
Super User
Bu gün Sumqayıt Şəhər Günüdür
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Canlanır hər qarış çöl Sumqayltda
Xarüqələr yaradır el Sumqayıtda!
Bu mahnı sovetlər dönəmində Sumqayıtın himniydi, xüsusən paraddan keçəndə onu hamılıqla oxumaq məcburi idi.
Mənim doğma şəhərimə o dövrlər müxtəlif adlar qoyulurdu. Onu gənclər tikib ərsəyə gətirmişdi deyə Gənclər şəhəri adlandı. Sovet kimya sənayesini bura cəmlədi deyə sonra Kimyaçılar şəhəri oldu. Qorbaçov perestroykası zamanı şəhərimiz məhz kimya poliqonu olduğu, əhalisi kütləvi zəhərləndiyi üçün Ölü şəhər adını aldı. Qarabağ müharibəsi dönəmində burada KQB ermənilərin əli ilə erməni qətliamı törədib də Sumqayıtı dünyaya Genosid şəhəri kimi tanıtdı.
İndi - müstəqillik dövründə o eləcə Sumqayıtdır. Amma ölkədə əhali sayının tələbə sayına nisbətinə görə liderdir, yəni Tələbə şəhəri adını daşımağa layiqdir.
Sumqayıt həm də mərd insanlar, elmli insanlar, tanınmış mədəniyyət xadimlərinin, idmançıların vətənidir. Buradan hansı məşhurlar çıxıblar?
Eləcə çağdaşlarımızı xatırlayaq: Sərhəd qoşunlarının komandanı Elçin Quliyev, Prezidentin köməkçisi Natiq Əmirov, Azərbaycan Televiziyasının sədri Rövşən Məmmədov, əfsanəvi futbolçu Nazim Süleymanov, karate üzrə dünya çempionu Rafael Ağayev, şahmat üzrə üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov, ədəbiyyat üzrə Avropa materikinin qızıl mükafatçısı, yazıçı Varis, məşhur müğənnilər Ədalət Şükürov, Damla, aktyorlar Afaq Bəşirqızı, Coşqun Rəhimov və daha kimlər…
Və gəlin onu da unutmayaq, Sumqayıt əfsanəvi general Polad Həşimovun yaşadığı şəhərdir.
Sumqayıt — Azərbaycanda respublika tabeli şəhərdir. Paytaxtdan 31 km şimalda, Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində düzənlik ərazidə yerləşir. Hacı Zeynalabdin, Corat, Kimyaçılar, İnşaatçılar, Kotej, Yaşma, Yaşıl dərə, Stansiya Sumqayıt, Qurd dərəsi, Sarıqaya, Xəzər bağları yaşayış massivləri, 21 mikrorayon və 67-dən çox şəhər məhəllələri inzibati əraziyə daxildir.
Şəhərdə yarım milyona yaxın əhali yaşayır.
Tarixçilərin fikrincə müasir Sumqayıtın yerləşdiyi ərazidə qədim dövrlərdə midiyalılar məskunlaşıb. Briyaniyada nəşr olunan "The York Herald" qəzetinin 23 may 1877-ci il tarixli sayında belə Sumqayıtın adı çəkilib. Yazıda qeyd olunub ki: “Sumqayıtdan, yaxud Bakıdan Tiflisə yaxşı yol mövcuddur, Tiflisdən isə İrəvana."
Hazırkı müasir şəhərin tarixi isə Sovet dönəmi ilə bağlıdır.
Sovet rəhbərliyi Abşeronu ağır sənaye mərkəzinə çevirmək qərarına gəlir. Bu məqsədlə Abşeronda ikinci bir sənaye mərkəzi tikmək planlaşdırırlır. İlk tikinti işləri 1938-ci ildə başlanır, lakin müharibənin başlanması ilə əlaqədar olaraq şəhərin tikintisi dayandırılır. Tikinti işləri 1944-cü ildə yenidən bərpa olunur. Şəhərin tikintisi zamanı torpaq altında qazıntı işləri görülərkən qədim yaşayış məntəqəsinin və karvansarayın qalıqlarına da rast gəlinir. Sənaye şəhəri Sumqayıtın baş planı 1948-ci ildə Moskvadakı layihə institutlarından birində hazırlanmışdı. Şəhərin yaşayış zonasının tikintisi planını layihələşdirmək isə Dövlət Baş Layihə İnstitutu tərəfindən yerinə yetirilmişdir.
