Super User

Super User

Cümə axşamı, 10 İyul 2025 12:00

BİRİ İKİSNDƏ Cavid Qasımovun şeirləri ilə

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sizlər əardıcıl gənc şairlərin şeirləri təqdim edilir. Bu gün Cavid Qasımovun şeirləri ilə tanış olacaqsınız.

 

Qasımov Cavid Əli oğlu 28 fevral 1996-cı ildə Lənkəran rayonunun Şağlaser kəndində anadan olub. 2022-ci ildən AYB-nin üzvüdür. Şeirləri bir neçə antologiya və ədəbi portallarda dərc olunub.

 

 

***

 

Sən gedəndə arxanca

Əlimi qaldırdım səmaya.

Barmaqlarım xəyalən pianinonun dillərinə toxundu.

Yalnız özümün eşidə biləcəyim tonda

Ayrılıq musiqisi oxundu uzaqlaşmaqda olan addım səslərinin müşayiətilə.

 

Büküldü barmaqlarım ovcuma,

Hər şey beləcə bitdi.

Məşqi olunmasa da, gözəl alındı.

 

 

***

 

Kirpikləri islanmış çətir,

İçindəki adamın əlindən

Gözünü qırpmağa dam axtarırsan.

 

Göyün dərinliyinə baxa-baxa

Günəşli günlərdə

Atıldığın yeri xatırla

İçindəki adamın əli ilə.

 

Xatırla,

Hansı fəsildə yuxundan buludlar ötmüşdü,

Özünün ağlamaq səsinə diksinmişdin,

İçində heç kim yox idi.

 

Anası polislərin əlində,

Bir-iki söz dedi qaraçı dilində

Qaçdı Benyamin...

 

Hara gedəcəyini bilmədiyindən

Öz dilində qaçdı.

Yolu soruşmadı ilişdiyi ayaqlardan,

Qara qəpikdən də tez itdi gözdən.

 

Arxasıyca düşən qorxunun

Üzünə çırpdı ayaqqabısının bir tayını.

 

Qaçdı Benyamin, qaçdı...

 

 

***

 

Əlləri günəş suyuna çəkilmiş adam,

Fəhlə əlcəkləri dünyanın hər yerində eyni rəngdədir.

 

Harda olsan,

Səni tanıya bilərəm

Günəş əllərindən,

Şəfəq-şəfəq uzanan barmaqlarından,

Gözlərinin altında içi suyla dolan qara qayıqlardan.

 

Əsl əlcək havanın soyuqluğundan deyil,

ailənin dağılmamasından ötrü taxılır ilin hər fəslində.

 

İlin hər fəslində ehtiyac üşüdür...

 

Sərhədləri aşa bilmirsənsə,

Ürəyini sıxma,

Dünyanın hər yerində eyni rəngdədir

Çörək,

Günəş,

Əlcək...

 

 

***

 

Yeriyən dua maşınıdır,

Dörd-beş nəfərlik Sinaqoqdur,

Səsini durdurmaq olmayan kilsədir,

Azanı ahından olan məsciddir

Ambulans...

 

Bir gedişlik vaxtı olduğundan

Bilir ki,

Şahmat saatlı ömürdə heç kimi topa tutmağa dəyməz.

 

Bilir

Kimə hönkürə-hönkürə,

Kimə qəhqəhə çəkə-çəkə tələsmək lazım olduğunu.

 

Hansı ölkədə olursa-olsun,

Ürəyi kövrək olduğundan

Yolu açıq olur,

Zamanı az...

 

Ambulans dayanacaqları

Allaha verilən ən səmimi salamdır-

Cavabını eşidə biləcəyin.

 

 

***

 

Yayın əvvəlində

Sünbül zəmisindən qovulan qarğaların ahı tutdu müqəvvanı.

 

Dərin yuxuya getdi

İnsan köynəyi altında,

Dadını bilmədiyi sünbüllərin ortasında.

 

Şikayətlənmədi əynindəki

Bir dəst paltarından,

Yayın istisindən,

Qışın qarından,

Yerə mismarlanan ayaqlarından,

Qollarını açıb

Kimsə tərəfindən qucaqlanmadığından.

 

Canındakı ağac olmaq qorxusundan

Kölgəsini də ürküdər

Sonuncu qarğanın arxasıyca.

 

Ətrafına dən-dən səpilmiş insanların içində təksənsə,

Ürkütdüyün qarğaların arxasıyca baxıb

Dərindən ah çək,

Hardasa sənin geyimində biri

Yatdığı sünbül zəmisində oyanıb

Səsinə səs verəcək...

