
Super User
“İrəvan mətbəxindən nümunələr” layihəsində Kələm dolması
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Kələm dolmasının hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR:
§ Qoyun əti – 117 qr
§ Quyruq – 20 qr
§ Kələm – 176 qr
§ Kərə yağı – 20 qr
§ Soğan – 12 qr
§ Yumru düyü – 20 qr
§ Quru paxla – 25 qr
§ Keşniş – 8 qr
§ Şüyüd – 8 qr
§ Quru nanə – 3 qr
§ Quru reyhan – 3 qr
§ Quru mərzə (və ya təzə) – 3 qr
§ Abqora – 10 qr
§ Pomidor (və ya tomat pastası)
– 30 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ qatıq – 30 qr, nanə – 8 qr, reyhan – 8 qr, meyvə turşusu (məti) – 25 qr
HAZIRLANMASI:
Qoyun ətinə soğan, duz, istiot vurulub, ət maşınından keçirilir, qiymə hazır- lanır. Sonra qabığı təmizlənmiş paxla, müxəşşər, düyü, yuyulub-təmizlənmiş, doğranmış göyərti, sarıkök, mərzə əlavə edilib qarışdırılır. Kələmin özəyi çıxarılır, yarpaqları ayrılsın və yumşalsın deyə qaynar duzlu suda pörtlədilir, su- yunun süzülməsi üçün aşsüzənə yığılır. Yarpağın zoğları kəsilir, hər kələm yar- pağının içərisinə 50-60 qr qiymə qoyu- laraq bükülür. Qazanın dibinə kələmin qalan yarpaqlarından qoyulur, üzərinə dolmalar düzülür. Aralarına pomidorlar dilimlənib qoyulur. Tomat abqora və su ilə qarışdırılır, dolmanın üzərinə əlavə olunur. Bişməyə qoyulur, qaynara düşəndən sonra vam oda keçirilir. Qapağı örtü- lür. Bişənə yaxın kərə yağı əlavə olunur. 1-1,5 saat müddətində dolma hazır olur. Xörəyin suyu tam qurumamalıdır. Yanın- da qatıq, nanə, reyhan, meyvə turşusu (məti) verilir.
Tərifə Kəngərlinskaya (İrəvan şəhəri) eyni nüsxədə içliyə quru paxla əvəzinə şabalıd qatmış, göyərti qismində isə yalnız reyhan və mərzə əlavə etmişdi. Xörək əlavəsi kimi işkəncəbi ilə süfrəyə verilir.
“Ədəbiyyat və incəsənət”
(12.02.2025)
BİRİ İKİSİNDƏ – Şəfa Vəli “Ulduz”da “Genc yürekler” barədə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə Şəfa Vəlinin “Ulduz”da “Genc yürekler” məqaləsini təqdim edirik.
“Yazının işığında geleceye yürüyoruz...” “Genç Yürekler” dərgisinin şüarı olan bu cümlə ilə yazının sevdalı yollarına addım qoymaq xoşbəxtlikdir. Nə qədər Rey Bredberi “Dadli Stounun ölümü” hekayəsində beynimizə yeritməyə çalışsa da ki “yaşamaq yazmaqdan əfzəldir”, ruhumuz bunu qəbul etmir. Yazmaq taleyimiz, yazmaq həyatımızın özüdür. “Genç Yürekler” dərgisinin adı da elə-belə seçilməyib. Dərginin heyəti “bir gəncin ürəyinə toxunmaqla başlar hər şey” gerçəkliyi ilə Türk dünyasında özlərinə ulduz yolu salmaq qərarında idilər 2019-cu ildə. 5 il keçdi, yolları Türk dünyasının Qafqazda vuran ürəyi olan Bakıda “Ulduz” ilə kəsişdi.
Qulu Ağsəsin rəhbərliyi ilə “Ulduz” kollektivi daim ədəbiyyata sadiqdir. Hər ay yeni sayının çıxmasını nənəmin turşulu supu, anamın qurudlu xəngəli kimi dişlərimin ucu sızlaya-sızlaya gözlədiyim tək jurnaldır “Ulduz”. Müqayisə edə biləcəyim daha həsrətli heç nə tapammaram; nənəm 5 ildir ki, bu dünyada yoxdur, anam 10 ildir ki, qurud qoymur. Hər ayın başında yenilənən həsrətimi hər ayın sonu “Ulduz”la ovuduram. Və bu sətirləri yazarkən belə, gözlərim dolur...
Hə, təsəllidir mənə “Ulduz”. Və bu ilin sentyabrında “Ulduz”dan “Genç Yürekler” keçdi. Həsrətimin rənginə ay-ulduzlu al bayrağın məğrurluğunu qatdı “Ulduz”un sentyabr sayı. Balaca Şəkinin böyük ürəkli insanları qapılarına üçrəngli bayraqla yanaşı, al bayraq da asıblar, gələnlər görür. Və mən Şəkinin gözəl payızında “Ulduz” oxuyuram.
Muhterem Şahin “Senin törene kurban” deyə yazıb Bestami Yazgana ithafən... O Bestami Yazgan ki, “Ah benim korlu yüreğim” şeirində deyir: “Hasret başa taç yazılmış, Dert, alnına borç yazılmış...” Bəlkə də, sayın Muhterem Şahin “Tozlanmış raflardan bir şiir buldum” deyəndə elə bu şeiri nəzərdə tutub, kim bilir?! Düşdüyü o heyrətin içində Tanrının ona əta etdiyi şair ruhunu adam arasına çıxarmağı bacarıb. Təsəllisi bu olub: “Hayret edip şaşmak yasak!” “Burası Bozok yaylası” şeirində deyir ha, sayın Şahin, “her ilçesi bir gül koklaması”, “Genç Yürekler”e ürəyini açmış “Ulduz” da gül qoxusu saçır. Ürək qoyulan hər yazıdan gül ətri gələr!
“Genç Yürekler” dərgisinin yola qoyulduğu gündən bu yana qət etdiyi məsafə, kamına yetdiyi səmt ağacları, nəfəs dərdiyi yolayrıcları haqqındadır Mehmet Hakkı Yanmazın şeiri. “Yazının işığında atılan addımlar gələcəyə çatacaq” inamı var şeirin içində:
İlmin, eğitimin, bilgin ve kültürünle,
Kalemin ve kelamın tesirli hikmetiyle,
Aydınlık günler kapında, sabret, az ötende,
“Genç Yürekler” gelecek, gelecek seninle.
Arslan Kayanın (Âhar) “Şairin şiiri”ndə pəncərə-dünyaya baxıb keçən şairlərin xatırlanması vəfadır-şairə, şeirə, insanın özünə. “Sürgündeyken Halikarnas gibi Sessiz gemilerde türküler söylemek” arzumudur, yaşanmışlıqmıdır, xatirəmidir? Bəlkə, heç biri deyil, Tanrının şairə sirr pıçıldamasıdır? Halikarnas balıqçısının-Cevat Şakirin Azra Erhata göndərdiyi son məktubdakı o cümlələri xatırlayıram: “Yahu, mən bu dünyaya bir daha gəlməyəcəyəm. Dağların, suların necə axdığını görsünlər ki, gözlərim açıq qalmasın…” Şeirlərdəki sirləri də bilsəydi insanlar, şair olaraq gözümüz açıq qalmazdı dünyadan yükümüzü çəkəndə… Müşfiq demiş, “arzuya bax...”
“Turana esiyor Baküden rüzgar, Yeşil, kızıl, bir de gök, ay-yıldız var!” Cemil Sütbaşın “Kızıl elma” şeirini oxuyandan sonra dilimin əzbəri olan misralardır. Heca-heca qürurlanmışam! Qürurumun müşayiətçisi Fazlı Sakarın “İki hece” şeirindən seçdiyim misradır: “Sokakları bırakan yolun hayalindeyim”. O yolun ki, Türk dünyasının bu başından başlayır, o başınacan gedir.
Erdem Ayıkın “Değişmeyen tek şey” adlı yazısını Baumanın 44 məktubunun davamı kimi oxudum. Həyatımızın hər anında fərqində olmadan özümüzə nəsə qazandırdığımızı deyən müəllif insanın nəyisə dəyişmək cəhdinin bəzən boşuna olduğunu vurğulamaqdan çəkinmir. Onun fikrincə, insan dəyişimə özündən başlamalıdır. Güllərin qurumasını istəməyən insan hər gün o gülləri sulamağı vərdişə çevrilməlidir. Bacararmı? Erdem Ayıkın yazısının sonunda açıq qalan sual budur.
Şərqi Anadolunun qış mənzərəsində insanın xoşbəxtlik arayışından bəhs edir müəllifi Esma Erdoğan Ayçiçek olan “Doğudan bir kış öyküsü”. İnsana ən soyuq qış günündə belə, isinməyi öyrədən yazıdır.