1947–1949-cu illərdə hazırlanmış həmin layihənin müəllifləri Saburov, İsayev və Brjesinkaya idi.
Sumqayıtın tikintisində azərbaycanlılar ilə yanaşı müharibədə əsir düşmüş almanlar da işlədilirdi.
1938-ci il – indiki İstilik Elektrik Stansiyasının yerində fəhlələr üçün ilk baraklar quraşdırılır. İES-in inşaatçıları üçün yaşayış məntəqəsinin tikintisinə başlandı.
1939–1940-cı illər – sintetik kauçuk, boruyayma və kimya zavodlarının bünövrəsi qoyuldu.
1941-ci il – İES işə düşdü və Bakının neft sənayesi üçün ilk elektrik cərəyanı verdi. 1944-cü il – Kimya və metallurgiya zavodlarının tikintisi başlanıldı.
1945-ci il – Sumqayıt kimya zavodu ilk məhsulunu verdi və Sumqayıtda geniş tikinti işləri vüsət aldı.
1949-cu il – Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verildi. İEM yanında qəsəbə olaraq yaranan Sumqayıt qısa müddət ərzində böyük sənaye mərkəzinə çevrildi.
1952-ci il – Boruyayma zavodu ilk məhsulunu verdi. Sintetik kauçuk zavodu işə başladı və ilk dəfə neftdən etil spirti əldə edildi.
1953-cü il – Marten sobalarında ilk polad əridildi.
1955-ci il – Sumqayıt Alüminium Zavodu işə başladı.
1957–1959-cu illər – Elmi-tədqiqat institutları və mədəniyyət mərkəzləri tikildi, şəhər infrastrukturu inkişaf etdirildi.
1960-cı il – Avropanın ən böyük neft-kimya kombinatının tikintisinə başlanıldı.
1961–1968-ci illər – Bir-birinin ardınca yeni müəssisələr: kərpic zavodu, polimer tikinti materialları kombinatı, superfosfat zavodu, tikilərək istehsala başladı.
1970–1980-ci illər – Yüngül və maşınqayırma sənayesi inkişaf etdi.
Müasir dövrdə isə Sumqayıtda dünyaca şöhrət tapan, Avropadan ödüllər qazanan Sumqayıt Bulvarı inşa edildi.
Gözəl Sumqayıt, günün mübarək!
Sumqayıtlılar, hamınızı təbrik edirəm!
“Ədəbiyyat və incəsənət”
(22.11.2023)
Musiqisi kimi böyük insan
Könül, “Ədəbiyyat və incəsənət”
Hər şey gözəldir həyatda. Sən bu gözəlliyi yaşaya, duya bilsən…
Bir vaxtlar Brilyant Dadaşova və Akif İslamzadə bu mahnını oxuyanda o qədər ruhumu oxşayırdılar ki, sadəcə riqqətə gəlirdim. Elə o vaxtdan bu mahnının bəstəkarı Cavanşir Quliyevi sevdim. Və o vaxtdan bilirəm ki, noyabrın 22-si onun doğum günüdür.
Bu gün böyük bəstəkar 73 yaşını qeyd edəcək.
Cavanşir Rəhim oğlu Quliyev 1950-ci il noyabrın 22-də Şəkidə doğulub. Orta rus məktəbini 1967-ci ildə, Şəki Musiqi Texnikumunu 1968-ci ildə bitirib. Həmin il Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri Fakültəsinin Tar Şöbəsinə daxil olub. İki ildən sonra Konservatoriyanın Bəstəkarlıq Fakültəsinə keçib və 1975-ci ildə görkəmli bəstəkar, professor Cövdət Hacıyevin sinfini bitirib.
Diplom işi — böyük simfonik orkestr üçün "Birinci Simfoniya" olub. Hələ tələbə ikən, C. Quliyev bəstəkarlıqda eksperimentlərinə başlamışdı. 2-ci kursda oxuyarkən yazdığı "Birinci Kvartetdə", gələcəkdə əsas yaradıcılıq prinsipi olan milli musiqinin çağdaş bəstəkarlıq texnikası ilə sintezləşdirərək, yeni musiqi tərzinin üzə çıxmasına nail olmuşdu. Əsər dinləyənlər tərəfindən böyük maraqla qarşılanmış, bəyənilmiş və uzun müddət "millilik və müasirlik" baxımından yaradıcı mübahisələrin səbəbi olmuşdur.
