
Super User
Yunus Oğuzun “Çinqizxon və Jaloliddin” adlı kitabı Özbəkistanda işıq üzü görüb
Yazıçı-publisist, "Olaylar" qəzeti və eyniadlı agentliyin baş redaktoru Yunus Oğuzun özbək dilində yeni kitabı işıq üzü görüb.
Yunus Oğuzun “Ədəbiyyat və incəsənət” portalına verdiyi məlumata görə, nəfis şəkildə tərtib olunan "Çinqizxon və Jaloliddin" adlı kitab Özbəkistanın "BAYOZ" MMC şirkəti tərəfindən çap edilib.
“Ədəbiyyat və incəsənət”
(06.02.2025)
Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı – Anar SƏRT DANIŞDI
"Əlisa Nicat mənim atam Rəsul Rza haqqında da ağzına gələni danışırdı, ona şər atırdı. Halbuki sağlığında atamın yanından əl çəkmirdi, ətrafında fırlanırdı. Həmin Əlisadır. İndi də Səməd Vurğunu şərləyir".
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib. O, Xalq şairi ilə bağlı Əlisa Nicatın dediklərinə etiraz edib:
“Səməd Vurğun haqqında danışmaq üçün gərək adamın ləyaqəti olsun. Hər küçədən keçən böyük bir yazıçı haqqında ağlına gələni deyə bilməz. Təsadüfü adamların, cızma-qaraçıların böyük klassikləri təhqir etməsinə, küçə söyüşləri söyməsinə nə zaman son qoyulacaq?
Səməd Vurğunun oğulları yoxdur, mən sağam. İmkan verməyəcəm ki, Səməd Vurğun haqqında ağızlarına gələni danışsınlar.
Səməd Vurğun şöhrətli adamdır. Bilirlər ki, onun adını çəkib, 2 gün gündəmdə olacaqlar. Gündəmdə olmaq üçün təkcə Səməd Vurğunu yox, elə dədələrini də satarlar”.
Yazıçı Əlisa Nicata təqaüd verilməsindən də söz açıb:
“Əlisa Nicata 1 il təqaüd verdik. Ona görə də Yazıçılar Birliyini söyür. Bu da nanəcibliyin nümunəsidir. Əvvəlcə gəlib yalvarırlar, deyirlər, ehtiyacım var və s. Sonra da məlum olur ki, ehtiyacları da yoxdur. Tonlarla kitablarını nəşr edirlər. Əlisa təqaüdü alandan sonra deyir ki, Yazıçılar İttifaqı lazımsızdır. Əgər lazımsızdırsa, gəl üzvlükdən çıx da”.
Qeyd edək ki, yazıçı Əlisa Nicat Lent.az-a müsahibəsində Xalq şairi Səməd vurğunu yaltaq adlandırıb:
“1937-1938-ci illərdə Səməd Vurğunu tutmuşdular, sürgün edəcəkdilər. O vaxt hamıya yalandan “xalq düşməni” adı vururdular. Çünki Moskvadan verilən “planı” doldurmaq lazım idi. Yoxsa Səməd Vurğun çox yaltaq şair olub. Onun qədər yaltaq şair olmayıb. “Bütün yer üzünün xoş gələcəyi, hər zövqü, səfası partiyamızdır” - bunu Səməd Vurğun yazıb.
Hələ bunu deyən adamın heykəlini də qoyublar. Səməd Vurğun Cavidin, Müşfiqin əleyhinə nə qədər yazılar yazıb? Lakin Səməd Vurğunu da Bağırov xilas etdi. Qoymadı onu sürgün etsinlər”, - deyə o qeyd edib.
Daha sonra sözlərinə belə davam edib: “Sovet dövründə yazılanlar ədəbiyyat deyil. Hakimiyyətə yaltaqlıq idi. Müharibədə azərbaycanlıları qırırdılar. Guya SSRİ dostluq qalası idi. Elə deyildi axı. Hamı bir-birinə nifrət edirdi. Sovet dövrü ədəbiyyat yox, yaltaqlıq idi. Aralarında ən böyüyü Səməd Vurğun idi, yazmışdı ki, “Stalin eşqiylə nə qədər sağam, Stalin eşqinə yaradacağam”. Budur da yazdıqları. 40 milyon insanın cəlladına deyir ki, sənin eşqinə yaşayacağam”.
Yazıçının S.Vurğunla bağlı sözləri birmənalı qarşılanmayıb, o, tənqid hədəfinə çevrilib.
“Ədəbiyyat və incəsənət”
(05.02.2025)
İctimai birliklərlə iş sahəsində yeni çağırışlar müzakirə olunub
Azərbaycan Respublikası Milli Məclisi İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, komitədə keçirilən görüşdə ictimai birliklərlə iş sahəsində mövcud durum və perspektivlər müzakirə olunub. Yeni çağırışlara uyğun olaraq, QHT-lərin fəaliyyətini tənzimləyən bir sıra qanunlarda müvafiq əlavə və dəyişikliklərin edilməsinə zərurət olması barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Komitə sədrinin müavini Sahib Alıyev, Komitənin üzvü Azər Allahverənov, Komitənin eksperti Əkbər Qoşalı, Agentliyin icraçı direktorunun müavini Emil Çaparlı, Agentliyin Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı, mətbuat xidmətinin rəhbəri Ülviyyə Qarayeva iştirak edib.
Sonda İcraçı direktor Aygün Əliyeva Agentliyin maliyyə dəstəyi ilə ərsəyə gəlmiş bir sıra nəşrləri komitə sədri Fazil Mustafaya təqdim edib.
“Ədəbiyyat və incəsənət”
(05.02.2025)
MƏŞHUR TÜRKLƏR - Sultan IV. Murad: Qorxusuz sərkərdə, dəmir iradəli hökmdar
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Osmanlı tarixində sərt qaydaları və dəmir iradəsi ilə tanınan Sultan IV Murad 1623-cü ildə - cəmi 11 yaşında taxta çıxmış və qısa, lakin təsirli hakimiyyəti dövründə imperiyanı yenidən gücləndirmişdir. Onun adı qanun-qaydanı bərpa etməsi, içki və tütün qadağaları, eləcə də Bağdad səfəri ilə tarixə həkk olunub.
IV Muradın taxta çıxdığı illər Osmanlı tarixinin ən çətin dövrlərindən biri idi. Sarayda qətllər, xəzinənin tükənməsi və anarxiya hökm sürürdü. Dövlətin faktiki idarəsi əvvəlcə anası Kösem Sultan və vəzirlər heyətinin əlində idi. Lakin Murad böyüdükcə gücü ələ alaraq sərt idarə üsulu ilə ölkədə sabitliyi bərpa etdi.
