
Super User
CƏLİL XƏLİLOV: “Rusiyada aparılan anti-Azərbaycan kampaniyası xalqlarımız arasındakı tarixi dostluq ənənəsinə ziddir və dərhal dayandırılmalıdır”
“Rusiyada aparılan anti-Azərbaycan kampaniyası xalqlarımız arasındakı tarixi dostluq ənənəsinə ziddir və dərhal dayandırılmalıdır”.
Bunu “Ədəbiyyat və incəsənət” portalına açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, diqqət çəkən məqamlardan biri də məlum kampaniyaya Rusiya səmasında “AZAL” təyyarəsinin vurulmasından sonra start verilməsidir:
“Rusiyada Azərbaycana qarşı böhtan və qarayaxma kampaniyasına “AZAL” təyyarəsinin bu ölkə ərazisində vurulması və Aktauda qəzaya uğramasından sonra start verilib ki, bu da təsadüfi deyil. Görünən odur ki, vurulan təyyarəyə görə ölkəmizə kompensasiya ödəmək, habelə, bu hadisədə müqəssir olanların müəyyən edilərək məsuliyyətə cəlb edilməsini istəməyən Rusiya Azərbaycanın haqlı şərtlərini yerinə yetirmək əvəzinə, tamam fərqli mövqe tutub. Törədilən cinayəti etiraf etmək və ölkəmizlə həmrəylik sərgiləmək yerinə, Azərbaycana qarşı böhtan kampaniyası təşkil edən Rusiya hakimiyyətindəki bəzi dairələr, bununla bizə “xox gəlmək”, bizi haqlı mövqeyimizdən çəkindirmək niyyətindədir. Lakin Rusiya hakimiyyəti anlamalıdır ki, Azərbaycan heç vaxt geriyə addım atmayıb, öz hüquqlarını sona qədər, qətiyyətlə müdafiə edib. Ölkəmiz hazırda vurulan təyyarə ilə bağlı beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır ki, bu, bir daha Azərbaycanın mübarizə əzmindən xəbər verir.
Bundan başqa, bu gün Rusiya Dövlət Dumasında, habelə rus mətbutında Azərbaycan əleyhinə kampaniya aparan qüvvələr bilməlidirlər ki, belə çirkin kampaniya Rusiyaya başucalığı gətirmir və xalqımız tərəfindən haqlı ikrahla qarşılaşır. Bu cür iyrəng kampaniya Azərbaycan və Rusiya xalqları arasındakı tarixi dostluq, dövlətlərimiz arasındakı strateji müttəfiqlik münasibətlərinə də ziddir. Buna görə də, rəsmi Moskva bu tendensiyanı ən qısa zamanda dayandırmalı, Azərbaycanın hüquqlarına hörmətlə yanaşmalıdır”.
Polkovnik Cəlil Xəlilov qeyd edib ki, tarix boyu ən çətin məqamlarında bir qonşu və strateji müttəfiq kimi ona dəstək olan Azərbaycana Rusiyanın bu şəkildə “minnətdarlıq” bildirməsi təəssüfedicidir:
“Azərbaycan hər zaman Rusiya üçün kritik məqamlarda mehriban qonşuluq və dostluq siyasətini əsas götürərək bu ölkəyə dəstək verib. Dövlətimiz Rusiyanın maraqlarına hər zaman hörmətlə yanaşıb. Lakin bu gün baş verənlər göstərir ki, Rusiya Azərbaycanın bu dəstəyinə özünəməxsus şəkildə “təşəkkür edir”. Ancaq Rusiya bilməlidir ki, Azərbaycanı bu kimi kampaniya və dolayı təhdidlərlə qorxutmaq, onu bu yolla nəyəsə vadar etmək mümkün deyil. Azərbaycan güclü, sözün həqiqi mənasında müstəqil dövlətdir və heç bir güc onu öz haqqından imtina etməyə məcbur edə bilməz.
Anti-Azərbaycan kampaniyasına gəlincə, bu kampaniyadan zərərli çıxan da elə Rusiya özü olacaq”.
