Super User
Bu gün Bakıda üçüncü “Avropa Təamları” Kulinariya Festivalı keçiriləcək
Şənbə gününə maraq qatmaq istəyənlər üçün: Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi İttifaqa üzv dövlətlərin səfirlikləri ilə birgə üçüncü “Avropa Təamları” Kulinariya Festivalı keçirəcək. Açıq havada keçiriləcək tədbirin məqsədi Avropa mətbəxini Azərbaycan ictimaiyyətinə nümayiş etdirməkdir.
Avropa mətbəxi haqqında daha çox öyrənmək, ustad dərsləri və kulinariya müsabiqələrində iştirak etmək istəyənlər bu gün - oktyabrın 11-də saat 13:00-dan 19:00-dək Avropa Oyunlar Parkında (Su İdman Kompleksinin arxası) keçiriləcək festivala gələ bilərlər.
Festivalda Belçika, Fransa, Yunanıstan, Litva, Polşa, Slovakiya, İspaniya, İsveç və Ukrayna səfirlikləri qonaqları öz ölkələrinin mətbəxi ilə tanış edəcəklər.
Aİ nümayəndəliyinin stendində tanınmış qida blogerləri Elmira Qədirova və Nəzakət Cəfərovanın iştirakı ilə ustad dərsləri olacaq. Yerli fermerlər Aİ layihəsinin dəstəyi ilə ərsəyə gətirdikləri orqanik ərzaq məhsullarını satışa çıxaracaqlar.
"Biz Bakıda üçüncü dəfə “Avropa Təamları” Kulinariya Festivalını keçirməkdən məmnunuq. Hər kəsi Avropa ölkələrinin kulinariya aləminə səyahətdə bizə qoşulmağa və təamların unudulmaz ləzzətindən, canlı musiqi proqramından, kulinariya viktorinalarından və daha çox şeylərdən həzz almağa dəvət edirik”, - deyə Aİ-nin müvəqqəti işlər vəkili Gediminas Varanaviçius bildirib.
Tədbir zamanı viktorinaların qalibləri digər mükafatlarla yanaşı, Aİ nümayəndəliyi tərəfindən nəşr olunmuş və Azərbaycan dilinə tərcümə edilmiş İttifaqa üzv 27 ölkənin ənənəvi reseptlər toplusundan ibarət “Avropa Təamları” kitabını da əldə edə biləcəklər. Kitabı, həmçinin Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin veb-səhifəsindən elektron formada əldə etmək mümkündür.
Tədbirdə, həmçinin “Azeri Home Chef”in feysbuk səhifəsi tərəfindən Avropa yeməklərinin kulinariya və rəsm müsabiqələri qaliblərinin mükafatlandırma mərasimləri də baş tutacaq. Müsabiqə iştirakçılarının hazırladıqları yeməklər də burada təqdim ediləcək. Festival Azərbaycan və Avropa dillərində çıxış edən yerli musiqiçilərin konserti ilə müşayiət olunacaq.
(AzərTAC-ın məlumatı əsasında hazırlanmışdır)
“Ədəbiyyat və incəsənət”
(11.10.2025)
“Maraqlı söhbətlər” Sokratla
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bir dəfə məşhur Afina filosofu Sokrat küçədə Qlavkon adlı bir gənclə rastlaşır. Qlavkon başqa bir məşhur yunan filosofu Platonun qardaşı idi və həmin vaxtlar dövlət xadimi olmaq üçün çalışırdı. Buna görə də ictimai yığıncaqlarda tez-tez və səylə çıxışlar edirdi.
Sokrat ondan soruşur:
- Qlavkon, eşitmişəm ürəyində rəhbər olmaq keçir. Elədir?
-Bəli, etiraf edim ki, elədir. Mənim belə bir istəyim var- deyə iddialı gənc cavab verir.
