
Super User
TMİF - Feyza Hepçilingerler ilə Halidə Edib Adıvar haqqında söhbət
Enver Aykol, “Ədəbiyyat və incəsənət” portalının Türkiyə təmsilçisi
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsi olan TÜRK MƏDƏNİYYƏTİ ÜMLÜLƏRİndə bu gün Türkiyə ədəbiyyatının görkəmli qadın nümayəndəsi Halidə Edib Adıvar barədə danışacağıq. Müsahibim ünlü yazarın araşdırmaçısı Feyza Hepçilingerlerdir.
-Sizi salamlayıram. Kitabın giriş hissəsində heç bir əsəriniz üçün bu qədər zəhmət çəkmədiyinizi deyirsiniz. Bəs, ortaya çıxan nəticə sizi qane etdimi? İllərlə davam edən zəhmətinizin qarşılığını aldığınızı düşünürsünüzmü?
-İllərlə çəkilən zəhmətlə ortaya çıxan kitab, əslində, mənim deyil, Halidə Edibin kitabıdır. Ona görə də, mənim hansısa bir qarşılıq gözləməyim mənasız olardı. Halidə Edibin jurnal səhifələrində qalmış, artıq asanlıqla tapılması mümkün olmayan yazılarını gün üzünə çıxarmaq, onları akademiklərin, tədqiqatçıların və Halidə Edib oxucularının marağına, istifadəsinə təqdim etmək məqsədim idi; bunu bacardım. Bütün bu səylərimə, ədəbiyyat tarixi divarındakı qırıq bir kərpicin yerinə qoyulması üçün edilən bir cəhd də demək olar; sadəcə bu qədər...
-Halidə Edibin Böyük Məcmuə və Yedigün jurnallarındakı rolu nə idi? Bizə danışa bilərsinizmi?
-Böyük Məcmuə çox çətin şəraitdə, dövrün cəsarətli iki gənci olan Səbiha və Zəkəriyyə Sərtəl tərəfindən nəşr olunurdu. O dövrdə Zəkəriyyə bəydən 6, Səbiha xanımdan 11 yaş böyük olmasına baxmayaraq, Halidə Edib də hələ 35 yaşında idi, lakin baş məqalələri yazmağı öhdəsinə götürərək onlara dəstək olmaqdan və böyük bir məsuliyyət altına girməkdən çəkinmirdi. Böyük Məcmuə nəşr edildiyi zaman Zəkəriyyə bəy Bəkirağa bölüyündə həbsdə idi. Ömər Seyfəddin, Rəşad Nuri, Falih Rıfkı, Fuad Köprülü, Yusif Ziya, Orxan Seyfi, Rüşən Eşrəf, Faruq Nafiz kimi dövrün tanınmış yazarlarının yer aldığı jurnalın baş məqalələrini yazmaq riskini gözə alan Halidə Edib, bunu Səbiha xanıma özü təklif edir və jurnal üçün hər həftə yazmağa başlayır. İşğal altındakı İstanbulda senzura basqısı altında Böyük Məcmuənin nəşr olunması, bir az da Halidə Edibin göstərdiyi bu cəsarətlə mümkün olmuşdu.
Yedigün jurnalında isə vəziyyət fərqli idi. İşğal bitmiş, müharibə qazanılmış, Cümhuriyyət qurulmuşdu. Çox satılan, geniş oxucu kütləsi olan populyar bir nəşr olan Yedigün jurnalında yazmaq artıq təhlükəli deyildi. Halidə Edib həyat yoldaşı ilə birlikdə ölkədən kənarda idi və Avropada getdiyi, gördüyü hər yeri və hər şeyi yazır, Türkiyə ilə müqayisə edərək təəssüratlarını bildirirdi. Böyük Məcmuədə üzərinə götürdüyü ağır bir məsuliyyət idi; Yedigündə isə vətəni ilə arasındakı məsafəni azaltmaq, ona yaxın olmaq istəyi...
-Halidə Edibin dövrün ədəbiyyatına dair dəyərləndirmələrini, Qərb ədəbiyyatı ilə müqayisələrini, Yakup Kadri, Falih Rıfkı kimi önəmli adlarla yanaşı, gənc yazarlara yönəlik yazılarını da nəzərə alsaq, onu böyük bir ədəbiyyat tənqidçisi adlandırmaq doğru olarmı?
-Halidə Edibin Böyük Məcmuədə yazdığı 1919-cu ildə Yakup Kadri, Ziya Gökalp, Ömər Seyfəddin, Falih Rıfkı, Rəfiq Həlid kimi ədiblər hələ ən önəmli əsərlərini yazmamış gənc yazıçılar idilər. Rəfiq Həlid yalnız Anadolu sürgününü yaşamış, hələ ölkədən qovulmamışdı. Yakup Kadri isə onu Yakup Kadri edən heç bir romanını hələ qələmə almamışdı, “ruh tənhalığını”, “daxili sarsıntılarını” əks etdirən Fecr-i Ati dövrünün bir yazıçısı idi. Halidə Edib dövrünün bu iki dost yazıçısını Qərb ədəbiyyatındakı bənzərləri ilə müqayisə edir və açıq şəkildə deməsə də, onları bir qədər geridə görürdü. Yakup Kadrinin “bu mistik sənət mərhələsində əbədi qalacağına” inanmasa da, hansı istiqamətə gedəcəyini proqnozlaşdırmaqdan çəkinirdi. Falih Rıfkını Atəş və Günəş, Rəfiq Həlidi isə Kirpinin Dedikləri əsərlərinə görə bəyənirdi, amma ən çox təriflədiyi Mehmet Emin idi. Saf bir türkçə ilə, dövrün tələb etdiyi “milli” üslubda danışan Mehmet Emini alqışlamaqdan çəkinmirdi. Böyük Məcmuədəki ədəbiyyat mövzusunda yazılarına baxaraq, Halidə Edibin diqqətli bir tənqidçi olduğunu söyləyə bilərik.