Ayşe Nur Sivri “İstikbalimizin İstiklali” yazısını Mehmet Akif Ersoyun “İstiklal marşı”na həsr edib. Qəşəng bir cümlə keçir yazıda: “Biz Türk milletiyiz, aç yatarız, yeri gelir, susuz kalırız; ancak Vatan olmadan yaşayamayız”. Vətənə olan sevginin sadə sözlərlə bu qədər dərin anladılması Ayşe Nur xanımın qələminin peşəkarlığının göstəricisidir.
Dostluq-mənə görə, sevgidən daha mücərrəd qavramdır. İnsanı sevgidən çox, məhz dostluq xəyal qırıqlığına uğradır. Bumin N.Dündarın “Dost hançeri” şeiri elə bu xəyal qırıqlıqlarının poetik əksidir. “O`ndan gelir, O`na gider” deyən Bestami Yazgan isə “həyat-məmat arasında qaçaraq keçən ömrün” faniliyini anladaraq sanki dost xəncəriylə uğradığımız xəyal qırıqlıqlarını bağışlamağımızı diktə edir. Mənsə sayın Bestami Yazgana üz tuturam: “Yalan dünyanın köçəri quşları kimi yaşadığımız zaman kəsiyində sol tərəfimizə dost əliylə son sürət saplanan bıçağı bağışlamayan bizmi günahkarıq, yoxsa o bıçağı saplayan?”
Ahsen Yıldız Şahin və Selahaddin Kaşgarlı öz yazılarında uyğurların məruz qaldığı zülmə diqqət çəkirlər. Yazıları oxuduqca Türkün tarixində hələ dilə gəlməyən, hələ üstü açılmayan nə qədər zülm olduğunu düşündüm. Babalarım, valideynlərim 1988-ci ilin o qarlı qışında canlarını götürüb Ermənistan-Azərbaycan sərhədini bəri keçəndə də zülmün əlindən qaçmışdılar. Zülm zülmdür-zaman onun rəngini də, yaşatdığı ağrıları da dəyişmir. Bişirdiyi yeməyi qazanında qoyub zalımın qəddarlığından qaçan anamın qaçqınlıq günlərində yazdığı qırıq-qırıq xatirələrin bir gün kitab kimi nəşr olunmasını diləməkdən başqa əlimdən nəsə gəlmir. Və zülm haqqında yazılan yazılara giziltili bir şükür duyğusu ilə yanaşıram. Nə də olsa, “söz uçar, yazı qalar...” Murat Aybirdi “Türkistanlı çocuklara tunç kafiye” adlı şeirində təsəlli verməkdən ötəyə keçməsə də, inanıram ki, “Bitecek bu kara kış, mevsim dönecek yaza”. Və Türkün izi nə silinəcək, nə də unudulacaq! Zaman-zaman o izlər axtarılacaq, tapılacaq, üzə çıxarılacaq: Ali Onur Karanın “Batı Trakyada Türk varlığı” adlı yazısı kimi.
Edib Aykut Çiçekli “Ebediyeti kutlu kılmak” adlı yazısında müasir insanın insandan qopmasını dilə gətirir. İmran Azaklı Tekelinin “Ağlamaklı bir Mona Lisa” yazısı Edib Aykut Çiçeklinin fikirlərinin təsdiqi kimi qələmə alınıb sanki. İnsan insana gərəkdirsə, insan insansız yaşaya bilmirsə, seçdiyimiz/itələndiyimiz tənhalıq bizə əlac ola bilərmi? Təbii ki, yox! Amma ürəyimizi qıranlar, qəlbimizə dəyənlər bizi həmin əlacsızlıqla baş-başa qoymaqda mahirdirlər! Dünənimizə baxanda-tarixə boylananda müasir insanın, həqiqətən də, tənha olduğunu anlayır, üzülürük... Məsafələr daha uzunkən, zaman daha yavaş irəliləyərkən, həyat daha bəsit yaşanırkən insan insandan bu qədər qopmamışdı heç. Muhammet Bekir Karacakaya “Türkistandan Anadoluya Türk kültüründe ferfene toplantısı” adlı yazısında ictimai münasibətlərin dünənindən bəhs edir... O dünəndə ortaq asılan qazanlar, eyni sevinən uşaqlar var.
Payız bizim ürəyimizdən keçir, yoxsa biz payızın ürəyindən? Yaradıcı insan olaraq bizmi qazanclı çıxırıq payızdan, yoxsa payızmı neçə-neçə şeir, hekayə, esse qazanır ürəyimizdən keçdiyi anlıq yolçuluqlarda? Melike Yazganın “Sonbaharım” şeirini oxuyarkən bunları düşündüm... Cavabsız qalan bütün suallara ehtiramla, növbəti yazını oxumağa tələsdim. “Sevgi güzel şey” dedi Lokman Tümtürk. Yazıda sevgidən daha çox sevənin nəyə çevrilməsindən bəhs edilir. Sevgi gözəlləşməkdir!
Yolun məramı kirlənməyibsə, yolçuluq qudsaldır. Havva Ay “Yolcu selamı” şeirində yazır: “Bu satırlarda tanıştık siz yolcularla,Yolunuz hangi güzergâhta?” Əhməd İsayevin Bəndər romanında Göygöldən üzü bəri Gəncəyə gələn yolun təsviri var. Bu iki misrada o yolu niyə xatırladım, bilmirəm. Hikmətini yolu yaradan-Yaradan bilir... Unutmaq istədiyim, daha doğrusu, yerli-yersiz xatırlamaq istəmədiyim o qədər oxucu xatirəsi var ki ruhumda. Unutmağın çətin olduğunu söyləyə bilməyənlər elə asanca “Unut!” deyə məsləhət verə bilirlər ki! Amma Ebru Yılmaz bütün səmimiyyətiylə “Zor olacak” deyir:
Tam unuttum derken,
Ya da unuttum diyerek kendimi kandırırken,
Kimseye bizden bahsetmeyerek
Yaşatıyorum derinlerde seni...
Cem Arslan “Genç Yürekler” dərgisinin Sorumlu Yazı İşleri Müdürüdür. “Ulduz”un sentyabr sayında onun olduqca məsuliyyətli bir işin altına çiyin verdiyinin şahidi oldum. Cem Arslan yazar, redaktor, akademik Dr.Ömer Küçükmehmetoğlu ilə müsahibə edib. Söhbətin “Köroğlu” dərgisi ilə bağlı hissəsində 2016-cı ilin qışında Gülnar Səma ilə birgə Mikayıl Müşfiq haqqında yazı yazmağımız, “Köroğlu” dərgisinə göndərməyimiz yadıma düşdü… Dərgi nəşr olunanda da yazmağın verdiyi sevinc qədər sevinmişdik.
Büşra Ekinci “Güven edebiyatı” adlı yazısında günümüzün dərdlərindən birini dilə gətirib: insanın insana inamı qalmayıb. Hə, o gerçəklə razıyam ki, insan həmişə insandan əyrilik, vəfasızlıq gözləyib. Amma kürəyini söykədiyi, ürəyini verdiyi birindən qeyri-dürüst hərəkət görəndə özünə zehnən qurduğu dünya yıxılır axı… O anlarda ədəbiyyat köməyə çatırmı, xilaskara çevrilirmi? Büşra Ekinci həmkarlarına üz tutur, yazdıqlarımızla insanın insana güvənməsini aşılamağa çağırır bizi.
Necdet Özkaya “Edebiyat başka türlü anlatmaktır” kitabından kiçik bir yazı ilə “Ulduz” oxucularının görüşünə gəlib. Danışılan nağılların, rəvayətlərin qədim insanları öz sehrinə salmağından yazan müəllif bu prosesi ədəbiyyatın yolçuluğunun bir hissəsi sayır. Yazıda həmçinin ədəbiyyatın təkcə var olanı deyil, bəzən olacaqları da anlatdığı həqiqətini oxuyuruq.
Hərdən ağlımıza gəlir hamımızın: “Telefon, internet yox ikən insanlar necə xəbərləşirdilər? Məsələn, kəndin o başında olub-bitəndən necə xəbərləri olurdu? Axı insan informasiyasız yaşaya bilməz”. Hələ atalar sözümüz də var insanın doymaz marağı haqqında: “Qulaq gündə bir söz eşitməsə, kar olar!” Bəs keçmişdə qulaq o yeni sözü necə eşidirdi? Hamza Öztürkçünün “Kirazlı köyün berberi” hekayəsində məhz bu suallara cavab tapacaqsınız.
Bir şairin başqa bir şairin şeirində düşüncə döngələrinin xəritəsini tapdığını görmək həmişə xoşbəxt edir məni. Bu, qələmin həmrəyliyidir! Bu, yaradıcılığın səmimiyyətidir! “Cemal Safi için gönlümden…” yazan Mehmet Ali Kalkana bu mənada mütəşəkkirəm. Elə səmimiyyətlə yazıb ki “Cemal Ağabey”! Yazıda Cemal Safinin “İmkansız” şeirinin yurdunu da tanıyırıq. Sədnik Paşa deyirdi: “Şeirin özündən yurdu şirindir!”
