ÜZEYİR HACIBƏYLİ BARƏDƏ YAZILAR – “Görkəmli pedaqoq” Featured

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

“Üzeyir Hacıbəyli barədə yazılar – “Görkəmli pedaqoq” başlığı ilə növbəti – üçüncü yazını diqqətinizə təqdim edirik. 

 

Ü.Hacıbəyli müəllim haqqında

Uzeyir bəy təhsildə əsas sima olan müəllimə yüksək qiymət verirdi.  Müəllimlik peşəsinin şərəfli olduğu qədər də məsuliyyətli və çətin olması barədə belə yazırdı: "Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir vəzifədir. Hər adam onun öhdəsindən gələ bilməz və hər bir adama müəllim deyib, uşaqları ona tapşırmaq böyük xətadır. Yalnız bir təlimdən başqa uşağın tərbiyəsi dəxi müəllimin öhdəsindədir. Uşaq dəxi qabili-tərbiyə bir şey olduğuna görə, onu nə tövr tərbiyə etsən, o cür də adam çıxar. Tərbiyə işində cüzi bir səhlənkarlıq uşağın gələcəyini pozub, evini yıxar. Bu ağır sənətə qədəm qoyan müəllim əfəndi bunların hamısını əvvəlcə mülahizəyə almalıdır.

Müəllimliyi özü üçün Sibir əzabı bilən müəllim yaxşıdır özünü bu sənətdən kənar etməklə, zəhmətdən və cavabdehlikdən qurtarsın, qəlbində tərbiyə və təlimə bir şövq və həvəs yoxsa, heç bu işə girməsin və bu sənəti əhl adamlara tərk ilə özünə başqa bir kəshi-ruzi vasitəsi axtarsın”.

Onun fikrincə, müəllim hər şeydən əvvəl yüksək şəxsi keyfiyyətlərin daşıyıcısıdır. O, yüksək əqidə sahibi, öz peşəsinin vurğunu olmalı, yüksək mədəniyyətə, pedaqoji etikaya və mənəviyyata, dərin biliyə və erudisiyaya, yüksək nüfuza malik olmalıdır. Hər cəhətdən hamıya nümunə olmalı, öz məsuliyyətini dərindən dərk etməlidir. Ona görə də yazılarının birində göstərirdi ki, “…kənd camaatı görsə ki, içərilərində olan müəllimlər dərd göstərən və dərman bilənlərdir, şübhəsizdir ki, o müəllimlərə məhəbbət və etibar ilə baxıb kamali-mərifətlə övladlarını onların təhti-tərbiyə və təliminə verərlər...”.

Üzeyir bəy müəllim hazırlığına yüksək qiymət verir, K.D.Uşinskinin “Müəllim nə qədər ki, oxuyur, öyrənir, o yaşayır, o, oxumağı dayandırdıqda ondakı müəllimlik ölür” fikrinə haqq qazandırırdı.  Onun özünün müəllimlərin gündəlik dərs hazırlıqlarına maraqlı yanaşması varmış. Müəllimlər şagird və tələbələrin dərsə gəlməməsindən şikayətlənəndə Üzeyir bəy təbəssümlə soruşarmış: “Əminsinizmi ki, sizin dərsinizdə  auditoriyanın boş qalmasında təkcə uşaqlar günahkardır?” Oxun hara atıldığını başa düşən müəllimlər gündəlik dərslərə  daha ciddi hazırlaşarmışlar.

Növbəti yazımızda Ü.Hacıbəylinin tərbiyə haqqında fikir və düşüncələrindən bəhs olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.