Yedigündə yazdığı dövrdə, yəni 1930-cu illərin ikinci yarısında isə Avropada olduğu üçün yaxından izləyə bilmədiyini düşündüyüm Türk ədəbiyyatı haqqında heç bir dəyərləndirmə aparmırdı. Ona müraciət edən gənc yazıçılara yalnız məsləhətlər verməklə kifayətlənirdi. Nəticə etibarilə, Halidə Edibi böyük bir ədəbiyyat tənqidçisi adlandıra bilməsək də, dünya ədəbiyyatını, xüsusilə İngilis ədəbiyyatını yaxşı tanıyan, ədəbiyyatın içində yaşayan və bu səbəbdən önəmli dəyərləndirmələr aparan bir yazıçı olduğunu deyə bilərik.
-Qadın hüquqlarından siyasətə, rəqs və teatrdan iqtisadiyyata, səyahət yazılarına qədər Halidə Edibin çox sayda yazısı var. Çox yönlü bir qadınla qarşı-qarşıyayıq.
-Haqlısınız, Halidə Edib həqiqətən çox yönlü bir insandır. O, hər şeyi bildiyini iddia etmir, bilmədiyi mövzularda hökm verməyə çalışmır. Məsələn, dil haqqında “...dil elmi başlı başına bir elmdir” deyərək “müzakirə etməyə səlahiyyəti” olmadığını bildirir. Amma sadaladığınız sahələrdə həm kifayət qədər biliyi, həm də fikri var və düşündüklərini söyləmək üçün cəsarətlidir.
-Halidə Edibin Robinzon Kruzo ilə Həy bin Yəqzan arasındakı bənzərlikdən bəhs etdiyi yazısı xeyli diqqətçəkicidir. Bəs, sizin bu mövzudakı fikirləriniz nədir?
-Halidə Edib demək istəyir ki, tənha bir adada, tək başına qalmış bir insanın həyata tutunmaq mübarizəsini anlatan bir romanı Daniel Defoe-dan əvvəl bir ərəb yazıçısı yazıb. Onun bunu niyə söylədiyini anlamaq çətin deyil. Əsərlərində tez-tez vurğuladığı (xüsusilə Sinekli Bakkalda) əsas mövzulardan biri olan Şərq-Qərb qarşılaşdırmasında Şərq mədəniyyətinin haqsızlığa məruz qaldığını düşündüyü üçün Şərqi müdafiə etmək, Qərbin qarşısında Şərqin gücsüz və aciz olmadığını sübut etmək istəyir. Lakin bunu səhv ifadə edir: Bu mövzuya həsr etdiyi yazının başlığı İlk Robinzon Kruzodur. Həyat yoldaşı Adnan Adıvarın (Gerçi o, “həyat yoldaşım” yox, “dostum” deyir) ona ərəb dilində fəlsəfi bir roman gətirdiyini söylədikdən sonra, “Oxuyar-oxumaz ilk Robinzonu XII əsrdə bir ərəb filosofunun yazdığını gördüm” deyir. Halbuki Robinzon xüsusi addır, Daniel Defoe-nun roman qəhrəmanının adıdır. Eyni mövzu Daniel Defoe-dan 600 il əvvəl işlənmiş ola bilər, amma o əsərin adı Robinzon deyil (və həqiqətən də deyil; əsərin adı Həy bin Yəqzandır). Şekspirin Hamletdə işlətdiyi bir mövzunu başqa bir əsər də işləyibsə, “İlk Hamlet filankəsin əsəridir” deyə bilərikmi? Robinzon bir janr adı deyil, konkret bir obrazın adıdır. İbn Tufeylin Həy bin Yəqzan əsərinin Robinzon Kruzo romanına bənzədiyi qədər Rudyard Kiplinqin Cəngəllik Kitabına da bənzədiyini yenə Halidə Edib özü söyləyəcək. Üstəlik, mən mövzu xaricində bu iki əsər arasında heç bir oxşarlıq tapmadım. Hər iki kitab “tənha bir adada təkbaşına yaşamaq” mövzusunu işləyir, amma qəhrəmanların adaya düşmə səbəbləri də, macəralarının sonu da tamamilə fərqlidir.
-Halidə Edibi Türk feminizminin inkişafında bir dönüş nöqtəsi olaraq görə bilərikmi?
-“Feminizm” sözünü heç vaxt işlətməsə də, Halidə Edibin qadın hüquqlarının müdafiəçisi olduğunu rahatlıqla söyləyə bilərik. O, qadın hüquqlarını sivilizasiyanın ayrılmaz bir hissəsi kimi görürdü. Hətta qadın və kişi universitetlərinin birləşməsi ilə bağlı nə düşündüyü soruşulduqda, “Əgər Avropa sivilizasiyasına mənsub olmağın tələblərini yerinə yetirə bilməyəcəyiksə, elə Orta Əsrlərdə və ibtidai vəziyyətdə qalaq” deyəcək qədər sərt və güzəştsiz bir mövqe sərgiləməkdən çəkinmirdi.
-Qadın və qadın hüquqları Halidə Edibin tez-tez toxunduğu mövzulardandır. Onun yazılarında ideallaşdırdığı qadın necə olmalıdır? Bizə onun ideal qadın anlayışından bir az bəhs edə bilərsinizmi?
