Super User
Opera teatrının, filarmoniyanın, ədəbiyyat muzeyinin direktoru olub
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Əlbət ki əgər bir adam uzun illər vəzifədə olursa, opera teatrının, filarmoniyanın, ədəbiyyat muzeyinin direktoru olaraq mədəniyyətin ən vacib ocaqlarına rəhbərlik edirsə, elmi fəaliyyəti də varsa, professordursa, onda onun gərəkliliyi göz önünə alınar. Belə bir şəxs Abbas Zamanov idi.
Abbas Zamanov 1911-ci il oktyabrın 10-da Naxçıvan MR Şərur rayonunun Maxta kəndində anadan olub. Naxçıvan və Bakı şəhərlərində uşaq evlərində yaşayıb. Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra rəhbər komsomol işçisi kimi çalışıb, iki il də "Gənc işçi" qəzeti redaksiyasında məsul redaktorun müavini vəzifəsində işləyib. Sonra "Ədəbiyyat qəzeti"ndə məsul katib və Azərnəşrin bədii ədəbiyyat şöbəsində müdir olub. 1939-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini qiyabi bitirib və oraya müəllimliyə dəvət edilib.
Opera Teatrının və Filarmoniyanın direktoru olub. M. F. Axundov adına Opera və Balet Teatrının Təbrizə qastrol səfərinə rəhbərlik edib. İkinci Dünya müharibəsi illərində ordu sıralarında xidmət edib. Tərxis olunandan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim, Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı, Azərbaycan EA Nizami adına Ədəbiyyat muzeyinin direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri vəzifələrində çalışıb, daha sonra kafedranın professoru kimi fəaliyyət göstərib.
Abbas Zamanov dəmir pərdənin hökm sürdüyü sovet siyasi rejimi dönəmində dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanın mühacir alimləri, yazıçıları ilə məktublaşıb, kitab mübadiləsi edib. Türkiyə Cümhuriyyətinin Ərzurum Atatürk Universitetində professor Abbas Zamanovun vaxtilə sovet rejiminin çətin dövrlərində göndərdiyi kitablardan təşkil olunub və üç mindən artıq kitabı əhatə edən "Bağış kitablığı" yaradılıb.
Ədəbi fəaliyyətə 1937-ci ildə çap etdirdiyi publisist və elmi-kütləvi məqalələrlə başlayıb. Həmin vaxtdan Azərbaycanda və onun hüdudlarından uzaqlarda XX əsr Azərbaycan ədəbiyyatına dair elmi-tədqiqat əsərləri müntəzəm dərc olunub. Bolqarıstan, İran, Türkiyə, İraq, Avstriya və digər ölkələrdə məqalələri yayınlanıb. "Sabir və müasirləri" monoqrafıyası Əsəd Behrənginin tərcüməsində Təbrizdə, "Cəlil Məmmədquluzadə" oçerki Ələkbər Qəhrəmaninin tərcüməsində Tehranda fars dilində nəşr olunub. Mətnşünaslıq sahəsində ciddi fəaliyyət göstərib, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhimbəy Haqverdiyev, Nəriman Nərimanov, Süleyman Sani Axundov, Seyid Hüseyn, Hacıbaba Nəzərli, Sultan Məcid Qənizadə və başqa şair və yazıçıların əsərlərini rus və Azərbaycan dillərində tərtib və nəşr etdirib. O, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid haqqında xatirə və məqalələri toplayıb ön sözlə "Sabir xatirələrdə" (1982) və "Cavidi xatırlarkən" (1982) adı ilə kütləvi tirajla çap etdirib.
Kitabları
1. İrəli (cəbhə qeydləri)
2. A. Şaiqin həyatı və yaradıcılığı
3. Müasirləri Sabir haqqında
4. Əməl dostları
5. Sabir və müasirləri
6. Bu dünyadan Rəsul Rza gəlib keçdi
7. Tərcümələri
Redaktə
(ruscadan)
1. N. Jurba. Aleksey Matrosov
2. H. Məmmədquluzadə. Mirzə Cəlil haqqında xatirələrim
Təltifləri
1. Türk Dil Qurumunun (Türkiyə) müxbir üzvü
2. Azərbaycanın Əməkdar elm xadimi
3. Konya Səlcuq Universitetinin (Türkiyə) fəxri doktoru
4. Birinci Dərəcəli "Vətən müharibəsi" ordeni
Abbas Zamanov 1993-cü il aprelin 1-də Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(10.10.2025)
Biz uşaqlığını yaşayan sonuncu nəsilik -ESSE
Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"
Mən on beş yaşında, iyirmi yaşında
Elə bilirdim ki, qırx qocalıqdır
Bax qırxı ötmüşəm ancaq başımda
Uşaqlıq havası hələ qalıbdır.
Elə bil dünəndi, çiynimdə çanta
Qorğa yeyə-yeyə dərsə getdiyim.
Elə bil dünəndi, o qamış atda
Nəzil qamçı vurub "at" səyirtdiyim.
Hiss edə bilmirəm yaşımı neylim,
Ürək o ürəkdir, həvəs o həvəs
Gah arana düşür, gah dağa meylim
Nədir sinəmdəki bu duyğular bəs?
Elə bil dünənin uşağıyam mən
Bu eşqə, həvəsə bəzən gülürəm.
Amma qınamıram özümü bəzən
Axı nə yatdım ki, nə yuxu görəm?!
(Həsən Əbluc)
Fikirlərimə Həsən Əblucun gözəl şeiri ilə başlamaq qərarına gəldim. Çünkü bu günkü mövzumuz uşaqlıq barədədir. Çoxusunun yadına gəlmir, ya da fərqli bir ortamda böyüdüyü üçün o duyğuları dərk etmir. Ancaq mənim bildiyim uşaqlıq tamam fərqli idi. Məsələn, biz dəcəl idik, ancaq fərqli idik. Biz sosial şəbəkələrsiz böyüyən sonuncu nəsilik. Səhərdən axşama qədər ancaq küçədə olurduq. Nə telefon, nə planşet, nə də "like"lar maraq dairəmizdə yox idi. Bəli, biz sonuncu nəsilik. Məsələn, bizim vaxtımızda evə qayıtmaq vaxtını telefon zəngi deyil, ananın pəncərədən bizi səsləməsi təyin edirdi. Biz duyğulu filmlər və insani dəyərlərlə böyümüşük. Təsəvvürlərimizlə hər cür möcüzələr yaradırdıq. Oyunlarımız hərşeydən yaranırdı. Sadəcə dostlarımızın qapısını döyüb onların çıxmasını gözləyirdik. Gecələmələr isə biz sonuncu nəsil üçün əsl macəra idi. Dünya daha rəngarəng, daha canlı idi. Məclislər sadə, ancaq unudulmaz olurdu. Şəkillərimiz belə "instagram" ideallarından uzaq idi. Amma ruhumuza toxunan nəsə var idi. Biz telefonsuz gülür, qaçır, oynayırdıq, daim bildirişlər olmadan. O vaxt panik atak nədir, nə olan şeydir demək olar ki, heç kim bilmirdi. Sadəcə deyirdilər ki, zəif olma. Biz xırda şeylərdən sevinməyi bacarırdıq və bəlkə də bunu bacaran sonuncu nəsil biz idik.
“Ədəbiyyat və incəsənət”
(10.10.2025)
Uşaq ədəbiyyatı mövzusunda ədəbi müzakirə keçirilib
8 oktyabr 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında müasir uşaq ədəbiyyatının tanınmış simaları ilə gənclər arasında ədəbi görüş təşkil olunub. Tədbirdə elm xadimləri, yazıçı və şairlər, Bakı Dövlət Universitetinin tələbələri iştirak ediblər.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, tədbir kitabxananın direktoru Şəhla Qəmbərovanın çıxışı ilə başlayıb. O, gənc oxuculara müasir uşaq ədəbiyyatının görkəmli nümayəndələrini təqdim edərək sözü Aygün Bağırlıya verib. A.Bağırlı uşaq ədəbiyyatının təbliğində müəlliflərin əhəmiyyətini vurğulayaraq gənclərin ideya və təkliflərinə də yer verib. Müzakirə çərçivəsində Ədəbiyyat və onun insan həyatında rolu nədir?, Ədəbiyyat olmasaydı həyat necə olardı? kimi suallar auditoriyaya ünvanlanıb.
Azərbaycan uşaq ədəbiyyatının böyük simalarından biri Zahid Xəlil çıxışında ədəbiyyatın insan təfəkkürünün inkişafında mühüm rolunu vurğulayıb. Onun sözlərinə görə, “kəşfləri doğuran intuisiya, intuisiyanı formalaşdıran isə ədəbiyyatdır”. Gənc tələbələr isə müzakirəyə qoşularaq ədəbiyyatın insanın mənəvi dünyasını zənginləşdirdiyini, dil və empatiya bacarıqlarını inkişaf etdirdiyini, eyni zamanda təsəvvür dünyasını genişləndirdiyini qeyd ediblər.
Tanınmış pedaqoq-şair İbrahim Yusifoğlu uşaq ədəbiyyatının təbliğində dövri mətbuatın mühüm rolunu xatırladaraq “Azərbaycan pioneri”, “Savalan”, “Göyərçin” və digər qəzet-jurnalların adını çəkib. Yazıçılar Mehriban Nağıyeva, Gülzar İbrahimova və Nurlana İşıq isə uşaq ədəbi nümunələrinin nəşri ilə bağlı mövcud problemlərə və bu istiqamətdə nəşriyyatların fəaliyyətinə toxunublar. Gülzar İbrahimova çıxışında uşaq ədəbiyyatının ilk təbliğatçılarının valideynlər olduğunu vurğulayıb.
