Super User

Super User

Könül, “Ədəbiyyat və incəsənət”

 

Yaradıcı adam çoxfunksional olanda imkan genişliyi qazanır, daha çox tanınmaq, əməyinin müqabilində daha çox qazanmaq, özünü daha yaxşı realizə edə bilmək üstünlükləri əldə edir. Haqqında söhbət açacağımız xanım da belə qism yazarlardandır.

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şair, yazıçı, tərcüməçi, ssenarist,  Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanım Aydının nəzm və nəsr nümunələrindən ibarət “İkimiz” və “Çamadan” kitablarının təqdimat mərasimi keçirildi. Təqdimatda Əməkdar incəsənət xadimi, “Azərbaycan” jurnalının baş redaktoru tənqidçi, tərcüməçi İntiqam Qasımzadə, yazıçı, jurnalist, tarixi romanların müəllifi Yunus Oğuz, Əməkdar jurnalist, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, Əməkdar jurnalist, yazıçı-publisist, pedaqogika üzrə fəlsəfə doktoru  Zemfira Məhərrəmli, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Ümumdünya Yazıçılar Təşkilatının (WOW) katibi Varis, Azərbaycan Prezidentinin İşlər İdarəsinin siyasi sənədlər arxivinin şöbə müdiri Lamiyə Həsənova, Azərbaycan Respublikası “Xatirə kitabı” redaksiyasının Baş redaktoru, şairə Nəzakət Məmmədova, "Azərbaycan" jurnalının Baş redaktorunun müavini Südabə Ağabalayeva, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist  Şərəf Cəlilli, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Lilpar, AzTV-nin əməkdaşı, yazıçı-publisist Təranə Bakirqızı,  kitabxana əməkdaşları və başqaları iştirak etdilər. 

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov qonaqları salamlayaraq, bugün kitabxananın Xanım Aydının kitab təqdimatına evsahibliyi etməsindən böyük məmnunluq duyduğunu dilə gətirdi, şair, yazıçı Xanım Aydının yaradıcılıq nümunələrində olan səmimiyyətdən, insanın ən dərin, həssas duyğularını dilə gətirən poetik dünyasından söz açaraq, müəllifin əsərlərini böyük sevgi ilə yazıldığını və  çox maraqlı üsluba malik olduğunu bildirdi.

Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis Xanım Aydının geniş və çoxşaxəli yaradıcılığı haqqında danışaraq, Xanımın eyni zamanda bədii tərcüməçilik sahəsində də kifayət qədər dəyərli və dərin məzmunlu əsərləri, o cümlədən “Dostoyevskinin həyatı barədə” kitabını Azərbaycan dilinə tərcümə etdiyini, eyni zamanda uğurlu kinossenarilərin müəllifi olduğunu da söylədi.

Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə Xanım Aydının “Şair təbiətli nasir” olduğunu söyləyərək, onun “Sərçə”, “Rəngbərəng kəpənəklər” hekayələri ilə hər bir oxucunun qəlbini riqqətə gətirəcək həssas məqamlara toxunduğunu bildirdi. Uzun illər müəllif ilə əməkdaşlıq etdiyini söyləyərək, onun bir çox əsərlərini redaktə etdiyini də dilə gətirdi.

 Əməkdar jurnalist Zemfira Məhərrəmli müəllif ilə ilk tanışlığının “Ulduz” jurnalının redaksiya heyətinin təşkil etdiyi “Yazı masanız” rubrikası çərçivəsində olduğunu yada salaraq, Xanım Aydının şeirlərinin bitkin nəzm nümunələri olduğunu bildirdi.

Yazıçı Yunus Oğuz ədəbiyyatda poeziya nümunələrinin bir anlıq dərin  hisslər fonunda yarandığını, nəsr əsərlərinin isə uzunmüddətli əməyin nəticəsi olduğunu bildirdi. Yunus Oğuz müəllifin “Torpaq” şeirinin təhlilini apararaq bu əsərin dərin poetik, romantik və eyni zamanda da “Yaradılış” mövzusuna həsr olunduğunu dilə gətirdi.