Sultan IV Muradın hakimiyyətinin ən diqqətçəkən cəhətlərindən biri sərt qaydaları idi. O, dövlətin zəifləməsinin əsas səbəblərindən birinin tütün, içki və əxlaqsız həyat olduğunu düşünərək bu vərdişlərə qarşı sərt tədbirlər gördü. Axşamlar küçələrdə içki içən və ya tütün çəkənlərə qarşı ciddi cəzalar tətbiq etdi. Hətta bəzi rəvayətlərə görə, Murad bəzən gecələr paltarını dəyişib adi bir vətəndaş kimi şəhərdə gəzərək qaydaları pozanları öz gözləri ilə görürdü. Onun sərtliyi nəticəsində bir müddət paytaxtda asayiş tamamilə bərpa olundu.
IV Muradın ən böyük hərbi uğuru 1638-ci il Bağdad səfəri idi. O, uzun illər Səfəvilərin əlində olan Bağdadı almaq üçün böyük bir ordu topladı. Qışın sərt soyuğuna baxmayaraq, özü ön cəbhədə döyüşərək Osmanlı əsgərlərinə ruh verdi. Bağdad 40 günlük mühasirədən sonra Osmanlının əlinə keçdi. Bu qələbə Muradın həm sərkərdə, həm də döyüşçü kimi nə qədər güclü olduğunu göstərdi.
Sultan IV Murad cəmi 27 yaşında vəfat etdi. Bəzi mənbələr onun serroz xəstəliyindən öldüyünü desə də, digər mənbələr onun ölümünü saray içindəki zəhərlənmələrlə əlaqələndirir. Onun hakimiyyəti qısa sürsə də, Osmanlı dövlətinin zəifləməsinin qarşısını aldı və imperiyanı yenidən gücləndirdi.
Sultan IV Murad təkcə sərt hökmdar deyil, həm də musiqiyə, şeirə və sənətə marağı olan bir padşah idi. Əsərlərində “Muradi” təxəllüsündən istifadə edirdi.
O, Osmanlı tarixində qorxusuz döyüşçü, sərt qanunları olan padşah və nizam-intizamı sevən bir hökmdar kimi yadda qaldı. Əgər uzun müddət yaşasaydı, bəlkə də Osmanlı imperiyası daha uzun müddət gücünü qoruyub saxlaya bilərdi.
Sultan IV. Murad və qorxmaz gənc
Sultan IV Muradın adını eşidən hər kəs onun sərt qanunlarını, qorxmaz döyüşçü ruhunu və gecələr şəhəri təkbaşına gəzdiyini bilirdi. Bir gün o, yenə adi bir insan kimi paltarını dəyişib İstanbul küçələrinə çıxdı. Küçələr sakit idi, amma dar bir dalanda bir qrup adam pıçıltı ilə söhbət edirdi. Sultan səssizcə onlara yaxınlaşdı və qulaq verdi.
— Padşah çox sərtdir, bizə nəfəs almağa belə imkan vermir, — deyə biri dilləndi.
— Amma qorxuram, eşitmişəm ki, qanunu pozanları özü cəzalandırır, — digəri əlavə etdi.
Sultan Murad gülümsədi. İnsanların qorxduğunu bilirdi, amma o, ölkənin qayda-qanunla idarə olunmasını istəyirdi. Elə bu anda arxadan cəsarətli bir səs eşidildi:
— Padşah nə edirsə, xalq üçün edir! Osmanlı dövlətinin güclü olması üçün dəmir yumruq lazımdır!
Sultan Murad dönüb baxdı. Cavan bir oğlan idi. Gözü qətiyyətlə yanır, baxışları qorxu tanımırdı. Murad yaxınlaşdı və soruşdu:
— Sən niyə qorxmursan?
— Haqq olan yerdə qorxu olmaz! — oğlan inamla cavab verdi.
Sultan bir anlıq dayandı, sonra gülümsədi. Oğlanın çiyninə toxunub dedi:
— Sən qorxmazsan, cəsarətlisən. Sabah saraya gəl, səni görmək istəyirəm.
Ertəsi gün oğlan saraya getdi və Sultan Murad onu öz qvardiyasına qəbul etdi. O gündən sonra həmin gənc Osmanlının ən şücaətli əsgərlərindən birinə çevrildi. Murad isə bir daha anladı ki, xalq içində hələ də cəsarətli və sadiq insanlar var.
“Ədəbiyyat və incəsənət”
(05.02.2025)
Minimalist yaşamın kapitalizmə qarşı təsiri - TRİBUNA
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Bu isə yazımın ikinci baçlığıdır: “Həyatın Sadələşdirilməsi və İstehlak Çılğınlığı”
Bugünün dünyasında, insanları maddi sərvətlərə doğru çəkən kapitalizmin qarşısında sadə həyat tərzini seçənlər artan bir trendə çevrilir. Minimalizm, son illərdə daha çox insanın həyatına daxil olsa da, bu həyat fəlsəfəsi kapitalizmin istehlakçı mədəniyyətinə qarşı bir meydan oxuma kimi də qəbul edilir. Əgər kapitalizm sərvət əldə etməyi və istehlakı təşviq edirsə, minimalizm bu təzyiqə qarşı sadəlik və azla yetinməyi təklif edir.
Kapitalizm: Daha Çox İstehlak, Daha Çox İstehsal
Kapitalizm, əsasən maddi sərvətlərin yığılmasına və istehsalın artırılmasına yönələn bir sistemdir. Bu iqtisadi model, məhsul və xidmətlərin daha çox istehsalını təmin edir, amma nəticədə istehlakçıları daha çox alış-veriş etməyə və əşyaların sonsuz təkrarına təşviq edir. İstehlakçılıq, kapitalizmin bir nəticəsidir və bu, insanları daha çox mal almağa və maddi sərvətə yönəldir.
Sosial şəbəkələr və reklamlar, insanların daim yeni məhsul və xidmətlərə maraq göstərmələrini təmin edir. Kapitalizm insanları “daha çox əldə et, daha çox istehlak et” ideologiyası ilə tələyə salır. Bu isə, cəmiyyətin psixoloji və emosional sağlamlığına mənfi təsir göstərə bilər.
Minimalizm: Sadəlikdə Xoşbəxtlik
Minimalizm, sadəlik və qənaətə əsaslanan bir həyat tərzidir. Bu yanaşma, insanların həyatında yalnız əslində ehtiyac duyduqları şeylərə yer vermələrini təklif edir. Minimalizm tərəfdarları, daha az əşya ilə, daha çox ruhi və mənəvi məmnuniyyət tapmağa çalışırlar. Sadə bir həyat tərzi, yükləri azaldır və insanları daha məmnuniyyətli edir.
Bununla yanaşı, minimalist yaşamın digər müsbət tərəfləri də var. Eko-dostu bir yanaşma olaraq, minimalizm ətraf mühitin qorunmasına da töhfə verir. Az istehlak, daha az tullantı deməkdir. Bu, planetin daha sağlam olması üçün bir addımdır.