 

 

***

 

Günlərin birində bir dilim

Boyat çörəyin üstündə

Dişin minaya düşəndə biləcəksən ki,

Müharibə müharibədən sonra başlayır.

 

Günlərin birində boz-boz binaların yerində

Ağaclar görünəcək qolu yelləncəkli,

Üzü qırışlı.

Səndən cavan, yarpaqlarından yaşlı.

 

Günlərin birində biləcəksən ki,

Kişinin yanağından öpən silah

Qadına naməhrəm sayılır.

Müharibə müharibədən sonra başlayır.

 

 

***

 

Yağışın daşdırdığı gölməçələrin

Pıçıltıları uzun çəkir.

Dünən gecə eşitdim,

Gileylənirdilər,

Orta yaşlı kişinin ayağının altını islatmasından sonra

Üzlərinə söyülmələrindən.

 

Gileylənirdilər

Ölkənin yoxsulluğunu nümayiş etdirən

Kənd yollarından.

 

Gölməçə – göyün güzgüsü,

Kasıblığın ölçüsü,

Təbəqə bölgüsüdür.

 

Dərinliyi olmadığından

Dayaz adamlardan seçilmir bulanıqlığı.

Dəniz olmaq arzusundan başqa içində heç nə yoxdur.

Qorxuludur

Bir arzudan ötrü quruyub yoxa çıxmaq.

Gəldiyin yerə yoxa çıxa-çıxa

Lal-dinməz baxmaq.

 

Yağışın saldığı gölməçələrin

Yanından ötəndə əksinə baxma,

Yumub qulaqlarını

Sürətini artır addımlarının.

 

İnsanın ilk öncə eşitmək qüsuru olur,

Sonra danışmaq...

 

 

QLADİATORUN DUASI

 

İçimizdəki çərpələng azadlığına

Fikir vermə, İlahi.

İpimizi möhkəm tut.

 

Dünən çərpələnglər gördüm

Göylərə yüksəldikcə

Lənət oxuyurdular

Azadlıqlarını qoruyan ipə!

 

Onlar hardan bilsinlər ki,

Edama sürükləyir azad olmaq istəyi

Bütün çərpələngləri?

 

Bizi çərpələng azadlığımızdan qoru, İlahi,

Çərpələng azadlığımızdan.

 

 

***

 

Nəsə çatmırsa,

Əvvəldən olmayıb.

Məsələn,  kirpinin bir qarış sapı,

Dəvəquşunun uçmaq eşqi,

Ölümün ikinci planı

Əvvəldən olmayıb.

 

Sevmək ayrılıqdan ötrü məşqdir.

Sevirsənsə, kirpi üçün sapa,

Dəvəquşuna ucu-bucağı bilinməyən səmaya çevrilirsən.

Ölümə gəlincə,

Ondan sonrakı həyata...

 

İndi iynəsinin hara sancıldığı

Bilinməyən sap üzərində addımlayır,

Kürəyində dişlənmiş alma olan kirpi,

Arxasıyca Adəm.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2025)

 

9 iyul 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Veteranlar ideoloji təhlükəsizliyin keşiyində” layihəsi çərçivəsində təşkil olunan görüşə ev sahibliyi edib. Görüşdə I və II Qarabağ müharibəsi iştirakçıları, layihə rəhbəri və kitabxana əməkdaşları iştirak ediblər.

 

Layihənin rəhbəri, I Qarabağ müharibəsinin fəal iştirakçısı və həmin dövrdə “qaynar nöqtələrdə” jurnalist kimi fəaliyyət göstərmiş Bədirxan Əhmədov layihənin məqsəd və əhəmiyyətindən danışıb. O, qeyd edib ki, bu təşəbbüsün əsas məqsədi İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərin gənc nəslə çatdırılması və qəhrəman döyüşçülərin tanıdılmasıdır.

Tədbir zamanı layihənin əhatə dairəsi, keçirilən görüşlər və gələcək planlar haqqında ətraflı məlumat verilib. Eyni zamanda bildirilib ki, layihə çərçivəsində “Vətən və Zəfər nəğmələri” adlı yeni nəşr işıq üzü görəcək. Bu nəşrdə həm I, həm də II Qarabağ müharibəsi dövründə ifa olunan hərbi marşlar toplanılacaq.