“Ulduz” jurnalının Baş redaktoru  Qulu Ağsəs ədəbiyyat mühitində gənc şair və yazarlar üçün yaradılan yaradıcılıq imkanlarından danışaraq Xanım Aydın ilə uzun illərə arxalanan dostluq münasibətləri və həmkar fəaliyyətindən söhbət açdı. Xanım Aydının qələmə aldığı istər şeirlərində, istərsə də hekayələrində Vətənə sevgi, yurda, torpağa bağlılıq, ana, övlad, ailə motivlərinin yüksək peşəkarlıq və istedad ilə təsvir edildiyini söylədi.

Filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli müəllifin yaradıcılıq işığına toplanmış ədəbiyyat, mətbuat nümayəndələrinin söylədiyi dəyərli fikirlərə qoşularaq, Xanım Aydının istər peşəkar jurnalistika, istər yaradıcılıq, istərsə də  tərcüməçilik fəaliyyətində əsl fədakarlıq nümunəsi olduğunu, gözəl həmkar olmaqla yanaşı əsl Azərbaycan xanımına xas olan ana, qadın obrazını da çox uğurla  canlandırdığını bildirdi.

Azərbaycan Prezidentinin İşlər İdarəsinin siyasi sənədlər arxivinin şöbə müdiri Lamiyə Həsənova, Respublika “Xatirə Kitabı” Redaksiyasının Baş redaktoru Nəzakət Məmmədova, "Azərbaycan" jurnalının Baş redaktor müavini Südabə Ağabalayeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Lilpar, AzTV-nin əməkdaşı, yazıçı-publisist Təranə Bakirqızı  və digər tədbir iştirakçıları Xanım Aydının bir yazıçı, şair, tərcüməçi, kinossenarist, sevilən mahnıların söz müəllifi kimi uğurlu fəaliyyətindən danışaraq, müəllifə gələcək işlərində uğurlar arzu etdilər.

Yazıçı Xanım Aydın müəllifi olduğu “Sərçə” hekayəsinin avtobioqrafik əsər olduğunu söyləyərək, hər bir yazarın qələmə aldığı mövzunu dərindən bilməsi, bütün qəlbi ilə duymasının əhəmiyyətindən danışaraq, “İkimiz” və “Çamadan” kitablarının təqdimat mərasimini mərhum atasının xatirəsinə ithaf etdiyini söylədi. 

Sonda müəllif Xanım Aydın kitablarını Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına hədiyyə etdi və tədbirin təşkilinə görə əməyi keçən hər bir kəsə öz dərin təşəkkürünü bildirdi. 

Çoxu yazır. Yazdıqlarını külək sovurub aparır. Elə yazmalısan ki, qalsın, heç olmasa bir neçə sonrakı nəsil onu oxusun. Xanım da buna can atır. Və əmindir ki, mütləq hədəfinə çatacaq.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2025)

 

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

 

Şəhadətindən sonra atası onun haqqında belə söyləmişdi: "O bir mələk idi. Yerdə çox yaşaya bilməzdi..."

Bu gün milli qəhrəmanımız Mübariz İbrahimovun doğum günüdür.

 

Kim idi Mübariz?! Mübarizi tanıtmaq üçün nə uzun, nə də bəzəkli cümlələrə ehtiyac yoxdur. Mübariz kim olduğunu və nələrə qadir olduğunu bir gecənin içində bütün dünyaya bəyan edib.

O, rütbəcə sadəcə bir gizir olsa da böyük bir ordu sanılan kəs idi. Mübariz ermənilərin cəsədindən belə qorxduqları kəs idi.

Mübariz içinə illərlə qəlpələr yığılmış bir qumbara, bir mina kimi idi sanki və hər mina kimi o da əvvəl-axır mütləq bir gün partlamalı və içindəki qəlpələri saçmalıydı. 

 

Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonun Əliabad kəndində anadan olub. 1994-2005- ci illərdə şəhid Malik Piriyev adına Əliabad kənd orta məktəbində orta təhsil alıb. 13 yaşından etibarən idamnın boks növü ilə də məşğul olub.  O, orta təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağrılıb.

Hərbi xidmətinə Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı bölüyündə başlıyıb. Xidməti zamanı çavuş rütbəsi alıb və 2007-ci ildə çavuş rütbəsi ilə də hərbi xidmətini başa vurub. Mübarizin Komandiri Zaur Məcidovun sözlərinə görə O Mübarizə xidmət etdiyi bölükdə qalıb onlarla birlikdə xidmətinə davam etməyi təklif edib, lakin, Mübariz ona "Böyük bir məmnuniyyətlə sizinlə birlikdə xidmət edərdim, bu mənim üçün fəxrdir, amma ki, mən ön xətdə xidmət etmək istəyirəm"-, söyləyib.