“Mutsuzluk: hakkı çok yenen bir kavram” yazan sayın Hatice Zeynep necə gözəl yanaşıb müasir insanın bədbəxtliyinə. Xoşbəxtliyin nisbi olduğunu anlamamaq cahillikdir-müəllifin “Mutluluk anarşisti” adlı yazısını oxuyandan sonra gəldiyim qənaət budur. Ardınca Ayşe Şeyma Arslanın “Türk” şeirindəki xoşbəxtliyini gördüm. “Dağları əridən”, “Cahanı saran” bir qövmün mirasçısı olmağın xoşbəxtliyini yaşayır bu günün türk şairi! Belinay Demir isə hekayəsində türkün tarixində öz izini qoymuş bir qəhrəmandan-Kara Mehmet Çavuşdan yazıb. Türk Milli Mücadiləsinin adsız qəhrəmanlarına ithaf edilmiş hekayə hər şeyini geridə qoyub Vətənin hayına yüyürən igidlərin fədakarlığının ədəbiyyatda bir daha boy göstərməsidir.
Esra Söylemezin “Atarlı Aziz” hekayəsinin qəhrəmanı da adsız qəhrəmanlardandır. Amma bu dəfə biz qəhrəmanı düşmən gülləsinin qarşısında deyil, insan eqosu ilə müharibədə görürük. “Doğma”, “yad” anlayışının mənasızlaşdığı, təkcə insan olmağın bir dəyərə sahib olduğu anlar yaşanır hamımızın həyatında. Bizim missiyamızın biri, bəlkə də, birincisi o anı əlimizdən qaçırmamaqdır. Yoxsa ruhumuzda elə peşmanlıqlar tayalanar ki, içində kədərlər yuva qurar… Murat Karakoyunlunun “Halet-i Ruhiye”sində həmin peşmanlıqları oxuyuruq içimizdəki günəş qürub etmədən. Ümidimiz diri qalır: hər qürub bir dan üzünün müqəddiməsidir!
Mehmet Kütükçüoğlunun “Çivi Mustafa” hekayəsinin qəhrəmanının gözü uzağa dikilib. O qədər uzağa ki, özünü də unudub. Yaşamağın ən asanının özünü unutmaq olduğunu düşünür bəzən kimsə… Yanıldığını anlaması gecikmir… Cümləmin sonuna nə “şükür” kəlməsini qoya billəm, nə “heyif”; insan olmaqdan danışıram, konkret sərhədlər cızıram, amma özüm də bilirəm ki, insan olmağın çərçivələri elastikdir… Bəşəriyyətin daş sütunlarından biridir: “İnsan əvvəlkidir elə!”
“Başlanğıç”: Gerçeklik üzerine… Erdem Yapan həyatın, düşüncənin ədəbiyyatda deyil, kinodakı əksindən danışır, incəsənətin bu sahəsi ilə ədəbiyyatın sərhədlərində gəzişir. Erdem Yapan o sərhəddə oxucudan gizlətdiyi daha nələri tapmışdı, bilmirəm, amma gizlədilən hansısa düşüncə olduğunu fərq etmək çətin deyil.
“Hamının ən gözəl əsəri anası haqqındadır…” Bizim dəyərli Elxan Yurdoğlunun sözüdür. “Xətir üçün…”dən sonra aldığım rəylər məni bir yazıçı kimi sevindirdi, bir övlad kimi ağlatdı. Mən hələ anamı anladacaq gözəl əsər yazmamışam, məncə… Uğur Zaferin “Sol yanımda gül saklı” şeiri də onun anasına yazdığı ən gözəl şeir deyil, məncə… Ümumiyyətlə, ananı anladacaq o ən gözəl söz dilə gəlməyib, bəlkə də… Fəlsəfəni bir tərəfə qoyuram, etiraf edirəm ki, bu şeiri ağlayaraq oxudum.
Türkistan aydını Kasım Tınıstanoğlunu Sabırbek Börübayın yazısında tanıyırıq. Bir daha anladım: “Öz xalqının dərdi ilə dərdlənən aydınların işığı zamanın bağrını yarmağa qadirdir!” Dərddən qorxmaq bəşərin ən asan etdiyi seçimdir, düzdür, amma dərd yükünü kürəyinə alan, onu mənzil başına çatdıranlardır düz dünyanın düz vaxtını xatırlayanlar, bu haqda danışanlar, yazanlar… Məncə, Tuba Özkanlı elə buna görə ürəklə, çəkinmədən “Endişe sermayedir” deyir.
Amma şairin gözünə “Şimdiki zamanın penceresinden” hər şey fərqli görünür: insan yaşadığı anların cəmindən ibarət olanı yığır, üstünə adını yazır: “Yaşadıqlarım…” İnsan nə yaşasa, onunla vardır. Nurşah Talay ən sadə sözlərlə insanın həmişə olduğu yeri, heç vaxt olmadığı yeri anladıb:
Ne ilerdeyim, ne geride,
Tam ortada andayım.
Ne geçmişteyim, ne gelecekte,
Anı yaşarım –
Hayatım orda benim.
Yağmur Filiz Şahin “Özüm atasözüm” yazısında qeyd edir: “Atasözleri, toplumların en değerli kültürel parçalarıdır”. Mənim böyüdüyüm atalar sözləri və göyçəli məsəlləri isə mənimçün təcrübələrin deyil, düşüncələrin nəticələridir. Çünki təcrübə sübut edir ki, atalar sözləri reallığın fövqünə qalxa bilir, yaxud tam tərsinə, reallığın hökmranlığı altında əzilir. Semiha Arasboranın şeirində biz həmin o hökmran reallığın bircə küncünü görürük. “Ben köylü kızıyım, Anadoluyum” adlı şeirdə ən sevdiyim misralar bunlar oldu: “Bir tebessüm ile kalmaz kederim, Ben köylü kızıyım, Anadolu’yum”. Hə, insan bəzən budur-kədəri olduğu kimi-müvəqqəti yaşayan. Hatice Zingi isə “İnsan kimdir?” adlı yazısında insan olmağı tamam başqa cığırların kəsişmə nöqtələrində anladır. Onun fikrincə, Tanrının sözləri sayılan bütün qudsal kəlamlar “Yaradanın insana öz gerçəyini xatırlatmaq cəhdidir”. Lakin müəllif bu cəhdin uğurlu olub-olmadığı barədə bizə ipucu vermir. Düz də edir! Həqiqət individualdır!
Kenan Karanın “Gülcihan” şeirində ayrılıq var. Lirik qəhrəman ayrılığın səbəbini axtararkən ilkinlikdən sıyrılıb çıxa bilmir: günahkar seviləndir... Ya əgər o da sevirsə? Milyon illərdir ki, ayrılığın günahkarı odur, sənsən, mənəm. Və elə o vaxtdan bəri də hamımız günahsızıq... Özümüzə yaratdığımız kədəri də, özümüzə tapdığımız kiçik sevincləri də seyr edən bircə tamaşaçımız olur həmişə-dövran. Ona görədir ki, hamımızın pəncərəsində “qandan bir hırka var”.
Ömer Kayanın “Sarışın kurda ağıt” şeiri haqqında fikir bildirməyə cürət etmədim. Ruhum bu şeir qarşısında sayğı duruşunda:
Sarı yağız bir deli kurdu andırırdı gözleri.
Ömrü bir destan, yüreği bir kor, sözü ateşti
Şimdi mıh gibi aklımda tutuyorum ettiği sözleri
Ağıtlara sığmazdı ya... bir tabuta sığdı gitti.
Ayakta tutan bizi kavgası, derdi ve ülküsü
Kabına dar gelen adam kırklara karıştı gitti
Şimdi dudağımda yarım kalan bir Bozdoğan türküsü
Aydın'ım kurt nefesli ordularla yarıştı gitti.
Semiha Dede “Yeşim taşı efsanesi” (bir kitap eleştirisi) adlı yazısında dünya ədəbiyyatındakı ümumi problemdən-uşaq ədəbiyyatının yetəri səviyyədə olmadığından danışır. Uşağına oxumağa milli ədəbiyyat nümunəsi tapmayan valideyn məcbur qalır, xarici müəlliflərin kitablarını alır. Nəticə etibarilə, uşaq öz milli-mənəvi dəyərlərindən, mənsub olduğu xalqın təfəkküründən qopur, uzaqlaşır. Yerli yazarların da eləsi var ki, xarici ünsürləri əsərinə qatmaqla, müasir üslubda yazıb-yaratdığını düşünür. Və belə bir vaxtda Semiha Dede Ömer Ünalın “Yeşim taşı efsanesi” kitabına rast gəlib. “Türk tarixi dastanlarındakı real qəhrəmanların bolluğu”ndan istifadə etməyi həmkarlarına tövsiyə edən müəllif ümidlidir ki, Ömer Ünal kimi yazarların sayəsində “uşaqlar doğma torpaqlarla bağlarını itirməyəcəklər”.