Kapitalizm və Minimalizm Arasında Nöqtə-İntiqamlı Qarşıdurma
Burada ortaya çıxan əsas məsələlərdən biri isə, kapitalizmin qarşısında minimalizmin necə uyğunlaşa bilməsidir. Kapitalizm hər zaman daha çox istehsal və istehlak etməyə yönəldir, amma minimalist həyat tərzi bu təzyiqlərə qarşı çıxır və daha az istehlakı müdafiə edir. Bu iki yanaşma, iqtisadi və sosial baxımdan ciddi fərqliliklərə malikdir.
Bununla yanaşı, insanlar kapitalizmin təklif etdiyi maddi sərvətləri əldə etməklə yanaşı, həyatlarına daha çox sadəlik və rahatlıq gətirmək üçün minimalist yanaşmaları da həyatlarına daxil edirlər. Bu şəkildə, minimalist düşüncə və kapitalizmin təklif etdiyi maddi imkanlar arasında müəyyən bir harmoniya yaratmaq mümkündür.
Minimalist Yaşamın Kapitalizmdən Hansı Mövqedə Üstünlüyü Var?
Minimalist yaşamın kapitalizmə qarşı yaratdığı ən böyük üstünlük, insanların daha az istehlak etməyə yönəlməsi ilə əlaqədardır. Minimalist düşüncə, şəxsi həyat keyfiyyətini artırmağa və yalnız lazım olan şeylərlə həyat sürməyə çalışır. Kapitalizm isə maddi sərvətə dayalıdır və davamlı istehlakı təşviq edir.
Bununla belə, minimalizm və kapitalizm arasındakı qarşıdurma, sadəcə iqtisadi deyil, həm də psixoloji bir məsələdir. İnsanların həyatında daha az maddi yük və daha çox daxili məmnuniyyət tapması, minimalist yanaşmanın əsl mahiyyətidir. Kapitalizm isə, insanların davamlı olaraq daha çox istehlak etməyə yönəldiyi bir sistem olaraq, təkrarlanan alış-verişlərlə əlaqədar olan təzyiqləri artırır.
Nəticə: Həyatın Sadələşdirilməsi və İstehlak Mədəniyyəti Arasında Düzgün Bir Tarazlıq Tapıla Bilərmi?
Minimalizm və kapitalizm arasındakı bu qarşıdurma, müasir dövrün ən böyük sosial və iqtisadi dilemmalarından biridir. Lakin hər iki yanaşmanın da öz üstünlükləri və çətinlikləri vardır. Kapitalizm, cəmiyyətin inkişafını sürətləndirə bilər, amma bununla yanaşı insanları maddi təzyiqlərə və artıq istehlaka yönəldir. Minimalizm isə daha azla məmnun olmaq və həyatın mənəvi tərəflərinə fokuslanmaq istəyir, amma kapitalizm şəraitində bu yanaşma müəyyən çətinliklərlə üzləşə bilər.
Bəlkə də, gələcəkdə kapitalizmin təklif etdiyi maddi imkanlarla birlikdə, minimalist həyat tərzi ilə daha balanslı və harmonik bir yaşam sürmək mümkündür. Bu iki yanaşmanın birləşdirilməsi, həm ekoloji cəhətdən, həm də psixoloji olaraq daha sağlam bir həyat tərzini təmin edə bilər.
“Ədəbiyyat və incəsənət”
(05.02.2025)
PA – UORREN BAFFET: “Heç vaxt başqalarına qulaq asmayın”
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Uorren Baffetdən «Uğur qazanmaq qaydaları». Hər gün cəmi bir qayda. Çünki bu qaydalar sadəcə oxuyub üstündən keçmək üçün deyil, yaddaşa yazıb əməl etmək üçündür.
3-cü qayda:
Heç vaxt başqalarına qulaq asmayın
«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.
Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»
Daha əvvəl təqdim edilən qaydalar:
1-ci qayda:
Unutmayın – həmişə özünə investisiya qoymaq lazımdır!
«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».
2-ci qayda
«Yox!» deməyi öyrənin
«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».
“Ədəbiyyat və incəsənət”
(05.02.2025)
GAP Antologiyasında Mehdi Sırdaşın “Yara” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Mehdi Səhəndidir.
Mehdi Sırdaş
Təbriz
YARA
Dayanma vur, vur yenə, vur!
Hər nə yaran vardı mənə.
Mən yaralar övladıyam
Yaran etibardı mənə.
Həyatım nəzirdi yara,
Sanma rahatdı sanmışam.
Düzün dilərsən mələyim,
Mən yaradan yaranmışam.
Rol oynamaq gərək deyil,
Aramıza düşüb ara.
Mən səndən küskün deyiləm,
Gələn gəlir qəlbi yara.
Halal-halal halallaşıb,
Ayrılaraq haram oldun.
Düzməcəmi tamamlayıb,
Sən ən böyük yaram oldun.
Damğalayıb həyatımı,
Buraxdın ortalıqlara.
Səndən anladığım olub,
Yara, yara, yara, yara...
“Ədəbiyyat və incəsənət”
(05.02.2025)
BİRİ İKİSİNDƏ – Həyat Şəminin publisistikası
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə Həyat Şəminin “Tam Anlamıyla Anar” yazısını təqdim edəcəyik.
İstanbulda yazıçı Anarla qarşılaşdım. 18 oktyabr tarixində Hyatt Centric (Levent) otelində “Son mənzili İstanbul olan azərbaycanlılar” kitabının təqdimat mərasimi keçirilirdi. Mən də dəvətli idim. Kitab XX əsrin əvvəllərində Türkiyəyə köç etmiş, son nəfəsinədək vətənimizin istiqlalı amalına sadiq qalmış və bu yolda yorulmadan mücadilə etmiş azərbaycanlı mühacirlərin əziz xatirəsinə ithaf olunub. Bəndənizin adını da, redaktor kimi kiçik bir zəhmətini dəyərləndirərək, kitaba salmışlar. Sağ olsunlar dəyər verənlər.
Kitab Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş konsulluğunun təşəbbüsü və Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə nəşr edilib. Çox maraqlı və ağır zəhmətin nəticəsində araya-ərsəyə gəlmiş bir əsərdir. Kitabın müəllifi tədqiqatçı-yazar Dilqəm Əhməddir. Məzar yerlərinin təsbiti və fotoşəkillərin çəkilməsi də müəllifin gərgin əməyinin məhsuludur. Bu kitab qiymətli bir əsər kimi tarixi hadisədir. Yeri gəlmişkən, bir daha Dilqəm Əhmədi təbrik və təqdir edirəm.
Kitab Azərbaycanın Şuşa şəhərində doğulmuş və istiqlal tariximizdə önəmli rol oynamış Əhməd bəy Ağaoğlu və onun ailəsinin tanıtımı ilə başlayır. Bu ailənin üzvləri İstanbulda Feriköy İslam məzarlığında uyuyurlar. Kitabı redaktə etdikcə bir qarabağlı kimi həmvətənlərimin və Azərbaycanımın aydınları ilə qürur hissi keçirdim. Onu da deyim ki, Füzuli rayonunun Gecəgözlü kəndindənəm. Gecəgözlülər isə Qarabağ xanlığında mühüm yer tutan Cavanşirlər sülaləsinin Gecəgözlü tirəsinin davamçılarıdır. Bizim əslimiz-kökümüz, ulu əcdadlarımız Şuşadan, Qarabağ xanlığından gəlmədirlər.