Tədbir qarşılıqlı fikir mübadiləsi və müzakirələrlə davam edib. Sonda məktəblilərlə bu mövzu üzrə yeni tədris ilində maarifləndiricitədbirlərin keçirilməsi planlaşdırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2025)

 

 

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

"Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının bugünkü qonağı əməkdaşımız Kübra Quliyevadır.

 

--Salam, Kubra xanım, rubrikamızda xoş gördük sizi. Sevdiyiniz şeiri söyləməlisiniz, şərtlərimizə uyğun olaraq. Buyurun, söz Sizindir.

 

-- Salam, Ülviyyə xanım, xoş gördük. 22 yaşım var, hazırda magistr təhsili alır və bank sektorunda çalışıram. İxtisasım, xarakterim və ədəbiyyat tamamən zidd qütblər olsa da, bədii ruhlara aşinalığımdan dolayı kitabları, pişikləri və yaşamağı hiss etməyi çox sevirəm. Bu gün zəngin bədii şeiriyyatımızdan mənim üçün inci qədər dəyərli bir şeiri sizlər üçün təhlil edəcəyəm. Ümid edirəm, təhlilim qəlbinizdən səs verər və sizə də, bu şeir vasitəsilə duyğularımı ötürmüş olaram.

Mənim ən sevdiyim şeir Ramiz Rövşən yaradıcılığından “Yağış yuyur, gün qurudur” şeiridir.

 

Ramiz Rövşən, “Yağış yuyur, gün qurudur”

 

Bu yerləri, bu göyləri

Yağış yuyur, gün qurudur.

Bu dünyada çox şeyləri

Yağış yuyur, gün qurudur.

 

Gözümüzün yaşını da,

Bağrımızın başını da,

Qəbrimizin daşını da

Yağış yuyur, gün qurudur.

 

Gələn nədir, gedən nədir?

Bələk nədir, kəfən nədir?

Bu dünya öz kefindədi

Yağış yuyur, gün qurudur.

 

…Ulduzların tozunu da,

Lap günəşin özünü də,

Lap yağışın özünü də

Yağış yuyur, gün qurudur.

 

Hər kəsin həyatında bir dəfə də olsa dönüb-dönüb oxuduğu, içini səssizcə danışdıran bir şeir olur. Mənim üçün bu şeir məhz Ramiz Rövşənin “Yağış yuyur, gün qurudur” adlı əsəridir. Sözləri az, amma mənası sonsuz olan bu poetik parça yaddaşımda şeir kimi yox, sanki həyatın özü kimi qalır. Oxuduqca sual verirəm özümə: “Görəsən, mən yaşayıram, yoxsa yağışda yuyulub, günəşdə quruyan izlərdənəm?”

Bu şeir bir insanın yaşadıqlarını, keçmişini, izlərini təbiətin gözünə baxaraq izah edir. Yağış burada təkcə göydən yağan su deyil – o, insanın göz yaşlarıdır, içinin təmizlənməsidir, qəlbindəki hər şeyin silinməsidir. Gün isə bu yaşların quruyub unudulmasıdır. Sanki bu dünyada hər şey bir qədər var olur, sonra yoxluğa qarışır.

Ən çox təsir edən misralardan biri budur: “Bələk nədir, kəfən nədir?” – insanın gəlişi də, gedişi də zaman qarşısında bir iz qoymur. Bu dünyanın ritmini nə göz yaşımız dəyişir, nə də sevincimiz. Hər şey öz axarındadır. Və bu axar – yağış yuyur, gün qurudur – təkrarlandıqca oxucuya poetik bir təskinlik, eyni zamanda dərin bir boşluq verir.

Şeirdə ulduzların tozu, Günəşin özü, hətta yağışın özünün belə yuyulması və qurudulması – bu, həyatın faniliyinin deyil, faniliyin də faniliyinin göstərilməsidir. Heç nə qalıcı deyil. Bu fikri demək üçün Ramiz Rövşən səs-küy salmır. Sadəcə bir misra təkrarlanır – və bu misra zamanın özüdür.

 

Mən bu şeiri oxuyanda susuram. Çünki sözlər artıq mənim yerimə danışır. O sözlərdə özümə aid çox şey tapıram. Bəlkə də ona görə bu şeir mənim ən sevdiyim şeirdir – çünki mən danışmadan məni anlayır.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2025)

Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizə səfərə gələn Mərakeşin nüfuzlu media orqanlarının rəhbərləri və təmsilçiləri Xankəndi və Şuşada olublar.

