KİTAB BƏLƏDÇİSİndə Anton Çexovun “Altı Nömrəli Palata”sı Featured

Telli Həsənova, Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin II kurs tələbəsi. “Ədəbiyyat və incəsənət” üçün

 

Anton Çexovun 1892-ci ildə yazdığı “Altı Nömrəli Palata” hekayəsi dünya ədəbiyyatının psixoloji və fəlsəfi əsərləri sırasında mühüm yer tutur. Hekayə hadisələrin cərəyan etdiyi kiçik şəhər xəstəxanasındakı psixiatriya palatasından başlayır. Bu xəstəxanada 5 psixi xəstə qalır. Xəstəxanada tibbi yardım azdır, şərait isə bərbad vəziyyətdədir. Palatanın sakinləri isə cəmiyyət tərəfindən unudulmuş, “dəli” adlandırılan insanlardır.

 

Bu palata  - “Altı Nömrəli Palata” insanlığa biganə bir sistemin simvolu kimi təsvir edilir. Onlardan biri İvan Dmitriç Gromovdur. Gromov bir vaxtlar yaxşı təhsil almış, lakin paranoyaya tutulmuşdur. O, daim təqib edildiyini düşünür və gərgin bir həyat sürür. Palatada digər xəstələr arasında epilepsiyalı bir kişi var. Daha biri tamamilə sakitdir və danışmır. Xəstələrə Nikita adlı sərt gözətçi nəzarət edir. Nikita keçmişdə əsgər olmuşdur, indi isə kobud davranışları ilə seçilən bir nəzarətçidir. Xəstəxananın baş həkimi Andrey Yefimiç Raqindir. Raqin ağıllı, lakin işinə biganə biridir. O, xəstəxananın vəziyyətinə çox əhəmiyyət vermir.

Bir gün Raqin altıncı palatanı ziyarət edir. Orada İvan Dmitriçlə tanış olur. Gromov həkimlə söhbət etməyə başlayır. O, həkimə cəmiyyətin haqsızlıqlarından danışır. Raqin Gromovun düşüncələrinə heyran qalır. Hər gün altıncı palataya gəlməyə başlayır. Raqin və Gromov arasında uzun fəlsəfi söhbətlər olur. Gromov cəmiyyəti qəddar və ədalətsiz adlandırır. Raqin isə insanın taleyinə və əzablarına laqeyd yanaşır.

Gözətçi Nikita bu söhbətləri eşidir və bəyənmir, lakin müdaxilə etmir. Xəstəxana işçiləri həkimin davranışlarından narahat olurlar. Onlar Raqinin ağlını itirdiyini düşünürlər. Bir gün Raqini də altıncı palataya yerləşdirməyə qərara alırlar. Onu İvan Dmitriç Gromovun yanına gətirirlər. Gromov əvvəlcə ona qarşı soyuq davranır. Daha sonra Raqin onunla söhbət etməyə çalışır. Gromov onu məsxərəyə qoyur və acılayır. Raqin vəziyyətindən məyus olur.

Nikita həkimlə də sərt davranmağa başlayır. Raqin daha dözə bilmir və vəziyyətinə üsyan edir…

 Nəticədə Raqin qəfil ürək tutmasından vəfat edir. Onun ölümü xəstəxanada böyük bir hadisə kimi qarşılanmır. Gromov isə yenidən öz paranoyalı həyatına qayıdır...

 Əsərdə o qədər incə məqamlara toxunulur ki, insan oxuduqca fərqli atmosferə düşür. Belə də olmalıdır, axı insanlar öz istədikləri kimi olmayan insanları “dəli” adlandırırlar. Bu gün siz ətrafınızın sevdiyi xüsusiyyətlərdən, onların maraq dairələrindən kənara çıxdıqda sizi dəli adlandıracaqlar. Çünki, bu işin əsas məsələsi budur…

 Mənim musiqi zövqüm, geyim tərzim, yemək menyum, necə deyərlər, bir sözlə hər şeyim qarşımdakı insanın istəkləri ilə üst-üstə düşmürsə, demək, mən dəliyəm… Necə də gülməli səslənir, amma, çox təəssüf ki, bu reallıqdır.

Əsərdə İvan Dmitriç daim kimlərdənsə nələrdənsə qaçır, kiminsə onu gəlib tutub aparacağından qorxur. Əsəri oxuyarkən gözlərimin önündə mənzərə canlanır, necə ki, qəlbimizin sınıq yeri olan mənzərə…

Nə olsun ki, o dəli deyil. Səni zorən dəli etmək istəyirlərsə, onda bəs necə olsun?

Axı 1937-1838-ci illərdə Azərbaycanda repressiya qurbanları da daim kimlərdənsə, nələrdənsə qaçır, kiminsə onları gəlib tutub aparacaqlarından qorxurdular. Hüseyn Cavid ilə İvan Dmitriç oxşarlığı deyib susuram. Hüseyn Cavid də heç nə etmədiyi halda səbəbsizcə qorxu içində yaşayırdı, eynilə İvan Dmitriç kimi. Daha da dərinə ensək, neçə-neçə Hüseyn Cavidlər deyərik… Əsər bir o qədər sadə görünsədə içindən necə dərin mənalar çıxmasına şahid oluruq.

Deyəsən mən də yaşadığım cəmiyyətin “dəlisiyəm” elə…

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2025)

                                                                 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.