İstanbulun bütün məşhur məzarlıqlarında uyuyan azərbaycanlılar araşdırılmış və adları bir-bir kitaba daxil edilmişdir: Feriköy İslam məzarlığı, Karaca Ahmet məzarlığı, Seyit Ahmet, Zincirlikuyu, Edirnekapı, Sakızağacı məzarlıqları, Yehya Efendi Dərgahı, Büyükada, Bülbüldere, Eyüp, Fatih, İhlamurkuyu, Kartal, Dedeler və Bakırköy məzarlıqları. Azərbaycan xalqının istiqlal, azadlıq, kültür yolunda canlarını fəda etmiş aydınları və onların ailələri bu məzarlıqlarda uyuyurlar.
318-ci səhifədə məşhur Rəfibəylilər şəcərəsinin hərbçi nümayəndəsi və fəxri Səməd bəy Rəfibəylinin (Sayqın) adı keçir.
Tədbirin reallaşacağı salona daxil olanda Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllimi gördüm. Doğma bir adamımı görmüş kimi ona tərəf yeridim. Kübarcasna salam verib əl tutdum. Həyat yoldaşım Mehmet Sönməzə Anar müəllimi təqdim etdim. Onlar da isti görüşdülər (əslində, bu, onların ikinci görüşü idi. İlk görüşləri 08 noyabr 2023-cü ildə Pendikdə keçirilən Zəfər proqramında olmuşdu). Anar müəllim üzümə baxıb duruxdu, sanki kim olduğumu xatırlamağa çalışdı. Anlayan kimi hər zamankı tavrımla “Mən Həyatam” dedim. “Həyat Şəmi”. Elə bil Anar müəllimin gözlərinə işıq yayıldı, dodaqlarına gülüş qondu, gülümsədi… O anda 1999-cu ilin mart ayında gənc yazarlardan bir neçəsi ilə Anar müəllimin AYB-dəki otağında baş tutan ilk şəxsi tanışlığımızı xatırladım. Mən o zaman da özümü təqdim edərkən Anar müəllim, indiki kimi gülüməsəyərək xoş bir ifadə ilə “Həə, adını eşitmişəm bu yaxınlarda. Həyat Şəmi sənsən? Bax, nə qədər simpatik bir gəncsiniz. Mən saçları dağınıq, üstü-başı səliqəsiz birini gözləyirdim” demiş, ardınca da gülərək “adətən, şair-yazarları belə görürük, təbii bir dağınıqlıqla” deyə əlavə etmişdi. Həm mutlu olmuş, həm də tam anlamıyla anlamışdım Anar müəllimi. O zaman ilk dəfə idi ki, Anar müəllimi belə yaxından görürdüm. Gənclik hərarəti ilə çox sevinmişdim (Və o vaxt- 2000-ci ildə, 10 nəfər gənc yazara Prezident təqaüdü veriləndə mənim adım siyahıya yeganə xanım yazar olaraq salınmışdı. Heç xəbərim də olmamışdı, bunu hər kəs bilir. Qohumlarım adımı efirdən eşidib mənə zəng etmişdilər. Elə sevinmişdim ki, uçmağa qanadım olmamışdı. Məni dəyərləndirən Anar müəllim və Ayaz Vəfalı olmuşdu. Bu gün onlara bir daha dərin təşəkkürümü bildirirəm. Üstündən 25 il keçib o görüşün. Ondan sonra Anar müəllimi çox tədbirlərdə, AYB-nin pilləkənlərində, Natəvan klubunda lap yaxından görmüşdüm. Ötən 25 il ərzində onun otağının qapısını hər hansı bir xahiş və ya arzu-istəyimlə bağlı döymədim. Etiraf edək ki, bu cür hallar şair-yazarlar arasında çox yaşanır.
Anar müəllimə, mən Həyat Şəmiyəm deyəndə üzündəki işıq mənə də sirayət etdi. Əziz adamımı görmüş kimi üzümə nur doldu. “Bakıya gələndə bir AYB-də məni də ziyarət edərsən, yaxşımı?” – dedi. Son dəfə bu yaxınlarda 29 sentyabr-07 oktyabr arasında Bakıda olmuşdum, bir həftəlik. O zaman Anar müəllimlə görüşmədiyim üçün bu gün utandım onun qarşısında. Son səfərimdə Elçin Hüseynbəyli, Qulu Ağsəs, İlqar İlkinlə hal-əhval tutdum AYB-də. Amma Anar müəllimin otağına tərəf belə getmədim. Düşünürdüm ki, indi yanlış anlayan olacaq. Sanki ondan bir təmənnam var – filan deyə?! Hətta Bakıdaykən DGTYB-nin 25 illik yubiley tədbirinin keçirildiyini eşitdim və dəvət olunmasam da, o tədbirə qaça-qaça getdim. Yeri gəlmişkən DGTYB-nin yaradıcılarından olmuşam (1998). Türk dünyasının onlarla yazar və şairlərinin əsərlərini (Ali Akbaş (şeirlər), Raisa Sarbi (Çuvaşiya: şeirlər kitabı), Robert Minnullin (Tatarıstan: şeirlər kitabı) Daniya Nağımullina (şeirlər), Elvira Hadıyeva (şeirlər), İlya İkonnikov (Quzey Arxangelsk: şeirlər), Razil Vəliyev (Tatarıstan: şeirlər kitabı), Tuğrul Tanyol (Türkiyə: şeirlər kitabı), Əbdürrahim Karakoç (Türkiyə, şeirlər) və unutduğum daha kimlər…) Azərbaycan dilinə çevirmişəm. Ən son tərcüməm isə Vyaçeslav Al-Serginin iki hekayəsi olub (“Üç general” və “Nənəmin əziz xatirəsinə” hekayələrini ruscadan Azərbaycan dilinə çevirmişəm). DGTYB də sağ olsun, daim olsun…
Yuxarıda qeyd etdiyim kimi, 318-ci səhifə Rəfibəylilər şəcərəsinin nümayəndəsi Səməd bəy Rəfibəyli ilə başlayırdı. Anar müəllimin anası Nigar Rəfibəylinin ailə şəcərəsindən olan şəxslə. Səməd Rəfibəyli Cümhuriyyət Ordusunun Qarabağdakı 1-ci Cavanşir piyada alayının komandiri kimi 1920-ci ilin mart və aprel aylarında Xankəndi və Əsgəranda milli hökumətimizə qarşı qiyam qaldırmış erməni daşnakları ilə döyüşlərdə şəxsi qəhrəmanlıq göstərənlərdən olub. Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) süqutuna kimi “podpolkovnik” hərbi rütbəsində 1-ci piyada diviziyasının 1-ci Cavanşir piyada alayının komandiri olub. Azərbaycanda Sovet hakimiyyəti qurulduqda Səməd bəy bununla barışmayıb, 1920-ci ilin iyun ayında rus bolşevikləri ilə erməni daşnaklarının birləşmiş qüvvələrinə qarşı Qarabağ üsyanında qeyri-bərabər döyüşlərdə peşəkar zabit kimi vuruşub. Üsyan yatırıldıqdan sonra isə S.Rəfibəyli komandiri olduğu hərbi hissənin yerdə qalan bir qrup heyəti ilə birlikdə Türkiyəyə keçib. Orda hərbçi kimi fəaliyyətini şərəflə davam etdirib və 19 yanvar 1980-ci ildə, 88 yaşında İstanbulda vəfat edib.