Bir sıra Konservatoriyalararası konfranslarda, o zamanki SSRİ Bəstəkarlar İttifaqında (Moskva) səsləndirilmiş, və böyük maraq doğurmuşdur. Sonralar C.Quliyevin bu üslubda bəstələdiyi bir sıra başqa əsərləri Avropanın çeşidli ölkələrində və Amerikada ifa olunaraq, böyük rəğbət görmüşdür.
Cavanşir Quliyev müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir. C. Quliyev ilk dəfə sazı kamera musiqisində kamanla, violonçellə, fleyta ilə bərabər şəkildə tədbiq etmişdir. C.Quliyev ilk dəfə sazı və zurnanı simfonik və simfo-caz orkestrlərin tərkibinə daxil edərək, əsas alətlər şəklində işlətmişdir.
Tələbəlik illərindən, yəni 1973-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində səs rejissoru işləməyə başlayıb və həmin vəzifədə 17 il çalışıb.
1990–1993 illərdə Azərbaycan Dövlət Konsert Birliyinin bədii rəhbəri olub. 1980–1998 illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında — Bakı Musiqi Akademiyasında, 1994–2003 illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyib. Paralel olaraq 1992-ci il sentyabr ayının 1-dən 2005 ilə qədər Akademik Milli Dram Teatrında musiqi hissə müdiri işləyib. 2003-cü ildən Milli Konservatoriyanın dosenti, 2005-ci ildən professoru, 2005-ci ildən — Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitetinin Səhnə Sənətləri fakültəsinin professorudur.
O, 19 il Şimali Kiprdə yaşadıqdan sonra Azərbaycana qayıdıb.
Bıstəkarın ”Tufan” ,Kitabi Dədə Qorqud” baletləri, Zurna və orkestr üçün Üvertürası (1980); Fleyta, saz və violonçel üçün "Karvan" (2000) əsəri; Simli orkestr üçün "Dastan" (2001) əsəri, 4 simfoniyası; “Məhəbbət oyunu" Operettası çox məşhurdur.
Bir mahnısını qeyd elədim yuxarıda. Amma ən sevdiyim mahnılar listəsində onun bir mahnısı da var, “Sevəcəyəm” Brilyant xanım ifa edir. Bu gün siz də bu mahnını dinləyin. Sevəcəksiz.
“Ədəbiyyat və incəsənət”
(22.11.2023)
Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir. Bu qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub İslam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir və İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaqdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin;
1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 noyabr 2023-cü il
Adil Kərimli: “Yeni ekspert şurasının yaradılması zəruri idi”
Mədəniyyət Nazirliyi tərəfindən kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurası yaradılıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Bu münasibətlə noyabrın 20-də Azərbaycan Milli İncəsənət Muzeyində toplantı keçirilib.
Mədəniyyət naziri Adil Kərimli tədbir iştirakçılarını salamlayaraq yeni Ekspert şurasının yaradılması zərurətindən danışıb. Qeyd edib ki, kinematoqrafiya, rəqəmsal və audiovizual məzmunlar, yəni mediaya aid olmayan sahədə əsərlərin qiymətləndirilməsi üzrə peşəkar bir formata ehtiyac var idi: “Düşünürük ki, bu fəaliyyət sahənin peşəkarları üçün də vacibdir”.
Daha sonra Mədəniyyət Nazirliyinin təqdimatında bildirib ki, nazirliyin kollegiyasının müvafiq qərarı ilə Ekspert şurasının tərkibi və əsasnaməsi müəyyən edilib. İctimai əsaslarla fəaliyyət göstərəcək şuranın məqsədi dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan əsərlərin, həmçinin istehsal yerindən asılı olmayaraq, ölkə ərazisində ictimai qaydada yayımlanan kinematoqrafiya və digər audiovizual əsərlərin (audiovizual media materialları istisna olmaqla), o cümlədən rəqəmsal platformaların və internet informasiya ehtiyatları vasitəsilə yayımlanan məzmunların qiymətləndirilməsindən ibarətdir. Şura tərəfindən qiymətləndirmə əsərin uşaqlar üçün zərərli informasiya olub-olmaması, Azərbaycan dilinin, mədəni dəyərlərin qorunması və inkişafına, ümumi estetik tərbiyənin gücləndirilməsinə töhvə verməsi, mövzusunun aktuallığı və mədəniyyətin inkişafının prioritet istiqamətlərinə uyğunluğu kimi meyarlara əsasən aparılır.