Valideynləri əvvəl onun hərbiyə getməsinə razı olmadıqları üçün o, bir müddət bankların birində mühafizəçi və daha sonra BibiHeybət məscidində bağban kimi mülki işlərdə çalışdıqdan və  qərarında səbatlı olması ilə  ana-atasını razı saldıqdan sonra 2009-cu ilin avqustunda  gizir rütbəsi ilə hərbi qulluqçu kimi yenidən hərbi xidmətə başlayıb. 

2010-cu ilin aprel ayından etibarən isə öz israrları nəticəsində nəhayət istəyinə nail olub və hərbi xidmətinə Tərtər rayonun N saylı hərbi hissəsində düşmənlə təmas xəttində davam edib.

2010 cu ilin iyun ayının 18-dən 19 na keçən gecə Mübariz ailəsinə xitabən bir məktub yazıb qoyduqda sonra təkbaşına təxminən 1 kilometrlik minalanmış ərazini keçərək erməni tərəfinə sızmış və işğalçı ermənistan ordusunun çoxlu sayda əsgər və zabitini məhv etmiş və onlara məxsus olan silah anbarını partlatmışdır. Təqribən 5-6 saat ərzində bir ordu ilə təkbaşına savaşmış Mübariz bu zaman elə bir şərait yaratmışdı ki, ermənilər onların üzərinə böyük bir ordunun gəldiyini zənn etmişdi. 

Mübarizin təkbaşına  ernənilərə qarşı başlatmış olduğu bu qeyri-bərabər döyüş iyunun 19-da  səhər saatlarında onun şəhadətə qovuşması ilə başa çatır. 

Ermənistan tərəfi bir neçə ay qəhrəmanımızın nəşini qaytarmaqdan boyun qaçırıb, lakin Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Həştərxan görüşündən sonra Ermənistan noyabrın 6-da Gizir Mübariz İbrahimovun və həmçinin şəhid baş leytenant Fərid Əhmədovun nəşini Azərbaycan tərəfinə təhvil vermişdir. 

2010-cu il noyabrın 7-də Müdafiə Nazirliyinin təlim-tədris mərkəzində  şəhidimizlə vida mərasimi keçirilib və o, ikinci Fəxri Xiyabanda dəfn olunub. 

Prezident İlham Əliyevin 22 iyul 2010-cu il tarixli sərəncamı ilə Mübariz İbrahimova ölümündən sonra "Azərbaycanın milli qəhrəmanı" adı verilib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2025)

 

 

Cümə axşamı, 06 Fevral 2025 18:42

Poçt göyərçininin apardığı məktub

 

Almaz Ərgünəş Bəyazid, “Ədəbiyyat və incəsənət” üçün

 

Arif Ərzad bizim poçtun müdiri olduğu üçün təbrik məktubunu göyərçinlə göndərdim.

Şanlı məktub!

Əziz və hörmətli Arif, əvvəla salam. Salamdan sonra biz tərəfin əhvalın xəbər almaq istəsən, biz sağ və salamat varıq , sizin də sağ və salamat olmağınızı gözəgörünməz Allahdan arzu edirəm.

Arif, sizin poçtu köcürəndən bəri tay o tərəflərə boylanmıram. 

Dünənə kimi yaz qoxulu hava artıq qış qoxuludur. Mən də qışı ömrümdən saymıram.

Günəşsiz gün mənlik deyil.

Deyəsən özümdən danışıram ha... Bəziləri Yubilyarın ad günündə söz verəndə özündən danışıb sonda da öz şeirini söyləyib oturanlar kimi...

Ədəbi mühitdə də aləm dəyib bir - birinə. İbrahimin " Necəsən"i maraqlı oldu. Qazıntılar zamanı onlarla "necəsən" çıxdı, qazıntılar altından. Sonda yenə finisə birinci İbrahim çatdı.

Əlisa  Nicatsa özunu filosof say sa  da sovet dövründə S.Vurgunun “bəzi yanlışlıqlarını” 

 filosofcasına izah etməyi bacarmadı. Buna görə də bir ucu qazaxlılardan tutmuş, hər kəs kişini abırdan saldı.