Anar müəllimin bu tədbirə xüsusi dəvətinin səbəbini də kitabdakı bu bölümlə əlaqələndirdim. Səməd bəy Rəfibəyli, Gəncədə “El atası” adlandırılan Ələkbər bəy Rəfibəylinin kiçik qardaşı Məşədi bəyin oğlu, Cümhuriyyət zamanında Gəncənin xalq qubernatoru olmuş Xudadat bəy Rəfibəylinin əmisi oğludur. Nigar Rəfibəylinin atasının, yəni Xudadat bəyin dostdoğma əmisinin oğludur.
Gəncənin böyük Rəfibəylilər ailəsinin, sülaləsinin çox parlaq nümayəndəsi idi Nigar Rəfibəyli. Ulu öndər Heydər Əliyev Gəncə səfəri zamanı Sərdar bağında Nigar xanım Rəfibəylinin abidəsinin açılış mərasimində iştirak edərkən çıxışında Gəncənin tarixi haqqında danışaraq Rəfibəylilərin xüsusi yerini qeyd edib. Nigar xanımın da bu şəcərənin davamçısı olaraq Azərbaycan xalqına sədaqətlə xidmət etdiyini və Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlər göstərdiyini bildirib: “Ancaq onun ailəsinin həyatı da faciəli olmuşdur. Gəncəlilərə həm qəhrəmanlıq qismət olmuşdur, həm də, təəssüflər olsun ki, faciələr, repressiyalar da qismət olmuşdur. İyirminci illərin repressiyalarında, otuzuncu illərin repressiyalarında çox dəyərli gəncəlilər – ziyalılar məhv edilmişdilər. Onlardan biri də Nigar xanımın atası Xudadat bəy Rəfibəyli – Azərbaycanın ilk müstəqil hökumətində, Xalq Cümhuriyyətində nazir vəzifəsini tutmuş bir insan repressiya qurbanı olmuşdur. Ancaq tarix hər şeyi öz yerinə qoyur. Repressiya qurbanı olmuş Xudadat bəy Rəfibəylinin qızı Nigar xanım Rəfibəyli böyük yol keçmiş, Azərbaycan mədəniyyətinin inkişaf etməsi uğrunda çalışmışdır”.
Anar müəllimlə İstanbuldakı görüşümüz məni haradan-haraya apardı. Məmnun oldum, xatırladım və bu səmimi yazını yazdım. Siz də oxuyun, dedim. Bakıya gedən kimi ilk görüşəcəyim insan Anar müəllim olacaq, inşallah!
“Ədəbiyyat və incəsənət”
(05.02.2025)
Oğuz rayon Mərkəzi Kitabxanasında keçirilmiş iki tədbir barədə
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
4 fevral tarixdə Oğuz rayon MKS-nin kənd kitabxana filiallarında "Konstitusiya və Suverenlik ili" ilə əlaqədar “2025-ci il Konstitusiya və Suverenlik ilidir" adlı məlumat saatları keçirilib.
Tədbirlərin təşkilində məqsəd oxuculara konstitusiyanın Azərbaycan tarixindəki rolu, həmçinin dünyada müstəqil və suveren dövlət kimi tanınmağımız üçün görülmüş işlər haqqında məlumat vermək idi.
Məlumat saatında oxucular və qonaqlar kitabxanalarda “Konstitusiya və Suverenlik ilinə” aid təşkil olunmuş sergilərlə də tanış olublar.
Həmin gün həmçinin Oğuz rayon Mərkəzi Kitabxananın uşaq şöbəsi Tərəqqi Tədris Mərkəzində "Bizim nağıl dünyamız" adlı nağıl saatı keçirib.
Şöbənin əməkdaşları uşaqlara "Bağça", "Xoşbəxt arı", "Turp", "Göbələk", "Şir və siçan", "Dörd usta qardaş" nağıllarını oxuyublar.
Sonra uşaqlar “Pamuk prenses”, “Hiyləgər tülkü” və digər nağılları danışıblar. Nağıl saatı uşaqlar üçün çox maraqlı keçib.
“Ədəbiyyat və incəsənət”
(05.02.2025)
TMİF - Feyza Hepçilingerler ilə Halidə Edib Adıvar haqqında söhbət
Enver Aykol, “Ədəbiyyat və incəsənət” portalının Türkiyə təmsilçisi
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsi olan TÜRK MƏDƏNİYYƏTİ ÜMLÜLƏRİndə bu gün Türkiyə ədəbiyyatının görkəmli qadın nümayəndəsi Halidə Edib Adıvar barədə danışacağıq. Müsahibim ünlü yazarın araşdırmaçısı Feyza Hepçilingerlerdir.
-Sizi salamlayıram. Kitabın giriş hissəsində heç bir əsəriniz üçün bu qədər zəhmət çəkmədiyinizi deyirsiniz. Bəs, ortaya çıxan nəticə sizi qane etdimi? İllərlə davam edən zəhmətinizin qarşılığını aldığınızı düşünürsünüzmü?
-İllərlə çəkilən zəhmətlə ortaya çıxan kitab, əslində, mənim deyil, Halidə Edibin kitabıdır. Ona görə də, mənim hansısa bir qarşılıq gözləməyim mənasız olardı. Halidə Edibin jurnal səhifələrində qalmış, artıq asanlıqla tapılması mümkün olmayan yazılarını gün üzünə çıxarmaq, onları akademiklərin, tədqiqatçıların və Halidə Edib oxucularının marağına, istifadəsinə təqdim etmək məqsədim idi; bunu bacardım. Bütün bu səylərimə, ədəbiyyat tarixi divarındakı qırıq bir kərpicin yerinə qoyulması üçün edilən bir cəhd də demək olar; sadəcə bu qədər...
-Halidə Edibin Böyük Məcmuə və Yedigün jurnallarındakı rolu nə idi? Bizə danışa bilərsinizmi?