-Ah, nə gözəl arzudur! - deyə Sokrat qışqırır, - Bəs bu sahədə nə qədər məşhur ola bilərsən, ölkəyə nə qədər xeyir gətirə bilərsən? De görüm, xəzinəni doldurmaq üçün nə etməyi planlaşdırırsan? Ordunu gücləndirmək üçün nə fikirləşirsən? Dövlətin daxili təhlükəsizliyini təmin etmək üçün nə etmək lazımdır? Afinanı ərzaqla təmin etmək barədə nə düşünürsən?
Filosofun çətin sualları qarşısında Qlavkon mızıldayaraq cavab verir ki, onun hələ bütün bunlar haqqında hərtərəfli düşünməyə imkanı yoxdur.
-Yaxşı, onda bəlkə heç olmasa evində yaşadığın öz dayının problemlərini aradan qaldırmağı öz üzərinə götürəsən?- deyə Sokrat təklif edir.
-Mən bunu məmnuniyyətlə edərdim,- deyə Qlavkon mızıldayır, - amma qorxuram ki, o, mənim məsləhətlərimə qulaq asmasın...
-Yaxşı, sən heç öz dayını inandıra bilmirsən, amma elə bilirsən ki, nitqlərinlə bütün afinalıları inandıra bilərsən – deyə Sokrat deyir.
Filosofun sözlərindən sonra Qlavkon heyrətə gəlir. Bundan sonra Qlavkon dövlət xadimi olmaqdan vaz keçir, amma bir afinalı filosof kimi məşhurlaşır.
“Ədəbiyyat və incəsənət”
(10.10.2025)
Mədəniyyət Nazirliyi ölkəmizdə Türkmənistan Mədəniyyəti Günləri keçirəcək
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 13-15-də ölkəmizdə - Bakı və Gəncədə Türkmənistan Mədəniyyəti Günləri keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, bu münasibətlə qardaş ölkənin mədəniyyət xadimləri və incəsənət ustalarından ibarət geniş nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Mədəniyyət günləri çərçivəsində Türkmənistanın musiqisi, dekorativ-tətbiqi sənəti, muzey eksponatları və mətbəx nümunələrinin geniş təqdimatı olacaq.
Bundan əlavə, Azərbaycan Milli Kitabxanasında “Türkmənistan ədəbiyyatı guşəsi”nin də açılışı nəzərdə tutulur.
Türkmənistan Mədəniyyəti Günləri xalqlarımızın daha da yaxınlaşmasına və mədəni əlaqələrin inkişafına mühüm töhfə olacaq.
“Ədəbiyyat və incəsənət”
(11.10.2025)
Beynəlxalq seminarda qazanılan “uzmanlıq” sertifikatı
Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət”
Portalımızın əməkdaşı, Sumqayıt Dövlət Universitetinin magistrantı Nigar Xanəliyeva 5 oktyabr tarixində Azərbaycan Texniki Universitetində keçirilən beynəlxalq seminarda iştirak edib. Seminar Türkiyənin Altınbaş Universiteti tərəfindən “Next Edu: Yeni Nəsil Müəllim Akademiyası – Mədəniyyətlərarası Ünsiyyət və Ümumbəşəri Sinif Metodları” mövzusunda təşkil olunub.
Tədbir çərçivəsində Altınbaş Universitetinin Tədris və öyrənmədə mükəmməllik şöbəsinin müdiri, dosent Duygu Kotan-Türkden tərəfindən yeni təhsil metodlarına dair maraqlı müzakirələr aparılıb.
Nigar Xanəliyeva seminarı uğurla tamamlayaraq “uzmanlıq sertifikatı” ilə təltif olunub. Nigar xanıma elmi fəaliyyətində uğurlarının davamını arzulayırıq!