“Ədəbiyyat və incəsənət”
(12.02.2025)
Bakıda sərgi sahəsinin peşəkarları üçün növbəti intensiv praktiki seminar təşkil olunacaq
Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası tərəfindən fevralın 24-də Bakıda sərgi iştirakçıları və stend qurucuları üçün “Sərgilərdə iştirakın səmərəliliyini necə artırmaq olar?” mövzusunda intensiv praktiki seminar keçiriləcək.
Assosiasiyadan AzərTAC-a bildirilib ki, artıq 6-cı dəfə təşkil olunacaq seminarın məqsədi sərgi təcrübəsini sistemləşdirərək iştirakçılara “özünə kənardan baxmaq” imkanı yaratmaq, sərgilərə hazırlıq zamanı ən çox rast gəlinən səhv və stereotiplərdən qurtulmaqdır. Seminar yalnız praktiki xarakter daşıyır.
İkihissəli təlimdə iştirakçılar üçün təşkil olunacaq “Sərgilərdə iştirakın səmərəliliyini necə artırmaq olar?” mövzusunda seminarda sərgi tədbirlərinin xüsusiyyətləri, iştirakçılar üçün tipik səhvlər və stereotiplər, sərgidə uğurun təməlini qurma yolları, sərgi stendinin düzgün təşkilatı, xidmət və məhsulların təqdimatı mövzuları müzakirə ediləcək. İkinci hissədə isə sərgi komandası ilə bağlı işçilərin funksiyaları, xarici görünüş və davranış qaydaları, ziyarətçilərlə effektiv işin taktika və texnikaları, məhsul təqdimatının doğru üsulları, əlaqələrin işlənməsi, həmçinin postsərgi dövründə iştirakın qiymətləndirilməsi təqdim olunacaq.
Stend qurucuları üçün keçiriləcək “Sərgi stendlərini necə yaratmaq və satmaq olar?” mövzusunda seminarda isə müasir sərgi stendinin tələbləri, funksional zonaların təşkil edilməsi və məhsul təqdimatının optimallaşdırılması haqqında məlumat veriləcək. Təlimdə, eyni zamanda, stendin kommunikativ funksiyası, ziyarətçilərin diqqətinin cəlb edilməsi, ekspodizayn tendensiyaları barədə danışılacaq.
İntensiv praktiki seminar 25 illik sərgi təcrübəsi olan və 10-dan çox ölkədə sərgi iştirakçılarına 1000-dən çox praktiki təlim keçmiş “EkspoEffekt” sərgi konsaltinq agentliyinin baş direktoru Nikolay Karasev tərəfindən keçiriləcək. Agentlik 2006-cı ildən bəri 25 mindən çox iştirakçıya xidmət göstərib. Seminar yüksək loyallıq indeksi (NPS) ilə tövsiyə olunur, bu da iştirakçıları yenidən bu seminara qatılmağa təşviq edir.
Hazırkı seminar sərgilərə qatılan və qatılmağı planlaşdıran, eləcə də stendlərin dizaynı və qurulması ilə məşğul olan şirkətlərin rəhbərlərinə, dizaynerlərə, layihə menecerlərinə, direktor və satış menecerlərinə tövsiyə olunur. İştirak etmək istəyən şəxslər təşkilatçılarla əlaqə saxlaya bilərlər.
Tədbirdə iştirak etmək istəyənlər əlaqədar şəxsdən ətraflı məlumat əldə edə bilərlər: Əlaqə nömrəsi +994 77 277 71 51.
“Ədəbiyyat və incəsənət”
(12.02.2025)
Şəkidə Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd edilib
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Fevralın 11-də Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin və B.Vahabzadə Ev-Muzeyinin birgə təşkilatçılığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, MİHİ Şəki rayon Komitəsinin dəstəyi ilə Şəki Dövlət Dram Teatrında B.Vahabzadənin 100 illik yubileyi münasibətilə konsert keçirilib.
Konsert proqramında Şəki şəhər İcra Hakimiyyətinin, Şəki-Zaqatala RMİ, Şəki-Zaqatala RTİ, KOB Şəki rayon şöbəsi, MİHİ Şəki rayon Komitəsinin və digər dövlət orqanlarının nümayəndələri, mədəniyyət, təhsil işçiləri, içtimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə B.Vahabzadə Ev-Muzeyinin direktoru Elşən Zəkəryəbəyli çıxış edərək dahi Azərbaycan şairi, ədəbiyyatşünas B.Vahabzadə ilə bağlı xatirələrini bölüşüb, dahi şairin yaradıcılığı haqqında geniş məlumat verib.