-Böyük Məcmuə çox çətin şəraitdə, dövrün cəsarətli iki gənci olan Səbiha və Zəkəriyyə Sərtəl tərəfindən nəşr olunurdu. O dövrdə Zəkəriyyə bəydən 6, Səbiha xanımdan 11 yaş böyük olmasına baxmayaraq, Halidə Edib də hələ 35 yaşında idi, lakin baş məqalələri yazmağı öhdəsinə götürərək onlara dəstək olmaqdan və böyük bir məsuliyyət altına girməkdən çəkinmirdi. Böyük Məcmuə nəşr edildiyi zaman Zəkəriyyə bəy Bəkirağa bölüyündə həbsdə idi. Ömər Seyfəddin, Rəşad Nuri, Falih Rıfkı, Fuad Köprülü, Yusif Ziya, Orxan Seyfi, Rüşən Eşrəf, Faruq Nafiz kimi dövrün tanınmış yazarlarının yer aldığı jurnalın baş məqalələrini yazmaq riskini gözə alan Halidə Edib, bunu Səbiha xanıma özü təklif edir və jurnal üçün hər həftə yazmağa başlayır. İşğal altındakı İstanbulda senzura basqısı altında Böyük Məcmuənin nəşr olunması, bir az da Halidə Edibin göstərdiyi bu cəsarətlə mümkün olmuşdu.
Yedigün jurnalında isə vəziyyət fərqli idi. İşğal bitmiş, müharibə qazanılmış, Cümhuriyyət qurulmuşdu. Çox satılan, geniş oxucu kütləsi olan populyar bir nəşr olan Yedigün jurnalında yazmaq artıq təhlükəli deyildi. Halidə Edib həyat yoldaşı ilə birlikdə ölkədən kənarda idi və Avropada getdiyi, gördüyü hər yeri və hər şeyi yazır, Türkiyə ilə müqayisə edərək təəssüratlarını bildirirdi. Böyük Məcmuədə üzərinə götürdüyü ağır bir məsuliyyət idi; Yedigündə isə vətəni ilə arasındakı məsafəni azaltmaq, ona yaxın olmaq istəyi...
-Halidə Edibin dövrün ədəbiyyatına dair dəyərləndirmələrini, Qərb ədəbiyyatı ilə müqayisələrini, Yakup Kadri, Falih Rıfkı kimi önəmli adlarla yanaşı, gənc yazarlara yönəlik yazılarını da nəzərə alsaq, onu böyük bir ədəbiyyat tənqidçisi adlandırmaq doğru olarmı?
-Halidə Edibin Böyük Məcmuədə yazdığı 1919-cu ildə Yakup Kadri, Ziya Gökalp, Ömər Seyfəddin, Falih Rıfkı, Rəfiq Həlid kimi ədiblər hələ ən önəmli əsərlərini yazmamış gənc yazıçılar idilər. Rəfiq Həlid yalnız Anadolu sürgününü yaşamış, hələ ölkədən qovulmamışdı. Yakup Kadri isə onu Yakup Kadri edən heç bir romanını hələ qələmə almamışdı, “ruh tənhalığını”, “daxili sarsıntılarını” əks etdirən Fecr-i Ati dövrünün bir yazıçısı idi. Halidə Edib dövrünün bu iki dost yazıçısını Qərb ədəbiyyatındakı bənzərləri ilə müqayisə edir və açıq şəkildə deməsə də, onları bir qədər geridə görürdü. Yakup Kadrinin “bu mistik sənət mərhələsində əbədi qalacağına” inanmasa da, hansı istiqamətə gedəcəyini proqnozlaşdırmaqdan çəkinirdi. Falih Rıfkını Atəş və Günəş, Rəfiq Həlidi isə Kirpinin Dedikləri əsərlərinə görə bəyənirdi, amma ən çox təriflədiyi Mehmet Emin idi. Saf bir türkçə ilə, dövrün tələb etdiyi “milli” üslubda danışan Mehmet Emini alqışlamaqdan çəkinmirdi. Böyük Məcmuədəki ədəbiyyat mövzusunda yazılarına baxaraq, Halidə Edibin diqqətli bir tənqidçi olduğunu söyləyə bilərik.
Yedigündə yazdığı dövrdə, yəni 1930-cu illərin ikinci yarısında isə Avropada olduğu üçün yaxından izləyə bilmədiyini düşündüyüm Türk ədəbiyyatı haqqında heç bir dəyərləndirmə aparmırdı. Ona müraciət edən gənc yazıçılara yalnız məsləhətlər verməklə kifayətlənirdi. Nəticə etibarilə, Halidə Edibi böyük bir ədəbiyyat tənqidçisi adlandıra bilməsək də, dünya ədəbiyyatını, xüsusilə İngilis ədəbiyyatını yaxşı tanıyan, ədəbiyyatın içində yaşayan və bu səbəbdən önəmli dəyərləndirmələr aparan bir yazıçı olduğunu deyə bilərik.
-Qadın hüquqlarından siyasətə, rəqs və teatrdan iqtisadiyyata, səyahət yazılarına qədər Halidə Edibin çox sayda yazısı var. Çox yönlü bir qadınla qarşı-qarşıyayıq.
-Haqlısınız, Halidə Edib həqiqətən çox yönlü bir insandır. O, hər şeyi bildiyini iddia etmir, bilmədiyi mövzularda hökm verməyə çalışmır. Məsələn, dil haqqında “...dil elmi başlı başına bir elmdir” deyərək “müzakirə etməyə səlahiyyəti” olmadığını bildirir. Amma sadaladığınız sahələrdə həm kifayət qədər biliyi, həm də fikri var və düşündüklərini söyləmək üçün cəsarətlidir.
-Halidə Edibin Robinzon Kruzo ilə Həy bin Yəqzan arasındakı bənzərlikdən bəhs etdiyi yazısı xeyli diqqətçəkicidir. Bəs, sizin bu mövzudakı fikirləriniz nədir?
-Halidə Edib demək istəyir ki, tənha bir adada, tək başına qalmış bir insanın həyata tutunmaq mübarizəsini anlatan bir romanı Daniel Defoe-dan əvvəl bir ərəb yazıçısı yazıb. Onun bunu niyə söylədiyini anlamaq çətin deyil. Əsərlərində tez-tez vurğuladığı (xüsusilə Sinekli Bakkalda) əsas mövzulardan biri olan Şərq-Qərb qarşılaşdırmasında Şərq mədəniyyətinin haqsızlığa məruz qaldığını düşündüyü üçün Şərqi müdafiə etmək, Qərbin qarşısında Şərqin gücsüz və aciz olmadığını sübut etmək istəyir. Lakin bunu səhv ifadə edir: Bu mövzuya həsr etdiyi yazının başlığı İlk Robinzon Kruzodur. Həyat yoldaşı Adnan Adıvarın (Gerçi o, “həyat yoldaşım” yox, “dostum” deyir) ona ərəb dilində fəlsəfi bir roman gətirdiyini söylədikdən sonra, “Oxuyar-oxumaz ilk Robinzonu XII əsrdə bir ərəb filosofunun yazdığını gördüm” deyir. Halbuki Robinzon xüsusi addır, Daniel Defoe-nun roman qəhrəmanının adıdır. Eyni mövzu Daniel Defoe-dan 600 il əvvəl işlənmiş ola bilər, amma o əsərin adı Robinzon deyil (və həqiqətən də deyil; əsərin adı Həy bin Yəqzandır). Şekspirin Hamletdə işlətdiyi bir mövzunu başqa bir əsər də işləyibsə, “İlk Hamlet filankəsin əsəridir” deyə bilərikmi? Robinzon bir janr adı deyil, konkret bir obrazın adıdır. İbn Tufeylin Həy bin Yəqzan əsərinin Robinzon Kruzo romanına bənzədiyi qədər Rudyard Kiplinqin Cəngəllik Kitabına da bənzədiyini yenə Halidə Edib özü söyləyəcək. Üstəlik, mən mövzu xaricində bu iki əsər arasında heç bir oxşarlıq tapmadım. Hər iki kitab “tənha bir adada təkbaşına yaşamaq” mövzusunu işləyir, amma qəhrəmanların adaya düşmə səbəbləri də, macəralarının sonu da tamamilə fərqlidir.
