
Super User
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
“YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir.
Şəhidimiz Elbrus Əhmədovun anadangəlmə serebral iflic xəstəsi olan övladı Səmrəddin Əhmədovun ”Anterior hemiepifizyodez” əməliyyatının xərcləri Fond tərəfindən qarşılanıb.
“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.
“Ədəbiyyat və incəsənət”
(23.11.2013)
Günün fotosu: Azərbaycan yeni iriçaplı pulemyot hazırlayıb
Günün fotosu: Azərbaycan yeni iriçaplı pulemyot hazırlayıb
Azərbaycan yeni “AH-12,7” iri çaplı pulemyot hazırlayıb.
Pulemyot “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgidə təqdim olunur.
Prezident İlham Əliyev sərgini ziyarət edib.
“Ədəbiyyat və incəsənət”
(23.11.2023)
Mümkün olsa, bəlkə də elə mən ömürlük orda azardım…
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
İndiyə qədər tanıdığın hər kəs bir otaqda olsaydı kimi axtarardın?
Ötən gün əməkdaşlarımın yazısında qarşıma çıxan bu sual məni çox düşündürdü.
Əgər indiyə qədər tanıdığım hər kəsin olduğu bir otağa düşmüş olsaydım, maraqlıdır, görəsən o otaqdakı o qədər insanın içindən mənim gözümə ilk kim dəyərdi?
Güman ki, mən ilk öncə o otaqda, məni ən çox incidən, onlara qarşı olan inamımı, sevgimi, əminlik duyğumu sarsıdan, bu gün geriyə dönüb baxanda doğru tanıyıb tanımadığımdan heç cür əmin ola bilmədiyim, beynimdə tonlarla cavabsız sual buraxan ən dəyərli insanlarımı axtarardım.
Axtarardım ki, görüm o otaqda elə insanlar varmı? Ya bəlkə ümumiyyətlə, heç elə insanlar heç vaxt mövcud olmayıblar?
Otaqdakı hamısı bir-birindən tanış, amma tanış olduğu qədər uzaq və yad simaların arasında dolaşıb onların hər birində bir az özümü axtarardım.
Məni itirən insanlarda yoxluğumun kölgəsini, mən itirdiyim insanlarda isə öz izlərimi axtarardım.
Baxardım kimdə nəyəm, kimdə nə qədərəm və ya nə qədər olmuşam deyə..
Tanıdığım bütün insanların mənə qarşı olan münasibətinin kulis arxasına keçib baxardım. Hansı dedi-qodu, hansı mənfəət, hansı riya, baxardım ki, mən kimdə nəyə qurban getmişəm.
Bu gün əgər bircə dəfə görmək, bircə dəfə toxunmaq imkanım olsa doya-doya qucaqlayardım dediyim insanları, tapıb onları ilk və son dəfə doyunca bağrıma basardım.
O otaqdakı insanlar tərəfindən bu günə qədər ən çox zərər görmüş və elə mənim özümün də ən çox zərər verdiyim, bəzən sevib, bəzən nifrət edib, daim yerli-yersiz, günahı oldu-olmadı, hər şeyə, hər kəsə görə danladığım, günahlandırdığım, qırdığım, müdafiə etmədiyim, tək qoyduğum, bir yerdə günahkar, bir yerdə məsum olan və özümün belə zamanla yavaş-yavaş, azar-azar tərk etdiyim o kimsəsiz insanı axtarardım.
Hələ də bir çox şeydə ona acıqlı olsam da, yenə axtarıb-tapmağa çalışardım, sahib çıxardım ona. Axı səhvsiz insan yoxdur...
Təbii, əgər o hələ də yox olmayıbsa, hələ də bir yerlərdə yaşayırsa...
Onu tapıb bərk-bərk qucaqlayar, ona qorxma mən burdayam deyərdim.
Qorxma, istəsəm də səni tərk edə bilmərəm, insan hara getsə də özündən uzağa gedə bilmir. Hara da getsəm dönüb dolaşıb gəldiyim yer sənsən və sonda elə mənə qalan da sənsən deyərdim.
Bu çoxluğun içində axı elə mənə ən doğma olan da sənsən deyərdim.
Qorxma səni Yaradan var. Mən belə tərk etsəm o səni əsla tərk etməz deyərdim.