-O, parazit və davakar qadın tiplərindən xoşlanmır, güclü qadınları dəyərləndirirdi. London meyxanələrinin qarşısında gördüyü yaşlı və sərxoş qadınlara acıyan gözlə baxırdı. Kişilərdən, əzilmiş analarının intiqamını almağa çalışan “yeni qadın” tipini də bəyənmirdi. Bu yeni qadın tipinin gənc və subay bir kişiyə “ilişdiyi” evdən qaçarcasına çıxırdı. Köhnə kitab satan bir qocanın acıdil arvadını “qadana kimi bir şey” deyə təsvir edirdi. Amma qadınlarla bağlı düşüncələri ən çox “Topqapı xalqının müxtəlif nəsilləri arasındakı gözəçarpan fərqlər”i izah edərkən ortaya çıxırdı. Məsələn, yaşı 40-45 arasında olan, təmiz üzlü, ailəsini dolandıran kişilərə xas məsuliyyət daşıyan qadınlar üçün “mənim ən çox hörmət etdiyim tip” deyirdi. Amma müqayisə etdiyi iki gənc qızdan biri haqqında “Bu, heç hörmət etmədiyim bir tipdir” deyir və onun haqqında düşündüklərini “Bəslənmiş qaz kimi yırğalana-yırğalana gəldi, keçdi” kimi bir bənzətmə ilə ifadə edirdi. Bu tipin cinsiyyətinin gücünə güvənərək ərini istismar edəcək “parazit” bir qadına çevriləcəyini söyləyirdi. İdeal qadın obrazını isə belə təsvir edirdi: “Üstündə təmiz ütülü bir kətan kostyum, ayaqlarında sandallar, kürən saçları oğlan uşağı kimi qısa kəsilmiş, arxaya düz daranmış, şəffaf gözləri süzülmədən, büzülmədən insanın üzünə adam kimi baxır.” Yəni onun ideal qadın tipi bir qədər erkəksayağı bir görünüşə malik idi.
-Halide Edibin Nitşe haqqındakı fikirləri də diqqətçəkən digər bir məqamdır. Onun Nitşeyə qarşı mənfi baxışı haqqında nə düşünürsünüz?
-Halide Edibin Nitşe haqqında yazısının yayımlandığı 1 avqust 1939-cu ildən düz bir ay sonra, 1 sentyabr 1939-cu ildə Alman ordularının Polşaya hücumu İkinci Dünya müharibəsinin rəsmi başlanğıc tarixi kimi qəbul edilir. Halide Edib həmin dövrdə gərginliyin fərqindədir və müharibənin ideoloji əsaslarını hazırlayan Nitşeni günahlandırır. Ona görə, Nitşenin fövqəlbəşər (Halide Edib bu ifadəni “fevkalbeşer” kimi işlədib) düşüncəsi güclü fərdin öz inkişafına mane olan hər şeyi əzməsini haqlı göstərir. Nitşe (Halide Edib onun adını “Niçe” kimi yazır) yalnız güclü olanın üstün olacağını, digərlərinin isə sadəcə bir sürü təşkil etdiyini bildirir, eyni zamanda qadının kişi ilə bərabər ola bilməyəcəyini, çünki qadında iradə və qüdrət olmadığını iddia edir. Halide Edib bu düşüncənin İngiltərə və Fransada qəbul edilmədiyini, İtaliyada isə qəbul olunduğunu, Almaniyada isə Hitleri bəslədiyini qeyd edir. O, almanların özlərini “millətlərdən üstün millət” hesab etmələrinin digər xalqları istismar etməyə, dünyanı öz həyat məkanı kimi görməyə başlamalarına səbəb olduğunu düşünür. Ona görə, bütün bu ayrı-seçkiliyə səbəb olan ideyaları Nitşenin düşüncələri qidalandırır.
-Oxucuların Halide Edib haqqında ən çox maraqlandığı məsələlərdən biri də Amerika mandatı məsələsidir. Sultanahmet mitinqini və Qurtuluş müharibəsinə verdiyi dəstəyi nəzərə alsaq, Halide Edibin mandatçılığı müdafiə etməsinin səbəbləri sizcə nələrdir?
-Amerika mandatını müdafiə etdiyi dövr Qurtuluş müharibəsindən əvvəlki çarəsizlik dövrüdür... Daha sonra Sultanahmetdə kütlələri coşduracaq, cəbhədə onbaşı, hətta çavuş rütbəsinə qədər yüksələcək. Lakin İstanbulun işğalı günlərində Osmanlının yaşadılacağına olan ümid çoxdan tükənmişdi və başqa bir çıxış yolu axtarılırdı. O dövrdəki çarəsizliyin miqyasını başa düşmək üçün Halide Edibin İtilaf dövlətlərinə, yəni İstanbulu işğal edən düşmənə müraciət edərək yazdığı məktubu oxumaq lazımdır. Düşməndən kömək diləyəcək qədər böyük çarəsizliyin arxasında hər tərəfdə illərlə davam edən müharibələrdən sonra artıq döyüşəcək gücün qalmadığına inam dayanırdı. O, İtilaf dövlətlərindən Osmanlını yaşatmaq üçün deyil, “xoşbəxt və azad bir Türkiyə” qurmaq üçün dəstək istəyirdi. Bu məktub, əslində, Halide Edibin mandat düşüncəsinə necə gəldiyini də izah edir. O, İkinci Dünya müharibəsinin imperialist bir bölgü savaşı olduğunu düşünmür. Ona görə, İkinci Dünya müharibəsi “millətlərin hüququ, böyük və davamlı prinsiplərin qələbəsi üçün” aparılmışdı; İtilaf dövlətləri “millətlərə hüquq gətirir, mənfəət və yalan siyasətinə son qoyurdu”. “Rumların Yunanıstanı, ermənilərin Ermənistanı, ərəblərin Ərəbistanı var. (...) Türkün Türkiyəsi haradadır?” deyə soruşur. Qalib dövlətlərin digər xalqlara yardım etdiyi kimi, türklərə də Türkiyəni qurmaq üçün kömək etməsini istəyir. ABŞ-ın o dövrdə hələ tam üzə çıxmamış imperialist siyasətinin fərqində deyil. Mandat düşüncəsini müdafiə edərkən də bir romançının romantizmi ilə yalnız bu yolla yeni bir dövlətin qurula biləcəyini düşünür. Üstəlik, bu fikrində tək deyil, bir çox ziyalı da başqa bir çıxış yolunun qalmadığına inandığı üçün mandat düşüncəsini dəstəkləyirdi. Demək ki, müharibədən yorulmuş, dağılmış və pərişan vəziyyətdə olan bir ölkənin heç kimdən kömək istəmədən düşdüyü bataqlıqdan çıxa biləcəyinə inanmaq, bu yoxsul xalqa güvənərək yola çıxmaq üçün Mustafa Kamal olmaq lazım idi.
