Super User

Super User

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bəli, bu 5 may günü qəfil snayper gülləsi ilə həyatının 26-cı baharında dünya ilə vidalaşan Azərbaycanın Milli Qəhrəmanı Elşad Yəhyayevin doğum günüdür.

Elşad Yəhyayev 5 may 1966-cı ildə Şəki şəhərində doğulmuşdur. 1973-cü ildə Şəkidəki 12 saylı məktəbə getmişdir. 1977-ci ildə ailələri ilə Bakıya köçmüşdür.

 

Təbii ki, yaşayış yeri dəyişiləndə insanın dünyagörüşü də dəyişir. 1983-cü ildə Xətai rayonundakı 56 saylı orta məktəbi bitirmiş, 1984–1986-cı illərdə hərbi xidmətdə olmuşdur. Hərb sənətinə böyük sevgi bəsləyirdi, bu sevgi onun 1987-ci ildə Saratov Ali Hərbi Komandirlər Məktəbinə daxil olmasına rəvac verib. 1991-ci ildə leytenant rütbəsi ilə Vətənə dönüb. Bu zaman artıq Birinci Qarabağ müharibəsi başlamışdı.

 

Əsl vətənpərvərlər heç vaxt vətən sevgisini içlərində boğa bilməzlər.

Polis baş leytenant Elşad könüllü olaraq DİN-ə müraciət edir və onu "N" saylı hissəyə taqım komandiri təyin edirlər. Cəsur komandir Sırxavənd, Naxçıvanlı, Papravənd kəndlərində gedən döyüşlərdə iştirak edir. Ermənilərə öz şücaətini göstərən döyüşçü xeyli qulduru məhv eləyir. Naxçıvanlı kəndində qaynar döyüşlər gedirdi, ermənilər ağır itki verdilər və geri çəkildilər…

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının taqım komandiri bu döyüşdə xeyli düşməni məhv etmişdi, lakin qəfil snayper gülləsi onun gənc ömrünü qırdı, 20 iyun 1992-ci il o, qəhrəmancasına şəhid oldu.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Yəhyayev Elşad Məmmədhənifə oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Şəki rayonundakı 12 saylı məktəb qəhrəmanımızın adını daşıyır. Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2025)



 

 

 

 

 

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Bu dəfə:

 

Çıraq oldum, işığımı

Salmağa bir dam olmadı.

Çoxu mənə " oğul" dedi

Heç biri anam olmadı.

 

-deyir şair. Razılaşın ki, bu şair təkrarsızdır və mükəmməldir.

Xoş mütaliələr! 

 

Sevinc axşam gələcəkdi...

 

Çıraq oldum, işığımı

Salmağa bir dam olmadı.

Çoxu mənə " oğul" dedi

Heç biri anam olmadı.

 

Düz adamçün dağ çıxardım,

Dağı lap axsaq çıxardım.

Bu gecədən sağ çıxardım-

Yanımda bir şam olmadı.

 

Bu əldi, ya boş əlcəkdi?

Nə çəkdisə, boş əl çəkdi...

Sevinc axşam gələcəkdi-

Gözlədim, axşam olmadı...

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2025)

Xalq artisti Tünzalə Ağayeva paytaxtda baş tutacaq “Dream fest” beynəlxalq musiqi festivalında iştirak edəcək.

"Ədəbiyyat və İncəsənət” portalı xəbər verir ki, pop ulduz iyulun 24-də baş tutacaq Müslüm Maqomayev gecəsində çıxış edəcək. 

Sözügedən gecə bənzərsiz, əvəzolunmaz sənətkar Müslüm Maqomayevin əziz xatirəsinə, yaradıcılığına həsr olunacaq. 

Qeyd edək ki, “Dream fest” iyulun 23-dən, 26-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

 

(05.05.2025)

 

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2025” baş tutub.

“Küləyə qalib gəl” şüarı altında keçirilən yarımarafon sayca səkkizinci idi.