“Ədəbiyyat və incəsənət”
(10.10.2025)
Əminə Yusifqızı dəfn olunub
Ötən gün dünyasını dəyişən Xalq artisti, sənət yolu Azərbaycan teatr və kino tarixində silinməz iz buraxan 89 yaşlı Əminə Yusifqızı bu gün Bakının Yasamal rayonunda, “Qurd qapısı" qəbiristanlığında dəfn olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, dəfn mərasimində Xalq artistinin ailə üzvləri, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Onunla vida mərasimi isə gün ərzində Təzəpir məscidində təşkil edilmişdi. Mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, mərhumun ailə üzvləri, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov bildirmişdi ki, Əminə Yusifqızı həm gözəl sənətkar, həm də gözəl insan olub, onun yaradıcılığı və insani keyfiyyətləri həmişə yaddaşımızda yaşayacaq.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxışında Əminə Yusifqızının Azərbaycan musiqi və mədəniyyətinə misilsiz töhfələr verdiyini demişdi.
Mərasimdə mərhumun sənət dostları — Xalq artistləri Şəfiqə Məmmədova, Şüküfə Yusupova, Təranə Muradova, Yeganə Axundova, Hacı İsmayılov, Əməkdar artist Brilyant Dadaşova, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Əminə Yusifqızı ilə bağlı xatirələrini bölüşmüşdülər. Diqqətə çatdırılmışdı ki, Əminə xanım həm böyük sənətkar, həm də səmimi və mehriban insan idi, onun səsi, ifası və yaradıcılığı xalqımızın yaddaşında dərin iz buraxıb.
Allah rəhmət eləsin!
(AzərTAC-ın xronikasından və fotosundan istifadə edilib)
“Ədəbiyyat və incəsənət”
(10.10.2025)
Kimdir şair, kimdir hökmdar?! - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Kainatdakı partlayış özündən sonra kosmik nizamın yaranmasına gətirib çıxaran kimi mətndəki partlayış da özündən sonra bədii poetik nizamın meydana gəlməsinə səbəb olur. Partlayışlar mətn müstəvisində yatmış vulkanlar kimidir
2.
Tək rəqəmlərin içindən natamamlıq, qırıqlıq, rahatsızlıq və tənhalıq boylanır
3.
Ramiz Rövşən: “Özünə qayıdır, hər şey, özünə.” Bu kiçik misranın dərinliyinə heyran olmamaq mümkün deyil.
4.
“Kitabi-Dədə Qorqud”da gülərkən ancaq “qas-qas” gülürlər. Amma ağlayanda “ökür-ökür”, “bıldır-bıldır”, “zar-zar” ağlayırlar. Tolstoy haqlı idi. Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, hər bədbəxt ailə özünə görə bədbəxtdir
5.
Ən dəhşətli mühafizəkarlıq daxildə yığılan, içdən gələndir.
6
Sevilməməyə artıq öyrəşmiş bir adamın son ümidi yalançı və fağır, yazıq və ümidsiz bir təbəssümün zərif işığında əriyib gedir. Həmişə sevilənlərdən biri ehtiyacı olmasa da, yenidən sevilir.
7.
Bir tərəfdə Əkrəm Əylislinin “Kür qırağının meşələri” əsəri, o biri tərəfdə - “Buzbulaq” silsiləsi... Bir tərəfdə Vaqif Səmədoğlunun “Bir axşam taksidən düşdüm payıza...” misrası, o biri tərəfdə - “Bəxt üzüyü”... Bir tərəfdə Mövlud Süleymanlının “Dəyirman”, “Köç”, “Şeytan” əsərləri, o biri tərəfdə - “Səs”... Görünür, yolu birnəfəsə keçmək heç kimə müyəssər olmur
“Ədəbiyyat və incəsənət”
(10.10.2025)
Sözdən yaranan incilər – SƏDİ ŞİRAZİDƏN DAHA 10 KƏLAM
Əziz oxucular!
Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu səmavi insanların, dünya dahilərinin və Azərbaycan mütəfəkkirlərinin on mindən çox kəlamlarını, sitatlarını, aforizmlərini toplayıb, tərcümə eləyib və “Sözdən yaranan incilər” adlı çox qalın bir kitabı çapa hazırlayırlar.