 “Ədəbiyyat və incəsənət” portalına komitədən verilən məlumata görə, səfər çərçivəsində əcnəbi jurnalistlər ilk olaraq Xankəndinin Zəfər meydanını ziyarət ediblər. Onlara şəhərin tarixindən, mövcud vəziyyətindən, sosial və mədəni həyatından, eləcə də bölgədə gedən proseslərdən bəhs edilib. Xankəndinin strateji əhəmiyyəti, həyata keçirilən bərpa işləri və gələcək inkişaf perspektivləri diqqətə çatdırılıb.

Daha sonra nümayəndə heyəti Qarabağ Universitetində olub. Görüş zamanı qonaqlara universitetin elmi-tədqiqat istiqamətləri və beynəlxalq əməkdaşlıq imkanları barədə geniş məlumat verilib, bu istiqamətdə fikir mübadiləsi aparılıb.

Qonaqlar Xankəndidən Şuşaya yola düşüblər. Cıdır düzü, Güllələnmiş heykəllər, Şuşa qalası, Gəncə qapısı, İsa bulağı və Yuxarı Gövhərağa məscidini ziyarət ediblər. Onlara şəhərin tarixi və Şuşada Azərbaycan mədəni irsinə qarşı erməni vandalizmi haqqında danışılıb. Onlar işğal dövründə ermənilərin Şuşada mədəniyyət abidələrinə və məscidlərə qarşı törətdiyi vandalizm aktlarını qətiyyətlə pisləyiblər. Qonaqlar şəhərdə aparılan sürətli bərpa və yenidənqurma işlərini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, bu cür səfərlər Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

  

Şəki mədəniyyətimizə çox istedadlı insanlar bəxş edib. Onlardan biri də sənədli filmlər rejissoru Niyazi Bədəlovdur.

Niyazi Bədəlov 10 iyul 1909-cu ildə dünyaya göz açıb. Azərbaycanın ilk sənədli film rejissorlarından olan Niyazi Bədəlov 1931–1936-cı illərdə Moskvada dünyaca məşhur olan Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb və ilk azərbaycanlı məzunlarından biri olub. N. Bədəlov həmçinin, böyük rus rejissoru Sergey Eyzenşteynin tələbəsi olub.

 

Başqaları o yana, tanıdığım şəkililərdən Niyazi Bədəlovu tanıyıb-tanımadıqlarını soruşdum, tanımırlar. Bu cür şəxsləri tanımaq, unutmamaq borcumuzdur. Çox təəssüf ki, təbliğat maşınımız zəif işləyir.

Bizsə portal olaraq ən azından doğum və anım günlərində mədəniyyətimizə töhfələr vermiş şəxsləri xatırlayırıq, adlarının unudulmasına imkan vermirik.

 

Qayıdaq rejissorun tərcümeyi-halına.

1927-ci ildə Şəkidə "Yeni yol" kinoteatrında kinomexanik köməkçisi işinə qəbul edilib. Moskvadakı təhsilini bitirib Bakıya döndükdən sonra "Azərbaycanfilm" kinostudiyasında işə düzəlib və ilk işlərini — "Komsomol nəsli" və "Azərbaycan aşıqları" sənədli filmlərini ərsəyə gətirib. Sonra rejissor H.Seyidzadə ilə birgə "Ayna" adlı bədii filmin çəkilişlərinə başlasalar da, iş yarıda dayandırılıb. Ancaq o, çəkilmiş materiallardan istifadə edərək 1942-ci ildə "Sovqat" adlı qısametrajlı bədii filmini hazırlayıb. Film II Dünya müharibəsinin qızğın çağlarında arxa və ön cəbhədə nümayiş olunub, döyüşçülərdə yüksək əhvali-ruhiyyə yaradıb.

 

Onu da qeyd edək ki, "Sovqat" filmi N.Bədəlovun bədii kinoda ilk və son işi olub. O, bütün bacarığını sənədli filmlərin çəkilişinə həsr edib. Bəzən sənədli filmlərin çəkilişində bədii kadrlara da yer ayırıb. Belə nümunələrdən biri "Məhəmməd Füzuli" sənədli filmidir. Bu film kinematoqrafçılarda Füzulinin poetik irsinə dərin maraq yaradıb.

N.Bədəlov həmçinin, 30-cu illərin sonunda Bakı Teatr Texnikumunda kino texnikası fənnindən dərs deyib. 1941-ci ilin əvvəllərində "Böyük həyat", "Tüfəngli adam", "Oyanmış torpaq" və digər bədii filmləri Azərbaycan dilinə dublyaj edib.