Müzakirə çərçivəsində Respublika Uşaq Kitabxanasının bu sahədə gördüyü işlər, kitabların süni intellekt texnologiyalarına əsaslanan video icmalları barədə məlumat verilib.
Tədbirin sonunda yazıçılar öz əsərlərindən seçilmiş nüsxələri gənc oxuculara hədiyyə ediblər.
“Ədəbiyyat və incəsənət”
(10.10.2025)
Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin elektron bazası yaradılıb
Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin keçirilməsinə dair imzaladığı Sərəncamdan irəli gələn tədbirləri həyata keçirmək məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında elektron məlumat bazası yaradılıb.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, elektron bazada bir sıra rəsmi sənədlərin tam mətni, şairin zəngin həyat və yaradıcılığı, layiq görüldüyü fəxri adlar haqqında məlumat, elm, mədəniyyət, ədəbiyyat, mətbuat sahəsinin nümayəndələrinin, ictimai-siyasi xadimlərin onun haqqında söylədikləri dəyərli fikirlər yer alır. “Xalq şairi Bəxtiyar Vahabzadə 100” adlı bazada akademik Nizami Cəfərovun “Bəxtiyar Vahabzadə yaxud millətin şairi”, , türkoloq, filologiya elmləri doktoruNizami Məmmədov Tağısoyun “Bəxtiyar Vahabzadə poeziyasında idrakla intellektin vəhdəti” kimi məqalələrin tam mətni ilə yanaşı şairin sözlərnə yazılmış bəstələrin, notların siyahıları, “Bəxtiyar Vahabzadə simpoziumu”, “Bəxtiyar Vahabzadənin gündəliyindən”, “Tərcümələr”, “Dissertasiya və avtoreferatlar”, “Virtual sərgi”, “Foto və video qalereya”, “Xatirəsinin əbədiləşdirilməsi” kimi bölmələr də mövcuddur.
Bundan əlavə , kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron bazada şairin müəllifi, redaktoru, rəyçisi olduğu və onun haqqında qələmə alınan kitablar, dövrü mətbuat nümunələri sərgilənir.
Elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib:
https://ryl.az/melumat-bazalari/Xalq_shairi_Bextiyar_Vahabzade_100_el_melumat_bazasi/index.html
“Ədəbiyyat və incəsənət”
(10.10.2025)
"Mən nə yazdım, siz nə fəhm etdiniz, qəribə əfsanədir" -ÖMƏR FAİQ NEMANZADƏNİN ANIM GÜNÜNƏ
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Bu gün milli mətbuatımızın görkəmli nümayəndəsi, böyük maarifçi, publisist, pedaqoq, ictimai xadim Ömər Faiq Nemanzadənin anım günüdür.
Ömər Faiq Nemanzadə 24 dekabr 1872-ci ildə Gürcüstanın məshəti türklərinin yaşadığı Axalsıx qəzasında, kəndli ailəsində anadan olmuşdur. O, bir neçə il molla məktəbinə getmiş, amma dinə maraq göstərməmiş və yeni açılmış rus məktəbinə daxil olmuşdur. 1882-ci ildə anasının təkidi ilə İstanbulda "Fateh" məktəbində təhsil almışdır. Lakin o, burda da dinin əsaslarını öyrənməkdən, cansıxıcı tədris üsulundan imtina etmiş, nisbətən dünyəvi elmlərə meylli olan "Darüş-şəfəq" adlı yetimlər məktəbində təhsilini davam etdirmişdir.
Ömər Faiq Nemanzadə 1891-ci ildə İstanbulda təhsilini başa vuraraq Qalata poçtxanasında işləməyə başlamışdır. Bu vaxtdan etibarən o, inqilabçı gənclərə qoşulmuş, bir müddət onlarla əməkdaşlıq etmiş, onların gizli fəaliyyətinin üstü açıldıqdan sonra çətinliklə qaçıb vətənə gəlmişdir. Azərbaycanın demokratik ruhlu vətənpərvər ziyalılarından biri olan Ömər Faiq Nemanzadə 1892-ci ildən ömrünün sonuna qədər bütün qüvvəsini, bilik və bacarığını xalqının azadlığı uğrunda mübarizəyə yönəltmişdir.
O, 1894-cü ildə bir müddət Şəkidə təzə açılmış ilk üsuli-cədid məktəbində dünyəvi elmlərdən dərs demiş, şəhərin ictimai və mədəni həyatında fəal iştirak etmişdir. Eyni zamanda yeni milli məktəbin açılması, şagirdlərin yeni ruhda tərbiyə olunması sahəsində də səmərəli fəaliyyət göstərmişdir. Ömər Faiq Nemanzadə həmçinin camaatı yeniliyə alışdırmaq, onları qəflət yuxusundan oyatmaq məqsədi ilə mədəni tədbirlərin təşkilinə teatr tamaşalarından başlamışdır. Xüsusən M.F.Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasının tamaşası bu mənada böyük müvəffəqiyyət qazanmışdır.
O, daha sonralar fəaliyyətini Şamaxı, Bakı və Gəncə şəhərlərində davam etdirmişdir. Ömər Faiq Nemanzadə 1903-cü ildə Azərbaycan dilində nəşr olunan yeganə mətbuat orqanı olan "Şərqi-Rus" qəzetinin redaksiyasında Cəlil Məmmədquluzadə ilə tanış olmuşdur. Bu dövrdə qəzeti Mirzə Cəlil idarə edirdi və qəzetdə Ömər Faiq Nemanzadənin imzalı və imzasız bir çox məqalə, şeir və hekayələri dərc olunurdu. Ömər Faiq bu yazılarında maarifçi kimi çıxış edir, köhnəliyə, dini təəssübkeşliyə, "ikiüzlü, pula satılan" ziyalılara qarşı çıxır, milli dərdləri, milli ehtiyacları və onların aradan qaldırılması yollarını öz dünyagörüşü dairəsində göstərməyə cəhd edirdi. 1905-ci ilin yanvarında qəzet borca düşüb bağlanır və Ömər Faiqlə Mirzə Cəlilin birgə fəaliyyətinin yeni mərhələsi – “Molla Nəsrəddin” dövrü başlayır. Yeni mətbəə "Qeyrət" adı ilə 1905-ci ilin mart ayında fəaliyyətə başlayır. Bununla da Azərbaycanın ədəbi-mədəni həyatında yeni bir mərhələ başlayır. Molla Nəsrəddinçilər adı ilə məşhur olan fikir cərəyanı məhz “Qeyrət" mətbəəsində ilk ideya mübarizəsinə qədəm qoyur. Mətbəə geniş fəaliyyətə başlayandan sonra Ömər Faiq Cəlil Məmmədquluzadə ilə birlikdə yeni mətbuat orqanı yaratmaq fikrinə düşmüş və 1906-cı ilin aprel ayının 7-də Azərbaycanda məktəb yaratmış ilk satirik jurnal olan "Molla Nəsrəddin” jurnalının nəşrinə nail olmuşdular. Jurnalın rəsmi redaktoru Mirzə Cəlil, əsas yazarı isə Ömər Faiq Nemanzadə olmuşdur.
Bundan sonra Ömər Faiq Nemanzadənin publisistik fəaliyyətinin çiçəklənmə dövrü başlayır. O, redaksiyada Mirzə Cəlilin əvəzsiz köməkçisinə çevrilir. Ömər Faiq yazılarında 40-dan çox gizli imzadan istifadə etmişdir. Bunların əksəriyyəti onun publisistik fəaliyyətinin ən geniş və sərbəst meydanı olan "Molla Nəsrəddin” səhifələrindədir. Lakin indiyə qədər onlar seçilmədiyindən bir hissəsi ya Cəlil Məmmədquluzadənin əsərlərinə daxil edilmiş, ya da müəllifi müəyyənləşdirilməmişdir. Amma indi tam inamla və cəsarətlə deyə bilərik ki, məşhur "Erməni və müsəlman övrətləri", "Qafqaz Şeyxülislamına iki dənə açıq məktub" kimi mühüm əhəmiyyətə malik yazılar Ömər Faiqindir. Ömər Faiq həm karikaturalarda, həm də yazılarda ictimai, sinfi ziddiyyətlərə xüsusi fikir vermişdir. O, "Lağlağı", "Mozalan", "Dərdmənd", "Çəhrəçi xala", "Dəli", "Çoban", "Ömər Faiq Nemanzadə", "Faiq Nemanzadə", "Heyrani, "Məşrutəçi" və s. imzalarla külli miqdarda felyeton yazmışdır. Onun jurnalda dərc olunan bir sıra kəskin siyasi çıxışları hakim dairələrdə kin, qəzəb oyatısa da, kütlə arasında, demokratik ziyalılar içərisində ona qarşı böyük rəğbət yaratmışdı. Onun "Bilməli xəbərlər", "Cavablar", "Fatma xala", "Xortdana məktub", "Məktub", "Məktəb", "Qorxuram", "Axır çərşənbə", "Sirkə", "Nə deyim", "Təşəkkür", "Bir neçə günlüyə" və digər felyetonları qadın azadlığı, təhsilsizlik, cahillik, dini gerilik, sinfi ziddiyyət kimi ictimai-sosial mövzularda həsr olunmuş və insanları düşünməyə vadar etmişdir. Təbii ki, Ömər Faiqin publisistik fəaliyyəti təkcə "Şərqi-Rus" və "Molla Nəsrəddin” jurnalları ilə məhdudlaşmamış, dövrünün ən nüfuzlu jurnallarında tez-rez onun məqalələri dərc olunmuşdur. Bu məqalələrdə o, bir sıra ictimai-siyasi və milli məsələləri aydın şəkildə şərh edir, özünün demokratik fikirlərini yayırdı. "Şərqi-Rus"dan sonra ilk tutarlı çıxışlarından biri 1906-cı ildə Əbuturab Axundoğlunun "Həyat" qəzetində dərc etdirdiyi "Bizə hansı elmlər lazımdır?" məqaləsi ilə əlaqədar yazılmışdır. Əbuturab bu məqalədə hər kəsi inandırmağa çalışırdı ki, müsəlmanlara dünyəvi elmlər yox, ancaq şəriət elmləri lazımdır. C.Məmmədquluzadə, Ə.Hüseynzadə və Ö.F.Nemanzadənin ona yazdığı cavablar axundun məqaləsi ilə bir yerdə 1907-ci ildə "Qeyrət" mətbəəsində kitab şəklində çap olunaraq "Molla Nəsrəddinə əlavə kimi abunəçilərə göndərilmişdir. Əbuturab dünyəvi elmləri oxuyanları yoldan azmış, pozğun, millətinə düşmən hesab etdiyi halda, Ömər Faiq göstərirdi ki, o adam ki, dünya elmlərinə maraq göstərir, ona yiyələnir, bəşəriyyət üçün ondan istifadə edir o, ən kamil insandır.