Yusuf Alper Oyar “Malihuyla dönemeçleri” adlı şeirində qəribə bir hikmətə söykənir: “İnsan insanın ihanetidir”. “Dönemeç sonsuzluğuna tutukluydu hayat...” deyən şairin ümidsizliyin qoynunda çiçək açdırmağını umur oxucu. Təəssüf ki, tapmır… Yolu bu dəfə də Aslı Elif Demirin “Girdap”ına düşür oxucunun. Ümid olmasa da, tərəddüd var burada-ümidsizlik uçurumunun başında durub ayağımızı yerdən qaldırmadan öncə bu tərəddüd bəs edir bəzən geriyə dönməyə: “Vefa(sızlık), Parçalar durursun içimi!” Tərəddüdlər həmişə həqiqətə doğru gedən yolun səmt ağacıdır!
“Müəllim çörək yemir”…İndiki uşaqları bilmirəm, amma biz birinci sinfə gedəndə belə bilirdik. Geriyə dönüb baxanda ömrümüzdən keçən müəllimlərin hansının əsl, hansının qəlp olduğunu yaxşıca seçə bilirik. Çox istəyərdim ki, mənim xatirəmdə qəlp izlər qoyanlar da nə vaxtsa Sümeyra Karaca kimi özlərini sorğulayaydılar: “Ben öğretmen olamadım…” Cümlənin sonuna sual qoymaq şansı da tanıyardım o qəlp müəllimlərə.
Tuncay Çalışkanın “Günebakanların arasından” adlı yazısı isə səmimiyyətin əslidir. Ukraynada yaşayan türklərə baş çəkən Tuncay Çalışkan yazır: “Kırım’da su aynı, su tadı başka, gece aynı, serinliği başka, güneş aynı, sıcağı başka, kavun aynı, lezzeti başka, evler aynı, pencereleri başka, yollar aynı, yürüyeni başka, çocuklar aynı, giyimleri başka, ezan aynı, avazı başka; iyilik aynı, muhabbet aynı- hepsi aynı, bakışlar da, gözdeki yaş da, akıl taşıyan baş da, duvardaki damgalı taş da-her şey Türkiye ile aynı”.
“Neşter” şeirində Ülkücan Sütbaşın lirik qəhrəmanı üsyankardır. Yaşama, dövrə, ətrafdakı insanlara-hər şeyə üsyan edən qəhrəman özünə təsılli yeri axtarmır. Bunu şairin ədəbi manevri kimi dəyərləndirdim. Təsəlli yerini oxucu özü öz həyatında tapsın, şeiri hansı ahəngdə istəsə, o cür də oxusun… Mustafa Türk isə “Adamın biri” şeirində ən böyük təsəllinin Yaradan olduğunu söyləyir.
Vedat Oyuklunun “Kaybedilen yitik” və Muhammed Burak Tunayın “Yorgun emekçiler” şeirləri həyat otağımın divarındakı tabloların bədii təsviridir. Məncə, çox adam bu iki şeirdə özünü tapacaq. “Hamı” demədim, bu tabloları görməyənlər də var. Və bu görməməzlik həmin tabloların reallığını yox etmir.
…Beləcə, gəlib çatdım bir payız “Ulduz”unun sonuna. Yarpaqların sarının saysız çalarına bürünməyini gözləyirdim, leysan qoymadı. Dumanında azdığım bir payız günündə “Ulduz”un üz qapağına baxa-baxa oxuduğum yazılardan neçəsinin məni ağlatdığını saymağa çalışıram. Sonra da düşünürəm: ağlamağa vaxt yoxdur, məni “Azalyanın kitabı” və “Afayət muzeyi” gözləyir. Bu şeirin haradan, niyə gəldiyini isə özüm də bilmədim…
Bu payız sarı gəlmədi...
Geyindiyi boz nimtənə
Naxış həsrətinə yenik...
Arzu yolum heç bitmədi,
Sözləri qoydum nimçəmə,
Dolanıram gədik-gədik...
İtdi yarpaq arasında
Dünənimin ayaq izi,
Sabahıma nə aparım?!
Hörümçəyin sarısında
Axtarıram bu payızı,
Özümü kimdən qoparım?!
Şeirlərim mesaj olur,
Mesajlarım dərd yanğısı...
Görən soruşar: "Dəlisən?"
Ağlamağım yasaq olur...
Güzgüdə də sükunətdir,
Tapılmır üzümə deyən:
... Ağla, qoy gözün ağrısın,
Ağlamağın şeiriyyətdir,
Sən axı Şəfa Vəlisən!
"Ədəbiyyat və incəsənət"
(12.02.2025)
TƏLƏBƏ YARADICILIĞInda –“Unudulmuş arzu” hekayəsi
Tələbə yaradıçılığı rubrikasında sizlərə Ağdam Dövlət Sosial-İqtisad Kollecinin 2-ci kurs tələbəsi Nuray Fərzəliyevanın –“Unudulmuş arzu” hekayəsini təqdim edirik.
“Bəzi arzular ölür, bəziləri isə sadəcə unudulur. Amma bir gün, səni tapmaq üçün geri qayıdırlar…”
Kənan bu həyatı özü seçməmişdi. Əslində, heç vaxt öz seçimini etməmişdi. Atası hüquq fakültəsinə daxil olmasını istəmişdi, o da daxil olmuşdu. Anası sabit işinin olmasını istəmişdi, o da ofisə bağlanmışdı. Hər kəs ondan nələrisə gözləmişdi, o isə özündən heç nə gözləmirdi. Həyatı - başqalarının onun üçün çəkdiyi bir yolda addımlamaqdan ibarət idi. Və o, bu yolda sanki bir kölgəyə çevrilmişdi. Hər səhər eyni marşrut, eyni insanlarla göz kontaktından qaçan solğun üzlər, eyni boz divarlar arasında keçən saatlar… Axşam isə eyni yorğun bədən, eyni susqun televiziya ekranı, eyni boşluq. Bəs içindəki o keçmiş xəyal? Bir vaxtlar gecələr boyu yazıb-pozduğu hekayələr? Uşaq yaşlarında əlindən buraxmadığı dəftərlər, öz hekayələri ilə dolu o dünyalar? Sanki başqasının keçmişi idi. Ancaq bəzən, çox nadir hallarda, içində qəribə bir səs pıçıldayırdı:
“Sən bu həyat üçün doğulmadın.”
Amma Kənan hər dəfə bu səsi boğurdu. Çünki artıq çox gec idi… Elə deyilmi?
O gün təsadüf onu keçmişinin qapısına gətirdi. Uşaqlıq evində anası köhnə əşyaları ayırırdı. Kənan otaqları gəzdi və bir sandığa toxundu. Toz basmış köhnə dəftər sandığın içindəydi. Saralmış səhifələr, solğun cümlələr… və birdən, gözünə bir yazı sataşdı: “Böyüyəndə bu dəftərə qayıdacaqsan. Əgər yazmağı unutmusansa, xahiş edirəm, yenidən başla”O, bunu illər əvvəl öz-özünə yazmışdı. Və indi bu sözlər, sanki illərin tozu altında basdırılmış ruhunu silkələyirdi. Dəftəri vərəqlədikcə, keçmişi gözlərinin önündə canlandı. Balaca Kənan… Gözlərində həyəcan, ürəyində min bir hekayə… Bəs indi? İndi o, sadəcə bir ofis işçisi idi. Sənədlərə imza atan, həftə sonlarını seriallarla öldürən, hər səhər yuxulu halda işə gedən biri. İçində bir şey qırıldı. Axşam yata bilmədi. Dəfələrlə eyni sual beynində dövr edirdi: “Mən nə vaxt xəyallarımı dəfn etdim?” Gözlərini tavana dikdi. Xatırladı… İlk dəfə yazılarını dostlarına oxutmuşdu, onlar gülmüşdü. Müəllimi “buna vaxtını sərf etmə” demişdi. Valideynləri isə “yazıçılıq sənə pul qazandırmaz” deyib onu hüquqa yönləndirmişdi. Və o, inandı. İnandı ki, bu xəyal yaşamaq üçün yetərli deyil.
Amma indi…
İndi bilirdi ki, daha betəri var: Xəyalınla yaşamamaq. Nə isə dəyişməli idi. Sabah oyananda ilk dəfə başqa bir marşrut seçdi. İşə yox, kitabxanaya getdi. Öz-özünə söz verdi: “Hər gün az da olsa yazacağam. Baxım görüm, içimdəki Kənan hələ sağdırmı?” İlk cümlə çətin gəldi. İllərdir unutduğu sözlər, beynində sanki paslanmış bir qapının arxasında qalmışdı. Amma sonra sanki içində kilidlənmiş olan bir dünya açıldı. Səhifələr bir-birini əvəz edirdi.