-Halidə Edibi Türk feminizminin inkişafında bir dönüş nöqtəsi olaraq görə bilərikmi?
-“Feminizm” sözünü heç vaxt işlətməsə də, Halidə Edibin qadın hüquqlarının müdafiəçisi olduğunu rahatlıqla söyləyə bilərik. O, qadın hüquqlarını sivilizasiyanın ayrılmaz bir hissəsi kimi görürdü. Hətta qadın və kişi universitetlərinin birləşməsi ilə bağlı nə düşündüyü soruşulduqda, “Əgər Avropa sivilizasiyasına mənsub olmağın tələblərini yerinə yetirə bilməyəcəyiksə, elə Orta Əsrlərdə və ibtidai vəziyyətdə qalaq” deyəcək qədər sərt və güzəştsiz bir mövqe sərgiləməkdən çəkinmirdi.
-Qadın və qadın hüquqları Halidə Edibin tez-tez toxunduğu mövzulardandır. Onun yazılarında ideallaşdırdığı qadın necə olmalıdır? Bizə onun ideal qadın anlayışından bir az bəhs edə bilərsinizmi?
-O, parazit və davakar qadın tiplərindən xoşlanmır, güclü qadınları dəyərləndirirdi. London meyxanələrinin qarşısında gördüyü yaşlı və sərxoş qadınlara acıyan gözlə baxırdı. Kişilərdən, əzilmiş analarının intiqamını almağa çalışan “yeni qadın” tipini də bəyənmirdi. Bu yeni qadın tipinin gənc və subay bir kişiyə “ilişdiyi” evdən qaçarcasına çıxırdı. Köhnə kitab satan bir qocanın acıdil arvadını “qadana kimi bir şey” deyə təsvir edirdi. Amma qadınlarla bağlı düşüncələri ən çox “Topqapı xalqının müxtəlif nəsilləri arasındakı gözəçarpan fərqlər”i izah edərkən ortaya çıxırdı. Məsələn, yaşı 40-45 arasında olan, təmiz üzlü, ailəsini dolandıran kişilərə xas məsuliyyət daşıyan qadınlar üçün “mənim ən çox hörmət etdiyim tip” deyirdi. Amma müqayisə etdiyi iki gənc qızdan biri haqqında “Bu, heç hörmət etmədiyim bir tipdir” deyir və onun haqqında düşündüklərini “Bəslənmiş qaz kimi yırğalana-yırğalana gəldi, keçdi” kimi bir bənzətmə ilə ifadə edirdi. Bu tipin cinsiyyətinin gücünə güvənərək ərini istismar edəcək “parazit” bir qadına çevriləcəyini söyləyirdi. İdeal qadın obrazını isə belə təsvir edirdi: “Üstündə təmiz ütülü bir kətan kostyum, ayaqlarında sandallar, kürən saçları oğlan uşağı kimi qısa kəsilmiş, arxaya düz daranmış, şəffaf gözləri süzülmədən, büzülmədən insanın üzünə adam kimi baxır.” Yəni onun ideal qadın tipi bir qədər erkəksayağı bir görünüşə malik idi.
-Halide Edibin Nitşe haqqındakı fikirləri də diqqətçəkən digər bir məqamdır. Onun Nitşeyə qarşı mənfi baxışı haqqında nə düşünürsünüz?
-Halide Edibin Nitşe haqqında yazısının yayımlandığı 1 avqust 1939-cu ildən düz bir ay sonra, 1 sentyabr 1939-cu ildə Alman ordularının Polşaya hücumu İkinci Dünya müharibəsinin rəsmi başlanğıc tarixi kimi qəbul edilir. Halide Edib həmin dövrdə gərginliyin fərqindədir və müharibənin ideoloji əsaslarını hazırlayan Nitşeni günahlandırır. Ona görə, Nitşenin fövqəlbəşər (Halide Edib bu ifadəni “fevkalbeşer” kimi işlədib) düşüncəsi güclü fərdin öz inkişafına mane olan hər şeyi əzməsini haqlı göstərir. Nitşe (Halide Edib onun adını “Niçe” kimi yazır) yalnız güclü olanın üstün olacağını, digərlərinin isə sadəcə bir sürü təşkil etdiyini bildirir, eyni zamanda qadının kişi ilə bərabər ola bilməyəcəyini, çünki qadında iradə və qüdrət olmadığını iddia edir. Halide Edib bu düşüncənin İngiltərə və Fransada qəbul edilmədiyini, İtaliyada isə qəbul olunduğunu, Almaniyada isə Hitleri bəslədiyini qeyd edir. O, almanların özlərini “millətlərdən üstün millət” hesab etmələrinin digər xalqları istismar etməyə, dünyanı öz həyat məkanı kimi görməyə başlamalarına səbəb olduğunu düşünür. Ona görə, bütün bu ayrı-seçkiliyə səbəb olan ideyaları Nitşenin düşüncələri qidalandırır.
-Oxucuların Halide Edib haqqında ən çox maraqlandığı məsələlərdən biri də Amerika mandatı məsələsidir. Sultanahmet mitinqini və Qurtuluş müharibəsinə verdiyi dəstəyi nəzərə alsaq, Halide Edibin mandatçılığı müdafiə etməsinin səbəbləri sizcə nələrdir?