 

Tədbirdə bir çox məşhur simalar iştirak edib. Onlardan biri Xalq artisti Tünzalə Ağayeva olub.Fərqli və çox zövqlü görünən pop ulduz qırmızı idman dəsti və bandanaya üstünlük verib. 

Sevilən müğənni tədbirdə çıxış edərək ən hit mahnılarını səsləndirib.

 

“Ədəbiyyat və incəsənət”

(04.05.2025)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

“Xaç atası” filmindəki məşhur ABŞ aktyoru Robert De Nironun gözəl bir deyimi var- həyatınızı ucuz duyğulara sərf etməyin. Qəribədir, Həmid Herisçi kimi bənzərsiz bir qələm adamının 65 illik yubileyi aprelin 30-da səs-səmirsiz ötdü. Beş-altı ziyalıdan başqa heç kim onun bu xoş gününə rəng qatmağa tələsmədi. Axı, Həmid Herisçinin varlığı təkcə qələm adamı, telejurnalist olması ilə bitmir. O, öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında bir hadisə sayılmağa əsl namizəddir. Bu hadisəni obrazlaşdırmağa gələndə isə, nədənsə hamı susdu. Bəli, Həmid Herisçinin yubileyi sakit keçməməliydi, bəlkə də ədəbiyyat hadisəsinə çevrilməliydi…

 

Bu günkü söhbətim poeziyanı duya bilən halal adamlara ünvanlanıb. Bu dəfə sizə sadə el dilində Həmid Herisçinin şeirlərindən danışmaq istəyirəm. Əvvəlcə onu söyləyim ki, bu şeirlər ənənəvi üslubda yazılmayıb, çox yaxın gələcəkdə- nəvələrinizin oxuyub zövq alacağı bir üslubda qələmə alınıb. Buna surrealism də yox, postmodernism də yox, bəlkə də postpost modernizm demək olar. O,  öz fikirlərini lirik şeir üslubunda oxucuya təqdim etmir, adi söhbətə bənzər bir şəkildə çatdırmağa çalışır. Bəlkə də, 3-cü minilliyin poeziyası elə budur, nəsr kimi poeziya da sənədli əsaslara güvənməyə başlayıbdır.

Həmidin “Düymə düşdü” şeirindəki bu misralara nəzər yetirək:

 

“Anam da belə deyirdi.

Ancaq həyat belə deyildi.

Düyməm düşdü, qaldı ovcumda bu gün...

Bunu ancaq özüm 

gördüm.

Azca güldüm.

Anam da belə edirdi,

Ancaq həyat belə deyildi...”

 

Yəni zaman ötüb, həyat dəyişib. Əlbəttə, bu üslub qulağı, gözləri ənənəvi şeirə öyrənən oxucuya xoş gəlməz. Çünki burada lirika yox, şairin oxucuya çatdırmaq istədiyi fikrin çılpaqlığı var. Bu üsluba əslində sərbəst vəznin avanqard forması deyilsə daha düzgün olar. Ənənəvi vəznlərdə olan ahəngə, səslərin nizam, qayda-qanun və tənasübünə burada rast gəlmək olmur. Belə şeirlərdə formanın müstəqilliyi, məna-məzmun və hadisə daha çox ortaya qoyulur. Amma Həmidin şeirləri sırf avanqard janrında da deyil. Ənənəvi avanqardizm burada rol almır.

Daha bir nümunəyə nəzər yetirək. Onun növbəti bir şeirini olduğu kimi sizə təqdim edirəm:

 

“Göz yaşı qədimdi,

su yenilikdi...

Oğul, sizlər bunu bilməlidi,

Tarixin bir günü var,

insan o gün öz şəklini çəkdirməlidi...

Sonra ömrüboyu həmin şəkildəki

insana bənzəməlidi...

 

... mənim həmyerlim yox, həmgöylüm var...

 

Məni həmişə ona,

ona oxşadırlar!!!”