-Böyük Məcmuə və Yedigün jurnalındakı yazılarını müqayisə etdikdə, Yedigündə yeni bir Halide Ediblə qarşılaşdığımızı söyləmək mümkündürmü?
-Yedigündə siyasətdən uzaq bir Halide Edib var. Avropada getdiyi hər yerə diqqətlə baxan, izlədiyi hər teatr tamaşasını, gəzib gördüyü hər sərgini, tanış olduğu hər bir siyasətçini oxucularına tanıtmağa çalışan və yaşadığı hər şeyi Türkiyə ilə müqayisə edən bir Halide Edib... Böyük Məcmuə dövrü ilə Yedigün dövrü arasında 20 il fərq var. Böyük Məcmuədə yazarkən 35 yaşındadırsa, Yedigünə yazarkən 55 yaşındadır; çox şey yaşamış, çox şey görmüşdür; gənclik coşğusu keçmiş, daha təmkinli bir şəxsiyyətə çevrilmişdir.
“Numune Bağları” yazısında bəhs etdiyi “Məktəbə getməyən və ya bitirmədən çıxan, sadəcə cinsiyyətinin gücünə güvənərək ərə getməyə çalışan, ər tapdıqdan sonra isə ‘Filankəsin əri arvadına bilərzik alıb...’ deyərək ərinin başını yeyən avara qadınlar” bu gün də mövcuddur. O halda, yazılarının hələ də aktuallığını itirmədiyini deyə bilərikmi? Bunu təkcə qadınlarla bağlı müşahidəsi üçün deyil, bir çox mövzu üçün söyləyə bilərik. Bu gün də Halide Edibin arzuladığı, bir çox əsərində dilə gətirdiyi Şərq-Qərb sintezini həyata keçirə bilməmişik. Bəzən Qərbə sürüklənir, bəzən isə Şərqə qapılırıq. Avropa sənətinin, universitetlərinin, memarlığının içində Cümhuriyyəti təmsil edəcək bir varlıq göstərə bilməmişik, bərabər şərtlərdə yer ala bilməmişik.
-Müasir dövrümüzdə ədəbiyyatımızda Halide Edibin yerini doldura biləcək bir qadın yazarımız varmı?
-“Bir” qadın yazarımız yox bəlkə, amma bir çox qadın yazarımız var. Halide Edib öz dövründə önə çıxan demək olar ki, yeganə qadın yazar idi; bu gün isə bütün basqılara, arxa plana atılma cəhdlərinə baxmayaraq, təkcə ədəbiyyatda deyil, həyatın demək olar ki, hər sahəsində mübarizə aparan qadınlarımız var. Üstəlik, müasir dövrümüzün şərtləri Halide Edibin yaşadığı dövrdən daha asan deyil. Halide Edibin yazdığı hər iki dövr müharibə öncəsi dövrlər idi. Böyük Məcmuədəki yazıları Qurtuluş müharibəsi öncəsinə, Yedigündəkilər isə İkinci Dünya müharibəsi öncəsinə təsadüf edir. Bu gün də, təəssüf ki, müharibəsiz bir dünya yarada bilməmişik; dünyanın hər yerində yenə müharibələr var. Müasir dövrün çətin şərtlərində qadınlar bəlkə cəbhədə deyillər, amma mətbəxlərinə qapanıb qalmayıblar. Bir nəfərin bütün qadınlar adından önə çıxmasındansa, bir çox qadının öz mübarizəsi üçün hərəkətə keçməsi daha gözəl və daha mənalıdır.
Feyza Hepçilinglerin tərcümeyi-halı
Yazmağa məktəb illərində (1963) Feyza Baran adı ilə və İzmirdə bəzi jurnallarda yayımlanan şeirlərlə başladı. 1979-cu ildə Mədəniyyət Nazirliyinin keçirdiyi Uşaq Əsərləri Müsabiqəsində “Yanlışlıqlar” adlı pyesi ilə Uğur Mükafatını, 1981-ci ildə Akademi Kitabevi Müsabiqəsində “Səhər Sərnişinləri” adlı dosyesi ilə Hekayə Birincilik Mükafatını qazandı. "Köhnə Bir Balerina" adlı kitabı ilə Sait Faik Hekayə Mükafatını (1985), “Qüsuru Aradan Qaldırmaq” adlı hekayəsi ilə Yunus Nadi Mükafatının İkincilik Mükafatını (1989), “Nə Gözəl Ölmüşdüm” adlı hekayəsi ilə Borski Grümen (Balkan Yazıçılar Görüşü) Mükafatını (1991), “Sovrulmalar” adlı hekayə kitabı ilə isə Sedat Simavi Ədəbiyyat Mükafatını (1997) aldı.
Şəkillərdə:
Halidə Edib Adıvar (qapaq şəklində);
Halidə xanım at çapmağı sevərdi;
Kitabın qapağı;
Feyza Hepçilingerler.
“Ədəbiyyat və incəsənət”
(05.02.2025)
MİLLİ KİNOMUZ – Vəhşiliyin başlanğıcı - “Xoca”
Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”
“Xeyirlə şər qardaşdır” deyirlər. Lakin bu gün haqqında danışacağım hadisələr şərdən çox vəhşilik, vandalizm və düşmənçiliklə bağlıdır.
2012-ci ildə rejissor Vahid Mustafayevin ekran əsəri olan “Xoca” filmi çəkildi. Film 1992-ci il fevralın 26-da baş vermiş Xocakl qətliamı barədədir.