-Amerika mandatını müdafiə etdiyi dövr Qurtuluş müharibəsindən əvvəlki çarəsizlik dövrüdür... Daha sonra Sultanahmetdə kütlələri coşduracaq, cəbhədə onbaşı, hətta çavuş rütbəsinə qədər yüksələcək. Lakin İstanbulun işğalı günlərində Osmanlının yaşadılacağına olan ümid çoxdan tükənmişdi və başqa bir çıxış yolu axtarılırdı. O dövrdəki çarəsizliyin miqyasını başa düşmək üçün Halide Edibin İtilaf dövlətlərinə, yəni İstanbulu işğal edən düşmənə müraciət edərək yazdığı məktubu oxumaq lazımdır. Düşməndən kömək diləyəcək qədər böyük çarəsizliyin arxasında hər tərəfdə illərlə davam edən müharibələrdən sonra artıq döyüşəcək gücün qalmadığına inam dayanırdı. O, İtilaf dövlətlərindən Osmanlını yaşatmaq üçün deyil, “xoşbəxt və azad bir Türkiyə” qurmaq üçün dəstək istəyirdi. Bu məktub, əslində, Halide Edibin mandat düşüncəsinə necə gəldiyini də izah edir. O, İkinci Dünya müharibəsinin imperialist bir bölgü savaşı olduğunu düşünmür. Ona görə, İkinci Dünya müharibəsi “millətlərin hüququ, böyük və davamlı prinsiplərin qələbəsi üçün” aparılmışdı; İtilaf dövlətləri “millətlərə hüquq gətirir, mənfəət və yalan siyasətinə son qoyurdu”. “Rumların Yunanıstanı, ermənilərin Ermənistanı, ərəblərin Ərəbistanı var. (...) Türkün Türkiyəsi haradadır?” deyə soruşur. Qalib dövlətlərin digər xalqlara yardım etdiyi kimi, türklərə də Türkiyəni qurmaq üçün kömək etməsini istəyir. ABŞ-ın o dövrdə hələ tam üzə çıxmamış imperialist siyasətinin fərqində deyil. Mandat düşüncəsini müdafiə edərkən də bir romançının romantizmi ilə yalnız bu yolla yeni bir dövlətin qurula biləcəyini düşünür. Üstəlik, bu fikrində tək deyil, bir çox ziyalı da başqa bir çıxış yolunun qalmadığına inandığı üçün mandat düşüncəsini dəstəkləyirdi. Demək ki, müharibədən yorulmuş, dağılmış və pərişan vəziyyətdə olan bir ölkənin heç kimdən kömək istəmədən düşdüyü bataqlıqdan çıxa biləcəyinə inanmaq, bu yoxsul xalqa güvənərək yola çıxmaq üçün Mustafa Kamal olmaq lazım idi.
-Böyük Məcmuə və Yedigün jurnalındakı yazılarını müqayisə etdikdə, Yedigündə yeni bir Halide Ediblə qarşılaşdığımızı söyləmək mümkündürmü?
-Yedigündə siyasətdən uzaq bir Halide Edib var. Avropada getdiyi hər yerə diqqətlə baxan, izlədiyi hər teatr tamaşasını, gəzib gördüyü hər sərgini, tanış olduğu hər bir siyasətçini oxucularına tanıtmağa çalışan və yaşadığı hər şeyi Türkiyə ilə müqayisə edən bir Halide Edib... Böyük Məcmuə dövrü ilə Yedigün dövrü arasında 20 il fərq var. Böyük Məcmuədə yazarkən 35 yaşındadırsa, Yedigünə yazarkən 55 yaşındadır; çox şey yaşamış, çox şey görmüşdür; gənclik coşğusu keçmiş, daha təmkinli bir şəxsiyyətə çevrilmişdir.
“Numune Bağları” yazısında bəhs etdiyi “Məktəbə getməyən və ya bitirmədən çıxan, sadəcə cinsiyyətinin gücünə güvənərək ərə getməyə çalışan, ər tapdıqdan sonra isə ‘Filankəsin əri arvadına bilərzik alıb...’ deyərək ərinin başını yeyən avara qadınlar” bu gün də mövcuddur. O halda, yazılarının hələ də aktuallığını itirmədiyini deyə bilərikmi? Bunu təkcə qadınlarla bağlı müşahidəsi üçün deyil, bir çox mövzu üçün söyləyə bilərik. Bu gün də Halide Edibin arzuladığı, bir çox əsərində dilə gətirdiyi Şərq-Qərb sintezini həyata keçirə bilməmişik. Bəzən Qərbə sürüklənir, bəzən isə Şərqə qapılırıq. Avropa sənətinin, universitetlərinin, memarlığının içində Cümhuriyyəti təmsil edəcək bir varlıq göstərə bilməmişik, bərabər şərtlərdə yer ala bilməmişik.
-Müasir dövrümüzdə ədəbiyyatımızda Halide Edibin yerini doldura biləcək bir qadın yazarımız varmı?
-“Bir” qadın yazarımız yox bəlkə, amma bir çox qadın yazarımız var. Halide Edib öz dövründə önə çıxan demək olar ki, yeganə qadın yazar idi; bu gün isə bütün basqılara, arxa plana atılma cəhdlərinə baxmayaraq, təkcə ədəbiyyatda deyil, həyatın demək olar ki, hər sahəsində mübarizə aparan qadınlarımız var. Üstəlik, müasir dövrümüzün şərtləri Halide Edibin yaşadığı dövrdən daha asan deyil. Halide Edibin yazdığı hər iki dövr müharibə öncəsi dövrlər idi. Böyük Məcmuədəki yazıları Qurtuluş müharibəsi öncəsinə, Yedigündəkilər isə İkinci Dünya müharibəsi öncəsinə təsadüf edir. Bu gün də, təəssüf ki, müharibəsiz bir dünya yarada bilməmişik; dünyanın hər yerində yenə müharibələr var. Müasir dövrün çətin şərtlərində qadınlar bəlkə cəbhədə deyillər, amma mətbəxlərinə qapanıb qalmayıblar. Bir nəfərin bütün qadınlar adından önə çıxmasındansa, bir çox qadının öz mübarizəsi üçün hərəkətə keçməsi daha gözəl və daha mənalıdır.
Feyza Hepçilinglerin tərcümeyi-halı
Yazmağa məktəb illərində (1963) Feyza Baran adı ilə və İzmirdə bəzi jurnallarda yayımlanan şeirlərlə başladı. 1979-cu ildə Mədəniyyət Nazirliyinin keçirdiyi Uşaq Əsərləri Müsabiqəsində “Yanlışlıqlar” adlı pyesi ilə Uğur Mükafatını, 1981-ci ildə Akademi Kitabevi Müsabiqəsində “Səhər Sərnişinləri” adlı dosyesi ilə Hekayə Birincilik Mükafatını qazandı. "Köhnə Bir Balerina" adlı kitabı ilə Sait Faik Hekayə Mükafatını (1985), “Qüsuru Aradan Qaldırmaq” adlı hekayəsi ilə Yunus Nadi Mükafatının İkincilik Mükafatını (1989), “Nə Gözəl Ölmüşdüm” adlı hekayəsi ilə Borski Grümen (Balkan Yazıçılar Görüşü) Mükafatını (1991), “Sovrulmalar” adlı hekayə kitabı ilə isə Sedat Simavi Ədəbiyyat Mükafatını (1997) aldı.
Şəkillərdə:
Halidə Edib Adıvar (qapaq şəklində);
Halidə xanım at çapmağı sevərdi;
Kitabın qapağı;
Feyza Hepçilingerler.
“Ədəbiyyat və incəsənət”
(05.02.2025)