
Super User
Deyim, kimi axtarardım?
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Leyla Səfərovanın “İndiyə qədər tanıdığın hər kəs bir otaqda olsaydı, kimi axtarardın?” yazısına bir nəzirə
İndiyə qədər hamı bir otaqda olsa kimi axtarardım?
Düşünürəm ki, məhdud zaman çərçivəsində insan müəyyən cığırlı yollardan keçərək sonunu təxmin edə bilmədiyi bir ünvan üçün günbəgün addım atır. Və bu addımları atan zaman onun cığırında bir çox insanla qarşılaşa bilər. Biz buna məişətdə ailə, dost, sevgili, övlad, bəzən düşmən, bəzən yaxın bəzən ən özgə doğmalar deyirik. Əbədi dünyaya aparan cığırlarda yol bitənə qədər yolunu dəyişənlər də olur, yolun bir hissəsində əbədiyyətə qovuşanlar da. Bəli, bu tam olaraq belədir həm də, minilliklər boyu. Ancaq bir gün gələcək və o cığırlarda bir yol getmiş, ən doğma özgələrdən tutmuş ən özgə doğmalara qədər eyni bir yerə toplaşacağıq. Bax buna deyərəm üzləşmə. Keçmişlə, keçməmişlərlə, gələcəklə və gələcək deyə ümid etdiklərimizlə üzləşmək, ya da qarşılaşmaq nələr hiss etdirər?Dünyadan köçənlərin köçdüyü dünyaya köçəndə hicranın qoxusu vüsala qarışacaq. Bax məncə, o qarşılaşma günü sənin, mənim, onun, ümumiyyətlə, hər birimizin əsl kimliyi ortaya çıxacaq. Əgər o günün o gün olduğunu anlasam, ilk öncə uşaqlığımı axtararam. Novxanıdakı həyətimizdə quzularla oynayan, babasına çox bağlı, atasına dayanmadan suallar verən, baxçada hər dəfə yıxılan balaca haradadır?Bəs görəsən o məni görsə tanıyarmı? İllər üz cizgilərimi dəyişsə belə gözlərimin içindəki işığdan məni seçə bilərmi? Məncə, seçə bilməz. Axı mən belə uşağlığıma susqun ikən o məni necə xatırlayacaq? Ona verdiyim sözləri tuta bilməyən mən utanarammı heç?
Bunları düşünmək bir qırağa, özümdən başqa görəsən kimləri axtararam?
Dostlar, sevgililər, ailə üzvləri? Hansı?
Gəl sənə ilk gözlərim kimi axtarar, deyim, əziz oxucu. İlk öncə babalarımı axtararam. Uşaqlığımı dolu-dolu yaşadan, din, əxlaq, mənəviyyat nədir öyrədən, yeniyetməliyimdə imanımı və əqidəmi doğru yola yönəltmək üçün mənimlə yorulmadan danışan, dəfələrlə danışıb mənim də ilk dəfə eşidirmiş kimi dinlədiyim xatirələrindən söhbət açan, keçmişinə köks ötürən babamı, uşaq vaxtı çubuqlu sovurma konfeti heyva ağacının altına əkdirib hər səhər yerinə təzəsini qoyub məni konfet ağacının varlığına inandıran babamı axtarar gözlərim.
Və təbii ki, o gün hicran vüsal qoxar. Gözlər dolar, dodaqlar titrəyər, sözlər boğazımda düyünlənib qalar.
“Ədəbiyyat və incəsənət”
(22.11.2023)
İndiyə qədər tanıdığın hər kəs bir otaqda olsaydı, kimi axtarardın?
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
“İndiyə qədər tanıdığın hər kəs bir otaqda olsaydı, kimi axtarardın?” - Bu sual axır zamanlar o qədər qabağıma çıxır ki, istədim fikirlərimi sizlərlə də bölüşüm.
Əgər indiyə qədər tanıdığım hər kəs bir otaqda olsaydı nə hiss edərdim? Mən titrəyərdim. Həyəcandan, qorxudan... O qədər fərqli, o qədər qorxunc və ya gözəl həyatlara, hadisələrə şahidlik etdim ki, bu qısacıq ömrümdə. Onlarla rastlaşmaq qorxudardı məni. Baxardım onlara, mənə olan baxışlarında bir məna anlamağa çalışardım. Məsələn, torpaq altına tapşırdıqlarımın üzündə qürur, yoxsa utanc var? Ya da yarı yolda qoyan tanışlarımın gözlərində peşmanlıq varmı? Bunları bilmək istəyərdim. Amma indiyədək tanıdığım hərkəslə bir otaqda olsaydım, ən çox mən itirdiyim məni axtarardım. Hər gedənlə birgə itkin düşmüş bir parçamı, hər yalanla məni tərk etmiş parça-parça məsumluğumu. Mən uşaqlığımı axtarardım. Keçmişin və gələcəyin söhbətlərini etmək üçün.
Uşaqlar daha konkret fikirləşərmiş. Onlar plan qurmaz, fitnə düşünməzmiş. Atmalı olduğum addımları 7-8 il öncəki məndən soruşardım. Ya da ona etməli olduqlarını deyərdim. Bir söz var ha, "bugünkü ağlımla keçmişə dönsəm nə edərdim" deyə. Bax, mən əgər keçmiş mənlə rastlaşsaydım ona təkliyi öyrədərdim ən birinci. Bu cəmiyyətdə təkliyin daha gözəl, daha münasib olduğunu öyrədərdim. Daha çox oxumasını söyləyərdim. Dayanmadan daha çox mütaliə etməsini, öyrənməsini. Mən keçmişimlə üzləşə bilsəydim əgər, ondan bir parça rahatlıq, bir azca hüzur istəyərdim. Sonra başımı qaldırıb baxardım otağa yenidən. Keçmiş məni də alıb qapı-pəncərə axtarardım. İtirdiyim məni bir daha buraxmazdım onu öldürənlərin arasında. Əgər mən indiyədək tanıdığım hərkəslə bir otaqda olsaydım, özümə qovuşardım hər halda...
Belə. Bəs siz həyatınız boyu tanıdığınız hər kəslə bir otaqda olsanız kimi axtarardınız? Nə hiss edərdiniz? Ondan nə istəyərdiniz? Və ən əsası. Onu geri istəyərdiniz?
“Ədəbiyyat və incəsənət”
(22.11.2023)
VƏTƏNPƏRVƏRLİK ŞEİRLƏRİ – Bu dəfə Çoşqun Xəliloğlundan
“Ədəbiyyat və incəsənət” portalının poçtuna gələn növbəti məktub Coşqun Xəliloğlundandır. O, vətənpərvərlik ruhunda yazdığı şeirlərini göndərib. Dünən onların bir neçəsi ilə tanış oldunuz, bu gün daha iki şeir təqdim edirik.
VƏTƏN ŞƏHİDLƏRİ
Azərbaycanın ərazi bütövlüyü və Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsində həlak olmuş şəhidlərin əziz xatirəsinə ithaf edirəm.