Yanında oturub onunla birlikdə doyunca ağlıyardım onun üçün. Onun qırğınlıqlarına, onun küskünlüklərinə, həyatdan, insanlardan aldığı zərbələrinə, yaralarına, heç vaxt bir dayağı olmayışına, hər zaman öz başının çarəsinə baxmağa məcbur oluşuna, həmişə tək oluşuna… Keçmişinə, keçməmişlərinə, bu gününə, gerçəkləşməyən xəyallarına, puç olmuş ümidlərinə, arzularına, kaşkilərinə, bəlkələrinə, səhvlərinə, vicdan əzabı və peşmanlıqlarına, itirilənlərinə, geclərinə, qayıtmayacaqlarına ağlayardım. Amma sonda çevrildiyim mənlə əlimi uzadıb paramparça olmuş, hər parçası bir yerdə, birində əsir qalmış, hər dəfə bir az dəyişmiş, getdikcə indiki mənə çevrilən əvvəllərki məni qaldırardım, ya düşdüyü çuxurdan, ya çəkildiyi küncdən.
Sonra o otaqda yenidən göz gəzdirərdim ətrafa. Bu dəfə ən xoş, ən gözəl günlərimi axtarardım. Necə deyərlər, insan harada olsa, harada getsə daim başını ən çox xoşbəxt olduğu yerə çevirərmiş.
Mən də o otaqda mənə ən xoş günlərimin, ən şirin xatirələrimin boylandığı bir cüt gözü, bir simanı axtarar və əgər o otaqda o simanı tapa bilsəm, o, orada mövcud olsa və əgər mümkün olsa, bəlkə də elə mən ömürlük orda azardım.
“Ədəbiyyat və incəsənət”
(23.11.2023)
Şair Elbrus Qəmgin vəfat edib
Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”
Üzücü xəbər aldıq. Şair Elbrus Qəmgin bu gün səhər saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Elbrus Qəmgin Türkiyə Respublikasında - İstanbul şəhərində müalicə aldığı xəstəxanada vəfat edib. Hal-hazırda onun nəşinin Azərbaycana gətirilməsi üçün sənədləşmə işləri aparılır. Elbrus Qəmgin doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində torpağa tapşırılacaq.
Elbrus Qəmgin İxtisasca filoloqdur. 16 kitab müəllifidir. Klassik poeziyamızın qəzəl, qəsidə, təcnis, bayatı, qoşma, gəraylı, müxəmməs kimi nümunələrini yaradıb, ayrıca satiraları, təmsilləri, poemaları, Səməd Vurğuna həsr etdiyi dram əsəri var.
May ayının 30-da "Qazax" Xeyriyyə İctimai Birliyi və AYB-nin birgə təşkilatçılığı ilə AYB-nin "Natəvan" klubunda Elbrus Qəmginin 70 illik yubileyi keçirildi. Yubiley tədbiri yüksək əhval-ruhiyyə ilə yaddaşlarda qaldı. Onda bilməzdik ki, bu görüş Elbrus Qəmginlə son görüşdür.
Həyat nə qəribədir. Bir də baxırsan ki, dünən hal-əhval olduğun adam bu gün xatirəyə çevrilib əbədiyyətə qovuşub.
"Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları şair Elburus Qəmginin vəfatından kədərləndiklərini bildirir, mərhumun ailə üzvlərinə, doğmalarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(23.11.2013)
Nəticə sondadır
Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”
16 yaş üçün
Diqqətlə düşünəndə görürsən ki, başlanğıcda olan həvəsi kontrolda saxlamağı öyrənmək lazımdır. Bir çox insan həvəsə düşüb çox sürətlə başlayır. Tez alışan tez yandığı kimi, qarşınıza qoyduğunuz məqsədin ilk addımlarında tələsmək çox təhlükəlidir. Tələsdiyin zaman səhvlər etmək ehtimalın da artır, səhvlərin çoxaldıqca bu işin sənə uyğun olmadığını düşünməyə başlayırsan.
Bu səbəbdəndir ki, başlamazdan öncə öyrənmək və analizi düzgün aparmaq çox önəmlidir. Eynilə maşın sürməyi öyrəndiyimiz zaman qaza yavaş basdığımız kimi, öz həvəsimizi də yavaş-yavaş artırmalıyıq. Sürətə yox, diqqətə önəm verdiyin zaman həmin şeyi daha yaxşı mənimsəmiş olursan. Öyrəndiyin işi avtopilot rejimində idarə edib işləri axına buraxmaq ən gözəlidir. Hər işin əvvəli çətin, davamı zövqlüdür. Yetər ki, tutduğun işdən yorulmayasan, gücünü düzgün bölə, enerjini lazım olana xərcləyəsən.
“Ədəbiyyat və incəsənət”
(23.11.2023)
Siyahı önündə düşüncələr
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Aqillər nə deyiblər? Deyiblər ki, gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı. Yaxşı da eləyib deyiblər.