“Ədəbiyyat və incəsənət” portalı olaraq belə qərara gəldik ki, bu sayımızdan başlayaraq həmin kəlamları, sitatları, aforizmləri səhifələrimizdə çap edək.
İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaq, dostlarınızla, yaxınlarınızla bölüşəcəksiniz.
Çünki bu incilər, hər insana lazım olan ən qiymətli sözlərdir. Onun daha yaxşı, mükəmməl kamilləşməsi üçün əvəzsiz bir məktəbdir.
SƏDİ ŞİRAZİ (1203, 1210 arası – 1292-ci illər), şair
- Kim özündən çox bilənlə mübahisə etsə ki, biliyi meydana çıxsın, biliksizliyi ortaya çıxar.
- O şeyi ki, arxayıncasına sənə deyəcəklər, soruşmağa tələsmə.
- Qəzəblənəndə özünü saxlaya bilən insan, başqalarının da günahlarını saxlaya bilər.
- İnsanlarla münasibətin belə olsun: Çox uzaqlaşma, donarsan. Çox yaxınlaşma yanarsan.
- Vəziyyətimə görə yox, ləyaqətimə görə mənimlə rəftar elə.
- Yalnız öz hayına qalan qardaş, nə qardaşdır, nə yoldaş.
- Zəmanə dərdindən çəkmə qəm-kədər,
Səbr acı olsa da, şirin bar verər.
- Oxşa könülləri, xalqı sal yada,
Təkcə öz halına qalma dünyada.
- Özündən gücsüzlərə rəhm etməyən, özündən güclülərin zülmünə rast gələr.
- Cinayətdən sonra tövbənin xeyri yoxdur.
“Ədəbiyyat və incəsənət”
(10.10.2025)
Uşaqkən özünü Tom Soyerə, Robinzon Kruzoya bənzədirdi...
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bəli, rəssamlarımızı tanıyaq. Yalnız şou-biznesin təbliğatı ilə mədəniyyət qurmaq olmaz.
Katib Məmmədov 1963-cü il oktyabrın 10-da Gəncə yaxınlığında Azərbaycanın çox mənzərəli bir guşəsində, çoxuşaqlı ailədə anadan olub. Katibin uşaqlığı təbiətlə yaxından bağlı olub. O hələ uşaqkən ətrafda hər şeyə həddindən artıq marağı ilə yaşıdlarından seçilirdi. Çoxlu kitablar oxuyur, şəkil çəkir, müxtəlif fiqurlar düzəldirdi. Onun rəssam kimi formalaşmasında atasının böyük təsiri olub, atası onun qeyri-adi istedadını görərək ona tut ağacında balaca ev düzəltmişdi. Bu onun uşaq fantaziyalarına daha da təkan vermişdi. Balaca Katib özünü orada azad quş kimi hiss edir, özünü oxuduğu sevimli əsərlərindəki qəhrəmanlara bənzədirdi, Tom Soyer, Cim Hokins, Robinzon Kruzo…
Səkkizinci sinfi bitirdikdən sonra, 15 nömrəli Gəncə sənət məktəbinə daxil olur. 1982 ildən 1984-cü ilədək Sovet Ordusu sıralarında, Rusiyanın Lipetsk şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətdən Leninqrada oxumağa getmək arzusu ilə Vətənə qayıdır. Amma anasının xəstəliyi, məişət problemləri onu Rusiyaya işləməyə getməyə məcbur edir. O, tikintidə bənna, suvaqçı kimi çalışaraq, 1985-ci ildən 1987-ci ilədək N. K. Krupskaya adına Moskva Vilayət Pedoqoji İnstitutunun (indikindən Moskva Dövlət Vilayət Universiteti) qrafika və rəngkarlıq şöbəsində qiyabi oxuyub.