Biədəb ifadələr tənqid mədəniyyətimizin kasadlığından dan xəbər verdi.

Xətrimə dəyən o oldu ki, Əlisa Nicat uşaqkən sevdiyi qız haqqında əsər yazdığı halda, niyə Qarabağ həqiqətlərindən tarixi bir roman yazıb Əkrəm kimilərinin qarşısına çıxartmaq ağlına gəlmir?

Söhbətlər bir məktuba sığan deyil.

Sənə yaradıcılıq uğurları arzulayıram.

Tezliklə yeni təmirdən çıxacaq poçtda görüşənədək.

Məndən dostun Eyruza çoxlu salam söylə. Yaxsi kişidir.

Deyirlər, fevral ayı soyuq keçəcək .

Özünə isti papaq almağı unutma.

Sağ ol.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2025)

 

5 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri növbəti dəfə ASAN könüllüləri ilə görüşüb.

“Ədəbiyyat və incəsənət” portalına Agentlikdən verilən məlimata görə, tədbir “ASAN Könüllülərinin Diskussiya Platforması” layihəsi çərçivəsində baş tutub.

Ülvi Mehdiyev gənclərin cəmiyyətin müxtəlif sahələrində, o cümlədən vətəndaşlara xidmətlərin göstərilməsi, sosial innovasiyaların tətbiqi zamanı fəal iştiraklarından söz açıb. O, ASAN könüllülərinin müxtəlif innovativ layihələrdəki rolunun, innovativ idarəetmə modelinin tətbiqi ilə bağlı uğurlu təcrübələrinin əhəmiyyətini diqqətə çatdırıb. 

Açıq müzakirə formatında davam edən görüşdə dövlət idarəçiliyinin müxtəlif aspektləri ilə bağlı fikir mübadiləsi aparılıb, gənclərin sulları cavablandırılıb.

 “ASAN Könüllülərinin Diskussiya Platforması” layihəsinin əsas məqsədi gənclərin ictimai müzakirələrdə iştirakçılığının artırılması, rəy və təkliflərinin dinlənilməsidir. Bu çərçivədə müxtəlif mövzularda təşkil olunan görüşlər gənclərin bilik və dünyagörüşünü artırmaqla yanaşı, onları maraqlandıran məsələlərin operativ və çevik şəkildə müzakirəsinə imkan verir.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2025)

 

Türkiyə Respublikasının  “TÜRKKEP” şirkətinin rəhbər şəxsləri və Slovakiya Respublikasının Xarici işlər Nazirliyinin nümayəndə heyəti Azərbaycana rəsmi səfər çərçivəsində  “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, qonaqlara Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. 

Həmçinin Dövlət Agentliyinin 2015-ci ildə  BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi, o cümlədən “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.

Qonaqlar “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin, buradakı innovativ yeniliklərin onlarda yüksək təəssürat yaratdığını bildiriblər.

Görüş çərçivəsində nümayəndə heyətləri “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə tanış olublar.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2025)

Cümə axşamı, 06 Fevral 2025 13:45

“Müzəffər fateh" təqdim olunub

Accel Group" “Müzəffər fateh" adlı layihəsini təqdim edib. 

 

Axşam.az xəbər verir ki, əsərin söz və musiqisi Aysel Kərimə, ifa isə Əməkdar artist Mətanət İsgəndərliyə məxsusdur. 

Yaradıcılıq nümunəsinin ərsəyə gəlmə səbəbi 2024-cü il fevralın 7-də İlham Əliyevin inamlı qələbə qazanaraq yenidən prezident seçilməsi ilə əlaqədardır. 

Qeyd edək ki, Aysel Kərim ötən il Prezident İlham Əliyevin təbliğat-təşviqat kampaniyasının üzvü olub.

 

(06.02.2025)

Cümə axşamı, 06 Fevral 2025 13:15

Günün fotosu: Tramp deportasiyaya başladı

 

ABŞ-ın köhnə-yeni prezidenti Donald Tramp ilk işindən biri kimi miqrantların deportasiyalarını sürətlənir: çərşənbə axşamı ABŞ-dan gələn ilk miqrant qrupu Haitiyə aparıldı. Başqa bir qrup isə Kubadakı Guantanamo dəniz bazasına yola salındı.

