdi...
nə də olsa müəllim işləyib on il,
vərdişidi.
inanmırdım...
elə bilirdi,
adına bişirdiyi yeməkdən atam da yeyəcək,
onunçun çox bişirirdi aşı,
qaranı,
gecə yuxusuna gələcək,
qucaqlayacaq,
göz yaşlarını siləcək.
inanmırdım...
atamdan danışırdı dəqiqəbaşı
divardakı şəklini göstərirdi,
nəfəsini dərirdi,
için-için ağlamaqçun.
o gün bilmişəm,
bizim evin pəncərəsi
atamın divardakı şəklidi,
anam ağlayırsa hava yağışlıdı,
gülürsə günəşlidi.
o gün bilmişəm,
bu ev nə vaxtsa yansa,
anam birinci o şəkli götürəcək özüylə,
yuxularında sağ qalan
atamın bircə sözüylə
xoşbəxt oyanacaq yenə yuxudan.
o gecə məni ən çox qorxudan
anamın bir anlıq kəsilən nəfəsiydi,
deyəsən,
atam möhkəm qucaqlamışdı
onu bu dəfə...
yuxulara inanıb yatdım
o gecə səhərə kimi yuxumda
atamı gözlədim...
***
yağışlar
- Musanın yardığı dənizin sularıdı.
çətirlər
- Musanın tərsinə tutulmuş çomağıdı.
o çomaq məndə olsaydı,
düz müharibənin göbəyində,
bir əlimdə çomaq,
bir əlimdə vərəq,
sülh marşı çaldırardım düşmən əsgərlərinə.
həqiqət,
ağacın arxasında gizlənmiş
küskün bir uşağın gözləri kimi
parıldayır uzaqdan.
alınmaz,
dirijor çıxmaz məndən,
uzaqbaşı güllələrdən leysan yağdıraram
düşmən səngərlərinə.
əgər indi
Musanın çomağı məndə olsaydı,
əminəm,
ac qalmamaqçün
şou göstərirdim,
dovşan çıxarırdım papaqdan.
***
həyat taleyimizi qəfil keçirtdi çarmıxdan,
sonra atamızın şəklini,
gödəkcəsini, papağını asdı
əllərimizdəki, ayaqlarımızdakı o mıxdan
sonrası,
qəfildən uşaq kimi yox,
kişi kimi oyandığın sabah olur...
atasız uşaqları incitməyin,
Allahın xətrinə dəyir,
günah olur!
əslində,
İsanın yox,
bütün atasız uşaqların atası - Allah imiş,
biz xoşbəxt olanda
Allah - baba olur...
***
ey sən,
əllərinin qabarında taleyi çirkab adam,
bilirəm,
əllərin ciblərindəki qəpiklərlə kasıblığın tutur ritmini,
çıxırsan Tarqovıya,
o qoca Sveta məğrur yerişlərlə gəzdirir itini,
forsu yerə-göyə,
“Ford”u yollara sığmır,
tənhalıq da belədir,
qollara sığmır,
sığsaydı qucaqlaya bilərdik boşluğu.
lənətə gəlmiş pul,
şəhərin başdanxarab küləyi kimi
hər budağından bir adam aparır,
qızın rütubətdən qaralan divar kağızlarını qoparır,
qadının yuma bilmir
"filankəsin əri bir ailəni də saxlaya bilmir" deyən ağızları.
açırsan televizoru,
" ölkəmizdə yeni həbsxanalar açılır" deyib gülümsünür xəbərçi qız,
gülürsən,
hə qadası,
"söz veriblər ki, hamıya iş də verəcəklər"
açılış sonrası.
indi bilirəm ki, qarışqa yuvaları
bir-birinə qarışmır,
insanlar torpaq uğrunda yarışmır,
ölüm uğrunda yarışır.
insanların pis vərdişləri olur,
məsələn, şokoladı yeyib qurtarırlar,
amma çay qurtarmır.
yəni, ömrün şirin anları tez,
acıları gec bitir...
bilirsən,
yer də qumar masasındakı dəyirmandı,
hamının ömrü bir dəfə də olsa "bankrot"a tuş olur,
atam deyirdi, bil ki,
hədiyyələr hamıya xoş olur,
əgər o qara "çamadan"dan çıxmırsa
yəni, hədiyyələr həmişə sevindirmir.
ey sən, əllərin qabarında taleyi çirkab adam,
bu həyatın dilini bilməlisən,
həyat həmişə insanı ana dilində dindirmir...
“Ədəbiyyat və incəsənət”
(16.12.2022)