İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün Azərbaycan Rəssamlar İttifaqının üzvü Abdulla Ələkbərovun doğum günüdür. 2 iyun 1936-cı ildə Bakıda anadan olan Abdulla Ələkbərov 1959-cu ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbini, 1967-ci ildə Lvov Poliqrafiya İnstitutunu bitirmişdir.
Abdulla Ələkbərov 1972-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 1981-ci ildən Jurnalistlər Birliyinin üzvüdür. O, 1964-cü ildən "Maarif" Nəşriyyatında baş rəssam kimi fəaliyyət göstərmişdir. Abdulla Ələkbərov Heydər Əliyev və İlham Əliyevə həsr olunmuş bir çox kitaba bədii tərtibat vermişdir. Bunlardan "Heydər Əliyev dünyanın gözü ilə", "Böyük ömrün anları", "Heydər Əliyev və Azərbaycan dili", "Vədinə sadiq prezident", "Böyük yolun davamçısı", "Sülh və sabitlik prezidenti" və s. kitabları qeyd etmək olar.
O, dərslik və kitab nəşrinə görə 1987-ci ildə XTNS-nın bürünc medalı, "Nailiyyət" Jurnalist mükafatı, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza albom-kitablarına verdiyi bədii tərtibata görə "Səməd Vurğun-90" fəxri diplomuna (1996), 1998-ci ildə "Qızıl qələm-kamil sənətkar" mükafatına, Azərbaycan Respublikası Sərhəd Qoşunları 85-illik yubileyi ilə əlaqədar olaraq "Heydər Əliyev sərhəd xidmətinin yaradıcısıdır" diplomuna və digər mükafatlara layiq görülmüşdür.
Rəssam 2005-ci ildə Moskvada keçirilmiş MDB ölkələri "Kitab sənəti" II Beynəlxalq müsabiqəsində qalib gəlmiş "Qarabağ" kitabının da bədii tərtibatçı-rəssamı olmuşdur.
Abdulla Ələkbərov 1969-cu ildən respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır. Rəssamın əsərləri, Moskva, Gürcüstan, Çin, Türkiyə, Özbəkistan və Azərbaycanda nümayiş edilmişdir.
80 yaşa yaxınlaşan rəssam hələ də öz sevimli peşəsindən əl götürmür, yaradır.
Allah xeyirli ömür nəsib etsin!
“Ədəbiyyat və incəsənət”
(02.06.2025)