Baxın, yurdun balası, neçə igid qəhrəman
Vətənə sidq ürəklə qurban eylədilər can,
Dedilərbütövolsun, tam olsunAzərbaycan,
Heç zaman unutmarıq biz cəsurigidləri,
Əbədi yaşayacaq bu Vətən şəhidləri.
Döyüşdülər inamla, ölümdən qorxmayaraq,
Neçə dağı, dərəni, zirvələri aşaraq,
Söylədilər, düşməndə qala bilməz Qarabağ,
Dar günündə tanınır elin, əsil mərdləri,
Əbədi yaşayacaq bu Vətən şəhidləri.
Bu torpaqdan, bu yurddan, tükənməz güc aldılar,
Yağıları məhv edib, şanlı zəfər çaldılar,
Şəhidlik zirvəsinə mərdliklə ucaldılar,
Unudulmayıb hələ Qorqudun öyüdləri,
Əbədi yaşayacaq bu Vətən şəhidləri.
Heç nə döndərə bilməz bizi haqq yolumuzdan,
Kafirlər məhv edildi, qovuldu elimizdən,
Salam var ölməzlərə xarıbülbülümüzdən,
Həmişə xatırlanıb çəkiləcək adları,
Əbədi yaşayacaq bu Vətən şəhidləri.
“QƏHRƏMAN ATAM”
ŞƏHİD BALASININ DİLİNDƏN:
Atam şəhid olubdur Qarabağ savaşında.
Cənnətə qovuşubdur, otuz altı yaşında.
Başlarkən müharibə dedi, getməliyəm mən.
Qarabağı düşməndən azad etməliyəm mən.
Gülümsünüb, diqqətlə baxdı mənim üzümə:
-Maşallah, böyümüsən, diqqət elə, sözümə.
Bu torpaq babalardan bizə bir əmanətdir,
Torpağı yada vermək günahdır, xəyanətdir.
Torpağımız kafirin əlində qala bilməz.
Qarabağsız bu diyar yurd, vətən ola bilməz.
Məhv eyləyib düşməni qayıdarıq, inşallah.
Anam dedi, qorusun, sizləri, qadir Allah!
Döyüşlərə atıldı atam bir aslant kimi.
Düşmənlərlə vuruşdu əsil qəhrəman kimi.
Əlində avtomatı daim irəli keçdi.
Düşməni milçək kimi məhv etdi, qırdı, biçdi.
Atamq əhrəman olub, dostları da şahiddir.
Gecə yuxuma gəlir, gülüzlü bi rşəhiddir.
Atamla fəxr edirəm o, qələbə çalıbdır.
Qarabağı düşməndən öz qanıyla alıbdır.
“Ədəbiyyat və incəsənət”
(22.11.2023)
Afaq Məsudun hekayələrində ekzistensializm
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Dillər Universiteti, Magistratura şöbəsinin tələbəsi Zəhra Həsimovanın Xalq Yazıçısı Afaq Məsudun yaradıcılığı barədə məqaləsini təqdim edir.
“Bəzən mənə elə gəlir ki, nə isə, ayrı bir işlə məşğul oluram. Bəlkə də bu, heç ədəbiyyat deyil”. Azərbaycan ədəbiyyatının yazıçı və ədəbiyyatşünas ailəsində dünyaya göz açmış yazıçı-dramaturq və görkəmli nəsr ustalarından olan Afaq Məsud müsahibələrindən birində “Niyə məhz ədəbiyyat?” sualına yuxarıdakı cavabı verərək əslində ədəbiyyatın insanın ucsuz-bucaqsız dərinliyinə nüfuz edən əvəzsiz vasitə olduğunu açıq şəkildə ifadə etmişdir. Tələbəlik illərindən etibarən yazmağa başladığı hekayələrində insan, onun taleyi, daxili-mənəvi aləmi, yaşam və ölüm arasındakı incə xətti kiçik detallarla bəzəyən Afaq Məsudun “II İohan” , “Müdir”, “Alman kilsəsi”, “Gecə”, “Qonaqlıq”, “Bekar”, “ Çovğun”, “Telefonda işıq”, “Can üstə”, “Üçüncü mərtəbədə”, “Oğru”, “Ədalət”, “Tək”, “Uydurma”, “Sərçələr”, “Dovşanın ölümü”, “Su” və s hekayələrində “insan və cəmiyyət” arasındakı münasibətlər fonunda insanın ekzistensial dəyərlərini ayrı-ayrı problemlər müstəvisində təsvir olunur. Bundan başqa qeyd etmək lazımdır ki, yazıçının hekayələrində “həyat–ölüm”, “insan mahiyyəti” kimi dialektik məfhumlar da ehtiva edilmişdir.
Ekzistensializm 19-cu əsrin ortalarında dominant sistematik fəlsəfəyə qarşı reaksiya olaraq yaranmışdır. Sören Kyerkeqor özü heç vaxt bu termindən istifadə etməməsinə baxmayaraq, ilk ekzistensialist filosof kimi qəbul edilir. Ekzistensialistlər, düşüncələrini dolayısız olaraq öz şəxsi həyatlarının bir aspektini aydınladan romanlar, dramalar və gündəliklər ilə təsvir edirlər. Ekzistensializmə görə, hər şey insanın özü ilə başlayır və bitir. İnsan situasiyaya görə deyil, situasiya insana görə dəyişməlidir. Bu fərqli situasiyalarda isə insanların öz duyğu və davranışlarına görə mövqe və düşüncələri izah edilir. Azərbaycan ədəbiyyatında da bu Qərb fəlsəfəsinin təsirinə sonrakı dövrlərdə rast gəlinməyə başlamışdır. Qəhrəmanın ölüm qorxusu, pessimist ruhu, ətraf aləmə özgələşməsi və bu özgələşmədən doğan tənhalıq, azadlığa meyillilik, ətrafındakıları önəmsəməməsi ədəbiyyatımızda ekzistensial elementlərin səciyyəsini müəyyənləşdirir.
Hər bir millətin çağdaş nəsrində, bədii mətnlərində dünya ədəbiyyatının minilliklər boyu keçdiyi hadisələr, rastlaşdığı təbəddülatlar zaman keçdikcə bir daha qarşıya çıxır, özünü qabarıq bir şəkildə yansıdır. Avropa ədəbiyyatında XIX əsrin ortalarında yaranan, ədəbiyyatımıza isə müstəqillik illərində nüfuz etməyi bacarmış ekzistensial dəyərlər Afaq Məsudun qəhrəmanlarını da əhatə edir. Ekzistensializm – Azərbaycan ədəbiyyatında qərar tutmayan, Avropa ədəbiyyatı üçün isə doğma sayılan və yeni dünyagörüşü yaratmaq cəhdi kimi meydana gəlmiş irrasional, subyektiv, idealist, ədəbi-fəlsəhi cərəyandır. Məlumdur ki, ekzistensial dəyərlər şəxsi varlıqdan başlayır. Afaq Məsudun qəhrəmanları da bu dəyərlər çərçivəsində hərəkət edirlər. İnsanın varlıq ilə yoxluq arasında həqiqət arayışındakı bir “mən” , dünyanın isə bizi Allahdan ayıran sədd deyil, ona qovuşduran körpü olması kimi fikirlər obrazların daxili dünyasının əsasını təşkil edir.
