“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Pərvanə Məmmədova-Kəlağayının hekayəsi təqdim edilir. Öncə onunla tanış olaq:
Şəkidə gözəl bir şair var, ədəbi imzası Kəlağayı. Şeirlərində Şəki də var, Azərbaycanımız da, dünya da. Nəsri də xülyalıdır, oxuduqca qədim Nuxanın küçələri boyunca sirri-tarixin izinə düşürsən sanki. Sətirlərdə özü var, misralarda səmalara pərvazlanan ruhu var.
Məmmədova Pərvanə Şirəli qızı 1978-ci ildə Şəki şəhərində dünyaya gəlib. Orta təhsilini Şəki şəhər Rəşid bəy Əfəndiyev adına 10 saylı məktəbdə alıb. Ruhundakı incəlik onun 7 il fortepiano təhsili almağının səbəblərindən idi. Şəki Tibb Kollecini fərqlənmə diplomu ilə bitirən Pərvanə Məmmədova daha sonra Sumqayıt Dövlət Universitetinin Kompüter texnikası və texnologiyaları fakültəsində təhsil alıb. Hazırda Şəki Tibb Kollecinin Qeydiyyat, Qiymətləndirmə və Monitorinq bölməsinin rəhbəri vəzifəsində çalışır. “Hədiyyə” (2023, hekayələr və şeirlər), “Elin nəğməkar qızı” (2024, publisistika), “Əsmaul-hüsna – Allahın gözəl adları” (2024, poema) kitablarının müəllifi, “Vətən məcnunları” layihəsi çərçivəsində nəşr olunan 4 kitabın ideya müəllifi və tərtibatçısıdır.
“Ulduz” oxucularına təqdim olunan “Xilaskar köpük” hekayəsi 10 oktyabr 2024-cü il tarixində YAZSADER (Yazarlar və şairlər dayanışma DƏRNƏYİ) tərəfindən keçirilən beynəlxalq hekayə və şeir müsabiqəsində hekayə nominasiyası üzrə 3-cü yerə layiq görülüb.
XİLASKAR KÖPÜK
(6 fevral 2023-cü il tarixdə Türkiyədə zəlzələdən zərər
çəkmiş insanlara, xilaskar itlərə ithaf olunur.)
Göydələn... Bu sözü heç sevə bilmirdi Könül. İki il bundan əvvəl köçdükləri binaya hamı “Yaşıl qızılgül göydələni” deyirdi. Təkcə o, “bizim yaşıl binamız” deyə əzizləyirdi...
Və heç vaxt o binaya “göydələn” deməmişdi, deyə bilməmişdi. İnsan əhvalının ən gözəl güzgüsü olan göyü heç nə dələ bilməzdi. “Göydələn” sözü insan xislətindəki doymazlığın dildəki daha bir təzahürü idi, demək.
Bina adını həyətindəki iki gül kolundan almışdı. Deyilənə görə, binanı inşa edən tikinti şirkətinin sahibi – çəliyindən mədəd uman qoca kişi bu qızılgül kollarını Çindən gətirmişdi. “Yaşıl qızılgül göydələni” deyərkən məğrurluqları boylarını ötən bina sakinlərindən fərqli olaraq Könül bilirdi ki, yaşıl rəngdə qızılgül, ümumiyyətlə, mövcud deyil. Həyətlərindəki kollar isə Çində bitən başqa bir gülün mutasiyası idi. Hə... İki il əvvəl köçmüşdülər bu binaya-öz evlərinə, nəhayət ki. Oğlu Ömərin 5 yaşı vardı, özünə oxşayan qızı dünyayla hələ salamlaşmamışdı onda... Və Könül bir səhər öz evinin pəncərəsindən üfüqdəki mənzərəni seyr etmişdi. Günəş qırmızımtıl tellərini Aralıq dənizinin suyuna batırıb-çıxarır, sular sinələrinə çırpılan şüalarla “Horon” oynayırdı...
...Yenə dayanmışdı pəncərənin önündə. Bir fevral sazağı əllərini yelləyirdi yarpaqlarını, sadəcə, xatirələrində saxlayan qoşa palıd ağaclarının başı üstündə. Yetim budaqlar dərdlərini bir-birinin qulağına pıçıldamaq üçün baş-başa verir, sonra da “kimin dərdi çoxdur?” yarışında razılığa gələ bilmir, itələşirdilər. Və Könül bütün bunları 8-ci mərtəbədəki evinin qonaq otağındakı iri pəncərədən izləyirdi...