 

Fikir verirsinizsə, burada az-çox qafiyələnmə olsa da, sərbəst vəznin fərqli bir formasıdır. Çünki sərbəst şeirdə misralardakı heca sayı, qafiyə quruluşu, bəndlərə ayrılma və s. baxımından sərbəstlik olsa da sözlər misralara ahəngdar şəkildə səpələnə bilir. Doğrudur, bu xüsusiyyətlər sərbəst şeirdə forma məhdudiyyətlərini azaldır və fikri ifadə etmək imkanlarını genişləndirir, amma belə şeirlər sərbəst vəznin ənənəvi formasından fərqlənirlər- yenilikdir. Bəli, bu şeir forması avropa-amerika oxucuları üçün adi olsa da, Azərbaycan poeziyasına təzə-təzə qədəmlərini basır və gələcək nəsillərə daha xoş gələcək...

İndi də qayıdıram söhbətimin əvvəlindəki fikrimə. Elədir ki var, ona yaxın şeir və roman kitabının müəllifi- Həmid Herisçi Azəpbaycan ədəbiyyatında bir hadisədir. Onun 65 illik yubileyinin təntənədən uzaq, belə sakit keçməsi isə hardasa ədalətsizlikdir. Şair demişkən, amma nə qəm, gələn ilin aprel ayınadək – 66-yadək yubiley davam edəcək. Düşünürəm ki, bu ədalətsizliyi aradan qaldırmaq ən azı ədəbiyyat cameəsindəkilərin yadına düşməlidir...

 

…Bəli, onun qərb poeziyasının ətri gələn şeirləri duyğuları, xəyalları deyil, həqiqəti əks etdirir. Sevinirəm ki, bu gün ədəbiyyatımızda fantaziyaya, xəyallara söykənən, ənənəvi Azərbaycan poeziyasının qəliblərindən imtina edən, milli şairlər ordusu yaranmaqdadır. Vaxt gələcək ki, qərb üslubunda yazan bir sıra müasir şairlərimiz kimi, Həmid Herisçini də yaranmaqda olan bu ordunun ilk komandanlarından biri hesab edəcəklər...

 

“Ədəbiyyat və incəsənət”

(04.05.2025)

 

 

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, professor, bəstəkar Məmmədağa Umudovun “Qarabağ Azərbaycandır” adlı müəllif gecəsi keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, gecədə tədbirin ideya müəllifi, Qabaqcıl Təhsil işçisi, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi və aparıcı konsertmeysteri Svetlana Əhmədova, professor, "Etnomusiqişünaslıq" kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova çıxış ediblər. 

Məmmədağa Umudov ona ünvanlanan sualları cavablandıraraq maraqlı fikir mübadiləsi zamanı öz yaradıcılıq yolundan, müəllifi  olduğu "Qarabağ Azərbaycandır", “İncinin arzuları”, "Qələbəyə doğru" əsərlərindən, “Prelüdlər”in yaranmasından söhbət açıb.

Sözügedən əsərləri Respublika və beynəlxalq müsabiqələr laureatları, Azərbaycan  Milli Konservatoriyasının Xalq Çalğı Alətləri kafedrasının konsertmeysterləri Rəna İmanova (fortepiano), Aysel Şahbazlı, magistr Samir Əsədli (tar),  AMK- nın nəzdində İncəsənət Gimnaziyasının şagirdi Cəlalə İsmayılzadə (violonçel)  səsləndirib.

 

“Ədəbiyyat və incəsənət”

(04.05.2025)

 

 

“Yaşıl ASAN” ekoloji proqramının yaradılmasının 10 ili tamam oldu. Proqram 2015-ci ildə ASAN könüllüləri tərəfindən irəli sürülüb və ölkəmizdə ekoloji mədəniyyətin formalaşmasında, ictimai təşəbbüslərin gücləndirilməsində mühüm rol oynayıb.

 

Əsas məqsəd kağız israfının qarşısını almaq, təkrar emal prosesini təşviq etməklə ağacların qorunmasına, ətraf mühitin mühafizəsinə və ekoloji tarazlığın saxlanılmasına töhfə verməkdir. Bununla yanaşı proqram əhalidə ekoloji məsuliyyət hissinin artırılmasına və təbiətə qarşı daha həssas yanaşmanın formalaşdırılmasına yönəlib.