3 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərindən ibarət ansamblın ifasında şairin şeirlərinə bəstələnmiş musiqi nümunələri səsləndirilib, dillər əzbəri olan şeirləri tamaşaçılara təqdim edilib.
Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olub. 1934-cü ildə onun ailəsi Bakıya köçür. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun Filologiya fakültəsində təhsil alır.
Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlayır. O zamandan dövri-qədim mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapıb.
Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Özümüzü kəsən qılınc" pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.
Xalqı oyandırmaq məqsədiylə əsərlərini qələmə alan Bəxtiyar Vahabzadə şeirlərində; vətən, millət, ailə, təbiət, dil, azadlıq həsrəti kimi mövzuları ən güclü və dərin məzmunlarla izah edib.
Dahi şair B.Vahabzadə 2009-cu ildə Bakı şəhərində vəfat edib.
“Ədəbiyyat və incəsənət”
(12.02.2025)
Şanlı Qələbəmizin 5-ci ildönümünə həsr olunmuş Milli Bəstəkarlıq Müsabiqəsi elan edilir
Mədəniyyət Nazirliyi Bəstəkarlar İttifaqı ilə birgə Vətən müharibəsində şanlı Qələbənin 5-ci ildönümünə həsr olunmuş Milli Bəstəkarlıq Müsabiqəsi elan edir.
“Ədəbiyyat və incəsənət” portalı Nazirliyə istinadən xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd milli-mədəni dəyərləri, cəmiyyətin və dövlətin ideoloji maraqlarını, mövcud dövrün mədəni tələblərini və beynəlxalq təcrübəni ehtiva edən əsərlərin ərsəyə gətirilməsi və ölkədə bəstəkarlıq yaradıcılığına rəvac verilməsidir.
Müsabiqə layihələrin qəbulu və qiymətləndirilməsi olaraq 2 mərhələdən ibarətdir. Тəqdim olunmuş əsərlər 2025-ci il oktyabrın 1-nə qədər Azərbaycan Bəstəkarlar İttifaqında qəbul ediləcək.
Müraciətə müəllifin tərcümeyi-halı və şəxsiyyətini təsdiq edən sənədin surəti, təqdim olunan əsər haqqında annotasiya və əsərin notları, həmçinin əsərin səs yazısı (elektron və ya canlı ifa) sənədləri əlavə olunmalıdır.
Əsərlər Bəstəkarlar İttifaqının müəyyən etdiyi Münsiflər Heyəti tərəfindən qiymətləndiriləcək.
Müsabiqənin əsas şərtlərindən biri də ondan ibarətdir ki, heç bir yerdə səslənməmiş və nəşr olunmamış yeni orkestr və xor əsərləri təqdim edilməlidir. Belə ki, orkestr üçün təqdim ediləcək əsər (marş, uvertüra, konsert pyesi və s.) müxtəlif tərkibli orkestrlər (simfonik orkestr, xalq çalğı alətləri orkestri, hərbi nəfəs alətləri orkestri və onların qarışıq tərkibi) üçün nəzərdə tutularaq, 7-8 dəqiqəlik vaxt həcmində olmalıdır. Xor ilə orkestr üçün isə təqdim ediləcək əsər (kantata, oratoriya, oda və s.) dördsəsli xor və müxtəlif tərkibli orkestrlər (simfonik orkestr, xalq çalğı alətləri orkestri, hərbi nəfəs alətləri orkestri və onların qarışıq tərkibi) üçün nəzərdə tutularaq, 10-15 dəqiqəlik vaxt həcmində olmalıdır.
Müsabiqədə yaş məhdudiyyəti olmadan yalnız ali bəstəkarlıq təhsili olan müəlliflər iştirak edə bilərlər.
İştirakçılar əsərin partiturasını və CD yazısını (elektron səslənmədə), müəllifin adı göstərilmədən deviz yazılmış bağlı iri zərfdə Azərbaycan Bəstəkarlar İttifaqına şəxsən, yaxud poçt göndərişi ilə təqdim еtməlidirlər.