Qulağına dəyən səsdən diksinmədi, əksinə, sanki bu zəngi gözləyirmiş kimi, aram-aram masaya yaxınlaşdı, telefonunu əlinə götürüb açdı:
– Bəli, müəllimə. Necəsiniz?
Xəttin o başından eşidilən qadın səsi təlaşla doluydu:
– Bağışlayın, narahat edirəm, Könül xanım. Narahat qaldığım bir məsələ var, onu aydınlaşdırmaq məcburiyyətindəyəm.
– Buyurun, sizi dinləyirəm, – dedi Könül və bir anlıq düşündü: “Görəsən, Ömər nəsə etməyib ki?”
– Neçə gündür, Ömər özünü qəribə aparır. Yemək fasiləsində heç nə yemir. Əvvəl elə bildim, çantasında yeməyi yoxdur. Məktəbin yeməkxanasına aparmaq istədim, getmədi. Çantasını açdı, yemək qabını göstərdi. Dolu olduğunu gördüm. Amma yemədi. Soruşdum: “Niyə yemirsən?” Baxışlarını qaçıraraq cavab verdi ki, iştahım yoxdur. Amma 3 gün ard-arda eyni şeyi müşahidə edincə, sizinlə müzakirə etmək məcburiyyətində qaldım. Bu hal davam edərsə, dərslərinə də, sağlamlığına da sirayət edər deyə, narahatam. Lütfən, soruşmağımı nəzakətsizlik saymayın, evinizdə bir problem yoxdur ki?
Könül eşitdiklərinə mat qalmışdı... Heç bilmədi, sözlərini müəllimə ünvanladı, yoxsa özünə:
– Axı mən hər gün Ömərin yemək qabını boş tapıram. Həm... Keçən həftədən başlayaraq ona hər gün iki pay yemək qoyuram.
– Ola bilər, çantaya yaxşı baxmamışam, amma mən bircə pay yemək görürəm hər gün, müəllim dedi.
– Keçən həftə mənə dedi ki, bir dostu var, o, ac olur. Qıymadım, başladım dostuna da yemək qoymağa. Bəlkə?
Müəllim onun nə demək istədiyini anlamışdı:
– Əgər yaşda böyük olan hansısa uşaq hədə-qorxu ilə Ömərin əlindən yeməyini alırsa, əmin olun, bunu da araşdıracam. Sizinlə danışıb ürəyimi rahatladacaq bir cavab almaq istəyirdim. Belə başa düşdüm ki, evinizdə hər şey yolundadır.
– Şükür... Lütfən... – deyə bildi Könül.
***
Ömər dərsdən gələn kimi, mətbəxdən gələn yemək ətrini burnuna çəkdi. Onun gömgöy gözlərinin həsrətlə mətbəx qapısına baxdığını görəndə Könülün ürəyi üzüldü. Amma dinmədi, oğlunun dəhliz divarına söykədiyi çantasını əlinə alarkən dedi:
– Paltarını dəyiş, hamama keç. Əllərini üç dəfə sabunla, yaxşı-yaxşı yu!
Hər gün bu sözləri eşidən oğlan anasının dediyi kimi də etdi. Sonra özünü mətbəxə saldı:
– Ana, acam!
Könül artıq süfrəni hazırlamış, oğlunun ən sevdiyi şorbadan bir kasa doldurub yanına yuxa qoymuşdu. Ömər iştahla şorbasını içdi, sonra öz otağına keçib dərslərini hazırlamağa başladı. Könül oğlunu kənardan izləyir, çantadan çıxardığı boş yemək qabına minilliklərin arxasından boylanan sirr kimi baxırdı...
Beləcə, axşamın alatoranı özünü yetirdi. Ömər otağından çıxdığı kimi özünü balkona yetirdi. Balaca qollarını məhəccərə dayadı, bir xeyli aşağıya göz gəzdirdi. Sonra əllərini ciblərinə saldı. Könül onun bir cibindən kiçik əl fənəri, o biri cibindən balaca, plastik fit çıxardığını gördü. Sezdirmədən balkonun açıq qapısına bir az da yaxınlaşdı və oğlunun nə edəcəyini səbirsizliklə gözlədi. Ömər fənərini yandırdı, işığını aşağıya göndərdi. Sonra da fiti dodaqlarının arasına qoyub uzun-uzun fit çaldı. Saniyələr keçir, Könül baş verənləri anlamağa çalışırdı. Ömər fənərinin işığını havada yelləyə-yelləyə başını yana çevirdi, sanki sağ qulağıyla aşağıdan yuxarı gələn hansısa səsi yaxalamaq istəyirdi. Uşaq səsləri, it hürüşü, avtomobil uğultusu gəlirdi həyətdən. Və Könül bilmədi ki, oğlu bu səslərdən hansını basdı ruhunun bağrına. Bir onu gördü ki, oğlu sevincindən atılıb-düşür.