Hər şey yaxşı gedirdi, ta ki ermənilərinn Xocalıda törədəcəyi vəhşiliyə qədər. Tam da o ərəfələrdə Xocalıdan olan iki gəncin - Ayaz və Günelin toy hazırlıqları gedirdi. Əslində döyüş yoldaşları Ayazı toya göndərmək üçün təkid etdilər. Ancaq Ayaz onları və kənd sakinlərini öz qədərinə tərk etmək yerinə son ana qədər döyüşməyi, nəsibində varsa da şəhid olmağı seçdi. Əslində bu xüsusiyyət istər qocamızda, istərsə də cavanımızda var. Bu millətin heç bir fərdi yaxınlarını, dostlarını yalnız buraxmayıb və buraxmayacaqdır. Qəhrəman azərbaycanlılardan danışıb da, qorxaq, gücü yalnız əliyalın sivil insanlara çatan ermənilərdən danışmamaq olmazdı. Ta birinci Qarabağ müharibəsi başlayan gündən gücü yalnız silahsız, köməksiz insanlara hücum etməyə çatan bu Qafqazın üzqaraları elə ki ordumuz qarşılarına çıxır, başlayırlar atəşkəs üçün yalvarmağa. Güclərini toplayanda isə yenə həmin şey olur. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatlarında da ənənələrinə sadiq qalan bu məxluqlar bu səfər qartalın pənçəsindən qurtulmağa macal tapa bilmədilər. “Dəmir Yumruq” sadəcə ermənilərin yox, onların havadarlarınında başına gürz kimi dəydi.
Bu ordu qisasını qiyamət gününə qoymaz. Hər kəs bunu ya gözəlliklə, ya da “Dəmir Yumruq” ağzının üstünə dəydikdən sonra anlayacaq.
TANRI TÜRKƏ YAR OLSUN!!!
“Ədəbiyyat və İncəsənət”
(05.02.2025)
Şəhidlər barədə şeirlər – Xudayar Yusifzadə
“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Xudayar Yusifzadəyə həsr edilmiş şeirlə tanış olacaqsınız.
XUDAYAR MÜSLÜM OĞLU YUSİFZADƏ
(15.07.1998.-22.10.2020.)
Bərdə şəhərində anadan olmuş, oxuduğu təsniflə milyonların sevimlisinə çevrilmiş, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi
VƏTƏNİ CANDAN ÇOX SEVƏN XUDAYAR
Necə də şövq ilə oxuyurdu o,
Nəğmədən bir çələng toxuyurdu o,
Sanki yurdun ətrin qoxuyurdu o,
Söhbəti mahnıydı, sözü kaman, tar,
Vətəni candan çox sevən Xudayar.
Qəmzəli gülüşü- nurlu üzündə,
Həyat bir nəğməydi onun gözündə,
Müqəddəs Şuşanın Cıdır düzündə
Gəzsəydi, olardı necə bəxtiyar,
Vətəni candan çox sevən Xudayar.
Qəlbində sevgili Vətən var idi,
Qarabağsız həyat ona dar idi,
Dünya susmuş idi, dünyakar idi,
“Qarabağ bizimdir”- hey çəkirdi car,
Vətəni candan çox sevən Xudayar.
Doymazdı Vahidin qəzəllərindən,
Oxuyurdu yurdun gözəllərindən,
Riyakar düşmənin əməllərindən,
Danışıb, deyərdi,- düşmən olar xar,
Vətəni candan çox sevən Xudayar.
Atıldı döyüşə Xudayar şir tək,
Vuruşdu düşmənlə igid tək, ərtək,
Məhv oldu düşmənlər fitnə tək, şər tək,
Adı hər bir zaman dildə dolaşar,
Vətəni candan çox sevən Xudayar.
Zəfərdə, şəhiddə, yurd da bizimdir,
Qalib ölkə kimi, ad da bizimdir,
“Xudayar təsnifi” necə həzindir,
Özü tək təsnifi əbədi yaşar,
Vətəni candan çox sevən Xudayar.
“Ədəbiyyat və incəsənət”
(05.02.2025)
İsrail mətbuatında Azərbaycana aid məqalə dərc olunub
İsraildə fəaliyyət göstərən “R-A-G Esegim – Gurevich Communications” şirkətinin rəhbəri, tanınmış jurnalist və politoloq Roman Qureviçin İsrailin “Yerusəlim post” və “9TV” xəbər saytlarında “Yəhudilərin, İsrailin dünya xalqları ailəsində həqiqi dostları varmı?” başlıqlı məqaləsi işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, məqalədə İsrailin beynəlxalq ictimaiyyətdə həqiqi müttəfiqlərinin olub-olmaması müzakirə edilib, həmçinin qlobal antisemitizmin artması, beynəlxalq təşkilatların “mənəvi uğursuzluqları” ilə bağlı narahatlıqlar qələmə alınıb.
Müəllif bu tendensiyaları Azərbaycan İsrail əlaqələri ilə müqayisə edərək, ölkəmizdə yəhudilərə göstərilən tolerant münasibəti ön plana çəkib. İsrailə qarşı getdikcə artan düşmənçilik fonunda, Azərbaycanın etibarlı müttəfiq olduğunu qeyd edib.
Məqaləni ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:
https://www.jpost.com/opinion/article-840411
https://www.9tv.co.il/item/85407
“Ədəbiyyat və incəsənət”
(05.02.2025)
BİZƏ YAZIRLAR – “Böyük şəxsiyyətin 80 illik yubileyinə məqalə həsr olundu”
“Ədəbiyyat və incəsənət”in BİZƏ YAZIRLAR rubrikasında Yasamal Mərkəzi Kitabxana Sisteminin əməkdaşı Lətifə Məmmədovanın məktubu yer alıb. Məktubda qeyd edilir:
Ötən gün görkəmli müğənni və bəstəkar, tanınmış ictimai və dövlət xadimi Polad Bülbüloğlunun 80 illik yubileyi qeyd edildi.
Yubileylə əlaqədar yazıçı, publisist, “Yazıçı Qadınlar Cəmiyyəti” İB-nin sədri, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Nüşabə Məmmədli “Heydər Əliyev” ordeni ilə təltif olunmuş böyük sənətkara “Bir ömrün rəngarəng dünyası” məqaləsini həsr edib.