Foto: AP

 

“Ədəbiyyat və incəsənət” portalı sizlərə yeni bir istedadlı gənci təqdim edir.

İlkin Fikrət oğlu Vəliyev 2003-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 4-cü kurs tələbəsidir. Azərbaycan Film Akademiyasında aktyorluq, rejissorluq, ssenaristlik üzrə təhsil alıb. Yaradıcılıq fəaliyyəti 16 yaşından başlayıb. “Hicran qapıları” kitabının müəllifidir.

İlkinin bir neçə şeiri ilə tanışlıqdan sonra onu bəyəndiyinizi və yaradıcılığını izləməyə başlayacağınızı söyləyəcəyinizə əminik.

 

 

Qələmlərin tərcüməsi

 

Yəqin unudulanda,

yüz ilin qadınısan.

Dünənin körpəsisən

xatırlayanda səni.

Çətinə düşsən əgər,

atanın kiçik qızı.

Asana qaçanda da,

sevincə uçanda da,

olma… Hərdən olsan da,

sən hər şeyin biləni.

Sevgi göz yaşlarının

ayrılıq dənizisən.

Elə fikirləşmə ki,

sən dünyanın, dünyamın

ən saf, ən təmizisən.

İndi uzaqdan yaxın,

həm yaxından uzaqsan.

Getmə…

Getdiyin yerə.

Ölüm xırıltıların,

səssiz fısıltıların,

hər vaxt yetdiyi yerə.

Sən yuxudan oyanan,

Allaha şükür edən,

müsəlmanın cüməsi.

Sən - çoxdan səsi batmış

qəmli bir ifaçının

həzin bir zümzüməsi.

Nə yalan deyim? Sənsən…

Aciz şeirlərimlə,

dilsiz duyğularımın

bir qələm tərcüməsi…

 

 

Kişi həyatı

 

Həyat məcəlləsinin qanununa əsasən kişilər ağlamaz.

And içirəm bir gəncin,

axıtmağa çəkindiyi

göz yaşı üçün,

ən qəddar kişinin ağlaması belə,

ən saf qadının ağlamasından daha ağrıvericidir...

Kişiyə dəmir, polad deyənlər,

əgər kişi bir materialdırsa,

o qızıl olar.

Canım üçün, burda qızılı torpaqdan çıxarmağı bacarmırlar,

tək bildikləri,

çıxarılmamış qızılı

basdırmaqdı.

Bu elə bir cinsdir ki,

Görməmişəm hansısa bir qadın,

ona kişi deyildiyi üçün dalaşsın.

Ancaq kişi qadın ola bilmir.

Qadın ola bilmir, qadını üçün.

Bəzənsə qadın ola bilir

qadınlar üçün.

 

 

Ani əzabla

 

Kədərin təpiyi dərdsizə dəyər.

Atdırar qırağa səni bir qədər.

Dağılar beynində dərdin hər səhər,

Bir gecə şərabla,

ani əzabla.

Özündə özünü özün sıxırsan.

Hər şeyi kiminsə üstə yıxırsan...

Bu gündən səhərə təmiz çıxırsan,

Kiçik bir savabla

ani əzabla.

Çaşma! Yolsuzların yolun izləmə...

Xoş gün üçün çalış, onu özləmə.

Həyatdan özünçün ümid gözləmə,

Yanlış bir hesabla,

ani əzabla.

 

 

Paytaxtın estetik dəyişikliyi

 

Yiyəsiz darvazalar, yiyəsi olan evə

Hərdən qarovul çəkir,

Keşikçitək qoruyur.

İndi susuz qalan yox,

Su içməkdən bezən də,

Ömürlük məhbus kimi canın verir, quruyur.

Görürəm atmosfer də, çatmayan oksigeni,

Əliaçıq insantək sağa-sola dağıdır.

Biz insanlıqdan nələr gözlədik vaxtlı, vaxtsız

Lakin son vaxtlar onun əli çox aşağıdır.

Pilləkənsiz zirvəyə dırmaşıb yıxılmışıq,

Ucaboy zirvələrə, ən hündür təpələrə.

Niyə biz dərdimizi hərdən dəyərsiz qılıb,

Axmaq kimi atmışıq axıcı ləpələrə?