1987-ci ildə xoş təsadüf nəticəsində Xarkov şəhərinə gəlir. 1987-ci ildən 1988-ci ilədək Xarkov Bədii-Sənaye İnstitutunda (indiki Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyası) heykəltaraşlıq kafedrasında usta kimi çalışır. 1988-ci ildə Xarkov Bədii-Sənaye İnstitutunun heykəltaraşlıq fakültəsinə daxil olur. 1993-cü ildən Katib Məmmədov indiki Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının müəllimidir.
Katib Məmmədov Ukrayna və Rusiyada işləyir və yaşayır. Əsərləri muzeylərdə, qalereyalarda və dünyanın müxtəlif yerlərində şəxsi kolleksiyalarda saxlanılır.
Katib Məmmədov Azərbaycandan uzaqda yaşamasına baxmayaraq doğma Vətəninə bağlı sənətkardır. Bu bağlılıq onun yaradıcılıq fəaliyyətində bilavasitə özünü göstərir. Onun klassik, modern, stilizə, avanqard əsərlərində belə, şərqin bənzərsiz, heyranedici əlvanlığını böyük məharətlə özündə əks etdirən həfif notlara rast gəlinir. Hələ tələbəykən Vətəninə həsr etdiyi "Odlar yurdu" əsəri ona çoxlu uğur gətirməklə yanaşı, yaradıcılığının simvoluna çevrilib. "Novruz", "Qaçqınlar", "İnad", "Molla Nəsrəddin", "İbadət", "Yeddi gözəl", "Fərhad və Şirin", "Gəlin qaçırma" və s. milli mövzularda olan əsərləri daima sərgilənir və digər xalqların da cox böyük maraq və rəğbətini qazanmaqdadır.
1990-cı ildən sərgilərdə iştirak etməyə başlayıb. 2001-ci il — Heykəltaraş Ukraynanın 10-illik müstəqilliyi və "Ukrayna Xalq Akademiyası"nın yubileyi şərəfinə Xarkov şəhərinə "Odlar Yurdu" ("Elm Məşəli" adlandırılıb) abidəsini hədiyyə edib. 2005-ci il — "Katib Məmmədov. Heykəl." adlanan, müəllifin kataloq təqdimatı olmuşdur. Kataloqa heykəltaraşın 80-dən artıq yaradıcılıq əsərləri daxil olub.
Katib Məmmədovun bəzi ən əhəmiyyətli sərgiləri
1. 1993-cü il — İlk fərdi sərgisi Moskva şəhərinin "Belyayeva" sərgi salonunda keçirilib.
2. 1997-ci ildən Moskva Beynəlxalq İncəsənət Art-Salonunun hər illik sərgisinin (Mərkəzi Rəssamlar Evi) daimi iştirakçısıdır.
3. 1997-ci ildən-2008-ci ilədək — Moskva Beynəlxalq İncəsənət Sərgisi — Art-Manejin hər illik sərgisinin daimi iştirakçısı olub.
4. 1999-cu il — Beynəlxalq Festival "Pro Art" Kiyev. O, fəxri "ProArt" diplomu ilə təltif edilib.
5. 2000-ci il — Beynəlxalq müsabiqə "Qızıl Palitra 2000", Samara. O, "Qızıl Palitra 2000" müsabiqəsinin "Heykəl" nominasiyasında qalib olub.
Katib Məmmədovun muzey-emalatxanası Ukraynanın Xarkov şəhərində yerləşir. Burada heykəltaraşın 300-dən çox əsəri nümayiş olunur. Ukraynanın bir çox görkəmli şəxsləri bu muzeydə dəfələrlə olur və müəllifin əsərlərinə yüksək qiymət verirlər. Muzey Ukraynada Azərbaycan mədəniyyətini bu sahədə təmsil edən yeganə profil mədəniyyət ocağıdır. Muzeydə daima mədəniyyət gecələri, təqdimat mərasimləri və digər elmi-mədəni proqramlar keçirilir
Fəxri ad və mükafatları
1. Beynəlxalq "Pro Art" Festivalı mükafatı
2. Beynəlxalq müsabiqə "Golden Palitra 2000" qalibi
3. "Maestro" nominasiyası qalibi.