Bildirildi ki, səlahiyyət müddəti iki il olan şura müvafiq sahə üzrə mütəxəssislərdən və ekspertlərdən ibarət tərkibdə formalaşdırılır. İclasları ildə dörd dəfədən az olmayaraq keçirilir. İclaslar onlayn keçirilə bilər. İclas vaxtı sadə səs çoxluğu ilə iclas üzvləri tərəfindən müəyyən olunur.
Ekspert şurasının fəaliyyətinin təşkili məqsədilə katiblik yaradılır. Katiblik şuranın iclaslarını təşkil edir. Şuraya daxil olan müraciətlərin qanunvericiliyin və bu əsasnamənin tələblərinə uyğunluğunu yoxlayır. İclasların keçiriləcəyi vaxt və yer barədə üzvlərə məlumat verir. İclasın gündəliyini, protokolunu tərtib edir və imzalanmaq üçün üzvlərə təqdim edir. Müraciətlərin uçotunu aparır, onları təhlil edir, ümumiləşdirir.
Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən bu ilin iyul ayında elan edilən film layihələri müsabiqəsinin pitçinq mərhələsində qalib layihələr də Ekspert şurasının rəyi əsasında müəyyən olunacaq.
Toplantıda daha sonra Ekspert şurası üzvlərinin çıxışları dinlənilib, fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət”
(22.11.2023)
Azərbaycan turizm imkanlarını Qətərdə keçirilən beynəlxalq sərgidə nümayiş etdirir
Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmizin turizm imkanları Qətərin paytaxtı Dohada keçirilən “Qatar Travel Mart” sərgisində nümayiş etdirilir.
Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, xüsusi formada dizayn edilmiş milli stenddə ziyarətçilərə Azərbaycanın tarixi, milli mətbəx nümunələri, ekoturizm, dağ-xizək mərkəzləri, sağlamlıq və qış turizmi imkanları haqqında ətraflı məlumat verilir.
Milli stenddə ölkəmizi Azərbaycan Turizm Bürosu ilə yanaşı, ümumilikdə, 7 yerli turizm sənayesi tərəfdaşı təmsil edir.
Beynəlxalq sərgi çərçivəsində iştirakçı turizm sənayesi nümayəndələri ilə B2B (Biznesdən biznesə) formatlı görüşlər keçirilir, qarşılıqlı əməkdaşlıq imkanları qiymətləndirilir.
Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid "Dünya səviyyəli dayanıqlı destinasiya və xidmətlərin yaradılması" mövzusunda keçirilən panel diskussiyada iştirak edib.
Bundan əlavə, Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Mahir Əliyev milli stendi ziyarət edərək, sərginin gedişatı ilə tanış olub.
Noyabrın 22-dək davam edəcək sərgidə 60 ölkədən dövlət və özəl sektoru təmsil edən 250 turizm sənayesi nümayəndəsi iştirak edir və sərgiyə 9 mindən çox ziyarətçinin qatılacağı planlaşdırılır.
“Ədəbiyyat və incəsənət”
(22.11.2023)
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
“Yaradıcı Həftə” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 28-30-da Heydər Əliyev Mərkəzində “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, forum ekosistem oyunçuları arasında qarşılıqlı əməkdaşlıq perspektivlərinin və mövcud problemlərin müzakirəsi, yaradıcı sənaye sahəsinin kompleks şəkildə inkişaf imkanlarının araşdırılması məqsədilə təşkil olunacaq.
Tədbirdə müvafiq dövlət qurumlarının rəhbərlərinin və kreativ sektorun təmsilçilərinin iştirakı ilə ayrı-ayrı sahələr üzrə yaradıcı sənayelərə dair panel sessiyalar və dəyirmi masalar təşkil ediləcək.
Heydər Əliyev Mərkəzində forum müddətində kreativ məhsulların və yaradıcı sənaye nümayəndələrinin fəaliyyətinin tanıdılması məqsədilə “Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi” (MY EXPO 2023) keçiriləcək. Sərgi kino, animasiya, musiqi, cultech (mədəniyyət sahəsində startaplar), gametech (oyun texnologiyaları), dəb, dizayn kimi yaradıcı klasterləri, eləcə də yaradıcı məkan və regionları bir araya gətirəcək.