Bu illərdə siyasi toqquşmalarda şəxsən iştirak edən, siyasi təbliğatlar aparan Ömər Faiqi Gürcüstan hökumətinin rəhbərləri aradan götürmək üçün müxtəlif fitnə- fəsadlardan istifadə edirdilər. Onlar 1918-ci ildə kəndlilər arasında siyasi təbliğat üstündə onu üç dəfə həbs etmiş, Tiflisin mərkəzi qazamatında saxlamış, olmazın əzablar vermiş, yalnız ictimaiyyətin, xüsusən Gəncə və Tiflis ziyalılarının mətbu etirazından sonra həbsdən buraxmağa məcbur olmuşdurlar.
Ömər Faiq Nemanzadə 1920-ci ildə "Zəhmətkeşlərin gözü" jurnalının redaktoru, daha sonra "Yeni fikir" qəzetinin redaksiya heyətinin üzvü, 1921-1922-ci illərdə Gürcüstan inqilab komitəsinin üzvü olmuş və komitənin nəzdində yaradılmış müsəlman sektorunun sədri işləmişdir. 1920-ci illərin sonlarında Gəncə Kənd Təsərrüfatı Texnikumunun direktoru vəzifəsində işləmişdir. O, xalq maarifinin yenidən qurulmasında, yeni dərsliklərin və dərs vəsaitlərinin yaradılmasında fəal iştirak etmişdir.
1927-ci ildə Ömər Faiq Nemanzdənin xəstəliyi və xidmətləri nəzərə alınaraq ona ömürlük təqaüd kəsilmişdir. Lakin, o, yenə də boş dayanmamış, ara-sıra mətbuatda məqalələrlə çıxış etmiş, xalq maarifinin inkişafına yardım göstərmiş və yeni dərsliklərin hazırlanmasında iştirak etmişdir.
O, ömrünün son illərini xatirələri üzərində işləmiş, XIX əsrin 80-ci illərindən başlayaraq 1906-cı ilə qədər olan dövrü əhatə edə bilmişdir. Buna baxmayaraq "Xatirələrim" iki əsrin (XIX-XX) qovuşuğunda baş vermiş bir sıra mühüm hadisələrin salnaməsi kimi oxuculara qiymətli məlumat verir, bəzi naməlum hadisələrin açılmasına kömək edir. Təəsüf ki, Ömər Faiq xatirələrini bitirməyə macal tapmamışdır. 1937-ci ilin yayında Axalsıxdə öz ata yurdunda dincəlirmiş, iyulun 16-da rayon prokuroru Odabaşyanın sərəncamı ilə böyük ziyalı həbs olunmuş, üç ay sonra oktyabrın 10-da Gürcüstan SSR Xalq Daxili İşlər Komissarlığının nəzdindəki "üçlüyün" qərarı ilə güllələnmişdir.
Yalnız 1958-ci ildə Gürcüstan SSR Ali Məhkəməsi ona bəraət vermişdir.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(10.10.2025)
Biri ikisində Pərvanə Məmmədova-Kəlağayının hekayəsi ilə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Pərvanə Məmmədova-Kəlağayının hekayəsi təqdim edilir. Öncə onunla tanış olaq:
Şəkidə gözəl bir şair var, ədəbi imzası Kəlağayı. Şeirlərində Şəki də var, Azərbaycanımız da, dünya da. Nəsri də xülyalıdır, oxuduqca qədim Nuxanın küçələri boyunca sirri-tarixin izinə düşürsən sanki. Sətirlərdə özü var, misralarda səmalara pərvazlanan ruhu var.
Məmmədova Pərvanə Şirəli qızı 1978-ci ildə Şəki şəhərində dünyaya gəlib. Orta təhsilini Şəki şəhər Rəşid bəy Əfəndiyev adına 10 saylı məktəbdə alıb. Ruhundakı incəlik onun 7 il fortepiano təhsili almağının səbəblərindən idi. Şəki Tibb Kollecini fərqlənmə diplomu ilə bitirən Pərvanə Məmmədova daha sonra Sumqayıt Dövlət Universitetinin Kompüter texnikası və texnologiyaları fakültəsində təhsil alıb. Hazırda Şəki Tibb Kollecinin Qeydiyyat, Qiymətləndirmə və Monitorinq bölməsinin rəhbəri vəzifəsində çalışır. “Hədiyyə” (2023, hekayələr və şeirlər), “Elin nəğməkar qızı” (2024, publisistika), “Əsmaul-hüsna – Allahın gözəl adları” (2024, poema) kitablarının müəllifi, “Vətən məcnunları” layihəsi çərçivəsində nəşr olunan 4 kitabın ideya müəllifi və tərtibatçısıdır.
“Ulduz” oxucularına təqdim olunan “Xilaskar köpük” hekayəsi 10 oktyabr 2024-cü il tarixində YAZSADER (Yazarlar və şairlər dayanışma DƏRNƏYİ) tərəfindən keçirilən beynəlxalq hekayə və şeir müsabiqəsində hekayə nominasiyası üzrə 3-cü yerə layiq görülüb.
XİLASKAR KÖPÜK
(6 fevral 2023-cü il tarixdə Türkiyədə zəlzələdən zərər
çəkmiş insanlara, xilaskar itlərə ithaf olunur.)
Göydələn... Bu sözü heç sevə bilmirdi Könül. İki il bundan əvvəl köçdükləri binaya hamı “Yaşıl qızılgül göydələni” deyirdi. Təkcə o, “bizim yaşıl binamız” deyə əzizləyirdi...
Və heç vaxt o binaya “göydələn” deməmişdi, deyə bilməmişdi. İnsan əhvalının ən gözəl güzgüsü olan göyü heç nə dələ bilməzdi. “Göydələn” sözü insan xislətindəki doymazlığın dildəki daha bir təzahürü idi, demək.
Bina adını həyətindəki iki gül kolundan almışdı. Deyilənə görə, binanı inşa edən tikinti şirkətinin sahibi – çəliyindən mədəd uman qoca kişi bu qızılgül kollarını Çindən gətirmişdi. “Yaşıl qızılgül göydələni” deyərkən məğrurluqları boylarını ötən bina sakinlərindən fərqli olaraq Könül bilirdi ki, yaşıl rəngdə qızılgül, ümumiyyətlə, mövcud deyil. Həyətlərindəki kollar isə Çində bitən başqa bir gülün mutasiyası idi. Hə... İki il əvvəl köçmüşdülər bu binaya-öz evlərinə, nəhayət ki. Oğlu Ömərin 5 yaşı vardı, özünə oxşayan qızı dünyayla hələ salamlaşmamışdı onda... Və Könül bir səhər öz evinin pəncərəsindən üfüqdəki mənzərəni seyr etmişdi. Günəş qırmızımtıl tellərini Aralıq dənizinin suyuna batırıb-çıxarır, sular sinələrinə çırpılan şüalarla “Horon” oynayırdı...
...Yenə dayanmışdı pəncərənin önündə. Bir fevral sazağı əllərini yelləyirdi yarpaqlarını, sadəcə, xatirələrində saxlayan qoşa palıd ağaclarının başı üstündə. Yetim budaqlar dərdlərini bir-birinin qulağına pıçıldamaq üçün baş-başa verir, sonra da “kimin dərdi çoxdur?” yarışında razılığa gələ bilmir, itələşirdilər. Və Könül bütün bunları 8-ci mərtəbədəki evinin qonaq otağındakı iri pəncərədən izləyirdi...
Qulağına dəyən səsdən diksinmədi, əksinə, sanki bu zəngi gözləyirmiş kimi, aram-aram masaya yaxınlaşdı, telefonunu əlinə götürüb açdı:
– Bəli, müəllimə. Necəsiniz?
Xəttin o başından eşidilən qadın səsi təlaşla doluydu:
– Bağışlayın, narahat edirəm, Könül xanım. Narahat qaldığım bir məsələ var, onu aydınlaşdırmaq məcburiyyətindəyəm.
– Buyurun, sizi dinləyirəm, – dedi Könül və bir anlıq düşündü: “Görəsən, Ömər nəsə etməyib ki?”