4. İlin adamı — 2007 medalı, Xarkov
5. Vera mükafatı
6. "Ukraynanın əməkdar rəssamı" fəxri adı
7. "Kamerata" qalibi mükafatı
8. Beynəlxalq İlya Repin mükafatı laureatı medalı
9. Rusiya İmperator Rəssamlıq Akademiyasının akademiki
“Ədəbiyyat və incəsənət”
(10.10.2025)
Xəlifə və Bəhlul Danəndə - YUNUS OĞUZ
“Ədəbiyyat və incəsənət” portalı yazıçı, publisist Yunus Oğuzun “Xəlifə və Bəhlul Danəndə” adlı pritçasını təqdim edir.
Bir gün xəlifə Harun ər Rəşidin kefi ala buludda gəzəndə vəziri içəri girib deyir ki, bəs filan tacir hüzurunuza gəlib. Xəlifə soruşur:
-Nə ilə bağlıdır hüzuruma gəlməsi, axı mən onu çağırmamışam?
Vəzir yenə baş əyib cavab verir:
-Ya əmirəlmöminin, qardaşınız Bəhlul Danəndədən şikayətə gəlib.
Xəlifə xınalı saqqalını tumarlayır:
-Qəribədir, belə hörmətli zatın Bəhlulla nə işi ola bilər? Yaxşı, çağır gəlsin, mənim üçün də maraqlı oldu.
İçəri tösmərək bir nəfər girib xəlifəni salamladı, sonra dizlərini yerə qoyub iməkləyərək xəlifənin başmağından öpdü.
-Qalx, -Harun ər Rəşid handan -hana dilləndi, - eşitdim qardaşımdan şikayətə gəlmisən.
Tacir ayağa durub əyin-başını düzəltdi.
-Bəli şikayətə gəlmişən, ya əmirəlmöminin.
-Danış, - xəlifə hökmlə dilləndi.
-Ya tacirlərin, əsnafın himayəçisi! Bİr müddət ticarətim zəiflədi. Bilmədim neyləyim. Bazara çıxanda gördüm ki, Bəhlul gəlir. Dedim, ya Bəhlul Danəndə, mənə nə məsləhət verərsən ki, ticarətim genişlənsin? Düşünmədən cavab verdi: "Get dəmir al, yığ anbara, bir azdan müharibə elan ediləcək, silah qayırmaq üçün dəmirə çox ehtiyac olacaq."Elə də etdim. Qazancım dörd-beş qat oldu. Bir gün yenə oturmuşdum bazarda. Gördüm yenə o gəlir. Çağırdım yanıma. Dedim ya Bəhlul Divanə, mənə nə məsləhət verərsiniz ki, bir qədər də çox qazanım. Yenə düşünmədən cavab verdi: "Get çoxlu soğan al, yığ anbara, üstünə də su səp". Elə də etdim. Üstündən iki ay keçməmiş soğanlar göyərib xarab oldu. Əlimdə olan-qalan da getdi. Şikayətimin məğzi belədir.
Xəlifə yenə saqqalını tumarlayıb dedi:
-Əgər, sən deyən kimidirsə, zərəri mən ödəyəcəm, yox, əgər qardaşım tutarlı bir dəlil ortaya qoysa, daha mənlik deyil.
Xəlifənin əmrilə Bəhlulu tapıb onun hüzuruna gətirdilər. Çox çəkmədi ki, üzündə heç vaxt təbəssüm görünməyən Bəhlul içəri girdi. Durdu qapının ağzında.
Xəlifə barmağı ilə taciri göstərib soruşdu:
-Bu hörmətli zata bir dəfə məsləhətinlə yaxşı xeyir vermisən, bir dəfə də zərər, niyə?