Müəllif haqqında şəxsi məlumatlar (şəxsiyyət vəsiqəsi və təhsil haqqında diplomun surətləri, ünvan, telefon) üzərində yalnız eyni deviz qeyd olunmuş kiçik zərfdə əlavə edilməlidir.
Müsabiqənin qalibləri üçün I yer 7 min manat, II yer 5 min manat, III yer isə 3 min manat mükafatları nəzərdə tutulur. Mükafatlandırma zamanı əsərin elan olunmuş mövzuya sadiqliyi, məzmuna yanaşmada səmimilik, yeni baxış nümayiş olunması və ideyanın ifadəsində peşəkarlıq səviyyəsi əsas meyarlar kimi nəzərə alınacaq.
Müsabiqənin maliyyələşdirilməsi “Ədəbiyyat və incəsənət əsərlərinin sifariş əsasında yaradılmasına, onların ilk kütləvi ifa və ya nümayiş hüququnun alınmasına görə müəllif qonorarının, yubiley, dövlət tədbirləri və xüsusi təyinatlı konsert proqramları üçün yaradıcı heyət və ifaçılara ödənilən haqqın minimum miqdarının və verilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 52 nömrəli Qərarına uyğun olaraq həyata keçirilir.
Əlavə məlumat üçün (+99412) 598 08 86 nömrəsi ilə əlaqəyə saxlamaq mümkündür.
“Ədəbiyyat və incəsənət”
(12.02.2025)
Rəsm qalereyası: Kenne Qrequar, “İtaliya maskalar teatrı” silsiləsindən
Rəsm qalereyası: Kenne Qrequar, “İtaliya maskalar teatrı” silsiləsindən
Holland rəssamı Kenne Qrequar (Jan Josken Qrequar) çağdaş rəngkarlığın ən görkəmli nümayəndələrindən biridir. Onun ən böyük təlabat duyulan əsəri del-arte stilində yaratdığı “İtaliya maskalar teatrı” silsiləsidir ki, sizə bu silsilədən rəsmlər təqdim edirik.
“Ədəbiyyat və incəsənət”
(12.02.2025)
Günün fotosu: Dağ keçilərinin tryuku
Günün fotosu: Dağ keçilərinin tryuku
Rubrikanı Nihad Alimoğlu təqdim edir.
Bu heyvan ən sərt yoxuşları belə qalxır. Adlarına dağ keçisi deyilir. Bizdə xüsusən Quba və Qaxda çoxdular.
Bu unikal fotoda isə onlar yüksəklikdə - dağın ən hündür nöqtəsində qərarlaşmış tənha ağaca dırmaşıblar.
Həqiqətən də inanılmaz bir görüntüdür.
Foto by “Us and the world”
“Ədəbiyyat və incəsənət”
(12.02.2025)
“Əvəzsiz itkiymiş ötüb-keçən gün” - Vidadi Babanlının ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə görkəmli yazıçı Vidadi Babanlının şeirləri təqdim edilir.
Şəkillərimə baxıram
Düzüb qabağıma şəkillərimi
Durmuşam bayaqdan tamaşasına.
Salıb xatirimə puç illərimi
Batmışam bir ötgün ömür yasına.
Hər şəkil söz açır mənə dünəndən,
Oxunur gözündən sevinc də, qəm də.
Qocalığın yönü bəri dönəndən
Düyür-düyür olub dərdlər sinəmdə.
Bax, bu sütül oğlan ilk gəncliyimdi,
Qıvrım, gur telləri daranıb yana.
Cəmiyyət içində hələ heç kimdi,
Heyrandı özünün təzə bığına.
Tələbəliyimdi o biri şəkil,
Yetkinlik duyulur təhər-tövrümdə.
Nəsə pıçıldayır mənə elə bil,
Çırpınır bir eşqin gizli cövründə.
Digərində görkəm başqadı tamam,
Sorğu-suallıdı baxışları da.
Daşlara çaxılıb şirin arzu-kam,
Sıxlaşıb alnının qırışları da.
Bu biri xeylicə yaşlıdı ondan,
Ömrün tanrı payı yarıdı azı.
Bilinir, çıxıbdır çətin oyundan,
Seyrək saçlarının görünür dazı.
