Dahi heykəltaraş Cəlal Qaryağdının dünyaya göz açdığı gündür Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Tarixən dahi rəssamlar yetişdirən Azərbaycanda bu pleadada bir neçə heykəltaraş adı da var. Onlardan ən birincisi Azərbaycan SSR xalq rəssamı Cəlal Qaryağdıdır ki, bu gün – 2 iyun tarixi onun dünyaya göz açdığı gündür.

 

Görkəmli rəssam 1914-cü il iyunun 2-də Şuşa şəhərində anadan olmuşdur. Şuşanın məşhur Qaryağdılar nəslinin nümayəndəsi, böyük xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı oğludur.

 Erkən yaşlarında ata-anasını itirir, onu xalası ilə nənəsi böyüdür. 1927-ci ildə Cəlal Bakıya gəlir. Burada Rəssamlıq Məktəbinə qəbul olunur. Sonra təhsilini Tbilisi Rəssamlıq Akademiyasında (1932–1935) davam etdirir, lakin maddi imkansızlıq ucbatından təhsilini yarımçıq qoyaraq Bakıya qayıdır. 30-cu illərdə qəzetlərdə rəssam, həm də Rəssamlıq Məktəbində müəllim olaraq çalışır. 40-cı illərdə heykəltaraşlıq əsərlərini yaratmağa başlayır.

Böyük Vətən müharibəsi illərində cəbhə qəzetlərində siyasi karikaturalarla çıxış etmiş, müharibədən sonra insanların bədii obrazları üzərində işləmişdir. Heykəltaraşlığın müxtəlif janrlarında əsərləri var. Monumental-dekorativ heykəltaraşlıq onun yaradıcılığında əsas yer tutur. Əsərləri üçün obrazların yığcamlığı və milli kolorit səciyyəvidir.

İçərişəhərin qala divarlarının yaxınlığında görkəmli satirik şair M.Ə.Sabirin heykəli (memar Ə.İsmayılov və Q.Əlizadə, 1958-ci il) Cəlal Qaryağdının ilk böyük işlərindən biridir. C.Qaryağdının monumental-dekorativ heykəltaraşlıq əsərləri bədii ifadəliyi və dinamikliyi ilə diqqəti cəlb edir. Nəriman Nərimanovun heykəli (1972), Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun abidəsi (1983, Lənkəran) Azərbaycan heykəltaraşlığının qiymətli nümunələri sırasına daxildir.

Vaxtilə Lenin (indiki Azadlıq) meydanında qoyulmuş V.İ.Leninin heykəlini də C.Qaryağdı yaratmışdı. Sənətkar həmçinin Qara Qarayevin, Fikrət Əmirovun, Bülbülün, Niyazinin, Cahangir Cahangirovun və başqalarının büstlərini yaradıb.

 

Əsərləri 

 

1. Ö. Qəniyeva büstportreti

2. X. B. Natəvan və başqalarının büstportretləri

3. Bakıda N. Nərimanovun heykəli

4. M. Ə. Sabirin heykəli 

5. M. Ə. Sabirin, Q. Qarayevin, F. Əmirovun büstləri

6. S. Vurğunun qəbirüstü abidəsi, heykəli 

7. Akademik Y. H. Məmmədəliyevin abidəsi

8. "Tarzən", "Kamançaçı","Xanəndə" (hamısı 1967) fiqurları və s.

 

Təltif və mükafatları

 

1. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı 

2. "Azərbaycan SSR xalq rəssamı" fəxri adı 

3. "Qırmızı Əmək Bayrağı" ordeni 

4. "Şərəf Nişanı" ordeni

 

Dahi heykəltaraş 1 yanvar 2001-ci ildə Bakıda vəfat etmişdir.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(02.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.