Demək, dünyanı gəz və doğulduğun Vətəndə də rahat dünyadan köç.
Xaricdə yaşayan və işləyən insanlar üçün ən böyük məlumat mənbəyi olan “InterNations” dünyada yaşamaq üçün 49 şəhərin daxil olduğu ən yaxşı şəhərlərin reytinqini tərtib edib ki, bu reytinq məni xeyli düşünməyə vadar etdi.
Öncədən onu deyim ki, reytinq tərtib edərkən “InterNations” təkcə yaşayış, mənzil və ya kommunal xidmətlərin dəyəri kimi iqtisadi məsələləri deyil, həm də şəhər sakinlərinin davranışlarını və qonşularla birgə yaşamalarını, təhlükəsizliyi, turizm irsini, qastronomiya, iqlim və ya mülki əhalinin xarakteri kimi daha qeyri-maddi elementləri nəzərə alıb. Adətən bu kimi reytinqlərdə Skandinaviya təmsilçiləri ön sıralarda lövbər salardılar. Bu dəfə İspaniya hamını qabaqlaylb.
Yaşamaq üçün ilk üç ən yaxşı şəhər İspaniya şəhərləri seçilib: Malaqa, Alikante və Valensiya. Ümumilikdə İspaniyanın ilk üç şəhəri ilə yanaşı, siyahıda Madrid və Barselona kimi böyük və əsas şəhərlər də yer alıb. Reytinq göstərir ki, İspaniya məskunlaşmaq üçün ən yaxşı həyat keyfiyyətinə malik ölkədir. Öz aramızdır, elə bizim azərbaycanlılardan da orada yaşayanlar az deyil. Elə mütəmadi şeirlərini dərc etdiyimiz şair Səfa Rəşidi nümunə gətirə bilərik.
Siyahını İtaliyanın Milan şəhəri yekunlaşdırır.
Yaşamaq üçün ən yaxşı 49 şəhərin siyahısını təqdim edirəm, hərçənd niyə 50 yox, 49, bax bu mənə müəmmalı gəldi bir qədər.
1. Malaqa (İspaniya)
2. Alikante (İspaniya)
3. Valensiya (İspaniya)
4. Ras-əl-Hayma (BƏƏ)
5. Abu Dabi (BƏƏ)
6. Madrid (İspaniya)
7. Mexiko (Meksika)
8. Kuala Lumpur (Malayziya)
9. Banqkok (Tayland)
10. Maskat (Oman)
11. Dubay (BƏƏ)
12. Lissabon (Portuqaliya)
13. Barselona (İspaniya)
14. Amsterdam (Niderland)
15. Nayrobi (Keniya)
16. Sürix (İsveçrə)
17. Afina (Yunanıstan)
18. Stokholm (İsveç)
19. Lüksemburq (Lüksemburq)
20. Haaqa (Niderland)
21. Ər-Riad (Səudiyyə Ərəbistanı)
22. Praqa (Çexiya)
23. Tallinn (Estoniya)
24. Doha (Qətər)
25. Budapeşt (Macarıstan)
26. Tokio (Yaponiya)
27. Sidney (Avstraliya)
28. Sinqapur (Sinqapur)
29. Lozanna (İsveçrə)
30. Cenevrə (İsveçrə)
31. Brüssel (Belçika)
32. Varşava (Polşa)
33. Kopenhagen (Danimarka)
34. Honkonq (Honkonq)
35. Toronto (Kanada)
36. Vyana (Avstriya)
37. Frankfurt (Almaniya)
38. Münhen (Almaniya)
39. Nyu-York (ABŞ)
40. Seul (Cənubi Koreya)
41. Paris (Fransa)
42. London (Böyük Britaniya)
43. İstanbul (Türkiyə)
44. Dublin (İrlandiya)
45. Berlin (Almaniya)
46. Hamburq (Almaniya)
47. Vankuver (Kanada)
48. Roma (İtaliya)
49. Milan (İtaliya)
Təbii ki, bir neçə müsəlman şəhərinin, ən əsası, gözəlim İstanbulun da bu siyahıya düşməsi məni sevindirdi. Və bu arada reytinq liderliyində olan şəhərlərin əhalisinə paxıllığım da tutdu. Demirəm ki, kaş mən də o şəhərlərdən birində yaşayardım. Deyirəm ki, kaş, bizim Bakı da bu sayaq reytinqlərdə önə çıxaydı.
Bakılılardan bir sorğu da etdim və reytinqə münasibətlərini öyrəndim:
Şahbikə xanim, evdar qadın: - Biz zibili balkondan küçəyə atmağı bacarırıqsa, demək heç vaxt qabağa getməyəcəyik.