Gecələr daha da uzanırdı. Bir gün yazdıqlarını bir dostuna göndərdi. Cavab gözlədiyindən fərqli oldu: “Bu, mükəmməldir. Niyə bu vaxta qədər yazmamısan?” Kənan gözlərini yumdu. Həqiqətən, niyə? İllərdir qorxurdu. Başqalarının nə deyəcəyindən, uğursuz olmaqdan, özünü gülünc vəziyyətə salmaqdan. Amma indi fərqi yox idi. Çünki o, nəhayət ki, içindəki həqiqi səsi tapmışdı. Kənan bir gün işini atdı. Bu, onun üçün ən çətin addımlardan biri oldu. Anası əsəbiləşdi, dostları onu “dəli” adlandırdı.“Necə yəni işdən çıxırsan? Yazmaqla nə qazanacaqsan?” Amma o, artıq qorxmurdu. Çünki o, nəhayət ki, özü üçün yaşayırdı.
İllər keçdi. O, bir kitab yazdı. Sonra başqa bir kitab… İnsanlar onun sözlərində özlərini tapmağa başladılar. Bir gün gənc bir oxucudan məktub aldı: “Sizin kitabınızı oxuyandan sonra həyatım dəyişdi. Mən də yazmağa başladım. Artıq bilirəm ki, xəyal qurmaqdan qorxmaq lazım deyil.” O, məktubu oxuyandagözləri doldu. İllər əvvəl, balaca Kənan da belə düşünürdü. Amma sonra böyüdü, inamını itirdi. İndi isə yenidən tapmışdı.
Məktubu dəftərinin arasına qoydu. Və bir cümlə yazdı:
“Xəyallarını basdırma. Bir gün səni oyatmaq üçün geri qayıdacaqlar.”
Xəyalın varsa, onu öldürmə. Dünya onsuz da kifayət qədər solğun və ruhsuzdur. Əgər içində səni çağıran bir səs varsa, ona qulaq as. Çünki arzularını dəfn etsən, bir gün sən də özünü itirəcəksən.
“Ədəbiyyat və incəsənət”
(12.02.2025)
BİR DİREKTOR, BİR ŞAGİRD layihəsində Yəhya Abbasov və Gülər İsmayılova
“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda 244 nömrəli tam orta məktəbdir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR:
Yəhya Müseyib oğlu Abbasov 1959-cu ildə Ermənistan Respublikasının Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olmuşdur. 1975-ci ildə Kəsəmən kənd orta məktəbinin 10-cu sinfini bitirmişdir. 1975-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, 1980-cı ildə həmin İnstitutun Fizika-Riyaziyyat fakültəsini bitirmiş və təyinatla Goranboy rayonunun Qaradağlı kənd orta məktəbində müəllim kimi pedaqoji fəaliyyətə başlamışdır. 28 aprel 1984-cü ildə Goranboy rayon Xoylu kənd sovetinin katibi və sonradan sədri vəzifəsinə seçilmiş, 01 sentyabr 1987-ci ildən 1998-ci ilin yanvar ayınadək Xoylu kənd orta məktəbinin direktoru vəzifəsində işləmişdir. Bir neçə çağrış Goranboy rayon XDS -nin deputatı seçilmişdir. 1988-1993-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir, müharibə vetranıdır. 12 yanvar 1998-ci il tarixindən Binəqədi rayon Təhsil Şöbəsində inspektor vəzifəsində işləmişdir.
23 dekabr 1999-cu il tarixinən Binəqədi rayon Əsəd Ələskərov adına 244 saylı tam orta məktəbin direktoru vəzifəsində işləyir. Eyni zamanda 6 fevral 1999-cu il tarixdən 30 noyabr 2012-ci il tarixədək 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin sədri vəzifəsində işləmişdir.
3 dekabr 2008-ci ildə "Müasir məktəb təhsilinin sosial fəlsəfi problemləri” mövzusunda dissertasiya işi müdafiə etmiş, Fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. Təhsil sahəsində xidmətlərinə görə 2010-cu ildə Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə "Qabaqcıl təhsil işçisi "adına layiq görülmüş, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi medalı" ilə təltif olunmuşdur. Beş kitabın və müxtəlif vaxtlarda yerli və xarici mətbuatda çap olunmuş 18 elmi məqalənin müəllifidir.
1999-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Müharibədə iştirakına görə Azərbaycan QMƏVŞAİB-in İdarə Heyətinin 10.02.2016 cı il 02 №-li qərarına əsasən "FƏDAİ", 11.11.2016-cı il 10№-li qərarına əsasən "VƏTƏN NAMİNƏ" ,”BÖYÜK ZƏFƏR”, “MİLLİ ORDU -100”medalları ilə təltif edilmişdir. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri ictimai birliyinin İdarə Heyətinin 12 №-li 03.11.2017- il tarixli qərarına əsasən "Vətənpərvərlik İşində Xidmətlərinə görə" medalı ilə təltif edilmişdir.
ŞAGİRD:
Mən, İsmayılova Gülər Yaşar qızı 28 yanvar 2010-cu ildə Bakı şəhərində doğulmuşam. 2016-cı ildə Emin Əliyev adına 297 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuşam. 2022-ci ildən etibarən Əsəd Ələskərov adına 244 saylı tam orta məktəbə daxil olmuş, təhsilimi orada davam etdirmişəm.
2019-cu ildə 297 saylı məktəbdə keçirilmiş “Cəlil Məmmədquluzadənin 150 illik yubileyi” tədbirində seçilmiş əsərlərindən olan Leysan yağışını səsləndirərək iştirak etmişəm.
10 yaşımdan etibarən kompüterdə animasiyalar qurmağı öyrənmiş, 2021-ci ilin 28 may tarixində sinif yoldaşım Kamil Şahməmmədov iştirakı ilə “AXC-Müstəqillik Simvolu” animasiyasını hazırlamışam. Animasiyanın mövzusu AXC tarixini öyrənmək istəyən əcnəbi və ona izah edən qız arasında olan dialoqu əks etdirir.
Yenə 2021-ci ilin 20 yanvarında “Black January” adlı ingilis dilində sənədli süjet hazırlamışam.
Uşaq yaşlarımdan etibarən “Məktəbdaxili esse yarışları”nda iştirak etmişəm.
2025 -ci il, 19 yanvar tarixində Beynəlxalq İqtisadiyyat olimpiadasında iştirak etmişəm.
“IEOx Winter challange 2025” müsabiqəsinə qoşulmuşam.
ESSE:
Vətən Nədir?
Vətən Ruhunun durduğu yerdir.
Ya da Vətən, dönüb dolaşıb qayıtmaq istədiyin o isti ağuşdur. Vətən Allahın bəxş etdiyi ən gözəl nemət, Vətən sevgisi isə ən gözəl hədiyyədir.
Vətən, məncə, saf sevgidir. Elə bir sevgidir ki, bəzən bir mahnın həzin misrasındadır, bəzən qürbətdəykən burnunun ucunu göynədən həsrətdədir. Bəzən bir uşağın bayrağını bacardığı qədər ən yüksəyə asmasıdır.
Vətən əmanətdir. Atalarımızın bizə keçmişdən yadigar qoyduğu o mirasdır. Elə bir mirasdır ki, məğlubiyyətin içindəki həmrəylik, zəfərin içindəki əmin-amanlıqdır.
Mənə görə Vətən, bütün məğlubiyyətlərin birliklə, həmrəyliklə birləşdiyi Zəfər simvoludur.
Vətən sadəcə, çətin vaxtlarda bir yerə yığışıb, ya da sadəcə bayramlarda sevincli anlar yaşanılan məkan deyil.
Vətən- hər zaman birlik olmaq, hər zaman bir arada olub, bir-birinin kədərini, uğurunu bölüşmək ən əsası isə Vətənin keçmişini qoruyub, Gələcəyini müdafiə etməkdir. Çünki, bayaq qeyd etdiyim kimi, Vətən keçmişin mirası, indinin əməli, gələcəyin ümididir.
Bəli, Vətən, məncə, ümiddir.
Ümidsizliyin içində qanad çırpan o çarəsiz ümiddir, Vətən.
Vətən, Vətənini, doğma torpağını yaşatmaq uğruna öz canından, qanından keçmiş, lakin qələbəni görməyən o Şəhidin son duasıdır.
Vətən ən böyük itkilərin içindəki qürurdur. Əziyyətlə böyütdüyü oğlunun Şəhid Xəbərini almış ananın gözündən axan, kədərlə qarışmış qürur gözyaşıdır, Vətən.
Vətən-həyatın özüdür. Səni boya-başa çatdıran, kimliyini mənliyini aşılayandır.
Vətən sadəcə yaşadığın yer deyil, yaşatmaq üçün öz canından qanından keçməyi tapşıran mənəviyyatdır.
Vətən insanın mənəviyyatıdır. Əxlaqı, xislətidir. Vətən yaşatmaqdır, lazım gəldikdə ölməkdir. Vətəni Vətən edən qaraca torpağa qarışmış o Şəhid qanıdır. Çünki, torpaq uğrunda ölən varsa, Vətəndir.
Bəs Vətən sevgisi?
Vətən insanın qəlbində şahdırsa, Vətən sevgisi onun tacıdır.