Yazıçının “II İohan” hekayəsində artıq varlıq və ölüm arasındakı insan həyatının mahiyyətini dərk edən Papa və hələ də öz “MƏN” inin axtarışında olan iki dost obrazı təsvir edilir. Yaşı ötmüş, ayaqda dura bilməyən Papanın ömrünün son çağlarında adı çəkilməyən və xristianlıq ilə heç bir əlaqəsi olmayan ölkəyə gələrək məhz bu ölkədə dünya müsəlmanları və xristianlarına müraciət etmək istəyini onun varlığın əbədiyyətinin dərk etməsi ilə əlaqələndirmək olar. Dini ekzistensializmə görə, insan ruh və bədənin, əbədiyyət və sonun, müvəqqəti və qalıcının, azadlıq və zərurinin bir sintezidir. Buna görə də, insan tamamlanmış bir varlıq deyil. İnsanın tamamlanması isə tanrıya qovuşmaqdır, başqa bir deyimlə, “mən” ini tapmaqdır. Papa hər ikinin nümayəndələrinə müraciət edərək bu dinlərin birləşməsini xoşbəxtliyə — “həqiqət” ə çatmağın yeganə yolu olduğunu qeyd edir. Hekayədə, eyni zaman, çərçivəsində “bədənlə ruh”, “gizli ilə aşkar”, “şüur və duyğu” kimi əks qütbləri xarakterizə edən iki dost obrazı oxucuya müxtəlif nöqteyi-nəzərdən baxmağa imkan yaradır. Bu məqamda ekzistensializmin “azadlıq və ümidsizlik” elementlərinin sanki bir qarşıdurmasını görürük. Ümidsizlik insanın azadlıq elementi ilə bağlıdır. Insanlar azad olduğundan, onlar daimi bir seçim ilə qarşılaşırlar. Varlıq prosesində insanlar “mən” olmaq istəyirlər və ya “mən” olmağın məsuliyyətindən çəkinirlər. Əgər insan “mən” ,başqa bir sözlə, özü olmaq istəsə, mütləq öz məhdudiyyətləri ilə qarşılaşacaq və ümidsizliyə düşəcəkdir. Əksinə, bir şəxs özü olmağı qəbul etmirsə, özündən başqası olmağa çalışacaq və bunun nəticəsində daha çox ümidsizliyə düçar olacaq. Havasız və əşyalarla dolu olan salonlara aludə olub monoton həyat tərzi sürən qəhrəmanın bu mərhələyə qədərki keşməkeşli yaşayışı, əzabları və daxili-mənəvi aləmi ilə arasındakı divarlar onun əvvəllər yazdığı şeirlərdəki sözlərin yarada biləcəyi duyğulardan — onu keçmiş həyatına bağlayan “mən”indən qaçmasına gətirib çıxarır. Qısaca, insanın bir sistem və ya məfhuma bağlılığı onu bir çox gerçəkliyi görməzdən gəlməyə vadar edir. Yazıçı həmçinin divarlarla əhatələnməyən insanın fərqində olmadan içərisindəki xislətinə də işarə etmiş, ona edilən, mənəvi dünyasını itirməsinə səbəb ola biləcək təklifə duyulan bir anlıq məmnunluğu vurğulamışdır.
Hər nə qədər fərdi yaradıcılıq məhsulu olsa da, yazıçının hekayələrində yaşadığı dövrün mənəvi-əxlaqi dəyərləri, cəmiyyət və mövcud şərtlərin təsiri də aydın şəkildə təsvir olunur. Yazıçının “Müdir” hekayəsində iki fərqli “mən” arasında qalmış qəhrəmanının güclü psixoloji təməllərə əsaslanan hadisələr fonunda “həqiqət” axtarışı təsvir olunur. Ekzistential və sürrealist ideyalarla işlənmiş qəhrəmanın daxili aləmi ilə çarpışmaları simvolik çalarlarla oxucuya təqdim edilir. Sürrealizmə xas olan sayıqlama, yuxu və gerçəklik arasındakı sərhədlərin aradan qalxması faktları hekayədə diqqət çəkən məqamlardandır. İşdə tanış olduğu “Müdir” i ilə yuxularında görüşən obraz ailəsi ilə arasına sədd çəkir, hətta həyat yoldaşını öldürməyi belə düşünür. Nitsşenin “əxlaq” konsepsiyası mövqeyindən çıxış etsək , düşüncənin mərkəzində insanın yerləşdiyini görərik. Ekzistensializmə görə, insan seçimləri ilə, özünü formalaşdırmaqla azadlığı əldə edə bilər. İnsan ömür boyu mövcudluğuna nəyin yaxşı, nəyin pis təsir etdiyini müəyyən etməyə çalışır. Əgər bir fərd özü üçün zərərli olanı seçirsə və ya üstünlük verirsə, bu zaman “əxlaq” elementindən kənara çıxmış olur. Hekayənin qəhrəman bu qarşıdurmalar vəziyyətində daxili “mən”i ilə əlaqəsini itirmir, daim “bəlkə”lərdən istifadə edərək mübarizə edir. Sonda isə arvadının gözlərində absurd həyatının yansımasını görür. İnsanın ətraf aləmə, hətta ailəsinə yadlaşması prosesinə “Çovğun” hekayəsində də rast gəlirik. Səkinə və Qafar obrazlarının bir- birinə olan münasibəti bunun bariz nümunəsidir. Hər iki obraz keçmişdən gələn narahatlıqları bir-birləri ilə paylaşmayaraq bu yadlaşmanın təməlini əks etdirirlər. Onların gün ərzində görüləcək işlərin çox olmasına sevinmələri mühitin insanın daxili aləminə təsir edərək fiziki deyil, mənəvi uzaqlığın necə yaratdığını göstərir. “Çovğun” hekayəsində Qafar kişinin ahıl yaşında təmtərağın mənasızlığını dərk etməsi “II İohan” dakı Papa II İohan Paveli yadımıza salır. O da gəldiyi ölkədə iqamətgahdan imtina etmişdi. Belə məqamda, “üst insan” anlayışını xatırlamaq lazım gəlir. İnsanın seçimləri özünə məxsusdur. İnsan qorxaq və ya cəsur, ağıllı və ya axmaq olmağı seçə bildiyi kimi , maddiyyatla mənəviyyat arasında seçim etməkdə də azaddır. Həmin seçimlər azad fərdin təbiətini təşkil edir. Bu, hər iki obrazın maddi dünyadan əl çəkib həqiqət axtarışı ilə mənəvi dünyaya yönəlməsini göstərir. Mənəvi aləmə yüksəlib Tanrı qatına çatmaq ideyası Qərb fəlsəfəsində Nitsşenin “ali insan”, Şərq fəlsəfəsində isə “kamil insan” olma yolundakı anlayışları Afaq Məsudun hekayələrində özünü açıq şəkildə göstərir. Unutmaq olmaz ki, insan həmişə özü düşündüyündən artıqdır və hər bir insan özünü aşıb ali və ya kamil insan zirvəsinə çatmaq üçün çalışmalıdır.