Bu məqsədlə bu günədək 2.200 tondan çox kağız tullantısı toplanaraq təkrar emala göndərilib. Nəticədə 37.400-dən artıq ağacın kəsilməsinin qarşısı alınıb.

 

Proqram çərçivəsində 500-dən çox ekoloji və sosialyönümlü layihə, 100-dən çox təmizlik və ağacəkmə aksiyaları təşkil olunub.  “Balaca Ekoloqlar” layihəsi çərçivəsində 100-ə yaxın təhsil müəssisəsində şagirdlərlə görüşlər keçirilib, gənc nəslə ekoloji biliklərin aşılanmasına xüsusi diqqət yetirilib. 

Respublikamızın müxtəlif regionlarında ümumilikdə 6 dəfə “Yaşıl dağ” ekoloji-sosial aksiyası gerçəkləşib. Eləcə də təkrar emaldan hazırlanmış əl işlərindən ibarət sərgilər təşkil edilib.

 

Yeri gəlmişkən, istifadə edilmiş kağız məhsullarını “Yaşıl ASAN” proqramı çərçivəsində təhvil vermək istəyən vətəndaşlar, idarə və təşkilatlar “ASAN xidmət” mərkəzlərinə yaxınlaşa və ya 108 Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq ətraflı məlumat əldə edə bilərlər.

 

10 il münasibətilə il ərzində “Yaşıl ASAN” proqramının davamlılığını və təsir dairəsini daha da artırmaq məqsədilə müxtəlif tədbir və layihələrin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər cəmiyyətin bütün təbəqələrində ekoloji düşüncə tərzinin daha da gücləndirilməsinə xidmət edəcəkdir.

 

“Ədəbiyyat və incəsənət”

(04.05.2025)

 

 

 

 

Leyla Səfərli, “Ədəbiyyat və incəsənət”

 

Ötən gün - mayın 3-ü Türk Dünyasının Həmrəyliyi Günü idi. Türkçülük bayramının keçirilməsinin tarixi 80 ilə yaxındır. Bu tarixi gün ilk dəfə 1944-cü il may ayının 3-də  Türkiyədə - Topxana hərbi həbsxanasında Nihal Atsız, Zeki Velidi Togan, Nehdet Sançar və Reha Oğuz Türkkan başda olmaqla, on nəfər məhkum tərəfindən qeyd edilib. Bundan sonra həmin gün daha geniş kütləni əhatə edərək, türkçülər arasında yüksək səviyyədə qeyd olunmağa başlayıb və bir ənənə halını alıb.

 

Günün tarixçəsi:

 

Türkçülük Gününə gətirən proseslər 1942-ci ildən başlayıb. Belə ki, həmin dövrdə Türkiyənin Baş naziri milli düşüncə sahibi Şükrü Saraçoğlu olsa da, dövlət məmurları arasında kommunistlərin də sayı az olmayıb. SSRİ o dövrdə Türkiyədə kommunist plasdarmı hazırlamağa xüsusi diqqət ayırırdı. Təhsil naziri Hasan Ali Yücel kommunist olduğunu açıq söyləyir, bu siyasi görüş daşıyıcılarını orta və ali təhsil ocaqlarına yerləşdirirdi. Ölkədə kommunizm ideologiyasının yayılması, milli düşüncənin sıxışdırılması millətçi ziyalıları narahat edirdi. Dövrün böyük fikir adamlarından Nihal Atsız və digər ziyalılar prosesin dayanması üçün addımlar atılmasını vacib sayır, “Bozkurt”, “Orhun”, “Çınaraltı” nəşrlərində kommunizm əleyhinə yazılar dərc edirdilər.

Türk ziyalılarının Sovet İttifaqının timsalında kommunizmin türk irqinin məhvinə yönəlik ideologiya olduğunu bildirən məqalələri kommunistlərə qoşulan xeyli gənci bu yoldan çəkindirdi. Elə işğal altında olan Azərbaycanda 1937-ci illərdə minlərlə insanın türkçülük, turançılıq əqidəsinə görə məhv edilməsi göz önündə idi.