– Neçə gündür, Ömər özünü qəribə aparır. Yemək fasiləsində heç nə yemir. Əvvəl elə bildim, çantasında yeməyi yoxdur. Məktəbin yeməkxanasına aparmaq istədim, getmədi. Çantasını açdı, yemək qabını göstərdi. Dolu olduğunu gördüm. Amma yemədi. Soruşdum: “Niyə yemirsən?” Baxışlarını qaçıraraq cavab verdi ki, iştahım yoxdur. Amma 3 gün ard-arda eyni şeyi müşahidə edincə, sizinlə müzakirə etmək məcburiyyətində qaldım. Bu hal davam edərsə, dərslərinə də, sağlamlığına da sirayət edər deyə, narahatam. Lütfən, soruşmağımı nəzakətsizlik saymayın, evinizdə bir problem yoxdur ki?
Könül eşitdiklərinə mat qalmışdı... Heç bilmədi, sözlərini müəllimə ünvanladı, yoxsa özünə:
– Axı mən hər gün Ömərin yemək qabını boş tapıram. Həm... Keçən həftədən başlayaraq ona hər gün iki pay yemək qoyuram.
– Ola bilər, çantaya yaxşı baxmamışam, amma mən bircə pay yemək görürəm hər gün, müəllim dedi.
– Keçən həftə mənə dedi ki, bir dostu var, o, ac olur. Qıymadım, başladım dostuna da yemək qoymağa. Bəlkə?
Müəllim onun nə demək istədiyini anlamışdı:
– Əgər yaşda böyük olan hansısa uşaq hədə-qorxu ilə Ömərin əlindən yeməyini alırsa, əmin olun, bunu da araşdıracam. Sizinlə danışıb ürəyimi rahatladacaq bir cavab almaq istəyirdim. Belə başa düşdüm ki, evinizdə hər şey yolundadır.
– Şükür... Lütfən... – deyə bildi Könül.
***
Ömər dərsdən gələn kimi, mətbəxdən gələn yemək ətrini burnuna çəkdi. Onun gömgöy gözlərinin həsrətlə mətbəx qapısına baxdığını görəndə Könülün ürəyi üzüldü. Amma dinmədi, oğlunun dəhliz divarına söykədiyi çantasını əlinə alarkən dedi:
– Paltarını dəyiş, hamama keç. Əllərini üç dəfə sabunla, yaxşı-yaxşı yu!
Hər gün bu sözləri eşidən oğlan anasının dediyi kimi də etdi. Sonra özünü mətbəxə saldı:
– Ana, acam!
Könül artıq süfrəni hazırlamış, oğlunun ən sevdiyi şorbadan bir kasa doldurub yanına yuxa qoymuşdu. Ömər iştahla şorbasını içdi, sonra öz otağına keçib dərslərini hazırlamağa başladı. Könül oğlunu kənardan izləyir, çantadan çıxardığı boş yemək qabına minilliklərin arxasından boylanan sirr kimi baxırdı...
Beləcə, axşamın alatoranı özünü yetirdi. Ömər otağından çıxdığı kimi özünü balkona yetirdi. Balaca qollarını məhəccərə dayadı, bir xeyli aşağıya göz gəzdirdi. Sonra əllərini ciblərinə saldı. Könül onun bir cibindən kiçik əl fənəri, o biri cibindən balaca, plastik fit çıxardığını gördü. Sezdirmədən balkonun açıq qapısına bir az da yaxınlaşdı və oğlunun nə edəcəyini səbirsizliklə gözlədi. Ömər fənərini yandırdı, işığını aşağıya göndərdi. Sonra da fiti dodaqlarının arasına qoyub uzun-uzun fit çaldı. Saniyələr keçir, Könül baş verənləri anlamağa çalışırdı. Ömər fənərinin işığını havada yelləyə-yelləyə başını yana çevirdi, sanki sağ qulağıyla aşağıdan yuxarı gələn hansısa səsi yaxalamaq istəyirdi. Uşaq səsləri, it hürüşü, avtomobil uğultusu gəlirdi həyətdən. Və Könül bilmədi ki, oğlu bu səslərdən hansını basdı ruhunun bağrına. Bir onu gördü ki, oğlu sevincindən atılıb-düşür.
Yaxınlaşdı oğluna, soruşdu:
– Nə olub?
Ömər əli ilə həyətdən onların pəncərəsinə baxan balaca iti göstərib dedi:
– Dostum mənə cavab verdi!
Könül çöhrəsinə yayılan təbəssümün qürurdan, fərəhdən qaynaqlandığını bilirdi, amma gözlərinə dolan yaşların yanağına yayılmasına da əngəl olmaq istəmirdi. Dilində şükrü, ovuclarında duası vardı: “Tanrım, oğlumun ürəyindəki mərhəmətdən dünyaya bir daha çilə...”
***
Uşaqları yatmağa göndərmişdilər. Ər-arvad qonaq otağındakı divanda oturub fevral soyuğunda eşikdə üşüyən balaca küçüyü müzakirə edirdilər.
– Adını da Köpük qoyub, – dedi kişi, – deyir, məktəbdən gələndə rastlaşıb onunla. Görüb ki, hansısa uşağın əlindən yerə düşən peçenye qırıqlarını yeyir. Başlayıb evdən ona da yemək aparmağa.
– Və ən qəribəsi odur ki, mənə yalan danışmayıb. “Dostum acdır, ona yemək qoy” deyib. Mən soruşmamışam ki, dostun kimdir, nəçidir? Amma kənardan baxanda bunu uşağın yalanı kimi dəyərləndirənlər də var.
Kişi şəfqətlə ömrünü-gününü bağladığı qadının düşüncələr içində çatılan qaşlarına baxdı, dedi:
– Bu mövzunu da bir gün müzakirə edərik. İndi isə Ömərin dərd çəkməsinə səbəb olan problemi həll etməliyik. Məsələn, mən sabah marketdən it yeməyi alacam. Bundan sonra hərəsi öz yeməyini yeyər....
Könül qımışdı:
– Hə... Yoxsa ki qoyduğum iki pay yeməyin birini səhər yedirdir Köpüyə, birini də günorta. Evə də ac gəlir.
– İkincisi, Köpüyə bir balaca dam düzəltməliyəm. Özün gördün, oğlumuz necə israr edirdi küçüyü evə gətirmək üçün. Körpə uşaq olmasa, bəlkə də, razı olardım... Amma əvvəlcə uşaqların heyvan tükünə qarşı allergiyası olub-olmadığını yoxlatmalıyıq. Hələ Köpüyü də veterinara aparmalı, onun da sağlamlığına əmin olmalıyıq.
***
Həftə sonu Ömərin nənəsiylə babası qonaq gəlmişdi deyə, Köpüyə dam düzəltmək planı təxirə salındı. Birinci gün Ömər yuxudan duranda anası dəhliz qapısının arxasındakı iki böyük torbanı ona göstərib dedi:
– Bax, oğlum. Atan Köpüyə yemək alıb. Daha öz yeməyini ona verməzsən, gündə 3 dəfə üstündə it şəkli olan torbadan bir kasa yemək götürərsən, apararsan dostuna. O biri torabadakı isə inşaat mallarıdı. Atan bu gün işdən icazə alacaq, sabah evdə qalıb Köpüyə dam düzəldəcək. Həm də onu veterinara aparmaq fikrindədir.
– İt həkiminə? – Ömərin balaca üzü kölgələndi.
– Hə. Onun xəstəliyi olub-olmamasını bilməliyik axı.
– Onda mən bu gün Köpüyə deyərəm ki, həkim iynə vuranda qorxmasın. Deyəcəm ki, qorxma, bir damcı ağrıdır.
Könül oğlunun başını tumarladı, sonra aşağı əyildi, gözlərinin içinə baxaraq dedi:
– Sən hələlik əlini ona vurma, olarmı? Sabah veterinardan gəlsin, sonra yuyundurarıq, təmizləyərik, arada düşüb onunla oynayarsan.
Ömər başını salladı:
– Bilirəm, bilirəm, atam dedi ki, yuyunmasa, biti olar. Bit də sonra evimizə gələr. Hamımızı xəstə edər.
– Ay mənim ağıllı balam! – Könül oğlunun üzündən öpdü.
***
– Ana! Ata!
Oğlunun həyəcanlı səsini eşidəndə gözlərini açdı. Yarıaçıq qapının ağzından düz üzünə vuran sarı işıq gözlərini qamaşdırdı. Yuxulu-yuxulu mızıldandı:
– Hə, Ömər? Qorxulu yuxu görmüsən?
– Yox! Yox, ana! Qalxın! Qalxın!
Elə bu dəm oyanmış həyat yoldaşı əlini uzadıb gecə lampasını yandırdı. Ömər gecə paltarının üstündən anasının mətbəxdəki stulun başına keçirdiyi jaketini geymişdi. Dizlərindən aşağı sallanan jaketin düymələri də düz bağlanmamışdı. Oğlunun bu halı başqa vaxt Könülü güldürərdi, bəlkə də, amma indi o, balasının baxışlarındakı təlaşı görmüş, səsindəki həyəcanı duymuşdu. Ana ürəyinə bir ovuc qor atılmışdı...