Yaxınlaşdı oğluna, soruşdu:
– Nə olub?
Ömər əli ilə həyətdən onların pəncərəsinə baxan balaca iti göstərib dedi:
– Dostum mənə cavab verdi!
Könül çöhrəsinə yayılan təbəssümün qürurdan, fərəhdən qaynaqlandığını bilirdi, amma gözlərinə dolan yaşların yanağına yayılmasına da əngəl olmaq istəmirdi. Dilində şükrü, ovuclarında duası vardı: “Tanrım, oğlumun ürəyindəki mərhəmətdən dünyaya bir daha çilə...”
***
Uşaqları yatmağa göndərmişdilər. Ər-arvad qonaq otağındakı divanda oturub fevral soyuğunda eşikdə üşüyən balaca küçüyü müzakirə edirdilər.
– Adını da Köpük qoyub, – dedi kişi, – deyir, məktəbdən gələndə rastlaşıb onunla. Görüb ki, hansısa uşağın əlindən yerə düşən peçenye qırıqlarını yeyir. Başlayıb evdən ona da yemək aparmağa.
– Və ən qəribəsi odur ki, mənə yalan danışmayıb. “Dostum acdır, ona yemək qoy” deyib. Mən soruşmamışam ki, dostun kimdir, nəçidir? Amma kənardan baxanda bunu uşağın yalanı kimi dəyərləndirənlər də var.
Kişi şəfqətlə ömrünü-gününü bağladığı qadının düşüncələr içində çatılan qaşlarına baxdı, dedi:
– Bu mövzunu da bir gün müzakirə edərik. İndi isə Ömərin dərd çəkməsinə səbəb olan problemi həll etməliyik. Məsələn, mən sabah marketdən it yeməyi alacam. Bundan sonra hərəsi öz yeməyini yeyər....
Könül qımışdı:
– Hə... Yoxsa ki qoyduğum iki pay yeməyin birini səhər yedirdir Köpüyə, birini də günorta. Evə də ac gəlir.
– İkincisi, Köpüyə bir balaca dam düzəltməliyəm. Özün gördün, oğlumuz necə israr edirdi küçüyü evə gətirmək üçün. Körpə uşaq olmasa, bəlkə də, razı olardım... Amma əvvəlcə uşaqların heyvan tükünə qarşı allergiyası olub-olmadığını yoxlatmalıyıq. Hələ Köpüyü də veterinara aparmalı, onun da sağlamlığına əmin olmalıyıq.
***
Həftə sonu Ömərin nənəsiylə babası qonaq gəlmişdi deyə, Köpüyə dam düzəltmək planı təxirə salındı. Birinci gün Ömər yuxudan duranda anası dəhliz qapısının arxasındakı iki böyük torbanı ona göstərib dedi:
– Bax, oğlum. Atan Köpüyə yemək alıb. Daha öz yeməyini ona verməzsən, gündə 3 dəfə üstündə it şəkli olan torbadan bir kasa yemək götürərsən, apararsan dostuna. O biri torabadakı isə inşaat mallarıdı. Atan bu gün işdən icazə alacaq, sabah evdə qalıb Köpüyə dam düzəldəcək. Həm də onu veterinara aparmaq fikrindədir.
– İt həkiminə? – Ömərin balaca üzü kölgələndi.
– Hə. Onun xəstəliyi olub-olmamasını bilməliyik axı.
– Onda mən bu gün Köpüyə deyərəm ki, həkim iynə vuranda qorxmasın. Deyəcəm ki, qorxma, bir damcı ağrıdır.
Könül oğlunun başını tumarladı, sonra aşağı əyildi, gözlərinin içinə baxaraq dedi:
– Sən hələlik əlini ona vurma, olarmı? Sabah veterinardan gəlsin, sonra yuyundurarıq, təmizləyərik, arada düşüb onunla oynayarsan.