İnsan və mövcudluğu izah etməkdə ədəbi dilin zənginliklərindən məharətlə istifadə etməyi bacaran Afaq Məsud ekzistensial simvolizmin müxtəlif çalarlarları ilə süslədiyi “Gecə” hekayəsində yuxu, külək arxetipi, imitasiya kimi mifoloji ünsürlərə yer verməklə folklor elementlərini daxili-mənəvi aləmi əks etdirən ayna kimi göstərmişdir. Yuxu hekayədə mənəviyyata açılan qapını, ölümdən sonrakı ölümsüzlüyü simvolizə edir. Hekayənin qəhrəmanı Talıb kişinin yuxuda gördüyü ağ saqqallı və ağ geyimli kişi bizə folklordakı Xızır obrazını xatırladır. Tədqiqatlarda «suyun külək və havanın himayəçisi» kimi təqdim olunan Xızır dastanlarımızda aşiq və məşuqun yuxusuna girərək onlara eşq badəsi içirdir , yalnız bundan sonra dastan qəhrəmanı haqq aşığına çevrilir. Talıb kişinin yuxusunda onu ucsuz-bucaqsız ağ səhraya aparan və qeybə çəkilən bu nurani obrazını haqqa və həqiqətə məhz Xızırın köməyi ilə çatmaq motivi ilə müqayisə etsək, ruh və bədənin sintezi olan insanın maddi – mənəvi aləm ortasında sadəcə bir vasitə olduğunu görmüş oluruq. Hekayədə diqqəti cəlb edən məqamlardan biri də külək arxetipidir. Külək dünyanın yaranmasında nizamlayıcı, təkan verici funksiya daşıması ilə bilinir. Əsərdə külək ölümü simvolizə edir. “Külək nəsə istəyir” cümləsi və Talıb kişinin ölümündən sonra çovğunun bitməsi bunu açıq şəkildə göstərir. Ölümün dünyanın axarını, onun nizamını təşkil etməsi və Talıb kişinin həmin küləyin uğultusunu yuxu ilə gerçəklik anlarında eşitməsini obrazın mövcudluq ilə ölüm arasındakı imitasiyası adlandırmağa imkan verir. Hekayənin qəhrəmanın ölümü ilə yox, yazın gəlib yağışın yağması ilə bitməsi obrazın maddi və mənəvi aləm arasındakı imitasiyası ideyasını bir daha təsdiqləmiş olur. Bunun üçün xüsusilə yaz ayının seçilməsi də təsadüfi görünmür. Yaz ayı mifoloji tədqiqatlarda təkanverici qüvvə kimi həyatın yenilənməsi, keçid dövrü kimi xarakterizə olunur.
Nəticə etibarilə, Azərbaycan ədəbiyyatının görkəmli nəsr ustalarından olan Afaq Məsudun hekayələri istər ümumi məzmunu, istərsə də ən xırda detalları ilə “maddiyyat ilə mənəviyyat”, “yaşam ilə ölüm”, “varlıq və heçlik” kimi ekzistensial dəyərləri oxucuya çatdırmağa, onların insanın daxili aləmi, düşüncənin davranışlar ilə ziddiyyət və bağlılıqları haqqında fikrə yiyələnmələrinə nail olmuşdur. Ekzistensializmin formalaşması ilə birlikdə insan narahatlıq, qorxu, qayğı və seçimləriylə mövcudluğu tamamlamağa çalışan azad varlığa çevrilmişdir. Sonda isə bizi maraqlandıran bir sual meydana çıxır: “ Bəs əsl azadlıq varmı?”. Əgər “azad insan” konsepsiyasına fərdin fiziki davranışlarından asılı olaraq deyil, mənəvi duyğu və düşüncələrin nəzdində baxsaq, yazıçı-dramaturq Afaq Məsudun hekayələrindəki qəhrəmanların “mən” ən məhbus olduğunu görmüş olarıq ki, bu da Nitsşe fəlsəfəsinin “mən” içində “mən” ideyasını ağıllara gətirir. Hər halda, əgər insan nə olduğu barədə biliyə malik olduğunu hesab etsəydi, ekzistensialist fəlsəfə dərhal məhv olmuş olardı.
“Ədəbiyyat və incəsənət"
(22.11.2023)
QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı
“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
64-CÜ DƏRC
17-Cİ PROSES
ZORİ BALAYAN
Bu da son proses günü. İnsanlar çox ertədən gəlib öz kürsülərini tutmuşdular. Bir şeyə öyrəşdinmi, ondan ayrılmaq həmişə çətin olur. Düz 18 sabahları Divan gözləntisi ilə açılmışdı, keşməkeşli hadisələrlə, qətliam və terrorlarla, acılarla, iztirablarla dolu insan talelərinə biganə qala bilmədən tarixin qanlı səhifələri ilə tanış olmuş, çox şeylər öyrənmiş, çox nəticələr çıxarmışdılar. Düzü, heç kəs istəmirdi bu proses bitsin. Amma nə etmək olar, bu gün 18 günlük bir zəncir qırılacaqdı, növbəti – 19-cu sabahları yenə əvvəlki adiliyə açılacaqdı.
Ağ örpək götürüləndə tamaşaçılar səhnədəki sonuncu portretin sifət cizgilərinə diqqət etdilər. Ermənilərə əsla bənzəməyən, türklərə xas qıyıq gözü olan lopabığ, uzunsaqqal şəxs yaşlı və yorğun görsənirdi. Tezliklə, onun özünü də gətirib müttəhim kürsüsündə əyləşdirdilər.
Kulisdən gələn səsdə sanki bu şəxsin öz çəkisi ilə elədiyi günahlarının çəkisinin təzadı hiss olunurdu, səsdə ağır bir ləngərlik, misilsiz kədər, dərd işartıları sezilirdi.
-Divanın sonuncu – 17-ci prosesinin müttəhimi Zoriy Hakkoviç Balayandır.
Baş Hakim Divan heyətini və tamaşaçıları xüsusi hərarətlə salamladı, bu gün bu uzun – ilk hazırlıq gününü saymasaq, 17 günlük prosesin tamamlanması onu xeyli yüngülləşdirəcəydi, düzdür, amma o özü də darıxacaqdı, nə qədər onu yorsa belə o, işləməyi hədsiz dərəcədə çox sevirdi. Kim bilir, bir də nə vaxt ona Böyük Divanda proses aparmaq həvalə olunacaqdı. Təki işindən razı qalaydılar, yenə bu ampluada görünməsini təmin edəydilər. Həyat sevdiyin peşə ilə qolboyun yaşamaq deyil məgər?