Vətən sevgisini hərkəs fərqli izah edir. Kimisi bəstələri ilə, kimisi yazdığı misralarla, kimisi uğruna tökdüyü qanla, kimisi oxumaqla, kimisi yüzlərlə bayraq arasında öz bayrağımızı dalğalandırmaqla.
Vətən bir məkan deyil, amma məkan kimi baxsaq, sadəcə Vətən sevgisilə yanıb tutuşan qəlblər ola bilər.
Vətənini tanıyan, sahib çıxan hər kəs Vətənini sevir.
Necə deyərlər,
Vətəni sevməyən insan olmaz,
Olsa da o şəxsdə vicdan olmaz.
Vicdanlı olan hər Vətəndaşın edəcəyi kimi əmanətimizə sahib çıxmalı, Şah İsmayıl Xətainin mirası olan Dilimizi, Dinimizi və Ərazi bütövlüyümüzü qorumalı, Rəsulzadənin mirası olan, nümayiş etdirərkən böyük əminliklə “Bir kərə yüksələn bayraq bir daha enməz” sözünü qanımıza həkk etməli, bu əvəzolunmaz əmanətləri gələcək nəsillərə ötürməliyik. Bu amalda həqiqətən səy göstərməli, lazım olduqda öz canımız və qanımızdan keçməliyik.
“Ədəbiyyat və incəsənət”
(12.02.2025)
Tərk edilməklə ayrılığın fərqi -ESSE
İlkin Vəliyev, “Ədəbiyyat və incəsənət”
Bu həyatda bir-birinə çox oxşayan şeylər hamısı eyni deyil. Hər şey bir-birindən müəyyən üstünlüyü ilə fərqlənir. Ancaq insanlar bəzən bir-birinə çox oxşayıb, yerlə göy qədər fərqi olan şeyləri eyni görür və qəbul edirlər. Bu düzgün bir şey deyil. Çünki hər şeyin bir adı var! Məsələn, ayrılıqla tərk edilməyin fərqi olduğu kimi. Bir tərəfdən baxsaq görərik ki, bu iki şeyin oxşarlıqları çoxdu. İkisi də bir insanın yerinin boşalması ilə nəticələnir. Düzdür, razıyam bununla. Sonunda bir insanın gedişiylə bu nəticələnir. Ancaq əmin olun ki, bunların oxşarlığından çox, fərqi daha böyükdür.
Məsələn belə izah edim:
Ayrılıq iki insanın bir-birindən soyumağı ilə də başlaya bilər, iki insanın qarşılıqlı razılaşması ilə də başlaya bilər. Bunun səbəbi və növləri çoxdur. Çünki hər kəsdə eyni ola bilməz. Hərə hansısa bir səbəbə görə yaşayır bu hadisəni. Mən bu hadisələrin yaşanmasının əleyhinəyəm. Ancaq neyləyək, dünya bir yana yığılıb narazı olsa nə dəyişəcək ki? Heç nə! Ancaq mövzumuz ayrılığın acı nəticələrindən getmir. Burada ayrılıqla tərk edilməyin fərqini danışıram. Tərk edilmək isə tamamən başqa bir şeydi. Bu, ayrılıqdan fərqli olan bir şeydi. Burada ayrılıqda olduğu kimi hər iki tərəfin səbəbi və ya anlaşılmazlığı olmur. Bu birtərəfli qətliamdır! Bunu edən şəxs özü üçün yaratdığı bəhanəylə yola çıxıb bu cür qərar alır və qarşı tərəfi heç düşünmədən addım atır. Bu addım nələrin üstündən keçir, bilənlər bilir...
Yola çıxdığın insanın hər şeyi yarı yolda qoymasıdır. Ölərkən son nəfəs, ackən son tikə, darıxarkən son ümid, gözü yaşlıykən son təsəlli kimi bir şeydir bunun baş verməməsi. Baş verdikdə isə bunların hamısı nə qədər ehtiyac olsa da eləcə qalır bir boşluq içində. Bədii cümlələrlə, intonasiya artırıcı sözlərlə, məcazi mənalarla, dağlara, dünyalara bənzətməklə ifadə oluna bilsəydi bu qədər qısa bitirməzdim ifadələrimi. Ancaq əfsus ki, bunları yazmaqla nəsə dəyişmək olmur. Hər şeyi yolunda gedən birindən bunu eşitmişdim:
Mən də ayrılanlardan olmaq istərdim, ancaq tərk edilənlərdən oldum...
Görün nə təsirli cümlədir. Bunu deyən şəxsi gizli saxlayacam və sonluq olaraq öz demək istədiyimi yazacam:
Əgər mən hər ağrıyanda şeir yazsaydım, tarixdə ən çox şeir yazan şair olmuşdum...
“Ədəbiyyat və incəsənət”
(12.02.2025)
PA – UORREN BAFFET: “Öz pullarınızdan düzgün istifadə edin”
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Uorren Baffetdən «Uğur qazanmaq qaydaları». Hər gün cəmi bir qayda. Çünki bu qaydalar sadəcə oxuyub üstündən keçmək üçün deyil, yaddaşa yazıb əməl etmək üçündür.
8-ci qayda:
Öz pullarınızdan düzgün istifadə edin
«Birinci qayda: heç vaxt pulunuzu itirməyin. İkinci qayda: heç vaxit birinci qaydanı unutmayın.
Foreks bazarında ticarətlə məşğulsunuzsa həmişə məntiqsiz risklərdən qaçın. Ticarətlə necəgəldi məşğul olmayın. Həmişə pula qənaət metodundan yararlanın ki, nəticədə kapitalınız qorunsun və artsın».
***
Daha əvvəl təqdim edilən qaydalar:
1-ci qayda:
Unutmayın – həmişə özünə investisiya qoymaq lazımdır!
«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».
2-ci qayda
«Yox!» deməyi öyrənin
«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».
3-cü qayda:
Heç vaxt başqalarına qulaq asmayın
«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.
Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»
4-cü qayda
Cəld və məhsuldar hərəkət edin
«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».
5-ci qayda:
Çalışın, öz gəlirlərinizi təkrar investisiyaya qoyasınız
«Öz ilk biznesinizlə qazandığınız pulu çalışın xərcləməyəsiniz, işin inkişafına qoyasınız. Haçansa mən dostumla bərbərxanada oyun avtomatı quraşdırıb bir qədər pul qazanmışdım. Amma bu pulu digər yeniyetmələr kimi xərcləmədik, dövriyyəyə buraxdıq. Nəticədə, 26 yaşda artıq mənim 1,4 milyon dollarım var idi».
6-cı qayda
Hər şey barədə əvvəlcədən razılaşın
«İstənilən işi başlayanda dərhal maliyyə məsələsində razılaşın. Bunu etməsəniz, böyük ehtimalla siz aldadılacaqsınız. Bu dərsi mən yeniyetməlik vaxtımda əxz eləmişəm. Necəsə, mənim babam məndən və dostumdan mağazasını təmizləməyi xahiş etmişdi. Biz 5 saat ərzində süpürgələrlə işlədik, yeşikləri daşıdıq. İş qurtaranda babam bizim ikimizə cəmi 90 sent ödədi. Həmin anda şəraitin ədalətsizliyindən mən çox sarsılmışdım».
7-ci qayda:
Ən xırda şeylərə belə diqqət edin və onlardan öz maraqlarınız üçün istifadə eləyin
«Həmişə xırda şeylərə diqqət etsəniz yaxşıca qənaət etmiş olacaqsınız. Bir yaxşı nümunə gətirim: Mənim bir tanışım evinin küçə divarlarını rəngləmək qərarına gəlmişdi, o bunu çox ağılla etdi. 4 divarın hamısını yox, yalnız əsas küçəyə baxan divarı rənglədi».
“Ədəbiyyat və incəsənət”
(12.02.2025)
“Dərdli pişik haqqında ballada” – HİCRAN HÜSEYNOVANIN HEKAYƏSİ
“Ədəbiyyat və incəsənət” portalı Hicran Hüseynovanın “Dərdli pişik haqqında ballada” adlanan hekayəsini təqdim edir.
Hekayənin mərkəzində insan durmur, ...amma həm də durur.
Onun dünyasının rəngi solmuşdu. Yox, soldurmuşdular bu dünyanın rəngini. Özünə qalsa, daha düzü, təbiət qanunlarına qalsa, bu dünyanın rəngləri hələ indi-indi bəlli olurdu...
Mavi, qəhvəyi güllü, naxışlı parçayla üzlənmiş divana uzatmışdılar onu. Divanın yanındakı komodun üstündə üzərində sarı pişik şəkli olan, «Корм для стерилизованных кошек и кастрированных котов» yazılmış karton qutu vardı. Şəkildəki pişik necə şən, bəxtəvər görünürdü...
Bu gözəl, yumşaq divan elə bil bir od idi, yandırırdı canını. Elə bilirdilər, yatıb, rahatdı. Amma yatmaq nədi, rahatlıq nədi? O, yarıyumulu gözləriylə görürdü, haqqında danışılanları eşidirdi və... başa düşürdü...