Ancaq kommunistlər təşkilatlanmaqda davam edir və sayları artırdı. Həmin günlərdə Nihal Atsız Şükrü Saraçoğluna açıq məktub yazır. Məqalə “Orhun” nəşrinin 1944-cü il mart sayında dərc edilir. Məktubda təhsil naziri Hasan Ali Yücelin əmri ilə məktəblərdə, universitetlərdə kommunizmi təbliğ edən çap məhsullarının yayıldığı, bunun üçün ianə toplandığı bildirilir. Onun bu məsələdə ən yaxın silahdaşının məşhur yazıçı, “Xəz dərili Madonna”nı yazmış Sebahattin Ali olduğu göstərilir. Bu hadisə Türkiyə tarixinə kommunizm əleyhinə ən böyük mitinq kimi yazılır.

 

Nihal Atsız: 3 may tarixi türkçülüyün tarixində bir dönüş nöqtəsidir

 

Yazılanlar təhsil naziri üçün ciddi problemə çevrilir. Nazir Yücel və “Ulus” qəzetinin baş redaktoru Falih Rıfkı Atayın təşviqi ilə Sabahattin Ali Nihal Atsızı məhkəməyə verir. 1944-cü il aprelin 26-da başlanan məhkəmə prosesi elə böyük marağa səbəb olur ki, insanların çoxluğundan hakimlər salona girməkdə çətinlik çəkirlər. Məhkəməni davam etdirmək mümkün olmadığı üçün proses mayın 3-dək təxirə salınır.

Məhkəmə başlayan saatlarda milliyyətçi gənclik Ankarada böyük etiraz yürüş-mitinqi keçirir, türkçülüyə dava açanların cəzalandırılmasını tələb edirlər. Hökumət mitinqi dağıdır, 165 tələbə həbs edilərək Ankara zindanlarına salınır, onlara ağır işgəncələr verilir. Bu hadisə Türkiyə tarixinə kommunizm əleyhinə ən böyük mitinq kimi keçir.

Amma gözləniləmədən mayın 3-də məhkəmə Nihal Atsızı da həbs edir. O, hücrələrinə bir nəfərin güclə sığa biləcəyi və buna görə də “tabutluq” adlandırılan həbsxanaya göndərilir.

İllər sonra N.Atsız həmin günlər haqqında yazırdı: “3 may türkçülüyün tarixində bir dönüş nöqtəsidir. O zamana qədər yalnız duyğu və düşüncə olan, ədəbi və elmi sərhədləri çox da aşmayan türkçülük birdən-birə geniş bir hərəkata çevrildi. 3 may türkçülərin günü olsa da, ona bir bayram deyə bilməcəyəyik. Çünki illərlə sürəcək böyük iztirabımız həmin gündən başladı. Ona bir matəm demək də qəbul edilməz. Çünki həmin gün bizə bu qədər sıxıntı arasında böyük bir imtahan vermək, ürəkləri ilə ürəksizləri ər meydanında sınaqdan çıxarmaq, yaxşı ilə yamanı ayırmaq fürsəti verdi. Türkçülər, kütləvi və ya fərdi olaraq 3 Mayı xatırlayaq və ucaldaq”.

1945-ci ilin martın 29-na kimi davam edən məhkəmə prosesində Türkiyə siyasətinin 23 önəmli şəxsi haqqında “vətənə xəyanət” maddəsi ilə həbs qərarı çıxarılır. Zeki Velidi Togan, Alparslan Türkeş, Nihal Atsız, Reha Oğuz Türkkan, Cihat Savaş Fer, Nurullah Barıman, Fethi Tevetoğlu, Nejdet Sançar, Cebbar Şenel və Cemal Oğuz Öcal kimi milli düşüncəli insanlar həbsxanalarda ağır işgəncələrə məruz qalırlar. Ancaq məhkəmə müddəti bununla başa çatmır. Məhkumların hüquqlarını qoruyan vəkillər onların azad edilməsi üçün üst məhkəmələrə müraciət edir. 1947-ci il martın 31-də məhkumlar bəraət alırlar.

