Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olan Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, dosent Şəmil Sadiq Qırğızıstanın təhsil naziri Doqdurgül Kendirbayev və nazir müavini Lira Samikbayevlə görüş keçirib.
“Ədəbiyyat və incəsənət” portalına Hədəf-dən verilən məlumata görə, görüşdə Şəmil Sadiq Hədəf Şirkətlər Qrupunun fəaliyyəti, Hədəf Konsepti və təhsil sahəsindəki yenilikçi yanaşmalar barədə ətraflı məlumat verib.
O, 2025-ci ilin yanvar ayında Bakıda keçirilmiş Hədəfdə STEAM–7 beynəlxalq təlimində Qırğızıstanlı müəllimlərin aktiv iştirakını vurğulayaraq, STEAM yanaşmasına göstərilən maraqdan məmnunluğunu ifadə edib.
Ş.Sadiq ehtiyac olduğu halda bu sahədə ortaq layihələrin hazırlanması və ikitərəfli əməkdaşlığın qurulması üçün lazımı dəstəyi verə biləcəyini bildirib.
Doqdurgül Kendirbayev Bişkekdəki Heydər Əliyev adına məktəbin STEAM istiqamətində təcrübələrə malik olduğunu qeyd edib və belə layihələrin pedaqoji bacarıqların bölüşülməsi baxımından faydalı olacağını vurğulayıb.
Görüş zamanı müasir təhsilin çağırışları, innovativ yanaşmalar və Qırğızıstanda özəl təhsil müəssisələrinə dövlət dəstəyi məsələləri müzakirə olunub.
Sonda Şəmil Sadiq nazirə və müavininə qəbula görə təşəkkürünü bildirib, müəllifi olduğu “Hədəf Konsepti” və “İnsan mühəndisi” adlı kitabları hədiyyə edib.
“Ədəbiyyat və incəsənət”
(02.06.2025)