- Pişiyə nə olub, niyə belə halsız uzanıb? Tərpənmir ki?..
- Əməliyyatdan gətirmişik, narkoz veriblər.
- A-aaa...
- Nə edək daha, yazdı, bala verən vaxtıdı bunların, gündə balalasa, yığıb-yığışdırmaq olmaz... Həkimlə məsləhətləşdik...
- Bəs... yazıq... o da canlıdı axı... hiss edir e hər şeyi, gör necə kədərlidi...
- Yox e, indi hamı belə edir, elə mat qalmısan ki, elə bil heç eşitməmisən belə şey.
- Eşitmişəm, amma görməmişdim... Məncə, bu, günahdı, nahaq belə elədiz, elə bütün heyvan saxlayanlar da, kim belə edirsə, böyük günah qazanır. Allahın işinə əl aparmaqdı e bu...
- Eh, sən də elə hər addımda günah görürsən, bizim başımızda görünməyib ki. Dünyada belədi, başa düş, hər yerdə.
- Elə dünya da günah içindədi də, görən, kimin üzünə yağır bu rəhmət yağışı?
... Yağış yağırdı küçədə. Kimin üzünə yağdığını isə heç özü də bilmirdi, hər damlasını bir ahənglə dövr elətdirən bilirdi. Və... hər şeyi bilirdi, hətta ürəklərdə gizlin olanları da. Axı böyük Kitabdan tutmuş, enerjinin itməməsi qanununa qədər O pıçıldamışdı insana... "Amma bir ibrət alan varmı?".
Mavi, qəhvəyi güllü divanda yumaq kimi yumurlanmış halsız pişik də hərdən pəncərədən yağışa baxırdı. Yağışın və saatın əqrəblərinin eyni ahənglə təkrar olunan aramsız səsinə quşların şən civiltisi də qoşulurdu arabir. Yazıydı. Quşların bala çıxaran vaxtıydı. Pişik göynəyə-göynəyə düşünürdü ki, bu azad quşların ana olmasına, bala bəsləyib sevincli günlər yaşamasına heç kəs, heç bir ikiayaqlı qatil mane olmayacaq. Onlar şən səslə oxuyacaq, budaqdan-budağa qonacaq, çör-çöp daşıyıb yuva tikəcək, bala çıxaracaq, ana olmağın sevincini yaşayacaq. O isə... Heç vaxt, heç vaxt ana olmayacaq! Çünki sahibi, sahibəsi belə istəmişdi!
Onlar ona ən dadlı yeməklər yedizdirir, bahalı şampunlarla onu çimizdirir, gəzdirir, oynadırdılar. Nə üçün? Özlərinə əyləncə olsun deyə, evlərinə müsbət enerji versin deyə, uşaqlarına... Yox, uşaqları yox idi hələ... Qoy heç olmasın da!!! Qoy onlar da övlad sevinci dadmasın!!!
***
... Aylar keçmişdi. Düzdü, balaca, dərdli pişik ayların nə demək olduğunu, necə keçib ilə döndüyünü, ömür karvanının günlərdən, aylardan, illərdən ibarət olduğunu bilmirdi. Bircə onu bilirdi ki, hər günü ötən günlərinə bənzəyir, rəngi solan dünyası da getdikcə solğunlaşır, rəngsizləşir. İndi o, heç gəzintiyə, küçəyə-bayıra çıxmağa da həvəs göstərmirdi. Küçədə balalarını ağzında ora-bura daşıyan pişikləri görəndə günlərlə özünə gələ bilmirdi. Elə bil bir daş asılırdı boğazından... Bu, qəhər idi... Bu, kədər idi...
Gün gəldi, onu bu kədərlə "mükafatlandıran" sahiblərinə də elə bu kədərin özündən pay düşdü; uzun müayinələrdən sonra sahibəsinin də onlara övlad sevinci bəxş edəcək orqanı götürüldü...
Dərdli pişik görürdü bunları, danışılanları eşidir, sahiblərinin kədərini hiss edirdi. Bilmirdi, buna sevinsin, ya kədərlənsin...
...Yenə aylar keçdi, bəlkə də, illər, nə bilim, nağıl dili yüyrək olar. Gözgörəsi solan, həyatın hər bir sevincindən əl götürən sahibi və sahibəsi daha ona - bu canlı əyləncəyə məhəl qoymur, əsəbi-əsəbi gəzib-dolanırdılar. İş o yerə çatmışdı ki, onu yedirtmək, gəzdirmək belə yadlarına düşmürdü. Dərdli pişik yazıq-yazıq baxır, astadan, kədərli səslə miyoldayırdı. Daha həmişəki qayğı, diqqət yox idi, yeməyi dördbucaqlı köhnə qabına tökür, onu da deyinə-deyinə qaba sarı itələyirdilər.
Arada "Pişik saxlamaq bizə düşmədi" kimi sözləri də qulağı çalırdı. Candərdi, ölməməkçün yeyirdi, sonra da əllərini qabağa uzadıb uzanır, başını əllərinə söykəyir, saatlarla tərpənmədən, eyni vəziyyətdə qalırdı. Sahiblərinə də maraqsızdı artıq bu canlı. Həm də əlavə xərc kimi baxdıqlarından günün birində aparıb dinməz-söyləməz küçəyə, blokun qabağında yerə qoydular. İllərin, bütöv bir ömrün, məhrum etdikləri hər şeyin qarşılığında yemək də tökdülər qabağına.
...Dərdli pişik elə burda - blokun qabağındakı pilləkənin yanında yaşamağa başladı.
...Amma daha aylar keçmirdi. O, hər gün tapdığından yeyir, günlərinin yarıdan çoxunu uzanıb düşünmək və yatmaqla keçirirdi. Düşünürdü, niyə biz heyvanlar adamları anlayıb başa düşürük, onlarsa bizi yox. Bəlkə, onlar elə bilir, biz oyuncağıq, canlıyıq axı biz!
Xəyallarında başqa idi hər şey. Özünə oxşayan mavigözlü, uzun, yumşaq tüklü balaları vardı, hamısı da ağappaq. Və o, dünyanın ədalətindən danışırdı balalarına: heyvanların hüquqlarını müdafiə cəmiyyətlərindən, xəz dərili heyvanları ovlayanlara qarşı etiraz aksiyalarından,.. bir də itləri, pişikləri analıq (həm də atalıq) hissindən məhrum edənlərin cəzalandırılmasından...
“Ədəbiyyat və incəsənət”
(12.02.2025)
Xocalıda Qarqar dağı və Qarqar çayı əfsanəsi
“Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin nağıllarını, əfsanələrini ardıcıl təqdim etməkdədir. Nağıllar uşaqlar üçün yaradılır. Amma bu nağılları böyüklər də məmnuniyyətlə oxuyurlar və bəyənirlər. Əfsanələr isə yurdumuzun qədim tarixi, toponimləri barədə hamı üçün bir mənbədir.
Qarqar dağı və Qarqar çayı (Xocalı)
Çox qədimlərdə ucadan-uca bir dağ vardı. Bu dağ qara yağışlı buludlardan yapıncı geyərdi. Qışın qarlı, şaxtalı günlərində belə başında ildırımlar çaxardı. Bu dağa kim pənah aparardısa əli boşa çıxardı. Dağdan aralı bir çay axardı. Novruzun on dördüncü günündə elin qız-gəlinləri evlərindəki səməniləri bu axar çaya atar, niyyət edərdilər. Bu məmləkətin şahı çox zalım və qaniçən idi. Aman-zaman, gözünün ağı-qarası bir qızı vardı. Qızını vəzirin bivec oğluna vermək istəyirdi. Şahın qızı isə çobanın oğlunu sevirdi. Bir gün şahın qızı sevdiyi çobanın oğlu ilə əhd- peyman bağlayır ki, bu diyardan qaçıb getsinlər. Bundan vəzir duyuq düşür, şaha qızının çobanın oğlu ilə qaçdığı xəbərini verir. Şah onların dalınca cadugün küp qarısını və atlılarını göndərir ki, ya ölülərini, ya da dirilərini tapıb gətirsinlər. Çobanın oğlu sevgilisini dağın ətəyində gözləyirdi. Qız gəlib çaya çatanda onların dalınca gələn şahın küp qarısı, cadugün çayı kükrədir, qız çayı keçə bilmir. Az qalır ki, batsın. Allaha yalvarır ki, onu quşa döndərsin. Həmin an qız qarğa olub uçmaq istəyəndə, cadugün bir naqqa balığı olub qarğanın ayaqlarından yapışır, suya çəkir. Qarğa “Qarrr”, “Qarrr” qışqırır, naqqa onu udur. Şahın adamları isə dağın ətəyində sevgilisini gözləyən çobanın oğlunu zəhərli oxla vurub öldürürlər. Həmin vaxtdan o çayın və dağın adı Qarqar qalır. Hər yazın əvvəlndə donan çayın buzu əriyir, sevən çay öz suları ilə dağa çırpılır, sevgilisini axtarır.