Nüşabə Məmmədli qeyd edir ki, bu böyük sənətkar və tanınmış şəxsiyyət haqqında yazmaq məsuliyyətli və çətindir. O qeyd edir ki, əsərin qəhrəmanı Azərbaycan Respublikasının və SSRİ Xalq artisti, bəstəkar, “Heydər Əliyev” ordenini şərəflə daşıyan ictimai və siyasi xadim, müğənni, Azərbaycan estrada musiqisinin təbliğində və inkişafında böyük rolu olan Polad Bülbüloğlu dünyada tanınan şəxsiyyətdir. O, dayanmadan-durmadan, yorulmadan, öz ürəyinin odunu-alovunu, ruhunun hərarətini incəsənət aləminə qatqar verərək, estrada dünyasına Polad Bülbüloğlu dünyası qataraq böyük bir yenilik gətirir.
Nüşabə Məmmədli haqlı olaraq qeyd edir ki, Polad Bülbüloğlunun Azərbaycan mədəniyyətinə verdiyi töhfəni çoxları bir ömr çalışsa da verə bilməyib. Ona görə də onun ömrünün hər səhifəsini, hər gününü inamla bir ömr adlandırmaq olar.
Yazıçı Polad Bülbüloğlu müğənni, bəstəkar, nazir, səfir obrazlarını yaradıb. Onun mədəniyyət naziri olduğu zaman mədəniyyətdə olan böyük inkişafı, kitabxanaların müasirləşdirilməsini qeyd edir müəllif.
“Ədəbiyyat və incəsənət”
(05.02.2025)
Gənclər Kitabxanasında Xalq artisti Polad Bülbüloğlunun 80 illik yubileyi ilə bağlı elektron məlumat bazası hazırlanıb
Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycanın sabiq mədəniyyət naziri, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli sabiq səfiri, TÜRKSOY-un sabiq sədri, Azərbaycanın, Türkmənistanın, Özbəkistanının və Başqırdıstanın xalq artisti, Dağıstan Respublikasının əməkdar incəsənət xadimi, millət vəkili Polad Bülbüloğlunun 80 illik yubileyi tamam oldu. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Polad Bülbüloğlunun zəngin mədəni, ictimai, siyasi fəaliyyətindən bəhs edən elektron məlumat bazası hazırlanıb.
Elektron məlumat bazası ilə tanış olmaq üçün kitabxananın rəsmi saytından https://ryl.az/melumat-bazalari/Polad_Bulbuloglu_el_melumat_bazasi/index.html
istifadə etmək olar.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, bazada görkəmli bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verilir, müəllifi olduğu musiqi əsərləri və mahnıların siyahısı təqdim olunur. Elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Dünya şöhrətli müğənni”, “Polad Bülbüloğlu: şəxsiyyətin və sənətin cazibəsi” kimi bölmələrlə yanaşı, Xalq artistinin Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə layiq görüldüyü təltif və mükafatlar, görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər də yer alır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada bəstəkarın “Eşq və ölüm” baleti haqqında məlumat verilir, Polad Bülbüloğlunun müəllifi olduğu və onun haqqında qələmə alınan kitabların, dövrü mətbuat nümunələrinin, keçirdiyi səfər və görüşlərin, çıxışların, müsahibə, müraciət və şərhlərin, təqdimatların, Polad Bülbüloğlunun musiqiləri əsasında hazırlanan tamaşaların siyahıları təqdim edilir.
Bundan əlavə məlumat bazasında “Dissertasiya və avtoreferatlar”, “İzonəşrlər”, “İzomateriallar”, “Filmoqrafiya”, “Video və fotoqaleraya” kimi bölmələr də yer alır.
Kitabxana tərəfindən Xalq artisti Polad Bülbüloğlunun 80 illik yubileyi ilə əlaqədar hazırlanan, görkəmli bəstəkarın həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti ilə bağlı maraqlı məlumatlar, Polad Bülbüloğlunun səs yazıları, ifaları ilə zəngin olan geniş videomaterial https://ryl.az/multimedia/polad-bulbuloglu-80 da elektron bazanın ilk səhifəsində yerləşdirilib. Videomaterialda Prezident İlham Əliyevin Polad Bülbüloğlunu təltif etdiyi ən ali mükafat - “Heydər Əliyev” ordeninin təqdimetmə mərasimindən görüntülər, Xalq artistinin Ulu Öndər Heydər Əliyev ilə bağlı xatirələri sərgilənir, Azərbaycan mədəniyyəti, incəsənəti, müsiqisinə verdiyi əvəzsiz töhfələr haqqında məlumatlar təqdim edilir.
“Ədəbiyyat və incəsənət”
(05.02.2025)
Almaniyada yaşayan soydaşımız ABŞ Senatına müraciət edib
Almaniyanın Herford şəhərində yaşayan, beynəlxalq hüquq üzrə ekspert Asəf Askar senator Bob Menendezin Azərbaycanla bağlı apardığı çirkin kampaniyanın daha dərindən araşdırılması üçün ABŞ Senatına müraciət edib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, müraciətdə Bob Menendezin xarici siyasət, insan haqları və korrupsiyaya qarşı mübarizə mövzularından siyasi alət kimi istifadə etdiyi vurğulanıb.
Həmçinin müraciətdə Bob Menendezin yalnız Azərbaycan və Türkiyəyə qarşı qərəzli mövqe tutmaqla kifayətlənmədiyi, eyni zamanda ABŞ-ın öz milli maraqlarını da şəxsi mənfəətinə qurban verdiyi qeyd olunub.
Beynəlxalq hüquq üzrə ekspert Asəf Askar müraciətində xüsusi araşdırma komissiyasının yaradılmasını xahiş edib. ABŞ Konqresinin bu araşdırma nəticəsində daha ciddi korrupsiya faktlarını ortaya çıxaracağını bildirib.
Bob Menendez ABŞ Nümayəndələr Palatasının üzvü, ABŞ Senatının üzvü, Senatda Xarici Əlaqələr Komitəsinin sədri kimi fəaliyyət göstərib. 2025-ci ilin yanvar ayında korrupsiya və rüşvətxorluq ittihamları əsasında 11 il həbs cəzasına məhkum edilib. O, siyasi fəaliyyəti boyu Ermənistanın maraqlarını açıq şəkildə dəstəkləyib və Azərbaycana qarşı düşmən mövqedə olub.