...Beşcə dəqiqə keçməmiş bütün ailə qalın-qalın geyinmiş halda qapıdan çıxmışdı. Köpüyün əndişəli səsi aləmi başına götürmüşdü. Könül güman eləməzdi ki, bu balaca, sısqa, tüklərinin uclarından palçıq daman küçük belə inadla hürə bilər. Oğlunu sakitləşdirmək, Köpüyün yaxşı olduğunu demək istəmişdi, amma haradansa uşaqlıqda nənəsindən eşitdiyi bir cümlə gəlib düşmüşdü yadına: “İnsan özünü hər şeyin önünə qoyduqca kainatla arasındakı bağ da nazilir, lakin digər canlılar hələ də kainatın dərinindəki şəri, xeyiri duya bilir.” Qalın yorğançaya bükdüyü 3 aylıq qızını sinəsinə sıxan Könül liftin güzgülü divarına söykənmişdi, düşünürdü: “Təki Köpüyün hürüşü xeyrə yozulsun... Təki...” Ömər isə gah atasının əlindəki iri torbaya baxır, gah səbirsizliklə liftin qapısına baxır, hərdən-hərdən deyirdi:
– Yazıq Köpük soyuqdan hürür, bilirəm. Üşüyüb də... Görün necə soyuqdur. Damı olsa, daha üşüməz.
Atasının yarıyuxulu baxışlarından Ömərin başı üstünə mərhəmət və qürur axırdı...
***
Liftdən çıxan kimi Ömər atasını tələsdirdi:
– Ata, sən qaç! Qaç Köpüyün yanına. Qoy görsün ki, sən gecənin bu vaxtı ona dam düzəltməyə gəlmisən, sevinsin! Anamla bacımı mən gətirərəm asta-asta.
Atası gecənin bu vaxtı qəhqəhə çəkib gülməkdən özünü güclə saxladı. Könülün də dodaqları gərildi, “qonşulardan ayıb olar” deyə düşünməsə, qəşş edərdi...
Kişi binadan çıxıb sağa buruldu, Köpük o tərəfdə idi. Ömər fənərini sağ əlindən sol əlinə keçirdi və sağ əliylə anasının dəri gödəkcəsinin ətəyini qamarladı:
– Mənim arxamca ehtiyatla düş pillələri, ana. Unutma, qucağında körpə var!
Könül daha özünü saxlaya bilmədi:
– Ha-ha-ha... Ay mənim ağıl...
Sözünü bitirə bilmədi. Elə bil gecənin qaranlığının içindən bir əl çıxdı, hiddətlə onların ayaq qoyduğu pillələri tərsinə çevirdi. Xarıltı taqqıltıya qarışdı... Könülün dişlərinin ucunda kədər göynədi... Ağzında toz dadı hiss etdi... Bir də onu duydu ki, bu anlaşılmaz, qorxunc səslərin içərisindən qulağına bir körpə “inqə”si gəlir. Haradaydı? Uşaq ağlayırdı? Yoxsa bağrı yarılan, astarı üzünə çıxan dünya əlacsızlığını körpə “inqə”siylə anlatmağa çalışırdı?
İstədi əlləriylə başını tutsun. Amma əlləri boş deyildi... Bayaqdan gözlərini açıq bilirdi, indi qəfildən göz qapaqlarının üstündəki ağırlıqdan xilas oldu və gözlərini açıb əllərinə baxdı. Bükülü yorğançanın arasından ona baxan iki balaca, muncuq kimi göz parıldayırdı. Və səsini dünyanın fəryadı sandığı körpə onun qucağında ağlayırdı... Və bu körpə onun qızıydı...
– Ana...
– Ömər...Ömərim... – deyə pıçıldaya bildi dişlərinin arasında xırçıldayan torpağı udmamağa çalışaraq.
– Ana...
İşığın gəldiyi yerə baxdı. Ömər təxminən, 2 metr uzağındaydı. Bir əlində fənəri, bir əli cibində dayanmışdı. Ağlamırdı, heç qorxana da oxşamırdı. Yan tərəfdən sızan mavi işığın altında belə, üzündəki marağın dərinliyi insanı heyrətə salırdı. İşığın sızan yerindən gələn qarma-qarışıq səslər içərisində aydın eşidilə bilən tək kəlmə bu idi: “Zəlzələ!”
***
Kişi dəliyə dönmüşdü... Köpüyün yanına çatar-çatmaz o dəhşətli səsi eşitmiş, yerindəcə donub qalmışdı. Geriyə qanrılmağa macal tapmamış elə bil kimsə onu “hop” götürmüş, sonra da binanın 20 metrliyindəki yaşıllığa çırpmışdı. Ayağa qalxanda yaşadıqları binanın öz içinə çökdüyünü görmüşdü. Mənzərə gözündən çox tez itmişdi: həyətdəki işıq dirəkləri də boyunlarını bükmüş, ardınca da yan yatmışdılar.
Qaranlığın içindəki bütün səslər ona yad idi... Qaranlığın içindəki boşluqda dolu-dolu yaşamaq ümidiylə sarıldığı həyatı axtarırdı. “Həyat” dediyini mənalandıranları-sevdiyi qadın və iki balası qara bir boşluğun o biri üzündə qalmışdı...
Gecə öz yaxasının düymələrini açıb günəşin ilk şüalarını dünyaya sızdıranda kişi hələ də binanın girişi güman elədiyi yeri əlləriylə eşir, dodaqlarından içəri dolan göz yaşlarını diliylə yalaya-yalaya pıçıldayırdı:
– Könülüm... Oğlum... Qızım...
Köpük isə yanından əl çəkmir, o inadkar hürüşünə bir az da kədər qataraq atılıb-düşür, gah da yerə yatır, qabaq ayaqlarıyla üzünü örtürdü. Oğlunun əl vurmasına ürək eləmədiyi bu çirkli, palçıqlı küçüyü sığallamaq indi kişinin yeganə təsəllisi idi. Hələ yanğılı-yanğılı, dərdini bölürmüş kimi, bir “Köpüyüm” deməyi vardı ki, eşidən olsa, ürəyi dağlanardı...
***
Könülün gümanı işıq sızan yerəydi. Ömərin kiçik fənəri bütün gecəni yanmışdı, sönməsi an məsələsiydi. Qızının bükülü yorğançasını Ömərin yanına qoyub dəfələrlə yarığa yaxınlaşmış, var gücüylə:
– Burdayıq! Pilləkən boşluğunda qalmışıq! Kömək edin! Burdayıq! –deyə bağırmışdı.
Səsini duyan olmamışdı... Ümidsizlik anbaan onu ağuşuna sıxır, nəfəsini kəsməyə çalışırdı. Gecə boyunca qızını 2-3 dəfə əmizdirmişdi. Bəs sonra? Körpə yenə acacaqdı... Oğlu tanıdığı, bildiyi dünyanın harada olduğunu soruşacaqdı. Özü... Özü isə gözlərinin önündə iki körpəsinin can çəkdiyinin şahidi olacaqdı... Olacaqdımı? Aman!
Bir dəfə də yarıqdan eşiyə bağırıb-bağırıb geri qayıdanda oğlunun üzündə təbəssüm gördü. Ağzını açıb nəsə soruşmaq istədisə də, gücü çatmadı. Diqqətlə oğlunu süzdü. Ömər gecə boyunca cibindən çıxarmadığı əlini indi çıxarmış, qarnının üstünə qoymuşdu. Balaca yumruğunu bərk-bərk sıxmışdı. Onun yumruğunu irəli uzatması, açması, ovcundakı balaca fiti anasına göstərib gülümsəməsi bağrı sökülmüş dünyaya ən gözəl təsəlli idi... Lakin Könül hələ bu təsəllini anlayacaq halda deyildi. O, oğlunun fiti ağzına apardığını, üzünü yuxarı tutub var gücüylə üflədiyini görəndə də heç nəyi kəsdirəmmirdi.
Ta ki yarıq tərəfdən o inadkar hürüşü eşitdi... Və ardınca həyat yoldaşının bağırtısını:
– Könülüm! Ömərim! Qızımmm! Xilasedicilər sizi qurtaracaq. Bir az da dözün!
Səslər daha yaxından eşidildi. Açılmış keçiddə qaraltını görən Ömərin səsində çılğın bir sevinc də vardı:
– Köpük!
– Bizim Köpüyümüz! – deyə bağırdı Könül qızını qucağına alıb, oğlunun əlindən yapışdı.
***
“Zəlzələdən sonra...” Yer üzünün bu güşəsinə çəkilmiş kədər rəsmi məhz bu cür adlanırdı. Ah-nalə edən insanlar, paramparça olmuş ailələr, itirilmiş doğmalarının göynəyi ilə dünyadan küsənlər bu rəsmin personajları idilər. Onlar bu rəsmin harasında olduqlarını dərk etməsələr belə, tanıdıqları-tanımadıqları insanların ömrünü əlindən alan zəlzələnin ağrısını hələ bundan sonra da çox illər yaşayacaqlarını bilirdilər...
***
Xilasedicilərdən biri kişinin qarşısını kəsmişdi:
– Qardaşım, lütfən... Beton panel çox nataraz şəkildədir. Ehtiyatsız toxunuş belə, aşağıdakılara zərər vura bilər.
Kişi, məntiqi ilə duyğularının cəngə çıxdığı bir döyüş meydanına atmışdı ruhunu: bir əliylə yolunu kəsən xilasedicinin qolundan yapışmış, bir əlini də ürəyinin üstünə qoymuşdu. Xilasedici doğru deyirdi, həssas məqamlarda soyuqqanlılığını qorumalı, ehtiyatı əldən verməməliydi. Amma içindəki səs onu irəli itələyirdi: “Sən atasan! Balaların ordadı! Sən kişisən! Sevdiyin qadının qorunmağa ehtiyacı var!”
– Uşağı çıxardırıq!