Küncdəki kişilik həddidi artıq,
Gicgahlar ağappaq, qaşlar düyünlü,
Üzündə təbəssüm yoxdu bir qırıq,
Qüssəyə bürünüb bu qaragünlü.
Təklənib alt yanda sonuncu əksim,
O mənim möhtərəm ahıllığımdı.
Kiçilib gözlərim, batqındı köksüm,
Fikirlər başımda dağım-dağımdı.
Ah, niyə bilmirik qədrini ömrün?
İllər qovhaqovla çıxır aradan.
Əvəzsiz itkiymiş ötüb-keçən gün,
Əfsus, dərk edirik bunu sonradan.
Sadəlovh yaşadım mən bu həyatı,
Saxta həqiqətlər oldu inancım.
İçimdə ürəyim çəkdi bayatı,
Baş tapa bilmədim, nədir qazancım?
Yox, asi deyiləm, Allahım, sənə,
Təşəkkür edirəm, qəlbən təşəkkür.
Yaxşı ki, çürüklük vermədin mənə,
Şükür kərəminə, min dəfə şükür!
Qulağım cingildəyir
Kim isə sözümü danışır, əlbət,
Qulağım bayaqdan hey cingildəyir.
Gözümdən uzaqda, özümdən xəlvət
Görəsən, barəmdə o, nələr deyir?
Tərifə, təqdirə azdı gümanım,
Yəqin babalımdı yuyub-sərdiyi.
Çoxuna dərd olub yaxşı ad-sanım,
İlhamdı Tanrının mənə verdiyi.
Nə karlı vəzifəm, kəhkəşanım var,
Nə varım-dövlətim başımdan aşır.
"Haqpərəst" adlanan bir nişanım var,
Dillərdə söylənir, ellər dolaşır.
Ah, iblis əməli, kaş olmayaydın,
Salırsan cənginə məni də hərdən.
Eşitsəydi qulaq hər şeyi aydın,
Gümanlı qalmazdıq cingiltilərdən.
Ulu adaş
Molla Vəli Vidadiyə
Ustad Molla Vəli, ey ulu adaş,
Önündə diz çöküb, baş əyirəm mən.
Qəbrinin üstündə qartıyıb boz daş,
Fəqət, şeirlərin düşmür dillərdən.
Ağladın, sızladın bir əsr tamam,
Gözünün yaşından göl də yarandı.
Bu fani dünyadan almadın bir kam,
Qürbət fərağında ciyərin yandı.
Pərən-pərən düşdü durna qatarın,
Rast gəldi yollarda "şahin-şunqara".
Duydun puçluğunu cah-cəlalların,
Nə şöhrətə uydun, nə haram vara.
Ələm dəryasında "qərq oldu gəmin",
Uğursuz qismətə küsküncə güldün.
Qoluna girmədin gedib heç kimin,
"Qərib öldün, bikəs öldün, yad öldün".
Sənə bu ovqatı irad tutdular,
Sözə kəc baxdılar, qalmadı dadı.
İnsafı, mürvəti lap unutdular,
Ruhun qiyam etdi, gorun çatladı.
Qovuldu şeirdən kövrək duyğular,
Guya toy-bayrammış büsbütün həyat.
Bitib-tükənibmiş qəmlər, qayğılar,
Düşüncə nə bəsit, ağıl nə boyat!
Tanrı yazan yazı, dedin, pozulmaz,
Əsla yanılmadın, ey ulu adaş.
Sənə oxşamışam həyatda bir az,
Əbədiyyətdə də oxşayaydım kaş.
Amalım istiqlal
Sən bir ülvi diləyisən yer üzündə ellərin,
Arzususan, istəyisən ləhcələrin, dillərin,
Boylanıbsan arxasından həsrət dolu illərin,
Sən, ey idealım istiqlal!
Böyük amalım istiqlal!
Məşəl tutdu haqq yoluna haqsızlıqdan bezarlar,
Qorxutmadı o mərdləri dar zindanlar, məzarlar,
Fərağına can çürütdü neçə-neçə yazarlar,
Ahım-məlalım istiqlal!
Candan bahalım istiqlal!
Qəsbkarlar var-yoxumu zaman-zaman soydular,
Tapdadılar vətənimi, yaman günə qoydular,
Mən ac qaldım, sərvətimdən özgələri doydular,
Çətin vüsalım istiqlal!