Nədən sevincimizi, dostlarla, tanışlarla

Bir süfrə ətrafında yeyib-içib bölmüşük?

Nə üçün kədərindən yıxılan adamlara,

Biz gülməkdən yıxılıb arsız-arsız gülmüşük?

Kömək etmədiyimiz nə qədər qonşumuzun,

Saçımızı darayıb ehsanına getmişik.

Bir küncdə xatirədən imperiya quraraq,

Bakıda milyonlarla paytaxt inşa etmişik...

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2025)

 

 

 

“Bugünlərdə DTX və DİN tərəfindən Qusarda dini-ekstremist qruplaşmanın de-şifrə edilərək zərərsizləşdirilməsi dövlətimizin gücündən, xüsusi xidmət orqanlarımızın peşəkarlığından xəbər verir”.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu sözləri portalımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, terror qrupu ilə bağlı informasiyanın əldə edilməsi, əməliyyatın yüksək  məxfiçilik şəraitində peşəkarlıqla yerinə yetirilməsi DTX-nın yüksək hazırlıq səviyyəsindən xəbər verir:

 “Qusar ərazisində məskunlaşan və burada gələcək terror fəaliyyətləri üçün hazırlıq işləri həyata keçirən terror qrupu ilə bağlı informasiyaların əldə edilməsi, bu informasiyalar əsasında qısa zamanda effektli əməliyyatın təşkili dövlətimizin, güc orqanlarımızın adına böyük uğurdur. Bu fakt bir daha sübut edir ki, ölkəmizin xüsusi xidmət orqanlarının peşəkarlığı yüksək səviyyədədir və onlar istənilən təhdidin qarşısını vaxtında almağa, onu elə hazırlıq mərhələsindəcə ifşa etməyə qadirdir. Mən buna görə DTX və DİN-ə təşəkkür edir, minnətdarlığımı bildirirəm.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, baş verən bu hal beynəlxalq anti-Azərbaycan qüvvələrinin ölkəmizlə bağlı məkirli planlarından xəbər verir. Bu fakt sübut edir ki, bu gün də bəzi düşmən qüvvələr ölkəmizdə dincliyi, sabitliyi pozmağa, ölkə daxilində gərginlik yaratmağa çalışır. Doğrudur, güc orqanlarımız bütün bu təhdid və təhlükələrin qarşısını böyük peşəkarlıqla almaqdadır, lakin dövlətimizi, dövlətçiliyimizi, konstitusion quruluşumuzu hədəf alan bu təhlükələrə qarşı mübarizə aparmaq yalnız hüquq-mühafizə orqanlarımızın deyil, hər birimizin borcudur. Bu məsələdə hər bir qurum, hər bir vətəndaş ayıq-sayıq olmalı, dövlətimizə, aidiyyati qurumlara dəstək verməlidir. Yalnız belə olduğu halda biz hər cür kənar təhlükələrdən sığortalana, özümüzü tam təhlükəsizlikdə hiss edə bilərik.”

Cəlil Xəlilov daha sonra əminliklə bildirib ki, heç bir xarici qüvvə Azərbaycanımızın inkişaf yoluna mane ola bilməyəcəkdir:

“Dövlətimizə qarşı düşmən mövqedə dayanan bədxahlar bilməlidir ki, Azərbaycan sözün həqiqi və bütün mənalarında güclü dövlətdir. Dövlətimizin və xalqımızın təhlükəsizliyinə zərrə qədər də olsun təhdid yaradan hər bir məkirli əməlin qarşısı xüsusi xidmət orqanlarımız tərəfindən qətiyyətlə alınacaq və heç bir qüvvə respublikamızın tərəqqisinə, rifahına mane ola bilməyəcək”.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2025)

 

“Ədəbiyyat və incəsənət” portalı Yunus Oğuzun “Məzələnək” adlı Felyetonunu təqdim edir.