Danəndə baxışları ilə əvvəlcə taciri gözdən keçirdi, sonra isə nəzərlərini qardaşının üzərində saxladı.
-Bu tacir bir dəfə mənə Danəndə kimi müraciət etdi. Mən də ona ağıllı məsləhət verdim. Çoxlu qazandı. Əli pulla oynamağa başlayanda genəldi, harınladı. İkinci dəfə mənə Divanə kimi müraciət etdi. Mən də dəli kimi məsləhət verdim, zərərə düşdü.
Xəlifə şaqqanaq çəkərək tacirə üzünü tutdu:
-Kişi, bu işdə sən özün günahkarsan. Məndən heç bir təzminat ala bilməyəcəksən, get.
Onlar mürəxxəs olandan sonra xəlifə üzünü vəzirinə tutub soruşdu:
-Vəzir, sən bu Bəhlulu gülən görmüsən?
-Xeyr, ya əmirəlmöminin.
-Onun həmişə qaşqabaqlı gəzməsi məni çox düşündürür. Sən belə et. Carçıya tapşır ki, kim Bəhlul Danəndəni gülən görsə, ona bir torba qızıl verəcəm.
Carçı aləmə car çəkir, amma onu heç kim gülən görmür.
Bir gün Bəhlul sallaqxananın yanından keçəndə baxır ki, qoyun öz ayağından asılıb, dərisi də soyulur.
O, bu mənzərəyə baxıb şaqqanaq çəkir. Qəssab bu mənzərəni görüb tez saraya qaçır ki, bəs qardaşınızı gülən görmüşəm.
Bəhlulu axtarıb tapırlar, xəlifənin hüzuruna gətirirlər. Harun ər Rəşid soruşur:
-Bu qəssab iddia edir ki, sən sallaqxananın yanından keçəndə gülmüsən. Bu doğrudurmu?
O xəlifənin sözlərini təsdiqləyir:
-Bəli, gülmüşəm.
Xəlifə göstəriş verir ki, qəssabı yola salsınlar.
O gedəndən sonra sual verir:
-Yaxşı bəs, o sallaqxanada səni güldürən nə oldu?
-Qardaş, həmişə sənin zalımlığını, rəiyyətə əziyyət verdiyini görəndə fikirləşirdim ki, sənin bu əməllərinə o dünyada necə cavab verəcəm? Sallaqxananın yanından keçəndə gördüm ki, qoyun öz ayağından asılıb, dərisini soyurlar. Ondan başa düşdüm ki, hər kəs öz əməllərinə görə özü cavabdehdir. Bax buna güldüm...
“Ədəbiyyat və incəsənət”
(10.10.25)
ANAR, “Şuşa nisgili“
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
ANAR, ŞEİRLƏR
ŞUŞA NİSGİLİ
Kirs dağından meh əsir,
Gəl sən vermə mehə sirr,
Təbiət əsir düşüb,
Külək – dustaq, meh əsir.
Satıldı Şuşam,
Atıldı Şuşam,
Mən də bununla
gərək barışam?
Gözün tökülsün, yağı,
Sinəmə çəkdin dağı,
Qanlı göz yaşı tökür
İndi İsa bulağı.
Kəssək hərki-hərkini,
Yıxa billik hər kimi.
Keçərək Əsgərandan,
Qalxıb Qırx pilləkəndən,
Düşmənə qan uddurar
Ər igidlər hər yandan.
O vaxt ürək dolusu
Sevinər Şuşam mənim.
“Mətanətlə, dəyanətlə,
mərdliklə qoşam mənim”.[1]
Atıb dərdi, məlalı,
Söyləyər: Nərim gəldi,
Şükür olsun Allaha,
Qardaşım, ərim gəldi.
Yalan yoxdu sözümdə,
Səbir də var, dözüm də,
Hökmən görüşəcəyik
Sabah Cıdır düzündə.
25 iyul 2000, Zuğulba
“Ədəbiyyat və incəsənət”
(09.10.2025)