Kişi yapışdığı qolu buraxdı, özünü irəli atdı... Saniyələr içində yarandı o anladılmasına sözlərin gücü yetmədiyi səhnə. Dizlərini yerə atmış bir ata, boynuna sarıldığı, toz-torpaqlı üzünü öpə-öpə doymadığı oğlan uşağı və xilasedicilərin gözlərindən tökülən yaş... Bir də arxadan uşağın ayaqlarına başını sürtən balaca, sısqa bir küçük...
– Uşağı çıxardırıq! – bayaqkı səs eşidildi.
Kişi dərindən nəfəs aldı, gözlərini açdı... Qucağında bükülü olan bir xilasedici sol tərəfə gedirdi. Baxışlarını arxasınca gəzdirdi və onun ambulansa çatdığını gördü. Oğlunu qucağına alıb xilasedicinin arxasınca bir-iki addım atdı. Amma sonra qeyri-ixtiyari geriyə qanrıldı və iki xilasedicinin arasındakı Könülü gördü. Gözlərindən başqa hər yeri bomboz idi sevdasına qurban olduğunun. Bomboz... Təkcə gözləri al-əlvan idi: ümid bir rəng qatmışdı bu gözlərdəki ifadəyə, sevinc bir rəng. Lakin kədər də öz mövcudluğunu bildirməkdə israrlıydı...
...Ailə baş-başa vermişdi, ambulansın içindəki xərəyin üstündə oturmuşdular. Ər-arvad bir-birinin yanağındakı yaşı silməyə çalışır, sonra da bu göz yaşlarını gözəlləşdirən səbəbə – sevincə şükür edirdilər. Balaca qızcığaz mışıl-mışıl yatırdı. Ömər isə yerdə atılıb-düşən, hərdən qabaq ayaqlarını ambulansın qapısının aşağısına söykəyən, gah mırıldayan, gah şən səslə hürən Köpüyə baxır, elə indicə ona qoşduğu mahnını mızıldanırdı:
– Köpük, qəhrəman Köpük,
Bizim xilaskar Köpük.
“Ədəbiyyat və incəsənət”
(10.10.2025)
“Cənab yeməkpaylayan, menyunuzda eşq varmı?...” - Şəlalə Adilqızının şeirləri
“Ədəbiyyat və incəsənət” portalı Sumqayıtda yaşayıb yaradan Şəlalə Adilqızının şeirlərindın bir qismini bu gün sizlərin ixtiyarına verir.
Gedişin də möhtəşəmdi ürəyimdə;
Gedən sənsən...
Tufan qopur gözlərimdə;
Gedən sənsən...
İstəmirəm, söyləmə də
Gedişinin səbəbini...
Sus!
Səmtini də demə mənə
Gedəcəyin uzaq yerin...
Baxmaram
Heç nəyə, heç kimə;
Mən də gedərəm səninlə.
Gedərəm...
“Sənsiz yaşamaram!” sözümə
Sahib çıxaram!
Dolayaram dikdabanıma dünyanı,
Çiynim üstdən arxaya ataram...
Və...
Və harda olsan,
Gəlib səni taparam!
***
Gözlərimə mil çəkərəm;
Əksin görən olmasın...
Dilimdə tikan əkərəm;
Adını bilən olmasın...
...Külli-aləm nakam qalsın
Sevgimiz boyda sirdən...
Sus!
Sən də pıçıldama eşqimizi dənizə...
Büküb-bürmələyib əmanət etmişəm
Eşqimizi ömür düyünçəmizə...
Sus!
Adını dilimdən,
əksini gözlərimdən,
səni ürəyimdən oğurlayan
pisniyyət fələk oyanar birdən...
***
Adına şəhadət gətirdim,
Rəsminə tapındım sənin...
Bir ağac əkdim adına,
Bir arzu kəsdim qurbanlığına...
Belə sevdim səni, əzizim;
Belə aldandım sənə...
Üzgünəm...
Günahkaram,
Bidətçiyəm, bilirəm...
Səni gözəl sevdiyim üçün
Allah babadan üzr istəyirəm...
***
Cənab yeməkpaylayan,
Menyunuzda eşq varmı?
Ədviyyatı səadətdən,
Sousu azadlıq olsun...
Əlimi silməyə kağız gətirmə,
Göz yaşı bəsimdi; sevincdən olsun!
Eşq bulağının suyundan dəmlə çayı,
Süz ovcuma;
Ömrə gəlib-gedənlərə
Yetməz fncan sayı...
Şokolad kağızından qəhqəhə çıxsın,
Dişləyim, ruhuma cüt qanad taxsın...
Uçum-uçum göylərə,
Ömür də Tanrı payı...
...Cənab yeməkpaylayan,
Hesabı yaz... Oldumu?
...Bir ömür xərcləmişəm,
Hesabın düz oldumu?
***
Sonunda sevdalıların
Muradına yetdiyi nağılları söylə mənə...
Arzulardan çay dəmləyim...
Xəyalları film kimi izləyək...
Deyək-gülək...
Ümidlərin dibçəyinə sevinc göz yaşı tökək...
Sonra...
Sonra da çıxaq vüsal şəhərinin
Ən yüksək nöqtəsinə...
Ordan seyr edək həqiqəti;
Ayrılığın ulduz –ulduz parladığı zülməti...
***
Ana
Anı yaşamağa qoymayanda
Uşaqlığı itiririk...
Bircə anda böyüyürük...
Ata
Ömrü çərçivəyə salanda
Özümüz qırırıq qanadımızı...
Arzularımızın önünə
“qırmızı xətt” çəkirik...
Qardaş
Önümüzdə “qara daş”dısa,
"Zəncirlənmiş Prometey"
xəyali dostumuz olur...
Bacı
Olmayanda “səbir daşı”mız,
Həmdərdimiz “Kerri bacı”,
Dərdimiz qorxusuz olur...
***
Gözünün yaşı söndürər
Yaşam eşqini; ağlama!
Gülüşün gülə döndərər
Ovcundakı dərdini: ağlama!
Bil ki,
Ömrə gələn gedəsidir; gülümsə...
Sev ki,
Sevgi dünyalararası
Savaşın atəşkəsidir; gülümsə...
“Ədəbiyyat və incəsənət”
(10.10.2025)
Nazim Hikmətin şeirini bir qıza yazdı və…
Inci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sizə Attila İlham barədə danışacağam, Türkiyənin tanınmış ədibi barədə.
Attila İlhan 1925-ci il iyun ayının 15-i Menemendə doğulub. Onun tam adı Attila Hamdi İlhandır. İlk və orta təhsilinin böyük hissəsini İzmir və atasının işi ilə bağlı olaraq getdikləri müxtəlif bölgələrdə bitirib. İzmir Atatürk Litseyinin birinci sinfində Nazim Hikmətin şerləri ilə bir qıza yazdığı məktuba görə 1941-ci ilin fevral ayında, 16 yaşında həbs olunaraq məktəbdən uzaqlaşdırılır. Üç həftə nəzarət altında qalır və nəticədə iki ay həbsxanada yatır.
Türkiyənin heç bir yerində təhsil ala bilməyəcəyi haqqında qərar verilir və beləliklə o, təhsilinə ara vermək məcburiyyətində qalır. Lakin sonradan Danıştayın qərarı nəticəsində 1944-cü ildə onun oxumaq imkanı yenidən bərpa olunur və o, İstanbul Işık Litseyinə daxil olur.
Litseyin son sinfində əmisindən xəbərsiz "CHP Şiir Armağanı"nda Cabbaroğlu Məhəmməd şeri ilə bir çox tanınmış şairi geridə qoyuraq ikinci yerə layiq görülür. 1946-cı ildə məzun olur. Daha sonra o İstanbul Hüquq Fakültəsinə daxil olur və orada "Yığın" ve "Gün" kimi dərgilərdə ilk şerləri çap olunmağa başlayır. Beləliklə 1948-ci ildə şairin öz imkanları daxilində "Duvar" adlı ilk şer kitabı yayımlanır. O, 1949-cu il universitetin ikinci ilində oxuyarkən Nazim Hikməti qurtarmaq hərakatına qatılmaq üçün ilk dəfə Parisə gedir. Attila İlhan bu hərakatda aktiv rol oynayır. Fransız xalqı və oradakı müşahidələr onun daha sonrakı əsərlərində yer alan bir çox surətə və hadisələrə təsir edir və onların təməli olur. Türkiyəyə geri dönəndə isə onun polislə tez-tez problemləri baş verir. "Sansaryan Han" soruşturmaları onun ölüm, təhlükə mövzularında işlədiyi əsərlərdə əhəmiyyətli rol oynayır. O bir neçə dəfə də nəzarət altına alınır.
1957-ci ildə "Erzincanda" əsgərliyini, yəni vətənə xidməti borcunu yerinə yetirdikdən sonra Attila İlhan İstanbula gəlir və o, kino sənətinə yönəlik işlərinə böyük yer ayırır. On beşə yaxın kino işlərinə "Ali Kaptanoğlu" adıyla imza atır. İstəklərini kinoda tapa bilməyən Atilla İlhan 1960-cı ildə Parisə geri dönür. Sosyalizmdə gəldiyi keçidləri və televiziya işçiliyi araşdırıldığı bu zamanlar atasının vəfatı ilə birlikdə onun İzmir dövrünə təkan verir. İzmirdə keçən 8 il ərzində o, "Demokrat İzmir" qəzetində baş redaktor vəzifəsini həyata keçirir. Həmin illərdə onun "Yasak Sevişmek" ve "Aynanın İçindekiler" seriyasından "Bıçağın Ucu" kitabları işıq üzünü görür.