 

N.Bədəlov gözlənilmədən kinematoqrafiyadan ayrılıb və 1944-cü ilin fevral ayında Salyan şəhərinə ezam olunub. Burada Salyan Dövlət Dram Teatrını təşkil edib və teatrın bədii rəhbəri işləyib. Bir müddət sonra yenidən kinoya qayıdıb.

 

Görkəmli sənətkar ümumilikdə 40-a qədər sənədli film, "Sovet Azərbaycanı", "Ordenli Azərbaycan", "Gənc nəsil", "İncəsənət", "İdman" və s. kinojurnallar üçün süjetlər çəkib. Lentə aldığı sənədli filmlərin əksəriyyəti Azərbaycanın qəhrəmanlıq tarixinə, Böyük Vətən müharibəsində xalqımızın igid övladlarının şücaətinə, milli-mənəvi dəyərlərimizə, mədəniyyət xadimlərimizə və zəhmət adamlarına həsr olunub.

Rejissor Azərbaycan kinosuna "Övladlarım", "Xəzərin üzərindən körpü", "Azərbaycan aşıqları", "Onun adı Serafino idi" və bir çox başqa filmləri bəxş edib.

 

Filmoqrafiya

 

"Rejissor kimi"

 

- Azərbaycan aşıqları

- Komsomol nəsli

- Sovet gimnastları

- Biz Bakını müdafiə edirik

- Sovqat

- General Həzi Aslanov

 

"Azərbaycan dilinə dublyajın rejissoru kimi"

 

Bakılılar

 

"Ssenari müəllifi kimi"

 

1. Komsomol nəsli

2. Sovet gimnastları

3. General Həzi Aslanov

4. Dağlıq Qarabağ Hanı mənim övladlarım?

5. Azərbaycan Pedaqoji İnstitutu-50

6. Burada başlanmışdır

 

"İkinci rejissor kimi"

 

- Ordenli Azərbaycan

 

"Rejissor assistenti kimi"

 

- Xəzər dənizçiləri

 

"Bədii rəhbər kimi"

 

- Uzunömürlülər

 

"Aktyor kimi"

 

- Əlaqə (rol: qoca)

 

Niyazi Bədəlov2 noyabr 1997-ci ildə ömrünün 88-ci baharında dünyasını dəyişib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2025)

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Azərbaycanın görkəmli maarifçi şairi Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

 

9 iyul 2025-ci il tarixdə Oğuz rayon Mərkəzi kitabxanasında Azərbaycanın böyük şairi, görkəmli maarif xadimi Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunmuş “Böyük şair, görkəmli maarif xadimi – Seyid Əzim Şirvani” adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə Seyid Əzim Şirvaninin milli ədəbiyyatımıza və maarifçilik tariximizə verdiyi töhfələrdən bəhs olunub. Onun maarifçi və müəllimlik fəaliyyəti, xalqın savadlanması naminə apardığı mübarizə geniş şəkildə təhlil edilib. Bildirilib ki, maarifpərvər şairin ideyaları və yaradıcılığı bu gün də öz aktuallığını qoruyub saxlayır və gənc nəsil üçün örnəkdir.

Tədbirdə həmçinin Seyid Əzim Şirvaninin poeziyasında əksini tapan milli-mənəvi dəyərlər, vətənpərvərlik, ədalət və maariflənmə kimi çağırışların bu gün də cəmiyyət üçün nə qədər vacib olduğu vurğulanıb. Bu ideyaların gənclər arasında təbliği istiqamətində görüləcək işlərin əhəmiyyəti qeyd olunub.

Sonda “Qafqaz müsəlmanlarına xitab” adlı videoçarx nümayiş etdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2025)

 

                                                                                          

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Onun “Yasamal gölündə qayıqlar üzürdü” romanı ədəbiyyatımızda əsl hadisə oldu. Amma çox təəssüf ki, bu roman lazımı qiymətini ala bilmədi. Elə yazıçı özü də potensialı tam açılmadan, özünü tam ifadə etmədən getdi. Halbuki, o, ədəbiyyatımızı daha çox zənginləşdirmək qüdrətində idi.

 

Azərbaycan xalq yazıçısı Sabir Əhmədli 1930-cu il iyulun 10-da Azərbaycanın Cəbrayıl rayonunun Cəbrayıl kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 1946–1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.

Cəbrayıl rayon mərkəzində müəllim, Şükürbəyli kəndində orta məktəbin direktoru işləyib. "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, Nəsr şöbəsinin müdiri, baş redaktor işləyib.