Şirin xəyalım istiqlal!
Ataları qoruyun
Oğullar, oğullar! İnsaf eləyin,
Ata ürəyini sızıldatmayın.
Tutun ətəyindən ülvi diləyin,
Sevinci, şadlığı yasa qatmayın.
Qoruyun atanı hər an tütyətək,
Bəxtdən küsənməsin ixtiyar çağı.
Ötməsin üstündən bir acı külək,
Çıxmasın gözünə qəlbinin dağı.
Hifz edin, oğullar, siz ataları,
Donmasın iliyi qəm qışlarında.
Sıxmasın könlünü övlad qubarı,
Gülsün bütün dünya baxışlarında.
Həyat yollarında mayakdı onlar,
Sizə şan-şöhrətdi, əgər bilsəniz.
Gen günə, dar günə dayaqdı onlar,
Qoruyun, qoruyun ataları siz!!!
“Ədəbiyyat və incəsənət”
(12.02.2025)
Heç kimin oxuyub qurtara bilməyəcəyi kitab - MARAQLI
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Cəmi 10 səhifə olmasına baxmayaraq, heç kimin ömrü boyu oxuyub bitirməyəcəyi bir kitab olduğunu bilirdinizmi?
Dünyanın ən uzun kitabı olan Cent mille milyards de poèmes (Yüz min milyard şeir) adlı bu kitabı 1960-cı ildə fransız yazıçısı Raymond Queneau yaratdı. Və bütün bunlar cəmi on səhifədə!
Həmin kitab hər birində bir sonet olan on səhifədən ibarətdir. Sətirlər eyni qafiyə sxemini izləyir və zolaqlar üzərində çap olunur ki, bu da oxuculara müxtəlif sonetlərdən sətirləri birləşdirməyə imkan verir.
Bu struktur cəmi 1014 mümkün kombinasiya və ya yüz trilyon unikal şeir yaradır. Praktikada heç kim kitabı bütünlüklə oxuya bilməyəcək, çünki bütün mümkün birləşmələri kəşf etmək milyonlarla il çəkəcək - yemək, yatmaq və ya başqa bir şey oxumaq üçün fasilələri saymadan.
Yaradılan hər bir kombinasiya mükəmməl misralar, ritmlər və qafiyələrə malik ardıcıl sonetlə nəticələnir. Üstəlik, çox güman ki, təsadüfi seçilmiş hər bir şeir əvvəllər oxunmayıb.
Queneau qeyd etmişdi ki, bir soneti oxumaq üçün 45 saniyə və növbətini hazırlamaq üçün 15 saniyə verilsə, bütün mümkün birləşmələri oxumaq üçün təxminən 200 milyon il lazım olacaq...
Maraqlıdır, deyimi!?
“Ədəbiyyat və incəsənət”
(12.02.2025)
“Atdın xatirələr küncünə məni” – TURAL CƏFƏRLİNİN ŞEİRLƏRİ
Dəyərli oxucular. “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Tural Cəfərlinin şeirlərini diqqətinizə çatdırır. Bu gün sizlərə “Tanış gəlir bu küçə, tanış gəlir bu döngə”, “Alma həsrəti” və “Qarşıma çıxmadı, arxamca gələn...” adlı 3 şeir təqdim ediləcək.
Buralarda yağış olmur,
Buralarda hey küləkdi.
Burda həsrət bir qoşundu,
Ümidlərsə təkbətəkdi.
Elə ilk misralar diqqəti çəkir, oxumağa səbirsizlənirsən. Xoş mütaliələr.
Tanış gəlir bu küçə, tanış gəlir bu döngə
Buralarda yağış olmur,
Buralarda hey küləkdi.
Burda həsrət bir qoşundu,
Ümidlərsə təkbətəkdi.
Dilim kilid düşüb çoxdan,
Danışmağa sözüm yoxdu.
Nə Allaha əl açmağa,
Nə baxmağa üzüm yoxdu.
Burda kədər çıxır səhər,
Günəş kimi işıq saçır.
Hər küçədə, hər döngədə,
Ayrılıqlar çiçək açır.
Köhnə şəkil kimi asılmışam mən,
Toz basıb üstümü, başımı tamam.
