İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Həqiqətən də bir zamanlar onun yanıqlı səsi hamını heyran edirdi, o qədər kədərlə, dərdlə oxyurdu ki, biganə qlamaq mümkünsüz idi. Yaradıcılığının pik vaxtı sovetlər dönəminə təsadüf edirdi. Hazırda isə onu daha çox məşhur müğənni Aybəniz Haşımovanın bacısı kimi tanıyırıq. Bəli, söhbət Azərbaycan Respublikasının xalq artisti Şahnaz Haşımovadan gedir, bu gün onun doğum günüdür.
Şahnaz Haşımova 2 iyun 1957-ci ildə Gəncədə dünyaya göz açmışdır. Müğənni və xanəndədir.
1971–1975-ci ildə bədii özfəaliyyət kollektivlərinin solisti, "Oxu, tar" festivalının iştirakçısı olmuşdur. 1975–1977-ci ildə "Göy-Göl" xalq çalğı alətləri ansamblının solisti olub. 1977-ci ildən hal hazıradək Gəncə Dövlət Filarmoniyası nəzdində "Göy-Göl" Dövlət Mahnı və Rəqs Ansamblının solistidir. 2000-ci ildən hal-hazıradək Gəncə Musiqi Kollecinin xanəndə müəllimidir.
1998–2004-cü ildə Dağıstan Dövlət İdarə Etmə və Biznes İnstitutunun Hüquq fakültəsində Ali təhsil alıb.
Yeni Azərbaycan Partiyasının, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının siyasi şurasının, Azərbaycan Ağsaqqallar Şurasının, Mədəniyyət işçiləri həmkarlar ittifaqının, Azərbaycan Ziyalılar Cəmiyyətinin Fəxri üzvüdür.
Şahnaz Haşımovanın Azərbaycan televiziyası və radiosunun "Qızıl Fondu"nda 100 dən çox lent yazıları qorunur və saxlanılır.
Repertuarına xalq mahnıları ("Uca dağlar", "Qaragilə", "Şuşanın dağları və s.), ritmik muğamlar (Kəsmə şikəstə, Qarabağ şikəstəsi, Simayi şəms,), muğamlar (Mirzə Hüseyn segahı, Kürdü Şahnaz, Mahur hindi, Qatar, Bayatı kürd və s.), Azərbaycan bəstəkarlarının mahnıları, həmçinin türk, fars, tacik, əfqan, ərəb və s. xalqların mahnıları daxildir.
"Mən dərdimi mahnılara danışdım" , "Vətən, sən güman yerimsən", "Qar dənələri" adlı kitabların müəllifidir.
Şahnaz Haşımova Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 17 may 1989-cu ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına, 28 oktyabr 2000-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülmüşdür.
6 may 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Dəfələrlə Fəxri fərmanlarla təltif edilmişdir.
Allah xeyirli ömür nəsib etsin!
“Ədəbiyyat və incəsənət”
(02.06.2025)