Üzündə gülümsər ifadə tamaşaçılardan yorulub yorulmadıqlarını soruşdu, zarafatyana özünün hədsiz yorulduğunu və bu ağır prosesdən sonra düz 17 gün istirahət edəcəyini söylədi. Sonra sözü diktorlara verdi ki, mühakimə olunan şəxs barədə ilkin məlumatları səsləndirsinlər.
Bir diktor xanım kürsüyə çıxaraq Zori Balayanın tərcümeyi-halını oxumağa başladı:
-Zoriy Hakkoviç Balayan 1935-ci ildə Dağlıq Qarabağın sonradan adı Xankəndiyə dəyişilmiş Stepanakert şəhərində doğulmuşdur. Erməni xalqının ən üzdə olan ictimai və siyasi xadimi, jurnalist, yazıçı, həkimdir. “Böyük Ermənistan” yaradılması və “Erməni genosidi”nin dünyada tanınması sahəsində çağdaş dövrün ən fəal xadimidir. 12-ci əsrdə mövcud olmuş, ermənilərə aid, dünya dənizlərində cövlan etmiş “Kilikiya” gəmisinin mövcudluğunu israr edərək həmin gəminin oxşarını hazırlayaraq 2004-2006-cı illərdə Avropa sularında nümayişkaranə üzməsini təşkil etmiş, qitəyə bir erməni mövcudiyyatını və gücünü nümayiş etdirmişdir. 2009-2011-ci illərdə isə növbəti bu sayaq təbliğat vasitəsindən istifadə edərək bu dəfə “Armeniya” adlı yaxtada Yer kürəsi boyunca “Qədim sivilizasiya məkanı Ermənistan” tanıdıcı şüarıyla dövrə vurulmasını təşkil etmişdir. Hər iki kruiz zamanı o özü fəxri kapitanlıq missiyalarını yerinə yetirmişdir.
Hakimlər heyətindən gənc hakim heyrətini ifadə edərək yerindən dilləndi:
-Hətta bu qədər!
Tərcümeyi-halın oxunuşunu diktor davam etdirdi:
-Davam edirəm. Zori Balayan 1957-ci ildə orta məktəbi, 1963-cü ildə Rusiya Federasiyasının Ryazan şəhərində tibb institutunu bitirmişdir.1963-1973-cü illərdə Kamçatkada həkim (bəzi məlumatlara görə feldşer) işləmişdir. Yuxarıda sadalanan kruizlər heçdən peyda olmamışlar, belə ki, Balayanın bu sahədə təcrübəsi var idi, 1967-1970-ci illərdə o, özünün düzəltdiyi qayıqla Asiya və Avropanın sularında 32 min kilometr məsafə qət etmişdi. 1974-cü ildə Balayan Yerevana köçmüşdür. 1975-ci ildən “Literaturnaya qazeta”nın xüsusi müxbiri işləməyə başlamışdır. SSRİ-nin bir nömrəli ədəbiyyat qəzetində bütün çıxışlarında açıq, yaxud dolayı yollarla millətçilik nümumələri ortaya qoymuşdur. 1986-cı ildə “Ocaq” kitabını yazdıqdan sonra bütün SSRİ-nin ən qatı millətçisi, Qarabağ məsələsinin də bir nömrəli ideoloqu kimi gündəmə gəlmişdir.
Zori Balayan yerindən söz atdı:
-Xahiş edirəm tarixi saxtalaşdırmayasınız, “Ocaq” 1986-da yox, 1981-də işıq üzü görüb. Mənim mübarizəmin qoca ömrünü bu qədər cavanlaşdırmaq yolverilməzdir.
Diktor onun susmasını gözləyib davam etdi:
-Mənbələrdə tarixlər müxtəlif götürülür. Olsun 1981. 1989-cu ildə Balayan Dağlıq Qarabağın Milli Şurasının, ardınca SSRİ-nin və tanınmamış Dağlıq Qarabağ Respublikasının deputatı olmuşdur. Əminəm ki, bu tarixə Balayanın bir iradı olmaz. Balayanın millətçiliyinin ən bariz nümunəsi isə onun ixtiyar yaşında əyninə hərbi forma geyinib, əlinə silah götürüb azərbaycanlılara qarşı Qarabağ müharibəsində iştirak etməsidir. Hazırda 85 yaşlı Balayan gənclərin millətçi ruhda tərbiyə olunması qeydinə ara-sıra keçirdiyi görüşləri, seminarları ilə qalır, beynəlxalq səviyyədə isə Baykal hərəkatı adlı Beynəlxalq ekoloji təşkilata həmsədrlik edir.
Baş Hakim söz götürdü:
-Zori Balayanın siyası baxışları barədə ayrıca danışmaq zəruridir. Mən proses öncəsi çox faktlar incələmişəm. Bu şəxs özünü ümumerməni milli hərəkatının ilk lideri İsrayil Oriyə də bənzədib, qanlar tökən Dro, Njde, Andronik kimi quldurların davamçısı da adlandırıb. Qanına kimi millətçiliyə susamış bir şəxs olaraq, məncə onun bioloji, psixoloji cəhətdən, hətta lap deyərdim, antropoloji cəhətdən öyrənilməsi gözəl olardı.
Zori Balayan onsuz da qıyıq olan gözlərini bir az da qıyıb “Mən bununla fəxr edirəm” deyə yerindən qışqırdı. Baş Hakimdən icazə alıb müttəhimə sual vermək istədiyini bəyan edən yaşlı hakim Balayandan soruşdu:
-Cənab Balayan, sizin adınızı eşidib simanızı ilk dəfə gördüyüm uzaq 80-ci illərdən üzübəri bütün bu illərdə məni bir sual düşündürüb. Siz rəsmən Qayk və Qoer Balayanların övladısınız. Amma məncə, sizdə nəsə bir türk izləri var. Soyadınız ilk prosesdə qeyd etmişdik, türk sözündən götürülüb. Altay türkləri sayaq gözləriniz qıyıqdır. Hətta antropoloji cəhətdən siz haydan daha çox türkə bənzəyirsiniz. Məsələn, hətta dədə-babalarınızın türklərə heç bir aidiyyatı olmamasını sübut etsəniz belə, mən belə bir versiya söyləyə bilərəm: Bəlkə, siz hansısa bir türk kişisinin qeyri-qanuni övladısınız, sonradan həmin kişi sizin ananızı atıb sizə yiyə durmayıb deyə türklərə bu cür düşmən kəsilmisiniz?
Zori Balayanın müttəhimlər kürsüsündən atılıb Divan kürsüsünə şığıması hamı üçün çox gözlənilməz oldu, hətta o yaşlı Divan hakiminin xirtdəyinə əl atmağa belə macal tapdi, amma bu an özlərinə gəlmiş mühafizəçilər onu tutub saxlamağa müvəffəq oldular, ağzından köpük axıda-axıda söyüş yağdıran Balayanın əllərini qandallamaq və bir müddətlik ağzını dəsmalla bağlamaqla səsini almaq zərurəti yarandı.