“Ədəbiyyat və incəsənət”
(05.02.2025)
Rüstəm İbrahimbəyov, Skautlar Günü, bir də La Skala
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə - 5 fevrala təsadüf edən əsas tarixi hadisələri və bayramları diqqətinizə çatdırırıq:
Beynəlxalq Skautlar Günü
Skaut yaşı 6 yaşdan ta ki 21 yaşa qədər hesab edilir. Bu gün 216 dünya ölkələrindən 50 milyondan çox uşaq, yeniyetmə və gənc skaut hərəkatının sıralarında birləşərək, «Hər gün bir xeyirxah iş görək” devizi altında fəaliyyət göstərirlər. Skaut sözünün tərcüməsi kəşfiyyatçı deməkdir, skaut hərəkatının banisi isə general Robert Baden-Pauell olub. Bu general istefada olarkən “Oğlanlar üçün kəşfiyyat” kitabını yazıb. Bu kitabda da o, yeniyetmə və gənclərin bir vahid ideya ətrafında birləşməsinin əsasını qoyub.
O cümlədən ölkəmizdə də fəaliyyət göstərən Skaut təşkilatı – müstəqil, qeyri-siyasi qurumdur, bu, uşaq, yeniyetmə və gənclərlə bir iş proqramıdır ki, özlüyündə bütün çətinliklərə baxmayaraq daim ayaqda qalmağı ehtiva edir. Skautların vətəni İngiltərə hesab edilir, 1907-ci ildə bu ölkədə ilk boyskaut düşərgəsi açılıb.
Skaut qalstukunu sonradan sovetlər götürüb pioner qalstuku kimi istifadə ediblər, eləcə də “Həmişə hazır ol” şüarını.
Skautun yaşadığı qaydalar şərçivəsi isə bunlardır: faydalı olmaq, bütün skautların dostu və qardaşı olmaq, xeyirxah, alicənab olmaq, yalan danışmamaq, təbiəti qorumaq, gülümsər olmaq, çətinlikdən qorxmamaq.
Azərbaycan skautlarının andı bilirsiniz necədir? And içirəm öz şərəfimə, məndən asılı hər bir şeyi edəcəyəm ki, Allah və Azərbaycan qarşısında olan borcumu yerinə yetirim, hər vaxt başqalarına kömək edim, skaut qanunlarına tabe olum.
Skaut gününüz mübarək, əziz uşaq, yeniyetmə və gənclər.
Ümumdünya Nutella günü
Bu bir uşaq bayramıdır, məşhur yerfındıqlı şokolad pastasının şərəfinədir. Bu qidanı bütün dünyada uşaqlar çox sevirlər, amma bir çox rejionda, xüsusən müharibələr və aclıqlar çəkən Afrika və Mərkəzi Asiya regionunda uşaqlar ona tamarzıdırlar. Nutella günündə xüsusən avropalı və amerikalı uşaqlar aclıq çəkən uşaqlara sovqatlar, mütləq də Nutelle göndərirlər.
Səhər naharına dondurma günü
Bu dadlı qidanı adətən insanlar səhərlər yeməzlər, amma bu gün insanlardan məhz səhər naharına dondurma yemək təvəqqe olunur. Bekarçılıqdan ortaya çıxan bir gündür əlbəttə. Qayğısız əcnəbi insanlar bilmirlər ki, başlarını nə ilə qatsınlar.
Monarx günü
Monarx günüdür həm də bu gün. Amma bu monarx o monarxdan deyil, yəni, kilsə ilə əlaqəli bir gün deyil. Söhbət nimfalid ailəsindən olan kəpənəkdən gedir, Şimalı Amerikada məskunlaşmış bu kəpənək olduqca valehedici olduğuna görə şəninə gün təsis ediblər.
Finlandiyada bayraq, Burundidə birlik, Danimarkada Şahzadə Merinin tacı, Pakistanda Kəşmirlə həmrəylik, Argentinada Linkoln və Buanes-Ayres karnavalları günüdür. İsraildə Tu bi-Şvat bayramıdır. Yəhudi təqvimi ilə şvat ayının 15-ci günündə qeyd edilən bu bayramın qeyri-rəsmi adı “Ağaclar üçün Yeni il” adlanır, insanlar bir-birini görcək gülümsəyərək “Roş xa-Şana La İlanot” söyləyirlər.
O ki qaldı Amerikaya, onlarda bu gün Milli şokoladlı fondyu günüdür. Fondyu – çörək, kartof və əridilmiş pendirin şokoladla süfrəyə verilməsidir.
La Skalada “Otello”nun premyerası
2009-cu ilin 5 fevralında Somalı piratları rəsmən 3200000 dollar pul alaraq Ukraynanın “Faina” gəmisini 17 nəfər ekipajla birgə azad edərək tarixdə ilk presidentin əsasını qoyublar. 1991-ci ildə Qırğızıstanın paytaxtı 65 il bolşevik terrorçusu Frunzenin adını daşıdıqdan sonra Bişkek olub. 1958-ci ilin 5 fevralı qəribə bir olayla yadda qalıb. Jorjiya sahillərindəki təlim zamanı aviaqəzada hidrohen bombası itib. Hələ də həmin bomba tapılmayıb. 1952-ci ildə Nyu-York üçişıqlı işıqfor işlədilən ilk şəhər kimi tarixə düşüb. 1924-cü ildə BBC radiosu Qrinviç abservatoriyasından dəqiq vaxt siqnalları verməyə başlayıb. 1920-ci ildə Ukraynada ataman Maxno vərəqələr yayaraq yerli xalqı rus bolşevikləri ilə mübarizəyə səsləyib. 1916-cı ildə Sürixdə “Kabare Volter” – dadaizmin yarandığı məkan fəaliyyətə başlayıb. Dadaizmin əsas prinsipləri irrasionalizm, mövcud kanon və stereotiplərin dağıdılması olub. 1887-ci ildə Milanın La Skala teatrında Verdinin “Otello” operasının premyerası olub. 1783-cü ildə İtaliyanın Kalabriya əyalətində tarixin ən uzunmuddətli zəlzələsi qeydə alınıb – iki ay davam edən yeraltı təkanlar və sunami 180 yaşayış məskənini dağıdıb, 60 min insan həyatını itirib.