1954-cü ildən isə Nihal Atsızın istəyi ilə hər il həmin gün Türkçülük Günü kimi qeyd olunmağa başlayıb.

 

Türk Mədəniyyəti və İrsi Fondunun töhfəsi

Təbiidir ki, türkdilli xalqların mədəniyyətinin və irsinin təbliği və təşviqi sahəsində aparıcı mövqe sərgiləyən Türk Mədəniyyəti və İrsi Fondu da hər il 3 may gününü rəngarəng tədbirlərlə qeyd edir. Bu il də ənənə pozulmayıb.

Ötən gün Bakıda, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Flarmoniyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Türk Mədəniyyəti və İrsi Fondunun və Filarmoniyanın birgə təşkilatçılığı ilə Türk Dünyasının Həmrəyliyi Gününə həsr olunmuş “Birlik ruhu” adlı konsert keçirilib.

Tədbirin əvvəlində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktoti Raimkulova çıxış edərək fondun fəaliyyətindən ətraflı danışıb, həmçinin konsertin təşkilinə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə təşəkkür edib.

Səhnədə dirijorlar Yalçın Adıgözəlov və Kanat Ömərovun (Qazaxıstan) rəhbərliyi ilə Niyazi adına Dövlət Simfonik Orkestri və “Turan” etnofolklor ansamblı çıxış edib. 

Konsertdə türk xalqlarının musiqi irsinin zənginliyini, mənəvi birliyini əks etdirən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Macarıstan, Özbəkistan və Türkmənistan xalq mahnıları və bəstəkarların əsərləri səsləndirilib.

Filarmoniyanın tamaşaçı ilə dolu zalı musiqi şedevrlərini çoşğun alıqşlarla qarşılayıb.

 

“Ədəbiyyat və incəsənət”

(04.05.2025)

 

 

  

Kanada Britaniya Kolumbiyası Azərbaycanlıları Cəmiyyəti yerli kitabxanalarda Azərbaycan dilində nəşrlərə qarşı tətbiq edilən qərəzli yanaşmaya etiraz olaraq petisiya hazırlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, petisiyada uzun müddətdir Kanadanın kitabxanalarında nə uşaqlar, nə gənclər, nə də böyüklər üçün Azərbaycan dilində heç bir nəşrin olmadığı bildirilib. Həmin kitabxanalara ədəbiyyatımıza aid nümunələrin bağışlanması üçün dəfələrlə müraciət edilsə də, əsassız səbəblərlə bu təkliflərə imtina verildiyi qeyd olunub.

Cəmiyyət Azərbaycan dilində kitabların Kanadada yaşayan soydaşlarımız üçün vacibliyini vurğulayaraq, bu qərəzli imtinaya dərhal son qoyulmasını tələb edib.

Petisiyaya aşağıdakı keçidə daxil olmaqla səs vermək mümkündür:

https://chng.it/cHbdr9KBQV

 

“Ədəbiyyat və incəsənət”

(04.05.2025)

 

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Gəncə və gəncəlilər" layihəsi çərçivəsində görkəmli xanəndə, Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının solisti Rövşən Behcətin əziz xatirəsi yad edilib. 

 

“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, gecədə Sahil Quliyevin dirijorluğu və bədii rəhbərliyi, Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının müşayiəti ilə Xalq artisti Şahnaz Haşımova, Əməkdar artist Kəmalə Tağızadə, solistlər Zəminə Mustafayeva, Azər Verdiyev,  Şirxan Cahangirov, Samir Məmmədov, İlham Qasımov, Xəyal Əliyev, Əli Məmmədov, Əziz Əhmədov, Seymur Hüseynovun ifasında Cahangir Cahangirov, Oqtay Kazımi, Ələkbər Tağıyev, Nəriman Həsənzadə, Əhsən Dadaşov, Novruz Feyzullayevin "Göygöl", "İntizar", "Ay qız", "Biri sənsən biri mən", "Şikayətim var", "Məhəbbət", "Yandırdı qəlbimi aman" mahnıları səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(03.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.