Ömər başını salladı:
– Bilirəm, bilirəm, atam dedi ki, yuyunmasa, biti olar. Bit də sonra evimizə gələr. Hamımızı xəstə edər.
– Ay mənim ağıllı balam! – Könül oğlunun üzündən öpdü.
***
– Ana! Ata!
Oğlunun həyəcanlı səsini eşidəndə gözlərini açdı. Yarıaçıq qapının ağzından düz üzünə vuran sarı işıq gözlərini qamaşdırdı. Yuxulu-yuxulu mızıldandı:
– Hə, Ömər? Qorxulu yuxu görmüsən?
– Yox! Yox, ana! Qalxın! Qalxın!
Elə bu dəm oyanmış həyat yoldaşı əlini uzadıb gecə lampasını yandırdı. Ömər gecə paltarının üstündən anasının mətbəxdəki stulun başına keçirdiyi jaketini geymişdi. Dizlərindən aşağı sallanan jaketin düymələri də düz bağlanmamışdı. Oğlunun bu halı başqa vaxt Könülü güldürərdi, bəlkə də, amma indi o, balasının baxışlarındakı təlaşı görmüş, səsindəki həyəcanı duymuşdu. Ana ürəyinə bir ovuc qor atılmışdı...
...Beşcə dəqiqə keçməmiş bütün ailə qalın-qalın geyinmiş halda qapıdan çıxmışdı. Köpüyün əndişəli səsi aləmi başına götürmüşdü. Könül güman eləməzdi ki, bu balaca, sısqa, tüklərinin uclarından palçıq daman küçük belə inadla hürə bilər. Oğlunu sakitləşdirmək, Köpüyün yaxşı olduğunu demək istəmişdi, amma haradansa uşaqlıqda nənəsindən eşitdiyi bir cümlə gəlib düşmüşdü yadına: “İnsan özünü hər şeyin önünə qoyduqca kainatla arasındakı bağ da nazilir, lakin digər canlılar hələ də kainatın dərinindəki şəri, xeyiri duya bilir.” Qalın yorğançaya bükdüyü 3 aylıq qızını sinəsinə sıxan Könül liftin güzgülü divarına söykənmişdi, düşünürdü: “Təki Köpüyün hürüşü xeyrə yozulsun... Təki...” Ömər isə gah atasının əlindəki iri torbaya baxır, gah səbirsizliklə liftin qapısına baxır, hərdən-hərdən deyirdi:
– Yazıq Köpük soyuqdan hürür, bilirəm. Üşüyüb də... Görün necə soyuqdur. Damı olsa, daha üşüməz.
Atasının yarıyuxulu baxışlarından Ömərin başı üstünə mərhəmət və qürur axırdı...
***
Liftdən çıxan kimi Ömər atasını tələsdirdi:
– Ata, sən qaç! Qaç Köpüyün yanına. Qoy görsün ki, sən gecənin bu vaxtı ona dam düzəltməyə gəlmisən, sevinsin! Anamla bacımı mən gətirərəm asta-asta.
Atası gecənin bu vaxtı qəhqəhə çəkib gülməkdən özünü güclə saxladı. Könülün də dodaqları gərildi, “qonşulardan ayıb olar” deyə düşünməsə, qəşş edərdi...
Kişi binadan çıxıb sağa buruldu, Köpük o tərəfdə idi. Ömər fənərini sağ əlindən sol əlinə keçirdi və sağ əliylə anasının dəri gödəkcəsinin ətəyini qamarladı:
– Mənim arxamca ehtiyatla düş pillələri, ana. Unutma, qucağında körpə var!
Könül daha özünü saxlaya bilmədi:
– Ha-ha-ha... Ay mənim ağıl...
Sözünü bitirə bilmədi. Elə bil gecənin qaranlığının içindən bir əl çıxdı, hiddətlə onların ayaq qoyduğu pillələri tərsinə çevirdi. Xarıltı taqqıltıya qarışdı... Könülün dişlərinin ucunda kədər göynədi... Ağzında toz dadı hiss etdi... Bir də onu duydu ki, bu anlaşılmaz, qorxunc səslərin içərisindən qulağına bir körpə “inqə”si gəlir. Haradaydı? Uşaq ağlayırdı? Yoxsa bağrı yarılan, astarı üzünə çıxan dünya əlacsızlığını körpə “inqə”siylə anlatmağa çalışırdı?