Baş Hakim gərginlik içində olan Divan üzvlərini və tamaşaçıları incə yumorla sakitləşdirdi:
-Ocağı yandıranda onun tüstüsündən gözünün yaşarmasının, uqarından boğulmağının təhlükəsini də göz önünə almalısan. Qeyri-adi hal olduğu qədər də adi hal idi, gəlin boş verib prosesimizi davam etdirək. Beləliklə, ekspertlərimizdən xahiş edirəm ki, müttəhimin siyasi fəaliyyəti barədə arayış təqdim etsinlər.
Ekspertlərin rəhbəri özü kürsüyə şıxdı, tamaşaçıları salamladı, söylədi ki, son prosesdə qərara alıb ki, yenidən kürsüyə çıxsın, xalq öz qəhrəmanını tanısın.
Onun zarafatyana dediyi sözlər auditoriyaya bir yüngüllük gətirdi. Və o, simalara qonan təbəssümü sezib mətni oxumağa başladı:
-Zori Balayanı dünyaya tanıdan onun “Ocaq” kitabı olub. Buna kimi qayıq kruizi, “Litqazeta”dakı fəaliyyəti ilə o, öz millətçilik ambisiyalarını ortaya qoymuşdu, bu kitab isə onun millətçi xislətinin apogeyi oldu. Kitab esselər toplusudur, burada Dağlıq Qarabağın tarixən erməni torpaqları olması uzun-uzadı araşdırılır, hətta müəllif daha dərinə gedərək Azərbaycanın digər bir muxtar qurumu olan Naxçıvanın da erməni torpaqları olması iddiasında bulunub. O yazır: ”Mən Araz çayının sahilində günəşin doğmasına tamaşa etdim, erməni çayı ilə ermənicə danışdım”. Nəzərə alaq ki, əsər 1981-ci ildə işıq üzü görmüşdü, o dövrdə SSRİ-də millətlərarası heç bir münaqişə görünmürdü, hamı üzdə dost-mehriban yaşamaqdaydı, Dağlıq Qarabağ və Naxçıvan Azərbaycanın tərkibinə daxil idi. Dağlıq Qarabağda erməni əhali üstünlük təşkil etdiyindən hələ nə cürsə Balayanın yazdıqları inandırıcı görünə bilərdi, amma Naxçıvanda əhali tam azərbaycanlılardan ibarət idi, Balayanın “erməni çayı” adlandırdığı Araz çayı isə Azərbaycanın qürur rəmziydi, həm də vətəndaş poeziyada Şimalı Azərbaycanla Cənubi Azərbaycanı ayıran bir nisgil mənbəyi idi. “Ocaq”da müəllif açıq-aşkar türkləri və onların qan qardaşı azərbaycanlıları Rusiyanın və Ermənistanın düşməni adlandırırdı, həqiqətən o dövrdə belə cəsarət sərgiləmək mümkünsüz kimi görünürdü. Azərbaycana bu kitabın sorağı xeyli gec - 1986-cı ildə gəlmiş, kitab barədə kosmopolit partiya rəhbərliyi sussa belə ziyalıların mövqeyi sərt olmuş, onlar periodik mətbuatda yazılar yazmışdılar. Amma bu zəif müqavimət arxasında tək SSRİ rəhbərliyində təmsil olunan şəxslərin, tək ermənilərin deyil, həm də dünyanın maliyyə baxımdan güc yiyəsi olan erməni diasporunun dayandığı “Ocaq” üçün təsirsiz ötüşmüşdü, əsər yüz minlərlə erməni gəncinin şüurunda bir antitürkçülük izi qoymuşdur. Bu kitabdan sonra Balayan Qarabağ hərəkatının liderlərindən birinə çevrilmiş, tərcümeyi-halında qeyd edilən kürsülərə yiyələnmişdir. Onun qatı millətçi erməni şairəsi Silva Kaputikyanla SSRİ rəhbəri Mixail Qorbaçovla görüşmələri, Qarabağ məsələsinin həll edilməsini ondan xahiş etmələri ermənilər üçün fədakarlıq nümunəsi sayılırdı. O dövrdə türklərlə və azərbaycanlarla düşmənçiliyi yalnız bu xalqların ermənilərə qarşı törətdikləri qətliamlara, ərazi mənimsəmələrinə görə qınayan Balayanın 2000-ci ildə qərb mətbuatına verdiyi müsahibədə türklərin bütün bəşəriyyət üçün təhlükə mənbəyi olmasını dilə gətirməsini də qeyd etməyi zəruri sanırıq. Buna səbəb kimi isə Balayan İstanbulda futbol matçı zamanı iki britaniyalı azarkeşin öldürülməsini göstərirdi.
Ekspert çıxışını bitirəndə gənc hakim yerindən söz atdı...
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(22.11.2023)
Uğurun zəminini necə yaratmalı?
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Bir məşhur müasir dövr rəvayəti yaranıb, deyirlər, bir nəfər imkansız şəxs radiolardakı, televiziyalardakı lotereya üzrə başgicəlləndirici uduş məbləğlərini, astronomik cek-pot reklamlarını o qədər görür, tanış-bilişin bu mövzudakı bazar söhbətlərini o qədər eşidir ki, böyük bir məbləğ udmaq arzusu onun həyatının şah arzusuna çevrilir. O hər gün xəyallar qurur ki, cek-pota sahib olub bütün borclarını qaytaracaq, mənzil, avtomobil alacaq, uşaqlarını oxudacaq, ailəsinə şad-xürrəm, firavan həyat bəxş edəcək. Və hər səhər işıqlaşanda əllərini göyə açıb Tanrıya dua eləyir ki, ay Tanrım, nə olar, mənə cek-potu udmağı nəsib elə.
Beləcə, aylar ötür, illər keçir. Arzusuna qovuşmadığını görən bu şəxs get-gedə aqressivləşir, Tanrıya duasında kəskin tonlardan, iradlardan istifadə edir, şikayətlənir ki, axı sən necə Tanrısan, bircə arzumu yerinə yetirmirsən.
Və bir gün qeybdən ona səs gəlir ki, ay binəva insan, sən böyük məbləğ udmaq istəyirsən, ancaq adi bir həqiqəti başa düşmək istəmirsən ki, lotereyada udmaq istəyən kəs ilk öncə lotereya biletini almalıdır. Bu necə olur ki, sən bileti almırsan, Tanrıdan uduş arzulayırsan, arzun da reallaşmayanda Tanrıya irad bildirirsən?
Bu rəvayət hazırda hədsiz aktualdır. Bu gün insanlar daha çox əziyyətsiz mənsəbə çatmaq istəyirlər. Oxumur, təhsil almırlar, bir sənət öyrənmirlər, bir əziyyətə qatlaşmaq istəmirlər. Bununla belə, rahat, firəvan, tam təminatlı həyat arzulayırlar. Və bu həyata da qovuşmayanda onların içlərində bir narazılıq, bir küskünlük şeytanları oyanır.