Noyabrın 29-30-da Heydər Əliyev Mərkəzində forum çərçivəsində “Türk dünyası animasiya şəbəkəsinin qurulması”, “Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” və digər mövzularda dəyirmi masalar da təşkil olunacaq.
Qeydiyyat forması week.creative.az saytında yerləşdiriləcək.
“Ədəbiyyat və incəsənət”
(22.11.2023)
Bakıda Türk Dünyasının Yumor Festivalı keçiriləcək
Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Yaradıcı Həftə” çərçivəsində dekabrın 2-də Nizami Kino Mərkəzində Türk Dünyasının Yumor Festivalı keçiriləcək.
Tədbir Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tatarıstanın yumor dünyasının nümayəndələrini bir araya gətirəcək. Festivalda Türk dünyasının yumor ustaları “stand-up” janrında çıxışlar edəcək və sonda münsiflər heyətinin qiymətləndirməsinə əsasən ölkələrdən biri qalib seçiləcək.
Festival qarşılıqlı peşəkar və yaradıcı fəaliyyətin təşviq edilməsinə və bu sahədə birgə yaradıcı layihələrin həyata keçirilməsinə töhfə verəcək.
“Ədəbiyyat və incəsənət”
(22.11.2013)
Tarkanın Bakı konsertinə düz 3 gün qaldı
Noyabrın 25-də “Baku Crystal Hall” səhnəsində türk pop musiqisinin ən məşhur və sevilən sənətçilərindən biri, möhtəşəm ifaları, eləcə də hərarətli səhnə performansı ilə bir çox ölkələrdə milyonlarla insanın qəlbini fəth etmiş, həmçinin yüzlərlə yerli, beynəlxalq mükafatlara layiq görülmüş Tarkan konsert proqramı ilə çıxış edəcək.
Meqastar enerji dolu möhtəşəm atmosfer yaratmaq üçün öz repertuarında olan unudulmaz mahnıları ilə yenidən pərəstişkarları qarşısına çıxacaq.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(22.11.2023)
Bu gün Türkiyənin tanınmış ifaçıları Bakıda konsert verəcək
Türkiyənin tanınmış pianoçusu Rüya Taner və saksafon ifaçısı Kürşat Başar Türkiyə Cümhuriyyətinin 100-cü və Şimali Kipr Türk Respublikasının 40-cı ildönümü çərçivəsində Bakıda konsert verəcək.
“Ədəbiyyat və incəsənət” portalı İticket-ə istinadən xəbər verir ki, konsert noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikasının sənət dünyasının bir araya gələcəyi konsertdə hər üç türk dövlətin mədəniyyəti nümayiş olunacaq və ölkələrimiz arasında mədəni əlaqələrin daha da güclənməsinə töhfə verəcək.
“Ədəbiyyat və incəsənət”
(22.11.2023)
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Sara Nacidən “Mənimlə qal” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Sara Nacinin şeirlərini təqdim edir.
Sara Naci kimi tanınan Sara Məhəmmədi əfqan əsillidir və 1990-cı ildə Tehranda anadan olub. 1990-cı ildən şeir yazmağa başlayıb və 1998-ci ilin mayında “Səssiz keçidlər” kitabını nəşr etdirib. O, hazırda Tehranda yaşayır və kino rejissorluğu üzrə təhsil alır.
MƏNİMLƏ GƏL
Saçlarım çiyinlərindən tökülür
Və bu pəncərədən Şimal dənizinə qovuşur
Məndən uzaqlaşmağını istəmirəm
Rəmkədə keçən buludlarla gedəsən
Ya da mövsümün qanlı yarpaqlarının üstündə addımlayasan
Və ya qoca tısbağalar arasında
Özünə dalasan
Səsini içindən eşidirəm
Onun dinliyi yoxdur
Gəl olayların dibərdinə vuraq
Gəl suların üzündə əsək
Və Mərcan qayalarını dalğalara oyuncaq edək
Günəş nəhəng ağaclar səltənətini idarə edir
Və sən daxili duyğularının inqilabında boğulmaq istəyirsən?
İndi boğulmaq vaxtı deyil
Yerdəki canlılar arasında həyat hələ də davam edir
Mənimlə gəl
Tropik küləkləri izləyək
Və başqa yerə gedək.
“Ədəbiyyat və incəsənət”
(22.11.2013)