Şəkidə Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd edilib Featured

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

Fevralın 11-də Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin və B.Vahabzadə Ev-Muzeyinin birgə təşkilatçılığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, MİHİ Şəki rayon Komitəsinin dəstəyi ilə Şəki Dövlət Dram Teatrında B.Vahabzadənin 100 illik yubileyi münasibətilə konsert keçirilib.

 

Konsert proqramında Şəki şəhər İcra Hakimiyyətinin, Şəki-Zaqatala RMİ, Şəki-Zaqatala RTİ, KOB Şəki rayon şöbəsi,  MİHİ Şəki rayon Komitəsinin və digər dövlət  orqanlarının nümayəndələri, mədəniyyət, təhsil işçiləri, içtimaiyyət nümayəndələri iştirak edib. 

Tədbirdə B.Vahabzadə Ev-Muzeyinin direktoru Elşən Zəkəryəbəyli çıxış edərək dahi Azərbaycan şairi, ədəbiyyatşünas B.Vahabzadə ilə bağlı xatirələrini bölüşüb, dahi şairin yaradıcılığı haqqında geniş məlumat verib.

3 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərindən ibarət ansamblın ifasında şairin şeirlərinə bəstələnmiş musiqi nümunələri səsləndirilib, dillər əzbəri olan şeirləri tamaşaçılara təqdim edilib.

Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olub. 1934-cü ildə onun ailəsi Bakıya köçür.  Burada orta məktəbi bitirdikdən sonra ADU-nun Filologiya fakültəsində təhsil alır.

Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlayır. O zamandan dövri-qədim mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapıb.

Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Özümüzü kəsən qılınc"  pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.

Xalqı oyandırmaq məqsədiylə əsərlərini qələmə alan Bəxtiyar Vahabzadə şeirlərində; vətən, millət, ailə, təbiət, dil, azadlıq həsrəti kimi mövzuları ən güclü və dərin məzmunlarla izah edib.

Dahi şair B.Vahabzadə 2009-cu ildə Bakı şəhərində vəfat edib.

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.