Ünsiyyət qurduğum həyatdan narazıların əksəriyyətində bu əziyyətsiz mənsəbə çatma meyillərini görürəm. Baxırsan, gəncdir, iş axtarır. Müraciət edir, köməklik göstərirsən, bir tanışından xahiş edirsən ki, onu işlə təmin etsin. Nəticə isə ürəkaçan olmur. O səni tanışının yanında pis vəziyyətdə qoyur. Verilən tapşırıqlara əməl etmir, görəcəyi işi görmək istəmir, «məni filankəs tapşırıb» bəhanəsinin altında kölgələnmək istəyir.
Bir dəfə bir tanışımın övladı üçün müəssisələrdən birinin müdirindən iş xahiş etmişdim. Onu növbə ustası vəzifəsinə təyin etdilər, mən də missiyamı bitirib gördüyüm növbəti savab işimin nöqtəsini qoydum. Amma deməzsənmiş, cəmi bir həftədən sonra bu şəxs müdirin qəbuluna düşüb şikayət edib ki, bəs ali təhsilliyəm, növbə ustalığı istəmirəm, heç olmasa sex rəisi təyin edin ki, perspektivim olsun, ən yüksək rəhbər vəzifələrə keçə bilim.
Bu nə təfəkkürdür, nə məntiqdir? Sən niyə istehsalı tam öyrənməmiş, təcrübə yığmamış, aşağı mərhələlərdə təkmilləşməmiş dərhal yuxarı mərhələ istəyirsən? Binanın birinci mərtəbəsi tikilmədən 5-ci mərtəbəsini tikməkmi olar?
Ya da böyük arzularla, amallarla yaşadığını iddia edən bir şikayətçi abiturientin qəbul imtahanlarına hazırlaşmaq əvəzinə həmin böyük arzuların, amalların xəyalları ilə, necə deyərlər, «xəyal-plov» yeməklə gün keçirdiyi məlum olur. Kitab üzü açma, müəllim yanına getmə, bilik əxz eləmə, sınaq imtahanlarına qoşulma, sonda da qəbul imtahanlarında az bal toplayıb küskünləş, ruh düşkünlüyü, xəyal qırıqlığı yaşa? Bu necə olur axı?
Düzdür, həmin gənc ailəsinin imkansız olması səbəbindən məktəbdənkənar vaxtda işlədiyini, boş zamanının olmamasını özünə alibi sanır, amma hər halda, gözəl bir məsəlimiz var, könlü balıq istəyən quyruğunu buzlu suya qoyar.
Sən biliklər qazanmaq əziyyətinə qatlaşmadan, yuxusuz gecələr keçirmədən, adi normal həyat rejimini kəskin dəyişmədən, öz çalışqanlığından motivasiya almadan axı necə ali məktəb tələbəsi ola bilərsən?
Və yaxud, bir şikayətçi olan tanış idmançını götürək. Yunan-Roma güləşçisidir. Yoldaşları durmadan məşq edirlər, qida rasionundan, vitamin qəbulundan, çəki tarazlığından tutmuş olimpiya çempionları olmuş ən güclülərin oyunlarını izləmək, məşqçilərin tapşırıqlarına diqqət kəsilmək, mövcud tematik ədəbiyyatı oxumağa qədər özlərini idmana sərf edirlər. O isə çempion olmaq xülyası ilə yaşayaraq sadəcə, beynində qazanacağı trofeylərdən necə istifadə edəcəyini canlandırır. Təbii ki, nəticə acınacaqlı olur, o, uğur qazana bilmir. Öz məsuliyyətsizliyinin günahını məşqçi diqqətsizliyi və hakimlərin qeyri-obyektivliyinin üzərinə yıxmaqla indi o, nəyəsə nail ola biləcəkmi? Əlbəttə ki, yox!
Həyatın qızıl qanunu: Uğur qazanmaq üçün ilk öncə bu uğurun zəminini yaratmalısan.
“Ədəbiyyat və incəsənət”
(22.11.2023)
BİRİ İKİSİNDƏ – Rəvan Cavidin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbəRəvan Cavidindir.
NEY ÜFÜRMƏDƏN...
(Salam Sarvana şərq sualları)
Soruşun, neçə il axtarıb aşiq
quyudan qeyb olan yaşsız qocanı?
Biz hansı dənizin ləpədöyəni,
hansı çöldə yanan közsüz ocağıq?
Soruşun, Şəmsini tapdımı Rumi?
Kərbəla içdimi Hüseynin qanın?
İsa qovuşdumu bəs atasına?
Musa tapmadımı qutsal olanı?
Məcnuna Leylini vəd edən yolun
sonunda nə vardı, bilinmədimi?
Min ildir axtarıb tapammadılar
Kərəmi yandıran o sarı simi.
Hansı bomba idi, yaxıb kül etdi
Şərqin uzağında sakuraları?
Neçə əli kəsib Xəzərə atdı
Yoldaş Stalinin dil şuraları?
Soruşun, kim idi edam günündə
öz xalqına baxıb köksü odlanan?
Otuz yaşlı məğrur, əyilməz əzmi
edam səhrasında dəyərsiz qılan.
Kim idi göylərə yol çəkən adam,
niyə yandırmışdı yazdıqlarını?
O hansı dəliydi, baxıb gülürdü
sırayla məftildən asdıqlarına?
Kim idi sübh vaxtı minarədəki,
niyə kəsilmişdi büllur avazı?
Hansı uşaqlıqdı, mərmi altında
hələ də gözləyir ətirli yazı?
N DAİRƏSİ
Sən də mənim kimi yadına salma,
hansı küçə idi bizi ayıran?!
neçə il təqvimə baxa bilmədim,
neçə ildi həmin günü sayıram,
neçə ildi güllər fidan qalıbdır,
neçə ildir açmır yaz bənövşəsi,
bu necə kədərdi, rüsvay elədi
içdiyim qəhərin sərxoş nəşəsi.
Bu necə yol idi, tozu-torpağı
hələ də üstümə sinmiş kimidir,
hansı xəyanətin yıxmışdı məni,
qürurum təzəcə dinmiş kimidir,
hansı acizliyin köləsi idim,
kim idi başımın üstündə cəllad?
Mən niyə inandım, hələ bilmirəm,
mən ki tanıyırdım
günahları adbaad,
çox da fikirləşmə, gözümün nuru,
mənim sahilimdə mirvari çoxdur,
qaç, qurtar özünü qəmin əlindən,
neçə gözəl gördüm, qəmə yoluxdu:
saçları tiftikləndi, üzləri soldu,
gözləri qəm çanağı, səsləri bərbad.
Nə badə yadına salma ayrılığı!
ÖLÜM ÜÇÜN
Ölümdü də,
gələr ömrün bir cığalbaz yazında.
yaşıl otlar üstündə,
burnumuzda yonca qoxusu,
gözlərimizdə günorta yuxusu.