Zaur, tələbə: - Xaricilərin bizə qeyri-obyektiv münasibətinə alışmışıq. Yəqin bu reytinqi fransızlar təşkil edib.
Ağadayı, təqaüdcü: - Alə, Bakıma qurban olum, nə yazırlar cəhənnəmə yazsınlar.
“Ədəbiyyat və incəsənət”
(23.11.2023)
Türkiyə UNESCO-nun Ümumdünya İrs Komitəsinə üzv seçilib
Türkiyə 2023-2027-ci illər üçün UNESCO-nun Ümumdünya İrs Komitəsinə üzv seçilub. Bu barədə ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açıqlama verib.
“Ədəbiyyat və incəsənət” portalı TRT-yə istinadən xəbər verir ki, Türkiyənin Fransanın paytaxtı Parisdə təşkil olunan “İştirakçı Dövlətlərin 24-cü Baş Assambleyası” sessiyasında keçirilən səsvermə ilə komitəyə üzv seçildiyini bildirən nazir deyib: “Türkiyə dördillik üzvlük müddətində Ümumdünya İrs Anlaşmasının idarəetmə orqanı olan və ildə bir dəfə toplanan Ümumdünya İrs Komitəsi iclaslarında komitənin digər üzvləri ilə birlikdə Ümumdünya İrs Siyahısına namizədlərlə əlaqədar qəraralma prosesində söz sahibi olacaq. Ölkəmiz 1983-1989-cu və 2013-2017-ci illərdə UNESCO-nun Ümumdünya İrs Komitəsində olub”.
Xarici İşlər Nazirliyi də bununla bağlı açıqlama verib.
Açıqlamada deyilir: “Türkiyə Ümumdünya Mədəni və Təbii İrs Anlaşmasına Tərəf Dövlətlərin İdarə Heyətinin 2023-cü il 22-23 noyabr tarixlərində Parisdə keçirilən 24-cü iclası çərçivəsində bu gün baş tutan seçkilərdə namizədliyini irəli sürdüyü boş yerlər kateqoriyasında ən yüksək, 137 səs alaraq 2023-2027-ci illər üçün UNESCO-nun Ümumdünya İrs Komitəsinə üzv seçilib.
Bütün insanlığın ortaq mirası qəbul edilən, bəşəri dəyərlərə sahib mədəni və təbii irsi tanıtmaq, cəmiyyəti sözügedən irsin qorunması üçün maarifləndirmək və fərqli səbəblərdən təhrif edilən mədəni və təbii dəyərlərin yaşadılması üçün lazımi tədbirlər görməklə vəzifələndirilən UNESCO Ümumdünya İrs Komitəsi ölkəmizdən də 21 mirasın daxil edildiyi Ümumdünya İrs Siyahısı ilə əlaqədar işlər görür.
Daha əvvəl 1983-1989-cu və 2013-2017-ci illərdə iki dəfə UNESCO-nun Ümumdünya İrs Komitəsinə daxil edilən Türkiyə Neolit dövründən bu yana Anadoluda mövcud olan və bütün sivilizasiyaları təmsil edən 21 dünya irsinin idarə edilməsi və qorunması sahəsində əldə etdiyi təcrübə və biliklərini UNESCO-nun Ümumdünya İrs Komitəsinə üzv olaraq beynəlxalq arenada əks etdirməyi hədəfləyir”.
“Ədəbiyyat və incəsənət”
(23.11.2023)
POETİK QİRAƏTdə Ramiz Qusarçaylının “Mahur hindi”si
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə ustad şair Ramiz Qusarçaylı görüşür.
Mahur hindi...
Məni saldı yaman dərdə,
Əriyirəm pərdə-pərdə,
Bu Şuşalı pərdələrdə
Öləcəyəm...
yuxum çindi,
Mahur hindi...
“Rast” dəstgahı dərd ayəti,
“Əraq” əzmin “Vilayəti”,
Ruhum, öt bu qiyaməti
Yer yarılar sussam indi
Mahur hindi...
Mizrab zildə dəm əhlidi,
Qərib avaz bəm əhlidi,
Can qürbətdə qəm əhlidi,
Qəmdən qəmə yollar mindi
Mahur hindi...
Məcnun könül biyabandı,
Leyli eşqin zülfü qandı,
Cabbar, Seyid, Zülfü, Xandı,
Naləsində daş da dindi
Mahur hindi...
Muğam Rəbbin səs rəngidi,
Səs də ruhun ahəngidi,
Ölüm ömrün son cəngidi,-
Bir təsnif də Ramizindi...
Mahur hindi...