Öz evim özümə qəribə gəlir,
Özüm öz evimdə özgəyəm, yadam.
Nə desəm də boşunadı,
Tanrı məndən küsüb daha.
Bəndəsinə ümidini,
İnamını üzüb daha.
Alma həsrəti
Uşaq bağçasının pəncərəsindən
Bir uşaq baxırdı əli üzündə.
Elə bil yolları əzbərləyirdi,
Elə bil yollardan ümid dərirdi...
Gedəni gözləmək ağırdı yaman,
Kimsə gözləyəni yadına salmır.
Nə küçə danışır, nə ağac dinir,
Heç kim günahını boynuna almır...
Sən də unutmağa vərdiş elədin,
Atdın xatirələr küncünə məni.
Axır təslim oldum unutmağına,
Saldın məhbus kimi bürcünə məni.
Nəyimə gərəkdi, bu iz, bu cığır,
Həsrət xırmanında belə sovuldum.
Bir alma nədir ki, onun üstündə,
Cənnətdən dünyaya elə qovuldum...
Qarşıma çıxmadı, arxamca gələn...
Küləyi soruşdum ara küçədən,
Eşidən olsa da, görən olmadı...
Bir köhnə ev vardı, hasarı uçmuş,
O evin hasarın hörən olmadı...
Bir ağac var idi, barlı-bəhərli,
Yığdılar, ağacı öyən olmadı.
Qocalar evinə qapı qoydular,
Qapı da qocaldı, döyən olmadı.
Bilmədim, itirdim harda ümidi,
Sonra o ümidi tapan olmadı.
Daş yığdım, uşaqkən göyə atmağa,
Daş küsdü, atmağa sapan olmadı.
Yeridim, yıxıldım, dizim ağrıdı,
Ağrıyan dizimə baxan olmadı.
Dedilər sel gəlir, mirvari dolu,
Hamı selə düşdü, axan olmadı.
Təpəni qaldırdı çoxu yuxarı,
Təpə yüksəlsə də, o dağ olmadı.
Kəsildi atalar əkən ağaclar,
Ağaclar bitsə də, o bağ olmadı.
“Ədəbiyyat və incəsənət”
(12.02.2025)
AZƏRBAYCAN KİNOSU - “Yuxu”
Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”
Rejissor Fikrət Əliyevin 2001-ci ildə çəkdiyi “Yuxu” filmi haqqında danışmaq istərdim. Bu həyatda insanın başına hər şeyin bəla olacağını bilirdim, ancaq gördüyü yuxu ucbatından yolunun həbsə qədər gedib çıxa biləcəyini düşünməzdim.
Qəhrəmanımız Əliabbasın məşhur polis rəisi, naçalnik Fərəcovun qızı Bahardan xoşunun gəldiyi demək olar ki, hər kəsin məlumu idi. Ancaq az sonra danışacaqlarımdan sonra Əliabbasın əlindəki o xoşlantının da necə burnundan gətirlidiyini görəcəksiniz. Deməli, səhərin gözü açılmamış kəndə hay düşür ki, Fərəcovun qızı Bahar ortada yoxdu. Anası bütün evi ələk-vələk etsə də qızını tapa bilmir. Fağır Əliabbas da yuxusunda Baharı qaçırtdığını görür və ayılıb tər-su içində bunu nənəsi Məsmə anaya danışır. Bunu da eşidən kənd əhli aləmə car çəkir ki, bəs Əliabbas Baharı qaçırdıb. Əliabbası tutub gətirirlər bölməyə və başlayırlar sorğu-suala ki, qız hanı, hara qaçırtmısan. Yetim Əliabbas da bilmirəm sözündən başqa heç nə demir. Ortalıq ayağa qalxandan sonra məlum olur ki, Bahar anasının yuxu dərmanını içib bağda yatıbmış. Hə, bax burda yada o məşhur məsəl düşür “adın çıxınca canın çıxsın”. Film komediya, məhəbbət janrında çəkilsə belə, mesajları ciddidir: önünü, arxasını bilmədən bir söz-söhbəti yaymağın sonu həmişə acı nəticələrə gətirib çıxara bilir.
“Ədəbiyyat və İncəsənət”
(12.02.2025)