“Ədəbiyyat və incəsənət”
(12.02.2025)
KİTAB BƏLƏDÇİSİndə Anton Çexovun “Altı Nömrəli Palata”sı
Telli Həsənova, Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin II kurs tələbəsi. “Ədəbiyyat və incəsənət” üçün
Anton Çexovun 1892-ci ildə yazdığı “Altı Nömrəli Palata” hekayəsi dünya ədəbiyyatının psixoloji və fəlsəfi əsərləri sırasında mühüm yer tutur. Hekayə hadisələrin cərəyan etdiyi kiçik şəhər xəstəxanasındakı psixiatriya palatasından başlayır. Bu xəstəxanada 5 psixi xəstə qalır. Xəstəxanada tibbi yardım azdır, şərait isə bərbad vəziyyətdədir. Palatanın sakinləri isə cəmiyyət tərəfindən unudulmuş, “dəli” adlandırılan insanlardır.
Bu palata - “Altı Nömrəli Palata” insanlığa biganə bir sistemin simvolu kimi təsvir edilir. Onlardan biri İvan Dmitriç Gromovdur. Gromov bir vaxtlar yaxşı təhsil almış, lakin paranoyaya tutulmuşdur. O, daim təqib edildiyini düşünür və gərgin bir həyat sürür. Palatada digər xəstələr arasında epilepsiyalı bir kişi var. Daha biri tamamilə sakitdir və danışmır. Xəstələrə Nikita adlı sərt gözətçi nəzarət edir. Nikita keçmişdə əsgər olmuşdur, indi isə kobud davranışları ilə seçilən bir nəzarətçidir. Xəstəxananın baş həkimi Andrey Yefimiç Raqindir. Raqin ağıllı, lakin işinə biganə biridir. O, xəstəxananın vəziyyətinə çox əhəmiyyət vermir.
Bir gün Raqin altıncı palatanı ziyarət edir. Orada İvan Dmitriçlə tanış olur. Gromov həkimlə söhbət etməyə başlayır. O, həkimə cəmiyyətin haqsızlıqlarından danışır. Raqin Gromovun düşüncələrinə heyran qalır. Hər gün altıncı palataya gəlməyə başlayır. Raqin və Gromov arasında uzun fəlsəfi söhbətlər olur. Gromov cəmiyyəti qəddar və ədalətsiz adlandırır. Raqin isə insanın taleyinə və əzablarına laqeyd yanaşır.
Gözətçi Nikita bu söhbətləri eşidir və bəyənmir, lakin müdaxilə etmir. Xəstəxana işçiləri həkimin davranışlarından narahat olurlar. Onlar Raqinin ağlını itirdiyini düşünürlər. Bir gün Raqini də altıncı palataya yerləşdirməyə qərara alırlar. Onu İvan Dmitriç Gromovun yanına gətirirlər. Gromov əvvəlcə ona qarşı soyuq davranır. Daha sonra Raqin onunla söhbət etməyə çalışır. Gromov onu məsxərəyə qoyur və acılayır. Raqin vəziyyətindən məyus olur.
Nikita həkimlə də sərt davranmağa başlayır. Raqin daha dözə bilmir və vəziyyətinə üsyan edir…
Nəticədə Raqin qəfil ürək tutmasından vəfat edir. Onun ölümü xəstəxanada böyük bir hadisə kimi qarşılanmır. Gromov isə yenidən öz paranoyalı həyatına qayıdır...
Əsərdə o qədər incə məqamlara toxunulur ki, insan oxuduqca fərqli atmosferə düşür. Belə də olmalıdır, axı insanlar öz istədikləri kimi olmayan insanları “dəli” adlandırırlar. Bu gün siz ətrafınızın sevdiyi xüsusiyyətlərdən, onların maraq dairələrindən kənara çıxdıqda sizi dəli adlandıracaqlar. Çünki, bu işin əsas məsələsi budur…
Mənim musiqi zövqüm, geyim tərzim, yemək menyum, necə deyərlər, bir sözlə hər şeyim qarşımdakı insanın istəkləri ilə üst-üstə düşmürsə, demək, mən dəliyəm… Necə də gülməli səslənir, amma, çox təəssüf ki, bu reallıqdır.
Əsərdə İvan Dmitriç daim kimlərdənsə nələrdənsə qaçır, kiminsə onu gəlib tutub aparacağından qorxur. Əsəri oxuyarkən gözlərimin önündə mənzərə canlanır, necə ki, qəlbimizin sınıq yeri olan mənzərə…
Nə olsun ki, o dəli deyil. Səni zorən dəli etmək istəyirlərsə, onda bəs necə olsun?
Axı 1937-1838-ci illərdə Azərbaycanda repressiya qurbanları da daim kimlərdənsə, nələrdənsə qaçır, kiminsə onları gəlib tutub aparacaqlarından qorxurdular. Hüseyn Cavid ilə İvan Dmitriç oxşarlığı deyib susuram. Hüseyn Cavid də heç nə etmədiyi halda səbəbsizcə qorxu içində yaşayırdı, eynilə İvan Dmitriç kimi. Daha da dərinə ensək, neçə-neçə Hüseyn Cavidlər deyərik… Əsər bir o qədər sadə görünsədə içindən necə dərin mənalar çıxmasına şahid oluruq.
Deyəsən mən də yaşadığım cəmiyyətin “dəlisiyəm” elə…
“Ədəbiyyat və incəsənət”
(12.02.2025)
ÜZEYİR HACIBƏYLİ BARƏDƏ YAZILAR – “Görkəmli pedaqoq”
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi.
“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
“Üzeyir Hacıbəyli barədə yazılar – “Görkəmli pedaqoq” başlığı ilə növbəti – üçüncü yazını diqqətinizə təqdim edirik.
Ü.Hacıbəyli müəllim haqqında
Uzeyir bəy təhsildə əsas sima olan müəllimə yüksək qiymət verirdi. Müəllimlik peşəsinin şərəfli olduğu qədər də məsuliyyətli və çətin olması barədə belə yazırdı: "Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir vəzifədir. Hər adam onun öhdəsindən gələ bilməz və hər bir adama müəllim deyib, uşaqları ona tapşırmaq böyük xətadır. Yalnız bir təlimdən başqa uşağın tərbiyəsi dəxi müəllimin öhdəsindədir. Uşaq dəxi qabili-tərbiyə bir şey olduğuna görə, onu nə tövr tərbiyə etsən, o cür də adam çıxar. Tərbiyə işində cüzi bir səhlənkarlıq uşağın gələcəyini pozub, evini yıxar. Bu ağır sənətə qədəm qoyan müəllim əfəndi bunların hamısını əvvəlcə mülahizəyə almalıdır.
Müəllimliyi özü üçün Sibir əzabı bilən müəllim yaxşıdır özünü bu sənətdən kənar etməklə, zəhmətdən və cavabdehlikdən qurtarsın, qəlbində tərbiyə və təlimə bir şövq və həvəs yoxsa, heç bu işə girməsin və bu sənəti əhl adamlara tərk ilə özünə başqa bir kəshi-ruzi vasitəsi axtarsın”.
Onun fikrincə, müəllim hər şeydən əvvəl yüksək şəxsi keyfiyyətlərin daşıyıcısıdır. O, yüksək əqidə sahibi, öz peşəsinin vurğunu olmalı, yüksək mədəniyyətə, pedaqoji etikaya və mənəviyyata, dərin biliyə və erudisiyaya, yüksək nüfuza malik olmalıdır. Hər cəhətdən hamıya nümunə olmalı, öz məsuliyyətini dərindən dərk etməlidir. Ona görə də yazılarının birində göstərirdi ki, “…kənd camaatı görsə ki, içərilərində olan müəllimlər dərd göstərən və dərman bilənlərdir, şübhəsizdir ki, o müəllimlərə məhəbbət və etibar ilə baxıb kamali-mərifətlə övladlarını onların təhti-tərbiyə və təliminə verərlər...”.
Üzeyir bəy müəllim hazırlığına yüksək qiymət verir, K.D.Uşinskinin “Müəllim nə qədər ki, oxuyur, öyrənir, o yaşayır, o, oxumağı dayandırdıqda ondakı müəllimlik ölür” fikrinə haqq qazandırırdı. Onun özünün müəllimlərin gündəlik dərs hazırlıqlarına maraqlı yanaşması varmış. Müəllimlər şagird və tələbələrin dərsə gəlməməsindən şikayətlənəndə Üzeyir bəy təbəssümlə soruşarmış: “Əminsinizmi ki, sizin dərsinizdə auditoriyanın boş qalmasında təkcə uşaqlar günahkardır?” Oxun hara atıldığını başa düşən müəllimlər gündəlik dərslərə daha ciddi hazırlaşarmışlar.
Növbəti yazımızda Ü.Hacıbəylinin tərbiyə haqqında fikir və düşüncələrindən bəhs olunacaq.
“Ədəbiyyat və incəsənət”
(12.02.2025)