1955-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü idi.

Sabir Əhmədli Azərbaycan Yazıçılar İttifaqının Mirzə Fətəli Axundov adına ədəbi mükafat komissiyasının sədri seçilmişdi.

Ədəbi fəaliyyətə 1951-ci ildən "Pioner" jurnalında çap olunan "Poçtalyon" hekayəsi ilə başlayıb. Bədii əsərlər və publisistik məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış edib. 1961-ci ildə onun "Bir payız axşamı" kitabı çıxıb. 1989-cu ildə Azərnəşrdə ikicildlik əsərləri çap edilib.

 

Kitabları

 

"Kütlə"

"Axirət sevdası"

"Şəhid ruhu"

 

Əsərləri

 

1. Aran

2. Pillələr

3. Yamacda nişanə

4. Toğana

5. Yasamal gölündə qayıqlar üzürdü

6. Mavi günbəz

7. Gedənlərin qayıtmağı

8. Kütlə" (1999)

9. Görünməz dalğa

10. Dünyanın arşını

11. Yanvar hekayələri

 

Sabir Əhmədli 2009-cu il aprelin 17-si Bakıda vəfat edib. Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2025)

 

 

 

 

Ötən gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli şair və böyük maarif xadimi Seyid Əzim Şirvaninin 190 illik yubileyi tamam oldu.  Görkəmli şair və maarifçi Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn tədbirləri həyata keçirmək məqsədilə Gənclər Kitabxanasında “Böyük söz ustadı Seyid Əzim Şirvani 190” adlı elektron məlumat bazası hazırlanıb.

 

Məlumat bazası kitabxananın rəsmi saytında https://ryl.az/melumat-bazalari/Seyid_Ezim_Shirvani_el_melumat_bazasi/index.html yerləşdirilib. Elektron məlumat bazasında yazıçının həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, şairin müdrik kəlamları, rəsmi sənədlərlə yanaşı professor Fazil Qaraoğlunun “Tarixdə iz buraxanlar: Seyid Əzim Şirvani”, filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas Mətanət Vahidin “Seyid Əzim və Füzuli: ənənə və davamçılıq məsələlərinə ədəbiyyatşünaslığımızın münasibəti” və Əməkdar jurnalist İradə Əliyevanın “Aşiqanə qəzəlxan, realist satirik, maarifçi ziyalı” kimi məqalələrin tam mətni təqdim edilir. Elektron bazada görkəmli şairin  özbək,  rus, ingilis dilinə tərcümə edilən yaradıcılıq nümunələrinin, təmsillərinin, yazıçı haqqında dövri mətbuatda dərc edilmiş publisistik məqalələrin,  qələmə alınan kitabların siyahıları yer alır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada “Seyid Əzim Şirvani və mətbuat”, “Not və əlyazmalar”, “Dissertasiya və avtoreferatlar”, “İzonəşrlər”, “Filmoqrafiya”, “Foto və videoqalereya” bölmələri də təqdim edilir.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2025)

 

 

 

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Maraqlı söhbətlərdə yenidən mövzu hədəfimiz alimlərdir.

Görkəmli britaniyalı fizika alimi Uilyam Tomson (Kelvin)  uzun müddət Şotlandiyanın Qlazqo Universitetində nəzəri fizika kafedrasına rəhbərlik etmişdir.

 Bir dəfə o, mühazirəsini ləğv edir və auditoriyada lövhəyə bu sözləri yazır: “Professor Tomson will not meet his classes today".

 

Bunun tərcüməsi isə belə idi: “Professor Tomson bu gün  məşğələni apara  bilməyəcək”.

Tələbələr termodinamika üzrə darıxdırıcı mühazirənin ləğvinə çox sevinirlər və professorla  zarafat etmək qərarına gəlirlər. Ona görə onlar “classes” sözünün ilk hərfini silirlər... və "lasses" sözü alınır.

"lasses” isə ingiliscə tərcümədə “məşuqə” deməkdir.

Beləliklə, sözdən bir hərfi çıxarmaqla, ifadənin bütün mənası dəyişir və cümlə belə alınır:  "Professor Tomson bu gün öz məşuqəsi ilə görüşə bilməyəcək"...

Ertəsi gün Tomson lövhədəki yumoristik düzəlişi görəndə, bunu çox sakit qarşılayır. Yaxşı yumor hissinə malik Tomson “lasses” sözündəki ilk hərfi silir və nəticədə “asses” sözü alınır.  Bundan sonra özündən razı qalan alim səssizcə auditoriyadan çıxır.