Mahur hindi...
“Ədəbiyyat və incəsənət”
(23.11.2023)
“A-Hub Akselerasiya Proqramı”nın milli final mərhələsi baş tutacaq
Noyabrın 29-da “Yaradıcı Həftə” çərçivəsində Heydər Əliyev Mərkəzində “A-Hub Akselerasiya Proqramı”nın milli final mərhələsi baş tutacaq. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.
Mədəniyyət Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı dəstəyi ilə reallaşan layihə ICESCO-nun üzvü olan ölkələrdə 2021-ci ildən etibarən innovativ inkişaf sahəsində təşəbbüslərin dəstəklənməsi, biznes subyektlərinin və gənclərin bu sahəyə marağının artırılması, mədəniyyət sahəsi ilə özəl yaradıcı sahibkarlıq subyektlərinin əlaqələndirilməsi məqsədilə həyata keçirilib.
Bu il proqrama Bakı, Sumqayıt və Gəncədən daxil olan müraciətlər əsasında seçilən 13 komanda altı həftəlik akselerasiya keçib və milli finalda komandalar artıq öz startaplarını təqdim edəcəklər.
Milli finalda qalib gələn komandalar böyük finalda iştirak etmək imkanı qazanacaqlar.
“Ədəbiyyat və incəsənət”
(23.11.2023)
Xalq artistləri Rasim Ocaqov və Həsən Məmmədovun doğum günlərində məzarları ziyarət olunub
Noyabrın 22-də Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, rejissor, operator, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun (1933-2006) anadan olmasının 90-cı ildönümü tamam oldu.
Bu münasibətlə Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov, Mədəniyyət Nazirliyinin məsul şəxsləri, kino xadimləri və sənətkarın ailə üzvləri II Fəxri xiyabanda Rasim Ocaqovun məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov Rasim Ocaqovu adını Azərbaycanın mədəniyyət salnaməsində qızıl hərflərlə yazdıran sənətkar kimi səciyyələndirib. Bildirilib ki, onun filmləri ölkəmizdən kənarda da rəğbətlə qarşılanır. .
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Şəfiqə Məmmədova deyib ki, Rasim Ocaqov həm operator, həm də rejissor kimi çəkdiyi filmlər bu gün də xalqımızın maraqla izlənilir.
Xalq artisti Fəxrəddin Manafov rejissorun çəkdiyi altı filmdə rol aldığını diqqətə çatdırıb və bundan fərəh hissi duyduğunu dilə gətirib.
Xalq artistləri Hacı İsmayılov, Oqtay Mirqasımov, Vaqif Mustafayev, Xalidə Quliyeva və Əməkdar artist Gülzar Qurbanova çıxış edərək sənətkarın yaradıcılıq yolundan danışıb, xatirələrini bölüşüblər.
Rasim Ocaqovun yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində ayrıca bir mərhələdir. Ölkəmizdə kinooperator sənətinin zəngin imkanlarının üzə çıxarılması və təkmilləşdirilməsində onun mühüm xidmətləri olub. Rejissorun lentə aldığı “Tütək səsi”, “İstintaq”, “Ad günü”, “Ölsəm, bağışla”, “Otel otağı”, “Həm ziyarət, həm ticarət” və s. filmlər Azərbaycan kinematoqrafiyasının “qızıl fond”una daxildir. Məzmun rəngarəngliyi, fəal vətəndaşlıq mövqeyi və müasirlik duyğusu ilə yanaşı, obrazların incə psixologizmi və hadisələrin həyatiliyi R.Ocaqov sənətinin əsas cəhətlərini təşkil edir.
Qeyd edək ki, mərasim iştirakçıları bu gün anadan olmasının 85 illiyi tamam olan görkəmli aktyor, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Xalq artisti Həsən Məmmədovun (1938-2003) da məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Həsən Məmmədov “Böyük dayaq” (Qaraş), “Arşın mal alan” (Əsgər), “Gün keçdi” (Oqtay), “Arxadan vurulan zərbə” (Qəmərlinski), “İstintaq” (Murad), “Dədə Qorqud” (Dədə Qorqud), “Axırıncı aşırım” (Abbasqulu bəy), “Sevil” (Balaş), “Yeddi oğul istərəm” (Bəxtiyar), “Bir cənub şəhərində” (Murad), “Bakıda küləklər əsir” (General), “Alma almaya bənzər” (Qurban), “Qəm pəncərəsi” (Məmmədhəsən əmi) və digər ekran əsərlərində yaddaqalan obrazlar qalereyası yaradıb.
“Ədəbiyyat və incəsənət”
(23.11.2023)