Atilla İlhan 1973-cü ildə "Bilgi" nəşriyyatında məsləhətçi vəzifəsi təklifini qəbul edərək Ankaraya köçüb. 1981-ci ilədək Ankarada qalan yazar "Fena Halde Leman" adlı romanını tamamladıqdan sonra İstanbula köçüb. İstanbulda jurnalistlik fəaliyyətini "Miliyyet" (2 mart 1982 – 15 noyabr 1987) qəzeti və "Gelişim" nəşriyyatında davam etdirib. Bir müddət " Güneş" qəzetində yazan Atilla İlhan, 1993 – 1996-cı illərdə "Meydan" qəzetində yazdı. 1996-dan 2005-ci ilədək isə " Cümhuriyyet " qəzetində köşələrini yazıb. 1970-ci illərdə Türkiyədə televiziya verlişləri translyasısının başlanması və geniş kütlələr tərəfindən isitfadəsi ilə əlaqədar Atilla İlhan yenidən ssenari yazmağa başlayıb
Onun " Sekkiz sütuna manşet ", " Kartallar yüksek uçar " və " Yarın artık bu gündür " filmləri ictimaiyyət tərəfindən bəyənildi və maraqla izlənilib. İlk romanı " Sokaktakı adam "ı dərc etdirdiyində artıq 10 roman yazmışdı. Bunları heç gün işığına çıxartmayıb. Atilla İlhan bunun səbəbini bir müsahibəsində belə izah edir : " … əvvəllər bir neçə roman yazdım. Amma niyə çap etdirmədim? Çox ağıllı bir səbəbi vardır. Çünki bilirəm ki, yazarlar ilk romanlarında özlərindən bəhs edərlər. Bu da romançılıq deyil. Gündəlik tutmaqdır. " (" Düşün ", iyun 1996). Roman yazmağa başladığında dövrünün digər yazarları daha çox əyalət və kənd həyatından, kənd insanından bəhs edən romanlar yazdıqları halda Atilla İlhan şəhər insanını, Türkiyənin yaxın tarixini siyasi, iqtisadi və sosial yönlərdən araşdıraraq yazıb
Televiziya serialları
1. "Telefləş / Kanal 6" (1991)
2. "Səkkiz sütuna manşet" (1982)
3. "Qartallar yüksəkdən uçar" (1983)
4. "Dünən artıq bu gündür" (1986)
5. "Ulduzlar gecə böyüyür" (1992)
Musiqi albomları
1. An Gelir / Öz səsi ilə (2006)
Romanları
1. "Küçədəki adam" (1953)
2. "Zəncilər bir-birinə bənzəməz" (1957)
3. "Qurdlar süfrəsi" (1963)
4. "Aynanın içindəkilər" seriyası
5. "Bıçağın ucu" (1973)
6. "Sırtlan payı" (1974) Yunus Nadi Roman Armağanı
7. "Yaraya duz basmaq" (1978)
8. "Dərsəadətdə sabah azanları" (1981)
Şeirləri
1. 34 FN 346
2. Adım Sonbahar.
3. Adımla Nasıl Berabersem
4. Ağır Kan Kaybı
5. Ağustos Çıkmazı
6. Ah
7. An Gelir
Ədib 10 oktyabr 2005-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(10.10.2025)
MÜTALİƏ MƏDƏNİYYƏTİ –35.Bəs dünya nə oxuyur?
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
35.
BƏS DÜNYA NƏ OXUYUR?
Dünyada ən populyar kitablar hansılardır? Fərqli ölkələrdə insanlarnə, necə və nə qədər oxuyurlar? Hələ ki, əldə edə bildiyimiz ən son statistik məlumata diqqət yetirək.
THGMAgentliyi56 ölkədən 945 oxucu arasında 2023-cü ildə hansı janrlarda kitab oxuduqları və 2024-cü ildə oxumağı planlaşdırdıqları barədə bir sorğu keçirib.Avropa, Şimali Amerika, Asiya, Avstraliya, Afrika və Cənubi Amerikanın sakinləri oxu vərdişlərini və üstünlüklərini bölüşüblər.Tədqiqatmüəlliflərininhansı əsas nəticələrə gəldiyinə diqqət yetirməyiniziistərdik.
Nəticə 1. Kitab elə də çox oxunmur
Çoxuya bir neçə, ya da bir çox kitaboxudutədqiqat iştirakçılarından 2023-cü ildə neçə kitab oxuduqları soruşulub.Məlumolub ki, onların arasında həm çox fəal olmayan oxucular, həm də əsl kitabsevərlər var.Sorğugöstərib ki respondentlərin:
18%-i 6-10;
19%-i 11-20
27%-i 20-dən çox;
32%-i 1-5
- kitab oxuyub.
Demək, ən böyük faiz ən az oxuyanların olub. İkinci böyük fazi isə ən çox oxuyanların. Demək, acınacaqlı vəziyyət həm də ümidvericidir.
Ölkələrüzrə statistikadandanışırıqsa, amerikalıvə ingilis respondentlər daha çoxoxuyanlardır (onların 39% və 44%-i müvafiq olaraq bir il ərzində 20-dən çox kitab oxuyublar). Kanadalılar isə daha az oxuyurlar (yalnız 23% 20-dən çox kitab oxuyub).
Qeydetməklazımdır ki, bəzi respondentlər sorğu keçirənlərin "20-dən çox kitab" maddəsini üst kateqoriyaya çevirərək cavab seçimlərini çox məhdudlaşdırdığını iddia ediblər. Məsələn, bir kanadalı oxucu “20-dən çox kitab” əvəzinə “100 -dən çox kitab" maddəsinin düzgün olduğunu bildirib.İngilislərin isə əksəriyyəti ən yüksək kateqoriya kimi 20+ kitab göstərilməsini kifayət qədər gülünc adlandırıblar.
Demək, kitabqurdu kateqoriyasına daxil olanlar ildə minimum 100 kitab oxumağı məqabul hesab edirlər.
Nəticə 2. Növbəti il daha məhsuldar olacaq
Rəy sorğusunun digər nəticəsi də sevindiricidir. İnsanlar2024-cü ildədaha çoxoxumağı planlaşdırırlar. Demək, kitablarınsonununyaxınolduğuna dair mövcud fərziyyələrvaxtından əvvəlortaya çıxıb və tam da yersizdir. Kitablar “bir gün unudulmaq”üçün nəzərdə tutulubsa, həmin o bir gün tezliklə gəlməyəcək.
Daha dəqiq desək, sorğu nəticələri göstərir ki, insanlar 2024-cü ildə 2023-cü ilə nisbətən daha çox oxumağı planlaşdırırlar.Sorğugöstərir: respondentlərin64% - i 2024-cü ildə əvvəlkindən daha çox kitab oxumağı planlaşdırır.Və yalnız3% -i daha az kitab oxumağı planlaşdırır.Bu nəticələrdünyanınbütün bölgələrindətəxminən eynidir.
Keniyadanolan bir oxucucavabınıbelə yekunlaşdırıb: "Bu il oxuduğum hər şeyi bəyəndim.Dahaçoxoxumağı səbirsizliklə gözləyirəm." İnsanlar cari ildə real olaraq daha çox oxuyacaqlarmı və ya heç olmasa buna can atacaqlarinı iddia edirlər, əlbəttə buna nə dərəcədə əməl etdiklərini zaman göstərəcək.Buna baxmayaraq, böyük həcmdə oxumaq niyyəti kitablara olan sevginin davam edəcəyini göstərir.Beləliklə, kitaboxumaq vərdişi, mütaliə sevgisi yaşayırvə inkişaf edir.Avstraliyadanolan bir respondentinqeydetdiyi kimi,"mən sadəcə oxumağı sevirəm, bu, mənim sevimli fəaliyyətimdir."
Nəticə 3. Hansı janr daha çox oxunur?
Sorğu iştirakçılarından hansı janrda kitabları oxuduqları da soruşulub,bədii ədəbiyyat və ya qeyri-bədii ədəbiyyat oxuduqlarıiləmaraqlanılıb. Sorğugöstərib ki, 2023-cü ildə dünyanın ən populyar üç janrı açağıdakılardır:
-tarixi kitablar (34%),
-detektivlər (33%),
-tərcümeyi-hallar/xatirələr (31%).
Bəzi kiçik regionalfərqlər dəqeyd edilib. Məsələn, kanadalılardigər ölkələrin oxucuları ilə müqayisədə tarixlə daha az maraqlanırlar.İngilisoxucularda öz növbəsində fantaziyayaböyükmaraqgöstərirlər.
Digər populyar janrlar fantaziya, elmi fantastika və motivasiya-özünəkömək kitabları olub.
Yeri gəlmişkən, yüzlərlə oxucu sorğuya daxil edilməyən janrların adını çəkərək təşkilatçılara irad bildiriblər. Poeziya, fəlsəfi, dəhşət, komedik, kulinariya, sevgi romanları, uşaq kitabları və s. Növbəti sorğuda təşkilatçılar mütləq xeyli populyar olan digər janrları da kateqoriya seçimini genişləndirərək əlavə edəcəklərinə qərar veriblər (dəhşət, şeir, uşaq kitabları, fəlsəfə, mənəvi ədəbiyyat, sevgi romanları, komikslər, manqa və qrafik romanlar kimi).
Nəticə 4. Hansı janr daha çox oxunacaq?
Növbəti ildə də respondentlər daha çox tarix kitabları, detektivləri və tərcümeyi-hal ədəbiyyatını oxumaq istədiklərini bildiriblər. Demək, 2023-cü ildə seçdikləri janrlardan məmnundurlar və növbəti ildə də seçimləri dəyişməyəcək.