 

Bu məzələnmək var ha, başqa aləmdir. Adam ya zarafat edir, ya da hirsini, qəzəbini sətiraltı mənayla qarşısındakı adama bildirir. Adam məzə qurur, atmaca atır ki, hər kəs payını götürsün. Xalq bizdə əsasən sosial-məişət səviyyəsində məzələnir. Camaatın siyasi məzələnməklə işi yoxdur, ora qırmızı çizgidir, ora girsən başın ağrıyar, səndə ağrımayan başına niyə yaş dəsmal qoyasan? Amma, bu, o demək deyil ki, başqa sahələrdə məzələnmək mövcud deyil. Əlbəttə, var, məsələn məmur, dini və sairə sahədə məzələnmələr. Lökbatanda Ağa Lökbatanlı TV var, o da xalqın məzəsindən danışır, mərifətdi də danışır. Onsuz da hamı bir-birilə məzələnir. Bu da hamıyla.

Adam tanıyıram, həmişə zibili  -"bura zibil atan eşşəkdi" yazısı olan yerə atır. Soruşanda deyir ki, neyləyim, o biri divara da var-yox söyüşü yazıblar. Bax, adam eşşəkliyini qəbul edir, amma var-yox məsələsini özünə yaxın buraxmır. Elə eşşəkdi ki, eşşək. Olmazmı eşşəkliyi də özünə yaxın buraxmayasan?!

 

Eşşək yazdım, yadıma bir lətifə düşdü: "Bir gün şir iş axtarır, buna meşədə iş tapılmır. Deyirlər yalnız dovşan ştatı boşdur. Şir əlacsız qalıb dovşan kimi işləməli olur. İşə başlayandan sonra görür ki, zürafə dələ, ayı meymun, canavar kirpi, dəvə kərtənkələ vəzifəsində çalışır. Bir ara Avropadan meşəyə yoxlama gəlir, vəziyyəti öyrənib çox təəccüblənirlər. Deyirlər, gedək, kadrlar şöbəsilə danışaq, görək bu nə məsələdir. Gedib görürlər ki, kadrlar şöbəsi vəzifəsində eşşək işləyir. Hə, belə kadrlar bizdə kifayət qədərdir; atın qabağına ət, itin qabağına ot qoyurlar. Hər ikisi də ac qalır. Udan kim olur, əlbəttə məmur. Vəzifəyə "təyin" olunandan sonra bildi-bilmədi, hikkəsini həyata keçirmək istəyir.

O gün bir tədbirdə eks "qaişnik"lə, Vaqif Əsədovla söhbət edirəm. Fotoqraf  Bayram əvvəl şəklimizi çəkir, sonra yaxında dayanan şairəni göstərib deyir ki, Vaqif müəllim, o şairəni tanıyırsan? O da məzə ilə deyir ki, əgər radara düşübsə, hökmən tanıyıram. Neyləsin, ona xahişlə ən çox müxbir və şairlər müraciət edir. Deməli Vaqif Əsədov pensiyada olsa da, sevimli işini davam etdirir.

Binanın divarında elan yazılıb: "Boz rəngli, baha qiymətə alınmış pişik evdən gedib. Görənə, ya yerini deyənə mükafat nəzərdə tutulur". Elandan aşağıda bir qeyd yazılıb: "Bu hələ başlanğıcdır. Qaz pulunu ödəyin! Qaz İdarəsi".

Rəhmətliyin oğlu, bahalı pişik alırsan, pul mükafatı vəd edirsən, amma qaz pulu ödəmirsən. "Bu hələ başlanğıcdır" deməklə, işarə vurur ki, evdə qaz olmasa sən də çıxıb gedəcəksən.

Bu qaz məmurları xalqla hər ilin sonunda əməlli-başlı məzələnirlər. Dekabr ayında elan verirlər ki, bəs filan vaxtda, filan rayonda qaz olmayacaq, lap yaxşı. Bəs bunu dekabr ayında niyə edirsən, axı indi havalar soyuqdur?!  Bu təmiri yay aylarında niyə etmirsiniz?  O zaman xalq, demək olar ki, qazdan istifadə etmir. Hə, xoruzun quyruğu burada görünür. Saat altıda guya qaz verirlər. Düz dörd saat qaz plitəsindən hava gəlir. Sayğac da fırlanır. 