Üç dahi azərbaycanlının doğulduğu gün
1985-ci ilin 5 fevralında dünya futbolunun ən parlaq ulduzu – Kriştianu Ronaldu, 1968-ci ildə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, 1878-ci ildə fransız mühəndisi, “Sitroen” kompaniyasının yaradıcısı Andre-Qustav Sitroen, 1840-cı ildə Amerika silah konstruktoru, pulemyotu kəşf etmiş Qayri Maksim, 1812-ci ildə fransız baronu, Puşkini dueldə öldürmüş Jorj Dantes dünyaya gəliblər.
Təqvimdə çox az sayda günlər var ki, həmin gün bir xalqa məxsus bir neçə dahi insan doğulur. 5 fevral da belə günlərdən biridir. 1939-cu ilin bu günündə dünyaşöhrətli azərbaycanlı yazıçı, ssenarist Rüstəm İbrahimbəyov, 1923-cü ildə tanınmış azərbaycanlı tarzən Baba Salahov, 1918-ci ilin bu günündə isə dahi azərbaycanlı bəstəkar, dünya musiqi irsində əvəzsiz yerə malik Qara Qarayev doğulublar.
Niyə də 5 fevralı dahilər günü elan etməyək ki?
“Ədəbiyyat və incəsənət”
(05.02.2025)
“Xalqın görkəmli şəxsiyyətlərinə çamur atmaq cinayətdir” - VARİS
Seymur Əliyev, “Ədəbiyyat və incəsənət” üçün
Son vaxtlar bəzi tarixi-ədəbi karifeylərimiz haqqında tənqidi fikirlər ortaya atılmaqda, klassiklərimizin yaradıcılığı ilə yanaşı,şəxsiyyətləri də hədəfə alınmaqdadır.
Bu cür qarayaxma kampaniyaları cəmiyyət üçün hansı fəsadlar törədə bilər? Sapı özümüzdən olan baltalar tərəfindən irəli sürülən bu ittihamlardan sabah Azərbaycanın xaricdəki düşmənləri də ilham ala, oxşar iddialarla çıxış edə bilərmi?
Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Ümumdünya Yazıçılar Təşkilatının(WOW) katibi, “Ədəbiyyat və İncəsənət” portalının baş redaktoru, Əməkdar jurnalist Varis mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Keçmişə güllə atanı gələcək topa tutar. Biz bu gün dahi Nizami Gəncəviyə “farsca yazıb”, böyük Füzuliyə “qəliz yazıb”, ulu Vaqifə “padşaha işləyib”, öndər Məhəmmədəmin Rəsulzadəyə “faşistlərlə danışıqlar aparıb” kimi ittihamlar səsləndirən bir qaragüruhun müasirləriyik. Belələri, xüsusən, Sovet dövrü yazarlarını - Səməd Vurğunu, Rəsul Rzanı stalinizmə sədaqətdə suçlayırlar.
Hər bir fərdi öncə yaşadığı zəmanə yetişdirir. Sən bunu nəzərə almadan onlara 3-cü minillikdəki ictimai-siyasi doqmalar kontekstindən qiymət verə bilməzsən. Nizami niyə farsca yazıb sualının bəsit cavabı var, çünki 12-13-cü əsrlərdə Şərq poeziyasının dili fars ədəbi dili idi. Füzuli niyə qəliz yazıb, çünki 16-cı əsrdə işlənən Azərbaycan türkcəsi məhz elə idi. Vaqif niyə şaha işləyib, çünki Vaqif Qarabağ xanlığında vəzir postunu tutub, dövlət xadimi olub. Məhəmmədəmin Rəsulzadə niyə faşistlərlə danışıqlar aparıb, çünki Azərbaycanı işğal edən sovet rejimindən qurtuluş yolunu bunda görüb. Səməd Vurğula Rəsul Rza niyə stalinizmə, leninizmə sədaqət göstəriblər, çünki onlar bu nəhəng ideoloji maşının çarxları arasında uşaqlıq, gənclik yaşayan və qatı təbliğata uymağa məcbur olan bir nəslin nümayəndələri olublar, zaman keçdikcə isə bu rejimin mahiyyətini görüb ona qarşı daxili üsyana qalxıblar.
Ey bugündə oturub dünəndəkilərdə eyib axtaranlar. Siz öz zəmanənizdə kristalsınız yəni?
Və bunlar da bir yana. Hər bir etnosun milli-mental dəyərləri, min illər formalaşmış paradiqmaları var. Xalqın görkəmli şəxsiyyətlərinə çamur atmaq cinayətdir. Məncə, cəmiyyət belələrinə təpki göstərməlidir”.
“Ədəbiyyat və incəsənət”
(05.02.2025)
POETİK QİRAƏTdə Əlizadə Nuri “Yadında qalan qədərəm...” şeiri ilə
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Bu dəfə o, duasını dinləndirir.
Günah sənsən, günahkar mən
-deyir şair. Bəzən bir kəlmə qalın kitablardan daha çox məna ehtiva edə bilir.
Xoş mütaliələr!
Günah sənsən, günahkar mən,
Cəza almış can qədərəm.
Bütün qanımı içmisən-
Yerdə qalan qan qədərəm...
Nə ağırmış şərtin, allah
Bu bəşər nə şərdi, allah.
Dünən bir şəhərdim, allah
Bu gün xaraban qədərəm.
İtkim- azaldığım deyil,
Verdiyim... aldığım deyil.
...Yanında qaldığım deyil-
Yadında qalan qədərəm...
“Ədəbiyyat və incəsənət”
(05.02.2025)