Daha dəqiq desək, 2024-cü ildə respondentlərin oxumağı planlaşdırdıqları 3 əsas janr bunlardır:
tarixi kitablar (%39);
detektivlər (%35);
tərcümeyi-hallar/xatirələr (%34).
Sorğunun nəticələrinə görə tələb olunan digər janrlar fantaziya, elmi fantastika və macəradır.
Nəticə 5. Kağız kitablar daha çox sevilir
İnsanlarhələ də kağızkitaboxumağı sevirlər.Kağızkitablarınsürətlə çökməsion ildir proqnozlaşdırılır.Ancaq insanlarhələ dəonları oxumağa davamedirlər.. Respondentlərdən 2023-cü ildə kitabları daha çox oxuduqları formatı qeyd etmək xahiş edilib.Sorğugöstərib:
-Respondentlərin57%-i əsasən kağız (çap) kitablar oxuyur;
-32% i e-kitabları seçir;
- 8%-i audiokitabları dinləyir;
-3% isə "digər" seçimini seçib (bu komikslər, Braille və ya başqa bir format ola bilər).
Kağızkitablarabütün dünyada böyük etimad göstərildiyi sübut olundu, lakin bəzi regional fərqlər də gözə soxulur. Amerikalılarkağızkitablarıdaha az seçirlərvə bütün digər formatlarla daha çox maraqlanırlar.Amerikalı oxucuların 29% -nin Kindle-a üstünlük verməsi də diqqət çəkir.Kanadalılartaməks üstünlüklərnümayiş etdirirlər: 67% -i əsasən çap olunmuş kitabları oxuyur və onların yalnız 23% -i elektron nəşrləri seçir.
Nəticə 6.Oxucularseçdiklərikitablarınhəcmindənrazıdırlar
Bəzən yazıçılarəlyazmalarınınhəcmindənnarahatolurlar.Yazdıqları çox uzun olmadı ki? Bəlkə daha çox təfərrüat daxiledilməlidir? Oxucular mətnimi çox qısa və ya çox uzun hiss etməyəcəklər ki?
Sorğugöstərib:
-oxucuların86% -i oxuduqları kitabların uyğun həcmdə olduğuna inanır.
-11% kitabların çox qalın olduğunu iddia edir.
- 3% - i isə hesab edir ki, bu il ərzində oxunan kitablar çox nazik olub.
Nəticə 7.Oxucularhər yaşdan olan insanlardır
Kitabların və xüsusən də kağız kitabların davamlı populyarlığının yetkin nəsillərin yeni texnologiyalara uyğunlaşmaqda çətinlik çəkməsi ilə əlaqəli olduğunu düşünürsünüzsə, araşdırma bunun əksini göstərib.25-34, 35-44, 45-54 və 55-64 yaş qruplarındakı oxucularınsayıtəxminən bərabərdir - 17-19%.
Nəticə 8.Qadınlarkişilərdəndaha çox oxuyur
Qadınlarkişilərdəndaha çox özlərinifəal oxucuhesabedirlər.Kimdaha çox oxuyur: qadınlar, yoxsa kişilər? Sorğugöstərib ki:
-respondentlərin56% -i qadın,
-42% -i kişi olub.
Bu fərqqadınların sorğu iştirakçılarının üçdə ikisini təşkil etdiyi ABŞ-da daha da nəzərə çarpıb.Ümumiyyətlə, dünyada qadınların daha çox kitab oxuduğunu göstərən digər tədqiqatların nəticələri də əldədir.
Növbəti: 36.Mütaliə etməyin faydalarının xülasəsi
“Ədəbiyyat və incəsənət”
(10.10.2025)
Özünə qarşı çox tələbkardır
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Fərid Hüseyn özünə qarşı çox tələbkardır. Ədəbiyyata heç vaxt ötəri həvəs kimi baxmaz, yazanda sanbala riayət edər. Hələ gənc şair şinelindən çıxmayıbdır, amma özündən sonra gələn gənclərə həmişə dəstək olur, yol açır. Hər yerdə faydalı olmağa çalışır, Yazıçılar Birliyində, Mədəniyyət Nazirliyində, Türk Mədəniyyəti və İrsi Fondunda. Ona görə də hər yerdə hörməti və izzəti var. Bu gün də ad günüdür. Səmimi təbriklərimizi çatdırır, oxuculara onu yaxından tanıtdırırıq.
Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü Fərid Hüseyn 10 oktyabr 1989-cu ildə Kürdəmir şəhərində dünyaya gəlib. 1995–2006-cı illərdə M.Ə. Rəsulzadə adına Kürdəmir rayon 2 saylı tam orta məktəbdə təhsil alıb. 2006-cı ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinin "Nəşriyyat işi və redaktəetmə" ixtisasına, 2008-ci ildə Bakı Slavyan Universitetinin iki illik "Yaradıcılıq" fakültəsinin "Poeziya" bölümünə daxil olub. Hər iki universiteti 2010-cu ildə bitirib. 2010–2013-cü illərdə ADMİU-nun "Kulturalogiya" fakültəsinin "Mədəniyyətşünaslıq" ixtisası üzrə magistr təhsili alıb
2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olub. AYB və Mədəniyyət Nazirliyinin nəzdində faəliyyət göstərən "Gənc ədiblər məktəbi"ni bitirib. Hazırda N. Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantıdır və "Azərbaycan ədiblərinin ev muzeylərindəki şəxsi fondların tədqiqi və nəşri prinsipləri" mövzusunda elmi mövzu üzərində çalışır.
Serbiya Yazıçılar Birliyinin üzvüdür. Fərid Hüseyn 2019-cu ildən AYB-nin Gənclər Şurasının sədridir. 2010 və 2021-ci illərdə Prezident təqaüdünə layiq görülüb. 2021-ci ildə Serbiya Respublikasının Semska Mitrovika — İmperatorluq şəhərinin fəxri vətəndaşı seçilib və adı Çaçak şəhərinin Mırçayevçi qəsəbəsindəki şairlər məhəlləsinin girişində yerləşən bulağın yanındakı daş lövhəyə vurulub.
2021-ci ildən AYB-nin katibliyinin və Üzvlüyə Qəbul Komissiyasının, həmçinin, "Ədəbiyyat qəzeti"nin redaksiya heyətinin üzvüdür. Şeirləri türk, qazax, özbək, qırğız türkcəsinə və ingilis, rus, belarus, ukrayn, serb, gürcü, rumın dillərinə tərcümə edilərək dünyanın müxtəlif ölkələrinin mətbuat orqanlarında çap olunub.
İştirak etdiyi beynəlxalq sərgilər
F. Hüseyn London, Qahirə, Budapeşt, Praqa, Peterburq və İstanbul'da keçirilən beynəlxalq kitab sərgilərində iştirak edib.
O, həmçinin İstanbul Şeir Festivalı, no 99Sapanca Şeir Festivalı, Tiflis Poeziya Festivalı, Moldovada Avropa Şairlər Baharı Festivalı, Dünya Yazarlarının Belqrad Görüşləri, Tatarıstanda "Ana dili bayramı" və Abdulla Tukay Poeziya günləri, Özbəkistanda Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı günləri və IX Babil Şeir Festivalında ölkəmizi təmsil edib.
"Eşq" kitab seriyası
Fərid Hüseyn "Eşq" kitab seriyasını təsis edib. Onun rəhbəri olduğu kitab seriyasından Məmməd Orucun "Oyun havası" (povest, 2012), Eldar Baxışın "Sərçə balası" (şeirlər, 2012), İsi Məlikzadənin "Qırmızı yağış" (roman, 2013), Asif Atanın "İnam və şübhə" (2015), Serkanın "İtkin gül" (roman, 2011) Tuğrul Tanyolun "Sən əlimdən tutanda" (şeirlər, 2019), Adnan Özerin "Kasıbın eşq nəğməsi" (şeirlər, 2019), Gjeke Marinajın "Sevginin 24 saat" (şeirlər, 2018), Koman Şovanın "Sevginin izi ilə" (şeirlər, 2020) nəşrləri işıq üzü görüb.
Kitabları
1. 2009-cu ildə "Əlifba sırası" adlı şeirlər və esselərdən ibarət ilk kitabı işıq üzü görüb.
2. 2013-cü ildə "Dözmək üçün məşq" adlı şeirlər və esselərdən ibarət ikinci kitabı çap olunub.
3. 2013-cü ildə İrandakı həbsxana xatirələrindən bəhs etdiyi "Qandalı görməsin" adlı memuar kitabı oxuculara təqdim edilib.
4. 2016-cı ildə "Bir də heç vaxt" adlı şeirlər kitabı nəşr edilib. 2017-ci ildə bu kitab "Больше никогда" adıyla rus dilində çap edilib.
5. 2017-ci ildə "Əlvida ağacları" adlı şeirlər kitabı işıq üzü görüb.
6. 2017-ci ildə mərhum şair Fərhad Metenin həyat və yaradıcılığı haqqında qələmə aldığı "Ömür – doğum günü hədiyyəmiz" kitabı nəşr edilib.
Mükafatları
1. 2017-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Qızıl Kəlmə" ədəbi mükafatının qalibi olub.
2. 2018-ci ildə "Nəsimi Şeir Festivalı"nın laureatlarından biri olub.
3. 2019-cu ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "İlin gənc şairi" mükafatının sahibi olub.
4. 2019-cu ildə Vaqif Səmədoğlu Mərkəzinin "Vaqif Səmədoğlu" medalına layiq görülüb.
5. 2021-ci ildə "Dünya Yazarlarının Belqrad Görüşü" adlı poeziya tədbirində nüfuzlu "Povelja Morave" beynəlxalq ədəbi mükafatına layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(10.10.25)