Yayda işlətmədiyin qazın pulunu bizdən belə çıxırlar. Hava da soyuq, "mıqq" eləyə bilmirsən. Bir gün bir kişinin qarnı ağrıyır, arvadına deyir ki, qarın ağrısı dərmanı ver. Kişi dərmanı atıb, gedir işə. Qadının sonradan yadına düşür ki, bəs kişiyə əsəb sakitləşdirən dərman verib. Tez ərinə zəng vurub soruşur ki, kişi, necəsən? Kişi də cavab verir: "Arvad, batırmağına batırdım, amma heç vecimə deyil". Bəli, bəli, düz tapdınız, yolun ortasına parkinq, avtobus dayanacağı qoymaqla əməlli-başlı batırıblar, amma heç veclərinə də deyil. A kişilər, sənə cərimə göndərirlər ki, bəs maşını evinin qabağında saxlamısan, İndi də velosiped yolu çəkiblər. Vallah, bizim tərəfdə o yoldan  hələ bir velosiped də keçməyib. Bizdə mentalitet var e. Velosiped sürənə birtəhər baxırlar. Onu sürənlərə, heç qızlar da ərə getməzlər. Bax, buna mayanı batırmaq deyirlər.

Hələ bir buna baxın! Bəzi hakimlər qanunlarla məzələnirlər. Qanunu istədikləri qədər rezin kimi dartırlar, təki ədaləti yox, istədiklərini yekunda yazsınlar. Onlara ayrıca yazı həsr etmək lazımdır.

Hələ gör, "Azərişıq" necə məzələnir, yazmaqla qurtarmır. Bütün magistral yollarda, müştəri cəlb etmək üçün kafe və restoranların önündə yüz-iki yüz lampa asıblar. Zalımın oğlu, buna işıq pulu çatdırmaq olar? Əlbəttə, subsidiya hökmən lazımdır. İşıq da qaranlıqla belə məzələnir.

Liftlərə baxan  "Tross Qüdrət" var idi. Yerindən duran ona döşəyirdi, zatən düz də edirdilər, çünki, o da liftlərlə məzələnirdi, axırın da bilən olmadı.

Məmurlar haqqında hələlik bu qədər. Keçək din məsələsinə. Oxucularımız yazır: "Kənddə araq çəkən bir seyid vardı. Hamı arağı ondan alırdı ki, bəs, seyid adamdı, haram qatmaz". Pah, atonnan! Seyid ha! Hələ bu yaxşıdır. Ət məhsulları istehsal edən bir şirkət kolbasa və sosislərə "Cənnət" adı qoyub. Belə çıxır ki, bunları yeyən cənnətə düşəcək. Ayə, mən ölüm, lotusunuz! Belə çıxır, orda da kolbasa, sosis yeyəcəyik. Bunlar birbaşa cənnətlə məzələnirlər. Cəhalət bax budur. Qonşu kənddə bir nəfər oturur taksiyə. Taksi sürücüsü də ön şüşənin kənarlarına seyidlərin şəkillərini vurubmuş. Müştəri də qayıdıb sürücüyə deyib ki, qardaş, bunlar axtarışdadır? Bax, belə, o qurban olduğum seyidlərin şəkillərini maşının şüşəsinə vurmaqda məqsəd nədir?  İki variant var; ya sürücü seyidlərlə (əstəğfurullah), ya da müştərilərlə məzələnir, o yanı, bu yanı yoxdur.

Birini də deyim, yazını bitirim. Dığ-dığ qadınlar da olur. Ərinin başını sözlə partladır... Biri arvadının əlindən bezir, gedib dükandan oğurluq edir. Düşünür ki, bəlkə arvaddan bir müddət canım belə qurtarar. Hakim də oğurluğa görə kişiyə üç il ev dustağlığı verir. Di get, canını qurtar.

Ümumiyyətlə, dünya bir-birilə məzələnir; Amerika dünya ilə, Paşinyan Putinlə, İsrail İranla, Avropa üçüncü dövlətlərlə və sairə. Məzəsiz dünya ötüşməz. Bir azdan dünyada bütün insanlardan karbon vergisi alacaqlar. Çünki onlar da qoz ağacları kimi oksigen alıb, ətrafa karbon buraxırlar.

Telefonuma zəng gəldi. Mən də məzələndim. Dedim ki, sənə təmiz türk dilində deyirəm ki, beş dəqiqəyə çatıram. Hər yarım saatdan bir niyə zəng edirsən?

 

P.S. Elzaya deyiblər ki, bir də millətin ağzını tikmə. O da yeni şeir yazıb. "Söküm sizin ağzınızı". İndi də tikdiyini sökməyə başlayıb.

Di gedin, məzələnin...

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.