 “Asses” isə ingiliscə tərcümədə "eşşək" deməkdir.  Beləliklə, alim auditoriyadakı lövhədə nadinc tələbələr üçün belə bir ifadə qoyub gedir: “Professor Tomson bu gün öz eşşəkləri ilə görüşə bilməyəcək”.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2025)

Cümə axşamı, 10 İyul 2025 09:32

“Patiryat” - Racu Şıxlı

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Racu Şıxlının hekayəsi təqdim edilir. 

 

Məhləmizdə o qədər it var ki, bizə kimsə qonaq gələndə zooparkın yaxınlığında qaldığımızı zənn edir. Dəfələrlə "Toplan" heyvanların mühafizə xidmətindən gəlib sahibsiz itləri yığsalar da, səhər durub görürdün ki, yağışdan sonra yerdən göbələk çıxan kimi yeni-yeni itlər peyda olub. Bu peydakarların arasında bir it diqqətimi yaman çəkmişdi. Məhlədə hamı o itə xüsusi qayğı göstərirdi. İtin məharətindən danışım. Elə ki məhləmizə yad maşın və ya adam gələrdi, o dəqiqə həmin it quyruğunu dikəldib hürər, tanımadığı obyektə sarı cumub, yad subyektin dərhal məhləni tərk etməsini istəyərdi. Birdən məhlədə balaca uşaqlar oynayanda başqa məhlələrin itləri bizim məhlə uşaqlarının üstlərinə cumub, hürüşməyə başlayardılar. Dərhal hamının diqqət marağı olan bu gözünə döndüyüm özünü olay yerinə yetirib, yad itləri qovar, balacaları qoruyardı. Artıq mən də həmin itlə dostlaşmışdım. Hətta onun bu qədər həssas, məhləmizin asayişini qoruması məni heyrətə gətirmişdi. Bu münasibətlə itə ad da qoymuşdum: "Patiryat". Məhlədə hər kəsin sevimlisi olan Patiryat sakinlər tərəfindən qayğı görür, evlərdə bişən yeməklərdən Patiryat üçün xüsusi olaraq ayrılırdı. Bir gün də biz - məhlə uşaqları yığışıb, Patiryata yuva düzəltmişdik. Öz aramızda sözləşmişdik ki, balaları olan kimi hərəmiz bir balanı götürüb Patiryat kimi böyüdəcəyik.

Bilmirəm, niyə, amma təbiətdən çox, onun dilsiz canlılarını daha çox sevirəm. "Dilsiz" deyəndə ki, bəzilərindəki hissiyyat düşünən, danışan canlılardan aktivdir. Bizim məhlənin Patiryatı da danışa bilməsə də, hissiyyatı o qədər aktiv idi ki, çox vaxtlar zamanımı onunla keçirir, hətta söhbət də edirdik. Təbiətdəki bütün canlılar ilahi düstur üzrə özləri gedərkən mütləq yerlərinə digərlərini əvəzlədər. Necə deyərlər, qadınlar uşaq gətirər dünyaya, dişi çiçəklər tozlanma nəticəsində yeni tumurcuqlarını pöhrələdər, dişi heyvan və quşlar da, ya yumurta üstə yatıb, ətcəbala çıxarar, ya da bəşər övladı kimi, əzabla güc edib doğarlar...

Bizim Patiryatın da halı ağırlaşmışdı. Gözlədiyimiz gün yaxında idi. Dördgözlə gözləyirdik ki, itimizin balaları gəlir dünyaya. Patiryat yuvadan bayıra çıxmırdı. Gecələr yuvasında özünəməxsus hürməyi olan Patiryatın səs-küyü gəlmirdi. Səbəb isə qarnındakı sancılar idi. Doğuşa hazırlaşırdı. Hətta məhləmizin ağsaqqalları bir-iki dəfə baytarlıqdan həkim də çağırmışdılar ki, Patiryatın doğuş gününü təyin etsinlər. Mən də hər dəfəsində orada olardım. Öyrənmişdim ki, həftəsonu doğacaq. İndi məhləmizin gəncləri - hamımız həyəcan və sevinc dolu nəzərlərlə bir-birimizə baxıb, baxışlarımızla "Balaca Patiryatlar gəlir!" - deyirdik. Həmin həftə, demək olar ki, bir saatdan bir yuvaya baş çəkib, Patiryata süd, sümük parçaları aparırdım.