İstədi əlləriylə başını tutsun. Amma əlləri boş deyildi... Bayaqdan gözlərini açıq bilirdi, indi qəfildən göz qapaqlarının üstündəki ağırlıqdan xilas oldu və gözlərini açıb əllərinə baxdı. Bükülü yorğançanın arasından ona baxan iki balaca, muncuq kimi göz parıldayırdı. Və səsini dünyanın fəryadı sandığı körpə onun qucağında ağlayırdı... Və bu körpə onun qızıydı...
– Ana...
– Ömər...Ömərim... – deyə pıçıldaya bildi dişlərinin arasında xırçıldayan torpağı udmamağa çalışaraq.
– Ana...
İşığın gəldiyi yerə baxdı. Ömər təxminən, 2 metr uzağındaydı. Bir əlində fənəri, bir əli cibində dayanmışdı. Ağlamırdı, heç qorxana da oxşamırdı. Yan tərəfdən sızan mavi işığın altında belə, üzündəki marağın dərinliyi insanı heyrətə salırdı. İşığın sızan yerindən gələn qarma-qarışıq səslər içərisində aydın eşidilə bilən tək kəlmə bu idi: “Zəlzələ!”
***
Kişi dəliyə dönmüşdü... Köpüyün yanına çatar-çatmaz o dəhşətli səsi eşitmiş, yerindəcə donub qalmışdı. Geriyə qanrılmağa macal tapmamış elə bil kimsə onu “hop” götürmüş, sonra da binanın 20 metrliyindəki yaşıllığa çırpmışdı. Ayağa qalxanda yaşadıqları binanın öz içinə çökdüyünü görmüşdü. Mənzərə gözündən çox tez itmişdi: həyətdəki işıq dirəkləri də boyunlarını bükmüş, ardınca da yan yatmışdılar.
Qaranlığın içindəki bütün səslər ona yad idi... Qaranlığın içindəki boşluqda dolu-dolu yaşamaq ümidiylə sarıldığı həyatı axtarırdı. “Həyat” dediyini mənalandıranları-sevdiyi qadın və iki balası qara bir boşluğun o biri üzündə qalmışdı...
Gecə öz yaxasının düymələrini açıb günəşin ilk şüalarını dünyaya sızdıranda kişi hələ də binanın girişi güman elədiyi yeri əlləriylə eşir, dodaqlarından içəri dolan göz yaşlarını diliylə yalaya-yalaya pıçıldayırdı:
– Könülüm... Oğlum... Qızım...
Köpük isə yanından əl çəkmir, o inadkar hürüşünə bir az da kədər qataraq atılıb-düşür, gah da yerə yatır, qabaq ayaqlarıyla üzünü örtürdü. Oğlunun əl vurmasına ürək eləmədiyi bu çirkli, palçıqlı küçüyü sığallamaq indi kişinin yeganə təsəllisi idi. Hələ yanğılı-yanğılı, dərdini bölürmüş kimi, bir “Köpüyüm” deməyi vardı ki, eşidən olsa, ürəyi dağlanardı...
***
Könülün gümanı işıq sızan yerəydi. Ömərin kiçik fənəri bütün gecəni yanmışdı, sönməsi an məsələsiydi. Qızının bükülü yorğançasını Ömərin yanına qoyub dəfələrlə yarığa yaxınlaşmış, var gücüylə:
– Burdayıq! Pilləkən boşluğunda qalmışıq! Kömək edin! Burdayıq! –deyə bağırmışdı.
Səsini duyan olmamışdı... Ümidsizlik anbaan onu ağuşuna sıxır, nəfəsini kəsməyə çalışırdı. Gecə boyunca qızını 2-3 dəfə əmizdirmişdi. Bəs sonra? Körpə yenə acacaqdı... Oğlu tanıdığı, bildiyi dünyanın harada olduğunu soruşacaqdı. Özü... Özü isə gözlərinin önündə iki körpəsinin can çəkdiyinin şahidi olacaqdı... Olacaqdımı? Aman!
Bir dəfə də yarıqdan eşiyə bağırıb-bağırıb geri qayıdanda oğlunun üzündə təbəssüm gördü. Ağzını açıb nəsə soruşmaq istədisə də, gücü çatmadı. Diqqətlə oğlunu süzdü. Ömər gecə boyunca cibindən çıxarmadığı əlini indi çıxarmış, qarnının üstünə qoymuşdu. Balaca yumruğunu bərk-bərk sıxmışdı. Onun yumruğunu irəli uzatması, açması, ovcundakı balaca fiti anasına göstərib gülümsəməsi bağrı sökülmüş dünyaya ən gözəl təsəlli idi... Lakin Könül hələ bu təsəllini anlayacaq halda deyildi. O, oğlunun fiti ağzına apardığını, üzünü yuxarı tutub var gücüylə üflədiyini görəndə də heç nəyi kəsdirəmmirdi.