Ölümdü də,
gələr yayın ortasında,
qorabişirən istidə.
sahil, dəniz, soyuq pivə...
ölüm də bunlar kimi bir meyxoş hissdi də.
Gələr ən səmimi payızda,
təzədən aşiq olub
bir qızın ətrinə aldandığımız noyabrda,
ayaqlarımız xəzəlləri əzdikcə
ömrümüz əzə bilməyəndə əcəli
bir şeir də yadigar qoyarıq kağızda,
içində ölüm sözü keçən bütün surələr
yarımçıq qalar ağzımızda.
Ölümdü də,
gələr bir qış gecəsi –
sobabımızın buxarı təzəcə səngiyəndə,
belimiz torpağa əyiləndə–
insan nə gözəl sualdır qocalanda
"Bu hansı yoldur" cümləsinə.
Ölümdü də,
ya iyirmi beşdə, ya əllidə,
guya fərqi nə?
Ya yaşıl otlar üstündə,
ya da isti yorğan-döşəkdə,
guya fərqi nə?
yollardı da, hərəsi bir səmtdən gəlir,
eyni səmtə çıxmaq üçün,
soyuq dodaqlarımız hərəkətsiz,
gözlərimiz dolu hüzn.
QALATA
Yenə bir ulduz uçdu
sənin məmləkətindən mənim məmləkətimə,
yenə birinin ovuclarında yetim qaldı arzusu,
yenə ömür dediyin yalnızlığa məhkumdur.
Sənin yolunu sevdim,
nə qədərmiş yolçusu...
ən böyük yalanımı da sənə söylədim,
mən saf sevgilərin qədər ovçusu.
Mərmərəyə axıtdım bütün göz yaşlarını,
yumruğum havada ağlaya bilmərəm,
amma içimdə sancı, içimdə bir ağrı var,
bizim davamızın neçə ildir bağrı qan.
dostlarımı itirdim yalan pərvazlarında,
gözlərində dinməyən həqiqətin məşəli
Söndü Promoteyin əlində.
Rum qızı,
hardan tapdın bu yıxılmaz əzmini?
mənə də öyrət,
neçə güllə öldürər bu üsyankar ruhunu?
Güllə səsləri, qırılan şüşələr, polis siqnalı...
mən Qalataya baxıram qolların arasından,
şəhər səma edir,
şəhər sanki səmazən.
“Ədəbiyyat və incəsənət”
(22.11.2023)
Sumqayıtda 3 kitab təqdim olundu - KLASSİK ƏDƏBİYYATIN TƏBLİĞİ ÖNƏMLİDİR
Noyabrın 20-də Sumqaylt şəhərinin S.Vurğun adına Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və S.Vurğun adına Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə 3 kitabın təqdimat mərasimi baş tutdu.
“Ədəbiyyat və incəsənət” portalına Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddinin verdiyi məlumata görə filologiya elmləri doktoru, professor, ictimai xadim, tarixi romanlar müəllifi, mərhum Əzizə Cəfərzadənin "Təzkireyi- Əzizə”, ustad xanəndə, qəzəlxan Ağakərim Nafiz Şirvaninin "Təzkireyi - Nafiz" və filologiya üzrə fəlsəfə doktoru, şair, yazıçı, araşdırmaçı Gülhüseyn Kazımlının "Salam, Məşədi" kitablarının təqdimat mərasimi keçirildi.
Öncə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin direktor əvəzi Natəvan Axundzadə tədbir iştirakçılarını salamladı və qonaqları təqdim etdi.
AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin hər üç müəllif barədə və təqdim olunan kitablar haqqında oxuculara geniş məlumat verdi.
Sonra texniki elmlər doktoru, kitabların texniki redaktoru Turan İbrahimov, filologiya üzrə fəlsəfə doktoru, şair, yazıçı, araşdırmaçı Gülhüseyn Kazımlı, ustad xanəndə, qəzəlxan Ağakərim Nafiz Şirvani, şair, yazıçı, esseist, tərcüməçi Kənan Hacı, yazıçı, şair, tədqiqatçı, Buzovna məscidinin axundu Hacı Soltan Əlizadə, yazıçı, Əməkdar jurnalist Eyruz Məmmədov çıxış edərək klassik Azərbaycan ədəbiyyatından, onun məziyyətlərindən söz açaraq, belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdılar.
Respublikanın əməkdar artisti, şair Nazir Rüstəmin böyük Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından səsləndirdirdiyi “Məndə Məcnundan füzun aşiqlik istedadı var" qəzəli, kitabda şeirləri çap olunan müəlliflər- Lilpar Cəmşidqızı, Elşad Xaqan Davudoğlu və Böyükağa Müntəzirin oxuduğu qəzəllər məclisə başqa bir ovqat bəxş etdi.
Sonda Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin direktor əvəzi Natəvan Axundzadə qonaqlara və tədbir iştirakçılarına təşəkkürünü bildirdi.
“Ədəbiyyat və incəsənət”
(21.11.2023)
Daimi müəllifimiz dərslikdə
Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş yeni dərsliklər əsasında tərtib edilən çoxminli 3-cü sinif Azərbaycan dili Test Bankına ölkəmizin ən məşhur şairlərindən olan Nizami Gəncəvi, Abdulla Şaiq, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Səməd Vurğun, Məmməd Araz, Mədinə Gülgün, Mirmehdi Seyidzadə, Zeynal Cabbarzadə ilə yanaşı “Ədəbiyyat və incəsənət” portalının daimi yazarı Əyyub Türkayın da yaradıcılığı qeyd edilmişdir.
Belə ki, onun uşaqlar üçün yazdığı "Zəhmətkeş babam" adlı şeirindən bir bənd Test Banklka salınmışdır.
Dərslik üçün nəzərdə tutulmuş vəsait "Bahar Nəşriyyatı"na məxsusdur.
“Ədəbiyyat və incəsənət”
(21.11.2023)
Avtobusda basabas
Sərtyel, “Ədəbiyyat və incəsənət”
Bugünkü gülüş payınızı bir lətifə söyləməklə ərməğan edəcəm.
Demək, fiziki cəhətdən zəif və cılız olan Dərdayıl bir dəfə Bakıbus avtobusuyla Dərnəgül tərəfdən mərkəzə gəlirmiş, avtobusda basabas olduğundan oturmağa yer yox imiş.
Belə olduğu təqdirdə bərk yorğun olan Dərdayıl öz-özünə deyir ki, kim mənə yer verməsə dünənkini edəcəm. Düz önündə bir idmançı cüssəli biri oturubmuş, onun qulağı bu sözləri alır, qorxur, durur ona yer verir.
Dərdayıl düşəndə idmançı cüssəli maraqdan özünü saxlaya bilməyib soruşur: - Qardaş, siz dünən neynəmişdiz ki?
Dərdayıl deyir:
-Neynəyəsiydim ki? Ayaq üstə getmişdim.
“Ədəbiyyat və incəsənət”
(21.11.2023)