Səbirsizliklə doğuşunu gözləyirdim. Hətta bir gün qardaşım işdən gələndə kağız sellofanda xeyli sosiska da almışdı ki, Patiryata aparım. O günü də həvəslə aparmışdım. Nədənsə həmin gün Patiryatın sancıları azalmışdı və sosisləri ləzzətlə yemişdi.

Həftəsonu yetişdi. Bütün məhlə həyəcanla Patiryatın doğuşunu gözləyirdi. Deyəsən, baytarın diaqnozu düz çıxmamışdı. Hələ doğuş baş tutmadı. Mən yarıbikef, yarısevincli evə gəldim. Ümidlə sabahı gözləməli oldum. Patiryatın səsinə elə öyrəşmişdim ki, hər səhər onun özünəməxsus səsinə oyanırdım yuxudan. Hər səhər üfüqdən gün yarı boylananda hürüşünə diksinib oyandığım Patiryatın, son vaxtlar halı ağır olduğu üçün həvəssiz idi, hürmürdü və mən də diksinib yuxudan oyana bilmirdim. Günortaya yaxın yuxudan oyandım. Paltarımı geyinib, cəld məhləyə - Patiryatın yuvasına qaçdım. Gördüyüm mənzərə heç də ürəkaçan deyildi. Məhlə uşaqları məndən cəld tərpənmişdilər. Gecədən dünyaya gələn balaları seçib hərəsi birini götürmüşdülər. Yuvada bircə ətcəbala qalmışdı. Patiryat eləcə həmin balasını yalayır, çənəsini balasının başına söykəyib, zingildəyirdi. Arabir də qabaq ayaqları ilə balasını ehmalca sağa-sola çevirirdi. Heyrətdən gözlərim böyümüşdü. Zavallı ətcəbala doğuşdan əngəlli doğulmuşdu. Arxa ayağının biri, bir də sol gözü yox idi. Astaca əlimi yuvaya uzadıb bu şikəst doğulan balaya toxunmaq istədim. Lakin Patiryat həvəssiz, çox da ucadan olmayan səslə havladı. Və mənə imkan vermədi ki, balasına toxunam. Bir müddət kənardan durub, yuvaya tamaşa etdim.

İndi bir başqa aləm məni əhatə etmişdi. Bir ananın şikəst balasına olan həssas duyğularla yanaşması və əgər dili olsaydı: "Tanrım, axı əzab çəkirəm bu balam üçün", - deyərdi. Patiryat o qədər üzgün görünürdü ki, hətta gözlərindən burnuna uzun iz salmış xətləri aydın görmək mümkün idi. Bu Patiryatın göz yaşları idi. Bikef evə qayıtdım. Məhləmizdə də qəribə bir durğunluq var idi. Hamı Patiryatın 7 baladan bircə əlil doğulan bu balasına heyfsilənir, acıyırdı. Şər qarışmışdı. Mən hələ də eyvanda durub, həyətdə - söyüdün dibindəki yuvaya boylanırdım. Sanki ümid gözləyirdim. Amma heç cürə təkrar yuvaya getmək istəmirdim. Patiryatı o vəziyyətdə, aciz, şikəst balasını qolları arasına sıxıb, zingildəyən görmək istəmirdim. O gecəni birtəhər başa vurub, sübh tezdən Patiryata baş çəkməyə getdim. Həyətə düşəndə gördüm ki, söyüdün ətrafı məhlə sakinləri ilə doludur. Addımlarımı itilədib yuvaya yaxınlaşdım. Qapı qonşumuzun oğlu burnunu çəkə-çəkə mənə sarı gəldi. Əlinin dalı ilə üzünə süzülən göz yaşını silib, boğunuq səslə dedi:

- "Patiryat artıq yoxdur!"

"Ola bilməz ki, Patiryat şikəst doğduğu balasını özbaşına yuvada tərk edib getsin". Bu fikirləri öz-özümə mızıldandım. Adamların arasından cəld yuvaya soxuldum. Gördüyüm mənzərə mənə aylarla psixoloji təsir bağışladı. Patiryat yumurlanmış, ətcə balasını sinəsinə sıxmış, bir qolunu balasının boynu ardına, o biri qolunu qarnına qoyub, burnunu balasının burnuna dirəyib hər ikisi uzun bir yuxuya getmişdi... Məhləmizin ağsaqqallarının kövrək səsi məni sükutda boğulmuş halımdan ayırdı:

- "Elə bu söyüdün dibi münasibdir. Bel gətirin! Burada qazın yerlərini!.."

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.