Ta ki yarıq tərəfdən o inadkar hürüşü eşitdi... Və ardınca həyat yoldaşının bağırtısını:
– Könülüm! Ömərim! Qızımmm! Xilasedicilər sizi qurtaracaq. Bir az da dözün!
Səslər daha yaxından eşidildi. Açılmış keçiddə qaraltını görən Ömərin səsində çılğın bir sevinc də vardı:
– Köpük!
– Bizim Köpüyümüz! – deyə bağırdı Könül qızını qucağına alıb, oğlunun əlindən yapışdı.
***
“Zəlzələdən sonra...” Yer üzünün bu güşəsinə çəkilmiş kədər rəsmi məhz bu cür adlanırdı. Ah-nalə edən insanlar, paramparça olmuş ailələr, itirilmiş doğmalarının göynəyi ilə dünyadan küsənlər bu rəsmin personajları idilər. Onlar bu rəsmin harasında olduqlarını dərk etməsələr belə, tanıdıqları-tanımadıqları insanların ömrünü əlindən alan zəlzələnin ağrısını hələ bundan sonra da çox illər yaşayacaqlarını bilirdilər...
***
Xilasedicilərdən biri kişinin qarşısını kəsmişdi:
– Qardaşım, lütfən... Beton panel çox nataraz şəkildədir. Ehtiyatsız toxunuş belə, aşağıdakılara zərər vura bilər.
Kişi, məntiqi ilə duyğularının cəngə çıxdığı bir döyüş meydanına atmışdı ruhunu: bir əliylə yolunu kəsən xilasedicinin qolundan yapışmış, bir əlini də ürəyinin üstünə qoymuşdu. Xilasedici doğru deyirdi, həssas məqamlarda soyuqqanlılığını qorumalı, ehtiyatı əldən verməməliydi. Amma içindəki səs onu irəli itələyirdi: “Sən atasan! Balaların ordadı! Sən kişisən! Sevdiyin qadının qorunmağa ehtiyacı var!”
– Uşağı çıxardırıq!
Kişi yapışdığı qolu buraxdı, özünü irəli atdı... Saniyələr içində yarandı o anladılmasına sözlərin gücü yetmədiyi səhnə. Dizlərini yerə atmış bir ata, boynuna sarıldığı, toz-torpaqlı üzünü öpə-öpə doymadığı oğlan uşağı və xilasedicilərin gözlərindən tökülən yaş... Bir də arxadan uşağın ayaqlarına başını sürtən balaca, sısqa bir küçük...
– Uşağı çıxardırıq! – bayaqkı səs eşidildi.
Kişi dərindən nəfəs aldı, gözlərini açdı... Qucağında bükülü olan bir xilasedici sol tərəfə gedirdi. Baxışlarını arxasınca gəzdirdi və onun ambulansa çatdığını gördü. Oğlunu qucağına alıb xilasedicinin arxasınca bir-iki addım atdı. Amma sonra qeyri-ixtiyari geriyə qanrıldı və iki xilasedicinin arasındakı Könülü gördü. Gözlərindən başqa hər yeri bomboz idi sevdasına qurban olduğunun. Bomboz... Təkcə gözləri al-əlvan idi: ümid bir rəng qatmışdı bu gözlərdəki ifadəyə, sevinc bir rəng. Lakin kədər də öz mövcudluğunu bildirməkdə israrlıydı...
...Ailə baş-başa vermişdi, ambulansın içindəki xərəyin üstündə oturmuşdular. Ər-arvad bir-birinin yanağındakı yaşı silməyə çalışır, sonra da bu göz yaşlarını gözəlləşdirən səbəbə – sevincə şükür edirdilər. Balaca qızcığaz mışıl-mışıl yatırdı. Ömər isə yerdə atılıb-düşən, hərdən qabaq ayaqlarını ambulansın qapısının aşağısına söykəyən, gah mırıldayan, gah şən səslə hürən Köpüyə baxır, elə indicə ona qoşduğu mahnını mızıldanırdı:
– Köpük, qəhrəman Köpük,
Bizim xilaskar Köpük.
“Ədəbiyyat və incəsənət”
(10.10.2025)