“Əvəzsiz itkiymiş ötüb-keçən gün” - Vidadi Babanlının ŞEİRLƏRİ Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə görkəmli yazıçı Vidadi Babanlının şeirləri təqdim edilir. 

 

 

Şəkillərimə baxıram

 

Düzüb qabağıma şəkillərimi

Durmuşam bayaqdan tamaşasına.

Salıb xatirimə puç illərimi

Batmışam bir ötgün ömür yasına.

 

Hər şəkil söz açır mənə dünəndən,

Oxunur gözündən sevinc də, qəm də.

Qocalığın yönü bəri dönəndən

Düyür-düyür olub dərdlər sinəmdə.

 

Bax, bu sütül oğlan ilk gəncliyimdi,

Qıvrım, gur telləri daranıb yana.

Cəmiyyət içində hələ heç kimdi,

Heyrandı özünün təzə bığına.

 

Tələbəliyimdi o biri şəkil,

Yetkinlik duyulur təhər-tövrümdə.

Nəsə pıçıldayır mənə elə bil,

Çırpınır bir eşqin gizli cövründə.

 

Digərində görkəm başqadı tamam,

Sorğu-suallıdı baxışları da.

Daşlara çaxılıb şirin arzu-kam,

Sıxlaşıb alnının qırışları da.

 

Bu biri xeylicə yaşlıdı ondan,

Ömrün tanrı payı yarıdı azı.

Bilinir, çıxıbdır çətin oyundan,

Seyrək saçlarının görünür dazı.

 

Küncdəki kişilik həddidi artıq,

Gicgahlar ağappaq, qaşlar düyünlü,

Üzündə təbəssüm yoxdu bir qırıq,

Qüssəyə bürünüb bu qaragünlü.

 

Təklənib alt yanda sonuncu əksim,

O mənim möhtərəm ahıllığımdı.

Kiçilib gözlərim, batqındı köksüm,

Fikirlər başımda dağım-dağımdı.

 

Ah, niyə bilmirik qədrini ömrün?

İllər qovhaqovla çıxır aradan.

Əvəzsiz itkiymiş ötüb-keçən gün,

Əfsus, dərk edirik bunu sonradan.

 

Sadəlovh yaşadım mən bu həyatı,

Saxta həqiqətlər oldu inancım.

İçimdə ürəyim çəkdi bayatı,

Baş tapa bilmədim, nədir qazancım?

 

Yox, asi deyiləm, Allahım, sənə,

Təşəkkür edirəm, qəlbən təşəkkür.

Yaxşı ki, çürüklük vermədin mənə,

Şükür kərəminə, min dəfə şükür!

 

Qulağım cingildəyir

 

Kim isə sözümü danışır, əlbət,

Qulağım bayaqdan hey cingildəyir.

Gözümdən uzaqda, özümdən xəlvət

Görəsən, barəmdə o, nələr deyir?

 

Tərifə, təqdirə azdı gümanım,

Yəqin babalımdı yuyub-sərdiyi.

Çoxuna dərd olub yaxşı ad-sanım,

İlhamdı Tanrının mənə verdiyi.

 

Nə karlı vəzifəm, kəhkəşanım var,

Nə varım-dövlətim başımdan aşır.

"Haqpərəst" adlanan bir nişanım var,

Dillərdə söylənir, ellər dolaşır.

 

Ah, iblis əməli, kaş olmayaydın,

Salırsan cənginə məni də hərdən.

Eşitsəydi qulaq hər şeyi aydın,

Gümanlı qalmazdıq cingiltilərdən.

 

Ulu adaş

 

Molla Vəli Vidadiyə

 

Ustad Molla Vəli, ey ulu adaş,

Önündə diz çöküb, baş əyirəm mən.

Qəbrinin üstündə qartıyıb boz daş,

Fəqət, şeirlərin düşmür dillərdən.

 

Ağladın, sızladın bir əsr tamam,

Gözünün yaşından göl də yarandı.

Bu fani dünyadan almadın bir kam,

Qürbət fərağında ciyərin yandı.

 

Pərən-pərən düşdü durna qatarın,

Rast gəldi yollarda "şahin-şunqara".

Duydun puçluğunu cah-cəlalların,

Nə şöhrətə uydun, nə haram vara.

 

Ələm dəryasında "qərq oldu gəmin",

Uğursuz qismətə küsküncə güldün.

Qoluna girmədin gedib heç kimin,

"Qərib öldün, bikəs öldün, yad öldün".

 

Sənə bu ovqatı irad tutdular,

Sözə kəc baxdılar, qalmadı dadı.

İnsafı, mürvəti lap unutdular,

Ruhun qiyam etdi, gorun çatladı.

 

Qovuldu şeirdən kövrək duyğular,

Guya toy-bayrammış büsbütün həyat.

Bitib-tükənibmiş qəmlər, qayğılar,

Düşüncə nə bəsit, ağıl nə boyat!

 

Tanrı yazan yazı, dedin, pozulmaz,

Əsla yanılmadın, ey ulu adaş.

Sənə oxşamışam həyatda bir az,

Əbədiyyətdə də oxşayaydım kaş.

 

Amalım istiqlal

 

Sən bir ülvi diləyisən yer üzündə ellərin,

Arzususan, istəyisən ləhcələrin, dillərin,

Boylanıbsan arxasından həsrət dolu illərin,

Sən, ey idealım istiqlal!

Böyük amalım istiqlal!

 

Məşəl tutdu haqq yoluna haqsızlıqdan bezarlar,

Qorxutmadı o mərdləri dar zindanlar, məzarlar,

Fərağına can çürütdü neçə-neçə yazarlar,

Ahım-məlalım istiqlal!

Candan bahalım istiqlal!

 

Qəsbkarlar var-yoxumu zaman-zaman soydular,

Tapdadılar vətənimi, yaman günə qoydular,

Mən ac qaldım, sərvətimdən özgələri doydular,

Çətin vüsalım istiqlal!

Şirin xəyalım istiqlal!

 

Ataları qoruyun

 

Oğullar, oğullar! İnsaf eləyin,

Ata ürəyini sızıldatmayın.

Tutun ətəyindən ülvi diləyin,

Sevinci, şadlığı yasa qatmayın.

 

Qoruyun atanı hər an tütyətək,

Bəxtdən küsənməsin ixtiyar çağı.

Ötməsin üstündən bir acı külək,

Çıxmasın gözünə qəlbinin dağı.

 

Hifz edin, oğullar, siz ataları,

Donmasın iliyi qəm qışlarında.

Sıxmasın könlünü övlad qubarı,

Gülsün bütün dünya baxışlarında.

 

Həyat yollarında mayakdı onlar,

Sizə şan-şöhrətdi, əgər bilsəniz.

Gen günə, dar günə dayaqdı onlar,

Qoruyun, qoruyun ataları siz!!!

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.